İdman həyatı
Ölkə idmançılarımızın qələbə əzmi onların sıralarının genişlənməsində, diqqət və qayğının artmasında, yarış təcrübələrinin möhkəmlənməsində daha aşkar şəkildə özünü göstərdi. Artıq onlar dünya və qitə yarışlarında, beynəlxalq turnirlərdə daha inamla çıxış etməyə başladılar. Respublikamızda Olimpiya idman növləri ilə yanaşı qeyri-olimpiya növlərinin inkişafı üçün də münbit mühit yaradıldı.
Ölkəmizdə idman infrastrukturunun durmadan inkişafı, idmançılarımızın mötəbər qələbələri beynəlxalq idman ictimaiyyətinin diqqətindən yayınmadı və bu səbəbdən ölkəmiz Avropa və dünya çempionatlarının, beynəlxalq turnirlərin yeni ünvanı kimi tanınmağa başladı. İlk Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi qərarı da dövlətimizin dünyada idman ölkəsi kimi tanınmasının əyani təzahürüdür.
Müstəqillik illərində sıralarında 2 Olimpiya çempionu, 5 mükafatçısının, onlarla dünya və Avropa çempionları yetirmiş DİN İdman Cəmiyyətində daxili işlər orqanlarının şəxsi heyətinin fiziki hazırlığının, güc, dözüm kimi keyfiyyətlərinin artırılması və sağlamlığının qorunması başlıca fəaliyyət istiqamətlərindən biri kimi daim diqqət mərkəzindədir. Bu məqsədlə İdman Cəmiyyətinin əməkdaşları vaxtaşırı ərazi polis orqanları və hissələrdə olur, əlbəyaxa döyüş, fiziki hazırlıq üzrə təlimat keçirlər. Vaxtaşırı keçirilən DİN çempionatlarında ayrı-ayrı idman növləri üzrə ən yaxşı nəticə göstərən əməkdaşlar müəyyən edilir.
Sıralarımızda xidmət edən Olimpiya çempionları-DİN DQBİ-nin İdman komandasının rəisi, polkovnik-leytenant Namiq Abdullayevin, DİN İdman Cəmiyyətinin sədr müavini, polis polkovnik-leytenantı Zemfira Meftahəddinovanın, BDYPİ-nin əməkdaşı, polis kapitanı Elnur Məmmədlinın, Olimpiya Oyunlarının mükafatçılarından Şəmkir RPŞ-nin əməkdaşı, polis mayoru Mövlud Mirəliyevin, DİN DQBİ-nin hərbi qulluqçusu, mayor İradə Aşumovanın, Nərimanov RPİ-nin əməkdaşı, polis mayoru, sambo üzrə yeddiqat dünya çempionu Ceyhun Məmmədovun, Gəncə ŞBPİ-nin əməkdaşı, polis kapitanı dördqat dünya çempionu Hakim Nəzərəliyevin zəngin və şərəfli idman yolu gənc idmançı əməkdaşlarımız üçün nümunədir.
Öz fəaliyyətində Azərbaycan idmanının şanlı ənənələrini yaşadan və buna öz töhfələrini verən DİN İdman Cəmiyyətinin yetirmələri bundan sonra da ölkə idmanının şöhrətini daim uca tutmaq yeni-yeni qələbə raportları ilə həmvətənlərimizi sevindirmək əzmindədir.