Polis Akademiyası

1957-ci ildə Bakı Milis Məktəbi SSRİ DİN-nin Bakı Xüsusi Orta Milis Məktəbinə çevrildi. Məktəbi qurtaranlara orta təhsilli hüquqşünas diplomu verilirdi. Məktəbdə təhsil müddəti iki il müəyyən edilmişdi.
1957-1961-ci illərdə məktəb əyani, qiyabi şöbələr və təkmilləşdirmə kursları vasitəsilə Gürcüstan, Dağıstan, Kabarda – Balkariya, Altay, İrkutsk, Krasnodar, Kuybışev, Novosibirsk, Kemerovo, Saratov və onlarca başqa şəhərlər və respublikalar üçün peşəkar kadrlar hazırlayırdı.
70-80-ci illərdə respublikaya rəhbərlik etmiş Ümummilli Lider Heydər Əliyevin milis orqanlarına göstərdiyi qayğı və tələbkarlıq sayəsində Bakı Xüsusi Orta Milis Məktəbi və onun maddi-texniki bazası inkişaf etdi, kadr cəhətdən möhkəmləndi və Akademiya səviyyəsinə qədər yüksəldi. Azərbaycan Respublikası Prezidentinin 23 may 1992-ci il tarixli 782 saylı Fərmanı və Nazirlər Kabinetinin 9 iyun 1992-ci il tarixli 321 saylı qərarına əsasən Bakı Xüsusi Orta Milis Məktəbi zəminində Polis Akademiyası yaradıldı. Az bir müddət ərzində Akademiyaya I dərəcəli kateqoriya verildi.
![]() |
![]() |
![]() |
Kompüter otağı | Tədris korpusu | İdman sarayı |

Daxili işlər orqanlarında sıravi polis əməkdaşlarının ilkin hazırlığı iyul 1920-ci ilə təsadüf edir. Həmin müddətdə 4 həftəlik kursları fəaliyyət göstərirdi. Sonralar sıravi və kiçik rəis heyətinin hazırlanması ayrı-ayrı məntəqələrdə həyata keçirilirdi. 1970-ci illərin əvvəllərində sıravi və kiçik rəis heyətinin hazırlığı tədris məntəqələrində həyata keçirilərək 1-2 ay müddətinə uzadılmışdır. Polis əməkdaşlarının peşə hazırlığının daha da təkmilləşdirilməsi məqsədi ilə 1974-cü ildə Azərbaycan Respublikası DİN-in tabeçiliyində kiçik və orta rəis heyəti hazırlayan ayrıca məktəb fəaliyyətə başlamış və 1985-ci ildə DİN-in tədris mərkəzi kimi fəaliyyət göstərmişdir. 1997-ci ildə tədris mərkəzinə Azərbaycan Respublikasının sabiq daxili işlər naziri general-leytenant A.N.Heydərovun adı verilmişdir. 1988-ci ilin dekabrında tədris mərkəzinə DİN-in sıravi və kiçik rəis heyəti hazırlayan məktəb statusu verilmiş və bu günə kimi fəaliyyət göstərir.
Məktəbin qarşısında duran başlıca vəzifə yerli polis orqanlarında yeni qəbul edilmiş əməkdaşların ilkin hazırlıq kurslarının həyata keçirilməsindən ibarətdir. DİO-da sıravi və kiçik rəis heyəti vəzifələrinə namizədlərin xidmətə başlayarkan öz vəzifələrini müvəffəqiyyətlə yerinə yetirmək üçün zəruri olan peşə biliyinə, bacarıq və vərdişlərə yiyələnmələri məqsədi ilə məktəbdə ilk hazırlıq kursunun müddəti 4 ay müəyyən edilmişdir. 4 ay müddətində gənc polis əməkdaşlarına 588 saatlıq proqram çərçivəsində xüsusi mövzular tədris olunur. Tədrisin sonunda 40 saat həcmində praktiki dərslərin keçirilməsi nəzərdə tutulmuşdur. Digər tərəfdən, məktəbdə polis əməkdaşlarının peşə səviyyəsini artırmaq məqsədi ilə ixtisasartırma və yenidən hazırlıq kursları təşkil edilir. Bu kursların müddəti 2 həftə müəyyən edilmişdir. Məktəbdə daima islahatlar həyata keçirilir və qabaqcıl xarici ölkələrin tədris müəssisələri ilə sıx əməkdaşlıq aparılır və onların təcrübəsindən geniş istifadə olunur.
Daxili Qoşunların Ali Hərbi Məktəbi

Daxili Qoşunların Ali Hərbi Məktəbi ali xüsusi - hərbi təhsilli kadrların hazırlanmasını, zabit və gizirlərin ixtisaslarının artırılmasını və elmi-tədqiqat işlərinin aparılmasını həyata keçirən xüsusi təyinatlı təhsil müəssisəsidir.
Daxili Qoşunların Ali Hərbi Məktəbi “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisası üzrə kadrların hazırlanmasını həyata keçirir.
Ali Hərbi Məktəbdə tədris Avropada tətbiq olunan Avropa Kredit Transferi Sisteminin tələblərinə uyğun keçirilir. Təhsil müddəti dörd ildir.
Ali Hərbi Məktəbdə mütəxəssis və elmi-pedaqoji kadr hazırlığı Bakalavriat səviyyəsində aparılır.
Ali Hərbi Məktəbi bitirən məzunlara “bakalavr” ali peşə-ixtisas dərəcəsi, qanunvericiliklə nəzərdə tutulmuş diplom, döş nişanı, 3-cü məharət dərəcəsi və Daxili İşlər Nazirinin əmri ilə “leytenant” hərbi rütbəsi verilir.
Ali Hərbi Məktəbin məzunlarına aşağıdakı ixtisaslar verilir:
Hərbi ixtisas - “Ali xüsusi-hərbi təhsilli zabit”
Mülkü ixtisas - “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” bakalavr dərəcəsi.