I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

Rights.az

Azərbaycan Respublikası qanunvericilik toplusu. Məcəllələr, Rüsumlar, Tariflər, Qaydalar və onların izahı

Qanunlar, Sənəd nümunələri,ərizələr, icra orqanları,nazirliklər,məhkəmələr,prokurorluglar

Xoş gəlmisiniz

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin daxili qoşunları haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Vətəndaşların hüquq və mənafelərinin cinayətkar qəsdlərdən qorunmasını gücləndirmək, ictimai asayişi möhkəmləndirmək, dövlət obyektlərinin, islah-əmək müəssisələrinin mühafizəsini təmin etmək məqsədi ilə qərara alıram:

1. SSRİ Daxili İşlər Nazirliyi daxili qoşunlarının Azərbaycan Respublikası ərazisində yerləşən hissələri bazasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin daxili qoşunları yaradılsın.
2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin daxili qoşunları haqqında Əsasnaməni təsdiq olunmağa təqdim etsin. Müəyyən edilsin ki, yeni normativ aktlar qəbul olunanadək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin daxili qoşunları qüvvədə olan nizamnamələri və daxili qoşunların fəaliyyətini tənzimləyən digər aktları rəhbər tuturlar.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi daxili qoşunlarının maliyyə, material-texnika təminatı məsələlərini həll etsin.

Azərbaycan Respublikasının Prezidenti A.MÜTƏLLİBOV
Bakı şəhəri, 11 dekabr 1991-ci il
№ 489

«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir(15 dekabr 1991-ci il, № 23 (852), maddə 438).

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin fəaliyyətinin normativ hüquqi əsaslarının təkmilləşdirilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsi və strukturu təsdiq edilsin (əlavə olunur).

2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 30 iyun 2001-ci il

№ 518

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 iyun 2001-ci il, № 6, maddə 416).

30 iyun 2004-cü il tarixli, 83 nömrəli; 3 sentyabr 2004-cü il tarixli, 120 nömrəli; 29 iyun 2005-ci il tarixli, 254 nömrəli; 16 dekabr 2005-ci il tarixli, 333 nömrəli; 25 iyul 2006-cı il tarixli, 428 nömrəli; 1 avqust 2006-cı il tarixli, 433 nömrəli; 28 iyun 2007-ci il tarixli, 602 nömrəli; 27 sentyabr 2007-ci il tarixli, 631 nömrəli; 26 oktyabr 2007-ci il tarixli 642 nömrəli; 23 noyabr 2007-ci il tarixli, 658 nömrəli; 6 mart 2008-ci il tarixli, 719 nömrəli; 6 avqust 2008-ci il tarixli, 812 nömrəli; 12 may 2009-cu il tarixli, 90 nömrəli; 21 dekabr 2009-cu il tarixli, 195 nömrəli; 10 fevral 2010-cu il tarixli, 219 nömrəli; 15 mart 2010-cu il tarixli, 234 nömrəli; 15 fevral 2011-ci il tarixli, 381 nömrəli; 25 iyun 2011-ci il tarixli, 453 nömrəli; 12 sentyabr 2011-ci il tarixli, 497 nömrəli; 4 sentyabr 2012-ci il tarixli, 700 nömrəli; 7 may 2013-cü il tarixli, 890 nömrəli; 1 noyabr 2013-cü il tarixli, 16 nömrəli; 22 dekabr 2014-cü il tarixli, 419 nömrəli; 11 fevral 2015-ci il tarixli 465 mrəli; 3 iyun 2015-ci il tarixli 541 nömrəli; 30 dekabr 2015-ci il tarixli 720 nömrəli; 11mart 2016-cı il tarixli 834 nömrəli Fərmanlara əsasən dəyişikliklər və əlavələrlə .


Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 30 iyun tarixli
518 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında
Əsasnamə

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (bundan sonra — Nazirlik) Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

1.2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarını və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, bu Əsasnaməni, habelə Nazirliyin normativ hüquqi aktlarını rəhbər tutur.

1.3. Nazirlik ona həvalə edilmiş vəzifələri bilavasitə və tabeliyində olan orqanlar vasitəsi ilə həyata keçirir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. Nazirliyin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi, daxili qoşunlar, yanğın təhlükəsizliyi qurumları, ərazi və ixtisaslaşdırılmış polis orqanları, nizami polis hissələri, tədris, təhsil və tibb müəssisələri, İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu, idman cəmiyyəti, habelə digər qurumlar Nazirliyin vahid sistemini təşkil edir.

1.4. Nazirlik müstəqil balansa, öz əmlakına, bank idarələrində hesablara, Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmiş və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

1.5. Nazirliyin fəaliyyətinin maliyyələşdirilməsi və maddi-texniki təchizatı Azərbaycan Respublikasının dövlət büdcəsi, habelə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər mənbələr hesabına həyata keçirilir.

1.6. Nazirlik Bakı şəhərində yerləşir.

2. Daxili İşlər Nazirliyinin funksiyaları

2.1. Nazirlik öz işini insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, humanistlik, habelə təkbaşçılıq prinsiplərinin uzlaşdırılması əsasında qurur və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində aşağıdakı funksiyaları həyata keçirir:

2.1.1. ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunması işinin təşkili;

2.1.2. cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması, cinayətlərin açılması işinin və istintaqın təşkili;

2.1.3. yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi işinin təşkili;

2.1.4. dövlət yanğın təhlükəsizliyi sisteminin yaradılması və onun fəaliyyətinin təşkili;

2.1.5. daxili qoşunların fəaliyyətinin təşkili.

3. Daxili İşlər Nazirliyinin vəzifələri

3.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada Nazirlik aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədi ilə daxili işlər orqanlarının fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir, cinayətlərin qarşısının alınması və açılması sahəsində profilaktika tədbirlərinin həyata keçirilməsini təmin edir;

3.1.2. cinayətkarlığın vəziyyətini təhlil edir, kriminogen qurumun operativ və uzunmüddətli proqnozlarını hazırlayır və bu əsasda müvafiq dövlət hakimiyyəti orqanlarına ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətkarlıqla mübarizənin səmərəsinin artırılması və səlahiyyətlərinə aid olan digər məsələlər barədə təkliflər verir, bu sahədə dövlət proqramlarının hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

3.1.3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada əməliyyat-axtarış fəaliyyətinin, daxili işlər orqanlarının səlahiyyətlərinə aid olan işlər üzrə təhqiqatın və ibtidai istintaqın, habelə kriminalistik və başqa tədqiqatların aparılmasını təşkil edir;

3.1.4. dövlət daktiloskopik qeydiyyatının keçirilməsini təmin edir, əməliyyat-məlumat, əməliyyat-sorğu, axtarış, kriminalistika, statistika və digər məlumatların, hesabatların məlumat banklarını yaradır, bu banklardakı məlumatların üzərində iş aparılmasını və onlardan istifadəni təşkil edir, arayış-məlumat fəaliyyətini həyata keçirir;

3.1.5. cinayətlərin vahid statistikasının və Nazirlik sistemində statistikanın aparılmasını təşkil edir, məlumatların işlənməsi və ötürülməsi üzrə avtomatlaşdırılmış sistemin inkişaf etdirilməsini və təkmilləşdirilməsini həyata keçirir, sənədlərin arxivdə saxlanılmasını təmin edir;

3.1.6. təhqiqat, istintaq və məhkəmə orqanlarından gizlənən və cəzadan yayınanların axtarışını, xəbərsiz itkin düşmüş şəxslərin, şəxsiyyətinin tanınması mümkün olmayan meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi işini, habelə oğurlanmış əmlakın axtarılmasını təşkil edir və həyata keçirir;

3.1.7. daxili işlər orqanlarında təhqiqatın və istintaqın aparılması üzrə təşkilati-metodiki vasitələrin, Nazirlik sistemi üçün digər təlimatların hazırlanmasını təşkil edir;

3.1.8. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada təhqiqat, istintaq orqanlarının və məhkəmələrin qərarlarının icrası işini təşkil edir;

3.1.9. Azərbaycan Respublikası qanunvericiliyi ilə daxili işlər orqanlarının səlahiyyətinə aid edilmiş inzibati xətalar haqqında işlərə baxılmasını, habelə xüsusi icazələrin (lisenziyaların) verilməsini təşkil edir;

3.1.10. daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin — Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir;

3.1.11. aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əlaqədə qanunsuz miqrasiyanın qarşısının alınması ilə bağlı tədbirləri həyata keçirir;

3.1.12. yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə daxili işlər orqanlarına həvalə edilən məsələləri həll edir, o cümlədən yetkinlik yaşına çatmayanların baxımsızlığının qarşısının alınmasında digər dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə birlikdə iştirak edir;

3.1.12-1. uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair monitorinqlər aparılmasında iştirak edir;

3.1.12-2. Nazirliyin qanun əsasında müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair illik hesabat hazırlayır;

3.1.13. müqavilə əsasında mülkiyyətçilərin əmlakının mühafizəsi işini təşkil edir, ölkə ərazisində yerləşən xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndəliklərinin təhlükəsizliyinin təmin olunmasında iştirak edir;

3.1.14. sahibsiz əmlakın, tapılmış dəfinələrin, sənədlərin və əşyaların saxlanılması və mühafizəsi işini təşkil edir;

3.1.15 Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallarda və qaydada cinayət işi üzrə zərər çəkən şəxslərin, şahidlərin və cinayət prosesinin digər iştirakçılarının, habelə məhkəmə və hüquq dövlət mühafizə orqanları işçilərinin və onların yaxın qohumlarının dövlət müdafiəsi və əmlakının mühafizəsi işinin təşkilində iştirak edir;

3.1.16. Azərbaycan Respublikasının qanunvericiliyi əsasında və beynəlxalq normalara uyğun olaraq İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosunun fəaliyyətini təşkil edir;

3.1.17. yol hərəkəti təhlükəsizliyinə aid qaydaların, standartların və texniki normaların işlənib hazırlanmasında iştirak edir;

3.1.18. avtonəqliyyat vasitələrinin və qoşquların dövlət texniki baxışının və qeydiyyatının keçirilməsini, onlara dövlət nömrə nişanlarının verilməsini, habelə yol hərəkəti qaydaları və sürücülük vərdişləri üzrə imtahanlar qəbul edilməsini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqələrinin verilməsini təşkil edir, yol hərəkəti qaydalarının pozulması və yol-nəqliyyat hadisələri üzrə qeydiyyatın, təhqiqatın və istintaqın aparılmasını təmin edir, yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin vahid dövlət uçotunu müəyyən edir və hesabatını aparır;

3.1.18-1. avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığortalanmasına (standart sığorta müqaviləsi növünə münasibətdə) nəzarət edir;

3.1.19. dövlət yanğından mühafizə işini həyata keçirir və bu sistemə başçılıq edir, yanğınların söndürülməsini təmin edir, yanğın təhlükəsizliyi sahəsində dövlət tədbirlərinin hazırlanmasını və icrasını, yanğınların və onların nəticələrinin statistika uçotunun vahid dövlət sisteminin fəaliyyətini təşkil edir;

3.1.20 Nazirlik sistemində rabitə sisteminin və vasitələrinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi və məlumat təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görür;

3.1.21. daxili təhqiqatların aparılmasını təşkil edir;

3.1.22. daxili qoşunlar tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş vəzifələrin icrasını təşkil edir;

3.1.23. daxili qoşunların inkişaf, səfərbərlik, yerləşdirmə, tətbiq planları, ştatları, strukturu və sayı barədə təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;

3.1.24. daxili işlər orqanlarının və daxili qoşunların fəaliyyətini əlaqələndirir;

3.1.25. Azərbaycan Respublikasının bütün ərazisində və ya onun ayrı-ayrı yerlərində tətbiq edilən fövqəladə və ya hərbi vəziyyət rejiminin təminində, fövqəladə halların qarşısının alınmasını və onların aradan qaldırılması üzrə vahid dövlət tədbirlərinin, həmçinin karantin tədbirlərinin həyata keçirilməsində iştirak edir;

3.1.25. səlahiyyətləri çərçivəsində mülki müdafiə və səfərbərlik tədbirlərinin həyata keçirilməsində iştirak edir;

3.1.27. səlahiyyətinə aid məsələlər üzrə Azərbaycan Respublikası qanunvericiliyinin tətbiqi praktikasını ümumiləşdirir, daxili işlər orqanlarına və daxili qoşunlara normativ hüquqi işin təşkilində praktiki və metodiki kömək göstərir, hüquqi biliklərin təbliğini təşkil edir;

3.1.28. elmi tədqiqat işlərinin keçirilməsini, elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin daxili işlər orqanlarında tətbiqini təmin edir;

3.1.29. daxili işlər orqanlarının və daxili qoşunların kadr təminatı proqramını hazırlayır və həyata keçirir, Nazirliyin, digər dövlət orqanlarının və xarici ölkələrin təhsil müəssisələrində kadrların hazırlanmasını, əməkdaşların əlavə təhsilini və mənəvi-psixoloji hazırlığını təmin edir;

3.1.30. daxili işlər orqanları əməkdaşlarının, hərbi qulluqçuların, Nazirlik sistemi işçilərinin və təqaüdçülərinin, həmçinin onların ailə üzvlərinin sağlamlığının mühafizəsi istiqamətində kompleks profilaktika, müalicə, sanatoriya-kurort və digər tədbirləri hazırlayır və həyata keçirir, daxili işlər orqanları əməkdaşlarının, hərbi qulluqçuların, digər işçilərin sosial müdafiəsini təmin edir;

3.1.31. səlahiyyətləri çərçivəsində hərbi daşımaları həyata keçirir, daxili işlər orqanlarının və daxili qoşunların hərbi və xüsusi texnika, rabitə vasitələri, xüsusi vasitələr, silah, sursat və digər maddi-texniki ehtiyatlarla təmin edilməsini, dövlət büdcəsi və sair mənbələrdən maliyyələşməsini təmin edir;

3.1.31-1. qanunvericiliyə uyğun olaraq tabeliyində olan dövlət təhsil müəssisələrinin maliyyələşdirilməsini həyata keçirir;

3.1.32 səlahiyyətləri çərçivəsində obyektlərin əsaslı tikintisini, layihə-tədqiqat işlərinin aparılmasını təşkil edir, əməkdaşların və hərbi qulluqçuların mənzillə təmin edilməsi, onların yerləşdirilməsi və məişət təminatının yaxşılaşdırılması üçün tədbirlər görür;

3.1.33. Azərbaycan Respublikasının hüquq mühafizə və digər dövlət və bələdiyyə orqanları ilə daxili işlər orqanlarının və daxili qoşunların qarşılıqlı fəaliyyətini təmin edir;

3.1.34. daxili işlər orqanlarının və daxili qoşunların fəaliyyətinə dair vətəndaşlardan və təşkilatlardan daxil olan müraciətlərin qəbulu, qeydiyyatı və baxılması, vətəndaşların qəbulu işini təşkil edir;

3.1.35. ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunması, cinayətkarlıqla mübarizə məsələlərinə dair əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini və nəşriyyat fəaliyyətinin həyata keçirilməsini təmin edir, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əlaqəni təşkil edir, yayılan məlumatlar üzrə müvafiq qərarlar qəbul edir;

3.1.36. qarşısına qoyulmuş vəzifələri yerinə yetirmək üçün digər hüquq mühafizə orqanları ilə əməkdaşlıq edir;

3.1.37. öz səlahiyyətləri daxilində penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası üzrə tədbirləri həyata keçirir;

3.1.38. hərbi-tətbiqi və xidməti-tətbiqi idman növlərinin inkişafı proqramlarını, bədən tərbiyəsi və idman tədbirlərinin təqvim planlarını, hərbi idman kompleksinin normativlərini təsdiq edir.

3.2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir.

4. Daxili İşlər Nazirliyinin hüquqları

4.1. Nazirlik öz vəzifələrini və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1. ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hüquqları həyata keçirmək;

4.1.2. əməliyyat-axtarış, təhqiqat, ibtidai istintaq və kriminalistik tədqiqat fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş hüquqları həyata keçirmək;

4.1.3. daxili işlər orqanlarının və daxili qoşunların fəaliyyətinə dair qanun və digər normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, onların təkmilləşdirilməsi barədə təkliflər vermək, öz fəaliyyətinin normativ tənzimlənməsini həyata keçirmək;

4.1.4. səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə Azərbaycan Respublikasının qanunvericilik aktlarının və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin daxili işlər orqanları və daxili qoşunlar tərəfindən icrasına nəzarət etmək;

4.1.5. müvəqqəti saxlanılma yerlərində xidmətin təşkilinə nəzarət etmək;

4.1.6. xüsusi icazə (lisenziya) verilməsi sahəsində daxili işlər orqanlarının səlahiyyətinə aid edilmiş fəaliyyətin həyata keçirilməsinə nəzarət etmək;

4.1.7. aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əlaqədə miqrasiya sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hüquqları həyata keçirmək;

4.1.8. yaşayış yeri və olduğu yer üzrə qeydiyyat qaydalarına riayət olunmasına nəzarətin həyata keçirilməsini təmin etmək;

4.1.9. yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə nəzarəti həyata keçirmək;

4.1.10. yol hərəkəti qaydalarının pozulması və yol-nəqliyyat hadisələri üzrə inzibati icraatın həyata keçirilməsini və tənbehlərin tətbiqini təşkil etmək, avtonəqliyyat vasitələrinin və qoşquların dövlət texniki vəziyyətinə nəzarəti təmin etmək;

4.1.11. dövlət yanğın nəzarətinin həyata keçirilməsini, sertifikatlaşdırma fəaliyyətini, inzibati təsir tədbirlərinin tətbiq olunmasını təmin etmək;

4.1.12. xidməti və mülki silahın dövriyyəsinə və döyüş sursatının saxlanılması qaydalarına riayət olunmasına nəzarət etmək;

4.1.12—1. öz səlahiyyətləri daxilində özəl mühafizə fəaliyyətinə, eləcə də bu fəaliyyət çərçivəsində xüsusi vasitələrin dövriyyəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada nəzarət etmək;

4.1.13. mülkiyyətçilərin əmlakının qorunması sahəsində tam təsərrüfat hesabı əsasında fəaliyyət göstərmək, müqavilələr bağlamaq, mühafizənin texniki vasitələrinin istehsalı üçün ixtisaslaşan müəssisələr yaratmaq;

4.1.14. daxili işlər orqanlarını və daxili qoşunları insanların xilas edilməsi üzrə təxirəsalınmaz tədbirlərin keçirilməsi, ağır və irimiqyaslı qəzaların, yanğınların, təbii fəlakətlərin, kütləvi iğtişaşların və digər fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı ictimai qaydanın təmin olunması işinə, həmçinin digər xüsusi əməliyyatların və tədbirlərin keçirilməsinə cəlb etmək, onların qüvvə və vasitələrinin operativ idarə olunmasını həyata keçirmək;

4.1.15. Nazirlik sisteminə daxil olan orqan və hissələrin, müəssisələrin və təşkilatların fəaliyyətini yoxlamaq və təftişini həyata keçirmək;

4.1.16. Nazirlik sistemi əməkdaşlarının Nazirliyin təhsil müəssisələrinə qəbul imtahanlarını keçirmək, bu təhsilmüəssisələrinə rəhbərlik etmək;

4.1.16-1. Nazirliyin tabeliyində olan müalicə, profilaktika və sanatoriya-kurort müəssisələr tərəfindən yerinə yetirilən xidmətlərə («Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»yə uyğun olaraq pulsuz tibb xidməti almaq hüququ olan, habelə sanatoriya-kurort müəssisələrində imtiyazlı istirahət hüququ olan şəxslərə göstərilən xidmətlər istisna olmaqla) ödənişlərin tətbiq edilməsinə razılıq vermək;

4.1.17. Nazirlik sistemində maddi və maliyyə vəsaitlərinin uçotunu təşkil etmək, onların istifadəsinə nəzarət etmək;

4.1.18. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada sərəncamında olan dövlət əmlakı barəsində hüquqları həyata keçirmək;

4.1.19. daxili işlər orqanlarının və daxili qoşunların fəaliyyətinə dair qəzetlər, jurnallar, bülletenlər, normativ hüquqi aktlar toplusu, digər materiallar nəşr etmək;

4.1.20. müvafiq beynəlxalq təşkilatlarla, xarici ölkələrin hüquq mühafizə orqanları və qarşılıqlı əlaqələri həyata keçirmək, səlahiyyətinə aid məsələlərin həlli üçün xarici dövlətlərə və beynəlxalq təşkilatlara öz nümayəndələrini göndərmək;

4.1.21. öz səlahiyyətlərinə aid edilən məsələlərə dair məhkəmələrdə iddia ilə çıxış etmək.

4.2. Qanunvericiliklə müəyyən edilən digər hüquqları həyata keçirmək.

5. Daxili İşlər Nazirliyinin fəaliyyətinin təşkili

5.1. Nazirliyə Azərbaycan Respublikasının Daxili İşlər naziri rəhbərlik edir. Azərbaycan Respublikasının Daxili İşlər naziri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad olunur.

5.2. Daxili İşlər nazirinin birinci müavini və müavinləri nazirin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad edilirlər.

5.3. Azərbaycan Respublikasının Daxili İşlər naziri:

5.3.1. Nazirliyin işini təşkil edir və təkbaşçılıq prinsipi əsasında daxili işlər orqanlarının və daxili qoşunların fəaliyyətinə rəhbərlik edir;

5.3.2. müavinləri arasında vəzifə bölgüsü aparır, onların məsuliyyət dərəcəsini və səlahiyyətlərini müəyyən edir, Nazirlik sisteminin digər vəzifəli şəxslərin operativ, təşkilati-ştat, kadr, maliyyə, təsərrüfat-istehsalat və Nazirliyin vəzifələrinə aid digər məsələlər üzrə müstəqil qərar qəbul etmək səlahiyyətlərini müəyyən edir;

5.3.3. Nazirliyin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;

5.3.4. Nazirliyin mərkəzi aparatının strukturu barədə, Nazirlik sisteminə daxil olan xidmətlərin, o cümlədən baş idarələrin, şəhər, rayon polis orqanlarının yaradılması və ləğv edilməsinə dair Azərbaycan Respublikası Prezidentinə təkliflər verir;

5.3.5. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin aparatının və tabeliyində olan qurumların strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını təsdiq edir, habelə Nazirliyin daxili nizam qaydalarını müəyyən edir;

5.3.6. Nazirlik sistemində icrası məcburi olan əmrlər verir, əsasnamələri, nizamnamələri, təlimatları, qaydaları, standartları, normaları və digər normativ hüquqi aktları təsdiq edir, habelə dövlət hakimiyyəti orqanlarının rəhbərləri ilə birgə və ya onlarla razılaşdırılmış əmrlər, sərəncamlar, göstərişlər verir, onların icrasına nəzarəti təşkil edir;

5.3.7. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada sıravi və rəis heyəti vəzifələrinin, bu vəzifələrə uyğun xüsusi rütbə hədlərinin siyahısını təsdiq edir;

5.3.8. vəzifəyə təyin və vəzifədən azad etmə ilə bağlı Nazirliyin vəzifəli şəxslərinin səlahiyyətlərini müəyyən edir və müvafiq siyahı (nomenklatur) təsdiq edir;

5.3.9. daxili işlər orqanlarının vəzifəli şəxslərinin Azərbaycan Respublikasının normativ hüquqi aktlarına zidd olan əmr və göstərişlərini ləğv edir;

5.3.10. dövlət büdcəsi vəsaiti hesabına saxlanılan orqanların limit sayı haqqında təkliflər verir;

5.3.11. daxili işlər orqanlarına və daxili qoşunlara həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün müvəqqəti strukturların yaradılması və ləğv edilməsi qaydalarını müəyyən edir;

5.3.11-1. daxili qoşunların hərbi şurasının tərkibini müəyyən edir;

5.3.12. Azərbaycan Respublikasının qanunvericiyi ilə müəyyən olunmuş qaydada daxili işlər orqanlarını əməkdaşlarını və hərbi qulluqçuları Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarına ezam edir;

5.3.13. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada daxili işlər orqanların və daxili qoşunların şəxsi heyətini vəzifəyə təyin və vəzifədən azad edir, sıravi, kiçik, orta və böyük rəis heyətlərinə xüsusi rütbələr, Polis Akademiyasının məzunlarına ilkin zabit hərbi rütbəsi və daxili qoşunların hərbi qulluqçularına hərbi rütbələr verir, xüsusi və hərbi rütbələrdən məhrum edir, ali hərbi və ali heyət rütbələrinin verilməsi barədə Azərbaycan Respublikasının Prezidenti qarşısında vəsatət qaldırır, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, nazirliyin baş idarə və idarələrinin, ərazi və ixtisaslaşmış polis idarə və şöbələrinin, Polis Akademiyasının rəislərini vəzifəyə təyin və vəzifədən azad edir ;

5.3.14. Nazirlik sisteminə işə götürülən digər işçilərlə əmək müqavilələrinin bağlanılması və onlara xitam verilməsi məsələlərinə dair Nazirliyin vəzifəli şəxslərinin səlahiyyətlərini müəyyən edir;

5.3.15. daxili işlər orqanları əməkdaşlarını və hərbi qulluqçuları Azərbaycan Respublikasının dövlət mükafatlarına təqdim edir, qanunvericiliklə müəyyən olunmuş qaydada səlahiyyətləri çərçivəsində medallarla təltif edir ;

5.3.16. daxili işlər orqanları əməkdaşlarının, hərbi qulluqçuların və Nazirlik sistemi işçilərinin, habelə Nazirliyin üzərinə qoyulmuş vəzifələrin həyata keçirilməsinə kömək göstərmiş şəxslərin təltif olunmaları üçün müəyyən olunmuş qaydada döş nişanlarını təsis edir, onların təsvirini və əsasnaməsini təsdiq edir, həmin şəxsləri döş nişanları, fəxri fərmanlarla təltif edir, habelə normativ hüquqi aktlarla nəzərdə tutulmuş digər həvəsləndirmə növlərini tətbiq edir;

5.3.17. Nazirlik sistemində geyim formasının, fərqlənmə nişanlarının və digər rəmzlərin təsis edilməsi barədə Azərbaycan Respublikası Prezidentinə təkliflər verir, Nazirliyin tabeliyindəki müvafiq struktur qurumlarına şərti adlar verir və tanınma nişanlarının təsvirini təsdiq edir ;

5.3.18. daxili işlər orqanları əməkdaşlarının, hərbi qulluqçuların, Nazirlik sisteminin digər işçilərinin, habelə Nazirliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə kömək göstərmiş digər şəxslərin təltif olunmaları üçün hədiyyə və mükafatlandırma, o cümlədən silah fondları yaradır;

5.3.19. daxili işlər orqanları əməkdaşları, hərbi qulluqçular və Nazirlik sisteminin digər işçiləri barədə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş həcmdə intizam tənbehi tədbirləri tətbiq edir;

5.3.20. səlahiyyətləri daxilində daxili işlər orqanları əməkdaşlarını və hərbi qulluqçuları xidmətdən (hərbi xidmətdən) xaric edir;

5.3.21. dövlət büdcəsindən ayrılan və bücədənkənar vəsaitin, o cümlədən xarici valyutanın sərəncamçısı olmaqla maliyyə vəsaitini tabeliyindəki qurumlar arasında bölüşdürür, xərclənməsinin həcmini və qaydalarını müəyyən edir, xidmətin xüsusatları və ayrılmış məbləğin həddi nəzərə alınmaqla, daxili işlər orqanlarının sıravi və rəis heyətinin, hərbi qulluqçularının vəzifə maaşlarına əlavə təyin edir, maddi yardım və mükafatlar verir, bu səlahiyyətləri başqa vəzifəli şəxslərə həvalə edir, müvafiq vəzifələr üzrə imtiyazların müəyyən edilməsi barədə təkliflər verir;

5.3.22. təbii fəlakət, fövqəladə vəziyyət şəraitində və ya ayrı-ayrı hallarda, eləcə də birdəfəlik təcili tapşırıqların yerinə yetirilməsi zamanı daxili işlər orqanları əməkdaşları və hərbi qulluqçuları üçün müvəqqəti ərzaq payı normalarını müəyyən edir;

5.3.23. Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət hakimiyyəti orqanları, idarə, müəssisə və təşkilatları ilə münasibətlərdə Nazirliyi təmsil edir, danışıqlar aparır, verilmiş səlahiyyətlər daxilində müvafiq müqavilələri, sazişləri və protokolları imzalayır;

5.3.24. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir və Nazirliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə görə şəxsi məsuliyyət daşıyır.

5.4. Azərbaycan Respublikasının Daxili İşlər naziri öz səlahiyyətlərinin həyata keçirilməsini nazirin birinci müavininə, o olmadıqda nazir müavinlərindən birinə tapşıra bilər.

5.5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində Nazirliyin rəhbər işçilərindən ibarət məşvərətçi orqan — kollegiya yaradılır. Kollegiyanın sədri — tutduğu vəzifəyə görə Daxili İşlər naziri, üzvləri isə Nazirliyin digər rəhbər vəzifələri üzrə müəyyən olunur. Kollegiyanın tərkibini Azərbaycan Respublikasının Prezidenti təsdiq edir.

5.6. Nazirliyin kollegiya iclasında daxili işlər orqanları fəaliyyətinin əsas istiqamətləri, ictimai təhlükəsizliyin və ictimai qaydanın təmin edilməsi, cinayətkarlığa qarşı mübarizənin və icra intizamının vəziyyəti, kadr məsələləri, əmrlərin və digər aktların layihələri müzakirə edilir, daxili işlər orqanlarının vəzifəli şəxslərinin hesabatları dinlənilir, Nazirliyin fəaliyyəti ilə bağlı digər mühüm məsələlərə baxılır və müvafiq qərarlar çıxarılır.

5.7. Kollegiya üzvləri müzakirə edilən məsələlərə dair qərar qəbul edərkən səsvermədə bərabər hüquqlara malikdirlər. Kollegiyanın qərarları, onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir, nazirin əmri ilə elan olunur və həyata keçirilir.

5.8. Kollegiyanın sədri və kollegiya üzvləri arasında fikir ayrılığı olduqda, kollegiyanın sədri öz əsaslandırılmış qərarını həyata keçirir və bu haqda Azərbaycan Respublikasının Prezidentinə məlumat verir.


Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 30 iyun tarixli
518 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturu

1. Rəhbərlik

Nazir

Nazirin birinci müavini

Nazir müavini

Nazir müavini

Nazir müavini — Daxili Qoşunların komandanı.

Nazir müavini — Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Aparatı

Katiblik (baş idarə səlahiyyətli)

Baş Təşkilat-İnspeksiya İdarəsi

Növbətçi Hissələri İdarəetmə Xidməti (idarə səlahiyyətli)

Baş Cinayət Axtarışı İdarəsi

Baş İstintaq və Təhqiqat İdarəsi

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi

Baş Narkotiklərlə Mübarizə İdarəsi

Daxili Təhlükəsizlik İdarəsi

Xüsusi Əməliyyat-Axtarış Tədbirləri Baş idarəsi

İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsii

Kriminalistik Tədqiqatlar İdarəsi

Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi

Baş İctimai Təhlükəsizlik İdarəsi

Daxili Qoşunların Baş İdarəsi

Nəqliyyatda Baş Polis İdarəsi

Baş Dövlət Yol Polisi İdarəsi

Baş Mühafizə İdarəsi

Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi

Səfərbərlik İşləri və Mülki Müdafiə Şöbəsi

Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosu (baş idarə səlahiyyətli)

Baş Kadrlar İdarəsi

Daxili Təhqiqatlar İdarəsi

Şəxsi Heyətlə İş İdarəsi

Beynəlxalq Əməkdaşlıq İdarəsi

Baş İnformasiya-Kommunikasiya İdarəsi

Mətbuat Xidməti (idarə səlahiyyətli)

Maliyyə-Plan İdarəsi

Maddi-Texniki Təminat Baş İdarəsi

Tibb İdarəsi

Komendant Xidməti (idarə səlahiyyətli)

Əsaslı Tikinti İdarəsi

İdman Cəmiyyəti (idarə səlahiyyətli).

3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sisteminə daxil olan qurumlar

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi

Daxili Qoşunların hərbi hissə və bölmələri

Daxili Qoşunların Ali Hərbi Məktəbi

Polis Akademiyası (baş idarə səlahiyyətli)

Sıravi və kiçik rəis heyəti hazırlayan məktəb

Əlahiddə Çevik Polis Alayı və digər nizami polis hissələri

Bakı Şəhər Baş Polis İdarəsi

Gəncə Şəhər Baş Polis İdarəsi

 

digər ərazi və ixtisaslaşdırılmış polis orqanları və qurumlar

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının emblemi haqqında Əsasnamənin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının embleminin təsvirinin təsdiq edilməsi barədə Azərbaycan R

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının emblemi haqqında Əsasnamənin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının embleminin təsvirinin təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının emblemi haqqında Əsasnamə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının embleminin təsviri təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 11 mart 2002-ci il

№ 676.

«Azərbaycan» qəzetində dərc edilmişdir (13 mart 2002-ci il, № 58) («VneshExpertService» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2002-ci il, № 3, maddə 126) ( «VneshExpertService» LLC).


 

Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 11 mart
tarixli, 676 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir

 

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının emblemi haqqında
Əsasnamə

 

1. Azərbaycan Respublikası Daxili Qoşunlarının emblemi hərbi qulluqçuların, həmçinin silahların, hərbi və digər texnikanın Daxili Qoşunlara mənsubiyyətini bildirən nişandır.

2. Azərbaycan Respublikası Daxili Qoşunlarının emblemi Daxili Qoşunların Komandanı və onun müavinlərinin əmr və direktiv blanklarında, künc ştamplarında, Daxili Qoşunların Baş İdarəsinin, hərbi hissələrin, tədris mərkəzinin künc ştamplı blanklarında yerləşdirilir.

3. Azərbaycan Respublikası Daxili Qoşunlarının emblemi silahların və hərbi texnikanın üzərində dövlət mənsubiyyətinin tanınma nişanı kimi təsvir edilir.

4. Azərbaycan Respublikası Daxili Qoşunlarının emblemi hərbi hissələrin və tədris mərkəzinin Döyüş Bayrağında «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsinin Döyüş Bayrağı haqqında» Əsasnaməsi ilə müəyyən edilmiş qaydada, fərqlənmə və hərbi qulluqçuların fərqləndirmə nişanlarında, hərbi geyim formasının predmetlərində «Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında» Əsasnamənin tələblərinə uyğun olaraq yerləşdirilir.

5. Azərbaycan Respublikası Daxili Qoşunlarının embleminin təsvirinin verilməsinə aşağıdakı hallarda icazə verilir:

  • Azərbaycan Respublikası Daxili Qoşunlarının çap məhsullarında, həmçinin qoşunların buraxdığı kino, video və fotomateriallarda;
  • Azərbaycan Respublikası Daxili Qoşunlarının sifarişi ilə hazırlanan reklam-informasiya məhsullarında (prospektlər, bukletlər, təqvimlər, nişanlar, vımpellər, kiçik bayraqlar, medalyonlar, dəftərxana ləvazimatları və digər məhsullar).

 

Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 11 mart
tarixli, 676 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir

 

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının embleminin
Təsviri

 

Azərbaycan Respublikası Daxili Qoşunlarının emblemi mətinlik və dözümlük rəmzi olan palıd budaqları ilə haşiyələnmiş, tiyəsi aşağı baxan qılınc üzərində yuxarı yönəldilmiş iti ucları arasında səkkizguşəli ulduz olan ayparadan ibarətdir.

Palıd budaqlarının saplaqları qılıncın tiyəsinin aşağı hissəsində çarpazlaşır, ucları isə onun dəstəyinə birləşir. Səkkizguşəli ulduz, aypara, qılınc və palıd budaqları qızılı (ağ) rəngdədir.

 

 

Azərbaycan Respublikası Daxili Qoşunlarının emblemi həmçinin ağ-qara təsvirdə hazırlana bilər.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsinin Döyüş Bayrağı haqqında Əsasnamənin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsinin Döyüş Bayra

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsinin Döyüş Bayrağı haqqında Əsasnamə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsinin Döyüş Bayrağının təsviri təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri, 11 mart 2002-ci il
№ 677.

«Azərbaycan» qəzetində dərc edilmişdir (13 mart 2002-ci il, № 58).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2002-ci il, № 2, maddə 127) («VneshExpertService»).

Azərbaycan Respublikası Prezidentinin 11 mart 2002-ci il
tarixli 677 nömrəli Fərmanı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsinin Döyüş Bayrağı haqqında Əsasnamə

1. Azərbaycan Respublikası Daxili Qoşunlarının hərbi hissəsinin Döyüş Bayrağı əsgəri şərəf, şücaət və şöhrət rəmzidir. O, Daxili Qoşunların hər bir hərbi qulluqçusuna Vətəninə sədaqətlə xidmət etmək, öz qanını və canını belə əsirgəmədən onu mərdlik və bacarıqla müdafiə etmək, qoşunlara həvalə olunmuş xidməti-döyüş tapşırıqlarını əzmlə yerinə yetirmək, doğma torpağın hər qarışını düşməndən qorumaq borcunu xatırlatmaq üçündür.
2. Döyüş Bayrağı adı və nömrəsinin dəyişilməsindən asılı olmayaraq hərbi hissədə həmişəlik qalır. Hərbi hissənin adının və nömrəsinin dəyişilməsi Döyüş Bayrağı ilə birlikdə verilən Fərmana yazılır.
3. Döyüş Bayrağı hər vaxt öz hissəsində, döyüş meydanında isə hissənin döyüş əməliyyatları bölgəsində olmalıdır.
4. Hərbi hissənin bütün şəxsi heyəti döyüş bayrağını fədakarlıq və mərdliklə qorumalı, onun düşmən tərəfindən ələ keçirilməsinə yol verməməlidir. Döyüş bayrağı itirildikdə, hərbi hissənin komandiri və məsul hərbi qulluqçular Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunmalı, hərbi hissə isə ləğv edilməlidir.

Azərbaycan Respublikası Prezidentinin 11 mart 2002-ci il tarixli 677 nömrəli Fərmanı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsinin Döyüş Bayrağının Təsviri

Azərbaycan Respublikası Daxili Qoşunlarının hərbi hissəsinin Döyüş Bayrağı iki üzlü qumaşdan, ağac dəstəkdən və qotazlı qaytandan ibarətdir.
Bayrağın qumaşı düzbucaqlıdır, eni 114 sm, uzunluğu 145 sm-dir. Qıraqları üç tərəfdən qızılı rəngli ipək saçaqlarla köbələnmiş, ikiqat bükülmüş üçrəngli (Azərbaycan Respublikasının Dövlət Bayrağı rəngində) ipək faydan hazırlanmışdır.
Qumaşın üz tərəfində qırmızı zolağın ortasında ağ ipəkdən 38 sm hündürlükdə aypara və 20 sm hündürlükdə səkkizguşəli ulduz tikilmişdir. Qumaşın üst kənarı boyu mavi zolaqda qızılı ipəklə «Azərbaycan uğrunda!» şüarı tikilib. Yazıdakı hərflərin hündürlüyü 6,5 sm-dir.
Qumaşın arxa tərəfində, qırmızı zolağın ortasında Daxili Qoşunların emblemi (hündürlüyü 55 sm) yerləşib. 
Emblem ağ ipəkdən tikilib. Qumaşın üst kənarı boyu mavi zolaqda qızılı rənglə «Daxili İşlər Nazirliyinin Daxili Qoşunları» sözləri tikilib. Yazıdakı hərflərin hündürlüyü 6,5 sm-dir.
Qumaşın aşağı kənarı boyu yaşıl zolaqda ipək sapla hərbi hissənin nömrəsi və adı tikilir. Rəqəmlərin hündürlük ölçüsü 7,0 sm, yazının hərflərinin ölçüsü 4,5 sm-dir. Hərbi hissənin adındakı hərflərin sayından asılı olaraq rəqəmlərin ölçüsü 5,0 sm-ə, hərflərin ölçüsü 4,0 sm-ə qədər azaldıla bilər.
Bayrağın dəstəyi en kəsiyinin diametri 4,0 sm, uzunluğu 2,5 sm olan girdə ağacdandır.
Ağac dəstək tünd qəhvəyi rəngdə rənglənib, laklanıb, aşağı ucunda metal halqa, yuxarı ucunda isə nikellənmiş fiqurlu ucluq vardır.
Bayrağın qaytanı eşmədir, qızılı rəngli ipəkdən hazırlanıb, hər iki ucunda qotazlar var. Qaytanın uzunluğu 270-285 sm-dir.

Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi haqqında Əsasnamə» və «Azərbaycan Respublikası daxili işlər orqanlarının embleminin təsviri» təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV
Bakı şəhəri, 30 iyun 2004-cü il.
№ 82

«Azərbaycan» qəzetində dərc edilmişdir (1 iyul 2004-cü il, № 150) («VneshExpertService»)

Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 iyun 2004-cü il, № 6, maddə 439) («VneshExpertService»).

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 30 iyun tarixli 82 nömrəli Fərmanı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi haqqında Əsasnamə

1. Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi daxili işlər orqanlarının rəmzidir. O, Azərbaycan Respublikası daxili işlər orqanlarının hər bir əməkdaşına ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması üzrə öz xidməti vəzifələrini vicdanla, layiqincə yerinə yetirmək borcunu xatırladır.
2. Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi daxili işlər orqanları əməkdaşlarının, həmçinin silah, xüsusi vasitə, texnika və digər əmlakın Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə mənsubiyyətini bildirir.
3. Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müəyyən etdiyi qaydada daxili işlər orqanlarının blanklarında, inzibati binalarının girəcəklərində, fərqlənmə və əməkdaşların fərqləndirmə nişanlarında, geyim formasında yerləşdirilir.
4. Azərbaycan Respublikası daxili işlər orqanlarının embleminin təsvirinin istifadəsinə aşağıdakı hallarda yol verilir:
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin çap məhsullarında, kino, video və fotomateriallarında; 
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sifarişi ilə hazırlanan reklam-informasiya məhsullarında (prospektlər, bukletlər, təqvimlər, nişanlar, vımpellər, saatlar, medalyonlar, dəftərxana ləvazimatları və digər məhsullar).

Azərbaycan Respublikası prezidentinin 2004-cü il 30 iyun tarixli 82 nömrəli Fərmanı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikası daxili işlər orqanlarının embleminin Təsviri

Azərbaycan Respublikası daxili işlər orqanlarının embleminin əsas hissəsi şaquli yerləşmiş, yuxarı tərəfinin küncləri çevrə ilə kəsilmiş, üfüqi vəziyyətdə olan qövslə əhatə olunmuş, aşağı hissəsi iti bucaq olan qızılı rəngli qalxandır. Qalxanın eni üzrə ən uzaq nöqtələr arasındakı məsafə hündürlüyün 3/4 hissəsini təşkil edir.
Qalxanın arxasına tiyələri aşağı baxan, bir-birinə çarpazlaşdırılmış vəziyyətdə qızılı rəngli iki qılınc bərkidilmişdir.
Qalxanın ortasında Azərbaycan Respublikasının Dövlət Gerbi həkk olunmuşdur.
Qalxanın dövrəsi bütün perimetri boyunca qabartma üsulu ilə lentlə əhatə olunmuş və lentin üzərinə eyni üsulla səkkiz nöqtə bərkidilmişdir. Lentin yuxarısında qırmızı rəngli hərflərlə «DİN» akronimi yazılmışdır.
Lentin eni qalxanın eni üzrə ən uzaq nöqtələrinin bir-birindən məsafəsinin 1/6 hissəsini təşkil edir.

«Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

«Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasında qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası təsdiq edilsin (əlavə olunur).

2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 13 noyabr 2000-ci il

№ 419

«Azərbaycan» qəzetində dərc edilmişdir (14 noyabr 2000-ci il, № 262).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 noyabr 2000-ci il, № 11, maddə 795).

9 yanvar 2004-cü il tarixli, 12 nömrəli; 16 avqust 2007-ci il tarixli, 617 nömrəli; 6 mart 2008-ci il tarixli, 719 nömrəli; 21 avqust 2008-ci il tarixli, 815 nömrəli; 9 avqust 2010-cu il tarixli, 313 nömrəli; 7 sentyabr 2010-cu il tarixli, 322 nömrəli; 10 may 2011-ci il tarixli, 427 nömrəli; 1 may 2015-ci il tarixli, 508 nömrəli; 9 sentyabr 2015-ci il tarixli Fərmanlara əsasən dəyişikliklər və əlavələrlə.


 

Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 13 noyabr tarixli
419 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir

 

«Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası

Bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında «Qaçqın» statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir.

1. Azərbaycan Respublikasında «Qaçqın» statusu almaq niyyətində olan xarici ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs sərhəd-nəzarət buraxılış məntəqələrində, habelə ölkə ərazisində ona «Qaçqın» statusu verilməsi barədə vəsatətlə bilavasitə, yaxud dövlət orqanlarının (Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və onların struktur bölmələri, habelə yerli icra hakimiyyəti orqanları) vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edir.

Şəxsiyyətini təsdiq edən müvafiq sənədləri və ya Azərbaycan Respublikasının ərazisinə qanuni girişə əsası olmayan «Qaçqın» statusu almaq niyyətində olan şəxs, beynəlxalq hüquq normalarına uyğun olaraq daxili işlər orqanları tərəfindən eyniləşdirmə və zərurət yarandıqda daktiloskopiya prosedurlarını keçir və onun verdiyi məlumatların düzgünlüyü yoxlanılanadək müvəqqəti yerləşdirmə mərkəzində qalır. Belə şəxslər barəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə dərhal məlumat verilir.

Daxili İşlər Nazirliyinin və Milli Təhlükəsizlik Nazirliyinin, habelə Dövlət Sərhəd Xidmətinin struktur bölmələri, habelə yerli icra hakimiyyəti orqanları «Qaçqın» statusu almaq niyyətində olan şəxsin vəsatətini üç iş günü ərzində Dövlət Miqrasiya Xidmətinə göndərir.

«Qaçqın» statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində «Qaçqın» statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir.

Qeyd olunan sənədlərin olmaması «Qaçqın» statusu verilməsi barədə qəbul ediləcək qərara təsir etmir.

Şəxs sağlamlığına və ya digər səbəblərə görə özü müraciət edə bilmədikdə, o, ərizəni müvafiq tibbi sənədlərlə birlikdə özünün səlahiyyətli nümayəndəsi (qəyyumu, vəkili və s.) vasitəsi ilə təqdim edə bilər.

Şəxs (onunla birlikdə gələn ailə üzvləri) qaçqın statusu verilməsi barədə vəsatətlə müraciət etdikdə, o, «qaçqın» statusu verilməsi məsələsi həll edilənə qədər, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzlərində könüllü yerləşdirilir və saxlanılır.

2. «Qaçqın» statusu almaq niyyətində olan şəxs vəsatətlə müraciət etdiyi dövlət orqanı tərəfindən «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanunu və bu Qayda ilə tanış edilməlidir.

3. «Qaçqın» statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edənDövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibə edən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir.

Vəsatətin baxılması haqqında qərarın qəbul edilməsi — şəxsin Azərbaycan Respublikasının ərazisində müvəqqəti qanuni qalması üçün əsasdır.

Qaçqın statusu almış şəxslər haqqında məlumatlar «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sisteminə daxil edilir.

4. Şəxsin «Qaçqın» statusu verilməsi haqqında vəsatətinə baxılmaqdan imtina edildikdə, bu barədə və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə ona Dövlət Miqrasiya Xidməti və ya onun yerli orqanları tərəfindən 5 gün müddətində yazılı bildiriş göndərilir.

İmtina haqqında məlumat eyni zamanda Daxili İşlər Nazirliyinə və Milli Təhlükəsizlik Nazirliyinə, habelə Dövlət Sərhəd Xidmətinə göndərilir.

5. Şəxsin «Qaçqın» statusu verilməsi haqqında vəsatətinə baxılması haqqında qərar qəbul edildikdə, 24 saat ərzində ona və ailə üzvlərinəDövlət Miqrasiya Xidməti tərəfindən vəsatətə baxılan müddətədək şəxsiyyətini təsdiq edən xüsusi formada hazırlanmış müvəqqəti şəhadətnamə təqdim edilir.

16 yaşına çatmamış ailə üzvləri haqqında məlumat valideynlərdən birinin, valideynlər olmadıqda isə himayəçinin və yaxud 18 yaşına çatmış, könüllü olaraq davranış tərbiyə və himayə məsuliyyətini üzərinə götürən qohumlardan birinin şəhadətnaməsinə qeyd olunur.

Valideynsiz və qəyyumsuz Azərbaycan Respublikasına gəlmiş «Qaçqın» statusu almaq niyyətində olan 16 yaşına çatmamış şəxsə də müvəqqəti şəhadətnamə verilir.

6. «Qaçqın» statusu verilməsi barədə vəsatətlə müraciət etmiş şəxs və onunla gəlmiş ailə üzvləri səhiyyə və sanitar-epidemioloji nəzarət orqanlarının tələbi ilə haqqını ödəmədən məcburi tibbi baxışdan və zərurət yarandıqda sanitar təmizləmədən, müalicə-profilaktika müəssisələrində laboratoriya müayinəsindən və vaksinasiyadan keçməlidirlər.

7. «Qaçqın» statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır.

Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır.

8. Müsahibə zamanı şəxs «Qaçqın» statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona «Qaçqın» statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir.

9. «Qaçqın» statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya «Qaçqın» statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq «Qaçqın» statusu verməkdən imtina edilir.

10. «Qaçqın» statusu almaq niyyətində olan şəxsin özü və ailəsi barədə verdiyi bütün məlumatlar və müsahibə vaxtı dedikləri sorğu vərəqinə qeyd edilir.

11. «Qaçqın» statusu verilməsi ilə əlaqədar müraciət edən şəxsin vəsatəti, anketləri, sorğu vərəqələri, profilaktik baxış keçirilməsi haqqında tibbi sənədi və digər sənədlər onun şəxsi işinə dair sənədlər toplusudur.

12. Dövlət Miqrasiya Xidməti «Qaçqın» statusu almaq niyyətində olan şəxsin şəxsi işini nəzərdən keçirir və vəsatətin qeydiyyata alındığı gündən bir ay keçənədək şəxsi işin surətini baxılmaq üçün Daxili İşlər Nazirliyinə və Milli Təhlükəsizlik Nazirliyinə göndərir.

Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi bir ay müddətində şəxsi işlə bağlı müvafiq yoxlamalar aparır və əldə olunmuş nəticələr barədə məlumatları Dövlət Miqrasiya Xidmətinə bildirir.

13. Şəxsə «Qaçqın» statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti «Qaçqın» statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu baradə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə və Daxili İşlər Nazirliyinə beş gün müddətinda yazılı bildiriş göndərir.

14. Dövlət Miqrasiya Xidməti qəbul olunmuş müvafiq qərarın surətini 5 gün müddətindən gec olmayaraq, BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarının Azərbaycan Respublikasındakı Nümayəndəliyinə göndərir.

15. «Qaçqın» statusu almış şəxsə və onun 16 yaşına çatmış ailə üzvlərinə Dövlət Miqrasiya Xidməti tərəfindan «Qaçqın vəsiqəsi» və Azərbaycan Respublikasından kənarda hərəkət etmək hüquqi verən yol sənədi verilir. Qaçqın vəsiqəsinin və Yol sənədinin verilməsinə görə «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.

 

 

Şəxsə «Qaçqın vəsiqəsi» veriləndə ona «Qaçqın» statusu verilməsi barədə vəsatətə baxılması haqqında müvəqqəti şəhadətnamə Dövlət Miqrasiya Xidməti tərəfindən geri alınır və «Qaçqın» statusu alanın şəxsi işinə daxil edilir.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli, 274 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı»nın 4.1-ci bəndi aşağıdakı redaksiyada verilsin:
«4.1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası;».
2. «Azərbaycan Polis Akademiyasının yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 23 may tarixli, 782 nömrəli Fərmanı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 10, maddə 356) qüvvədən düşmüş hesab edilsin.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 14 iyul 2010-cu il
№ 300
«Azərbaycan» qəzetində dərc edilmişdir (15 iyul 2010-cu il, № 150) .
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir 

Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 


 

Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasında vətəndaşlıq məsələlərinə baxılmasını və onların həlli qaydalarını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 30 avqust 1999-cu il

№ 189

«Azərbaycan Respublikası Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 sentyabr 1999-cu il, № 9, maddə 539).

13 fevral 2006-cı il tarixli, 365 nömrəli; 6 mart 2008-ci il tarixli, 719 nömrəli; 5 avqust 2008-ci il tarixli, 805 nömrəli; 20 iyul 2009-cu il tarixli, 129 nömrəli; 7 sentyabr 2010-cu il tarixli, 322 nömrəli; 5 iyun 2015-ci il tarixli Fərmanlara əsasən dəyişikliklər və ələvələrlə.


 

Azərbaycan Respublikası Prezidentinin
1999-cu il 30 avqust tarixli
189 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir.

 

 

Azərbaycan Respublikasının
vətəndaşlığı məsələlərinə baxılması və
onların həlli qaydaları haqqında
Əsasnamə

 

1. Bu Əsasnamə Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi, bərpası, Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi məsələlərinə baxılması və onların həlli qaydalarını müəyyən edir.

2. Azərbaycan Respublikası vətəndaşlığını əldə etmək istəyən şəxs Azərbaycan Respublikası Prezidentinin adına yazılmış, nümünəsi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən ərizə-anketlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edir. (Bundan sonra Əsasnamədə Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Xarici İşlər Nazirliyi əvəzinə uyğun olaraq DİN, MTN və XİN yazılacaq).

Ərizə-anketə aşağıdakı sənədlər əlavə edilir:

  • 4 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
  • yaşayış yerindən ailə tərkibi haqqında arayış;
  • dövlət rüsumunun ödənilməsi haqqında sənəd;
  • Azərbaycan Respublikasında son beş il ərzində yaşaması barədə yaşayış yerindən arayış;
  • Azərbaycan Respublikasının dövlət dilini bilməsi barədə Təhsil Nazirliyindən arayış.
  • Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surəti;
  • Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsinin surəti;
  • şəxsiyyəti təsdiq edən sənədin surəti;
  • qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd (aşağıdakı sənədlərdən biri: iş yerindən arayış, pensiya, təqaüd və ya ünvanlı dövlət sosial yardım alınması haqqında arayış, fiziki şəxsin gəlirləri haqqında vergi orqanının arayışı, aliment alınması haqqında arayış, himayəsində olduğu şəxsin gəliri haqqında arayış, vərəsəlik şəhadətnaməsi və s.);
  • «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olan şəxslər üçün — onu Azərbaycan Respublikasına dəvət edən dövlət orqanının əsaslandırılmış vəsatəti.

Azərbaycan Respublikası vətəndaşlığını qəbul etmək istəyən şəxs Azərbaycan Respublikası ilə ikili vətəndaşlığın qarşısının alınması haqqında beynəlxalq müqaviləsi olan dövlətin vətəndaşı olarsa, belə dövlətin səlahiyyətli orqanının onun Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək niyyətinə olan münasibətini təsdiq edən sənəd təqdim etməlidir. Əgər belə sənədin təqdim edilməsi müraciət edən şəxsdən asılı olmayan səbəblər üzündən mümkün deyilsə, şəxs ərizə-anketdə bunu mütləq göstərməlidir.

2-1. Şəxsin ərizə-anketində göstərilən məlumatların həqiqiliyi, habelə şəxsin Azərbaycan Respublikasının ərazisində son 5 ili fasiləsiz olaraq daimi yaşaması Dövlət Miqrasiya Xidməti tərəfindən yoxlanılır.

3. Vətəndaşlığa qəbul və ya bərpa olunmaq, vətəndaşlığa xitam verilməsi barədə vəsatət qaldıran şəxsin təqdim etdiyi sənədləri icraata qəbul edənDövlət Miqrasiya Xidməti təqdim olunmuş sənədləri rəy verilmək üçünMilli Təhlükəsizlik Nazirliyinə və Daxili İşlər Nazirliyinə göndərir. Milli Təhlükəsizlik Nazirliyinə və Daxili İşlər Nazirliyinə göndərilmiş sənədlər rəylə birlikdə geri qaytarılır. Dövlət Miqrasiya Xidməti əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına göndərir.

4. Həmin Komissiyanın qəbul etdiyi qərar əsasında Azərbaycan Respublikası Prezidenti tərəfindən şəxsən Azərbaycan Respublikası vətəndaşlığına qəbulu, bərpası və ya onun vətəndaşlığına xitam verilməsi barəsində müvafiq sərəncam verilir.

4-1. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və ya Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilmiş və 14 yaşı tamam olmuş şəxs Azərbaycan Respublikasına sadiq olacağı barədə «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada və məzmunda Azərbaycan Respublikasının dövlət dilində and içir.

And içən Azərbaycan Respublikasının vətəndaşı andın mətnini imzalayır və bu sənəd Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində saxlanılır.

5. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi, bərpa edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş dövlət quruluşunu zorakılıqla dəyişdirməyə və Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmağa çağırışlar edərsə, dövlət təhlükəsizliyinə, ictimai asayişin qorunmasına, əhalinin sağlamlığına və ya mənəviyyatına zərər vuran fəaliyyət göstərərsə, irqi, dini və milli müstəsnalığı təbliğ edərsə, terrorçuluq fəaliyyəti ilə əlaqəsi olarsa, Azərbaycan Respublikası vətəndaşlığına qəbul, bərpa edilməsi barədə vəsatəti Milli Təhlükəsizlik Nazirliyindən və Daxili İşlər Nazirliyindən alınmış rəylərlə birlikdə Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına göndərilir. Təqdim edilmiş materiallar əsasında həmin Komissiya tərəfindən şəxsin vəsatəti rədd edilir. Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi və vətəndaşlığına xitam verilməsi ilə bağlı verilmiş müraciətlərə baxılmasının nəticələri barəsində onlara Dövlət Miqrasiya Xidməti və yaXarici İşlər Nazirliyi tərəfindən yazılı məlumat verilir.

6. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri varsa, vətəndaşlıqdan çıxmaq haqqında vəsatəti toplanmış sənədlər əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası tərəfindən rədd edilə bilər.

Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs müttəhim kimi cinayət məsuliyyətinə cəlb edilmişsə, yaxud onun barəsində qanuni qüvvəyə minmiş və icra edilməli olan məhkəmə hökmü varsa və ya şəxsin Azərbaycan Respublikası vətəndaşlığından çıxması Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi mənafelərinə ziddirsə, həmin hallar aradan qalxana qədər vətəndaşlıqdan çıxmağa yol verilmir.

7. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər Azərbaycan Respublikasının vətəndaşı hesab olunur.

8. 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan və 1999-cu il sentyabrın 30-dək Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək üçün ərizə ilə müraciət etmiş şəxslərə bu Əsasnamənin 2-7-ci bəndlərində nəzərdə tutulmuş vətəndaşlığa qəbul edilmə qaydaları şamil edilmir. Həmin şəxslər ərizə iləDaxili İşlər Nazirliyinə müraciət edirlər.

Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

  • yaşayış yerindən arayış;
  • şəxsin vətəndaşsızlığını təsdiq edən sənəd.

Ərizə ilə müraciət etmiş şəxslərə Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd verilir.

9. Əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş və ya Azərbaycan Respublikası vətəndaşlığına xitam verilmiş şəxsin öz vəsatəti əsasında o, Azərbaycan Respublikası vətəndaşlığına bərpa edilə bilər.

10. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin adına ərizə-anketlə müraciət edilir. Ərizə-anketə aşağıdakı sənədlər əlavə edilir:

  • 4 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
  • şəxsiyyəti təsdiq edən sənədin surəti;
  • Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi barədə sənəd;
  • Ailə tərkibi haqqında arayış;
  • QİÇS müayinəsindən keçməsi və sağlamlıq haqqında arayış (vətəndaşlığa bərpa olunmaq üçün müraciət edən şəxs respublikanı tərk etməyibsə bu sənəd tələb olunmur);
  • dövlət rüsumunun ödənilməsi barədə sənəd.

11. Azərbaycan Respublikası vətəndaşlığına bərpa barədə Azərbaycan Respublikası Prezidentinin adına yazılmış vəsatətləri Azərbaycan Respublikasının ərazisində yaşayan şəxslər Dövlət Miqrasiya Xidmətinə, xarici dövlətlərdə yaşayan şəxslər isə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə və ya konsulluq idarələrinə təqdim edirlər.

12. Azərbaycan Respublikası vətəndaşlığına bərpa barədə Azərbaycan Respublikasının xaricdə olan diplomatik nümayəndəliklərinə və Konsulluq idarələrinə daxil olmuş sənədlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə göndərilir.

13. Dövlət Miqrasiya Xidməti və ya Xarici İşlər Nazirliyi həmin sənədləri baxılmaq üçün Milli Təhlükəsizlik Nazirliyinə və Daxili İşlər Nazirliyinəgöndərir, Milli Təhlükəsizlik Nazirliyinə və Daxili İşlər Nazirliyinəgöndərilmiş sənədlər rəylərlə birlikdə geri qaytarılır, Daxili İşlər Nazirliyivə ya Xarici İşlər Nazirliyi əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Prezidentin İcra Aparatına göndərir. Bu Əsasnamənin 5-ci bəndində nəzərdə tutulan məhdudiyyətlər aşkar edildikdə, Azərbaycan Respublikası vətəndaşlığına bərpa haqqında şəxsin vəsatəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası tərəfindən rədd edilir.

14. Azərbaycan Respublikasında yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə əcnəbidirsə və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, uşaq Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş valedeynin vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilər.

15. Əcnəbi uşağı övladlığa götürən və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşı, digəri isə əcnəbidirsə, həmin uşaq övladlığa götürənlərin vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilər.

16. Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın hər iki valideyni və ya yeganə valideyni Azərbaycan Respublikasının vətəndaşlığından çıxarsa, həm də üzərində Azərbaycan Respublikası vətəndaşlarının qəyyumluğu və ya himayəçiliyi müəyyən edilmiş uşağın böyüdülməsində iştirak etmirsə, valideynlərin, qəyyumun və ya himayəçinin vəsatəti ilə uşaq Azərbaycan Respublikasının vətəndaşlığını saxlaya bilər.

17. Bu Əsasnamənin 14—16-cı bəndlərində nəzərdə tutulan hallarda Azərbaycan Respublikası Prezidentinin adına ərizə-anketlə müraciət edilir və ona aşağıdakı sənədlər əlavə edilir:

  • valideynlərin (övladlığa götürənlərin, qəyyumların, himayəçilərin) vətəndaşlığı haqqında sənədlərin surəti;
  • övladlığa götürmə, qəyyumluq, himayəçilik haqqında sənədlərin surəti;
  • yaşayış yerindən ailə tərkibi haqqında arayış;
  • valideynin (övladlığa götürən əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin və 14—18 yaşında olan uşağın) notarial qaydada təsdiq edilmiş razılığı;
  • uşağın 3x4 ölçüdə 4 ədəd fotoşəkli.
  • uşağın doğum haqqında şəhadətnaməsi.

Həmin müraciətə bu Əsasnamənin 11—13-cü bəndlərində nəzərdə tutulan qaydada baxılır.

18. Azərbaycan Respublikası vətəndaşlığından çıxma şəxsin vəsatəti üzrə həyata keçirilə bilər.

19. Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikası vətəndaşlığından çıxması barədə Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizə-anketlə Dövlət Miqrasiya Xidmətinə və ya Xarici İşlər Nazirliyinə müraciət edir.

Ərizə-anketə aşağıdakı sənədlər əlavə olunur:

  • 3x4 ölçüdə 4 ədəd fotoşəkil;
  • yaşayış yerindən ailə tərkibi haqqında arayış;
  • dövlət qarşısında icra edilməmiş öhdəliklərinin olmaması və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəliklərinin olmaması barədə müvafiq sənədlər (həmin sənədlərin siyahısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası tərəfindən təsdiq edilir);
  • dövlət rüsumunun ödənilməsi barədə sənəd.
  • şəxsiyyəti təsdiq edən sənədin surəti.

20. Azərbaycan Respublikası vətəndaşlığından çıxma barədə Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizə-anketi Azərbaycan Respublikası ərazisində yaşayan vətəndaşlar Dövlət Miqrasiya Xidmətinə, xarici dövlətlərdə yaşayan vətəndaşlar isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya Konsulluq idarələri vasitəsi ilə Xarici İşlər Nazirliyinə təqdim edirlər.

21. Dövlət Miqrasiya Xidməti və ya Xarici İşlər Nazirliyi həmin sənədlərin bir nüsxəsini baxılmaq üçün Milli Təhlükəsizlik Nazirliyinə və Daxili İşlər Nazirliyinə göndərir. Milli Təhlükəsizlik Nazirliyinə və Daxili İşlər Nazirliyinə göndərilmiş sənədlər rəylərlə birlikdə geri qaytarılır, Dövlət Miqrasiya Xidməti və ya Xarici İşlər Nazirliyi əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına göndərir.

Bu Əsasnamənin 6-cı bəndində göstərilmiş hallar aşkar olarsa, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası tərəfindən həmin şəxsin Azərbaycan Respublikası vətəndaşlığından çıxma barədə vəsatəti rədd edilə bilər.

22. Valideynlərdən birinin Azərbaycan Respublikası vətəndaşlığına xitam verilərsə, bu valideynin vəsatəti ilə və ya Azərbaycan Respublikasının vətəndaşı olan uşağı övladlığa götürən əcnəbilərin vəsatətləri ilə uşaq Azərbaycan Respublikası vətəndaşlığından çıxarıla bilər.

23. Bu hallarda ərizə-anketə bu Əsasnamənin 17-ci bəndində nəzərdə tutulmuş sənədlər əlavə edilir və ərizə-anketə bu Əsasnamənin 11-13-cü bəndlərində nəzərdə tutulmuş qaydada baxılır.

24. Şəxs Azərbaycan Respublikası vətəndaşlığını əldə edərkən vətəndaşlığı almaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırmışdırsa və ya saxta sənəd təqdim etmişdirsə, əldə etdiyi Azərbaycan Respublikası vətəndaşlığını itirir.

25. Əsasnamənin 24-cü bəndində sadalanan hallar müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi barədə toplanmış sənədlər rəylə birlikdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına göndərilir.

26. Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi, bərpası və ya vətəndaşlığa xitam verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamı Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı tərəfindən Dövlət Miqrasiya Xidmətinə, Xarici İşlər Nazirliyinə və Daxili İşlər Nazirliyinə göndərilir. Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti və ya Xarici İşlər Nazirliyi qəbul edilmiş qərar barədə vəsatət qaldıran şəxsə yazılı məlumat verir. Eyni zamanda Daxili İşlər Nazirliyivə ya Xarici İşlər Nazirliyi vətəndaşlığı təsdiq edən sənədləri verən orqanları (vəzifəli şəxsləri) müvafiq tədbirlər görülməsi üçün xəbərdar edir.

27. Vətəndaşlıq məsələləri ilə əlaqədar bu Əsasnamədə nəzərdə tutulmuş sənədlər fiziki şəxslər tərəfindən əlaqədar dövlət orqanına təqdim edildikdən sonra ərizə-anket icraata qəbul edilmiş sayılır və baxılma müddəti həmin vaxtdan başlayır.

28. Savadsızlıq və fiziki qüsurlarına görə müraciət edən şəxs tərəfindən sənədlərin imzalanması mümkün olmadığı halda ərizəyə bu barədə izahlı qeyd yazılmalı və sənədləşməni aparan orqan həmin faktı təsdiq etməlidir.

29. Vətəndaşlıqla bağlı qaldırılmış vəsatətlərə əlaqədar dövlət orqanlarının hər biri tərəfindən 1 ay müddətində baxılır.

30. Vətəndaşlıq məsələləri ilə əlaqədar vəsatəti rədd edilmiş şəxs vəsatətin rədd edilməsinə səbəb olan halları aradan qaldırdıqdan sonra təkrar müraciət edə bilər.

31. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, xitam və bərpa məsələləri ilə bağlı qəbul edilmiş qərarlar barədə məlumatlar «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sisteminə daxil edilir.

32. Vətəndaşlıq məsələləri üzrə qəbul olunan qərarların icrası üzərində nəzarəti Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı həyata keçirir.

Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Son vaxtlar dövlətin iqtisadi, siyasi əsaslarının təhlükəsizliyi, vətəndaşların həyatı, səhhəti və mülkiyyət hüquqları əleyhinə yönəldilən və əsasən mütəşəkkil cinayətkar dəstələr, qanunsuz silahlı birləşmələr və digər cinayətkar ünsürlər tərəfindən törədilən cinayətlərin, o cümlədən terror aktları, təxribat, qəsdən adam öldürmə, banditizm, silahın, döyüş sursatının və partlayıcı maddələrin talanması və digər yollarla ələ keçirilməsi kimi, narkotik maddələrlə bağlı cinayətlərin, maliyyə-kredit fırıldaqlarının və iqtisadi xarakterli sair cinayətlərin çoxalması müşahidə olunur. Cəmiyyətdə rüşvətxorluq və korrupsiya kimi cinayətlərin geniş yayılması xüsusi narahatlıq doğurur və bir sıra vətəndaşlar, o cümlədən vəzifəli şəxslər bu faktları adi bir hal hesab edirlər.

Bir çox hallarda cinayətlərin üstünün açılması üçün zəruri hərəkətləri hüquq mühafizə orqanlarının lazımi çevikliklə, qanunla müəyyən edilmiş formalarda və vaxtında yerinə yetirməməsi, qanunun nəzərdə tutduğu məcburiyyət tədbirlərinin tətbiqində səhvlərə yol verməsi, öz səlahiyyətlərindən tə`sirli istifadə etməməsi əhalinin haqlı narazılığına və cəmiyyətdə gərginliyin artmasına səbəb olmuşdur.

Respublikada cinayətkarlığa qarşı mübarizəni gücləndirməyin, qanunçuluğu və hüquq qaydasını möhkəmləndirməyin zəruriliyini nəzərə alaraq qərara alıram:

1. Ədliyyə, daxili işlər, milli təhlükəsizlik nazirliklərinə, Respublika Prokurorluğuna tapşırılsın və Azərbaycan Respublikasının Ali Məhkəməsinə təklif edilsin ki, bir ay ərzində respublikada cinayətkarlığa qarşı mübarizə üzrə dövlət proqramının layihəsini işləyib hazırlasınlar və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər.

2. Hüquq-mühafizə orqanlarının rəhbərlərinə tapşırılsın ki, idarə, təşkilat və müəssisələrdə rüşvətxorluq faktlarının aşkar edilməsi, belə hallara yol vermiş vəzifəli şəxslərin qanuna müvafiq surətdə cəzalandırılması, rüşvətxorluq faktlarının qarşısının alınması üçün tə`sirli tədbirlər görsünlər.

Azərbaycan Respublikasının məhkəmələrinə təklif edilsin ki, rüşvətxorluq faktları ilə bağlı açıq və səyyar məhkəmə prosesləri təşkil etsinlər.

3. Prokurorluq, istintaq və təhqiqat orqanlarına tapşırılsın və məhkəmə orqanlarına təklif edilsin ki, cinayət işləri üzrə ağır cinayətlər törədən və mütəşəkkil cinayətkar dəstələrin üzvü olan və ya onların törətdiyi cinayətlərdə fəal iştirak edən müttəhimlər barəsində ən ciddi qəti imkan tədbiri tətbiq etsinlər.

4. Prokurorluq, daxili işlər və milli təhlükəsizlik orqanlarına tapşırılsın və məhkəmə orqanlarına təklif edilsin ki, ağır cinayətlərin törədilməsində, habelə mütəşəkkil cinayətkar dəstələr tərəfindən törədilmiş cinayətlərlə əlaqəsi olan hüquqi və fiziki şəxslərin maliyyə-təsərrüfat fəaliyyəti, onların banklardakı əmanətləri və hesabları üzrə əməliyyatlar haqqında müvafiq orqanların vəzifəli şəxslərindən zəruri hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq sənədləri və mə`lumatları tələb edib ümumi qaydada alsınlar; belə tələblərin yerinə yetirilməsinə mane olan və ya bundan yayınan şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görsünlər.

5. Azərbaycan Respublikasının Prokurorluğu, müdafiə, daxili işlər və milli təhlükəsizlik nazirlikləri silah və hərbi sursat saxlayan bütün təşkilatlarda onların inventarlaşdırılmasını aparsınlar və nəticələrindən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görməklə iki ay müddətində görülmüş iş üzrə Azərbaycan Respublikasının Prezidentinə mə`lumat versinlər.

6. Daxili işlər və milli təhlükəsizlik nazirliklərinə tapşırılsın ki, ağır cinayətlərin qarşısının alınması və üstünün açılması üçün əməliyyat-axtarış fəaliyyəti üzrə xidmət sahələrinin işini əsaslı şəkildə yaxşılaşdırmaq məqsədi ilə kompleks tədbirlərin hazırlanmasını və həyata keçirilməsini tə`min etsinlər və iki ay müddətində görülmüş tədbirlər barədə Azərbaycan Respublikasının Prezidentinə mə`lumat versinlər.

7. Daxili İşlər Nazirliyinin tərkibində mütəşəkkil cinayətkarlığa, terrorizmə və banditizmə qarşı mübarizə idarəsi yaradılsın; daxili işlər naziri həmin idarənin təşkili və normal fəaliyyəti üçün zəruri tədbirləri daxili ehtiyatlar hesabına həyata keçirməklə on gün müddətində həmin idarənin fəaliyyətə başlamasını tə`min etsin.

8. Ədliyyə Nazirliyinə tapşırılsın ki, korrupsiyaya, yalançı sahibkarlığa, qəsdən iflasa, qanunsuz kredit verməyə, kreditlərdən tə`yinatı üzrə istifadə etməməyə, valyuta vəsaitlərini xaricdən vaxtında və tam gətirməməyə, mühasibat uçotu qaydalarını qəsdən pozmağa, əmlakı zorakılıqla almağa (reketə) və başqa ictimai təhlükəli əməllərə görə cinayət məs`uliyyətinin müəyyən olunması; vergi ödənilməsindən boyun qaçırmağa və ya yayınmağa, oğurluğa, avtonəqliyyat vastələrini qaçırmağa, qanunsuz odlu silah saxlamağa, gəzdirməyə və s. görə cinayət məs`uliyyətinin gücləndirilməsi, cinayət və cinayət-prosessual qanunvericiliyinin təkmilləşdirilməsi barədə bir ay müddətində qanunvericilik təklifləri hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

9. Respublikanın Prokurorluğuna və Daxili İşlər Nazirliyinə tapşırılsın ki, hazırlanan cinayət haqqında ciddi dəlillər olduqda təhqiqat orqanlarının əməkdaşlarına, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq idarə, müəssisə və təşkilatlara məxsus bina və tikintiləri müayinə etmək hüquqları verilməsi üçün qanunvericilik aktlarında zəruri dəyişiklik edilməsi haqqında təklifləri bir ay ərzində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər.

10. Azərbaycan Respublikasının Prokurorluğuna, daxili işlər və milli təhlükəsizlik nazirliklərinə tapşırılsın ki, banditizmin və mütəşəkkil cinayətkarlığın geniş yayıldığı şəhər və rayonların siyahısını müəyyən etsinlər; onların ərazisində fəaliyyət göstərən daxili işlər və milli təhlükəsizlik orqanlarının cinayətkarlığa qarşı mübarizədə xüsusi tədbirlər həyata keçirilməsi ilə bağlı əməliyyat xidməti fəaliyyətinin gücləndirilmiş iş rejiminə keçirilməsini tə`min etsinlər.

11. Nazirlər Kabinetinə tapşırılsın ki, cinayətkarlığa qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının vacib ehtiyaclarını nəzərə almaqla onların maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir kriminalistika texnikası vasitələri ilə təchiz edilməsi haqqında təkliflərini bir ay ərzində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

12. Azərbaycan Respublikasının Prokurorluğuna, daxili işlər və milli təhlükəsizlik nazirliklərinə tapşırılsın ki, cinayət işlərinin çevik və keyfiyyətli istintaqını tə`min etmək məqsədi ilə həmin orqanların işçilərini iş göstəricilərindən asılı olaraq mə`nəvi və maddi cəhətdən həvəsləndirmək üçün lazımi tədbirlər görsünlər.

Cinayətkarlığa qarşı mübarizə işində fərqlənən vətəndaşların, daxili işlər, milli təhlükəsizlik, polis və prokurorluq orqanları əməkdaşlarının həvəsləndirilməsi üçün əlavə vəsitlər cəmləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin xüsusi fondu yaradılsın.

Ədliyyə, daxili işlər və milli təhlükəsizlik nazirliklərinə tapşırılsın ki, həmin fondun Əsasnaməsinin layihəsini on gün ərzində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 9 avqust 1994-cü il.

№ 181.

«Azərbaycan» qəzetində dərc edilmişdir (10 avqust 1994-cü il, № 154).

«Azərbaycan Respublikasının Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir, 1994-cü il, № 15, maddə 202.

İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

 

İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Son zamanlar iqtisadi fəaliyyətlə məşğul olan idarə, müəssisə, təşkilat və vətəndaşlardan əsassız keçirilən yoxlamalar haqqında çoxsaylı şikayət və müraciətlər daxil olur. Dövlət nəzarətini həyata keçirən orqanların bəzi vəzifəli şəxsləri tərəfindən belə yoxlamaların aparılması bir çox hallarda qeyri-qanuni varlanma məqsədləri daşıyır və ümumilikdə respublikanın iqtisadi böhrandan çıxmasında subyektiv maneələr yaradır.

Keçmiş SSRİ dövründən miras qalan dövlət nəzarəti mexanizmi müasir tələblərə cavab vermir və yoxlamalar zamanı vəzifəli şəxslərin öz hüquqlarından sui-istifadə etməsi üçün şərait yaradır, bu isə vətəndaşların haqlı narazılığına səbəb olur.

Respublikada yeni iqtisadi münasibətlərin yaranması və inkişafı mülkiyyət formasından və təşkilati-hüquqi tabeliyindən asılı olmayaraq istehsal, xidmət və maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi qaydalarının dəyişdirilməsini və yeni qanunvericiliklə tənzimlənməsini tələb edir.

İqtisadi münasibətlərin hazırki səviyyəsinə uyğun müvafiq dövlət nəzarəti mexanizmi tətbiq etmək, həmin nəzarətin daha məqbul vasitələrini seçmək, bazar münasibətlərinin inkişafına mənfi təsir göstərəcək halların qarşısını almaq, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərini qorumaq məqsədi ilə qərara alıram:

1. İstehsal, xidmət və maliyyə-kredit fəaliyyəti sahəsində əsassız yoxlamalar qadağan edilsin.

2. Cinayət işinin istintaqı ilə bağlı hallar istisna olmaqla istehsal, xidmət və maliyyə-kredit sahələrində aparılan yoxlamaların aşağıdakı qaydada tənzimlənməsi məqsədəuyğun hesab edilsin:

    • idarə, müəssisə və təşkilatların iqtisadi fəaliyyətində cinayət xarakterli faktların olması haqqında prokurorluq və polis orqanlarına anonim olmayan ərizələr, şikayətlər və məlumatlar daxil olduqda müəssisələrdə, idarələrdə və təşkilatlarda yoxlama aparılması barədə Azərbaycan Respublikası Baş prokurorunun və ya onun müvafiq sahəyə baxan müavininin öz təşəbbüsləri ilə, yaxud aşağı prokurorların təqdimatına əsasən qəbul etdikləri əsaslandırılmış qərarlarının və ya respublika daxili işlər nazirinin və ya onun müvafiq sahəyə baxan müavininin qəbul etdiyi belə qərarların icra üçün Azərbaycan Respublikası Mərkəzi Bankına, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və ya Azərbaycan RespublikasıVergilər Nazirliyinə göndərilməsi;
    • prokurorluq, polis və milli təhlükəsizlik orqanları tərəfindən müəssisələrin, idarələrin, təşkilatların və vətəndaşların istehsal, xidmət, maliyyə-kredit fəaliyyətinin yoxlanılmasının yalnız Azərbaycan Respublikası Mərkəzi Bankının, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan RespublikasıVergilər Nazirliyinin yoxlamaları nəticəsində cinayət xarakterli faktların aşkar edildiyi hallarda həyata keçirilməsi;
    • iqtisadi cinayət xarakterli faktların aşkar edilməsi, Azərbaycan Respublikası Prezidentinin fərmanlarında, sərəncamlarında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarında nəzərdə tutulmuş konkret məsələlərin həlli idarələrdə, müəssisələrdə və təşkilatlarda mütəxəssislər tərəfindən təxirəsalınmaz yoxlamalar, təftişlər və inventarlaşmalar aparılması zərurəti yaratdıqda Baş prokurorun, onun müvafiq sahəyə baxan müavininin və ya daxili işlər nazirinin və onun müvafiq sahəyə baxan müavininin, milli təhlükəsizlik nazirinin əsaslandırılmış qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin və auditor təşkilatının mütəxəssislərinin iştirakı ilə yoxlamanın aparılması.

3. Müəyyən edilsin ki, Azərbaycan Republikası qanunvericiliyi ilə bank, idarə nəzarəti və yerli icra hakimiyyəti orqanlarının səlahiyyətinə aid edilmiş hallardan başqa, onların təşəbbüsü ilə yoxlama, təftiş və inventarlaşmalar aparılmır. Azərbaycan Respublikasının Nazirlər Kabineti idarə nəzarətinin həyata keçirilməsi qaydaları haqqında əsasnaməni hazırlayıb bir ay müddətində təsdiq etsin.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Vergilər Nazirliyi,Mərkəzi Bankı onların üzərinə qoyulan vəzifələrin icrası zamanı qanun pozuntularına yol verilməməsi məqsədi ilə:

    • müvafiq yoxlama və nəzarət xidmətlərinin yenidən qurulmasını, yüksək tələblərə cavab verən mütəxəssislərlə komplektləşdirilməsini təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə üç ay müddətində məlumat versinlər;
    • aparılan yoxlamaların sayı və nəticələri haqqında hər üç aydan bir Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına məlumat versinlər;
    • bu fərmanda müəyyən edilən vəzifələrin icrası zamanı qarşılıqlı fəaliyyət göstərsinlər.

5. Azərbaycan Respublikası Prezidentinin yanında hüquqi islahat komissiyasının işçi qrupuna tapşırılsın ki, üç ay müddətində yoxlamaların ümumilikdə qəbul edilmiş müasir prinsiplər əsasında qurulmasını təmin edən qanun layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

6. Bu fərmanda adları çəkilən dövlət orqanlarının öz hüquqlarından sui-istifadə hallarının qarşısını almaq, yoxlamalar zamanı vətəndaşların və hüquqi şəxslərin qanuni hüquq və mənafelərini qorumaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbərinə tapşırılsın ki, bir ay müddətində təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

7. Bu fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 17 iyun 1996-cı il

№ 463

«Azərbaycan» qəzetində dərc edilmişdir (18 iyun 1996-cı il, № 114).

22 iyul 2009-cu il tarixli, 134 nömrəli; 10 fevral 2010-cu il tarixli, 216 nömrəli Fərmanlara əsasən dəyişikliklərlə.

«Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin Nizamnaməsi»nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

«Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin Nizamnaməsi»nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. «Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin Nizamnaməsi» təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. üç ay müddətində:

2.1.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 9 iyul 2012-ci il

№ 680


 

Azərbaycan Respublikası Prezidentinin 
2012-ci il 9 iyul tarixli 
680 nömrəli Fərmanı ilə 
təsdiq edilmişdir

 

 

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin
Nizamnaməsi

 

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 fevral tarixli 1358 nömrəli Sərəncamına əsasən yaradılmış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbi (bundan sonra — Məktəb) ali və əlavə təhsil proqramlarını həyata keçirən, tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali hərbi təhsil müəssisəsidir.

1.2. Məktəb hüquqi şəxsdir, müstəqil balansa, xəzinə və bank hesablarına, Döyüş Bayrağına və şərti ada, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, ştamplara və blanklara malikdir.

1.3. Məktəb ali hərbi təhsilli kadrlar hazırlayır, hərbi qulluqçuların əlavə təhsil almasını, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının fəaliyyətinin aktual problemləri üzrə elmi tədqiqat işlərinin aparılmasını təşkil edir.

1.4. Məktəbdə təhsil əyani təhsilalma formasında, ali təhsil pilləsinin bakalavriat səviyyəsində həyata keçirilir. Məktəbdə təhsil müddəti 4 ildir.

1.5. Məktəb öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ hüquqi aktlarını, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin kollegiyasının qərarlarını, Azərbaycan Respublikası daxili işlər nazirinin əmr və sərəncamlarını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nizamnamələrini və bu Nizamnaməni rəhbər tutur.

1.6. Məktəbin yaradılması, yenidən təşkili və ləğv edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

1.7. Məktəbin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi və Məktəbin akkreditasiyası «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

1.8. Məktəb dövlət orqanları və digər dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir.

1.9. Məktəb qanuna uyğun olaraq statistik və maliyyə hesabatlarını aidiyyəti üzrə təqdim edir, fəaliyyətinin nəticələri barədə Azərbaycan Respublikasının daxili işlər nazirinin müavini — Daxili Qoşunların Komandanına (bundan sonra — Daxili Qoşunların Komandanı) hesabat verir.

1.10. Məktəb Bakı şəhərində yerləşir.

2. Məktəbin fəaliyyətinin əsas istiqamətləri

2.1 Məktəbin fəaliyyətinin əsas istiqamətləri tədris, təlim-tərbiyə, metodiki, elmi tədqiqat və redaksiya-nəşriyyat işidir.

2.2. Tədris işi hərbi xidmətin tələblərinə uyğun komandirlik və rəhbərlik bacarığına, təlim və tədris potensialına malik kadrlar hazırlamaqdan, əlavə təhsili və təlim məşğələlərini həyata keçirməkdən, kurs və diplom işlərinə, təcrübi məşğələlərə rəhbərlik etməkdən ibarətdir.

2.3. Təlim-tərbiyə işinin mahiyyəti aşağıdakılardan ibarətdir:

2.3.1. dəyişən heyətə vətənpərvərlik hissləri aşılamaq, onları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər qanunvericilik aktlarına, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət ruhunda tərbiyə etmək;

2.3.2. dövlətə, xalqa sədaqət, xidməti borcun yerinə yetirilməsinə məsuliyyətlə yanaşma, yüksək intizam və mənəviyyat, mətinlik, fiziki dözümlülük və hərbi peşəkarlıq keyfiyyətlərini aşılamaq;

2.3.3. hərbi nizam-intizamı, səfərbərlik hazırlığını təmin etmək;

2.3.4. dəyişən heyətin milli və ümumbəşəri dəyərlərə yiyələnməsini təmin etmək.

2.4. Metodiki işin mahiyyəti aşağıdakılardır:

2.4.1 səmərəli forma və metodlardan, müasir texnologiya və texniki vasitələrdən istifadə etməklə, tədris prosesini metodiki təmin etmək;

2.4.2. xidməti-döyüş fəaliyyəti üzrə təcrübəni, pedaqoji fəaliyyətin qabaqcıl nümunələrini və hüquqi aktları öyrənmək, ümumiləşdirmək və təhsil prosesində tətbiq etmək;

2.4.3. metodiki materialların hazırlanmasında elmi əsaslara üstünlük vermək.

2.5. Elmi tədqiqat işinin mahiyyəti:

2.5.1. Daxili Qoşunlarda peşə təhsilinin təkmilləşdirilməsini elmi əsaslandırmaq, dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar, məcmuələr, mühazirə, elmi-metodiki və konfrans materialları, məlumat bülletenləri hazırlamaq;

2.5.2. elmi araşdırmalar aparmaq;

2.5.3. elmi tədqiqat işlərinin aparılmasını təşkil etmək və həmin sahədə metodiki köməklik göstərmək.

2.6. Redaksiya-nəşriyyat işinin mahiyyəti dərsliklərin, dərs vəsaitlərinin, monoqrafiyaların, məcmuələrin, mühazirə, elmi-metodiki və konfrans materiallarının, məlumat bülletenlərinin və digər materialların redaktə edilməsi və nəşrindən ibarətdir.

3. Məktəbin vəzifələri və hüquqları

3.1. Məktəbin vəzifələri aşağıdakılardır:

3.1.1. ixtisaslı mütəxəssislər hazırlamaq, kadrların əlavə təhsilini həyata keçirmək;

3.1.2. təhsil proqramlarını və tədris planlarını hazırlamaq;

3.1.3. dəyişən heyətin attestasiyasını keçirmək;

3.1.4. təhsil haqqında diplomlar, habelə təhsilə dair digər sənədlər vermək;

3.1.5. tədris prosesinin maddi-texniki təminatını, bina və otaqların mövcud norma və tələblərə uyğun qurulmasını həyata keçirmək;

3.1.6. təlim-tərbiyə prosesini yüksək səviyyədə təşkil etmək, dəyişən heyətin intellektual və mədəni inkişafını təmin etmək, onlarda yüksək ideya, mənəvi və peşəkar xüsusiyyətləri formalaşdırmaq;

3.1.7. fəaliyyət sahəsi üzrə tətbiqi elmi tədqiqat işlərini təşkil etmək;

3.1.8. Məktəbə ayrılan maliyyə vəsaitinin təyinatı üzrə istifadə olunmasını təmin etmək;

3.1.9. təhsil prosesinin təmin edilməsi üçün tədris, tədris-metodiki, elmi ədəbiyyat, köməkçi materiallar hazırlamaq və nəşr etmək, maddi-tədris bazasını təkmilləşdirmək və inkişaf etdirmək;

3.1.10. qanuna uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması və təhlükəsizliyin təmin olunması üçün zəruri tədbirlər görmək;

3.1.11. qanunda və Azərbaycan Respublikası Prezidentinin aktlarında nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

3.2. Məktəb aşağıdakı hüquqlara malikdir:

3.2.1. «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa və bu Nizamnaməyə uyğun olaraq tədris prosesini sərbəst həyata keçirmək;

3.2.2. tədris, metodiki, elmi tədqiqat və analitik-informasiya fəaliyyətlərini planlaşdırmaq və təşkil etmək;

3.2.3. tədris prosesinin metodiki təminatını təşkil etmək və təkmilləşdirmək;

3.2.4. iclaslar, seminarlar, konfranslar keçirmək və onların işində iştirak etmək;

3.2.5. Daxili Qoşunların və Məktəbin fəaliyyəti ilə bağlı redaksiya-nəşriyyat işlərini həyata keçirmək;

3.2.6. Məktəbin hərbi qulluqçuları və işçilərinə fəxri adların, digər dövlət təltiflərinin və mükafatların verilməsi üçün Daxili Qoşunların Komandanı qarşısında vəsatət qaldırmaq;

3.2.7. təlim mərkəzlərindən istifadə etmək;

3.2.8. Məktəbin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarından, hüquqi və fiziki şəxslərdən zəruri məlumatların alınması barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.9. qanuna uyğun olaraq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq;

3.2.10. Məktəbin fəaliyyətinin təşkili məqsədi ilə öz səlahiyyətləri daxilində qanuna zidd olmayan aktlar qəbul etmək;

3.2.11. qanunda və Azərbaycan Respublikası Prezidentinin aktlarında nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

4. Məktəbin strukturu və idarə olunması

4.1. Məktəbin strukturu Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən təsdiq edilir. Məktəbin ştat cədvəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən müəyyən olunmuş qaydada təsdiq edilir.

4.2. Məktəbin strukturuna rəhbərlik, kafedralar, şöbələr və xidməti bölmələr daxildir.

4.3. Məktəbin rəhbərliyi Məktəbin rəisi və Məktəbin rəis müavinlərindən ibarətdir.

4.4. Məktəbin rəisi Azərbaycan Respublikası daxili işlər nazirinin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən, Məktəbin rəis müavinləri Daxili Qoşunların Komandanının təqdimatına əsasən Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.

4.5. Məktəbin rəisi bütün şəxsi heyətin birbaşa rəisi olmaqla, Məktəbin fəaliyyətini təşkil edir və Məktəbə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

4.6. Məktəbin rəisi bu Nizamnamədə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində əmr və göstərişlər verir, Məktəbi təmsil edir.

4.7. Məktəbin rəisi aşağıdakı sahələrə ümumi rəhbərliyi həyata keçirir:

4.7.1. təhsil, təlim-tərbiyə, metodiki, elmi tədqiqat və redaksiya-nəşriyyat fəaliyyəti;

4.7.2. rəhbər heyətin, professor-müəllim və elmi kadrların, habelə digər işçilərin seçilməsi, yerləşdirilməsi və əlavə təhsili;

4.7.3. döyüş və səfərbərlik hazırlığının təmini;

4.7.4. dövlət sirrinin və məxfilik rejiminin qorunması, Məktəbdə daxili təhlükəsizliyin təmin olunması;

4.7.5. Məktəbin Elmi Şurasının və digər məşvərətçi orqanlarının işinin təşkili;

4.7.6. Məktəbin maliyyə-təsərrüfat fəaliyyəti.

4.8. Kadrlarla iş sahəsində Məktəbin rəisi:

4.8.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin normativ hüquqi aktlarına müvafiq olaraq nomenklatura üzrə vəzifələrə işə qəbul və işdən azad edir;

4.8.2. qanuna uyğun olaraq daxili işlər orqanlarından, Daxili Qoşunlardan, eləcə də digər idarə, müəssisə və təşkilatlardan təhsil, elm və təsərrüfat işlərinə əvəzçiliklə, saathesabı və müqavilə ödənişi şərtləri ilə mütəxəssis və elmi işçilər cəlb edir;

4.8.3. Məktəbin şəxsi heyətinin attestasiyasını keçirir;

4.8.4. zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının vəzifəyə təyin və vəzifədən azad edilməsinə dair təkliflər verir, onları hərbi rütbələrə təqdim edir.

4.9. Məktəbin rəis müavinlərinin funksional vəzifələrini Məktəbin rəisi müəyyən edir. Məktəbin rəis müavinləri Məktəbin rəisinə tabe olmaqla, Məktəbin şəxsi heyətinin birbaşa rəisləridir. Məktəbin rəisi olmadıqda və ya üzrlü səbəblərdən öz səlahiyyətlərini icra edə bilmədikdə, Məktəb rəisinin müavini — qərargah rəisi Məktəbin rəisinin səlahiyyətlərini həyata keçirir.

4.10. Məktəbin rəis müavinləri səlahiyyətləri daxilində Məktəbi təmsil edir, həvalə olunmuş sahələrdə işin vəziyyətinə görə məsuliyyət daşıyırlar.

4.11. Məktəbdə təlim-tədris, tədris-metodik və elmi tədqiqat işi «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin normativ hüquqi aktlarına uyğun təşkil edilir.

4.12. Məktəbin fəaliyyətinin mühüm məsələlərinin müzakirəsi üçün ali idarəetmə orqanı — Məktəbin Elmi Şurası (bundan sonra — Elmi Şura) yaradılır.

4.13. Elmi Şuranın tərkibi Daxili Qoşunların Komandanı tərəfindən təsdiq edilir. Elmi Şuranın tərkibinə tutduqları vəzifələrə görə Məktəbin rəisi (Elmi Şuranın sədri), Məktəbin rəis müavinləri, aparıcı kafedraların, tədris, hərbi-elmi şöbələrin, kadrlar xidmətinin və kursların rəisləri daxildir. Məktəb rəisinin vəsatətinə əsasən Elmi Şuranın tərkibinə digər şəxslər də daxil edilə bilər. Elmi Şuranın professor-müəllim heyətindən, elmi əməkdaşlardan və kursantlardan ibarət olan digər üzvləri müvafiq kollektivlərin iclaslarında gizli səsvermə yolu ilə seçilirlər.

4.14. Elmi Şuranın sədr müavinləri və katibi Elmi Şuranın tərkibindən seçilir. Elmi Şuranın səlahiyyət müddəti 3 ildir. Elmi Şuranın üzvlərinin səlahiyyətlərinə Elmi Şuranın qərarı ilə vaxtından əvvəl xitam verilə bilər. Elmi Şuranın vaxtından əvvəl yenidən yaradılması onun üzvlərinin azı üçdə iki hissəsinin tələbi ilə həyata keçirilir.

4.15. Elmi Şuranın fəaliyyəti Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin normativ hüquqi aktlarının və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş «Elmi Şura haqqında Əsasnamə»nin tələblərinə uyğun təşkil edilir. Elmi Şura ictimai əsaslarla fəaliyyət göstərir.

4.16. Elmi Şuranın qərarları Məktəb rəisinin əmrləri ilə təsdiq olunur.

4.17. Elmi Şura:

4.17.1. tədris, təlim-tərbiyə, metodiki və elmi tədqiqat işlərinin mühüm məsələlərini həll edir;

4.17.2. Daxili Qoşunların nəzəri və təcrübi fəaliyyətinin elmi problemlərini müzakirə edir;

4.17.3. kadrların hazırlanması və əlavə təhsil istiqamətində müvafiq tədbirlər hazırlayır və həyata keçirir;

4.17.4. tədris planları və proqramlarının, metodiki, təlim-tərbiyə, elmi tədqiqat və redaksiya-nəşriyyat işlərinin, əlavə təhsil üzrə planların layihələrini müzakirə edir;

4.17.5. imtahanların nəticəsi barədə kafedra və şöbələrin hesabatını dinləyir;

4.17.6. dərsliklərin, dərs vəsaitlərinin, monoqrafiyaların, elmi və elmi-metodiki ədəbiyyatın digər növlərinin layihələrini müzakirə edir;

4.17.7. əməkdaşları «professor» və «dosent» elmi adlarının verilməsi üçün təqdim edir;

4.17.8. baş elmi işçi vəzifələrinin doktorluq dissertasiyaları üzərində işləyən elmi adı olan müəllimlər tərəfindən tutulması üçün təklif verir;

4.17.9. professor-müəllim heyəti və elmi işçilər sırasından hərbi qulluqçu vəzifələrinə təyin olunmaq üçün mülki şəxsləri hərbi qulluğa tövsiyə edir;

4.17.10. Məktəbin maddi-texniki bazasının təkmilləşdirilməsi və inkişaf etdirilməsi ilə bağlı tədbirləri müzakirə edir;

4.17.11. adlı təqaüdlərin verilməsi üçün namizədləri təsdiq edir.

4.18. Tədris, təlim-tərbiyə, metodiki, elmi tədqiqat, redaksiya-nəşriyyat fəaliyyəti, kadrlarla iş, təhlükəsizlik rejiminin təmin olunması, döyüş və səfərbərlik hazırlığı və inzibati-təsərrüfat üzrə məsələlərə Məktəb rəhbərliyinin iclaslarında baxılır.

4.19. Məktəbin tədris şöbəsi tədris prosesinin planlaşdırılmasını, təşkilini və ona nəzarəti həyata keçirir.

4.20. Tədris şöbəsinə aşağıdakılar həvalə olunur:

4.20.1. tədris planlarının və proqramların layihələrini, tədris məşğələlərinin cədvəllərini və tədris prosesinin planlaşdırılması üzrə zəruri sənədləri işləyib hazırlamaq;

4.20.2. kursantların tədrisdə müvəffəqiyyətlərini, hərbi hissələrin məzunlar haqqında rəylərinin qeydiyyatını və təhlilini aparmaq, tədrisin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görmək;

4.20.3. tədris məşğələlərinə nəzarəti təşkil etmək və nəticələrini ümumiləşdirmək;

4.20.4. Semestr və kurs imtahanlarının keçirilməsinə nəzarət etmək;

4.20.5. tədris yükünün yerinə yetirilməsini planlaşdırmaq;

4.20.6. tədris prosesinin dərsliklər, dərs vəsaitləri, tədris-metodiki materiallar və xidməti sənədlərlə təmin edilməsini, tədris kitabxanalarının işini təşkil etmək;

4.20.7. tədris siniflərindən, auditoriyalardan (mühazirə zallarından) və maddi-tədris bazasının digər obyektlərindən istifadə edilməsinə şərait yaratmaq.

4.21. Kafedra Məktəbin əsas tədris-elm struktur bölməsi olub, bir və ya bir neçə yaxın fənlər üzrə tədris, metodiki, elmi tədqiqat fəaliyyətini və əlavə təhsili həyata keçirir.

4.22. Kafedranın əsas vəzifələri aşağıdakılardır:

4.22.1. bütün təhsil formaları üçün tədris planlarında nəzərdə tutulmuş mühazirələrin, laboratoriya işlərinin, praktiki seminarların və digər dərslərin elmi-nəzəri və metodiki səviyyədə aparılması;

4.22.2. kurs və buraxılış işlərinə (layihələrinə), təcrübələrə, kursantların sərbəst dərslərinə rəhbərliyin həyata keçirilməsi;

4.22.3. cari imtahanların keçirilməsi;

4.22.4. dövlət imtahanlarının təşkili və keçirilməsi;

4.22.5. dəyişən heyət arasında tərbiyə işinin təşkili;

4.22.6. kafedrada tədris olunan fənlər üzrə tədris proqramlarının işlənib hazırlanması və təsdiq üçün təqdim edilməsi, digər kafedralarda hazırlanan tədris proqramlarına rəy verilməsi;

4.22.7. dərsliklərin, dərs, metodiki və əyani vəsaitlərin hazırlanması, Məktəb rəisinin göstərişi əsasında dərslik, dərs vəsaiti və tədris-metodiki ədəbiyyata rəy verilməsi;

4.22.8. müəllimlərin tədris, elmi-metodiki və digər işlərinin fərdi planlarının hazırlanması və həyata keçirilməsi;

4.22.9. respublikanın və digər dövlətlərin müvafiq ali məktəblərinin qabaqcıl iş təcrübəsinin öyrənilməsi və tətbiqi, gənc müəllimlərə pedaqoji təcrübə toplamaqda kömək göstərilməsi;

4.22.10. tədris prosesində müasir texniki vasitələrdən istifadə edilməsinə dair tədbirlərin hazırlanıb həyata keçirilməsi;

4.22.11. mütəxəssislərin əlavə təhsilinə kömək göstərilməsi;

4.22.12. Məktəbin məzunları ilə mütəmadi əlaqənin təşkil edilməsi;

4.22.13. elmi biliklərin təbliğ olunması.

5. Məktəbə qəbul

5.1. Məktəbə qəbul planı Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən müəyyən edilir.

5.2. Məktəbə daxil olmaq üçün namizədlərin seçilməsi müəyyən edilmiş tələblər əsasında Daxili Qoşunların kadrlar qurumu tərəfindən aparılır. Məktəbə qəbul biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilir.

5.3. Abituriyentlərin Məktəbə qəbul edilməsi Məktəb rəisinin əmri ilə təsdiq olunur.

5.4. Məktəbə qəbul edilən şəxslər qanunla müəyyən olunmuş qaydada hərbi and içirlər.

6. Tədris işinin təşkili və elmi tədqiqat fəaliyyəti

6.1. Məktəbdə tədris işi tədris planlarına və fənn proqramlarına uyğun təşkil olunur və aparılır.

Tədris planı Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, Daxili Qoşunların Komandanı tərəfindən təsdiq olunur.

6.2. Semestrin müddəti, kursant və dinləyicilərin məcburi auditoriya dərsləri və həftəlik tədris işi ali təhsilin dövlət standartlarına müvafiq olaraq müəyyən edilir.

6.3. Məktəbdə təhsil Azərbaycan dilində aparılır.

6.4. Məktəbin tədris məşğələlərinə mühazirə, seminar, praktiki məşğələ, təlim, tematik mükalimə (kollokvium), məsləhət saatı və müstəqil hazırlıq saatı daxildir. Ayrı-ayrı fənlər üzrə nəzəri (elmi-praktik) konfranslar və Məktəbin Elmi Şurasının qərarı ilə müəyyən edilmiş digər növ məşğələlər keçirilə bilər.

6.5. Məktəbdə elmi işin əsas formaları aşağıdakılardır:

6.5.1. tətbiqi tədqiqatların aparılması;

6.5.2. nəzəri nəticələrin və müddəaların, tədqiqatların nəticələrinin ümumiləşdirilib tövsiyələr hazırlanması;

6.5.3. Daxili Qoşunların fəaliyyətini tənzimləyən sənədlərin layihələrinin hazırlanmasında iştirak edilməsi;

6.5.4. dərsliklərin, dərs vəsaitlərinin, monoqrafiyaların, məqalələrin, məruzələrin, təklif və rəylərin hazırlanması;

6.5.5. elmi konfransların, seminarların, müşavirələrin və nəzəri diskussiyaların hazırlanması, keçirilməsi və nəticələrinin ümumiləşdirilməsi.

7. Daimi və dəyişən heyət

7.1. Məktəbin şəxsi heyəti daimi və dəyişən heyətdən ibarətdir.

7.2. Daimi heyət rəhbərlik, professor-müəllim, elmi heyətdən və vəzifələri təşkilati-ştat əmri ilə təsdiq edilmiş digər hərbi qulluqçu və işçilərdən ibarətdir.

7.3. Daimi heyətdən olan hərbi qulluqçuları «Hərbi xidmət keçmə haqqında» Əsasnaməyə müvafiq olaraq Azərbaycan Respublikasının daxili işlər naziri və Daxili qoşunların Komandanı vəzifəyə təyin edir və vəzifədən azad edir. Hərbi qulluqçular istisna olmaqla, daimi heyətdən olan digər şəxslərin işə qəbul və işdən azad edilməsi Məktəbin rəisi tərəfindən həyata keçirilir.

7.4. Daimi heyətdən olan hərbi qulluqçuların hüquq və vəzifələri «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi», «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi», «Hərbi xidmətkeçmə haqqında» Əsasnamə, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanunu və hərbi xidmət sahəsində Azərbaycan Respublikasının digər qanunları və Azərbaycan Respublikası Prezidentinin aktları, «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanunu, bu Nizamnamə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin normativ hüquqi aktları ilə müəyyən olunur.

7.5. Hərbi qulluqçular istisna olmaqla, daimi heyətin tərkibinə daxil olan digər şəxslərin, o cümlədən Məktəbin inzibati, inzibati-idarəetmə, inzibati-təsərrüfat, mühəndis-texniki, tədris-köməkçi heyətinə aid şəxslərin hüquq və vəzifələri Azərbaycan Respublikasının Əmək Məcəlləsi, «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanunu, bu Nizamnamə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin normativ hüquqi aktları ilə müəyyən olunur.

7.6. Professor-müəllim heyəti və elmi işçi vəzifələrinə peşə hazırlığına, sağlamlığına və mənəvi keyfiyyətlərinə görə dərs demək və elmi tədqiqatlar aparmaq bacarığına malik hərbi qulluqçular və mülki şəxslər təyin olunur.

7.7. Professor-müəllim heyəti vəzifələrinə təyinat zamanı elmi ada və elmi dərəcəyə, vəzifənin profilinə uyğun ali təhsilə, pedaqoji təcrübəyə və iş stajına malik şəxslərə üstünlük verilir.

7.8. Tədris, təlim-tərbiyə, metodiki və elmi tədqiqat işləri kafedraların planları, həmçinin tədris ili üçün fərdi planlar əsasında Məktəbin professor-müəllim heyəti tərəfindən həyata keçirilir.

7.9. Professor-müəllim heyəti və elmi işçilər təlim-tərbiyə sahəsində uğurlarına görə Silahlı Qüvvələrin hərbi nizamnamələrində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin normativ hüquqi aktlarında nəzərdə tutulmuş həvəsləndirmə tədbirləri ilə bərabər dövlət mükafatları, fəxri adlar, orden və medallar, döş nişanları, fəxri fərmanlarla mükafatlandırıla bilərlər.

7.10. Pedaqoji işçilərə fəxri adların verilməsi Azərbaycan Respublikası Prezidentinin aktları ilə tənzimlənir.

7.11. Professor-müəllim heyətinə və elmi işçilərə hərbi və əmək intizamını pozduqlarına görə intizam tənbehi tədbirləri hərbi qulluqçulara münasibətdə «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi»ndə, digər işçilərə münasibətdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada tətbiq edilir.

7.12. Professor-müəllim heyətinin və elmi işçilərin beynəlxalq tədbirlərdə iştirakı, onların kütləvi informasiya vasitələrində Məktəbin adından çıxışları Daxili Qoşunların Komandanı tərəfindən müəyyən edilir.

7.13. Dinləyicilərin əlavə təhsil alması «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

7.14. Məktəbin dəyişən heyətinə Məktəbdə təhsil alan hərbi qulluqçular aid edilir. Xidmət mövqeyinə görə dəyişən heyət kursantlara və dinləyicilərə bölünür.

7.15. Kursantlar — ali təhsil almaq məqsədi ilə Məktəbə qəbul olunmuş şəxslərdir. Dinləyicilər — Məktəbdə əlavə təhsil alan hərbi qulluqçulardır.

7.16. Dəyişən kursant heyətinin tərkibinə daxil olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə hesab edilirlər və onlara hərbi qulluqçuların müvafiq kateqoriyaları üçün müəyyən edilmiş hüquq və güzəştlər şamil olunur.

7.17. Dəyişən heyətin tərkibinə daxil olan hərbi qulluqçuların pul, geyim, ərzaq və yaşayış yeri (yataqxana, kazarma) təminatı dövlət tərəfindən həyata keçirilir.

7.18. Dəyişən heyətin təhsil müddəti dövründə hüquq və vəzifələri «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi», «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi», «Hərbi xidmətkeçmə haqqında» Əsasnamə, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanunu və hərbi xidmət sahəsində Azərbaycan Respublikasının digər qanunları və Azərbaycan Respublikası Prezidentinin aktları, «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanunu, bu Nizamnamə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin normativ hüquqi aktları ilə müəyyən olunur.

7.19. Hərbi liseylərin məzunları və hərbi rütbəsi olmayan mülki şəxslər sırasından Məktəbə qəbul edilmiş kursantlara «əsgər» hərbi rütbəsi verilir.

7.20. Tağım komandirinin müavini, tədris qruplarının, manqalarının komandirləri Məktəb rəisinin əmri ilə həmin kursun kursantlarından təyin olunur. Bu vəzifələrə təyin edilmiş kursantlara qanuna müvafiq qaydada «kiçik çavuş», «çavuş» və «baş çavuş» hərbi rütbəsi verilə bilər.

7.21. Dəyişən heyətdən olan hərbi qulluqçular təhsildə və təlimdə əldə etdikləri yüksək göstəricilərə, elmi tədqiqat işlərində fəal iştiraka və hərbi xidməti borcun nümunəvi yerinə yetirilməsinə görə «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi»ndə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin normativ hüquqi aktlarında nəzərdə tutulmuş qaydada həvəsləndirilirlər.

7.22. Dərs əlaçıları olan, elmi tədqiqat işlərində fəal iştirak edən kursantlar adlı təqaüdlərlə mükafatlandırılırlar.

7.23. Hərbi və tədris intizamını pozduqlarına görə dəyişən heyətdən olan hərbi qulluqçulara «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi»ndə nəzərdə tutulmuş qaydada intizam tənbehi tədbirləri tətbiq edilir.

7.24. Dəyişən heyətdən olan hərbi qulluqçular Məktəbdən aşağıdakı hallarda xaric edilirlər:

7.24.1. öz arzusu ilə;

7.24.2. digər təhsil müəssisəsinə keçirilməsi ilə əlaqədar;

7.24.3. səhhətinə görə (hərbi-həkim komissiyasının qərarına əsasən);

7.24.4. təhsildə müvəffəqiyyətsizliyə görə;

7.24.5. hərbi intizamı və Məktəbin daxili nizam qaydalarını kobud şəkildə və dəfələrlə pozduğuna görə;

7.24.6. qanunla hərbi qulluqçular üçün müəyyən olunmuş tələblərə uyğun olmaması ilə əlaqədar.

7.25. Dəyişən heyətdən olan hərbi qulluqçunun Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin sistemində başqa təhsil müəssisəsinə keçirilməsi Azərbaycan Respublikasının daxili işlər nazirinin qərarı əsasında həll olunur. Hərbi qulluqçunun Məktəbdən xaric edilməsi və ya Məktəbə bərpa olunması Məktəbin rəisinin təqdimatına əsasən Daxili Qoşunlar Komandanının əmri ilə həyata keçirilir.

7.26. Kursantların digər mülki və ya ali hərbi təhsil müəssisələrinə keçirilməsinə yeni dərs ilinin başlanmasına qədər icazə verilir.

7.27. Dövlət imtahanlarını vermiş kursantlara Məktəbdə yaradılan Dövlət Attestasiya Komissiyasının qərarı ilə, alınmış peşəyə uyğun olaraq ixtisas verilir, onlara diplom və döş nişanı təqdim olunur.

7.28. Məktəbi bitirmiş kursantlara «leytenant» hərbi rütbəsi verilir.

7.29. Dövlət Attestasiya Komissiyasının qərarı ilə fərqlənmə diplomu alan məzunlar xidmət yeri seçmək hüququna (Məktəb üçün müəyyən olunmuş tələbat daxilində) malikdirlər.

8. Daimi və dəyişən heyətin vəzifələri və hüquqları

8.1. Dəyişən heyətin vəzifələri aşağıdakılardır:

8.1.1. dövlət təhsil standartına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;

8.1.2. tədris tapşırıqlarını vaxtında yerinə yetirmək, təhsil proqramlarında nəzərdə tutulmuş imtahanları vermək;

8.1.3. pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

8.1.4. qanunlara əməl etmək, hərbi andın, hərbi nizamnamələrin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Daxili Qoşunların əmr, təlimat, göstəriş və sərəncamlarının, bu Nizamnamənin, habelə Məktəbin daxili nizam qaydalarının tələblərini bilmək və yerinə yetirmək;

8.1.5. dövlət və cəmiyyət qarşısında məsuliyyətini dərk etmək;

8.1.6. qanuna uyğun olaraq məxfilik qaydalarına əməl etmək;

8.1.7. Məktəbin əmlakına qayğı ilə yanaşmaq;

8.1.8. bu Nizamnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

8.2. Dəyişən heyətin aşağıdakı hüquqları vardır:

8.2.1. dövlət təhsil standartına uyğun keyfiyyətli təhsil almaq;

8.2.2. Məktəbin mövcud infrastrukturundan (tədris, elmi tədqiqat, informasiya, mədəni-məişət, idman komplekslərindən, tibb məntəqəsindən, yataqxanalardan, kitabxanalardan və s.) istifadə etmək;

8.2.3. insan ləyaqətini və şərəfini alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;

8.2.4. təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;

8.2.5. Məktəbin elmi, ictimai, sosial və mədəni həyatında iştirak etmək;

8.2.6. elmi-praktik konfransların, seminarların, yığıncaqların və görüşlərin, habelə təhsil həyatı ilə bağlı digər tədbirlərin keçirilməsində iştirak etmək;

8.2.7. Elmi Şuraya seçmək və seçilmək;

8.2.8. bu Nizamnamədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

8.3. Daimi heyətdən olan professor-müəllim və elmi işçilərin vəzifələri aşağıdakılardır:

8.3.1. təhsil proqramlarının mənimsənilməsini təmin etmək;

8.3.2. ixtisas və elmi-pedoqoji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq;

8.3.3. elmi tədqiqatla məşğul olmaq, elmi tədqiqat işlərinin nəticələrindən Elmi Şuranın tövsiyəsi ilə tədris prosesində istifadə etmək və bu nəticələrin Daxili Qoşunların praktiki fəaliyyətində tətbiq olunmasına köməklik göstərmək;

8.3.4. dərslik və dərs vəsaitlərinin, tədrisin qabaqcıl forma və metodlarını təmin edən elmi-metodiki materialların işlənib hazırlanmasında, müasir texniki vasitələrin tətbiqində iştirak etmək;

8.3.5. Daxili Qoşunların struktur qurumlarında peşə hazırlığına metodiki köməklik göstərmək;

8.3.6. vətəndaşlıq və xidməti borcunu ləyaqətlə yerinə yetirmək, Məktəbin daxili qaydalarına əməl etməklə, başqalarına şəxsi nümunə olmaq;

8.3.7. dəyişən heyətdə fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik ruhunda tərbiyə etmək və əmək fəaliyyətinə hazırlamaq;

8.3.8. dəyişən heyəti elmi fəaliyyətə cəlb etmək;

8.3.9. şəxsi nümunəsi ilə dəyişən heyətdə Azərbaycan Respublikasının müstəqilliyinə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, cəmiyyətə hörmət hissləri aşılamaq;

8.3.10. pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;

8.3.11. dəyişən heyətin fərdi keyfiyyətlərini öyrənmək, onların şərəf və ləyaqətinə hörmətlə yanaşmaq, dərs tapşırıqlarının yerinə yetirilməsini və hərbi nizam-intizama riayət olunmasını tələb etmək;

8.3.12. dəyişən heyəti zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək;

8.3.13. dəyişən heyətin müstəqil hazırlığına, tədris materiallarının onlar tərəfindən mənimsənilməsinə kömək göstərmək;

8.3.14. qanunla müəyyən olunmuş qaydada attestasiyadan keçmək;

8.3.15. bu Nizamnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

8.4. Daimi heyətdən olan professor-müəllim və elmi işçilərin aşağıdakı hüquqları vardır:

8.4.1. normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti, müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq;

8.4.2. bu Nizamnaməyə uyğun olaraq təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək;

8.4.3. tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək;

8.4.4. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;

8.4.5. Məktəbdə vəzifə tutmaq, uyğun olduqda Elmi Şuraya və digər seçkili vəzifələrə seçmək və seçilmək;

8.4.6. əlavə təhsil almaq;

8.4.7. qanuna və Azərbaycan Respublikası Prezidentinin aktlarına uyğun olaraq mükafatlandırılmaq və təltif olunmaq;

8.4.8. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən müəyyən olunmuş qaydada Daxili Qoşunların əməli fəaliyyətini əks etdirən aidiyyəti materiallarla tanış olmaq;

8.4.9. qanunla müəyyən edilmiş qaydada müəssisə və təşkilatlarda əvəzçiliklə elmi və pedaqoji fəaliyyətlə məşğul olmaq;

8.4.10. bu Nizamnamədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

9. Maliyyə-təsərrüfat fəaliyyəti

9.1. Məktəb Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaitləri və qanunda nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.

9.2. Məktəb maddi dəyərlilərin, pul vəsaitlərinin vəziyyəti və istifadə edilməsi barədə Daxili Qoşunların müvafiq qurumları qarşısında hesabat verir, cari mühasibat uçotunu həyata keçirir.

9.3. Məktəbin maddi-tədris bazası müəyyən olunmuş ixtisaslar üzrə tədris planlarına, proqramlarına və müasir tədris metodikasına uyğun olaraq kursantların və dinləyicilərin hazırlığını təmin etmək üçün nəzərdə tutulmuş maddi və texniki vasitələr kompleksidir.

9.4. Məktəbin maddi-texniki bazasını torpaq sahələri, binalar, tikililər, müxtəlif qurğular, silah və hərbi texnika, hərbi-tədris əmlakı, laboratoriya avadanlığı, tədrisin texniki vasitələri, tədris-metodiki materiallar, elmi və bədii ədəbiyyat, xüsusi texnika, nəqliyyat vasitələri, avadanlıqlar, tədris-idman bazaları, təlim mərkəzi və digər hərbi obyektlər, habelə başqa qiymətli maddi-texniki təchizat vasitələri təşkil edir.

9.5. Məktəbin maddi-tədris bazası dövlət əmlakı hesab olunmaqla, səmərəli istifadə edilməlidir.

9.6. Daxili Qoşunlar Komandanının razılığı olmadan Məktəb tərəfindən istifadə edilən bina və qurğuların, torpaq sahələrinin xidməti təyinatının dəyişdirilməsinə icazə verilmir.

9.7. Məktəbin maddi-tədris bazasının inkişafı və təkmilləşdirilməsi Daxili Qoşunların Komandanı tərəfindən təsdiq edilən perspektiv planlar və Məktəbin rəisi tərəfindən təsdiqlənən illik planlar əsasında həyata keçirilir.

10. Beynəlxalq əməkdaşlıq

 

Məktəbin xarici əlaqələri və beynəlxalq əməkdaşlığı, həmçinin kadrların hazırlanması sahəsində beynəlxalq əməkdaşlığı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, o cümlədən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə xarici ölkələrin dövlət orqanları arasında bağlanmış sazişlər əsasında həyata keçirilir.
 

Azərbaycan polisi gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan polisi gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

1. 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün — 2 iyul Azərbaycan polisi günü elan edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 6 iyun tarixli, 830 nömrəli Fərmanının 5-ci bəndi qüvvədən düşmüş hesab edilsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 24 may 1998-ci il

№ 710

«Azərbaycan» qəzetində dərc edilmişdir (26 may 1998-ci il, № 119).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 may 1998-ci il, № 5, maddə 316) 
 

Azərbaycan Respublikasının Daxili Qoşunları gününün elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikasının Daxili Qoşunları gününün elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Daxili Qoşunlarının Vətənin müdafiəsində xidmətlərini və öz vəzifələrini müvəffəqiyyətlə yerinə yetirmələrini qiymətləndirərək qərara alıram:

Azərbaycan Respublikası Daxili Qoşunlarının Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşə başladıqları gün—12 mart Azərbaycan Respublikasının Daxili Qoşunları günü elan edilsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 9 mart 1995-ci il.

№ 297.

«Azərbaycan» qəzetində dərc edilmişdir (10 mart 1995-ci il, № 46).

«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (31 mart 1995-ci il, № 5—6, maddə 110)

 

 

Konstitusiya

Maddə 13. Mülkiyyət

I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

Qaynar xətt nömrələri

Daxili İşlər Nazirliyi-102

Fövqəladə Hallar Nazirliyi-112

Vergilər Nazirliyi-195

İqtisadi İnkişaf Nazirliyi-195-2

Ədliyyə Nazirliyi-195

İnsan alveri ilə bağlı Daxili İşlər Nazirliyinin Qaynar xətti-152

Qeydiyyat və Notariat Baş İdarəsi-1650

Dövlət Miqrasiya Xidməti-919

Dövlət Gömrük Komitəsi-195

Yanğın xidməti-101

Polis-102

Təcili yardım-103

 

Sənəd nümunələri

İddiya ərizələri, şikayət nümunələri, əmək müqaviləsi,

Sənədlər

Maddə 48. Vicdan azadlığı

I. Hər kəsin vicdan azadlığı vardır.

II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.

III. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir.

IV. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır.

V. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.

 

Konstitusiya

Təqsirsizlik prezumpsiyası prinsipi

 

8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.

8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.

8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.

 

Maddə 5. Yol hərəkəti sahəsində hüquqi şəxslərin vəzifələri

I. Yol hərəkəti sahəsində mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin aşağıdakı vəzifələri vardır:

1) yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi və yol hərəkəti qaydalarının tələblərinə riayət etmək;

2) yol hərəkəti qanunvericiliyinin tələblərinə əməl olunması üzrə əmək kollektivlərində profilaktik iş aparmaq;

3) həmkarlar ittifaqı təşkilatları ilə razılaşdırmaqla sürücülərin sağlamlıq vəziyyətinə, sürücülər tərəfindəəmək və istirahət rejiminə əməl olunmasına nəzarət etmək;

4) daşıma fəaliyyəti ilə məşğul olduqda daşımaların xüsusiyyətlərini nəzərə alaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, yol hərəkəti sahəsində qüvvədəolan qaydalar, normativlər və standartlar əsasında xüsusi qaydalar qəbul etmək;

5) yol-nəqliyyat hadisələrinin profilaktikası ilə bağlı tədbirlərin təşkili və maliyyələşdirilməsi, nəqliyyatın fövqəladə hallarda istismarı məsələlərini həll etmək;

6) bu Qanunla müəyyən olunmuş digər tələbləri yerinə yetirmək.

II. Hüquqi şəxslərin sürücüləri yol hərəkətinin təhlükəsizliyi tələblərini pozmağa hər hansı fomada sövq etməsi qadağandır.

 

Yol Hərəkəti haqqında qanun

Go to top