I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

VI BÖLMƏ

 

İnzibati xətalar

 

FƏSİL 20

 

Sağlamlıq əleyhinə olan inzibati xətalar

 

Maddə 157. Döymə

 

Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -

beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

 

Maddə 158. Məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulması

 

158.1. Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərə görə-

yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.

158.2. Məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə-

üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

158.3. Məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyadan keçmədən fəaliyyət göstərməsinə görə-

otuz beş manatdan əlli manatadək məbləğdə cərimə edilir.

Qeyd:

1. Bu Məcəllənin 158.1 və 158.2-ci maddələrində “şəxs” dedikdə, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində nəzərdə tutulmuş şəxslər başa düşülür.

2. Bu Məcəllənin 158.1 və 158.2-ci maddələri həmin maddələrdə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.

 

Maddə 159. Zöhrəvi xəstəliklərə yoluxmuş şəxsin müalicədən boyun qaçırması

 

Zöhrəvi xəstəliklərə yoluxduğu barədə kifayət qədər məlumatı olan şəxsin səhiyyə orqanları tərəfindən xəbərdarlıq edildikdən sonra da müalicədən boyun qaçırmasına görə-

yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.

 

Maddə 160. Zöhrəvi xəstəliklərə və ya insanın immunçatışmazlığı virusuna yoluxmuş şəxslə əlaqədə olmuş şəxsin müayinədən boyun qaçırması

 

Zöhrəvi xəstəliklərə və ya insanın immunçatışmazlığı virusuna yoluxmuş şəxslə əlaqədə olmuş və müayinəyə ehtiyacı olan şəxsin səhiyyə orqanları tərəfindən xəbərdarlıq edildikdən sonra da müayinədən boyun qaçırmasına görə-

səksən manatdan yüz iyirmi manatadək məbləğdə cərimə edilir.

 

Maddə 161. Zöhrəvi xəstəliklərə və ya insanın immunçatışmazlığı virusuna yoluxma mənbəyinin gizlədilməsi

 

161.1. Zöhrəvi xəstəliyi olan şəxs tərəfindən yoluxma mənbəyinin, habelə onunla əlaqədə olub, zöhrəvi xəstəliklərə yoluxma təhlükəsi yaradan şəxsin adının gizlədilməsinə görə-

yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.

161.2. İnsanın immunçatışmazlığı virusuna yoluxmuş şəxs tərəfindən yoluxma mənbəyinin, habelə onunla əlaqədə olub, insanın immunçatışmazlığı virusuna yoluxma təhlükəsi yaradan şəxsin adının gizlədilməsinə görə-

iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 162. Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında qanunvericiliyin pozulması

 

162.1. Donor olmaq istəyən şəxs tərəfindən əvvəllər keçirdiyi və hazırkı xəstəlikləri, həmçinin narkotik vasitələr və psixotrop maddələr qəbul edib-etməməsi barədə düzgün məlumatın verilməməsinə görə-

otuz manatdan qırx manatadək məbləğdə cərimə edilir.

162.2. Tibbi müayinə keçirilmədən donordan qanın, qan komponentlərinin götürülməsinə görə-

fiziki şəxslər qırx manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər əlli manatdan altmış beş manatadək məbləğdə, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.

162.3. Müalicə müəssisələri tərəfindən qanın, qan komponentlərinin resipiyentə köçürülməsi nəticəsində baş verən hər hansı ciddi əlavə təsirlər barədə köçürülən qanın, qan komponentlərinin tədarükünü edən qan xidməti müəssisəsinə (qan bankına) və müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsinə görə-

fiziki şəxslər qırx manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər əlli manatdan altmış beş manatadək məbləğdə, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.

 

Maddə 163. Qeysəriyyə kəsiyi əməliyyatının qanunsuz aparılması

 

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tibbi əsaslar olmadan qeysəriyyə kəsiyi əməliyyatının aparılmasına görə-

vəzifəli şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.

 

FƏSİL 21

 

Siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xətalar

 

Maddə 164. Seçkiqabağı və ya referendumla bağlı təşviqatın aparılması qaydalarının və müddətinin pozulması

 

164.1. Seçkiqabağı və ya referendumla bağlı təşviqatın aparılmasının Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalarının və müddətinin pozulmasına görə-

yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.

164.2. Qeydə alınmış namizədə seçkiqabağı təşviqatın müddəti başa çatana kimi şərəf və ləyaqətini seçki qanunvericiliyi ilə müəyyən olunmuş teleradio verilişləri təşkilatlarının teleradio proqramlarında və dövri nəşrlərdə onların vəzifəli şəxsləri tərəfindən müdafiə etmək imkanının verilməməsinə görə -

vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan dörd yüz əlli manatadək məbləğdə cərimə edilir.

 

Maddə 165. Təşviqat-nəşr materiallarını qəsdən məhv etmə və ya namizədin seçicilərlə görüşünə mane olma

 

Mülkiyyətçinin və ya obyekt sahibinin razılığı ilə seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi üçün nəzərdə tutulan yerlərdə asılmış seçkiqabağı (referendumqabağı) təşviqat plakatlarını və digər belə təşviqat materiallarını məhv etməyə, korlamağa və ya təşviqat materiallarının yayılmasına mane olmağa, yaxud namizədin seçicilərlə görüşünə mane olmağa görə-

altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 166. Namizəd haqqında bilərəkdən yalan məlumatlar yayma

 

Seçkinin nəticəsinə təsir göstərmək məqsədi ilə deputatlığa və ya seçkili orqana (vəzifəyə) namizəd haqqında bilərəkdən yalan məlumatlar dərc etməyə və ya onları başqa üsullarla yaymağa görə-

yeddi yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 167. Seçki (referendum) komissiyası üzvünün, müşahidəçilərin, vəkil edilmiş şəxslərin, namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının, referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin, kütləvi informasiya vasitələri nümayəndələrinin hüquqlarının pozulması

 

Seçki (referendum) komissiyası üzvünün, müşahidəçilərin, vəkil edilmiş şəxslərin, namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının, referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin, kütləvi informasiya vasitələri nümayəndələrinin Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş hüquqlarını, o cümlədən seçki sənədlərinin surətlərinin və məlumatların vaxtında alınması və seçki sənədlərinin surətlərinin təsdiqi ilə bağlı hüquqlarını pozmağa görə-

yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 168. Seçicilər haqqında məlumatların düzgün, tam və vaxtında verilməməsi

 

Seçicilər haqqında məlumatları təqdim edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin məlumatların düzgün, tam və vaxtında verilməməsinə görə -

iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 169. Seçki bülletenlərinin, səsvermə protokollarının və vəsiqələrinin verilməsi və saxlanması qaydalarının pozulması

 

Seçki komissiyalarının sədrləri tərəfindən seçki bülletenlərinin, səsvermə protokollarının və vəsiqələrinin verilməsi və saxlanması qaydalarının pozulmasına görə-

xəbərdarlıq edilir və ya əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir.

 

Maddə 170. Dövlət avtomatlaşdırılmış informasiya sistemindən istifadə qaydasının pozulması

 

Səsvermə başlandıqdan sonra seçkilərin yekunları və səsvermənin nəticələri barədə protokollar imzalananadək yuxarı seçki komissiyalarının informasiya xidmətlərindən aşağı seçki komissiyalarının informasiya xidmətlərinə məlumatların qəbulunu təsdiq edən siqnallardan başqa hər hansı məlumatın verilməsinə görə -

fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 171. Seçki (referendum) ilə əlaqədar hədə-qorxu və ya zorakılığa çağıran çıxışlar edilməsi, yaxud belə materialların yayılması

 

Seçki (referendum) ilə əlaqədar hədə-qorxu və ya zorakılığa çağıran çıxışlar edilməsinə, yaxud belə materialların yayılmasına görə-

altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 172. Seçicinin bilərəkdən birdən çox seçici siyahısına daxil edilməsi

 

Seçicinin bilərəkdən birdən çox seçici siyahısına daxil edilməsinə görə -

səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 173. Seçici siyahıları ilə vətəndaşların tanış olmaq hüququnun və digər hüquqlarının pozulması

 

173.0. Seçki (referendum) komissiyasının üzvü tərəfindən:

173.0.1. vətəndaşların seçici siyahıları (referendumda iştirak etmək hüququ olan vətəndaşların siyahısı) ilə tanış olmaq hüququnun pozulmasına;

173.0.2. seçici siyahılarındakı (referendumda iştirak etmək hüququ olan vətəndaşların siyahısındakı) yanlışlıqlar haqqında vətəndaşların ərizələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş müddətdə baxılmamasına;

173.0.3. qeydiyyatdan keçmiş seçicilər barəsində məlumatların vaxtında rəsmiləşdirilməməsinə və dəqiqləşdirilməməsinə görə-

yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir.

 

Maddə 174. Seçkilərdə (referendumda) iştirak etmək üçün məzuniyyət verilməsindən imtina etmə

 

 Dövlət və ya yerli özünüidarəetmə orqanlarına seçkilərin hazırlanmasında və ya keçirilməsində onun iştirakının təmin edilməsi məqsədi ilə deputatlığa və ya seçkili orqana (vəzifəyə) qeydə alınmış namizədə, namizədin vəkilinə və ya seçki (referendum) komissiyasının üzvünə məzuniyyət verilməsindən imtina etməyə görə-

iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 175. Qeydə alınmış namizədin seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmaması

 

Dövlət və ya bələdiyyə xidmətində olan qeydə alınmış namizəd seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmamasına görə-

min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 176. Seçici imzalarının toplanması qaydasının pozulması

 

Mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin, dövlət və bələdiyyə orqanlarının, qurumların və təşkilatların seçici imzalarının toplanmasında iştirak etməsinə görə-

vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 177. Seçkilərin (referendumun) maliyyələşdirilməsi və ya maliyyə hesabatlarının təqdim edilməsi qaydalarının pozulması

 

177.1. Seçkilərin (referendumun) maliyyələşdirilməsinin Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalarını pozmağa görə-

fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.

177.2. Seçkilərin hazırlanmasına və keçirilməsinə ayrılmış vəsaitlərin xərclənməsi barədə namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qruplarıtərəfindən maliyyə hesabatlarının təqdim və ya dərc edilməməsinə görə-

min manatdan iki min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 178. Anonim təşviqat materiallarının və ya reklamların hazırlanması və yayılması qaydalarının pozulması

 

178.1. Seçkiqabağı və ya referendum ilə bağlı nəşr və audiovizual təşviqat materiallarında bu materialları hazırlayan və hazırlanmasını sifariş edən təşkilatların adı, materialların tirajı və buraxılış tarixi barədə məlumatların göstərilməməsinə görə-

yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.

178.2. Siyasi partiyalar, siyasi partiyaların blokları, namizədlər və ya qeydə alınmış namizədlər barəsində reklamların hazırlanmasının və yayılmasının, yaxud xeyriyyə xidməti göstərilməsinin Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə-

yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.

178.3. Siyasi partiyaların, siyasi partiyaların bloklarının, namizədlərin və ya qeydə alınmış namizədlərin yazılı formada razılığı olmadan seçkiqabağı nəşr materiallarının hazırlanmasına, yaxud yayılmasına görə-

iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 179. Səsvermənin nəticələri və ya seçkilərin yekunları haqqında məlumatın bilərəkdən təqdim edilməməsi və ya dərc olunmaması

 

179.1. Seçicilərin, qeydə alınmış namizədin, siyasi partiyaların, siyasi partiyaların bloklarının və namizədlərin vəkil edilmiş şəxslərinin, müşahidəçilərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının, referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin, kütləvi informasiya vasitələri nümayəndələrinin tələbi ilə onların tanış olmaları üçün müvafiq seçki komissiyasının sədrləri tərəfindən səsvermənin yekunlarına və nəticələrinə aid məlumatların bilərəkdən təqdim edilməməsinə görə-

min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

179.2. Səsvermənin yekunlarına və nəticələrinə aid məlumatların bilərəkdən Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydada və müddətdə dərc edilməməsinə görə-

iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 180. Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin keçirilməsinə mane olma

 

“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilən yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin keçirilməsinə mane olmağa görə-

fiziki şəxslər min beş yüz manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan altı min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 181. Təhsil haqqında qanunvericiliyin pozulması

 

181.0. Təhsil haqqında qanunvericiliyin pozulmasına, yəni:

181.0.1. təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından şəxsin məhrum edilməsinə;

181.0.2. təhsil müəssisəsində təhsilalana qarşı cinayət əlamətləri olmayan psixoloji zorakılığa yol verilməsinə;

181.0.3. qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, təhsilalanların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə;

181.0.4. dövlət təhsil və elmi tədqiqat qrantlarının təhsil müəssisəsinin həmin qrantların verilmə məqsədlərinə uyğun gəlməyən fəaliyyət sahələrinin maliyyələşdirilməsinə yönəldilməsinə görə -

fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.

 

Maddə 182. İnsanın immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə təhsil hüququnun pozulması

 

İnsanın immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə şəxsin özünün və ya ailə üzvlərinin təhsil almaq hüququnun hər hansı formada məhdudlaşdırılmasına, o cümlədən onların təhsil müəssisələrinə qəbulundan imtina olunmasına və ya onların istənilən tədbirlərdə iştirakına məhdudiyyət qoyulmasına, yaxud təhsil müəssisəsindən xaric edilməsinə görə-

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 183. İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin sosial xidmət müəssisələrinə yerləşdirilməsindən və onlara sosial xidmət göstərilməsindən imtina edilməsi

 

İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin sosial xidmət müəssisələrinə yerləşdirilməsindən və onlara sosial xidmət göstərilməsindən imtina edilməsinə görə-

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 184. Siyasi partiyalar haqqında qanunvericiliyin pozulması

 

184.1. Siyasi partiyalar haqqında qanunvericiliyin pozulmasına, yəni:

184.1.1. siyasi partiya tərəfindən dövlət orqanının və ya vəzifəli şəxsin fəaliyyətinə müdaxilə edilməsinə;

184.1.2. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmuş vəsaitin, o cümlədən ianələrin siyasi partiyalar tərəfindən qəbul edilməsinə;

184.1.3. Azərbaycan Respublikasının ərazisində xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının yaradılmasına və fəaliyyətinə;

184.1.4. ləğv edilmiş siyasi partiyanın adından çıxış etməyə və ya fəaliyyət göstərməyə, yaxud onun fəaliyyətinin qanunsuz təşkilində və ya işində iştirak etməyə görə-

fiziki şəxslər yeddi yüz əlli manatdan min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.

184.2. Bu Məcəllənin 184.1-ci maddəsində nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-

fiziki şəxslər min beş yüz manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan altı min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 185. Müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması

 

Müəlliflik hüququnu və əlaqəli hüquqları pozmağa görə, bu az miqdarda ziyan vurduqda-

pirat nüsxələr, həmçinin pirat nüsxələrin hazırlanmasında (istehsal edilməsində) və yayılmasında istifadə olunan materiallar, avadanlıqlar və hüquqpozmaya səbəb olan digər vasitələr müsadirə edilməklə səksən manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.

Qeyd: Bu Məcəllənin 185 - 188-ci maddələrində “az miqdarda ziyan vurduqda” dedikdə, min manatadək olan məbləğ başa düşülür.

 

Maddə 186. İnteqral sxem topologiyasından istifadəyə müstəsna hüququn pozulması

 

Müəllifin və ya digər hüquq sahibinin icazəsi olmadan inteqral sxem topologiyasının orijinal olmayan hissəsinin çıxarılması istisna olmaqla, bütövlükdə, yaxud onun hər hansı bir hissəsinin inteqral sxemə daxil edilməsi yolu ilə və ya surətinin başqa şəkildə çıxarılmasına, habelə topologiyanın və ya həmin topologiyadan ibarət inteqral sxemin tətbiq edilməsinə, gətirilməsinə, satış üçün təklif edilməsinə, satılmasına, yaxud başqa formada təsərrüfat dövriyyəsinə daxil edilməsinə görə, bu az miqdarda ziyan vurduqda-

səksən manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.

 

Maddə 187. Folklor nümunələrindən istifadə tələblərinin pozulması

 

Folklor nümunələrindən istifadə tələblərinin pozulmasına görə, bu az miqdarda ziyan vurduqda-

folklor nümunələrinin istifadəsinə qoyulan tələblərin pozulması ilə hazırlanmış (istehsal edilmiş) və yayılmış folklor obyekti nüsxələri (pirat nüsxələr) müsadirə edilməklə, fiziki şəxslər səksən manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 188. Məlumat toplularından qeyri-qanuni istifadə edilməsi

 

Məlumat toplularından qeyri-qanuni istifadə edilməsinə görə, bu az miqdarda ziyan vurduqda-

məlumat toplusunun pirat nüsxələri, həmçinin pirat nüsxələrin hazırlanmasında (istehsal edilməsində) və yayılmasında istifadə olunan materiallar, avadanlıqlar və hüquqpozmaya səbəb olan digər vasitələr müsadirə edilməklə, fiziki şəxslər səksən manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 189. Uşaqların təlim-tərbiyəsi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi

 

189.1. Yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə –

xəbərdarlıq edilir və ya qırx manatdan altmış manatadək məbləğdə cərimə edilir.

189.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi оrta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə -

valideynlər və ya onları əvəz edən şəxslər yüz manat məbləğində cərimə edilir.

189.3. Bu Məcəllənin 189.1-ci maddəsində nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların baxımsız qalmasına səbəb olduqda –

altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir.

189.4. Bu Məcəllənin 189.1-ci maddəsində nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların spirtli içki, narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsinə və ya avaralıqla məşğul olmasına, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış uşaqlar tərəfindən cinayət əlamətləri olan ictimai təhlükəli əməlin törədilməsinə və ya on dörd yaşından on altı yaşınadək uşaqlar tərəfindən inzibati xəta əlamətləri olan əməlin törədilməsinə səbəb olduqda-

altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 190. Valideynlərə kömək göstərməkdən qəsdən boyun qaçırma

 

Yetkinlik yaşına çatmış şəxslərin əmək qabiliyyəti olmayan valideynlərini saxlamaqdan və onlara baxmaqdan qəsdən boyun qaçırmasına görə-

xəbərdarlıq edilir və ya altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 191. Əmək pensiyaları haqqında qanunvericiliyin pozulması

 

191.1. Əmək pensiyasını təyin edən orqan tərəfindən əmək pensiyasının ödənilməsi barədə qərarın “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə qəbul edilməməsinə, əmək pensiyasının təyin olunmasından imtina barədə qərarda pensiya təyin olunmasından imtinanın səbəblərinin göstərilməməsinə və əmək pensiyasının təyin olunmasından imtina barədə qərarın həmin Qanunda nəzərdə tutulan müddətdə müraciət edənə göndərilməməsinə görə-

min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

191.2. Əmək pensiyaçısı və işəgötürən tərəfindən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb olan hallar barədə məlumatın əmək pensiyasını təyin edən orqana verilməməsinə görə-

səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 192. Əmək qanunvericiliyinin pozulması

 

192.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-

fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

192.2. İşəgötürən tərəfindən işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarının pozulmasına görə-

yeddi yüz manatdan min iki yüz manatadək məbləğdə cərimə edilir.

192.3. İşçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə-

vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

192.4. İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-

vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

192.5. İşçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə-

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

192.6. İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

192.7. İşəgötürən tərəfindən əmək qanunvericiliyində müəyyən edilmiş müddətdə işçiyə əmək kitabçasının açılmamasına görə-

vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

192.8. İşəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə-

vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

192.9. İşəgötürən tərəfindən uşaqların onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsinə görə-

vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on üç min manatadək məbləğdə cərimə edilir.

192.10. İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxsləri, işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqla, insanın immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə işə qəbul etməkdənimtinaya və ya həmin səbəbdən onları işdən azad etməyə görə-

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

192.11. Şəxsin dağınıq skleroz xəstə olması səbəbinə görə onunla əmək müqaviləsi bağlamaqdan imtina edilməsinə və ya əmək müqaviləsinə xitam verilməsinə (işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, həmçinin belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina edilən hallar istisna olmaqla) görə-

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Qeyd: Bu Məcəllənin 192.1-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.

 

Maddə 193. İşçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmə

 

Əmək müqaviləsinə xitam veriləcəyi və ya kollektiv müqavilədə müəyyən edilmiş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə-

min manatdan iki min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 194. Kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməmə

 

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilləri, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxsləri və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsinə, yaxud dövlət büdcəsinə vəsait köçürülməməsinə görə-

min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 195. Sosial müavinətlər haqqında qanunvericiliyin pozulması

 

195.1. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən sosial müavinətin təyin edilməsi barədə qərarın qanunvericiliklə müəyyən edilmiş müddətdə çıxarılmamasına, müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə qanunvericiliklə müəyyən edilmiş müddətdə rəsmi məlumatın verilməməsinə və ya imtinanın səbəbləri göstərilməməklə verilməsinə görə-

min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

195.2. Müavinət alan şəxs (onun ailə üzvləri) tərəfindən müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumatın verilməməsinə görə-

səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 196. Həmkarlar ittifaqları təşkilatlarının xüsusi hesabına üzvlük haqqı köçürməmə

 

Mülkiyyət formasından asılı olmayaraq işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçilərin əməkhaqqından mühasibatlıq vasitəsilə həmkarlar ittifaqına üzvlük haqlarının tutulmasının təmin edilməməsinə və 4 iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülməməsinə görə-

vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 197. Sosial xidmət haqqında qanunvericiliyin pozulması

 

197.1. Dövlət tərəfindən göstərilən sosial xidmətə olan tələbatın qiymətləndirilməsi, müəyyən edilməsi və qərar qəbul edilməsi üçün düzgün olmayan məlumatların verilməsinə görə-

əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir.

197.2. Dövlət tərəfindən sosial xidmət göstərilməsinin dayandırılmasına təsir göstərən dəyişikliklər barədə sosial xidmət göstərən subyektlərin məlumatlandırılmamasına görə-

səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir.

197.3. Sosial xidmətə tələbatı olmayan şəxsin qanunsuz və ya əsassız olaraq dövlət tərəfindən sosial xidmətə götürülməsinə və ya dövlət tərəfindən sosial xidmət göstərilməsi üçün əsaslar olduqda, şəxsin sosial xidmətə götürülməsindən imtina edilməsinə görə-

vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

197.4. Sosial xidmət göstərilməsi və ya sosial xidmət göstərilməsindən imtina barədə qərar haqqında “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş müddətdə müraciət edən şəxsə rəsmi məlumatın verilməməsi və ya sosial xidmətdən imtina barədə qərarda imtinanın səbəblərinin göstərilməməsinə görə-

vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

197.5. Sosial xidmət göstərilməsinin keyfiyyətini, həcmini və şərtlərini müəyyən edən tələblərin pozulmasına görə-

fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 198. Əməyin mühafizəsi qaydalarının pozulması

 

198.0. Əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni:

198.0.1. əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsinə;

198.0.2. binaların, qurğuların, avadanlığın və texnoloji proseslərin təhlükəsizliyinə riayət edilməməsinə;

198.0.3. bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmamasına;

198.0.4. işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktika xidmətinin təşkil edilməməsinə;

198.0.5. normal əmək və istirahət rejiminə riayət edilməməsinə;

198.0.6. işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməməsinə;

198.0.7. işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsinə;

198.0.8. kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaların daxil edilməməsinə;

198.0.9. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməməsinə;

198.0.10. maşın və avadanlıqların fırlanan və ötürücü hissələrinin istehsalçı tərəfindən təchiz edilmiş mühafizə qurğuları olmadan istismar edilməsinə görə-

min manatdan iki min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 199. Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməməsi

 

İşəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə-

yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 200. Əməyin mühafizəsi xidmətinin rəhbərinin və mütəxəssislərinin başqa işlərin yerinə yetirilməsinə cəlb edilməsi

 

İşəgötürən tərəfindən əməyin mühafizəsi xidmətinin rəhbərinin və mütəxəssislərinin öz vəzifələrinə aid olmayan işlərin yerinə yetirilməsinə cəlb olunmasına görə-

min iki yüz manat məbləğində cərimə edilir.

 

Maddə 201. Kollektiv müqavilənin (sazişin) bağlanmasından əsassız olaraq imtina edilməsi

 

Kollektiv müqavilənin (sazişin) bağlanmasından əsassız olaraq imtina edilməsinə görə-

min beş yüz manat məbləğində cərimə edilir.

 

Maddə 202. Kollektiv müqavilənin (sazişin) yerinə yetirilməməsi və ya pozulması

 

Kollektiv müqavilədən (sazişdən) irəli gələn öhdəliklərin işəgötürən tərəfindən yerinə yetirilməməsinə və ya pozulmasına görə-

min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 203. Kollektiv danışıqlar aparılması və kollektiv müqavilənin (sazişin) yerinə yetirilməsinə nəzarəti həyata keçirmək üçün lazım olan məlumatların təqdim edilməməsi

 

Kollektiv danışıqlar aparılması və ya kollektiv müqavilənin (sazişin) yerinə yetirilməsinə nəzarəti həyata keçirmək üçün lazım olan məlumatların təqdim edilməməsinə görə-

yeddi yüz əlli manat məbləğində cərimə edilir.

 

Maddə 204. Tətillərdə iştirak etməyə və ya iştirakdan imtina etməyə məcbur etmə

 

Şəxsin maddi cəhətdən asılı olmasından istifadə etməklə onu tətillərdə iştirak etməyə, yaxud iştirakdan imtina etməyə məcbur etməyə görə-

altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 205. Seksual qısnamaya məruz qalmış işçiyə təzyiq göstərilməsi

 

Seksual qısnamaya görə işəgötürəndən və ya rəhbərindən şikayət etmiş işçiyə təzyiq göstərilməsinə və ya işçinin təqib olunmasına görə-

vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilirlər.

 

FƏSİL 22

 

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar inzibati xətalar

 

Maddə 206. Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi

 

Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-

üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir.

Qeyd: Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir.

 

Maddə 207. Narkotik vasitələrin, psixotrop maddələrin istehlakı və ya daşınması hallarının, həmçinin belə istehlak nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədi ilə keçirilən tibbi müayinədən boyun qaçırmaq

 

Narkotik vasitələrin, psixotrop maddələrin istehlakı və ya daşınması hallarının, həmçinin belə istehlak nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədi ilə keçirilən tibbi müayinədən boyun qaçırmağa görə-

üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 208. Satış məqsədi olmadan tərkibində narkotik maddələr olan bitkilərin şəxsi istehlak miqdarında kultivasiyası

 

Satış məqsədi olmadan tərkibində narkotik maddələr olan bitkilərin şəxsi istehlak miqdarında əkilməsinə, yetişdirilməsinə və ya toplanılmasına görə-

yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 209. Tərkibində narkotik maddələr olan yabanı bitkilərin məhv edilməsi üzrə tədbirlər görülməməsi

 

Yerli özünüidarəetmə orqanlarının mülkiyyətində, bitkiçilik üzrə kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fiziki və ya hüquqi şəxslərin icarəsində, istifadəsində və ya mülkiyyətində olan torpaq sahələrində aşkar edilmiş, tərkibində narkotik maddələr olan yabanı bitkilərin məhv edilməsi üzrə tədbirlər görülməməsinə görə-

fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.

 

FƏSİL 23

 

Əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xətalar

 

 

Maddə 210. Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma

 

210.1. Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə-

fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.

210.2. Qanunvericiliklə müəyyən edilmiş qaydada verilən müvafiq diplom və ya xüsusi icazə olmadan xalq təbabəti ilə məşğul olmağa görə-

dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 211. Sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulması

 

Müəssisələrdə, idarələrdə, təşkilatlarda sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulmasına görə-

yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 212. Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi

 

212.1. Bu Məcəllənin 299, 305, 306.4, 318 və 322.0.4-cü maddələrində nəzərdə tutulan yerlər istisna olmaqla, “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş digər yerlərdə siqaret çəkməyə görə-

otuz manat məbləğində cərimə edilir.

212.2. Müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə-

vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.

 

Maddə 213. Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında qanunvericiliyin pozulması

 

213.0. Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında qanunvericiliyin pozulmasına, yəni:

213.0.1. süni qida məhsullarının reklamında ana südünün üstünlüyünün qeyd olunmamasına;

213.0.2. uşaqların qidalanması ilə bağlı elmi tədqiqat işlərinin müvafiq icra hakimiyyəti orqanının müsbət rəyi olmadan maliyyələşdirilməsinə;

213.0.3. süni qida məhsullarının satışını artırmaq məqsədi ilə tibb işçilərinin və onların ailə üzvlərinin bu və ya digər formada həvəsləndirilməsinə görə -

fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi yüz əlli manatdan min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 214. Uşaqların icbari dispanserizasiyası haqqında qanunvericiliyin pozulması

 

214.1. Uşağın qanuni nümayəndəsi tərəfindən dispanserizasiya ilə əlaqədar tibb işçilərinin göstərişlərinin yerinə yetirilməməsinə və ya həkimin çağırışı ilə uşağın aidiyyəti tibb müəssisəsinə gətirilməməsinə və ya daimi yaşayış yerini dəyişdikdə, ərazi üzrə tibb müəssisəsinə uşağın uçota alınması üçün bir ay müddətində müraciət edilməməsinə görə-

xəbərdarlıq edilir və ya iyirmi manat məbləğində cərimə edilir.

214.2. Dispanserizasiya tədbirlərinin keçirilməsi ilə əlaqədar uşaqların illik tibbi baxışdan və zəruri müayinələrdən keçirilməməsinə, uşaqların sağlamlıq vəziyyətinin müəyyən edilməməsinə və qiymətləndirilməməsinə və ya hər uşaqla bağlı aparılmış müayinə və müalicə-sağlamlaşdırıcı tədbirlərin registrinin aparılmamasına, yaxud uşaqlar arasında xəstəliklərin səbəbləri aşkar edildikdən sonra onların aradan qaldırılması üzrə sosial, sanitariya-gigiyena, epidemiya əleyhinə və müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməməsinə, yaxud xəstə və xəstələnmə riski olan uşaqların tibbi-sosial müəssisələrdə yerləşdirilməməsinə görə-

fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər beş yüz manat məbləğində cərimə edilir.

 

Maddə 215. Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması

 

215.1. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə -

fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

215.2. Tibb işçiləri öz vəzifələrini yerinə yetirərkən, ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi tələb olunan şəxsləri bu yardımı göstərən tibb müəssisələrinə göndərmədiklərinə görə -

fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 216. Təhsil və ya tibb müəssisələrində sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulması

 

Təhsil və ya tibb müəssisələrində sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulmasına görə-

iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 217. Nəqliyyatda sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin pozulması

 

Qanunvericiliklə müəyyən edilmiş sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin nəqliyyatda pozulmasına görə-

yetmiş manatdan yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 218. Tibbi, kosmetoloji, bərbərxana xidmətləri, eləcə də qan və digər bioloji mayelərlə təması nəzərdə tutan digər xidmətlər göstərilərkən universal təhlükəsizlik tədbirlərinin pozulması

 

Tibbi, kosmetoloji, bərbərxana xidmətləri, eləcə də qan və digər bioloji mayelərlə təması nəzərdə tutan digər xidmətlər göstərilərkən universal təhlükəsizlik tədbirlərinin pozulmasına görə-

fiziki şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 219. Yaşayış məntəqələrinin və ya müəssisələrin, onların buraxılış komplekslərinin, binalarının, qurğularının layihələşdirilməsi, tikilməsi, yenidən qurulması, təkmilləşdirilməsi, yeni texnika ilə təchiz olunması zamanı sanitariya-epidemioloji salamatlığı təmin etməyə yönəldilmiş normaların, qaydaların və normativlərin pozulması

 

Sanitariya-epidemioloji salamatlığı təmin etməyə yönəldilmiş normalara, qaydalara və normativlərə əməl etmədən, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan yaşayış məntəqələrinin və ya mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, onların buraxılış komplekslərinin, binalarının, qurğularının layihələşdirilməsinə, tikilməsinə, yenidən qurulmasına, təkmilləşdirilməsinə, yeni texnika ilə təchiz olunmasına görə-

fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 220. Əhalinin qidalanmasının təşkilinə, yeyinti məhsullarının istehsalına, saxlanmasına, daşınmasına və satışına dair sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin pozulması

 

220.1. Xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalarda, restoranlarda, kafelərdə, barlarda və sair) əhalinin qidalanmasının təşkilinə və ya yeməklərin və içkilərin hazırlanmasına, onların saxlanmasına və əhaliyə satılmasına dair sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin pozulmasına görə-

fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.

220.2. Yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin pozulmasına görə-

fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 221. Dərman vasitələrinin qanunsuz dövriyyəsi

 

Bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə-

inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə onun dəyərinin səksən faizindən yüz faizinədək məbləğdə cərimə edilir.

Qeyd: Bu maddədə “az miqdar” dedikdə, min manatadək olan məbləğ başa düşülür.

 

Maddə 222. Ekoloji təmiz kənd təsərrüfatı haqqında qanunvericiliyin pozulması

 

Ekoloji təmiz kənd təsərrüfatının tələblərinə cavab verməyən kənd təsərrüfatı və ərzaq məhsullarına ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının milli əmtəə nişanının vurulmasına, ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi ilə məşğul olan şəxslər tərəfindən həmin məhsulların ənənəvi üsullarla istehsal edilmiş məhsullarla qarışdırılmasına və spesifikliyinin qorunmamasına görə-

fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.

 

Maddə 223. Rəsmi tibbi icazə sənədləri olmadan bədən tərbiyəsi və idmanla məşğul olmağa cəlb etmə və idman yarışlarına buraxma

 

Məktəbdənkənar təhsil müəssisələri və bədən tərbiyəsi-idman təşkilatları tərəfindən uşaq və gənclərin qanunvericiliyə uyğun olaraq verilmiş rəsmi tibbi icazə sənədləri olmadan bədən tərbiyəsi və idmanla məşğul olmağa cəlb edilməsinə və ya idman yarışlarına buraxılmasına görə-

vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 224. Dopinq vasitələrindən və (və ya) metodlarından istifadə və ya istifadəni təbliğ etmə

 

Dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə və ya istifadəni təbliğ etməyə görə-

fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 225. Dərman vasitələrinin və qidaların tərkibinə dopinq vasitələri əlavə etməklə onların saxtalaşdırılması, satılması, həmçinin dopinq vasitələrinin hazırlanmasının, istehsalının, istifadəsinin vasitə və metodları, onların əldə edilməsi mümkün olan yerlər haqqında məlumatların yayılması

 

225.1. Dərman vasitələrinin və qidaların tərkibinə dopinq vasitələri əlavə etməklə onların saxtalaşdırılmasına və ya satılmasına görə-

fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.

225.2. Dopinq vasitələrinin hazırlanmasının, istehsalının, istifadəsinin vasitə və metodları, onların əldə edilməsi mümkün olan yerlər haqqında məlumatların yayılmasına görə-

fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 226. Dopinq nəzarəti qaydalarının pozulması

 

Bədən tərbiyəsi-idman təşkilatları, idmançılar, məşqçilər, həkimlər və digər mütəxəssislər tərəfindən dopinq nəzarəti qaydalarının pozulmasına görə -

yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.

 

FƏSİL 24

 

Mülkiyyət əleyhinə olan inzibati xətalar

 

Maddə 227. Xırda talama

 

Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -

yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir.

Qeyd: Talanmış əmlakın dəyəri otuz manatdan yuxarı olmadıqda, bu xırda talama hesab edilir.

 

Maddə 228. Lisenziya və ya icazə olmadan yerin təkindən istifadə etmə

 

Lisenziya və ya icazə olmadan və ya həmin sənəddə nəzərdə tutulmuş şərtləri pozmaqla yerin təkindən istifadə etməyə görə-

fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 229. Su obyektləri üzərində mülkiyyət hüququnun pozulması

 

Su obyektləri üzərində mülkiyyət hüququnun pozulmasına görə-

fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 230. Heyvanlar aləmi obyektlərindən özbaşına istifadə edilməsi

 

“Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan icazə olmadan heyvanlar aləmi obyektlərinin təbii mühitdən götürülməsinə və ya onlardan istifadə edilməsinə görə-

fiziki şəxslər iki yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 231. Mədəni sərvətlərin qorunması üzrə tələblərin pozulması

 

231.1. Mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş milli mədəni irs obyektlərinin Azərbaycan Respublikasının ərazisindən qanunsuz aparılmasına görə-

fiziki şəxslər min beş yüz manat məbləğində, vəzifəli şəxslər üç min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə edilir.

231.2. Mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan sökülməsinə, məhv edilməsinə, parçalanmasına, yeni quruluşa salınmasına, başqa yerə köçürülməsinə və zahiri görkəminin dəyişdirilməsinə görə-

fiziki şəxslər min beş yüz manat məbləğində, vəzifəli şəxslər üç min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə edilir.

231.3. Mədəni və təbii irsin, o cümlədən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə-

xəbərdarlıq edilir və ya fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

231.4. Bu Məcəllənin 231.3-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-

fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.

Qeyd: Bu Məcəllənin 231.1 - 231.3-cü maddələri, həmin maddələrdə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.

 

Maddə 232. Təsərrüfat əkinlərinin korlanması

 

Əkinlərin və ya bitkilərin üstü ilə avtomobil, traktor, kombayn və ya digər nəqliyyat vasitələrini, yaxud at arabalarını sürməklə və ya digər üsullarla onların korlanmasına görə-

əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir.

 

FƏSİL 25

 

Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar

 

Maddə 233. Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının, habelə zərərli fiziki təsirlərin hədlərinin yol verilə bilən normativlərdən artıq olması

 

233.1. Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə-

vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

233.2. Ətraf mühitin mühafizəsi məqsədi ilə elektromaqnit sahələrinin səviyyəsinin, radioaktiv şüalanmanın və başqa zərərli fiziki təsirlərin yol verilə bilən son hədlərinin normativlərinin pozulmasına görə-

vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 234. Atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulması

 

234.0. Atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulmasına, yəni:

234.0.1. müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələrin atılmasına;

234.0.2. atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirə nəzarət etmək məqsədi ilə quraşdırılmış qurğulardan, avadanlıqdan və cihazlardan istismar qaydalarının pozulmasına;

234.0.3. atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin tələblərinə cavab verməyən yeni və yenidən qurulmuş qurğuların və avadanlığın istismara verilməsinə;

234.0.4. atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməyən və atmosfer havasına zərərli maddələrin atılmasına nəzarət üçün texniki vasitələrlə təmin olunmanı nəzərə almayan kəşflərin, ixtiraların, səmərələşdirici təkliflərin, yeni texniki sistemlərin, maddələrin tətbiq edilməsinə, yaxud bu cür texnoloji avadanlığın idxal edilməsinə;

234.0.5. sənaye və məişət tullantılarının toplanması, yandırılması, bitki aləmini qoruyan, onların artımını təmin edən vasitələrin, mineral gübrələrin və digər preparatların daşınması, saxlanması, tətbiqi qaydalarının pozulması nəticəsində atmosfer havasının çirklənməsinə;

234.0.6. müəssisə, idarə və təşkilatların yerləşdiyi yerlərdə atmosfer havasının vəziyyətinə nəzarət qaydalarına əməl edilməməsinə görə-

fiziki şəxslər üç yüz manatdan yeddi yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 235. Radioaktiv maddələrlə iş zamanı ekoloji tələblərin pozulması

 

235.1. Radioaktiv maddələrin daşınmasının, basdırılmasının, nəql edilməsinin və ya istehsalının müəyyən edilmiş qaydalarının gözlənilməməsinə, ətraf mühitin radioaktiv çirklənməsinin qarşısının alınması və aradan qaldırılması üzrə tədbirlər görülməməsinə görə-

fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan on səkkiz min manatadək məbləğdə cərimə edilir.

235.2. Ətraf mühitin radioaktiv çirklənməsi aşkar edildikdə, bu barədə müvafiq orqanlara dərhal məlumat verilməməsinə görə-

fiziki şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 236. Müəssisələrin, qurğuların və başqa obyektlərin tikintisinə və yenidən qurulmasına dair ekoloji tələblərin pozulması

 

236.1. Müəssisələrin, qurğuların və başqa obyektlərin tikintisi və yenidən qurulması zamanı ətraf mühitin keyfiyyət normativlərinə riayət olunmamasına görə-

vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.

236.2. Tikinti işləri aparıldıqda torpaqların rekultivasiyası, təbii resursların bərpası və səmərəli istifadəsi, ərazilərin abadlaşdırılması və ətraf mühitin sağlamlaşdırılması ilə bağlı tədbirlər görülməməsinə görə-

vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 237. Müəssisələr, qurğular və başqa obyektlər istismara verildikdə və ya istismar müddətində ekoloji tələblərin pozulması

 

237.1. Yol verilə bilən son hədlərin normativləri səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqla təmin edilməyən, yaxud təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadan müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsinə görə-

vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.

237.2. Ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə-

fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 238. Ətraf mühitə buraxılan tullantılarında müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan nəqliyyat vasitələrinin istehsalı, idxalı, istismara buraxılması

 

238.1. Ətraf mühitə buraxılan tullantılarında çirkləndirici maddələrin yol verilən hədlərinin və ya səs-küyün və vibrasiyanın yol verilən səviyyələrinin müəyyən edilmiş normativlərə və standartlara uyğun olmayan nəqliyyat vasitələrinin istehsalına və ya idxalına görə-

vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on iki min beş yüz manatdan on beş min manatadək məbləğdə cərimə edilir.

238.2. Ətraf mühitə buraxılan tullantılarında müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan nəqliyyat vasitələrinin istismara buraxılmasına görə-

fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 239. Ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin və ya təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatının aparılmaması

 

Ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə-

vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 240. Ətraf mühitin mühafizəsi sahəsində standartlaşdırma qaydalarının pozulması

 

Ətraf mühitin mühafizəsi sahəsində mövcud standartlar və texniki tələblər pozulmaqla məhsulların (məmulatların) hazırlanmasına, satılmasına, saxlanılmasına, nəql edilməsinə, istifadəsinə, istismarına və təmirinə, yaxud işlərin və xidmətlərin yerinə yetirilməsinə görə-

fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 241. Ətraf mühitin mühafizəsi sahəsində sertifikatlaşdırma qaydalarının pozulması

 

Ətraf mühitin mühafizəsi sahəsində məcburi sertifikatlaşdırılmalı olan məhsulların belə sertifikat olmadan istehsal edilməsinə, işlərin (xidmətlərin) yerinə yetirilməsinə görə-

vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 242. Xüsusi mühafizə olunan təbiət ərazilərindən istifadə qaydalarının pozulması

 

Xüsusi mühafizə olunan təbiət ərazilərindən istifadə qaydalarının, həmin ərazilərin mühafizə rejiminin pozulmasına görə-

fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 243. Yerin təkindən istifadə qaydalarının pozulması

 

243.0. Yerin təkindən istifadə qaydalarının pozulmasına, yəni:

243.0.1. yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulmasına;

243.0.2. yerin təkinin çirklənməsinə və faydalı qazıntı yatağının istismar üçün yararsız hala düşməsinə yol verilməsinə;

243.0.3. geoloji və ya digər məlumatlara mülkiyyət hüququnun və bu məlumatların məxfiliyinin pozulmasına;

243.0.4. faydalı qazıntı yayılan sahələrdə özbaşına tikinti işlərinin aparılmasına;

243.0.5. yerin təkindən istifadə edilərkən bina və qurğuların, eləcə də xüsusi mühafizə olunan ərazilərin və ətraf mühit obyektlərinin toxunulmazlığının təmin edilməməsinə;

243.0.6. yeraltı suların müşahidə quyularının, markşeyder və geodeziya nişanlarının məhv edilməsinə və zədələnməsinə;

243.0.7. ləğv edilən və konservasiya olunan dağ qazmalarının və buruq quyularının əhalinin və ətraf mühitin təhlükəsizliyini təmin edən vəziyyətə gətirilməsi, habelə konservasiya müddəti ərzində faydalı qazıntı yataqlarının, dağ qazmalarının və buruq quyularının qorunması tələblərinə əməl edilməməsinə;

243.0.8. yerin təkindən istifadə edilərkən yararsız hala salınmış torpaq sahələrinin və digər təbiət obyektlərinin onların gələcək istifadəsi üçün yararlı vəziyyətə gətirilməməsinə;

243.0.9. yerin təkindən istifadə zamanı elm və mədəniyyət üçün maraq doğuran obyektlər aşkar edilərkən həmin sahədə işlərin dayandırılmamasına və lisenziya və ya icazə verən orqana məlumat verilməməsinə görə-

fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər min iki yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 244. Torpaqların (meşə fondu torpaqlarının) zibillənməsi və korlanması

 

244.1. Torpaqların (meşə fondu torpaqlarının) istehsalat və məişət tullantıları ilə zibilləndirilməsinə və ya kimyəvi, çirkab suları ilə çirkləndirilməsinə, yaxud bakterial-parazitik və zərərli karantin orqanizmləri ilə yoluxdurulmasına görə-

fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.

244.2. Torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə-

fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 245. Torpaqlardan təsərrüfatsızcasına istifadə edilməsi

 

245.1. Torpaqları yaxşılaşdırmaq və onları külək, su eroziyasından və torpaqların münbitliyini pisləşdirən digər proseslərdən mühafizə etmək üçün məcburi tədbirlərin görülməməsinə görə-

fiziki şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

245.2. Torpağın vəziyyətinə zərərli təsir göstərən obyektlərin layihələndirilməsinə, tikilməsinə və istismara verilməsinə görə-

fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 246. Torpaqların dövlət uçotundan, qeydiyyatından gizlədilməsi və ya kəmiyyətinə və keyfiyyətinə dair məlumatların təhrif edilməsi

 

Torpaqların dövlət uçotundan, qeydiyyatından gizlədilməsinə və ya kəmiyyətinə və keyfiyyətinə dair məlumatların təhrif edilməsinə görə-

yetmiş manatdan yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 247. Torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi

 

247.1. Torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə -

fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.

247.2. Bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə -

fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.

 

Maddə 248. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri ilə bağlı tələblərin pozulması

 

248.1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına, yəni:

248.1.1. həmin torpaq sahələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanılmasına;

248.1.2. həmin torpaq sahəsinin müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə hasara alma yolu ilə və ya digər üsullarla bağlanılması zamanı Azərbaycan Respublikasının Torpaq Məcəlləsində nəzərdə tutulmuş hasarlanma və bağlanma üçün istifadə edilən tikinti konstruksiyalarının dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsinin və ya dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına, yaxud həmin hasar və ya tikinti konstruksiyasının uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçidin təmin olunmamasına;

248.1.3. dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan həmin torpaq sahəsində dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasınagörə -

fiziki şəxslər dörd min manat məbləğində, vəzifəli şəxslər səkkiz min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir.

248.2. Bu Məcəllənin 248.1-ci maddəsində nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə -

fiziki şəxslər beş min manat məbləğində, vəzifəli şəxslər on min manat məbləğində, hüquqi şəxslər əlli min manat məbləğində cərimə edilir.

 

Maddə 249. Torpaq sahələrinin tikinti üçün ayrılması qaydalarının pozulması

 

Vəzifəli şəxs tərəfindən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalar və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri pozulmaqla torpaq sahələrinin (magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarındakı torpaq sahələri, habelə kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla) tikinti üçün ayrılmasına görə -

iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 250. Mərz nişanlarının məhv edilməsi

 

Mülkiyyətdə və ya istifadədə (icarədə) olan torpaqların hüdudlarının, mərz nişanlarının məhv edilməsinə görə -

yetmiş manatdan doxsan manatadək məbləğdə cərimə edilir.

 

Maddə 251. Torpaq sahələrində meteoroloji şəbəkələrin, ölçmə vasitələrinin və digər vasitələrin sıradan çıxarılması və torpaqların kateqoriyalarının dəyişdirilməsi

 

251.1. Torpaq sahələrində meteoroloji şəbəkələrin və ölçmə vasitələrinin, geodeziya istinad məntəqələrinin sıradan çıxarılmasına görə -

fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

251.2. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə riayət edilmədən torpaqların kateqoriyalarının dəyişdirilməsinə görə -

fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min üç yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

251.3. Meliorasiya və irriqasiya sistemlərinin sıradan çıxarılmasına görə -

fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 252. Meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınması qaydasının pozulması

 

Meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınması qaydasının pozulmasına görə -

fiziki şəxslər üç yüz əlli manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min yeddi yüz manatdan üç min altı yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 253. Meşəqırma bileti (orderi) olmadan köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsi və zədələnməsi, meşə bitkilərinin və cavan ağacların məhv edilməsi və zədələnməsi

 

253.1. Meşəqırma bileti (orderi) olmadan meşə fondunda köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsinə və ya zədələnməsinə, yaxud meşə əkinlərində, tingliklərində, böyümə və plantasiya sahələrində toxmacarların və tinglərin, yaxud meşənin bərpa edilməsi üçün müəyyən olunmuş sahələrdə təbii əmələ gəlmiş cavan ağacların və cücərtilərin məhv edilməsinə və ya zədələnməsinə görə -

fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər dörd min beş yüz manatdan beş min manatadək məbləğdə cərimə edilir.

253.2. Meşə fonduna aid olmayan ağac və ya kol əkililərinin zədələnməsinə, kəsilməsinə və ya məhv edilməsinə görə -

fiziki şəxslər iki min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

253.3. Eyni inzibati xəta:

253.3.1. şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti işləri aparılarkən lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunvericilikdə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsinə görə -

fiziki şəxslər min iki yüz manatdan min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on beş min manatadək məbləğdə cərimə edilir;

253.3.2. magistral avtomobil yollarının və dəmir yolunun mühafizə zolaqlarında yerləşən yaşıllıq sahələrində lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunvericilikdə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsinə görə -

fiziki şəxslər min manatdan min iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə edilir;

 253.3.3. su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolağında yerləşən yaşıllıq sahələrində lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunvericilikdə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsinə görə -

fiziki şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan altı min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir;

253.3.4. müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərtib edilmiş yaşıllıq ərazilərinin kadastrında olan hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunvericilikdə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsinə görə -

fiziki şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər altı min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi beş min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.

Qeyd: Bu Məcəllənin 253.3.1, 253.3.2, 253.3.3 və ya 253.3.4-cü maddələrinə əsasən bir neçə ağacın və ya kol əkililərinin zədələnməsi və ya məhv edilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsi ilə əlaqədar inzibati xəta haqqında işə baxılarkən həmin xətaya görə tətbiq edilən inzibati cərimənin məbləği bu Məcəllənin 25.4-cü maddəsində hüquqi və fiziki şəxsə, həmçinin vəzifəli şəxsə münasibətdə müəyyən edilmiş məbləğdən artıq ola bilməz.

 

Maddə 254. Meşəqırma biletində (orderində) və ya meşə biletində nəzərdə tutulmuş məqsədləri və ya tələbləri gözləmədən meşədən istifadə

 

Meşəqırma biletində (orderində) və ya meşə biletində nəzərdə tutulmuş məqsədləri və ya tələbləri gözləmədən meşədən istifadəyə görə -

fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 255. Meşələrin bərpası, məhsuldarlığının artırılması, cins tərkibinin yaxşılaşdırılması və yetişmiş oduncaq ehtiyatlarından istifadə qaydalarının pozulması

 

Meşələrin bərpası, məhsuldarlığının artırılması, cins tərkibinin yaxşılaşdırılması və yetişmiş oduncaq ehtiyatlarından istifadə qaydalarının pozulmasına görə -

fiziki şəxslər beş yüz əlli manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan doqquz min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 256. Meşə fondu torpaqlarında biçənəklərin və otlaq sahələrinin zədələnməsi və ya korlanması

 

Meşə fondu torpaqlarında biçənəklərin və ya otlaq sahələrinin zədələnməsinə və ya korlanmasına görə -

fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 257. Meşə fondu sahələrində özbaşına ot biçilməsi və ya mal-qara otarılması, özbaşına yabanı meyvə, qoz-fındıq, göbələk, giləmeyvə yığılması

 

Meşə fondu sahələrində özbaşına ot biçilməsinə və ya mal-qara otarılmasına və ya yabanı meyvə, qoz-fındıq, göbələk, giləmeyvə və sair yığılması qadağan edilən və ya buna ancaq meşə biletləri üzrə yol verilən sahələrdə onların özbaşına yığılmasına görə -

fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 258. Meşə fondu torpaqlarında meşələrə zərərli təsirin qarşısını alan qurğuları olmayan istehsal obyektlərinin tikilməsi və ya istifadəyə verilməsi

 

Meşə fondu torpaqlarında meşələrə zərərli təsirin qarşısını alan qurğuları olmayan istehsal obyektlərinin və ya digər obyektlərin tikilməsinə və ya istifadəyə verilməsinə görə-

fiziki şəxslər yeddi yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər doqquz min manatdan on iki min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 259. Meşə fondu torpaqlarında meşəsuvarma şəbəkələrinin, drenaj sistemlərinin, yaxud yolların məhv edilməsi və ya korlanması

 

Meşə fondu torpaqlarında meşəsuvarma şəbəkələrinin, drenaj sistemlərinin, yaxud yolların məhv edilməsinə və ya korlanmasına görə-

fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan yeddi min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 260. Meşə fondu torpaqlarında məhdudlaşdırıcı nişanların (sərhəd, kvartal və digər göstərici dirəklərin) məhv edilməsi və ya zədələnməsi

 

Meşə fondu torpaqlarında məhdudlaşdırıcı nişanların (sərhəd, kvartal və digər göstərici dirəklərin) məhv edilməsinə və ya zədələnməsinə görə-

fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər beş min beş yüz manatdan altı min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 261. Meşə üçün faydalı faunanın məhv edilməsi

 

Meşə üçün faydalı faunanın məhv edilməsinə görə-

fiziki şəxslər iki yüz əlli manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan yeddi min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 262. Su obyektlərindən və sudan istifadə qaydalarının pozulması

 

262.1. Su obyektlərindən istifadə qaydalarının pozulmasına, yəni:

262.1.1. su obyektlərində hidrotexniki və digər qurğuların özbaşına tikilməsinə;

262.1.2. su obyektlərinin özbaşına tutulmasına;

262.1.3. su obyektlərindən istifadə üzrə lisenziya və ya icazə ilə müəyyən edilmiş şərtlərin pozulmasına görə -

fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

262.2. Sudan özbaşına istifadə edilməsinə, yəni:

262.2.1. sudan istifadə etmə limitlərinə əməl edilməməsinə;

262.2.2. su ehtiyatlarından israfçılıqla istifadə edilməsinə;

262.2.3. içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə -

fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

262.3. Su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə -

fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdəcərimə edilir.

Qeyd: Bu maddədə “az miqdarda” dedikdə, min manatadək olan məbləğ başa düşülür.

 

Maddə 263. Su təchizatı sahəsində qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən maneələr törədilməsi

 

Su təchizatı müəssisəsinin səlahiyyətli şəxsi tərəfindən su qanunvericiliyinin tələblərinin pozulmasının qarşısını almaq məqsədi ilə tədbirlərin həyata keçirilməsinə, yaxud həmin şəxsin qanuni tələblərinin yerinə yetirilməsinə istehlakçı tərəfindən maneələr törədilməsinə görə-

fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

 

Maddə 264. Su obyektlərinin mühafizəsi qaydalarının pozulması

 

264.0. Su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni:

264.0.1. su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə;

264.0.2. su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsinə, onların istismar qaydalarına riayət edilməməsinə;

264.0.3. su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə;

264.0.4. xüsusi qorunan su obyektlərinin rejiminin pozulmasına;

264.0.5. su obyektlərinin dövlət monitorinqinin, suların dövlət uçotunun, dövlət su kadastrının aparılması qaydalarına riayət edilməməsinə;

264.0.6. sutoplayıcı sahələrdə su obyektlərinin qorunması rejimini pozmaqla suların çirkləndirilməsinə, torpaqların su eroziyasına və başqa ziyanlı hallara səbəb olmasına;

264.0.7. su çıxarmaq üçün quyu qazılması qaydalarının və texnologiyasının pozulmasına və ya lazımi icazə olmadan su çıxarmaq üçün quyu qazılmasına görə-

fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 265. İçməli su mənbələrinin, sutəmizləyici qurğuların, su kəmərlərinin sanitar mühafizə zonalarının tələblərinin və içməli suyun keyfiyyətinə dair tələblərin pozulması

 

265.1. İçməli su mənbələrinin, sutəmizləyici qurğuların, su kəmərlərinin sanitar mühafizə zonalarının tələblərinin pozulmasına görə-

fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

265.2. İçməli suyun keyfiyyətinin sanitariya tələblərinə və dövlət standartlarına uyğun gəlməməsinə görə-

üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 266. İstehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması

 

266.1. Şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə-

fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.

266.2. Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə-

vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.

266.3. Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə-

əlli manat məbləğində cərimə edilir.

266.4. Şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların (urnaların) yerləşdirilməsi zamanı “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanunu iləmüəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə-

vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.

 

Maddə 267. Zərərli maddələrlə və ya bu maddələrin qarışıqları ilə aparılan əməliyyatları gəmi sənədlərində qeyd etmək vəzifələrinin yerinə yetirilməməsi

 

İnsanların sağlamlığı üçün və ya dənizin canlı ehtiyatları üçün zərərli maddələrlə, yaxud tərkibində müəyyən edilmiş normalardan artıq bu cür maddələr olan qarışıqlarla aparılan əməliyyatların gəmi sənədlərində qeyd edilməsi barədə vəzifənin gəminin və ya digər üzən vasitənin kapitanı, komanda heyətinin başqa şəxsləri tərəfindən yerinə yetirilməməsinə və ya bu əməliyyatlar haqqında gəmi sənədlərində göstərilən şəxslər tərəfindən yanlış qeydlər aparılmasına, yaxud belə sənədləri müvafiq vəzifəli şəxslərə təqdim etməkdən qanunsuz olaraq imtina edilməsinə görə-

iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə cərimə edilir.

 

Maddə 268. Radiasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinin yerinə yetirilməməsi və ya pozulması

 

268.0. Radiasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinin yerinə yetirilməməsinə və ya pozulmasına, yəni:

268.0.1. ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə;

268.0.2. təbii radionuklidlərin təsirindən əhalinin təhlükəsizliyinin təmin edilməməsinə;

268.0.3. qida məhsulları istehsalı və istifadəsi zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə;

268.0.4. tibbi rentgen-radioloji prosedurlar keçirilən zaman əhalinin radiasiya təhlükəsizliyinin təmin edilməməsinə;

268.0.5. radiasiya qəzası zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə görə-

fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 269. Hidrometeorologiya fəaliyyəti haqqında qanunvericiliyin pozulması

 

269.0. Hidrometeorologiya fəaliyyəti haqqında qanunvericiliyin pozulmasına, yəni:

269.0.1. hidrometeorologiya fəaliyyəti üzrə normativ-texniki sənədlərin tələblərinə hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların istehsalçıları və istehlakçıları tərəfindən əməl edilməməsinə;

269.0.2. hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Azərbaycan Respublikasının dövlət məlumatlar fondunun materiallarının fondun sərəncamçılarının razılığı olmadan başqa şəxslərə verilməsinə və ya surətinin çıxarılmasına;

269.0.3. hazırlanmış materialların bir nüsxəsinin hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların istehsalçıları tərəfindən, müəlliflik və mülkiyyət hüquqları saxlanılmaqla, xidməti istifadə üçün hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Azərbaycan Respublikasının dövlət məlumatlar fonduna verilməməsinə;

269.0.4. ərazilərində hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə rəsədxanalar, stansiyalar və digər müşahidə məntəqələri yerləşən torpaq sahələrinin və su obyektlərinin mülkiyyətçiləri və istifadəçiləri tərəfindən həmin məntəqələrin və ölçmə vasitələrinin toxunulmazlığının təmin edilməməsinə, onların korlanması və məhv edilməsi barədə müvafiq orqana məlumat verilməməsinə və ya məntəqələrdə hidrometeoroloji işlərin aparılması üçün lazımi şərait yaradılmamasına;

269.0.5. müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan müşahidə şəbəkələrinin köçürülməsinə, yerlərinin dəyişdirilməsinə, yenilərinin quraşdırılmasına va ya fəaliyyətinin dayandırılmasına;

269.0.6. müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan atmosfer proseslərinə fəal təsir işlərini həyata keçirən texniki komplekslərdən başqa məqsədlər üçün istifadə edilməsinə;

269.0.7. hidrometeoroloji müşahidə şəbəkələrinin ətrafındakı mühafizə zonalarında hər hansı təsərrüfat fəaliyyəti ilə məşğul olunmasına görə-

fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 270. Geodeziya və kartoqrafiya haqqında qanunvericiliyin pozulması

 

270.0. Geodeziya və kartoqrafiya haqqında qanunvericiliyin pozulmasına, yəni:

270.0.1. dövlət qeydiyyatına alınmamış və ya patenti alınmamış, yaxud sertifikatlaşdırılmamış geodeziya və kartoqrafiya materiallarının və məlumatlarının, xüsusi təyinatlı geodeziya və kartoqrafiya avadanlığının və cihazlarının ticarət dövriyyəsinə daxil edilməsinə;

270.0.2. dövlət geodeziya-istinad məntəqələrinin və ya yerüstü nişanların korlanmasına, yaxud məhv edilməsinə;

270.0.3. dövlət geodeziya və kartoqrafiya xidməti orqanının razılığı olmadan dövlət geodeziya-istinad məntəqələrinin və yerüstü nişanların yerlərinin dəyişdirilməsinə, habelə belə məntəqə və nişanların yenidən qurulmasına, yaxud yeni məntəqə və nişanların quraşdırılmasına görə-

fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min üç yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 271. Sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi

 

Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə-

fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 272. Balıq və digər su bioresurslarının mühafizəsi və ov qaydalarının pozulması

 

272.1. Balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə-

inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə yeddi yüz manatdan min yeddi yüz manatadək məbləğdə cərimə edilir.

272.2. Balıqçılıq su obyektlərində istismar edilən su təsərrüfatı obyektlərinin balıqqoruyucu qurğularla təchiz edilməməsinə görə -

 fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.

272.3. Ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-

inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır.

 

Maddə 273. Heyvanlar aləmi obyektlərindən istifadə qaydalarının pozulması

 

273.0. Heyvanlar aləmi obyektlərindən istifadə qaydalarının pozulmasına, yəni:

273.0.1. heyvanlar aləmi obyektlərindən istifadənin limitləri barədə tələblərin pozulmasına;

273.0.2. dövlət ekoloji ekspertizasının tələblərinin yerinə yetirilməməsinə;

273.0.3. heyvanların yaşayış mühitinin, çoxalma şəraitinin və miqrasiya yollarının mühafizəsi üzrə tələblərin yerinə yetirilməməsinə;

273.0.4. qurumuş bitkilərin və ya onların qalıqlarının heyvanlar aləminin məskunlaşdığı yerlərdə özbaşına yandırılmasına;

273.0.5. bitki mühafizəsi vasitələrinin, onların boy stimulyatorlarının, mineral gübrələrin və başqa maddələrin (preparatların) saxlanması, daşınması və tətbiq edilməsi qaydalarının pozulmasına;

273.0.6. heyvanlar aləmi obyektlərinin vəziyyəti, sayı, onların istifadəsi haqqında məlumatların gizlədilməsinə və ya təhrif edilməsinə görə-

fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər beş min beş yüz manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 274. Heyvanlarla rəhmsiz rəftar edilməsi

 

Heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə-

beş yüz manat məbləğində cərimə edilir.

 

Maddə 275. Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulması

 

275.1. Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına, yəni:

275.1.1. dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə;

275.1.2. ağır ekoloji nəticələrə səbəb ola bilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə;

275.1.3. ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tələblərə uyğun olmayan təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə;

275.1.4. ətraf mühitin və onun komponentlərinin qlobal mənfi dəyişikliklərinə səbəb olan, o cümlədən ekoloji təhlükəsizlik sahəsində beynəlxalq müqavilələri pozan fəaliyyətin həyata keçirilməsinə;

275.1.5. müvafiq ərazinin təbii mühitinə xas olmayan, habelə nəzarətsiz artımının və yayılmasının qarşısını almaq üçün səmərəli tədbirlər hazırlamadan süni yolla əldə edilmiş orqanizmlərdən istifadə edilməsinə, onların çoxaldılmasına və ya yayılmasına;

275.1.6. ətraf mühit və insanlar üçün təhlükə dərəcəsi qiymətləndirilməmiş maddələrin tətbiq edilməsinə;

275.1.7. insan orqanizmində və ətraf mühitdə cəmləşə bilən və təbii parçalanmaya uğramayan toksik maddələrdən istifadə edilməsinə, habelə zərərsizləşdirmə texnologiyası ekoloji cəhətdən təhlükəli olan toksik maddələrin tətbiq edilməsinə;

275.1.8. emal, zərərsizləşdirmə və təkrar istifadə texnologiyası ekoloji cəhətdən təhlükəli olan məhsulların ölkəyə gətirilməsinə və ya istehsalına;

275.1.9. müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş siyahıda göstərilən toksik və sair təhlükəli istehsalat və məişət tullantılarının, təkrar istifadə edilə bilməyən qeyri-toksik tullantıların, habelə istifadə və təkrar istifadə texnologiyası ekoloji təhlükə yaradan maddələrin ölkəyə gətirilməsinə;

275.1.10. bu Məcəllənin 275.1.1 - 275.1.9-cu maddələrində göstərilən xətaların törədilməsi ilə müşayiət olunan elmi-tədqiqat, iqtisadi və sair eksperimentlərin həyata keçirilməsinə görə-

fiziki şəxslər üç yüz manatdan dörd yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir.

275.2. Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsi normalarının pozulmasına görə-

fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir.

 

FƏSİL 26

 

Sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan inzibati xətalar

 

Maddə 276. Sənaye sahələrində işlərin təhlükəsiz görülməsinə dair qaydaların və normaların pozulması

 

276.1. Sənaye sahələrində və təhlükə potensiallı obyektlərdə işlərin təhlükəsiz görülməsinə dair qaydaların və normaların pozulmasına görə -

üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

276.2. Müvafiq icra hakimiyyəti orqanının nəzarəti altında olan obyektlərdə işlərin təhlükəsiz görülməsinə dair qaydaların pozulmasına görə -

beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 277. Sənaye sahələrində partlayıcı materialların saxlanmasına, işlədilməsinə və uçotuna dair qaydaların və normaların pozulması

 

Sənaye sahələrində və təhlükə potensiallı obyektlərdə partlayıcı materialların saxlanmasına, işlədilməsinə və uçotuna dair qaydaların və normaların pozulmasına görə-

üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 278. Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında qanunvericiliyin pozulması

 

278.0. Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında qanunvericiliyin pozulmasına, yəni:

278.0.1. dövlət əhəmiyyətli xüsusi mühafizə olunan hidrotexniki qurğuların mühafizə zonalarının hüdudlarında (dəniz qurğularında yerləşən quyularda quyudaxili partlayış işləri istisna olmaqla) partlayış işlərinin aparılması və yeraltı təbii ehtiyatların istismarı, yaxud qurğulara və ətraf mühitə fiziki, kimyəvi və bioloji təsir göstərə bilən obyektlərin yerləşdirilməsinə və fəaliyyət göstərməsinə;

278.0.2. hidrotexniki qurğuların layihələndirilməsi, tikintisi və istismarı mərhələlərində, eləcə də onların yenidən qurulması, əsaslı təmiri, bərpası və konservasiyasından sonra qurğunun mülkiyyətçisi və ya istismarçısı tərəfindən hidrotexniki qurğunun təhlükəsizlik bəyannaməsinin tərtib edilməməsinə;

278.0.3. hidrotexniki qurğunun mülkiyyətçisi və istismarçısı tərəfindən təhlükəsizlik bəyannaməsində düzgün olmayan məlumatların göstərilməsinə görə-

vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 279. Qaz, elektrik və istilik enerjisi sahəsində qanunvericiliyin tələblərinin pozulması

 

 279.0. Qaz, elektrik və istilik enerjisi sahəsində qanunvericiliyin tələblərinin pozulmasına, yəni:

 279.0.1. qaz, elektrik və ya istilik qurğularında (elektrik verilişi xətlərində və boru kəmərlərində), avadanlıqlarında, qaza və enerjiyə qənaət sistemlərində texniki istismar qaydalarının pozulmasına, habelə onların texniki səviyyəsinin yüksəldilməsi və ya saxlanılması üçün müəyyən edilmiş tələblərin yerinə yetirilməməsinə;

 279.0.2. qaz, elektrik və ya istilik enerjisinin istehsalı, nəqli və istehlakı haqqında uçot və hesabatın təhrif olunmasına və ya vaxtında təqdim olunmamasına;

 279.0.3. qaz, elektrik və ya istilik qurğularının (elektrik verilişi xətlərinin və boru kəmərlərinin), avadanlıqlarının, cihazlarının və bununla əlaqədar yeni texnologiyaların yaradılmasında dövlət energetika və qaz ekspertizasının həyata keçirilməsi tələblərinin pozulmasına, yaxud yanlış ekspert rəyinin verilməsinə;

279.0.4. dövlət energetika və qaz ekspertizasının rəyi olmadan, müvafiq standartların tələblərinə cavab verməyən qaz, elektrik və ya istilik qurğularının (elektrik verilişi xətlərinin və boru kəmərlərinin), avadanlıqlarının, cihazlarının və bununla əlaqədar yeni texnologiyaların yaradılmasının maliyyələşdirilməsinə, onların istehsalata buraxılmasına və ya satışına;

279.0.5. müəssisələrin, qaz, elektrik və ya istilik təsərrüfatlarının, şəbəkələrinin, qurğularının (elektrik verilişi xətlərinin və boru kəmərlərinin) və başqa obyektlərinin layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, istismara verilməsində qaza və enerjiyə qənaət üzrə müəyyən edilmiş tələblərin pozulmasına;

279.0.6. qazın, elektrik və ya istilik enerjisinin istehsalı, nəqli və ya paylanması zamanı dövlət və sahə standartlarının tələblərinin pozulmasına;

279.0.7. qaz, elektrik və ya istilik enerjisi xətlərinin qanunsuz olaraq kəsilməsinə və ya qanunvericilikdə istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın, elektrik və ya istilik enerjisinin verilməsinin dayandırılmasına görə-

fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 280. Qaz və elektrik enerjisi sahəsində qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən maneələr törədilməsi

 

Enerji təchizatı müəssisəsinin və ya qaz paylayıcısının səlahiyyətli şəxsinin müvafiq olaraq qaz və ya elektrik enerjisi sahəsində qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almaq məqsədi ilə tədbirlərin həyata keçirilməsinə, yaxud həmin şəxsin qanuni tələblərinin yerinə yetirilməsinə istehlakçı tərəfindən maneələr törədilməsinə görə-

fiziki şəxslər iyirmi manat məbləğində, vəzifəli şəxslər əlli manat məbləğində, hüquqi şəxslər yüz manat məbləğində cərimə edilir.

 

Maddə 281. Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin zədələnməsi və ya gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizəsi qaydalarının pozulması

 

281.1. Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin zədələnməsinə və bunun istehlakçıların elektrik enerjisi ilə təmin edilməsində fasiləyə səbəb olmasına görə-

fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan dörd yüz əlli manatadək məbləğdə cərimə edilir.

281.2. Gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizəsi qaydalarının pozulmasına görə-

fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 282. Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması və ya onlardan istifadə qaydalarının pozulması

 

282.1. Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə -

fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

282.2. Təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə -

fiziki şəxslər otuz manatdan qırx manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.

Qeyd: Bu maddədə “az miqdarda” dedikdə, min manatadək olan məbləğ başa düşülür.

 

FƏSİL 27

 

Damazlıq, baytarlıq-sanitariya qaydaları əleyhinə olan inzibati xətalar

 

Maddə 283. Damazlıq heyvandarlıq haqqında qanunvericiliyin pozulması

 

283.0. Damazlıq heyvandarlıq haqqında qanunvericiliyin pozulmasına, yəni:

283.0.1. dövlət standartlarına uyğun gəlməyən və zootexniki tələblərə cavab verməyən damazlıq ehtiyatlarının satışına;

283.0.2. mənşəyi bəlli olmayan, müvafiq tələblərə uyğun gəlməyən damazlıq törədici heyvanlardan istifadə edilməsinə;

283.0.3. damazlıq ehtiyatlarının geniş təkrar istehsalı zamanı onların qiymətləndirilməsi qaydalarına əməl edilməməsinə, yaxud damazlıq ehtiyatlarının sınağı və ekspertizasında bilərəkdən təhrifə yol verilməsinə;

283.0.4. uçot-hesabat sənədlərində düzgün olmayan məlumatların göstərilməsinə;

283.0.5. cinslərin rayonlaşmasına əməl edilməməsinə;

283.0.6. yerli heyvan genofonduna ziyan vurulmasına görə-

fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 284. Atçılıq haqqında qanunvericiliyin pozulması

 

284.1. Müvafiq icra hakimiyyəti orqanının atçılıq sahəsində göstərişlərinin yerinə yetirilməməsinə görə-

fiziki şəxslər iyirmi manatdan otuz manatadək məbləğdə, vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir.

284.2. Damazlıq atlara pasportların (şəhadətnamələrin) verilməsi qaydalarının pozulmasına görə-

vəzifəli şəxslər səksən manatdan yüz manatadək məbləğdə cərimə edilirlər.

284.3. Milli at cinslərinin və beynəlxalq genofonda daxil olan at cinslərinin damazlıq özəklərinin məhv edilməsinə görə-

fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 285. Seleksiya nailiyyətlərindən istifadə qaydalarının pozulması

 

285.0. Seleksiya nailiyyətlərindən istifadə qaydalarının pozulmasına, yəni:

285.0.1. istehsal olunan və satılan seleksiya nailiyyətinə qeydiyyatda olan addan fərqli ad verilməsinə;

285.0.2. istehsal olunan və satılan seleksiya nailiyyətinə bilərəkdən başqa qeydiyyatda olan sortun və cinsin adının verilməsinə;

285.0.3. lisenziya müqaviləsi bağlamadan seleksiya nailiyyətindən istifadə edilməsinə;

285.0.4. seleksiya nailiyyətlərinin sertifikatsız satılmasına;

285.0.5. dövlət reyestrində, ərizədə, ekspertiza və ya sınaq sənədlərində yanlış qeydlər aparılmasına görə-

fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 286. Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında qanunvericiliyin pozulması

 

286.1. Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında qanunvericiliyin pozulmasına, yəni:

286.1.1. Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni brend bitkilərin areallarında başqa növ bitki nümunələrinin istehsalçılarına dövlət vəsaiti hesabına yardım göstərilməsinə;

286.1.2. mədəni bitkilərin genetik ehtiyatlarının milli kolleksiyalarının mühafizəsi qaydalarının pozulmasına;

286.1.3. Azərbaycan Respublikasının Milli Genbankının davamlılığına mane olan hərəkətlərə, yəni soyuducu kameraların motorlarının, quruducu aparatların elektrik təchizatının dayandırılmasına (kəsilməsinə), yanğın törədə biləcək tezalışan maddələrin Azərbaycan Respublikasının Milli Genbankının ərazisinə gətirilməsinə, toxumların saxlanma rejiminin pozulmasına;

286.1.4. Azərbaycan Respublikasında aqroekosistemlər üçün potensial əhəmiyyətə malik olan nadir və nəsli kəsilməkdə olan bitki növlərinin (populyasiyalarının) genetik ehtiyatlarının mühafizəsinə ziyan vuran fəaliyyətə, yəni arealları təyin edilmiş və mühafizəyə cəlb edilən nadir və nəsli kəsilməkdə olan bitki növlərinin qanunsuz toplanmasına, onların yerləşdiyi ərazilərdə mal-qaranın otarılmasına, həmin ərazilərin yandırılmasına görə-

fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

286.2. Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri istisna olmaqla, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının rayonlaşdırılmasına və dövlət reyestrinə daxil edilməsinə görə-

fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər on min manat məbləğində, hüquqi şəxslər əlli min manat məbləğində cərimə edilir.

 

Maddə 287. Toxumçuluq haqqında qanunvericiliyin pozulması

 

287.0. Toxumçuluq haqqında qanunvericiliyin pozulmasına, yəni:

287.0.1. karantin obyekti ilə yoluxmuş, dövlət standartlarına uyğun gəlməyən toxumların əkilməsinə, səpininə, tədarükünə və satılmasına;

287.0.2. sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı və fitosanitar sertifikatı olmayan toxumların idxalına, ixracına və ticarət dövriyyəsinə daxil edilməsinə;

287.0.3. toxum partiyasının keyfiyyətinin qiymətləndirilməsi qaydalarına əməl edilməməsinə, yaxud keyfiyyət göstəricilərinin bilərəkdən təhrif olunmasına;

287.0.4. patent sahibi ilə lisenziya müqaviləsi bağlamadan bitki sortlarının toxumlarından istifadə edilməsinə;

287.0.5. toxumçuluqda tətbiq edilan uçot-hesabat sənədlərində düzgün olmayan məlumatların göstərilməsinə görə-

fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 288. Fitosanitar nəzarəti haqqında qanunvericiliyin pozulması

 

288.0. Fitosanitar nəzarəti haqqında qanunvericiliyin pozulmasına, yəni:

288.0.1. sanitariya-gigiyena qaydalarına və təhlükəsizlik texnikasının tələblərinə uyğun olmayan satış yerlərində, anbarlarda və digər istehsalat binalarında bitki mühafizə vasitələrinin saxlanmasına, satışına və tətbiq edilməsinə;

288.0.2. karantin nəzarətində olan materialların xüsusi təyin edilmiş yerlərdən kənarda zərərsizləşdirilməsinə;

288.0.3. karantin tətbiq edilən zərərli orqanizmlərə həssas bitkilərin həmin ərazidə yenidən əkilməsinə, habelə karantin nəzarətində olan bitkilərin və bitki mənşəli digər məhsulların karantin zonasından çıxarılmasına;

288.0.4. ətraf mühitin zərərli kimyəvi maddələrlə çirklənməsinə yol verilməsinə, istifadəyə yararsız və yüksək toksiki xassəyə malik preparatların istifadəsinə;

288.0.5. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət sınağından keçməmiş, qeydiyyata alınmamış, habelə istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin və digər zəhərli kimyəvi maddələrin istehsalına, satışına, idxalına, ixracına və tətbiqinə yol verilməsinə;

288.0.6. istehsal mənşəyinə görə adlar verilən və yüksək keyfiyyətli (markalı) bitkiçilik məhsullarının istehsalı məqsədi ilə bitkilərə pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin tətbiqinə yol verilməsinə;

288.0.7. tərkibində pestisidlərin, bioloji preparatların və onların birləşmələrinin qalıq miqdarı yol verilən normadan artıq olan bitki və bitkiçilik məhsullarının satılmasına;

288.0.8. təbiəti mühafizə, sağlamlaşdırma, istirahət və turizm zonalarında, su fondu torpaqlarında, suqoruyucu və xüsusi qorunan digər ərazilərdə pestisidlərin və digər zəhərli kimyəvi maddələrin tətbiq edilməsinə görə-

fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 289. Baytarlıq haqqında qanunvericiliyin pozulması

 

289.0. Baytarlıq haqqında qanunvericiliyin pozulmasına, yəni:

289.0.1. baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə;

289.0.2. heyvan mənşəli məhsulların baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışına və istehsalına;

289.0.3. heyvanların kütləvi xəstələnməsi və ya onların qeyri-adi vəziyyətləri, heyvan tələfatı halları haqqında müvafiq icra hakimiyyəti orqanına məlumat verməməyə, habelə belə heyvanları təcrid etməməyə;

289.0.4. yoluxucu xəstəliklərin qarşısının alınması üzrə karantin tədbirlərinin və baytarlıq (baytarlıq-sanitariya) qaydalarının, yaxud dövlət baytarlıq nəzarətini həyata keçirən orqanların epizootiya əleyhinə dair qərarlarının pozulmasına və ya icra edilməməsinə görə-

fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 290. Ev heyvanlarının saxlanılması qaydalarının pozulması

 

290.1. İt, pişik və digər ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına, yəni:

290.1.1. ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və ya yetişdirilməsinə;

290.1.2. ev heyvanlarının nəqliyyat vasitələri ilə aparılması şərtlərinin pozulmasına;

290.1.3. it və pişiklərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi saydan artıq saxlanılmasına;

290.1.4. itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə;

290.1.5. sərxoş vəziyyətdə (alkoqollu içkilərdən, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə etməklə) olan şəxs tərəfindən ev heyvanlarının gəzdirilməsinə;

290.1.6. ev heyvanlarının insanların üzərinə saldırılmasına;

290.1.7. yarış vaxtı və ya heyvanın sağlamlığı və rifahı üçün təhlükə yarada bilən digər hallarda ev heyvanlarının təbii imkanlarının artırılması, yaxud azaldılması məqsədi ilə onlara preparatların verilməsinə, tibbi və texniki üsulların tətbiq edilməsinə;

290.1.8. qanunla müəyyən edilmiş hallar istisna olmaqla, ev heyvanlarının xarici görkəmini dəyişdirmək və ya digər qeyri‑müalicəvi məqsədlə cərrahi əməliyyatların (quyruğun kəsilməsi, qulaqlarının kəsilməsi, devokalizasiya, dırnaq və dişlərin çıxarılması) aparılmasına;

290.1.9. ev heyvanı saxlayan və ya ona baxan şəxs tərəfindən ev heyvanlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzərdə tutulmuş qayğıların göstərilməməsinə görə-

iki yüz manat məbləğində cərimə edilir.

290.2. Bu Məcəllənin 290.1-ci maddəsində nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-

üç yüz manat məbləğində cərimə edilir.

290.3. Bu Məcəllənin 290.1-ci maddəsində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-

səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

Qeyd: Bu Məcəllənin 290.3-cü maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.

 

Maddə 291. Qırmızı kitaba daxil edilmiş heyvan və bitki növlərinin qorunması üzrə tələblərin pozulması

 

Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş və xüsusi mühafizə olunan heyvan və bitki növlərinin siyahısında olanların mühafizəsi üzrə tələblərin yerinə yetirilməməsinə görə-

beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 292. Zooloji kolleksiyaların yaradılması və onlarla ticarət qaydalarının pozulması

 

292.1. Zooloji kolleksiyaların yaradılması, zənginləşdirilməsi, saxlanması, istifadəsi, dövlət uçotuna alınması, Azərbaycan Respublikasına gətirilməsi, onun hüdudlarından kənara göndərilməsi və ya aparılması qaydalarının pozulmasına görə-

fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər iki min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.

292.2. Zooloji kolleksiyalarla ticarət qaydalarının pozulmasına görə-

fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.

 

FƏSİL 28

 

Hava, dəniz, çay, avtomobil, dəmir yolu nəqliyyatında və metropolitendə olan qaydalar əleyhinə inzibati xətalar

 

Maddə 293. Uçuş təhlükəsizliyi qaydalarının pozulması

 

293.1. Aerodrom rayonunda aerodromların tanınması üçün qəbul edilmiş işarələrə və ya nişanlı qurğulara oxşar hər hansı işarə və ya qurğu yerləşdirilməsinə və ya müvafiq icazə olmadan pirotexnik məmulat yandırılmasına, yaxud hava gəmilərinin uçuşları üçün təhlükəli quşların kütləvi toplanmasına kömək edən obyektlər qurulmasına görə-

əlli manat məbləğində cərimə edilir.

293.2. Lazımi icazə olmadan uçuş təhlükəsizliyi üçün qorxu yarada bilən hər cür atəşə, raketin buraxılmasına, partlayış işlərinə və digər işlərin görülməsinə görə-

yüz manat məbləğində cərimə edilir.

293.3. Binalarda və tikililərdə gecə və gündüz işarələri və ya nişanlı qurğular yerləşdirmə qaydalarının yerinə yetirilməməsinə görə-

yüz əlli manat məbləğində cərimə edilir.

293.4. Aerodrom avadanlığının, aerodrom işarələrinin, hava gəmilərinin və onların avadanlığının zədələnməsinə görə-

yüz əlli manat məbləğində cərimə edilir.

293.5. Lazımi icazə olmadan aeroportların (aerovağzallardan başqa), aerodromların, uçuşların radio və işıq təminatı obyektlərinin ərazisindən piyada və ya nəqliyyat vasitəsi ilə keçməyə görə-

əlli manat məbləğində cərimə edilir.

293.6. Müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan Azərbaycan Respublikasının hava məkanında səsdən iti sürətlə uçuşa görə-

dörd yüz manat məbləğində cərimə edilir.

 

Maddə 294. Aviasiya qəzasının baş verdiyi yerdə qəzaya uğramış hava gəmisinin hissələrinin və ya onun daşıdığı əşyaların (yüklərin, baqajın) qanunsuz götürülməsi

 

Aviasiya qəzasını araşdıran komissiyanın icazəsi olmadan, aviasiya qəzasının baş verdiyi yerdə qəzaya uğramış hava gəmisinin hər hansı hissəsinin, yaxud onun daşıdığı əşyaların (yükün, baqajın) götürülməsinə görə-

beş yüz manat məbləğində cərimə edilir.

 

Maddə 295. Aviasiya təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması

 

295.1. Aeroportun ərazisində yerləşən müəssisə, idarə və təşkilatlar və onların işçiləri tərəfindən obyektdaxili rejimin təmin olunmamasına və buraxılış rejiminə riayət edilməməsinə görə-

vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.

295.2. Hava gəmisinin istismarçısı tərəfindən hava gəmilərinin təhlükəsizliyinin təmin edilməməsinə görə-

 vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.

295.3. Aviasiya təhlükəsizliyi üzrə əməkdaş tərəfindən yerdə hava gəmisinin təhlükəsizliyinin təmin edilməməsinə görə-

vəzifəli şəxslər min manat məbləğində cərimə edilir.

295.4. Hava gəmilərinin yoxlanılması və onlara baxış keçirilməsi qaydasının pozulmasına görə-

vəzifəli şəxslər min manat məbləğində cərimə edilir.

295.5. Aviasiya təhlükəsizliyi üzrə əməkdaşın qanuni göstərişlərinə əməl etməməyə görə-

fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.

 

Maddə 296. Hava yolu ilə sərnişin, baqaj, yük, poçt, təhlükəli maddələr və predmetlər daşıma qaydalarının pozulması

 

296.1. Hava yolu ilə sərnişin, baqaj, yük, poçt daşıma qaydalarının pozulmasına görə-

fiziki şəxslər iyirmi manatdan otuz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.

296.2. Hava nəqliyyatında təhlükəli maddələr və predmetlər daşıma qaydalarının pozulmasına görə-

təhlükəli maddələr və predmetlər müsadirə edilməklə və ya edilməməklə, fiziki şəxslər iyirmi manatdan otuz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.

 

Maddə 297. Hava nəqliyyatında yüklərin qorunması qaydalarının pozulması

 

297.1. Konteynerlərin plomblarının və kilidlərinin zədələnməsinə, plomblarının qırılmasına, ayrı-ayrı yüklərin və onların qutularının, paketlərinin, habelə hava nəqliyyatında yükdaşıma ilə əlaqədar işlər üçün istifadə edilən anbarların hasarlarının zədələnməsinə görə-

yüz əlli manat məbləğində cərimə edilir.

297.2. Hava nəqliyyatında yükdaşıma üçün nəzərdə tutulmuş konteynerlərin və nəqliyyat vasitələrinin zədələnməsinə görə-

iki yüz manat məbləğində cərimə edilir.

 

Maddə 298. Hava gəmisində davranış qaydalarının pozulması

 

298.1. Hava gəmisində intizamın qorunması, habelə hava gəmisinin, onun bortunda olan şəxslərin və əmlakın təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə gəmi kapitanının (yaxud onun adından digər heyət üzvünün) qanuni sərəncamlarının yerinə yetirilməməsinə görə-

yüz manat məbləğində cərimə edilir.

298.2. Hava gəmisində kompyuter, foto və video çəkiliş, elektrik (elektromaqnit) rabitə vasitələrindən xüsusi istifadə qaydalarının pozulmasına görə-

yüz manat məbləğində cərimə edilir.

298.3. Hava gəmisinin bortunda tüstünün müəyyən edilməsi məqsədi ilə quraşdırılmış cihazların, habelə təhlükəsizliyi təmin edən digər qurğuların zədələnməsi və yaxud sıradan çıxarılmasına görə-

iki yüz manat məbləğində cərimə edilir.

 

Maddə 299. Hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkmə

 

Hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə-

yüz manat məbləğində cərimə edilir.

 

Maddə 300. Dəmir yolu nəqliyyatında hərəkətin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması

 

300.1. Dəmir yolunun, qardan mühafizə çəpərlərinin və digər yol obyektlərinin, siqnalizasiya və rabitə qurğularının və avadanlığının zədələnməsinə görə-

yüz əlli manat məbləğində cərimə edilir.

300.2. Yük vurulması və boşadılması zamanı müəyyən olunmuş qabaritlərə əməl edilməməsinə görə-

fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində cərimə edilir.

300.3. Dəmir yollarına qatarların hərəkətini poza bilən predmetlər qoyulmasına görə-

iki yüz manat məbləğində cərimə edilir.

 

Maddə 301. Dəmir yolu nəqliyyatı vasitələrindən istifadə qaydalarının pozulması

 

301.1. Yük qatarlarında özbaşına getməyə, hərəkət edən qatara minməyə və ondan düşməyə, vaqonların pillələrində və damlarında getməyə, ehtiyac olmadan qatarı özbaşına dayandırmağa görə-

əlli manat məbləğində cərimə edilir.

301.2. Qatarların vaqonlarının pəncərələrindən və ya qapılarından zibil, yaxud başqa predmetlər atılmasına görə-

otuz manat məbləğində cərimə edilir.

 

Maddə 302. Vaqonların, yaxud lokomotivlərin şüşələrinin və ya daxili avadanlığının zədələnməsi

 

Vaqonların, yaxud lokomotivlərin şüşələrinin və ya daxili avadanlığının zədələnməsinə görə-

yüz manat məbləğində cərimə edilir.

 

Maddə 303. Dəmir yolu nəqliyyatında təhlükəli maddələr və predmetlər aparma qaydalarının pozulması

 

Dəmir yolu nəqliyyatında təhlükəli maddələr və predmetlər aparma qaydalarının pozulmasına görə-

xəbərdarlıq edilir və ya iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 304. Dəmir yolu nəqliyyatında yüklərin qorunması qaydalarının pozulması

 

304.1. Yükdaşıma üçün nəzərdə tutulmuş dəmir yolu nəqliyyatı vasitələrinin, yaxud daşıma mexanizmlərinin zədələnməsinə görə-

yüz manat məbləğində cərimə edilir.

304.2. Yük vaqonlarının, konteynerlərin zədələnməsinə, plomblarının və kilidlərinin zədələnməsinə, plomblarının qırılmasına, ayrı-ayrı yükləri və onların qutularını, paketlərini, dəmir yolu stansiyalarının, konteyner məntəqələrinin (meydançalarının) və yükdaşıma ilə əlaqədar işlər üçün istifadə edilən anbarların hasarlarını zədələməyə görə-

yüz əlli manat məbləğində cərimə edilir.

 

Maddə 305. Dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkmə

 

Dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə-

qırx manat məbləğində cərimə edilir.

 

Maddə 306. Metropolitendən istifadə qaydalarının pozulması

 

306.1. Stansiyaların vestibüllərini, keçidlərini və platformalarını, habelə eskalatoru və vaqonların salonunu zibilləməyə və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməyə görə-

on beş manat məbləğində cərimə edilir.

306.2. Eskalatordan sürahinin üstünə əşya qoymağa görə-

iyirmi manat məbləğində cərimə edilir.

306.3. Dəmir yoluna hər hansı əşya atmağa görə-

otuz manat məbləğində cərimə edilir.

306.4. Eskalatorun sürahisini çıxarmağa, zərurət olmadan “Stop” açarından istifadə etməyə, stansiyaların vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda siqaret çəkməyə, qatarın hərəkəti zamanı vaqonun qapılarını açmağa, qatarın yola düşməsini ləngitməyə, özbaşına dəmir yoluna düşməyə, qatarın idarəetmə kabinəsinə, xidməti-texniki otaqlara, ventilyasiya şaxtası köşklərinə, tunellərə və metropolitenin işçiləri üçün nəzərdə tutulan çəpərlənmiş ərazilərə daxil olmağa, açıq oddan, pirotexniki qurğulardan (fişəng, partlayıcı və sair) istifadə etməyə görə-

əlli manat məbləğində cərimə edilir.

306.5. Müvafiq icazə olmadan metropolitenin elektrik şəbəkəsinə elektrik işlədicilərini qoşmağa görə-

yetmiş manat məbləğində cərimə edilir.

306.6. Metropolitenin ventilyasiya şaxtası köşklərinə 25 metrdən yaxın məsafədə hər hansı əşya yandırmağa görə-

yüz manat məbləğində cərimə edilir.

 

Maddə 307. Dəniz və çay nəqliyyatında hərəkətin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması

 

307.1. Dəniz və çay nəqliyyatında gəmilərin limana daxil olmasının və limandan çıxmasının, liman sularında gəmilərin hərəkəti və dayanması qaydalarının pozulmasına görə-

fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində cərimə edilir.

307.2. Lazımi icazə olmadan liman sularında dalğıclıq işləri görülməsinə və ya bu işlər zamanı siqnal vermə qaydalarına əməl edilməməsinə görə-

yüz manat məbləğində cərimə edilir.

307.3. Gəminin suyaoturumu, uzunluğu, eni və tutumu barədə dəniz bələdçisinə dəqiq məlumatların elan edilməməsinə və ya yanlış məlumatların elan edilməsinə görə-

üç yüz manat məbləğində cərimə edilir.

 

Maddə 308. Dəniz və çay nəqliyyatı gəmilərində sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması

 

308.1. Dəniz və çay nəqliyyatı gəmilərində sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulmasına görə-

fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.

308.2. Gəmilərdən zibil və başqa predmetlər atmağa görə-

otuz manat məbləğində cərimə edilir.

 

Maddə 309. Dəniz və çay nəqliyyatında siqnalizasiya və rabitə qurğularının və avadanlığının zədələnməsi

 

Dəniz və çay nəqliyyatında siqnalizasiya və rabitə qurğularının və avadanlığının zədələnməsinə görə-

yüz manat məbləğində cərimə edilir.

 

Maddə 310. Gəmilərin qeydiyyata alınması qaydalarının pozulması

 

Gəminin məcburi olan qeydiyyata alınmasından boyun qaçırmağa, gəminin müəyyən edilmiş qaydanın pozulması ilə gəmi reyestrlərinin birində qeydiyyata alınmasına və ya gəmi reyestlərinə daxil olan məlumatların dəyişdirilməsi barədə xəbər verilməməsinə görə-

yüz manat məbləğində cərimə edilir.

 

Maddə 311. Kiçik həcmli gəmilərin istismar qaydalarının pozulması

 

Müvafiq icra hakimiyyəti orqanının nəzarəti altında olan kiçik həcmli gəmilərdən, onların dayanması üçün bazalardan (qurğulardan) istifadə qaydalarının pozulmasına görə-

yüz manat məbləğində cərimə edilir və ya kiçik həcmli gəmini idarə etmək hüququ altı aydan iki ilədək müddətə məhudlaşdırılır.

 

Maddə 312. Limanlarda yükvurma, yükləri boşaltma və yığma qaydalarının pozulması

 

Limanlarda yükvurma, yükləri boşaltma və yığma qaydalarının pozulmasına görə-

fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində cərimə edilir.

 

Maddə 313. Dəniz Limanları Reyestrinin aparılması qaydalarının pozulması

 

313.1. Dəniz Limanları Reyestrinin aparılması qaydalarının pozulmasına görə -

vəzifəli şəxslər yüz manat məbləğində cərimə edilir.

313.2. Dəniz Limanları Reyestrinin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud yanlış məlumatların verilməsinə görə, həmçinin reyestrə daxil olan məlumatların dəyişdirilməsi barədə məlumatın verilməməsinə görə -

iki yüz manat məbləğində cərimə edilir.

 

Maddə 314. Dəniz limanlarında gəmi agenti xidmətlərinin qanunsuz göstərilməsi

 

Gəmi agenti xidmətlərin göstərilməsi üçün sertifikat olmadan dəniz limanlarında gəmi agenti xidmətlərinin göstərilməsinə görə -

fiziki şəxslər iki yüz manat məbləğindəhüquqi şəxslər yeddi yüz manat məbləğində cərimə edilir.

 

 Maddə 315. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinin pozulması

 

Dəniz limanının “Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə”də nəzərdə tutulmuş sənədlər olmadan fəaliyyət göstərməsinə görə -

vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.

 

Maddə 316. Dəniz və çay nəqliyyatında təhlükəli maddələr və predmetlər aparma qaydalarının pozulması

 

Dəniz və çay nəqliyyatında təhlükəli maddələr və predmetlər aparma qaydalarının pozulmasına görə-

xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir.

 

Maddə 317. Dəniz və çay nəqliyyatında yüklərin qorunması qaydalarının pozulması

 

317.1. Yükdaşıma üçün nəzərdə tutulmuş üzən nəqliyyat vasitələrinin, habelə daşıma mexanizmlərinin zədələnməsinə görə-

yüz manat məbləğində cərimə edilir.

317.2. Konteynerlərin zədələnməsinə, plomblarının və kilidlərinin zədələnməsinə, plomblarının qırılmasına, ayrı-ayrı yükləri və onların qutularını, paketlərini, liman (körpü) yük rayonlarının (sahələrinin), şlüzlərin konteyner məntəqələrinin (meydançalarının) və yük daşımaları ilə əlaqədar işlər üçün istifadə edilən anbarların hasarlarını zədələməyə görə-

yüz əlli manat məbləğində cərimə edilir.

 

Maddə 318. Dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkmə

 

Dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə-

qırx manat məbləğində cərimə edilir.

 

Maddə 319. Nəqliyyatda biletsiz getmə

 

319.1. Şəhərdaxili (rayondaxili) sərnişin daşımaları yerinə yetirən avtobusda sərnişin biletsiz getməyə görə-

beş manat məbləğində cərimə edilir.

319.2. Şəhərlərarası (rayonlararası) sərnişin daşımaları yerinə yetirən avtobusda sərnişin biletsiz getməyə görə-

on beş manat məbləğində cərimə edilir.

319.3. Beynəlxalq marşrut üzrə hərəkət edən avtobusda sərnişin biletsiz getməyə görə-

iyirmi beş manat məbləğində cərimə edilir.

319.4. Dəmir yolu nəqliyyatında sərnişin biletsiz getməyə görə-

otuz manat məbləğində cərimə edilir.

319.5. Dəniz və çay nəqliyyatında sərnişin biletsiz getməyə görə-

otuz beş manat məbləğində cərimə edilir.

319.6. Hava nəqliyyatında sərnişin biletsiz getməyə görə-

qırx manat məbləğində cərimə edilir.

 

Maddə 320. Nəqliyyat vasitəsində biletsiz sərnişin aparma

 

320.1. Şəhərdaxili (rayondaxili) sərnişin daşımaları yerinə yetirən avtobusda sərnişinin biletsiz aparılmasına görə-

iyirmi manat məbləğində cərimə edilir.

320.2. Şəhərlərarası (rayonlararası) sərnişin daşımaları yerinə yetirən avtobusda sərnişinin biletsiz aparılmasına görə-

otuz manat məbləğində cərimə edilir.

320.3. Beynəlxalq marşrut üzrə hərəkət edən avtobusda sərnişinin biletsiz aparılmasına görə-

qırx manat məbləğində cərimə edilir.

320.4. Dəmir yolu nəqliyyatında sərnişinin biletsiz aparılmasına görə-

qırx manat məbləğində cərimə edilir.

320.5. Dəniz və çay nəqliyyatında sərnişinin biletsiz aparılmasına görə-

əlli manat məbləğində cərimə edilir.

320.6. Hava nəqliyyatında sərnişinin biletsiz aparılmasına görə-

altmış manat məbləğində cərimə edilir.

 

Maddə 321. Sənədsiz sərnişin daşıma

 

Beynəlxalq daşımalar həyata keçirən şəxs tərəfindən müvafiq dövlətin ərazisinə giriş və ya ərazisindən çıxış üçün sənədlərə malik olmayan sərnişinin daşınmasına görə-

fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

 

Maddə 322. Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması

 

322.0. Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulmasına, yəni:

322.0.1. müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusların müəyyən edilmiş hərəkət cədvəlinə və hərəkət sxeminə riayət olunmamasına;

322.0.2. “Taksi” tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsinə;

322.0.3. müəyyən edilmiş tarifdən daha yüksək gediş haqqının tətbiq edilməsinə;

322.0.4. müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsinə;

322.0.5. müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda aparılmasına yol verilməyən əşyaların daşınmasına;

322.0.6. müntəzəm şəhərdaxili marşrutlarda daşıma prosesi ilə bilavasitə əlaqəsi olmadıqda audio cihazlardan istifadə edilməsinə;

322.0.7. taksi minik avtomobilində, müntəzəm və ya qeyri-müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda sərnişinlərin, baqaj yerlərinin sayına və baqajın kütləsinə dair müəyyən olunmuş tələblərə riayət olunmamasına görə-

qırx manatdan əlli manatadək məbləğdə cərimə edilir.

 

Maddə 323. Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydalarında nəzərdə tutulmuş daşınma şərtlərinin pozulması

 

323.1. Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydalarının şamil edildiyi avtomobil daşımaları həyata keçirilərkən həmin qaydalarda nəzərdə tutulmuş qalaq (tökülən) yüklərin, tikinti materiallarının, heyvanların və ya quşların, çörək və çörək-bulka məmulatlarının daşınması şərtlərinin pozulmasına görə-

qırx manatdan əlli manatadək məbləğdə cərimə edilir.

323.2. Əmtəə təyinatlı yüklərin əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilmədən daşınmasına görə-

iyirmi manat məbləğində cərimə edilir.

 

Maddə 324. Xüsusi razılıq (lisenziya) olmadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması, yaxud lisenziya şərtlərinin pozulması

 

324.1. Xüsusi razılıq (lisenziya) olmadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmasına görə-

yüz manat məbləğində cərimə edilir.

324.2. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmalarına dair xüsusi razılıq (lisenziya) şərtlərinin pozulmasına görə-

əlli manat məbləğində cərimə edilir.

 

Maddə 325. Pasport olmadan avtovağzal (avtostansiya) fəaliyyəti ilə məşğul olma və pasportla müəyyən edilmiş müvafiq kateqoriyaya uyğun texnoloji prosesi pozma

 

325.1. Pasport olmadan avtovağzal (avtostansiya) fəaliyyəti ilə məşğul olmağa görə-

min beş yüz manat məbləğində cərimə edilir.

325.2. Avtovağzalın (avtostansiyanın) fəaliyyətinin müvafiq kateqoriyaya uyğun texnoloji prosesinin pozulmasına görə-

beş yüz manat məbləğində cərimə edilir.

 

Maddə 326. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılmasının və sürücülərin tibbi müayinəsinin təşkil edilməməsi

 

Sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə -

vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

 

FƏSİL 29

 

Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar

 

Maddə 327. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması

 

327.1. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-

qırx manat məbləğində cərimə edilir.

327.2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-

altmış manat məbləğində cərimə edilir.

327.3. Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə-

səksən manat məbləğində cərimə edilir.

327.4. Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-

yüz manat məbləğində cərimə edilir.

327.5. Avtomagistrallarda və 5.3 nişanı ilə işarə olunmuş yollarda texniki sürəti 50 km/saatdan az olan nəqliyyat vasitələrinin hərəkət etməsinə, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin ikinci zolaqdan sonrakına keçməsinə, geriyə dönməyə, geriyə hərəkət etməyə və sürmə təlimi keçməyə görə -

yüz manat məbləğində cərimə edilir.

327.6. Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə-

yüz manat məbləğində cərimə edilir.

327.7. Bu Məcəllənin 327.2 - 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 342.7, 343.1 və 346.3-cü maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə -

nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır.

327.8. Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -

iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır.

Qeyd:

1. Bu Məcəllənin 328.2-ci maddəsində nəzərdə tutulmuş xətalar 2 balla, 327.2, 328.3 və 331-ci maddələrində nəzərdə tutulmuş xətalar 3 balla, 327.3 - 327.6, 328.4, 342.7 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xətalar 4 balla qiymətləndirilir.

2. Sürücülük vəsiqəsi idarə etdiyi nəqliyyat vasitəsinin kateqoriyasına uyğun olmayan sürücü bu Məcəllədə nəzərdə tutulmuş balla qiymətləndirilən xətaları törətdikdə, o, nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyətə cəlb edilir və ona törətdiyi xətaya müvafiq bal təyin edilir.

3. Bu Məcəllənin 34.3-cü maddəsində nəzərdə tutulmuş hallarda şəxsin törətdiyi inzibati xətalar balla qiymətləndirilən xətalara aiddirsə, həmin xətalara dair işlərə baxılarkən yalnız daha ciddi xətaya görə müəyyən edilmiş bal təyin edilir.

4. Şəxsin müxtəlif vaxtlarda törətdiyi balla qiymətləndirilən bir neçə inzibati xətaya dair işlərə baxılarkən daha ciddi xətaya görə müəyyən edilmiş bal və hər bir digər xətaya görə bir bal toplanaraq təyin edilir.

5. Bu Məcəllənin 327.8, 333.1 və ya 343.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə görə şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmadan inzibati cərimə tətbiq edildikdə, həmin xəta 5 balla qiymətləndirilir.

6. İnzibati xətanın törədilməsinə görə təyin edilmiş bal inzibati tənbeh tətbiq etmə haqqında qərar qüvvəyə mindiyi vaxtdan 1 (bir) il müddətində qüvvədə olur.

7. Zərər çəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar yol nəqliyyat hadisəsi yerini tərk etmiş şəxsə bu Məcəllənin 327.6-cı maddəsinin qüvvəsi şamil edilmir.

8. Bu Məcəllənin 327.8-ci maddəsində nəzərdə tutulan əməl hərəkət sürətinin həddi 110 km/saat və daha artıq müəyyən edilmiş yolda piyadanın yolun hərəkət hissəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununu ilə piyadaların yolu keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçməsi nəticəsində törədilibsə, həmin hallara bu Məcəllənin 327.8-ci maddəsinin qüvvəsi şamil edilmir.

 

Maddə 328. Yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma

 

328.1. Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə-

on manat məbləğində cərimə edilir.

328.2. Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə-

əlli manat məbləğində cərimə edilir.

328.3. Yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə-

yüz əlli manat məbləğində cərimə edilir.

328.4. Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə-

iki yüz əlli manat məbləğində cərimə edilir.

 

Maddə 329. Təhlükəsizlik kəmərlərindən, motodəbilqələrdən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması

 

329.1. Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə -

qırx manat məbləğində cərimə edilir.

329.2. Motodəbilqə taxmadan və ya onu düymələmədən motosikleti idarə etməyə, yaxud motodəbilqəsi olmayan və ya onu düymələməyən sərnişinləri motosikletdə daşımağa görə -

qırx manat məbləğində cərimə edilir.

329.3. İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə-

otuz manat məbləğində cərimə edilir.

 

Maddə 330. Piyadaya yol verilməməsi

 

330.0. Sürücü tərəfindən piyadaya yol verilməməsinə, yəni:

330.0.1. nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya;

330.0.2. yolayrıcında sürücü sağa və ya sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verilməməsinə görə -

əlli manat məbləğində cərimə edilir.

Qeyd: Bu Məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür.

 

Maddə 331. Keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsi və ya mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsi

 

Xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsinə görə -

yüz manat məbləğində cərimə edilir.

 

Maddə 332. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi

 

332.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-

qırx manat məbləğində cərimə edilir.

332.2. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-

yüz manat məbləğində cərimə edilir.

332.3. Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-

iki yüz manat məbləğində cərimə edilir.

332.4. Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-

dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

332.5. Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan belə nəqliyyat vasitəsinin sərnişin daşımaqla idarə edilməsinə görə-

on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

332.6. Bu Məcəllənin 332.5-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə -

bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

332.7. Bu Məcəllənin 332.5-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə -

iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.

Qeyd: Bu Məcəllənin 332.1, 335.1, 336.1 və 337.1-ci maddələrində “nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs” dedikdə, nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə müqaviləsi əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs başa düşülür.

 

Maddə 333. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi

 

333.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-

dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.

333.2. Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-

nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur.

333.3. Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-

nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

333.4. Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən belə nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə -

nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

333.5. Bu Məcəllənin 333.4-cü maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə -

nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.

Qeyd:

1. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir.

2. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 334. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi

 

334.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-

beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.

334.2. Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-

on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

334.3. Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-

səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

334.4. Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən belə nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə -

bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

334.5. Bu Məcəllənin 334.4-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə, yaxud həmin xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə -

iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.

 

Maddə 335. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsi

 

335.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə-

fiziki şəxslər altmış manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.

335.2. Bu Məcəllənin 335.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-

fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.

335.3. Bu Məcəllənin 335.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsə fiziki və ya maddi zərər vurulmasına görə-

fiziki şəxslər yüz səksən manat məbləğində, vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.

335.4. Ümumi istifadədə olan nəqliyyat vasitəsinin sərnişin daşınması üçün belə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verilməsinə görə -

fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.

335.5. Bu Məcəllənin 335.4-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə -

on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.

335.6. Bu Məcəllənin 335.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə -

fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər altı min manat məbləğində cərimə edilir.

 

Maddə 336. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini sərxoş vəziyyətdə olan şəxsə verilməsi

 

336.1. Sərxoş vəziyyətdə olduğunu bilə-bilə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün həmin şəxsə verilməsinə görə-

fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.

336.2. Bu Məcəllənin 336.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-

fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir.

336.3. Bu Məcəllənin 336.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində fiziki və ya maddi zərər vurulmasına görə-

fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər altı min manat məbləğində cərimə edilir.

336.4. Ümumi istifadədə olan nəqliyyat vasitəsinin sərnişin daşınması üçün sərxoş vəziyyətdə olan şəxsə verilməsinə görə -

fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir.

336.5. Bu Məcəllənin 336.4-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə -

fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər səkkiz yüz manat məbləğində, hüquqi şəxslər altı min manat məbləğində cərimə edilir.

336.6. Bu Məcəllənin 336.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsə fiziki və ya maddi zərər vurulmasına görə -

fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər səkkiz min manat məbləğində cərimə edilir.

 

Maddə 337. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan və sərxoş vəziyyətdə olan şəxsə verilməsi

 

337.1. Nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığını və sərxoş vəziyyətdə olduğunu bilə-bilə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün həmin şəxsə verilməsinə görə-

fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir.

337.2. Bu Məcəllənin 337.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-

fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər altı min manat məbləğində cərimə edilir.

337.3. Bu Məcəllənin 337.1-ci maddəsində nəzərdə tutulmuş xətaların törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsə fiziki va ya maddi zərər vurulmasına görə-

fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər səkkiz yüz manat məbləğində, hüquqi şəxslər səkkiz min manat məbləğində cərimə edilir.

337.4. Ümumi istifadədə olan nəqliyyat vasitəsinin sərnişin daşınması üçün belə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan və sərxoş vəziyyətdə olan şəxsə verilməsinə görə -

fiziki şəxslər altı yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər səkkiz min manat məbləğində cərimə edilir.

337.5. Bu Məcəllənin 337.4-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə -

bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər on iki min manat məbləğində cərimə edilir.

337.6. Bu Məcəllənin 337.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə -

fiziki şəxslər min manat məbləğində, vəzifəli şəxslər iki min beş yüz manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər on beş min manat məbləğində cərimə edilir.

 

Maddə 338. Piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulması

 

338.1. Piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni:

338.1.1. piyada svetoforunun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə;

338.1.2. yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılmasına;

338.1.3. qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşan zaman hərəkət hissəsinin tərk edilməməsinə görə-

iyirmi manat məbləğində cərimə edilir.

338.2. Piyadalar tərəfindən yolun hərəkət hissəsinin, dəmiryol keçidinin müəyyən olunmayan yerdən keçilməsinə görə-

iyirmi manat məbləğində cərimə edilir.

338.3. Sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin bağlanılmamasına, motodəbilqənin geyilməməsinə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılmasına və ya sürücünün nəqliyyat vasitəsini idarə etməkdən yayındırılmasına görə-

otuz manat məbləğində cərimə edilir.

338.4. Velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni:

338.4.1. svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə;

338.4.2. sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınmasına;

338.4.3. yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına;

338.4.4. sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla idarə edilməsinə;

338.4.5. nasaz velosipeddən istifadə etməyə;

338.4.6. piyadaların hərəkətinə maneə yaradılmasına;

338.4.7. keçid üstünlüyü hüququna malik olan olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə-

qırx manat məbləğində cərimə edilir.

338.5. At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni:

338.5.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına;

338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə;

338.5.3. işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə;

338.5.4. at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə;

338.5.5. mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə-

qırx manat məbləğində cərimə edilir.

338.6. Bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilməsinə görə-

yetmiş manat məbləğində cərimə edilir.

338.7. Bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-

səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 339. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin və sürücülük vəsiqəsinin verilməsi və cərimənin alınması qaydalarının pozulması

 

339.1. Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə müqaviləsi (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə-

fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

339.2. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi ilə əlaqədar nəqliyyat vasitəsinin sahibindən qanunvericiliklə nəzərdə tutulmayan sənədlərin tələb edilməsinə, nəqliyyat vasitəsinin qeydiyyata alınmasında və ya qeydiyyatdan çıxarılmasında, yaxud nəqliyyat vasitələrinin texniki baxışının keçirilməsində və ya texniki sazlığı haqqında sənədin verilməsində süründürməçiliyə yol verilməsinə və ya onların həllindən qanunsuz olaraq imtina edilməsinə, yaxud texniki sazlığı haqqında verilmiş sənədin və bu sənəddəki məlumatların həqiqətə uyğun olmamasına görə-

yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.

339.3. Sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi haqqında ərizəyə baxılmamasına, yaxud baxılarkən süründürməçiliyə yol verilməsinə və ya yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxmaqdan əsassız imtina edilməsinə görə-

iki yüz manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir.

339.4. Müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən bu Məcəllənin 150.4-cü maddəsinin tələbləri pozulmaqla cərimənin inzibati xəta törətmiş şəxsdən müvafiq ödəniş sistemlərindən istifadə etmədən bilavasitə alınmasına görə -

üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

339.5. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın bu Məcəllənin 122.1, 123.2, 124.1, 124.4 - 124.6, 125.4 və 126.3-cü maddələrində nəzərdə tutulmuş qaydada və müddətdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə, yaxud bu Məcəllənin 122.1, 125.1, 125.3 və 125.6-cı maddələrində nəzərdə tutulmuş qaydada və müddətdə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilməməsinə (yerləşdirilməməsinə) görə -

beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir.

Qeyd: Şəxs bu Məcəllənin 339.1-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 10 gün ərzində nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirməlidir. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur.

 

Maddə 340. Kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi və texnikanın sazlığı haqqında sənədin verilməsi qaydalarının pozulması

 

340.1. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən kənd təsərrüfatı texnikasının sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə texnikanı dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş texnika icarə müqaviləsi (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə görə -

fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

340.2. Bu Məcəllənin 340.1-ci maddəsində nəzərdə tutulmuş kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatının aparılması, texnikanın qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi ilə əlaqədar texnikanın sahibindən qanunvericiliklə nəzərdə tutulmayan sənədlərin tələb edilməsinə, texnikanın qeydiyyata alınmasında və ya qeydiyyatdan çıxarılmasında, yaxud texniki baxışının keçirilməsində və ya texniki sazlığı haqqında sənədin verilməsində süründürməçiliyə yol verilməsinə və ya onların həllindən qanunsuz olaraq imtina edilməsinə, eləcə də texniki sazlığı haqqında verilmiş sənədin və bu sənəddəki məlumatların həqiqətə uyğun olmamasına görə -

yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.

Qeyd: Şəxs bu Məcəllənin 340.1-ci maddəsində nəzərdə tutulmuş texnikanı dövlət qeydiyyatından və ya “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda 10 gün ərzində texnikanı dövlət qeydiyyatından və ya texniki baxışdan keçirməlidir. Bu müddət ərzində şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur.

 

Maddə 341. Dayanma və ya durma qaydalarını pozmuş şəxsin nəqliyyat vasitəsi barəsində qanunsuz hərəkətlər

 

Bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxsin nəqliyyat vasitəsi mühafizə edilən duracağa aparılarkən həmin şəxs nəqliyyat vasitəsinin yanına yaxınlaşdıqda, onun nəqliyyat vasitəsinin qaytarılmamasına görə-

iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.

Qeyd: Bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxsin nəqliyyat vasitəsinin qaytarılması onun həmin maddələrdə nəzərdə tutulmuş əmələ görə inzibati məsuliyyətə cəlb olunmasını istisna etmir.

 

Maddə 342. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması

 

342.1. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına, yəni:

342.1.1. nəqliyyat vasitəsini qapıları bağlanmamış vəziyyətdə yerindən tərpətməyə və ya onun hərəkəti zamanı qapıları açmağa;

342.1.2. nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə;

342.1.3. dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına;

342.1.4. hərəkət zamanı sükanı əlindən buraxmağa, mühərriki söndürülmüş nəqliyyat vasitəsini ətalətlə idarə etməyə;

342.1.5. su və ya palçığın yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən sıçradılmasına;

342.1.6. nəqliyyat vasitəsinin təkərlərində və ya banında yol örtüyünü zibilləyən palçıq varsa, yaxud onlardan yanacaq-sürtkü materiallarının, kimyəvi maddələrin, tikinti və digər materialların axması olarsa, onlarla örtüyü təkmilləşdirilmiş yollarda hərəkət etməyə;

342.1.7. hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmamasına;

342.1.8. küçəni keçən kor piyadanın işarəsi ilə nəqliyyat vasitəsini dayandırmamasına;

342.1.9. yol-nəqliyyat hadisələri nəticəsində və ya nəqliyyat vasitəsinin nasazlığı səbəbindən zədələnmiş nəqliyyat vasitələrinin daşınması üçün və ya təbii-fəlakət yerlərinə getmək üçün, yaxud qanunla nəzərdə tutulmuş digər təxirəsalınmaz hallarda yükdaşıyan nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşlarına təqdim edilməməsinə;

342.1.10. beynəlxalq yük daşımaları həyata keçirən yük avtomobillərinin və avtobusların nəzarət qurğusu (taxoqraf) olmadan və ya işləməyən, yaxud möhürlənməsi pozulmuş taxoqrafla, habelə sürücünün iş və istirahət rejimini əks etdirən taxoqramları doldurmadan idarə edilməsinə görə-

qırx manat məbləğində cərimə edilir.

342.2. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni:

342.2.1. tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına;

342.2.2. normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə;

342.2.3. nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə;

342.2.4. nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə-

yüz əlli manat məbləğində cərimə edilir.

342.3. Mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə -

beş yüz manat məbləğində cərimə edilir.

342.4. Bu Məcəllənin 342.3-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə -

min manat məbləğində cərimə edilir.

342.5. Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə -

əlli manat məbləğində cərimə edilir.

342.6. Nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə -

əlli manat məbləğində cərimə edilir.

342.7. Dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə-

altmış manat məbləğində cərimə edilir.

342.8. Bu Məcəllənin 342.1.1, 342.1.2, 342.1.4 - 342.1.6, 342.1.8, 342.2.1 - 342.2.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-

iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılır.

342.9. Nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə -

inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.

Qeyd: Bu Məcəllənin 342.2 və 342.5-ci maddələrində nəzərdə tutulmuş nasazlıqlar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda keçirilməli olan texniki baxış zamanı aşkarlandıqda, şəxs məsuliyyətə cəlb edilmir.

 

Maddə 343. Sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina

 

343.1. Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə-

dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.

343.2. Bu Məcəllənin 333.2 və 333.3-cü maddələrində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə-

nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

343.3. Bu Məcəllənin 333.4 və 333.5-ci maddələrində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə-

nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla bir aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.

343.4. Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə-

beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.

343.5. Bu Məcəllənin 334.2-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə-

on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

343.6. Bu Məcəllənin 334.3-cü maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə-

səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

343.7. Bu Məcəllənin 334.4 və 334.5-ci maddələrində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə-

iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.

 

Maddə 344. Tibbi müayinədən keçməyən sürücülər tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsi

 

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tibbi müayinədən keçməyən sürücülər tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsinə görə-

otuz manat məbləğində cərimə edilir.

 

Maddə 345. Nəqliyyat vasitələrinin saxlanılması və təmiri qaydalarının pozulması

 

345.1. Nəqliyyat vasitələrinin saxlanca qəbul edilməsi və saxlanılması qaydalarının pozulmasına görə-

vəzifəli şəxslər altmış manat məbləğində, hüquqi şəxslər yüz əlli manat məbləğində cərimə edilir.

345.2. Banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan təmirə qəbuluna görə-

iki yüz əlli manat məbləğində cərimə edilir.

 

Maddə 346. Dayanma və ya durma qaydalarının pozulması

 

346.1. Dayanma və ya durma qaydalarını pozmağa görə -

iyirmi manat məbləğində cərimə edilir.

346.2. Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə -

qırx manat məbləğində cərimə edilir.

346.3. Ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırmağa görə -

yüz manat məbləğində cərimə edilir.

 

Maddə 347. Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi

 

Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə -

vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxs üç yüz manat məbləğində cərimə edilir.

 

Maddə 348. Nəqliyyat vasitələri ilə təhlükəli yüklərin daşınması qaydalarının pozulması

 

Nəqliyyat vasitələri ilə təhlükəli yüklərin daşınması qaydalarının pozulmasına görə-

fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.

 

 

FƏSİL 30  Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar

FƏSİL 31  Rabitə qaydaları əleyhinə olan inzibati xətalar

FƏSİL 32  İnformasiyadan istifadə edilməsi, onun yayılması və mühafizəsi qaydaları əleyhinə olan inzibati xətalar

FƏSİL 33  Yaşayış sahələrindən istifadə, şəhərsalma, tikinti və abadlaşdırma qaydaları əleyhinə olan inzibati xətalar

FƏSİL 34  İqtisadi fəaliyyət qaydaları əleyhinə olan inzibati xətalar

FƏSİL 35  Ticarət qaydaları əleyhinə olan inzibati xətalar

FƏSİL 36  Vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalar

FƏSİL 37  Gömrük qaydaları əleyhinə olan inzibati xətalar

FƏSİL 38  İctimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xətalar

FƏSİL 39  İdarəçilik qaydaları əleyhinə olan inzibati xətalar

 

FƏSİL 40  Hərbi uçot, hərbi qeydiyyat və səfərbərlik qaydaları əleyhinə olan inzibati xətalar

 

Go to top