I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

FƏSİL 33

 

Yaşayış sahələrindən istifadə, şəhərsalma, tikinti və abadlaşdırma qaydaları əleyhinə olan inzibati xətalar

 

Maddə 393. Yaşayış sahələrindən istifadə qaydalarının pozulması

 

393.1. Yaşayış sahələrində ümumi istifadə yerlərinin, pilləkən meydançalarının, liftlərin, evlərin girişlərinin, evyanı ərazilərin təmiz saxlanması qaydalarının pozulmasına görə -

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar on manatdan iyirmi manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadəkməbləğdə cərimə edilir.

393.2. Yaşayış sahələrinin istifadə edilməsi və mühəndis avadanlığının istismar qaydalarının pozulmasına və ya bunların təsərrüfatsızlıqla saxlanmasına görə -

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

393.3. Yaşayış sahələrinin özbaşına yenidən qurulmasına və (və ya) yenidən planlaşdırılmasına, onlardan başqa məqsədlər üçün istifadəyə görə, əgər bu, şəxslərin hüquqlarını və qanuni mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına real təhlükə yaradırsa -

fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

393.4. Yaşayış binalarının, onların avadanlığının və abadlıq obyektlərinin korlanmasına görə -

fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 394. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində qanunvericiliyin pozulması

 

394.0. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində qanunvericiliyin pozulmasına, yəni:

394.0.1. lisenziya olmadan tikintisinə icazə tələb olunan və ya barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi, yaxud tikintisinə icazə tələb edilən bina və qurğuların mühəndis-axtarış və ya tikinti-quraşdırma işləri ilə məşğul olmağa;

394.0.2. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla müfəssəl planlarda dəyişiklik edilməsinə;

394.0.3. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən ekspertizadan keçirilməsi tələb olunan tikinti layihələrini ekspertizadan keçirmədən tikinti obyektlətinin tikintisinin həyata keçirilməsinə;

394.0.4. müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan dini ibadət yerinin tikintisinə və ya mövcud dini ibadət yerinin yenidən qurulmasına;

394.0.5. mühəndis-axtarış və tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi zamanı tikinti norma və qaydalarını pozmağa;

394.0.6. tikintisinə icazə tələb edilən tikinti obyektinin istismara verilməsi qaydalarını pozmağa;

394.0.7. tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş yazılı göstərişlərinə və tikinti işlərinin dayandırılması ilə bağlı qərarlarına əməl etməməyə görə -

fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 395. Özbaşına tikinti işlərinin aparılması

 

395.1. Müvafiq icra hakimiyyəti orqanının icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə-

fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

395.2. Tikintisinə icazə tələb olunan tikinti obyektlərinin funksional təyinatı dəyişdirilməklə, onlarda qanunsuz olaraq yenidən planlaşdırma və yenidənqurma işlərinin aparılmasına, mühəndis, nəqliyyat şəbəkələrinə, sistemlərinə və qurğularına qoşulmasına və dəyişikliklər edilməsinə görə-

fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

QeydMüvafiq icra hakimiyyəti orqanının icazəsi alınmadan inşa edilən tikinti obyektlərinə mülkiyyət hüququ məhkəmə qaydasında tanındığı hallarda şəxs inzibati məsuliyyət daşımır.

 

Maddə 396. Şəhərləri və digər yaşayış məntəqələrini abadlaşdırma qaydalarının pozulması

 

Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisini abadlaşdırma qaydalarını pozmağa və ya şəhərlərdə və digər yaşayış məntəqələrində təmizliyi və səliqəni təminetmə qaydalarına əməl etməməyə görə-

fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 397. Şəhərlərdə və digər yaşayış məntəqələrində yaşıllıqların başqa yerlərə keçirilməsi və yaxud mühafizəsi üçün tədbirlər görülməməsi

 

Şəhərlərdə və digər yaşayış məntəqələrində tikinti işləri aparılarkən lazımi icazə olmadan yaşıllıqların başqa yerlərə keçirilməsinə, yaxud yaşıllıqların mühafizəsi üçün tədbirlər görülməməsinə görə-

fiziki şəxslər min manatdan min iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə edilir.

Go to top