I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

Mülki silahın əldə edilməsi

 

Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ vardır. Mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazi polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət edə bilər. Silahın alınmasına xüsusi icazə verilir. Xüsusi icazəni əldə etmək üçün vətəndaş tərəfindən aşağıdakı sənədlər təqdim olunur:

  • Ərizə (polis orqanından alınmış blank doldurulur)
  • Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi;
  • Sağlamlıq haqqında tibbi arayış;
  • 3x4 sm ölçüdə iki ədəd fotoşəkil.
  • Ərizə ilə müraciət etmiş şəxslərin məhkumluğu və profilaktiki uçotda olub-olmaması yoxlanılır. Dövlət orqanı tərəfindən xüsusi yoxlanılması həyata keçirilən şəxslər barədə belə yoxlamalar aparılmır.
  • Mülki silahın əldə edilməsinə xüsusi icazə verilməsi üçün vətəndaşın ovçular cəmiyyətinin üzvü olması tələb edilmir.
  • Əcnəbilər vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsini və vətəndaşı olduğu dövlətin səfirliyindən (nümayəndəliyindən) vəsatət məktubu təqdim etməlidir. Bu halda tibbi arayış təqdim edilmir və məhkumluğu yoxlanılmır.

Əcnəbilər xüsusi icazə əsasında əldə etdikləri mülki silahı alındığı vaxtdan 5 gündən gec olmayaraq Azərbaycan Respublikasından aparmalıdırlar. Silahın Azərbaycan Respublikasından aparılma müddəti pozularsa həmin silah müsadirə olunur.

Mülki silahın əldə edilməsinə verilən xüsusi icazənin etibarlılıq müddəti 6 aydır. Xüsusi icazədə aşağıdakı məlumatlar göstərilir:

  • Mülki silahı əldə edən şəxsin soyadı, adı və atasının adı silahın növü, miqdarı, xüsusi icazənin verilmə tarixi və etibarlılıq müddəti.
  • Ticarət təşkilatı tərəfindən mülki silahın əldə edilməsinə verilən xüsusi icazənin arxa hissəsində satılan silahın markası, kalibri, nömrəsi barədə müvafiq qeydlər aparılaraq, imzalanır və möhürlə təsdiqləndikdən sonra vətəndaşa verilir.
  • Vətəndaş xüsusi icazə ilə əldə edilmiş odlu ov və ya idman silahını iki həftə ərzində qeydiyyatdan keçirməlidir. Qeydiyyata alınmış silahın sahibinə vətəndaşın odlu və ya idman silahının saxlanması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə verilir.
  • Odlu ov və ya idman silahının saxlanılması, təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamənin verilməsi zamanı ilkin qeydiyyata görə şərti maliyyə vahidinin 10 misli məbləğində dövlət rüsumunun ödənilməsi barədə qəbz tələb olunur.

 

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının qanununun 18.55-ci bəndinə əsasən odlu ov və ya idman silahının saxlanılması,  təyinatı üzrə istifadə edilməsinə şəhadətnamənin verilməsinə:  

 

-   ilkin qeydiyyata görə                                   10 manat;
-   idman silahlarının təkrar qeydiyyatına görə        5 manat;

xidməti silahın əldə edilməsinə icazənin verilməsinə:
-   ilkin qeydiyyata görə                                  10 manat;
-   təkrar qeydiyyatına görə                               5 manat 
dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur.


Vətəndaşın idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamənin etibarlılıq müddəti 3 ildir. Etibarlılıq müddətinin qurtarmasına 3 ay qalmış onun uzadılması üçün vətəndaşın ərizəsi, silahın saxlanılmasına, gəzdirilməsinə, təyinatı üzrə istifadə edilməsinə verilən xüsusi icazə, silahın özü və təkrar qeydiyyata görə şərti maliyyə vahidinin 5 misli məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz təqdim edilir. Ərizə verildiyi gündən 1 ay müddətinə baxılır. Xüsusi icazə yeni 3 il müddətinə uzadılır.

Özünümüdafiə qaz (tapançalarının, revolverlərin) silahının (aerozol qurğuları istisna olmaqla) əldə edilməsinə, saxlanılmasına, gəzdirilməsinə və təyinatı üzrə istifadə edilməsinə xüsusi icazənin verilməsi - odlu silahın əldə edilməsinə, saxlanılmasına, gəzdirilməsinə və təyinatı üzrə istifadə edilməsinə xüsusi icazənin verilməsi qaydasında həyata keçirilir.

Azərbaycan Respublikasının vətəndaşları silahla təltif olunmaları haqqında sənədləri təqdim etdikdə həmin silahın saxlanılmasma, gəzdirilməsinə və təyinatı üzrə istifadə edilməsinə Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən şəhadətnamə verilir. Vətəndaşlara belə odlu silahları saxlamaq üçün şəhadətnamə dövlət rüsumu tutulmadan, etibarlılıq müddəti göstərilmədən, "təltif" sözü yazılmaqla verilir. Dövriyyəsi Azərbaycan Respublikasında qadağan edilmiş silahlar təltif silahı kimi verilə bilməz.

Təltif silahı hərbi təyinatlı olarsa, onun sahibi öldükdə qohumları tərəfindən dərhal polis orqanına ödənişsiz təhvil verilməlidir. Yivli və yivsiz ov silahları isə ölmüş şəxsin qohumları tərəfindən 10 gün müddətində polis orqanına təhvil verilir, silahın qeydiyyatının dəyişdirilməsi və ya qohumların razılığı ilə satışa verilməsi məsələsinə baxılır.

Mülki silahın bir şəxsin adından digərinin adına qeydiyyatının dəyişdirilməsinə yol verilir. Belə halda silahı verən və alan şəxslərin iştirakı ilə ərizələr təqdim edilir. Odlu silahın yararsız vəziyyətdə olduğu (təmiri mümkün olmaması) aşkar edildikdə onun qeydiyyatı dəyişdirilə bilməz. Belə silahlar polis orqanına ödənişsiz təhvil verilir və uçotdan çıxarılır.

Vətəndaş qanuni əsaslarla mülkiyyətində olan mülki silahı polis orqanını əvvəlcədən xəbərdar etməklə icazəsi olan şəxsə vəsiyyətlə miras qoya bilər.

Vərəsəlik hallarında mülki silahı miras qalmış vərəsənin mülki silahı əldə etmək üçün xüsusi icazəsi yoxdursa, o, 3 ay ərzində həmin icazəni almalıdır. Vərəsə ona miras qalmış mülki silahı əldə etmək üçün xüsusi icazəni almaq istəməzsə və ya ona bu cür icazə verilməzsə, o, bir ay müddətində həmin silahı başqasına ya bağışlamalı, ya polis orqanına təhvil verməli və ya satmalıdır.

Odlu silah sahibi olan vətəndaşlar yaşadıqları yeri dəyişdikdə uçotda olduğu polis orqanına bu barədə məlumat verməli, yeni ünvanını bildirməli, yeni yaşayış yerində yerli polis orqanına 10 gün müddətində müraciət etməli və silahı uçota aldırmalıdırlar.

Mülki silahın əldə edilməsinə xüsusi icazəsi, habelə odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnaməsi olan şəxs xüsusi icazə almadan soyuq ov silahını əldə edə bilər.

Odlu silahın saxlanılmasına və gəzdirilməsinə verilən xüsusi icazə soyuq ov silahının gəzdirilməsinə əsas sayılır.

Vətəndaşın odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnaməsi ona həmin silah üçün sursat əldə olunmasına, saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə hüquq verir.

Pnevmatik silahın və ya aerozol qurğularının əldə edilməsi üçün xüsusi icazə tələb olunmur. Pnevmatik və özünümüdafiə silahını (aerozol qurğuları daxil olmaqla) ticarət müəssisələri yalnız 18 yaşına çatmış vətəndaşlara onların şəxsiyyət vəsiqəsi əsasında satır və bu barədə müvafiq qeyd aparır.

Beş ildən yuxarı istifadəsində yivsiz ov silahı olan və silahın dövriyyəsi ilə bağlı qaydaları pozmayan vətəndaşın, habelə odlu silahın saxlanılmasına və gəzdirilməsinə icazəsi olan silahlı birləşmələrin əməkdaşının yivli lüləli odlu ov silahı əldə etmək, saxlamaq və təyinatı üzrə istifadə etmək hüququ vardır.

Aşağıdakı hallarda vətəndaşa mülki silah əldə etməsinə xüsusi icazə verilməsindən imtina edilir:

  • Onun mülkiyyətində kolleksiya əşyaları istisna olmaqla yeddi ədəddən çox odlu ov və ya idman silahı olduqda;
  • Haqqında alkoqolizm, narkomaniya, ruhi xəstəliklə habelə görmə qabiliyyətinin pozulması ilə bağlı müvafiq səhiyyə orqanının tibbi əks-göstərişi olduqda;
  • Ağır cinayətlərə görə, habelə silah və sursatdan və ya partlayıcı maddələrdən istifadə etməklə törədilmiş cinayətlərə görə məhkum olunduqda;
  • Ov və balıq ovu qaydalarının, odlu silahın və ya döyüş sursatının əldə edilməsi, saxlanılması və tətbiqi qaydalarının, ictimai qaydanın və müəyyən olunmuş idarəçilik qaydalarının pozulmasına görə, habelə odlu silahdan və ya sursatdan istifadə etməklə törədilmiş digər xətalara görə inzibati tənbeh tədbirləri tətbiq edildikdə (həmin inzibati tənbehin tətbiqindən 1 il müddətində);
  • Polis orqanlarında profilaktik və əməliyyat uçotunda olduqda;
  • Fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edildikdə;
  • Silahla təhlükəsiz davranma qaydalarını bilməməsi müəyyən olunduqda;
  • Yaşayış yeri müəyyən olunmadıqda.
Go to top