Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 7 dekabr tarixli, 700 nömrəli Fərmanı ilə təsdiq edilmişdir
Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi
Qaydaları
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 194.1-1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və aksiz markaları ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsi üçün zəruri şərtləri və tələbləri müəyyən edir.
1.2. Bu Qaydaların məqsədləri üçün pərakəndə satış dedikdə bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan, yalnız şəxsi, ailə, məişət və digər bu kimi məqsədlər üçün malların satışını həyata keçirən ticarət fəaliyyəti başa düşülür.
2. Aksiz markaları ilə markalanmalı olan mallar
2.0. Bu Qaydaların məqsədləri üçün aksiz markaları ilə markalanmalı olan mallar aşağıdakılardır (iaşə xidməti göstərilən obyektlərdə qablaşdırılmadan satılan mallar istisna olmaqla):
2.0.1. içməli spirt;
2.0.2. spirtli içkilərin bütün növləri;
2.0.3. pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər;
2.0.4. tütün məmulatları.
3. Aksiz markası ilə markalanmalı olan malların dövriyyəsi ilə bağlı tələblər
3.1. Markalanmalı malların istehsal binasının hüdudlarından kənara çıxarılması, idxalı və ya təqdim edilməsinə aşağıdakı şərtlərə əməl edildiyi hallarda yol verilir:
3.1.1. həmin malların istehsalı, idxalı və ya satışı bunun üçün lisenziyası olan vergi ödəyiciləri tərəfindən həyata keçirildikdə;
3.1.2. həmin malları təqdim edən şəxs tərəfindən malların dəyərinin nağdsız qaydada ödənilməklə əldə edilməsini təsdiq edən sənədlər mövcud olduqda (istehsalçılar tərəfindən həmin malların təqdim edilməsi halları istisna olmaqla);
3.1.3. həmin malın təqdim edilməsi (fiziki şəxslərin fərdi istehlakının ödənilməsi məqsədi ilə pərakəndə ticarət və iaşə obyektlərində təqdim edilmə halları istisna olmaqla) ciddi hesabat blankı ilə rəsmiləşdirildikdə (istehsalçılar tərəfindən həmçinin elektron vergi hesab-fakturası ilə).
3.2. Markalanmalı malların (pivənin və tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) satılması və satış məqsədi ilə alınması zamanı həmin malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilmir.
3.3. Markalanmalı malları istehsal edən, idxal edən, satan və alan (fərdi istehlakının ödənilməsi məqsədi ilə alan fiziki şəxslər istisna olmaqla) şəxslər həmin malların əldə edilməsini təsdiq edən müvafiq sənədləri bu sahədə nəzarəti həyata keçirən Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşlarına onların tələbi ilə təqdim etməlidirlər.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 avqust tarixli, 1022 nömrəli, 2016-cı il 7 noyabr tarixli, 1095 nömrəli Fərmanları ilə edilmiş əlavələrlə