I. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.
II. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz.
Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir.
Maddə 1. Müraciət etmək hüququ
1.1. Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır.
1.2. Vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü həyata keçirirlər. Vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır.
1.3. İrqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətinə görə şəxsin müraciət etmək hüququnu məhdudlaşdırmaq qadağandır.
Maddə 2. Vətəndaşların müraciətləri haqqında qanunvericilik
Vətəndaşların müraciətləri haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.
Maddə 3. Əsas anlayışlar
3.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:
3.0.1. müraciət edən şəxs - fiziki və ya hüquqi şəxs;
3.0.2. müraciət - müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə, şikayət;
3.0.3. təklif - qanunların və digər normativ hüquqi aktların təkmilləşdirilməsi, dövlət və bələdiyyə orqanlarının və digər müraciətə baxan subyektlərin fəaliyyətinin yaxşılaşdırılması, elm, təhsil, mədəniyyət, hüquq, sosial-iqtisadi, yaradıcılıq və başqa sahələrlə bağlı məsələlərin həlli barədə edilən müraciət;
3.0.4. ərizə - hüquq və azadlıqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət;
3.0.5. şikayət - pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət;
3.0.6. müraciətə baxan subyekt - fiziki və hüquqi şəxslərin müraciətlərinə baxmaq və qərar qəbul etmək səlahiyyəti olan dövlət və bələdiyyə orqanları, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları;
3.0.7. müraciətə baxan subyektin canlı yayımlanan teleradio proqramındakı nümayəndəsi - müraciətə baxan subyektin razılığı ilə onu həmin proqramda təmsil edən vəzifəli şəxs;
3.0.8. müraciətə baxan subyektin vəzifəli şəxsi - müraciətə baxan subyektin rəhbəri, dövlət orqanında inzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri olan şəxs, digər müraciətə baxan subyektlərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər;
3.0.9. şifahi müraciət - vətəndaşların fərdi və kollektiv qəbulu zamanı və ya müraciətə baxan subyektin nümayəndəsinin iştirakı ilə canlı yayımlanan teleradio proqramları zamanı, habelə telefon müraciət xidməti vasitəsilə edilən müraciət;
3.0.10. telefon müraciət xidməti - müraciət edənin şifahi müraciətinin qəbulunu, texniki vasitələrin köməyi ilə qeydiyyatını və cavablandırılmasını həyata keçirmək üçün yaradılmış rabitə xidməti;
3.0.11. yazılı müraciət - kağız üzərində və ya elektron formada tərtib edilmiş müraciət;
3.0.12. elektron müraciət - müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilən və ya rəsmi internet saytı vasitəsilə daxil edilən müraciət;
3.0.13. kollektiv müraciət - eyni məsələyə dair iki və daha çox şəxsin birgə müraciəti, yaxud ictimai iştirakçılığın həyata keçirilməsi ilə əlaqədar olan müraciətlər;
3.0.14. təkrar müraciət - müraciətin bu Qanunla müəyyən edilmiş baxılması müddəti ötdükdə və ya həmin müraciət cavablandırıldıqda eyni şəxsin eyni məsələ ilə bağlı eyni müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə göndərdiyi növbəti müraciət;
3.0.15. anonim müraciət - müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə vətəndaşın soyadı, adı, atasının adı, ünvanı, şəxsi və ya elektron imzası (hüquqi şəxslərə münasibətdə hüquqi şəxsin adı və hüquqi ünvanı, onun rəhbərinin imzası) olmadan yazılı formada göndərilən müraciət.
Maddə 4. Vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsipləri
4.0. Vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsipləri aşağıdakılardır:
4.0.1. qanunçuluq;
4.0.2. vətəndaşların müraciət hüququnun sərbəst və könüllü həyata keçirməsinə şərait yaradılması;
4.0.3. müraciətlərə dair tələblərin vahidliyi;
4.0.4. fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması;
4.0.5. müraciətlərə baxılmasında ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi;
4.0.6. müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin fəaliyyətində şəffaflığın təmin edilməsi;
4.0.7. vətəndaşların müraciət etmək hüququ ilə dövlət maraqlarının uzlaşdırılması.
Maddə 5. Bu Qanunun tətbiq dairəsi
5.1. Azərbaycan Respublikasının Konstitusiya qanunlarında, başqa qanunlarda, onların əsasında qəbul edilmiş digər normativ hüquqi aktlarda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, bu Qanunun müddəaları vətəndaşların bütün müraciətlərinə şamil edilir.
5.2. Bu Qanunun müddəaları vətəndaşların məhkəmə icraatı və ya inzibati icraat çərçivəsində etdikləri müraciətlərə şamil edilmir.
5.3. Hərbi qulluqçuların xidmətlə əlaqədar bilavasitə rəislərinə və ya böyük rəislərinə müraciət etmə və onlara baxılması qaydası Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi və İntizam Nizamnaməsi ilə tənzimlənir.
5.4. Referendumun və seçkilərin bilavasitə təşkili və keçirilməsi ilə əlaqədar müraciətlərin edilməsi və onlara baxılması qaydası Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə tənzimlənir.
5.5. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) insan hüquqlarının pozulmasına dair şikayətlərin verilməsi və bu şikayətlərə baxılması qaydası “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə tənzimlənir.
5.6. İnformasiya əldə edilməsi üçün sorğunun verilməsi və informasiya əldə edilməsi haqqında sorğuya baxılması qaydası “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
5.7. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətlərə baxılması qaydası “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
5.8. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərə, habelə normativ hüquqi aktlar və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslərə və fərdi sahibkarlara müraciət edilməsi və həmin müraciətlərə baxılması qaydası bu Qanunla tənzimlənir.
5.9. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, bu Qanunun müddəaları əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin müraciətlərinə şamil edilir.
Maddə 6. Vətəndaşların müraciətlərinə dair tələblər
6.1. Vətəndaşlar müraciətlərini həmin məsələyə baxılmasını bilavasitə təmin etməli olan müraciətə baxan subyektlərə və ya onların vəzifəli şəxslərinə yazılı formada təqdim edir və ya şifahi formada bildirirlər.
6.2. Yazılı müraciətlər şəxsən və ya nümayəndə vasitəsilə təqdim edilir və ya poçt, telefaks, yaxud bu Qanunun 6.7-ci maddəsində göstərilən qaydada göndərilir.
6.3. Yazılı müraciətdə aşağıdakılar göstərilir:
6.3.1. müraciətə baxan subyektin adı və ya onun vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi (vəzifəli şəxsin elektron ünvanına göndərilən müraciətlər istisna olmaqla);
6.3.2. müraciət edən fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı (yaxud işlədiyi yer), hüquqi şəxsin adı və hüquqi ünvanı;
6.3.3. müraciət nümayəndə vasitəsilə təqdim edildikdə, nümayəndənin adı, soyadı, atasının adı və ünvanı.
6.4. Müraciət hüquqi şəxslərin firma rekvizitləri olan blankda göndərildiyi, yaxud fiziki şəxsin əlaqə məlumatlarından ən azı birinin göstərildiyi hallar istisna olmaqla, bu Qanunun 6.3-cü maddəsinin tələblərinə cavab vermədikdə anonim sayılır. Anonim müraciətlər müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən qəbul edilmir və onlara baxılmır.
6.5. Kağız üzərində yazılı müraciəti fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndəsi imzalamalı və tarix qoymalıdır.
6.6. Yazılı müraciət nümayəndə vasitəsilə təqdim edildikdə müraciətə nümayəndənin səlahiyyətlərini təsdiqləyən sənədin surəti əlavə olunmalıdır.
6.7. Elektron müraciət həmin müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir və ya onun rəsmi internet saytına daxil edilir. Müraciətə baxan subyektin rəsmi internet saytına daxil edilən müraciətdə vətəndaşın elektron və ya poçt ünvanı göstərilməlidir.
6.8. Elektron sənəd formasında göndərilən müraciət elektron imza ilə təsdiq olunmalıdır.
6.9. Müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir. Müraciətin mətnində təhqir və böhtana yol verilməməlidir.
Maddə 7. Vətəndaşların yazılı müraciətlərinin qəbulu, qeydiyyatı və onlara baxılması qaydası
7.1. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır.
7.2. Vətəndaşların müraciətləri ilə bağlı kargüzarlıq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır və müraciətə baxan subyektin rəhbəri tərəfindən təmin edilir.
7.3. Müraciətə baxan subyektlərin müraciətlərin qəbul edilməsi və cavablandırılması işini habelə elektron formada həyata keçirmək hüququ vardır.
7.4. Vətəndaşın müraciətinə onun daxilolma tarixi və qeydiyyat nömrəsi qoyulur. Müraciət edən şəxsin tələbi ilə ona müraciətin qeydiyyat nömrəsi, tarixi və onun icraçısına dair məlumat bildirilir.
7.5. Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir.
7.6. Elektron müraciətlərə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən müraciət edənin göstərdiyi elektron ünvan vasitəsilə elektron qaydada və ya müraciət edənin xahişi ilə poçt ünvanı vasitəsilə yazılı cavab verilməklə baxılır. Elektron müraciətdə müraciət edənin elektron ünvanı göstərilmədikdə müraciətə poçt vasitəsilə yazılı cavab verilir.
7.7. Vətəndaşın müraciətinə baxılmasına dair cavab məktubunda müraciətdə göstərilən məsələlərin araşdırılması və görülən tədbirlər və ya həmin məsələlərlə bağlı aidiyyəti üzrə müraciət edilməli subyekt göstərilməlidir.
7.8. Müraciətin baxılmamış saxlanılması, qismən təmin edilməsi və ya rədd edilməsi barədə qərar qəbul olunduqda, müraciət edənə cavab məktubunda həmin qərardan şikayət verilməsi qaydası izah edilir.
7.9. Müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi müraciətdə göstərilən məsələnin həlli ilə əlaqədar əlavə məlumatların öyrənilməsi üçün aidiyyəti üzrə sorğu göndərdikdə həmin sorğuya yeddi iş günündən gec olmayaraq cavab verilməlidir.
7.10. Müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti üç iş günündən gec olmayaraq aidiyyəti üzrə göndərir və müraciət edənə bu barədə məlumat verir. Müraciətdə göstərilən məsələ bir neçə müraciətə baxan subyektin səlahiyyətinə aid edildikdə müraciətin surəti üç iş günündən gec olmayaraq həmin subyektlərə göndərilir.
7.11. Yuxarı dövlət orqanı vətəndaşların müraciətlərini baxılmaq üçün aidiyyəti dövlət və bələdiyyə orqanlarına və ya digər müraciətə baxan subyektə göndərdikdə həmin müraciətə baxılmanın nəticəsi barədə yuxarı dövlət orqanının tələbi ilə müraciətə baxan subyektin rəhbəri tərəfindən ona məlumat verilməlidir.
7.12. Vətəndaşın müraciətində göstərilən məsələlər “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara aid edildikdə müraciətin bu səbəbdən mahiyyəti üzrə cavablandırılmasının mümkünsüzlüyü barədə müraciət edənə məlumat verilir.
7.13. Vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır.
7.14. Bu Qanunun 7.13-cü maddəsi ilə müəyyən edilmiş qadağaya görə vətəndaşın müraciətini aidiyyəti üzrə göndərmək mümkün olmadıqda vətəndaşa qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ izah olunur.
Maddə 8. Müraciətin baxılmamış saxlanılması
8.1. Müraciət aşağıdakı hallarda baxılmamış saxlanılır:
8.1.1. bu Qanunun 5-ci maddəsinə uyğun olaraq müraciətin edilməsi və ona baxılması üçün başqa qayda nəzərdə tutulduqda;
8.1.2. müraciət bu Qanunun 6.4-6.9-cu maddələrində göstərilən tələblərə cavab vermədikdə;
8.1.3. müraciətdə göstərilən məsələ ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;
8.1.4. vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda;
8.1.5. bu Qanunun 7.9-cu maddəsində göstərilən hallarda müraciətin aidiyyəti üzrə göndərilməsi mümkün olmadıqda və ya müraciətdə olan məlumatlar onun həlli və ya aidiyyəti üzrə göndərilməsi üçün kifayət etmədikdə;
8.1.6. müraciət etmiş şəxs bu Qanunun 14.0.2-ci maddəsinə uyğun olaraq ərizə ilə müraciət etdikdə.
8.2. Bu Qanunun 8.1-ci maddəsində göstərilən hallarda müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi müraciət edən şəxsə səbəblər göstərilməklə müraciətin (anonim müraciət istisna olmaqla) baxılmamış saxlanılması barədə beş iş günündən gec olmayaraq, şifahi müraciətin baxılmamış saxlanılması üçün əsas olduqda isə dərhal məlumat verir.
8.3. Müraciətin baxılmamış saxlanmasına əsas verən hallar aradan qaldırıldıqda müraciətə baxan subyekt ona baxılmanı təmin etməlidir.
Maddə 9. Korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlərə baxılmasının xüsusiyyətləri
9.1. Dövlət orqanlarında korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlərə, bu maddənin xüsusiyyətləri nəzərə alınmaqla, bu Qanuna müvafiq olaraq baxılır.
9.2. Korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciət daxil olduqda dövlət orqanının rəhbəri müraciət üzrə xidməti araşdırma təyin edir. Xidməti araşdırmanı müvafiq dövlət orqanında daxili nəzarət xidməti aparır. Xidməti araşdırma 20 iş günü müddətində başa çatdırılmalı və nəticəsi barədə məlumat dövlət orqanının rəhbərinə təqdim olunmalıdır. Əlavə materialların və məlumatların əldə edilməsi tələb olunduqda dövlət orqanı rəhbərinin bu müddəti 10 iş günü uzatmaq hüququ vardır.
9.3. Dövlət orqanının rəhbəri xidməti araşdırmanın nəticəsi barədə məlumatı aldıqdan sonra müraciət üzrə aşağıdakı qərarlardan birini qəbul edir:
9.3.1. müraciətin əsaslı olduğu təsdiq edildikdə, eyni zamanda əməldə mülki-hüquqi və ya inzibati məsuliyyəti yaradacaq əlamətlər olduqda Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülməsi, cinayət əlamətləri olan hüquqpozmalar aşkar edildikdə, müvafiq sənədlərin Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə;
9.3.2. müraciətin əsaslı olması təsdiq edildikdə, lakin əməldə mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyəti yaradacaq əlamətlər olmadıqda aidiyyəti şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə;
9.3.3. müraciətin əsaslı olduğu təsdiq edilmədikdə şikayət üzrə icraata xitam verilməsi barədə.
9.4. Müraciət etmiş şəxsə qəbul olunmuş qərar haqqında əsaslandırılmış cavab verilməklə həmin qərardan şikayət etmək hüququ izah olunur.
9.5. Vətəndaşın dövlət orqanı rəhbərinin qərarından yuxarı dövlət orqanına şikayət vermək hüququ vardır. Bu müddəa vətəndaşın dövlət orqanı rəhbərinin qərarından məhkəməyə şikayət vermək hüququnu məhdudlaşdırmır.
9.6. Dövlət orqanları istisna olmaqla, digər müraciətə baxan subyektlərdə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlərə bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş qaydada 20 iş günü müddətində baxılır.
Maddə 10. Müraciətə baxılması müddəti
10.1. Bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.
10.2. Bu Qanunun 9.2-ci, 9.6-cı, 10.3-cü və 10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır. Bu barədə müraciət edən vətəndaşa, habelə müraciəti baxılmaq üçün bu Qanunun 7.11-ci maddəsinə uyğun olaraq digər müraciətə baxan subyektə göndərmiş yuxarı dövlət orqanına onun tələbi ilə məlumat verilməlidir.
10.3. Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır.
10.4. Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır.
10.5. Bu Qanunun 10.1-10.3-cü maddələrində göstərilən müddətlərin axımı müraciətin müraciətə baxan subyektə daxil olduğu gündən başlanır.
Maddə 11. Vətəndaşların qəbul edilməsi qaydası
11.1. Müraciətə baxan subyektlər vətəndaşların qəbul edilməsini vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ayda bir dəfədən az olmamaqla təmin etməlidirlər.
11.2. Vətəndaşları müraciətə baxan subyektlərin rəhbərləri və ya digər vəzifəli şəxsləri qəbul edirlər.
11.3. Vətəndaşlar əvvəlcədən məlumat verilən günlərdə və saatlarda qəbul edilməlidirlər. Vətəndaşın müraciəti ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi tələb edildikdə müraciətə baxan subyektin rəhbəri və ya digər vəzifəli şəxsləri onları dərhal qəbul etməlidirlər.
11.4. Vətəndaş şəxsiyyətini təsdiq edən sənəd və ya şəxsiyyətini müəyyən edən rekvizitlər və ya elektron imza olduqda elektron xidmətlər vasitəsilə qəbula yazılır. Qəbula gəlmiş vətəndaş şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir.
11.5. Qəbul zamanı təqdim edilmiş yazılı müraciət bu Qanunun 7-ci maddəsinə uyğun olaraq qəbul edilir, qeydiyyata alınır və ona baxılır.
11.6. Vətəndaşın şifahi müraciəti ilə bağlı qəbula dair qeydiyyat-nəzarət vərəqəsində qeyd aparılır. Şifahi müraciətdəki məsələlərin həlli əlavə araşdırma aparılmasını tələb etmədikdə vətəndaşın razılığı ilə müraciət qəbul zamanı şifahi qaydada cavablandırılır. Qəbul zamanı vətəndaşın müraciətini şifahi qaydada cavablandırmaq mümkün olmadıqda müraciət yazılı şəkildə təqdim olunur. Belə müraciətin qəbul edilməsi, qeydiyyatı və ona baxılması qaydası bu Qanunun 11.5-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
11.7. Vətəndaşın qəbulu zamanı onun müraciətində qaldırılan məsələnin digər müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin səlahiyyətinə aid olduğu aşkar edilərsə, müraciət edən şəxsə aidiyyəti üzrə müraciət etmə qaydası izah olunur.
11.8. Müraciətə baxan subyektlərin rəhbərlərinin və digər vəzifəli şəxslərinin səyyar və videoqəbullar, o cümlədən onlayn konfranslar keçirmək hüququ vardır. Bu cür qəbul zamanı təqdim edilən müraciətlərin qəbul edilməsi, qeydiyyatı və ona baxılması qaydası bu maddəyə uyğun olaraq həyata keçirilir.
Maddə 12. Müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin vəzifələri
12.1. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada vətəndaşların yazılı və şifahi formada təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının sərbəst həyata keçirilməsi üçün şərait yaradılmasını təmin etməlidirlər.
12.2. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidirlər.
12.3. Müraciətə baxan subyektlərin vəzifəli şəxsləri vətəndaşların müraciətlərinə baxarkən:
12.3.1. müraciətə obyektiv, hərtərəfli və vaxtında baxılmasını təmin etməlidirlər;
12.3.2. məsələnin mahiyyətini öyrənməli və onun həlli üçün lazımi sənədləri tələb etməlidirlər;
12.3.3. müraciətə baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı formada məlumat verməli, müraciət təmin edilmədikdə bunun səbəblərini göstərməli, şikayət vermək qaydasını izah etməlidirlər;
12.3.4. müraciətlər barəsində əsaslandırılmış qərarların qəbul edilməsini və bu qərarların vaxtında və düzgün yerinə yetirilməsini təmin etməlidirlər.
12.4. Dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətinin və ya işinin tənqid edilməsi ilə bağlı, yaxud vətəndaşın və ya digər şəxslərin hüquq və azadlıqlarının bərpası və müdafiəsi məqsədi ilə edilən müraciətə görə vətəndaşı təqib etmək qadağandır.
12.5. Müraciətlərə baxılması zamanı müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin müraciətdəki məsələlərin həlli ilə əlaqədar əldə olunmuş məlumatları, o cümlədən dövlət sirri təşkil edən və qanunla qorunan digər məlumatları yayması (yazılı müraciətin aidiyyəti üzrə baxılması üçün digər müraciətə baxan subyektlərə və onların vəzifəli şəxslərinə göndərilməsi istisna olmaqla), eləcə də müraciətin həlli ilə bağlı olmayan fərdi məlumatların, o cümlədən xüsusi kateqoriyalı fərdi məlumatların toplanılması, saxlanılması, istifadəsi və yayılması qadağandır.
12.6. Dövlət orqanının (və ya onun vəzifəli şəxsinin) qanunazidd hərəkəti (hərəkətsizliyi) barədə prokurorluq orqanlarına daxil olmuş müraciətlərə bu Qanuna və “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Bu cür müraciətlər prokurorluq orqanlarının səlahiyyətlərinə aid olmadıqda onlar beş iş günü müddətində müraciət edən şəxsə qaytarılır. Vətəndaşın müraciəti müraciətə baxan subyekt (və ya onun vəzifəli şəxsi) tərəfindən aidiyyəti üzrə baxılması üçün prokurorluq orqanına göndərildikdə həmin subyektə (və ya onun vəzifəli şəxsinə) onun xahişi ilə baxılmanın nəticəsi barədə məlumat verilir.
12.7. Azərbaycan Respublikasının Baş prokuroru bu Qanunun 12.6-cı maddəsində göstərilən müraciətlərə baxılmasının nəticələri barədə altı ayda bir dəfədən az olmayaraq müvafiq icra hakimiyyəti orqanına məlumat verir.
Maddə 13. Nəzarətin həyata keçirilməsi
13.1. Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlıq işinin aparılmasına nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
13.2. Bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulmuş nəzarətin həyata keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 14. Müraciətlərə baxılması zamanı vətəndaşların hüquqları
14.0. Müraciətinə baxılan vətəndaşın aşağıdakı hüquqları vardır:
14.0.1. müraciətin tam və hərtərəfli araşdırılması üçün əlavə sənəd və materiallar təqdim etmək və ya bu sənədlərin əldə edilməsini (o cümlədən elektron formada) müraciətə baxan subyektdən xahiş etmək;
14.0.2. müraciətə baxılmasının dayandırılması barədə ərizə ilə müraciət etmək;
14.0.3. təkrar yazılı müraciətə ilkin müraciətə baxılmasının nəticəsi barədə sənədləri əlavə etmək;
14.0.4. ictimai informasiya və fərdi məlumatların əldə edilməsi məqsədi ilə sorğu vermək;
14.0.5. müraciətin baxılmasına dair sənədlərin və materialların digər şəxslərin hüquqlarına və qanuni mənafelərinə toxunmaması və ya qanunla dövlət sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara aid edilməməsi şərti ilə həmin sənəd və materiallarla tanış olmaq;
14.0.6. müraciətin qeydiyyat nömrəsi və daxilolma tarixi barədə, müraciət aidiyyəti üzrə göndərildikdə həmin məktubun qeydiyyat nömrəsi və göndərilmə tarixi barədə məlumat almaq;
14.0.7. müraciətə baxılması barədə yazılı cavab və ya müraciətin aidiyyəti üzrə göndərilməsinə dair məlumat almaq;
14.0.8. müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək;
14.0.9. müraciətin məzmununda vətəndaşın ailə və şəxsi həyatına aid sirr olan, habelə peşə və ya kommersiya sirri olan sənədlərin və ya məlumatların məxfiliyinin təmin olunmasını tələb etmək.
Maddə 15. Canlı yayımlanan teleradio proqramları və ya telefon müraciət xidməti vasitəsilə edilən şifahi müraciətlərin xüsusiyyətləri
15.1. Canlı yayımlanan teleradio proqramları vasitəsilə edilən şifahi müraciət üzrə əlavə araşdırma aparmadan izah verilməsi mümkün olduqda müraciətə baxan subyektin həmin proqramda iştirak edən nümayəndəsinin qeydiyyat aparmadan müraciəti canlı yayımda cavablandırmaq hüququ vardır.
15.2. Vətəndaşların canlı yayımlanan teleradio proqramları zamanı edilən müraciətlərinin dərhal cavablandırılması mümkün olmadıqda müraciətin qəbul edilməsi, qeydiyyatı və ona baxılması qaydası bu Qanunun 7-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
15.3. Telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılması bu Qanunun tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
Maddə 16. Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Maddə 17. Yekun müddəa
“Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 417; 1998, № 7, maddə 444; 1999, № 10, maddə 570; 2001, № 3, maddə 151, № 11, maddə 697, № 12, maddə 736; 2002, № 8, maddə 463; 2004, № 1, maddə 10; 2006, № 5, maddə 390, № 12, maddə 1005; 2007, № 11, maddə 1053; 2010, № 3, maddə 173; 2011, № 7, maddə 615) ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2015-ci il.
“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının
2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində:
1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.2. həmin Qanunun pozulmasına görə məsuliyyət müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.3. həmin Qanunun 7.2-ci maddəsinə uyğun olaraq, dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.4. həmin Qanunun 13.2-ci maddəsinə uyğun olaraq, dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsi qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.5. həmin Qanunun 5.8-ci maddəsinə uyğun olaraq, ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.6. həmin Qanunun 15.3-cü maddəsinə uyğun olaraq telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
1.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci, 12.7-ci və 13.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Qanunun 5.8-ci və 15.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.3. həmin Qanunun 13.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirir.
3. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 12.7-ci maddəsində nəzərdə tutulmuş məlumata dövlət orqanının qanunazidd qərarları və onun vəzifəli şəxsinin qanunazidd hərəkətləri (hərəkətsizliyi) barədə məlumatlar da daxil edilir.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 noyabr 2015-ci il.
“Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə uyğun olaraq qərara alıram:
1. “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
4. “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, N 12, maddə 766; 2007, N 8, maddə 765) ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 iyun 2016-cı il
№ 950
Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması qaydası
1. Ümumi müddəalar
1.1. Bu qayda “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli qanununun (bundan sonra - Qanun) 7.2-ci maddəsinə əsasən hazırlanmışdır və dövlət və bələdiyyə orqanları, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları, həmçinin qanunun 5.8-ci maddəsi ilə müəyyən olunan şəxslər (bundan sonra - təşkilatlar) tərəfindən vətəndaşların, o cümlədən digər fiziki və hüquqi şəxslərin (bundan sonra - vətəndaşlar) təklif, ərizə və şikayətlərinin (bundan sonra - müraciətlər) qəbulu, qeydiyyata alınması, baxılması, cavablandırılması və arxivləşdirilməsi ilə bağlı kargüzarlığın aparılmasını tənzimləyir.
1.2. Bu qaydada istifadə olunan anlayışlar qanunun 3-cü maddəsi ilə müəyyən edilmiş mənalarda işlədilir.
1.3. Vətəndaşların müraciətləri ilə bağlı kargüzarlıq təşkilatın kargüzarlıq xidməti və ya xüsusi olaraq bu məqsəd üçün ayrılan əməkdaşlar (bundan sonra - kargüzarlıq xidməti) tərəfindən digər növ kargüzarlıq işlərindən ayrıca aparılır.
1.4. Təşkilatın strukturundan, habelə daxil olan müraciətlərin həcmindən asılı olaraq, vətəndaşların müraciətləri ilə bağlı kargüzarlıq sistemi mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş qaydada təşkil edilir.
1.5. Struktur bölmələrinin sayı az və il ərzində daxil olan müraciətlərin sayı 25000-dək olan təşkilatlarda kargüzarlıq mərkəzləşdirilmiş qaydada aparılır. Strukturu mürəkkəb və il ərzində daxil olan müraciətlərin sayı 25000-dən çox olan, habelə struktur bölmələri ayrı-ayrı ərazilərdə yerləşən təşkilatların kargüzarlığı mərkəzləşdirilməmiş qaydada aparmaq hüququ vardır.
1.6. Mərkəzləşdirilmiş kargüzarlıq sistemində daxil olan müraciətlərin qəbulunu, göndərilməsini, uçotunu, struktur bölmələrə paylanmasını, habelə onların qeydiyyata alınmasını, rəsmiləşdirilməsini və işlərin formalaşdırılmasını kargüzarlıq xidməti həyata keçirir.
1.7. Mərkəzləşdirilməmiş kargüzarlıq sistemində daxil olan müraciətlərin qəbulunu, göndərilməsini, uçotunu, struktur bölmələrə paylanmasını təşkilatın kargüzarlıq xidməti, onların qeydiyyata alınmasını, rəsmiləşdirilməsini, işlərin formalaşdırılmasını isə struktur bölmələr həyata keçirir.
1.8. Bu qaydanın müddəaları vətəndaşların qanunun 5.2 - 5.7-ci maddələrində göstərilən müraciətlərinə şamil edilmir. Bu cür müraciətlər təşkilatlara daxil olduqda, qanunun 8.1.1-ci maddəsinə əsasən onlara baxılmır və müraciət edən şəxsə beş iş günündən gec olmayaraq bu barədə məlumat verilir.
1.9. Təşkilatlarda vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın bu qaydanın tələblərinə uyğun aparılmasına onların rəhbərləri cavabdehdirlər. Təşkilatların rəhbərləri kargüzarlıq xidməti tərəfindən vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın bu qaydanın tələblərinə riayət edilməklə aparılmasına “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsi qaydası”na əsasən nəzarət edirlər və kargüzarlığın təkmilləşdirilməsi üçün tədbirlər görürlər.
1.10. Vətəndaşların müraciət etmək hüququnun pozulması hallarının və bu halların yaranma səbəblərinin vaxtında aşkar edilməsi məqsədi ilə təşkilatın kargüzarlıq xidməti vətəndaşların müraciətlərinin təhlili və ümumiləşdirilməsi əsasında aylıq, rüblük və illik arayışlar hazırlayıb onları təşkilatın rəhbərinə, ilin yekunlarına dair hesabatları isə yuxarı dövlət orqanlarına təqdim edir.
1.11. Telefon müraciət xidməti vasitəsilə vətəndaşların şifahi müraciətlərinin qəbulu, qeydiyyatı və cavablandırılması qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həyata keçirilir.
1.12. Təşkilatlarda vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın elektron qaydada aparılması, qanunun və bu qaydanın tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın 18-ci fəslinə uyğun olaraq həyata keçirilir.
2. Vətəndaşların müraciətlərinin qəbulu və qeydiyyata alınması
2.1. Vətəndaşların qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş tələblərə cavab verən yazılı və şifahi müraciətləri təşkilatlar tərəfindən qəbul edilməli və daxil olduğu gün qeydiyyat-nəzarət vərəqəsində (1 nömrəli əlavə) qeydiyyata alınmalıdır.
2.2. Qeydiyyat-nəzarət vərəqələri vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın elektron qaydada aparıldığı təşkilatlarda elektron formada, digər təşkilatlarda əl ilə, yaxud elektron formada, bir nüsxəsi kargüzarlıq xidmətində qalmaq şərtilə, icraçıların sayından asılı olaraq tərtib edilir və bu qaydanın 1 nömrəli əlavəsinə uyğun olaraq qeydiyyat-nəzarət vərəqəsinin doldurulmasına dair göstəricidə müəyyən edilmiş qaydada doldurulur.
2.3. Xarici dildə, habelə sekoqram formasında daxil olan müraciətlərdə müraciət edənə dair məlumatları əldə etmək mümkün olduqda belə müraciətlər qeydiyyata alındıqdan sonra, müraciət edənə dair məlumatların əldə edilməsi mümkün olmadıqda isə kargüzarlıq xidməti onları qeydiyyata almazdan əvvəl ən geci 3 iş günü müddətində tərcümə olunmasını təmin etməlidir.
2.4. Müraciətlərin qeydiyyatı zamanı onlara əlavə olunan sənədlərin tam olmadığı və yaxud korlandığı aşkar edilərsə, kargüzarlıq xidməti bu cür müraciətləri akt tərtib etməklə qeydə alır və müraciətdə göstərilən əlaqə məlumatlarından istifadə etməklə, müraciət edən şəxsi bu barədə ən geci 3 (üç) iş günü müddətində məlumatlandırır.
2.5. Əgər daxil olmuş müraciəti göndərən şəxsin ünvanını, habelə müraciətin göndərilmə (alınma) vaxtını yalnız zərfdə qeyd olunan ünvan və poçt ştempelinin tarixi əsasında müəyyənləşdirmək olursa, belə müraciətlərin zərfləri saxlanılır.
2.6. Anonim müraciətlər qanunun 6.4-cü maddəsinə uyğun olaraq təşkilatlar tərəfindən qeydiyyata alınmır və onlara baxılmır. İstirahət, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü daxil olan müraciətlər növbəti iş günündən gec olmayaraq qeydiyyata alınır.
2.7. Vətəndaşların elektron müraciətləri kargüzarlıq xidmətində çap edilir (kargüzarlığın elektron qaydada aparıldığı təşkilatlar istisna olmaqla), bu qaydaya uyğun olaraq qeydiyyata alınır və onlara dair tərtib olunan qeydiyyat-nəzarət vərəqəsində müraciətin elektron olması qeyd edilir.
2.8. Müraciətlərin qeydiyyata alınması üçün onların üzərinə vurulan qeydiyyat ştampında (2 nömrəli əlavə) müraciətin daxilolma nömrəsi və tarixi, habelə vərəqlərin sayı göstərilir. Daxilolma nömrəsi müraciət edən şəxsin soyadının baş hərfindən və daxil olmuş müraciətin sıra nömrəsindən ibarətdir (məsələn, D-401). Təşkilata daxil olmuş kollektiv müraciətlərin daxilolma nömrəsinin əvvəlinə “kollektiv” sözünün ixtisarı (Kol.) hərfləri əlavə edilir. Vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın elektron qaydada aparıldığı təşkilatlarda müraciətin kollektiv olması elektron informasiya sistemində müvafiq qeyd aparılmaqla göstərilir. Vətəndaşların müraciətlərinin saxlanılmasını, təhlilini, axtarışını və sistemləşdirilməsini asanlaşdırmaq məqsədi ilə kargüzarlıq xidmətinin müraciətin daxilolma nömrəsinə digər işarələr əlavə etmək hüququ vardır.
2.9. Kollektiv müraciətlərin qeydiyyat-nəzarət vərəqəsinin “Qısa məzmun” qrafasında müraciətin məzmunu ilə yanaşı, onu imzalamış şəxslərin ümumi sayı və ən azı ikisinin soyadı və adı göstərilməlidir.
2.10. Müraciətlər qeydiyyata alındığı gün baxılmaq üçün təşkilatın rəhbərinə və yaxud müraciətin bilavasitə ünvanlandığı digər vəzifəli şəxslərinə təqdim olunur. Təşkilatın rəhbəri və yaxud müraciətin bilavasitə ünvanlandığı digər vəzifəli şəxsləri müvəqqəti işdə olmadıqda müraciət baxılmaq üçün onların səlahiyyətlərini icra edən şəxsə təqdim olunur. Təşkilatın rəhbərinin və yaxud müraciətin bilavasitə ünvanlandığı digər vəzifəli şəxslərinin müraciətə baxılması ilə bağlı dərkənarında icraçı, müraciətin daxilolma nömrəsi və tarixi qeyd edilir. Dərkənarda bir neçə icraçı qeyd edildikdə, birinci icraçı müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə baxılması üçün cavabdehdir.
2.11. Müraciətlər təşkilatın bir struktur bölməsindən digər struktur bölməsinə təşkilat rəhbərinin razılığı ilə müvafiq struktur bölmənin rəhbərinin imzaladığı məktubla, təşkilatın kargüzarlıq xidməti vasitəsilə, qeydiyyat-nəzarət vərəqəsində qeyd aparılmaqla təqdim olunur.
2.12. Müraciət edənin tələbi ilə ona müraciətin daxilolma nömrəsi və tarixi, habelə onun icraçısı barədə məlumat telefon vasitəsilə bildirilir.
2.13. Vətəndaşların təkrar müraciətləri (sahibkarlıq fəaliyyəti ilə bağlı olan şikayətlər istisna olmaqla) qeydiyyata alınarkən onlara ilkin müraciətin daxilolma nömrəsi verilir və kəsr işarəsi qoyulmaqla sıra sayı əlavə edilir (məsələn, D-401, D-401/2, D-401/3).
2.14. Eyni müraciət edən şəxsin eyni məsələ ilə bağlı digər təşkilata və ya onun vəzifəli şəxslərinə etdiyi müraciətlər, habelə vətəndaşların qanunun 7.10-cu maddəsinə əsasən aidiyyəti üzrə göndərilən müraciətləri baxılmaq üçün eyni müraciətə baxan subyektə daxil olduqda, bu qaydanın 2.13-cü bəndinə uyğun olaraq qeydiyyata alınır.
2.15. Təkrar müraciətin yuxarı sağ küncündə və qeydiyyat-nəzarət vərəqəsində “Təkrar” qeydi yazılır və bütün əvvəlki yazışmalar ona əlavə edilir. Vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın elektron qaydada aparıldığı təşkilatlarda daxil olmuş təkrar müraciət elektron informasiya sistemində əvvəlki müraciətlərlə əlaqələndirilir.
2.16. Təkrar müraciətlərin qeydiyyat-nəzarət vərəqəsinin “Əvvəlki müraciətlər” qrafasında həmin vətəndaşın ilkin müraciətinin daxilolma nömrəsi və tarixi, ona nəzarətlə (nəzarətsiz) baxılmasına dair məlumat və müraciətin mövzusu göstərilməklə yanaşı, onun baxılmaq üçün kimə göndərilməsi barədə məlumat da qeyd olunur.
2.17. Sahibkarlıq fəaliyyəti göstərən vətəndaşların öz sahibkarlıq fəaliyyəti ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və onların struktur (yerli) qurumlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) verdikləri təkrar şikayətlərin qəbulu və qeydiyyatı bu qaydanın 2.13-cü bəndinə uyğun olaraq aparılır.
2.18. Vətəndaşın ilkin müraciətinə qanunun 10-cu maddəsi ilə müəyyən edilmiş baxılma müddəti bitmədən eyni təşkilata həmin məsələ ilə bağlı daxil olmuş növbəti müraciəti təkrar müraciət hesab edilmir, lakin bu qaydanın 2.13-cü bəndinə uyğun olaraq qeydiyyata alınır və ilkin müraciətə əlavə edilir.
2.19. Eyni vətəndaşın qanunun 6.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş və ya göndərilmiş eyni məzmunlu yazılı müraciətləri təşkilata eyni tarixdə daxil olduqda, kargüzarlıq xidməti onlara eyni daxilolma nömrəsi verir və digər müraciətləri ilk daxil olan müraciətə əlavə edir.
2.20. Vətəndaşın eyni məsələ ilə bağlı eyni təşkilatın bir neçə vəzifəli şəxsinə müraciətlərinin qəbulu, qeydiyyatı və cavablandırılması müstəqil müraciət kimi bu qaydaya uyğun olaraq həyata keçirilir.
2.21. Vətəndaşların canlı yayımlanan teleradio proqramları zamanı etdikləri müraciətlər bu qaydanın 4.5-ci bəndinə uyğun olaraq qəbul edilir, qeydiyyata alınır və cavablandırılır. Bu cür müraciətlərin dərhal cavablandırılması mümkün olmadıqda, müraciətə baxan subyektin razılığı ilə onu həmin proqramda təmsil edən vəzifəli şəxs müraciətin qəbulunu, qeydiyyatını və cavablandırılmasını bu qaydanın tələbləri nəzərə alınmaqla həyata keçirir.
3. Müraciətlərə baxılması və onların cavablandırılması
3.1. Müraciətdə göstərilən məsələyə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə, müraciət baxılmış hesab olunur.
3.2. Müraciətə baxılma müddətinin axımı müraciətin kargüzarlıq xidmətində qeydə alındığı gündən hesablanır.
3.3. Təşkilatların vətəndaşların müraciətlərini yazılı (o cümlədən elektron qaydada) və şifahi cavablandırmaq hüququ vardır.
3.4. Vətəndaşların yazılı müraciətlərinə təşkilatlar tərəfindən dövlət dilində cavab verilir. Vətəndaşın müraciəti ilə bağlı cavab məktubu xarici ölkə ərazisinə göndərildikdə, təşkilatın dövlət dilində yazılmış cavab məktubuna müraciətin daxil olduğu xarici dilə qeyri-rəsmi tərcüməsini də əlavə etmək hüququ vardır.
3.5. Vətəndaşların yazılı müraciətlərinə cavab məktubu icraçı tərəfindən hazırlanır. Müraciətə baxılmaya dair dərkənarda bir neçə icraçı olduqda, digər icraçılar müraciətə baxılma müddətinin bitməsinə ən geci 3 (üç) iş günü qalmış müraciətə baxılma ilə əlaqədar rəylərini yazılı və ya şifahi qaydada birinci icraçıya təqdim etməlidirlər. Bu zaman cavab məktubu birinci icraçı tərəfindən digər icraçılarla razılaşdırmaqla hazırlanır. Vətəndaşların yazılı müraciətlərinə cavab məktublarının mətni “Arial” 12 şrifti ilə A4 formatlı kağızda bir və ya bir yarım sətirarası intervalla yazılır və təşkilatın blankında çap olunur.
3.6. Vətəndaşın müraciətinə baxılmasına dair cavab məktubu təşkilatın rəhbəri və yaxud digər vəzifəli şəxsləri tərəfindən imzalanır. Cavab məktubunu imzalamalı olan vəzifəli şəxs müvəqqəti işdə olmadıqda, müraciəti onun səlahiyyətlərini icra edən şəxs imzalayır.
3.7. Bu qaydanın 3.24-cü bəndinə uyğun olaraq, yuxarı dövlət orqanından baxılmanın nəticəsi barədə məlumat vermək tələbi ilə daxil olan müraciətlərə dair təşkilatın yuxarı dövlət orqanına cavab məktubunu təşkilatın rəhbəri, o, olmadıqda isə onun səlahiyyətlərini icra edən müavini imzalayır.
3.8. Vətəndaşların müraciətlərinə baxılmasına dair cavab məktubunda müraciətin daxilolma nömrəsi, müraciətdə göstərilən məsələlərin araşdırılması və görülən tədbirlər və ya həmin məsələlərlə bağlı aidiyyəti üzrə müraciət edilməli subyekt göstərilməlidir.
3.9. Vətəndaşın müraciətinin şifahi formada cavablandırılması bu qaydanın 4.5-ci bəndinə uyğun olaraq həyata keçirilir.
3.10. Elektron müraciətlərə təşkilatlar tərəfindən müraciət edənin göstərdiyi elektron ünvan vasitəsilə elektron qaydada və ya müraciət edənin xahişi ilə poçt ünvanı vasitəsilə yazılı cavab verilməklə baxılır. Elektron müraciətdə müraciət edənin elektron ünvanı göstərilmədikdə, müraciətə poçt vasitəsilə yazılı cavab verilir. Elektron sənəd formasında göndərilən cavab məktubu elektron imza ilə təsdiq edilməlidir.
3.11. Vətəndaşın təkrar müraciətinə bir təqvim ili ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə, eləcə də təkrar müraciətdə məsələnin həlli ilə bağlı yeni məlumatlar olmadıqda, müraciət baxılmamış saxlanılır və qanunun 8.2-ci maddəsinə uyğun olaraq, müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsləri vətəndaşa bu barədə məlumat verir.
3.12. Təşkilatın bu qaydanın 2.19-cu bəndinə uyğun olaraq qeydiyyata alınmış müraciətləri vətəndaşın razılığı ilə bu qaydanın 3.4-cü-3.6-cı və ya 3.10-cu bəndlərinə uyğun olaraq cavablandırmaq hüququ vardır.
3.13. Vətəndaşın bu qaydanın 2.17-ci bəndində nəzərdə tutulan müraciətlərinə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının apelyasiya şuraları haqqında Əsasnamə”yə və “Yerli icra hakimiyyəti orqanlarının apelyasiya şuraları haqqında Əsasnamə”yə uyğun olaraq baxılır.
3.14. Vətəndaşın bu qaydanın 2.18-ci bəndində nəzərdə tutulan müraciətlərini icraçı vahid cavab məktubu ilə cavablandırır.
3.15. Müraciətin baxılmamış saxlanılması üçün əsas olduqda, bu barədə müvafiq arayış tərtib edilir və həmin arayışın üzərində təşkilat rəhbərinin “Baxılmamış saxlanılsın” dərkənarı yazılmaqla, müraciət kargüzarlıq xidmətində işə alınır. Müraciətin baxılmamış saxlanılmasına əsas verən hallar aradan qaldırıldıqda, təşkilat ona baxılmanı təmin etməlidir.
3.16. Vətəndaşın müraciətində göstərilən məsələlər “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara aid edildikdə müraciətin bu səbəbdən mahiyyəti üzrə cavablandırılmasının mümkünsüzlüyü barədə müraciət edənə məlumat verilir.
3.17. Təşkilatlar və ya onların vəzifəli şəxsləri, müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti 3 (üç) iş günündən gec olmayaraq aidiyyəti üzrə göndərir və müraciət edənə bu barədə məlumat verir. Müraciətdə göstərilən məsələ bir neçə müraciətə baxan subyektin səlahiyyətinə aid edildikdə müraciətin surəti 3 (üç) iş günündən gec olmayaraq həmin subyektlərə göndərilir.
3.18. Vətəndaşın müraciəti baxılmaq üçün aidiyyəti üzrə göndərildikdə, müşayiət məktubunda onun daxilolma nömrəsindən əvvəl müvafiq strukturun və ya vəzifəli şəxsin kargüzarlıq indeksi qeyd olunur və müşayiət məktubunun surəti təşkilatın kargüzarlıq xidmətinə həmin gün verilir.
3.19. Müraciətin baxılmamış saxlanılması, qismən təmin edilməsi və ya rədd edilməsi barədə qərar qəbul olunduqda, müraciət edənə cavab məktubunda həmin qərardan şikayət verilməsi qaydası izah edilir.
3.20. Müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi müraciətdə göstərilən məsələnin həlli ilə əlaqədar əlavə məlumatların öyrənilməsi üçün aidiyyəti üzrə sorğu göndərdikdə, həmin sorğuya 7 (yeddi) iş günündən gec olmayaraq cavab verilməlidir.
3.21. Vətəndaş yuxarı dövlət orqanından şikayət verdiyi halda onun müraciətinin baxılmaq və cavablandırılmaq üçün aşağı dövlət orqanına göndərilməsinə yol verilmir.
3.22. Yuxarı dövlət orqanından vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır.
3.23. Bu qaydanın 3.22-ci bəndi ilə müəyyən edilmiş qadağaya görə vətəndaşın müraciətini aidiyyəti üzrə göndərmək mümkün olmadıqda, vətəndaşa qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ izah olunur.
3.24. Yuxarı dövlət orqanından baxılmanın nəticəsi barədə məlumat vermək tələbi ilə daxil olan müraciətlər, həmçinin müraciətə baxan təşkilatın rəhbərinin göstərişi ilə müraciətlər nəzarətə götürülür. Bu halda qeydiyyat-nəzarət vərəqəsinin bütün nüsxələrinə və müraciətin üzərinə “Nəzarətdədir” ştampı vurulur. Vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın elektron qaydada aparıldığı təşkilatlarda müraciətin nəzarətdə olması elektron informasiya sistemində müvafiq qeyd aparılmaqla göstərilir.
3.25. Vətəndaşın müraciətinə mahiyyəti üzrə baxıldıqdan və baxılma nəticəsində onun təmin edilməsi, qismən təmin edilməsi, rədd edilməsi və yaxud baxılmamış saxlanılması barədə qərarlardan biri qəbul edildikdə, vətəndaşa əsaslandırılmış cavab verildikdən sonra müraciət təşkilatın rəhbəri tərəfindən nəzarətdən çıxarılır. Əks halda, müraciətin nəzarətdən çıxarılmasına yol verilmir.
3.26. Vətəndaşların müraciətlərinə icraçılar tərəfindən mahiyyəti üzrə baxıldıqdan sonra həmin müraciətlər, onlarla əlaqədar toplanmış materiallar və qeydiyyat-nəzarət vərəqələri kargüzarlığın aparılması və bu qaydanın 5.4-cü bəndində nəzərdə tutulan kartotekaların mərkəzləşdirilmiş şəkildə formalaşdırılması məqsədi ilə kargüzarlıq xidmətinə qaytarılmalıdır. Bu zaman həmin müraciətin üzərində qərarı qəbul edən vəzifəli şəxsin “İşə alınsın” dərkənarı, imzası və tarix olmalıdır.
4. Vətəndaşların qəbulu
4.1. Vətəndaşlar təşkilat rəhbərinin təsdiq etdiyi vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ayda bir dəfədən az olmayaraq, əvvəlcədən tərtib edilmiş qəbul siyahısına əsasən, qabaqcadan bildirilən günlərdə və saatlarda təşkilatın rəhbəri və ya digər vəzifəli şəxsləri tərəfindən qəbul edilirlər.
4.2. Vətəndaşların müraciəti ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməsi tələb edildikdə, təşkilatın rəhbəri və ya digər vəzifəli şəxsləri onları dərhal qəbul etməlidirlər.
4.3. Vətəndaşlar təşkilat tərəfindən vətəndaşların qəbulu üçün ayrılmış qəbul otağına müraciət etmək və ya onun rəsmi internet saytında qeydiyyatdan keçmək yolu ilə qanunun 11.4-cü maddəsinə uyğun olaraq qəbula yazılırlar. Hər iki qaydada qəbula yazılmış vətəndaş qəbul günü şəxsiyyət vəsiqəsini, müraciət edən vətəndaşın adından qəbula onun nümayəndəsi gəldikdə isə onun səlahiyyətlərini təsdiq edən sənədi təqdim etməlidir.
4.4. Vətəndaşın qəbul zamanı təqdim etdiyi yazılı müraciət bu qaydanın 2-ci hissəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır. Bu cür müraciətə bu qaydanın 3-cü hissəsinə uyğun olaraq baxılır.
4.5. Vətəndaşın qəbul zamanı etdiyi şifahi müraciətilə bağlı qeydiyyat-nəzarət vərəqəsində qəbula dair qeyd aparılır. Şifahi müraciətdəki məsələnin həlli əlavə araşdırma tələb etmədikdə, vətəndaşın razılığı ilə müraciət qəbul zamanı şifahi qaydada cavablandırılır. Qəbul zamanı vətəndaşın müraciətini şifahi qaydada cavablandırmaq mümkün olmadıqda, müraciət yazılı qaydada təqdim olunur. Belə müraciətin qəbul edilməsi, qeydiyyatı və ona baxılması bu qaydanın 4.4-cü bəndinə uyğun olaraq həyata keçirilir.
4.6. Vətəndaşın qəbulu zamanı onun müraciətində qaldırılan məsələnin digər müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin səlahiyyətinə aid olduğu aşkar edilərsə, müraciət edən şəxsə aidiyyəti üzrə müraciətetmə qaydası izah olunmalıdır.
4.7. Təşkilatın rəhbəri və ya digər vəzifəli şəxsləri videoqəbullar, o cümlədən onlayn konfranslar keçirdikləri zaman vətəndaşlar tərəfindən edilən müraciətlər elektron fayl şəklində elektron informasiya sistemində qeydiyyata alınır. Bu cür müraciətlər üçün də qeydiyyat-nəzarət vərəqəsi tərtib edilir və onlara bu qaydanın tələbləri nəzərə alınmaqla baxılır.
4.8. Təşkilatın rəhbəri və ya digər vəzifəli şəxsləri səyyar qəbul keçirdikləri zaman vətəndaşlar tərəfindən edilən müraciətlərin qəbulu, qeydiyyatı və onlara baxılması bu qaydanın tələbləri nəzərə alınmaqla həyata keçirilir.
5. Yekun müddəalar
5.1. Vətəndaşların müraciətləri, onlara baxılması ilə əlaqədar toplanmış materiallar və verilmiş cavablar, həmçinin vətəndaşların qəbulu ilə bağlı sənədlər təşkilatların təsdiq edilmiş nomenklaturu əsasında əlifba sırası ilə iş qovluqlarında yığılır.
5.2. Hər bir müraciət, o cümlədən vətəndaşların təkrar və baxılmamış saxlanılan müraciətləri, onlara dair toplanmış materiallar və verilmiş cavablar da daxil olmaqla, iş qovluqlarında ayrıca yığılır. Müraciətin yığıldığı qovluğun iş və cild nömrələri, həmçinin müraciətin qovluqdakı vərəqlərinin nömrələri həmin müraciətin qeydiyyat-nəzarət vərəqəsində göstərilməlidir.
5.3. Müraciətlər iş qovluqlarına yerləşdirilərkən onların tam şəkildə olması (komplektliyi) və düzgün tərtib edilməsi yoxlanılmalıdır. Əks halda, müraciətlərin iş qovluqlarına yığılmasına yol verilmir.
5.4. Təşkilatlarda vətəndaşlardan daxil olmuş müraciətlərin axtarışını təmin etmək məqsədi ilə onlara dair tərtib edilmiş qeydiyyat-nəzarət vərəqələri təşkilatın kartotekalarında yığılır. Kartotekalar müraciət edənin soyadına və yaxud müraciətin mövzusuna uyğun olaraq əlifba sırası ilə tərtib edilir. Daxil olmuş müraciətlərin kartoteka üzrə axtarışını asanlaşdırmaq məqsədi ilə təşkilatın kargüzarlıq xidmətinin kartotekaların formalaşdırılmasında əlifba və digər təsnifat göstəricilərindən istifadə etmək hüququ vardır.
5.5. Vətəndaşların müraciətlərinə dair sənədlərin saxlanılma müddətləri “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla hər bir təşkilat tərəfindən ən azı 5 (beş) il olmaqla müəyyən edilir. Vətəndaşların müraciətlərinə dair sənədlərin qorunub saxlanmasına təşkilatın rəhbəri və kargüzarlıq xidməti cavabdehdirlər.
5.6. Vətəndaşların müraciətlərinə dair sənədlərin saxlanılması müddətləri bitdikdən sonra həmin sənədlər təşkilat rəhbərinin qərarı əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada məhv edilir.
Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”na 1 nömrəli əlavə
Qeydiyyat-nəzarət vərəqəsinin FORMASI (doldurulması barədə göstərici əlavə edilir) (qeydiyyat-nəzarət vərəqəsinin üz tərəfi)
Təşkilatın adı Təşkilatın müvafiq struktur bölməsi Qeydiyyat-nəzarət vərəqəsi |
||||
(sənədin kodu) |
(təşkilatın kodu) |
|||
|
|
|||
Müraciət edən_________________________________________________________________ |
||||
|
(fiziki şəxsin (və ya onun nümayəndəsinin) soyadı, adı, atasının adı, ünvanı və ya işlədiyi yer, vəzifəsi, telefonu; hüquqi şəxsin adı və hüquqi ünvanı, telefonu) |
|||
Daxilolma nömrəsi və tarixi, vərəqlərin sayı ______________________________________ |
||||
Müraciətin forması, daxilolma yolu, növü ________________________________________ |
||||
Kimə ünvanlanıb ______________________________________________________________ |
||||
Əvvəlki müraciətlər ___________________________________________________________ |
||||
|
(daxilolma nömrəsi və tarixi, nəzarətlə (nəzarətsiz),mövzu, icraçı) |
|||
Müşayiət məktubunu göndərən _________________________________________________ |
||||
|
(təşkilatın adı və ya onun vəzifəli şəxsinin soyadı, adı və atasının adı, nömrəsi və tarixi) |
|||
Qısa məzmun _________________________________________________________________ |
||||
İcra edən _____________________________________________________________________ |
||||
Dərkənar _____________________________________________________________________ |
||||
İcraya verilmə tarixi ___________________________________________________________ |
||||
İcra müddəti _________________________________________________________________ |
(qeydiyyat-nəzarət vərəqəsinin arxa tərəfi)
Müraciətin icraçıya verildiyi tarix |
İlkin cavab və ya əlavə sorğu haqqında qeyd |
Nəzarət və ya xidməti qeydlər |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
İcranın (cavabın) tarixi, indeksi__________________________________________________ |
|
Kimə göndərilib ______________________________________________________________ |
|
Cavabın məzmunu ____________________________________________________________ |
|
|
|
Nəzarətdən çıxarılmışdır (tarix) _______ |
Nəzarətçinin imzası _____________ |
İş |
Cild |
Vərəqlər |
|
|
|
|
Siyahı |
|
|
|
İş |
Qeydiyyat-nəzarət vərəqəsinə əlavə
Qeydiyyat-nəzarət vərəqəsinin doldurulmasına dair
GÖSTƏRİCİ
Müraciət edən - müraciət edən fiziki şəxsin(və ya onun nümayəndəsinin) soyadı, adı, atasının adı, ünvanı və ya işlədiyi yer, vəzifəsi, telefonu; hüquqi şəxsin adı və hüquqi ünvanı, telefonu.
Daxilolma nömrəsi və tarixi, vərəqlərin sayı - müraciətin təşkilata daxil olduğu tarix və ona verilən qeydiyyat nömrəsi, müraciətdə və ona əlavə olunan sənədlərdəki vərəqlərin ümumi sayı.
Müraciətin forması - məktub, elektron məktub, teleqram, faks.
Müraciətin daxilolma yolları - poçtla, elektron poçtla, teleqramla, faksla, qəbul zamanı, təşkilatın poçt qutusundan.
Müraciətin növü - təklif, ərizə, şikayət.
Kimə ünvanlanıb - müraciətin ünvanlandığı şəxsin vəzifəsi, soyadı, adı və atasının adı.
Əvvəlki müraciətlər - müraciət edənin bu müraciətdən əvvəl göndərdiyi(verdiyi) müraciətlərin daxilolma nömrələri və tarixləri, nəzarətlə (nəzarətsiz) baxılması, müraciətin mövzusu və icraçı haqqında məlumatlar.
Müşayiət məktubunu göndərən - məktubu göndərən təşkilatın adı, məktubun daxilolma nömrəsi və tarixi.
Qısa məzmun - müraciətdə qaldırılan məsələnin (məsələlərin) qısa məzmunu.
İcraçı - müraciətin baxılıb həll olunmasına cavabdeh olan təşkilatın və ya struktur bölmənin adı, onun rəhbərinin soyadı, adı, atasının adı, müraciətin icraçıya verilmə tarixi və icra müddəti (müraciət aidiyyəti üzrə digər təşkilata göndərildikdə bu qrafa eyni qaydada doldurulur).
Dərkənar - təşkilatın dərkənar qoymuş vəzifəli şəxsinin vəzifəsi, soyadı, adı və atasının adı, müraciətin üzərindəki dərkənarın məzmunu, tarixi, icraçının (icraçıların) soyadı, adı, atasının adı və vəzifəsi.
İcraya verilmə tarixi - müraciətin onu icra edən təşkilata (struktur bölməyə) verildiyi tarix.
İcra müddəti - Qanunla müəyyən edilmiş icra olunma müddətlərinə və ya dərkənara uyğun olaraq göstərilir. Müddət dəyişildikdə, yeni müddət göstərilməklə sətrin növbəti qrafasında əvvəlki müddətin dəyişdirilməsi barədə qərarı qəbul edən vəzifəli şəxsin vəzifəsi, soyadı, adı və atasının adı qeyd olunur.
Qeydiyyat-nəzarət vərəqəsinin yuxarı sol küncündə onun ölkə üzrə idarəedici sənəd kodu və sağ küncündə həmin vərəqənin açıldığı təşkilatın kodu göstərilir.
Təkrar müraciətlərin qeydiyyatı zamanı qeydiyyat-nəzarət vərəqəsinin yuxarı sağ küncünə “Təkrar” ştampı vurulur.
(qeydiyyat-nəzarət vərəqəsinin arxa tərəfinə dair)
İcranın gedişi
Müraciətin icraçıya verildiyi tarix - bu qrafada müraciətin onun bilavasitə icraçısına verildiyi tarix göstərilir (boş qrafalar müraciətin icrasının gedişində onun hər bir yerdəyişməsi zamanı doldurulur).
İcraçı - bu qrafada bilavasitə icraçının vəzifəsi, soyadı, adı, atasının adı və telefonu (boş qrafalar müraciətin icrasının gedişində onun hər bir yerdəyişməsi zamanı doldurulur).
İlkin cavab və ya əlavə sorğu barədə qeyd - ilkin cavabın və ya sorğunun qısa məzmunu, ünvanı, tarixi və qeydiyyat nömrəsi (indeksi).
Nəzarət və ya xidməti qeydlər - icranın vəziyyəti və sair barədə yadasalma haqqında qeydlər.
İcranın (cavabın) tarixi, indeksi - müraciətdə qoyulan məsələnin həlli üzrə son qərarı əks etdirən sənədin tarixi və qeydiyyat indeksi.
Kimə göndərilib - müraciətdə qoyulan məsələnin həlli üzrə son qərarı əks etdirən sənədin göndərildiyi bütün ünvanlar.
Cavabın məzmunu - müraciətdə qoyulan məsələnin həlli üzrə qəbul olunmuş son qərar göstərilməklə cavab sənədinin başlığı (“təmin edilmişdir”, “qismən təmin edilmişdir”, “rədd edilmişdir”, “baxılmamış saxlanılmışdır” və ya “izah edilmişdir”).
Nəzarətdən çıxarılmışdır - müraciətin nəzarətdən çıxarılması barədə qərarı qəbul edən rəhbərin və ya digər vəzifəli şəxsin vəzifəsi, soyadı, adı və atasının adı.
Nəzarətçinin imzası - vətəndaşların müraciətləri üzrə nəzarətə cavabdeh olan vəzifəli şəxsin imzası.
İş, cild, vərəqlər - nomenklatur üzrə işin indeksi, cildin (qovluğun) nömrəsi, komplektləşdirilmiş sənədlərin saxlanıldığı qovluqdakı vərəqlərin nömrələri (iş başa çatdıqdan və işə tikildikdən sonra qeyd olunur).
Fond, siyahı, iş - bir-biri ilə əlaqəli olan sənədlərin məcmusu, onların siyahısı və nomenklatur üzrə işin indeksi (iş arxivə təhvil verildikdən sonra doldurulur).
Qeyd:
1. Qeydiyyat - nəzarət vərəqələrinin tövsiyə edilən ölçüləri: A5/148x210 və ya A4/210x297.
2. Vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasında istifadə olunan qeydiyyat-nəzarət vərəqələri yalnız kompyuter vasitəsilə və ya mətbəə üsulu ilə yuxarıda göstərilən rekvizitləri özündə əks etdirməklə çap olunur.
“Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”na 2 nömrəli əlavə
Qeydiyyat ştampı
Təşkilatın adı
Daxilolma №-si _____________
_____vərəq
“______”___________ ____il |
Ölçüləri
5.5x2.5 sm
NƏZARƏTDƏDİR |
4x1.0 sm
T Ə K R A R |
4x1.0 sm
Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsi Qaydasının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə uyğun olaraq qərara alıram:
1. “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 iyun 2016-cı il
№ 951
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 951 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir
Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsi
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun (bundan sonra – Qanun) 13.2-ci maddəsinə əsasən hazırlanmışdır və dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları, həmçinin Qanunun 5.8-ci maddəsi ilə müəyyən olunan şəxslər (bundan sonra – təşkilatlar) tərəfindən vətəndaşların, o cümlədən digər fiziki və hüquqi şəxslərin (bundan sonra – vətəndaşlar) təklif, ərizə və şikayətlərinin (bundan sonra - müraciətlər) qəbulu, qeydə alınması, baxılması, cavablandırılması və arxivləşdirilməsi ilə bağlı kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsini tənzimləyir.
1.2. Təşkilatlarda vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarəti Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi (bundan sonra - şöbə) səyyar və (və ya) kameral qaydada həyata keçirir. Şöbə tərəfindən nəzarətin həyata keçirilməsi təşkilatların özlərinin onların strukturlarına daxil olan qurumlarda və tabeliklərində olan digər qurumlarda vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarətini istisna etmir.
1.3. Bələdiyyə orqanlarında, bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsi “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
2. Vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsi
2.1. Vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarət aşağıdakı məsələləri əhatə edir:
2.1.1. daxil olan müraciətlərin “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nın (bundan sonra - vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması qaydası) tələblərinə uyğun olaraq qəbulu və qeydə alınması;
2.1.2. müraciətlərə Qanunla müəyyən edilmiş müddətdə mahiyyəti üzrə baxılması və onların cavablandırılması;
2.1.3. təkrar və kollektiv müraciətlərin sayı, onların yaranma səbəblərinin təhlili;
2.1.4. aidiyyəti üzrə göndərilmiş, baxılmamış, rədd edilmiş və ya qismən təmin edilmiş müraciətlərin sayının müəyyənləşdirilməsi və onların təhlili;
2.1.5. müraciətlərin iş nomenklaturu üzrə formalaşdırılması, saxlanılması və arxivləşdirilməsi;
2.1.6. vətəndaşların qəbulunun təşkili, uçotu və onların qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən tədbirlər;
2.1.7. vətəndaşların müraciətləri ilə bağlı təşkilatların ümumiləşdirmələr və təhlillər aparması, statistik məlumatlar hazırlaması;
2.1.8. vətəndaşların müraciətlərinə baxılması ilə bağlı aktların, iclas protokollarının və digər sənədlərin hazırlanması, rəsmiləşdirilməsi və arxivləşdirilməsi.
2.2. Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarət bu Qaydanın 2.1-ci bəndində göstərilənlərlə yanaşı, vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemindən istifadə qaydalarına əməl olunmasına və həmin sistemdəki informasiyanın təhlükəsizliyinin təmin edilməsinə dair məlumatları da əhatə edir.
2.3. Nəzarət həyata keçirilərkən, təşkilatlarda vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması sahəsində fəaliyyətin qiymətləndirilməsi üçün şöbə aşağıdakı halları müəyyən edir:
2.3.1. irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə, habelə siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətinə görə şəxsin müraciət etmək hüququnun məhdudlaşdırılması;
2.3.2. müraciətə baxan subyektlərin və ya onların vəzifəli şəxslərinin Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətlərin qəbulundan imtina etməsi;
2.3.3. vətəndaşların müraciətlərinin aidiyyəti üzrə baxılması üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərilməsi;
2.3.4. dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətinin və ya işinin tənqid edilməsi ilə bağlı, yaxud vətəndaşın və ya digər şəxslərin hüquq və azadlıqlarının bərpası və müdafiəsi məqsədi ilə edilən müraciətə görə vətəndaşın təqib edilməsi;
2.3.5. müraciətlərə baxılması zamanı müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin müraciətdəki məsələlərin həlli ilə əlaqədar əldə olunmuş məlumatları, o cümlədən dövlət sirri təşkil edən və qanunla qorunan digər məlumatları yayması (yazılı müraciətin aidiyyəti üzrə baxılması üçün digər müraciətə baxan subyektlərə və onların vəzifəli şəxslərinə göndərilməsi istisna olmaqla), eləcə də müraciətin həlli ilə bağlı olmayan fərdi məlumatların, o cümlədən xüsusi kateqoriyalı fərdi məlumatların toplanılması, saxlanılması, istifadəsi və yayılması;
2.3.6. müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbulunun təşkili və uçotu qaydasının pozulması, o cümlədən vətəndaşların qəbul edilməsindən əsassız imtina edilməsi, onların qaldırdığı məsələlərlə bağlı tədbir görülməməsi, qəbul zamanı ayrı-seçkiliyə yol verilməsi.
2.4. Təşkilatlarda səyyar nəzarət şöbənin yarımillik iş planı əsasında və ya bu Qaydanın 2.12-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin (bundan sonra - Administrasiya rəhbəri) razılığı ilə aparılır.
2.5. Səyyar nəzarətin həyata keçirilməsi məqsədi ilə şöbənin əməkdaşlarından ibarət komissiya yaradılır. Komissiyanın tərkibini və ezamiyyə müddətini şöbə müdirinin təqdimatı (təklifi) ilə, aidiyyəti təşkilatların nümayəndələri də cəlb olunmaqla, Administrasiya rəhbəri müəyyən edir.
2.6. Təşkilatlarda kameral nəzarət yerlərə getmədən ilin yekununa dair illik hesabatların, habelə il ərzində Qanunun 7.11-ci maddəsinə uyğun olaraq həmin təşkilatlara göndərilən müraciətlərə baxılmanın nəticələrinin təhlili əsasında aparılır.
2.7. Qanunun 7.11-ci maddəsinə uyğun olaraq göndərilən müraciətlərə təşkilatlarda baxılmanın nəticələri, bu Qaydanın 2.1.1-ci - 2.1.4-cü və 2.1.6-cı bəndlərində qeyd olunanlar nəzərə alınmaqla, il ərzində təhlil olunur.
2.8. Təşkilatlar vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına dair illik hesabatları növbəti il yanvar ayının 15-dək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına elektron və (və ya) kağız daşıyıcılarda təqdim etməlidirlər.
2.9. Təşkilatların hesabatlarında aşağıdakı məlumatlar əks olunur:
2.9.1. bu Qaydanın 2.1-ci bəndində göstərilən məsələlərə dair məlumatlar, o cümlədən müraciətlərin ümumi sayı, ayrılıqda təklif, ərizə və şikayətlərin, habelə təkrar müraciətlərin və icra müddəti pozulmaqla baxılan müraciətlərin sayı;
2.9.2. təşkilatlar tərəfindən strukturlarına daxil olan qurumlarda və tabeliklərində olan digər qurumlarda vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarətin nəticələrinə dair ümumiləşdirilmiş məlumatlar, o cümlədən müraciətlərin ümumi sayı, aparılmış araşdırmaların sayı, görülən tədbirlərə dair məlumatlar.
2.10. Təşkilatların illik hesabat formaları, bu Qaydanın tələbləri nəzərə alınmaqla, Administrasiya rəhbəri tərəfindən təsdiq olunur.
2.11. Təşkilatlar tərəfindən təqdim edilmiş hesabatlardakı məlumatlar kameral nəzarətin həyata keçirilməsi, eləcə də şöbə tərəfindən təhlil və ümumiləşdirmələr aparılması üçün kifayət etmədikdə və yaxud həmin məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, şöbə əlavə məlumatları və sənədləri əldə etmək məqsədi ilə həmin təşkilatlara yazılı və ya şifahi sorğu verir.
2.12. Təşkilatlarda Administrasiya rəhbərinin razılığı ilə araşdırma aşağıdakı hallarda aparılır:
2.12.1. təşkilatlar tərəfindən hesabatlar bu Qayda ilə müəyyən edilmiş müddətdə və bu barədə şöbənin xəbərdarlığından sonra da təqdim edilmədikdə;
2.12.2. təşkilatlar tərəfindən hesabatlarda müntəzəm olaraq yanlış, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə;
2.12.3. kameral nəzarət zamanı təşkilatlarda vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması qaydasının tələblərinin müntəzəm pozulması halları aşkar edildikdə;
2.12.4. vətəndaşların müraciət etmək hüququnun təşkilatlar tərəfindən müntəzəm olaraq pozulması ilə bağlı şikayətlər daxil olduqda;
2.12.5. təşkilatlarda vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması sahəsində digər göstəricilərin pisləşməsi halları, o cümlədən təkrar müraciətlərin, fərdi və kollektiv şikayətlərin sayının artması, Qanunun 7.11-ci maddəsinə uyğun olaraq göndərilən müraciətlərlə bağlı tədbir görülməməsi halları müəyyən edildikdə.
2.13. Administrasiya rəhbərinin razılığı ilə araşdırmalar bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan qaydada yaradılmış komissiya tərəfindən aparılır. Araşdırmanın hərtərəfli, tam və obyektiv aparılması üçün komissiyanın fəaliyyətinə araşdırma aparılan təşkilatın nümayəndəsi də cəlb edilir.
2.14. Bu Qaydanın 2.12.4-cü yarımbəndində nəzərdə tutulmuş halda araşdırma aparılmazdan əvvəl vətəndaşların şikayətlərinin əsaslı olmasını təsdiq etmək üçün şöbə daxil olmuş şikayətlərə dair əlavə məlumatları və sənədləri əldə etmək məqsədi ilə həmin təşkilatlara sorğu göndərir.
2.15. Təşkilatlarda vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsi ilə əlaqədar şöbənin hazırladığı ümumiləşdirmələr, kameral və səyyar nəzarətin nəticələrinə dair arayışlar, habelə kargüzarlığın aparılması işinin təkmilləşdirilməsinə dair tövsiyələr Administrasiya rəhbərinə təqdim edilir.
2.16. Kameral və səyyar nəzarətin həyata keçirilməsi zamanı aşkarlanmış nöqsanların və pozuntuların aradan qaldırılması ilə bağlı aidiyyəti təşkilatlara müvafiq göstərişlər verilməsi üçün nəzarətin yekunlarına dair arayışlar Administrasiya rəhbərinin razılığı ilə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.
Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə təsbit edilmiş Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi qaydalarını müəyyənləşdirir, habelə vətəndaşların hüquq və azadlıqlarının məhkəmə təminatı ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.
Maddə 1. Məhkəməyə müraciət etmək hüququ
Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətləri (hərəkətsizliyi) nəticəsində öz hüquq və azadlıqlarını pozulmuş hesab edən Azərbaycan Respublikasının hər bir vətəndaşının məhkəməyə müraciət etmək hüququ vardır.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə başqa qayda nəzərdə tutulmamışdırsa, bu Qanunla müəyyənləşdirilmiş qaydada müvafiq məhkəməyə müraciət edə bilərlər.
Maddə 2. Şikayətin verilməsi qaydası
Vətəndaş onun hüquq və azadlıqlarını pozan qərarlar və hərəkətlər (hərəkətsizlik) barəsində birbaşa məhkəməyə və ya tabelik qaydasında yuxarı dövlət orqanlarına və yerli özünüidarə orqanlarına, müəssisələrə, idarələrə və təşkilatlara, ictimai birliklərə, vəzifəli şəxslərə şikayətlə müraciət edə bilər.
Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) vətəndaşların şikayətlərinə məhkəmə tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq baxılır.
Qanunvericilikdə başqa müddət nəzərdə tutulmayıbsa, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, tabelik qaydasında yuxarı orqan şikayətə 1 aydan gec olmayan müddətdə baxmalı, şikayətə baxılmasının nəticəsi barədə həmin orqanın rəhbərliyi vətəndaşa cavab verməlidir.
Məhkəməyə şikayət hüquq və azadlıqları pozulmuş vətəndaş və ya onun qanuni nümayəndəsi tərəfindən, habelə vətəndaşın xahişi ilə ictimai birliyin və ya əmək kollektivinin nümayəndəsi tərəfindən verilə bilər.
Şikayət vətəndaşın yaşadığı yer üzrə və ya qərarlarından və ya hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilən orqanın və ya vəzifəli şəxsin olduğu yerin məhkəməsinə verilir.
Hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi idarəetmə orqanlarının hüquq və azadlıqlarını pozan qərar və hərəkətləri (hərəkətsizliyi) barəsində bu maddədə nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edə bilərlər.
Maddə 3. Qanunun tətbiq dairəsi
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid olan, yaxud Azərbaycan Respublikasının qanunvericiliyində qərar və hərəkətlərdən (hərəkəsizlikdən) şikayət verilməsinin digər qaydalarının nəzərdə tutulduğu hallar istisna olmaqla, vətəndaşın hüquq və azadlıqlarının pozulmasına səbəb olan bütün qərar və hərəkətlərlə (hərəkətsizliklə) bağlı şikayətlərə bu Qanunla müəyyən edilmiş qaydada baxılır.
Maddə 4. Məhkəmə qaydasında şikayət verilə bilən qərarlar və hərəkətlər (hərəkətsizlik)
Vətəndaş dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin onun hüquq və azadlıqlarını pozan, hüquq və azadlıqlarının həyata keçirilməsinə mane olan qərar və hərəkətlərindən (hərəkətsizliyindən), habelə belə qərarların və hərəkətləri qəbul edilməsi üçün əsas olmuş rəsmi informasiyadan məhkəməyə şikayət etmək hüququna malikdir.
Vətəndaşın hüquq və azadlıqlarına bilavasitə təsir edən sənəd və materiallarda olan informasiya üçün qanunvericilikdə məhdudiyyətlər nəzərdə tutulmamışdırsa, onun belə sənəd və materiallarla tanış olmaq hüququnu təmin etmək üçün vəzifəli şəxslər həmin sənəd və materialları vətəndaşa təqdim etməyə borcludurlar.
Rəsmi informasiya yazılı və ya şifahi formada olan, vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinə təsir edən və həmin informasiyanın müəyyənləşdirilmiş müəllifi kimi hərəkətlər edən (qərarlar qəbul edən) dövlət orqanlarının, yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin ünvanına təqdim olunan elə məlumatlardır ki, onlar məhkəmə tərəfindən hərəkətlərin edilməsi (qərarların qəbul olunması) üçün əsas sayılır.
Maddə 5. Məhkəməyə şikayətlə müraciət edilməsi müddətləri
Qanunvericilikdə başqa müddət nəzərdə tutulmayıbsa, məhkəməyə şikayətlə müraciət edilməsinin aşağıdakı müddətləri vardır:
hüquq və azadlıqlarının pozulmasının vətəndaşa məlum olduğu gündən bir ay keçənədək;
şikayətin təmin edilməməsi barədə yuxarı orqan və ya vəzifəli şəxs tərəfindən yazılı cavabın verildiyi gündən bir ay keçənədək;
Azərbaycan Respublikasının qanunvericiliyində başqa müddət nəzərdə tutulmamışdırsa, vətəndaş şikayətin verildiyi gündən bir ay müddətində ona cavab almadıqda bu müddətin tamam olduğu gündən bir ay keçənədək;
İnzibati tənbehin verilməsi barədə qərardan həmin qərarın surətinin təqdim edildiyi və ya şəxsə elan edildiyi gündən 10 gün keçənədək.
Şikayətin verilməsi müddəti üzürlü səbəbdən ötürülübsə, həmin müddət məhkəmə tərəfindən bərpa oluna bilər.
Bu Qanun 4-cü maddəsində nəzərdə tutulmuş şikayət edilən qərarlar, hərəkətlər (hərəkətsizlik) və onların nəticələri haqqında məlumatların əldə edilməsinə çətinlik törədən bütün hallar üzürlü səbəb sayılır.
Maddə 6. Şikayətə dair məhkəmə qətnaməsi
Məhkəmə şikayətə baxılmasının nəticələri barədə qətnamə çıxarır.
Məhkəmə şikayətin əsaslı olduğunu müəyyənləşdirdikdə şikayət edilən qərarları və hərəkətləri qanunsuz hesab edir, vətəndaşlar barəsində tətbiq edilən məsuliyyət tədbirlərini ləğv edir, onların pozulmuş hüquq və azadlıqlarını bərpa edir, habelə dövlət orqanlarının və yerli özünüidarə orqanlarının müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin vətəndaşların hüquq və azadlıqlarını pozan qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə bağlı onların məsuliyyətini müəyyənləşdirir.
Əgər məhkəmə şikayət edilən qərarları və hərəkətləri (hərəkətsizliyi) qanuni hesab edərsə, yəni vətəndaşın hüquq və azadlıqlarının pozulması kimi qiymətləndirməzsə, şikayətin təmin edilməməsi barədə qətnamə çıxarır.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məhkəmənin qərarından yuxarı məhkəməyə şikayət verilə bilər.
Maddə 7. Məhkəmə qərarının icrası
Dövlət orqanları və yerli özünüidarə orqanları, müəssisələr, idarələr və təşkilatlar, ictimai birliklər, vəzifəli şəxslər üçün qüvvəyə minmiş məhkəmə qərarının icrası məcburidir.
Məhkəmənin qərarı qüvvəyə mindiyi gündən ən geci uç gün keçənədək qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilən orqanlara və ya vəzifəli şəxslərə, habelə vətəndaşlara göndərilir.
Məhkəmə qərarının alındığı gündən ən geci bir ay keçənədək qərarlarından və hərəkətlərindən şikayət edilən orqanlar və ya vəzifəli şəxslər həmin qərarın icrası barədə məhkəməyə və vətəndaşa məlumat verməlidirlər.
Məhkəmənin qərarı icra edilmədiyi halda məhkəmə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görür.
Maddə 8. Şikayətə baxılması ilə əlaqədar məhkəmə xərcləri
Şikayətin təmin edilməsindən imtina olunması barədə qərar qəbul edildikdə, şikayətə baxılması ilə əlaqədar məhkəmə xərclərini vətəndaş ödəyir.
Məhkəmə, şikayət olunan qərarları və hərəkətləri (hərəkətsizliyi) qanunsuz hesab etdikdə isə, bu xərclər müvafiq olaraq dövlət orqanlarının və ya yerli özünüidarə orqanlarının, müəssisələrin, idarə və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin vəsaiti hesabına ödənilir.
Qərarların və hərəkətlərin qanuni olduğuna baxmayaraq, əgər vətəndaşın tabelik qaydasında yuxarı orqana verdiyi şikayətə cavab verilməmişdirsə, yaxud bu Qanunun 5-ci maddəsində nəzərdə tutulan müddət pozulmaqla cavab verilmişdirsə, məhkəmə xərclərinin ödənilməsi məhkəmə tərəfindən dövlət orqanlarının və ya yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin öhdəsinə qoyulur.
Məhkəmə vətəndaşın məhkəmə xərclərinin ödənilməsindən qismən və ya tam azad edilməsi barədə qərar qəbul edə bilər.
Maddə 9. Bu Qanunun tələblərini pozmağa görə məsuliyyət
Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Maddə 10. Qanunun qüvvəyə minməsi
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 11 iyun 1999-cu il
№ 682-IQ
2003-cü il 27 may tarixli 461-IIQ nömrəli Azərbaycan Respublikası
Qanunu ilə təstiq edilmiş Azərbaycan Respublikasının Seçki Məcəlləsindən
ÇIXARIŞ
On altıncı fəsil
VƏTƏNDAŞLARIN SEÇKİ HÜQUQLARININ POZULMASINDAN ŞİKAYƏT VƏ VƏTƏNDAŞLARIN SEÇKİ HÜQUQLARININ POZULMASINA GÖRƏ MƏSULİYYƏT
Maddə 112. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayət edilməsi
112.1. Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər.
112.2. Bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər.
112.3. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsin şikayət edə bilərlər.
112.4. Şikayətdə göstərilmiş qanun pozuntusu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cinayət hesab oluna bilərsə, müvafiq seçki komissiyası şikayətdə göstərilən çatışmazlıqların və qanun pozuntularının aradan götürülməsinə dair qərar qəbul etməklə yanaşı cinayət işinin başlanması məqsədi ilə müvafiq prokurorluq orqanına müraciət edə bilər. Hər bir şikayətə dair Mərkəzi Seçki Komissiyası əsaslandırılmış qərar qəbul etməlidir. Şikayətin araşdırılması zamanı cinayət əməlinin olması ehtimal edilərsə, bu barədə prokurorluq orqanına məlumat verilir. Müvafiq prokurorluq orqanı həmin məlumata 3 gün müddətində baxmalıdır.
112.5. Vətəndaşlar tərəfindən təqdim edilən şikayətlər aşağıdakıları əks etdirməlidir:
112.5.1. şikayətin ünvanlandığı vətəndaşların şikayətlərinə baxılması üzrə komissiyanın adı;
112.5.2. şikayəti edən subyektə şikayətin baxılmasının vaxtı haqqında bildirişin göndərilməsi üçün ünvan;
112.5.3. şikayətin obyekti olan qərar, hərəkət və ya hərəkətsizlik;
112.5.4. əgər bu qərardırsa, qərar şikayətə əlavə edilməli, mübahisə obyekti olan qərarı qəbul etmiş seçki komissiyasının və ya dövlət orqanının adı qeyd olunmalı, vəzifəli şəxs göstərilməlidir;
112.5.5. əgər bu hərəkətdirsə, qeyri-qanuni hərəkəti edən şəxsin adı (vəzifəsi), hərəkətin mahiyyəti, onun törədildiyi yer və ya vaxt aydın şəkildə göstərilməlidir;
112.5.6. əgər bu hərəkətsizlikdirsə, şikayətçi cavabsız qalmış tələbi və tələbi cavabsız qoyan orqanın və ya şəxsin adını göstərməlidir;
112.5.7. şikayət üçün əsas Seçki Məcəlləsinin, digər qanunvericilik aktlarının pozulmasının güman edilməsi ola bilər;
112.5.8. güman edilən pozuntunun dəlilləri və ya pozuntunun nədən ibarət olduğunun izahı;
112.5.9. şikayətçinin tələbi;
112.5.10. aşağı seçki komissiyasının qərarından yuxarı seçki komissiyasına şikayət edildikdə, şikayətə müvafiq seçki komissiyasının qərarı əlavə edilməlidir.
112.5.11. Şikayətçi həmin şikayəti imzalamalıdır. Əgər şikayət seçkilərdə iştirak edən siyasi partiya və ya siyasi partiyalar blokları tərəfindən verilibsə, onda şikayət səlahiyyətli nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməklə səlahiyyətli nümayəndə tərəfindən imzalanmalıdır.
112.6. Seçki komissiyasının qərarı məhkəmə tərəfindən ləğv edildikdə, qərarı ləğv edilmiş seçki komissiyası məsələnin mahiyyəti üzrə yeni qərar qəbul etməlidir və ya məhkəmənin qərarı əsasında yuxarı seçki komissiyası müvafiq qərar qəbul etməlidir. Mәhkәmә qərarlarının icra edilməməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cinayət məsuliyyətinə səbəb olur.
112.7. Səsvermənin nəticələri, seçkilərin yekunları barədə qərardan şikayətə baxılması, bu Məcəllənin pozulmasına aid faktlar üzrə keçirilmiş yoxlamalar bu Məcəllə ilə seçilmiş sayılan namizədin toxunulmazlığının pozulması sayılmır. Seçilmiş sayılan namizəd onun seçilməsi zamanı vətəndaşların seçki hüquqlarının pozulmasına dair verilmiş şikayətlərlə bağlı inzibati, mülki və ya cinayət işləri üzrə şahid ifadələri verməkdən imtina edə bilməz (Azərbaycan Respublikasının Mülki Prosessual və Cinayət-Prosessual Məcəllələrində göstərilən hallar istisna olmaqla).
112.8. Qeydə alınmış namizədin, referendum üzrə təşviqat qrupunun qeydiyyatının ləğv edilməsi barədə və namizədi, referendum üzrə təşviqat qrupunu qeydə almaqdan imtina edilməsi barədə işlərə və ya qeydə alınmış namizədin seçilməsinin etibarsız sayılması barədə müraciətə baxılarkən seçki komissiyası vətəndaşların və vəzifəli şəxslərin məlumatını dinləmək, zəruri sənəd və materialları tələb etmək və almaq hüququna malikdir.
112.9. Yuxarı seçki komissiyası aşağı seçki komissiyasının qərarını ləğv etmək, məsələnin mahiyyəti üzrə qərar qəbul etmək və ya məsələyə yenidən baxılması haqqında göstəriş vermək hüququna malikdir.
112.10. Seçki komissiyasına seçkilərin gedişi zamanı daxil olan hər bir şikayət üzrə qərar 3 gün müddətində, səsvermə günü və yaxud növbəti gün isə dərhal qəbul edilir və şikayətçiyə çatdırılır.
112.11. Seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələr (bu Məcəllə ilə daha qısa müddət müəyyən edilməyibsə) 3 gün müddətində baxmalıdırlar. Məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayət 3 gün müddətində verilə bilər.
Maddə 112-1. Vətəndaşların seçki hüquqlarının pozulması haqqında şikayətlərin araşdırılması
112-1.1. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində 9 nəfərdən, dairə seçki komissiyasının nəzdində isə 3 nəfərdən ibarət müvafiq ekspert qrupları yaradılır. Həmin qrupların tərkibinə hüquq təhsili olan komissiya üzvləri daxil edilə bilərlər. Ekspert qruplarının yaradılma qaydası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir.
112-1.2. Vətəndaşların şikayətlərinə baxılması qaydaları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir.
112-1.3. Seçki komissiyası tərəfindən qəbul edilən şikayətlərin qeydiyyat kitabçasında qəbul etmə tarixi və ardıcıl qeydiyyat nömrəsi göstərilməklə qeydiyyat aparmalıdır.
112-1.4. Şikayət qeydə alındıqdan sonra ekspert qrupunun üzvünün aşağıdakı səlahiyyətləri vardır:
112-1.4.1. şikayət üzrə araşdırma materialları ilə birlikdə müvafiq seçki komissiyasına rəy təqdim etmək;
112-1.4.2. şikayət üzrə əlavə məlumat tələb etmək;
112-1.4.3. əlavə məlumat almaq üçün Mərkəzi Seçki Komissiyası vasitəsilə müvafiq dövlət orqanlarına müraciət etmək;
112-1.4.4. zəruri hallarda əlavə dəlillər əldə etmək (video yazılar, yazılı materiallar və s.);
112-1.4.5. Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyənləşdirilən digər tədbirlər görmək.
112-1.5. Vətəndaşlar tərəfindən şikayətlər təqdim edilərkən dairə seçki komissiyalarının ekspert qrupları aşağıdakı tələblərə riayət etməlidir:
112-1.5.1. şikayət şəxsən təqdim edilibsə, yazılı şikayəti qəbul etməli və onun qeydiyyatını aparmalıdır;
112-1.5.2. şikayət edən şəxsə həmin şikayətə dair qəbz verilməlidir;
112-1.5.3. şikayət bu Məcəllə ilə müəyyən edilmiş qaydaların pozulması ilə daxil olmuşdursa, şikayətin onu təqdim edən şəxsə geri göndərilməsinə dair rəy verməlidir;
112-1.5.4. şikayət həm şikayəti qəbul etmiş komissiyanın, həm də başqa orqanın səlahiyyətinə aiddirsə, onda ekspert dairə seçki komissiyasına həmin şikayətə mahiyyəti üzrə baxmağı, komissiyanın səlahiyyətlərinə aid olan məsələləri həll etməklə yanaşı digər orqanın səlahiyyətinə aid olan məsələlərin həll edilməsi üçün həmin orqana göndərilməsini təklif etməlidir;
112-1.5.5. dairə seçki komissiyasına seçki subyektləri tərəfindən və seçki ilə əlaqəsi olan cinayət xarakterli şikayət daxil olduqda bu Məcəllənin 112-1.4-cü və 112-1.11-ci maddələrinə uyğun olaraq araşdırma aparıb komissiya tərəfindən öz səlahiyyətlərinə aid olan hissədə tədbirlər görülməsi, şikayətdə göstərilən qanun pozuntularında Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş əməllərin əlamətlərinin olduğu qənaətinə gəldikdə, həmin əməllər barədə müvafiq prokurorluq orqanına məlumat verilməsinə dair əsaslandırılmış qərar qəbul edilməsi üçün dairə seçki komissiyasına rəy verməlidir (məlumata şikayətin surəti əlavə edilməlidir);
112-1.5.6. ekspert şikayəti araşdırarkən Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməllərin və ya ehtimalın olmasını müəyyən etməkdə çətinlik çəkərsə, dairə seçki komissiyası öz səlahiyyətlərinə aid olan hissədə bu Məcəllə ilə müəyyən edilmiş hərəkətlərin edilməsini tövsiyə etməklə yanaşı, həmin məsələ ilə əlaqədar rəy verilməsi üçün şikayətin Mərkəzi Seçki Komissiyasına göndərilməsinə dair rəy verməlidir;
112-1.5.7. dairə seçki komissiyasına seçki subyektləri tərəfindən və seçki ilə əlaqəsi olan cinayət xarakterli şikayət daxil olarsa, ekspert şikayətdə göstərilən qanun pozuntularında Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş əməllərin əlamətlərinin olduğu qənaətinə gələrsə, həmin əməllər barədə müvafiq prokurorluq orqanına dairə seçki komissiyası tərəfindən məlumat verilməsinə dair rəy verir. Məlumata şikayətin surəti əlavə edilir.
112-1.6. Mərkəzi Seçki Komissiyasının ekspert qrupu bu Məcəllənin 112-1.5-ci maddəsində göstərilənlərlə yanaşı, aşağıdakı tələblərə riayət etməlidir:
112-1.6.1. seçki komissiyalarının hərəkətləri (hərəkətsizlikləri) və qərarları ilə əlaqədar olmayan seçkilərlə bağlı digər orqanların və ya vəzifəli şəxslərin qeyri-qanuni hərəkətlərinə aid şikayətlərlə əlaqədar bu Məcəllənin 60.6-cı, 68.5-ci, 87.9-cu, 88.7-ci, 88.8-ci, 113-cü, 115-ci və 116-cı maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq qərar qəbul etməsi üçün rəy verməlidir;
112-1.6.2. müvafiq ekspert qrupunun üzvü şikayəti verən vətəndaşı qane edə biləcək tədbirlər görmürsə, qrupun üzvünün hərəkətindən (hərəkətsizliyindən) bu Məcəlləyə uyğun olaraq şikayət edilə bilər;
112-1.6.3. seçki ilə əlaqəsi olmayan cinayət xarakterli yazılı şikayət daxil olursa, həmin şikayət Mərkəzi Seçki Komissiyası tərəfindən dərhal müvafiq prokurorluq orqanına göndərilir;
112-1.6.4. dairə seçki komissiyasından daxil olmuş şikayətə baxılarkən şikayətdə göstərilmiş qanun pozuntusunun Cinayət Məcəlləsinə uyğun olaraq cinayət hesab olunub-olunmaması, habelə cinayət əməlinin ehtimal olunmasının müəyyən edilməsi üçün ekspert tərəfindən rəy hazırlanır;
112-1.6.5. ekspert bu Məcəllənin 112-1.6.4-cü maddəsində göstərilən halları müəyyən edərsə, Mərkəzi Seçki Komissiyası tərəfindən şikayətin müvafiq prokurorluq orqanına göndərilməsi haqqında rəy tərtib edir;
112-1.6.6. daxil olmuş şikayətdə bu Məcəllənin 112-1.6.4-cü maddəsində göstərilən əlamətlər və digər qanun pozuntuları aşkar edilmədikdə, şikayətin işə alınması haqqında rəy tərtib olunur;
112-1.6.7. 112.5-ci maddədə nəzərdə tutulmuş şikayətlərə baxmaqdan əsassız olaraq imtina edilərsə, Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyasının və onun ekspert qrupunun müvafiq vəzifəli şəxsinin (şəxslərinin) qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi ilə əlaqədar öz səlahiyyətləri daxilində tədbirlər görür.
112-1.7. Seçki komissiyasının şikayətlərin araşdırılması ilə bağlı iclaslarının aparılması qaydası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir. Şikayətçi ərizəsində iclasda iştirak etmək barədə öz arzusunu bildirmişsə, iclasdan bir gün əvvəl şikayətçi şəxsən, telefon və ya poçt vasitəsilə iclasın yeri və vaxtı barədə xəbərdar edilir.
112-1.8. İclas zamanı ekspert şikayətlə bağlı məlumat verir. Əgər şikayətçi və ya onun səlahiyyətli nümayəndəsi iclasda iştirak edirsə, o, öz şikayətini izah edə bilər. Qərarı müzakirə olunan dairə seçki komissiyasının nümayəndəsi də Mərkəzi Seçki Komissiyasının iclasına dəvət oluna bilər və o, verilən qərarı əsaslandırmaq hüququna malikdir.
112-1.9. Şikayətçinin sənədlər və ekspert vasitəsilə yeni dəlillər təqdim etmək hüququ vardır.
112-1.10. Şikayəti araşdıran ekspert Seçki Məcəlləsinin 112.10-cu maddəsində nəzərdə tutulmuş müddətdə rəy qəbul etməlidir. Əgər əlavə araşdırma tələb olunarsa, müvafiq seçki komissiyası bu barədə qərar qəbul edə bilər. Belə qərar şikayət daxil olduğu gündən 3 gün müddətində, səsvermə günü isə dərhal qəbul edilməlidir.
112-1.11. Şikayətlərə baxan ekspert qruplarının üzvləri aşağıdakı rəyləri verə bilərlər:
112-1.11.1. aşağı seçki komissiyasının qərarının ləğv edilməsi barədə;
112-1.11.2. Seçki Məcəlləsinin 113.1-ci maddəsinə əsasən seçki subyektinə xəbərdarlıq edilməsi barədə;
112-1.11.3. Seçki Məcəlləsinin 113.2-ci maddəsində nəzərdə tutulmuş hallarda namizədin qeydə alınmasından imtina edilməsi barədə;
112-1.11.4. Seçki Məcəlləsinin 113.2-ci maddəsində nəzərdə tutulmuş hallarda qeydə alınmış namizədin qeydiyyatının ləğv olunması üçün məhkəməyə müraciət edilməsi barədə;
112-1.11.5. şikayətçinin qaldırdığı məsələnin müvafiq seçki komissiyasında yenidən baxılması haqqında.
112-1.12. Əgər şikayət ona baxan ekspert qrupunun səlahiyyətlərinə aid deyilsə, şikayətin aidiyyəti üzrə göndərilməsi barədə müvafiq seçki komissiyası qərar qəbul edir.
112-1.13. Ekspert rəyi verildikdən dərhal sonra elan olunur və ya növbəti 24 saatdan gec olmayaraq dərc olunur (internet səhifəsində yerləşdirilir) və şikayətçiyə çatdırılır və ya göndərilir.
112-1.14. Ekspert qrupunun üzvü rəy çıxararkən aşağıdakıları rəhbər tutmalıdır:
112-1.14.1. şikayət qanunla müəyyən olunmuş qaydada və müddətdə, yəni qərardan, hərəkətin (hərəkətsizliyin) baş verməsindən və ya maraqlı tərəfin xəbərdar olmasından sonra 3 gün ərzində daxil olmalıdır;
112-1.14.2. şikayətlər buna hüququ olan şəxs tərəfindən (Seçki Məcəlləsinin 112.1-ci maddəsinə əsasən seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları) verilməlidir.
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında “
Azərbaycan Respublikasının 2007-ci il 31 may tarixli 352-IIIQ nömrəli Qanundan
ÇIXARIŞ
Fəsil 2.
ETİK DAVRANIŞ QAYDALARI
Maddə 8. İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət
8.1. Dövlət qulluqçularının fəaliyyəti insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına (qorunmasına və müdafiəsinə) xidmət etməlidir.
8.2. Dövlət qulluqçusu insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.
8.3. Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət qulluqçusu xidməti vəzifələrinin icrası ilə bağlı fiziki şəxslərin, habelə digər dövlət qulluqçularının şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş məlumatların konfidensiallığını təmin etməlidir.
8.4. Dövlət qulluqçusu hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.
Maddə 11. Qərəzsizlik
11.1. Dövlət qulluqçusu xidməti vəzifəsini yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir.
11.2. Dövlət qulluqçusu xidməti vəzifələrinin yerinə yeritirilməsi zamanı siyasi bitərəfliyə əməl etməyə borcludur.
11.3. Dövlət qulluqçusu özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol verməməli və bu cür təsir üçün şərait yaratmamalıdır.
“Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın
sürətləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2003-cu il 24 noyabr tarixli 4 nömrəli fərmanından
ÇIXARIŞ
7. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə tapşırılsın ki, vətəndaşların müəyyən olunmuş qrafikə uyğun olaraq qəbulunu, onların müraciətlərinə, ərizə və şikayətlərinə vaxtında baxılmasını və haqlı tələblərinin həll edilməsini təmin etsinlər, müvafiq icra hakimiyyəti orqanlarının aparatlarında nizam-intizamın gücləndirilməsi üçün zəruri tədbirlər görsünlər.
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 363
nömrəli Fərmanı ilə təsdiq edilmiş Mərkəzi icra hakimiyyəti
orqanlarının nümunəvi əsasnaməsindən
ÇIXARIŞ
III. ORQANIN VƏZİFƏLƏRİ
8. Orqan həmin Orqan haqqında Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
8.7. öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;
8.12. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun
tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş
“Yerli icra hakimiyyətləri haqqında əsasnamə” dən
ÇIXARIŞ
II. Yerlİ İcra hakİmİyyətlərİ başçılarının fəalİyyətİnİn təşkİlatİ əsasları
Maddə 7. Yerli icra hakimiyyətləri başçılarının vəzifələri
5) müvafiq inzibati-ərazi vahidində müvafiq icra hakimiyyəti orqanları tərəfindən və tabeliyində olan müəssisə, idarə və təşkilatlar tərəfindən vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradır, qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə onlara cavab verilməsini təmin edir və nəzarəti həyata keçirir, vətəndaşların qəbul olunmasını təşkil edir və nəzarəti həyata keçirir;
vətəndaşların əsaslandırılmış təkliflərini öz fəaliyyətində nəzərə alır;
V. Yerlİ İcra hakİmİyyətİ başçılarının səlahİyyətlərİ
Maddə 35. Qanunçuluğun təmin edilməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması sahələrində rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətləri
6) vətəndaşların qəbulunu, onların ərizə, təklif və şikayətlərinə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə baxılmasını təşkil etmək, səlahiyyətləri daxilində onlara dair lazımi tədbirlər görmək, tabeliyində olan idarə, təşkilat və müəssisələrdə həmin işin təşkilinə nəzarəti həyata keçirmək;
Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 6 mart tarixli 347 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat” dan
ÇIXARIŞ
XI. İCRA HAKİMİYYƏTİ BAŞÇISININ APARATINDA VӘTӘNDAŞLARIN TƏKLİF, ƏRİZƏ VƏ ŞİKAYƏTLƏRİ İLƏ İŞ VƏ VӘTӘNDAŞLARIN QƏBULUNUN TƏŞKİLİ QAYDASI
92. İcra hakimiyyəti başçısının aparatında daxil olmuş vətəndaşların təklif, ərizə və şikayətləri ilə iş "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikasının 1997-ci il 10 iyun tarixli Qanununa və Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması qaydaları"na müvafiq olaraq aparılır.
Vətəndaşların icra hakimiyyəti başçısı aparatına göndərdikləri bütün təklif, ərizə və şikayətlər aparatın Ümumi şöbəsinə daxil olub və elə həmin gün müəyyən edilmiş formalı qeydiyyat-nəzarət vərəqələrində (jurnalda) qeydiyyata alınıb.
93. Vətəndaşların qeydiyyatdan keçirilən təklif, ərizə və şikayətləri gündəlik olaraq baxılmaq üçün icra hakimiyyətinin başçısına verilir və onun dərkənarına müvafiq olaraq icra edilmək üçün aparatın şöbələrinə və digər struktur bölmələrinə göndərilir. Lazım gəldikdə icra hakimiyyəti başçısının dərkənarına uyğun olaraq Ümumi şöbə müraciətləri qaldırılan məsələlərin həlli ilə məşğul olmaq səlahiyyəti olan yerli idarəetmə orqanlarına, rayonda yerləşən idarə, müəssisə və təşkilatlara baxılmaq üçün göndərir.
Şikayət ərizələrinin qanuna zidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət olunan orqanlara və ya vəzifəli şəxslərə göndərməyə icazə verilmir.
İcra hakimiyyətinin başçısı vətəndaşların təklif, ərizə və şikayətlərinə baxmaq üçün komissiyalar yarada bilər və həmin komissiyalara bu və ya digər faktları yoxlamaq səlahiyyətləri verir. Qaldırılan məsələlərin əhəmiyyətindən asılı olaraq xüsusi ilə vacib təklif, ərizə və şikayətlər icra hakimiyyəti başçısı yanında Şuranın iclasında müzakirə oluna bilər.
Yuxarıda göstərilən halların hamısı vətəndaşa mütləq bildirilməli, onun müraciətinin baxılmaq üçün hara və kimə göndərildiyi və müraciətə baxılmasının nəticələri barədə yazılı məlumat verilməlidir.
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatından göndərilən vətəndaş təkliflərinə, ərizə və şikayətlərinə xüsusi nəzarətlə baxılır. Əgər müraciətə baxılmasının nəticələri barədə cavab verilməsi tələb olunursa, Prezidentin İcra Aparatına qanunla müəyyən edilmiş qaydada və müddətdə məlumat verilir.
94. Vətəndaşların müraciətlərinə həmin Qanunda göstərilmiş müddətlərdə baxılır. Əgər vətəndaşların yazılı müraciətlərində qaldırılan məsələlər dərindən öyrənilməyibsə, onlara dair lazımi tədbirlər görülməyibsə və qanuni cavablar verilməyibsə, icra hakimiyyətinin başçısı baxılma müddətini bir az uzada bilər və bu barədə müəllifə mütləq məlumat verilir. Əlavə öyrənilmə və yoxlanma tələb olunmayan təklif, ərizə və şikayətlərə maksimum qısa müddətdə baxılır.
95. Hər bir təklif, ərizə və şikayətə baxılmasının nəticələri əsasında vətəndaşın qaldırdığı məsələ və ya faktlar, onların yoxlanılma nəticələri barədə qısa məlumatı özlərində əks etdirən arayış tərtib edilir. Müraciətdə baxılmasının nəticələri haqqında rəyi bilavasitə məktubun üzərində və ya dövlət, təsərrüfat orqanlarından, müəssisə və ictimai təşkilatlardan alınmış arayışın üzərində yazmaq olar.
Vətəndaşların şifahi və yazılı müraciətlərinə baxılmasının nəticələri əsasında icra hakimiyyətinin başçısına təqdim edilən arayışları başçısının müavini və ya müvafiq struktur bölməsinin rəhbəri imzalayır və icraçı viza qoyur.
Qəti qərardan və onun icrasından sonra hər bir vətəndaş müraciətinin üzərində dərkənarı qoymuş vəzifəli şəxs tərəfindən "İşə tikilsin" sözləri yazılmalı, tarix göstərilməli və imza qoyulmalıdır.
96. Aparatın struktur bölmələrində vətəndaşların təklif, ərizə və şikayətlərinə vaxtında, obyektiv və hәrtәrәfli baxılması üçün məsuliyyəti başçı, onun müavinləri, şöbə müdirləri, aparatın müraciətə baxan işçiləri daşıyırlar. Aparatda vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılması ilə əlaqədar mövcud Qanuna əməl edilməsinə nəzarəti Ümumi şöbə həyata keçirir.
Vətəndaşların icra hakimiyyəti başçısının aparatına daxil olmuş təklif, ərizə şikayətləri baxıldıqdan sonra onlara aid bütün materiallarla birlikdə saxlanılmaq üçün ümumi şöbəyə qaytarılmalıdır.
97. Ümumi şöbə daxil olan müraciətlər haqqında hər an məlumat hazırlayır, yarımillikdə və ildə bir dəfə isə vətəndaşların yazılı və şifahi müraciətlərini xarakterinə görə müəyyənləşdirir və təhlil edir, vətəndaşların təklif ərizə və şikayətlərində qaldırılan ən əhəmiyyətli, aktual problemlər haqqında icra hakimiyyəti başçısına arayış verilir. Bu arayışa aparatda vətəndaşların müraciətlərinə baxılmasının vəziyyəti və müvafiq Qanuna riayət edilməsi haqqında məlumat da əlavə edilir.
98. İcra hakimiyyəti başçısı aparatının vətəndaşları qəbul otağında vətəndaşları xüsusi qrafik üzrə hər gün (bazar və bayram günlərindən başqa) başçı və onun müavinləri, şöbələri və struktur bölmələrinin rəhbərləri qəbul edilirlər.
Qrafik әvvәlcәdәn rayonun mətbu orqanında dərc edilir və qəbul otağında asılır. Vətəndaşların qəbula yazılmasının qəbul qrafikinə uyğun olaraq Ümumi şöbənin işçiləri həyata keçirirlər.
Qəbulu aparan icra hakimiyyətinin başçısı, onun müavinləri, şöbə müdirləri və aparatın digər işçiləri tərtib edilmiş qəbul qrafikinə ciddi riayət etməlidirlər. İcra hakimiyyəti başçısının razılığı olmadan vətəndaşların qəbulu qrafikinə dəyişiklik etmək olmaz.
99. Qəbula gələnlərin qeydiyyatı müvafiq jurnalda və ya qəbula yazılan vətəndaşların qeydə alınması vərəqəsində aparılır. Bu işə və qəbul qrafikinə əməl edilməsinə nəzarət Ümumi şöbənin müdirinə, vətəndaşın qaldırdığı məsələnin həllinə nəzarət icra hakimiyyəti başçısının aparatında vətəndaşı qəbul edən şəxsə həvalə edirik. Qəbul zamanı müraciət edənin məsələsini operativ həll etmək mümkün olmadıqda qəbulu aparan şəxs həmin müraciətə hansı müddətdə baxılacağını bildirməlidir. Bu barədə vətəndaşın qeydə alınması vərəqəsində (jurnalda) müvafiq qeyd və tapşırığın məzmunu yazılır. Aparatın şöbələri şikayətə baxılmasının son nəticələri haqqında Ümumi şöbənin müdirinə məlumat verirlər və o, şikayəti nəzarətdən çıxarır. Bütün hallarda qəbulda olmuş vətəndaşa onun müraciətinə baxılmasının nəticəsi haqqında məlumat verilir.
Qəbul zamanı vətəndaş yazılı müraciət təqdim etdikdə həmin müraciət müəyyən edilmiş qaydada qeydiyyat-nəzarət vərəqəsində qeydiyyata alınmalıdır.
Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 25 may tarixli 408 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə” dən
ÇIXARIŞ
II. SƏFİRLİYİN ƏSAS VƏZİFƏLƏRİ
9.4. qəbul edən dövlətdə Azərbaycan Respublikasının, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarını öz səlahiyyətləri daxilində müdafiə etmək;
III. SƏFİRLİYİN FUNKSİYALARI
10.11. qəbul edən dövlətdə yaşayan azərbaycanlılarla əlaqələrin qurulmasına və əməkdaşlığın inkişafına öz səlahiyyətləri daxilində yardım edir;
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli
2292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiya“dan
ÇIXARIŞ
III. MİLLİ STRATEGİYA ÜZRƏ TƏDBİRLƏR
2. Dövlət və yerli özünüidarə orqanlarının fəaliyyəti
Korrupsiyaya qarşı mübarizə məqsədilə dövlət orqanlarında daxili nəzarət qurumlarının təkmilləşdirilməsi, onların maddi-texniki bazalarının gücləndirilməsi nəzərdə tutulur. Şəxslərin bu orqanlara birbaşa müraciət etməsi üçün imkanlar yaradılmalı və onların qərar qəbuletmə prosesi daha operativ olmalıdır. İctimaiyyətlə əlaqələrin gücləndirilməsi üçün qaynar xətlərin və qaynar xətlərə daxil olan məlumatlarla əlaqədar operativ tədbirlər görülməsi sisteminin yaradılması, bu xətlər barədə ictimaiyyətin məlumatlandırılması üçün tədbirlər müəyyən edilir. Korrupsiya halları haqqında məlumat verən şəxslərin müdafiəsini tənzimləyən qanunvericilik bazasının gücləndirilməsi nəzərdə tutulur.