I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

Göstərilən məsələnin həlli həmin torpaq sahəsinin vətəndaşın qanuni istifadəsində olub-olmamağından və fərdi yaşayış evinin icazəli və ya özbaşına inşa edilməsindən asılıdır.

1. Əgər torpaq sahəsi vətəndaşın qanuni istifadəsindədirsə vətəndaş həmin torpaq sahəsi üzərində qanunvericiliklə nəzərdə tutulmuş qaydada mülkiyyət hüququ əldə edə bilər. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən vətəndaşlar torpaqları öz mülkiyyətinə keçirmək üçün ərizə ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə (DTXK) müraciət edirlər. DTXK vətəndaşlara onların mülkiyyətinə verilən torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir.

Bundan sonra vətəndaş torpaq sahəsinin qanuni istifadədə olmasını təsdiq edən sənədi, torpaq sahəsinin planı və ölçüsünü, fərdi yaşayış evinin yerli icra hakimiyyəti orqanının memarlıq xidməti tərəfindən təsdiq edilmiş layihəsini, tikintiyə icazə verilməsi barədə sərəncamı və istismara qəbul aktını ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsinə təqdim etməlidir. Bununla da torpaq sahəsi və fərdi yaşayış evi üzərində hüquqlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 13.7-ci maddəsinə uyğun olaraq, vahid daşınmaz əmlak kimi dövlət qeydiyyatına alına bilər.

2. Eyni zamanda əgər fərdi yaşayış eviqanunvericiliklə nəzərdə tutulmuş tikinti norma və qaydalarına uyğun şəkildə inşa edilibsə, torpaq sahəsi mülkiyyətə verilmədən də, istifadədə olmaqla fərdi yaşayış evi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alına bilər.

3. Bununla yanaşı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 180-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun.

Go to top