I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

Mülki qanunvericilikdə daşınmaz əmlakın bir şəxsin adından digər şəxsin adına etibarnamə əsasında keçirilməsi nəzərdə tutulmayıb. Belə ki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır.  Buna uyğun olaraq etibarnamə əsasında mülkiyyətçi ona məxsus olan daşınmaz əmlaka dair yalnız müəyyən hərəkətlərin həyata keçirilməsini digər şəxsə həvalə edə bilər.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, əmlakın özgəninkiləşdirilməsi, yəni ona mülkiyyət hüququnun başqasının adına qeydə alınması bir qayda olaraq notariat qaydasında təsdiq edilmiş müqavilələr əsasında həyata keçirilir. Burada ilk növbədə alqı-satqı və bağışlama müqavilələri nəzərdə tutulur.

 “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi üçün 30 (otuz) manat, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün 50 (əlli) manat məbləğində dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur.

Daşınmaz əmlak üzərində mülkiyyət və digər hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinin büdcəsinə xidmət haqqının da ödənilməsi nəzərdə tutulub.

Ərazi idarələri tərəfindən göstərilən xidmətlərin (reyestrdən çıxarış, torpaq sahələrinin plan və ölçüsü, yüklülüyün, icarə və istifadə hüquqlarının qeydiyyata alınması və digər nəzərdə tutulmuş hərəkətlərlə əlaqədar əlavə göstərilən xidmətlər üçün) dəyərinin hesablanması Tarif (qiymət) Şurasının 31 iyul 2009-cu il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş tariflərə uyğun olaraq aparılır.

Go to top