Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi sosial sığorta hadisəsi hesab olunur və əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün) sosial sığorta üzrə ödəmələrin bir növdür. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması və ödənilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə işəgötürənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə» ilə tənzimlənir.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinəti almaq hüququ olan şəxslər
Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün) almaq hüququ vardır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Müavinətin aylıq maksimal həddi yaşa görə əmək pensiyasının baza hissəsinin 25 mislindən artıq ola bilməz.
Misal. 22 iş günündən ibarət ay üçün müavinətin (yaşa görə əmək pensiyasının baza hissəsi 100 manat olduqda) gündəlik maksimal həddi 113,63 ((100 manat*25)/22) manatdan artıq ola bilməz.
Qanunvericiliyə görə əməyin ödənişi fonduna məcburi dövlət sosial sığorta haqqının hesablanmasından azad olunan işəgötürənlərdə işləyən şəxslərin hesablanmış əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinəti (qanunvericiliklə müəyyən olunmuş dövr üçün) hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləğinin azadolmalar nəzərə alınmadan hesablanmalı olan məcburi dövlət sosial sığorta haqqının məbləğinə nisbətində almaq hüququ vardır.
Misal. 22 iş günündən ibarət ay üçün müavinətin (yaşa görə əmək pensiyasının baza hissəsi 100 manat olduqda) gündəlik maksimal həddi 13,63 ((100 manat*25)/22)*12% manatdan artıq ola bilməz.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə sığorta olunana müavinətin verilməsi halları
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə sığorta olunana müavinət aşağıdakı hallarda verilir:
• xəstəlik və zədə nəticəsində əmək qabiliyyəti müvəqqəti itirildikdə;
• sanatoriya-kurort müalicəsi zamanı;
• xəstələnmiş ailə üzvlərinin qulluğa ehtiyacı olduqda;
• epidemioloji hallarda karantin zamanı;
• vərəm və peşə xəstəlikləri ilə əlaqədar müvəqqəti olaraq başqa işə keçirildiyi zaman;
• protez hazırlandığı müddətdə protez-ortopedik müəssisənin stasionarına yerləşdirildikdə;
• Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ verən postvaksinal fəsadların siyahısına daxil olan postvaksinal fəsadla əlaqədar əmək qabiliyyəti müvəqqəti itirildikdə.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə sığorta olunana müavinətin verilməsi dövrü və maliyyələşmə mənbələri
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq sağalanadək və ya tibbi sosial ekspert komissiyası (TSeK) tərəfindən əlillik müəyyən edilənədək, lakin qanunvericiliklə müəyyən olunmuş müddətdən çox olmayan dövr üçün verilir.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ilk 14 təqvim günü üçün işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.
Əmək qabiliyyətini müvəqqəti itirmə işçinin işdən çıxarılmasının düzgünlüyü barəsində mübahisə getdiyi dövrədə baş vermişdirsə, müavinət işçi işə bərpa olunduqda verilir. Bu zaman, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət müəssisənin vəsaiti hesabına verilir. Əgər əmək qabiliyyətinin müvəqqəti itirilməsi işə bərpa olunma barəsində qərar çıxarıldığı gündən sonra da davam edərsə, onda müavinətin xəstəlik vərəqəsində göstərilmiş ilk 14 təqvim gününə düşən məbləği işəgötürənin vəsaiti hesabına, qalan hissəsi isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.
Misal. İşdən çıxarılmasının düzgünlüyü barəsindəki mübahisə gedən işçi xəstəlik vərəqəsinə əsasən 2005-ci il yanvarın 20-dən fevralın 10-dək əmək qabiliyyətini müvəqqəti itirilmişdir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövründə işçi məhkəmənin müvafiq qətnaməsi ilə 2005-ci ilin 7 fevral tarixində işə bərpa olunmuşdur. Bu halda müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin birinci günündən işçinin işə bərpa olunduğu günədək (ilk 14 təqvim günü + 4 təqvim günü) işəgötürənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. İşçi məhkəmənin müvafiq qətnaməsinə əsasən 2005-ci ilin 25 yanvar tarixində işə bərpa olunduğu halda müavinət bu Əsasnamənin 9-cu bəndinin birinci abzasına uyğun olaraq əmək qabiliyyətinin müvəqqəti itirilməsinin birinci günündən işçinin işə bərpa olunduğu günədək (5 təqvim günü) və ilk 14 təqvim gününün qalan 9 təqvim günü işəgötürənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.
Növbəti məzuniyyət (əsas və yaxud əlavə məzuniyyət) zamanı xəstəlik və ya zədə nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, təqdim olunmuş xəstəlik vərəqəsinə əsasən işçinin əmək qabiliyyətini itirdiyi bütün günlər üçün verilir. Əmək haqqı saxlanılmadan məzuniyyətin və ya uşağa qulluq etməkdən ötrü məzuniyyət zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir.
Əgər əmək qabiliyyətinin müvəqqəti itirilməsi əmək haqqı saxlanılmadan məzuniyyətdən və yaxud uşağa qulluq edilməsinə görə məzuniyyətdən sonra da davam edərsə, onda müavinət işçinin işə başlamalı olduğu gündən ümumi qayda üzrə verilir. Hamiləliyin süni yolla dayandırılması ilə əlaqədar aparılmış əməliyyatdan sonra müavinət ümumi qayda üzrə əmək qabiliyyətinin itirilməsinin bütün müddətinə görə verilir.
İşləyən əlillərə (müharibə əlillərindən başqa) və sağlamlıq imkanları məhdud uşaqlara əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, əmək şikəstliyi və peşə xəstəliyindən başqa qalan hallarda, ardıcıl və yaxud təkrar xəstələnmə zamanı təqvim ilində altı aydan çox olmamaq şərti ilə verilir. Əgər işləyən əlilin əmək qabiliyyətinin müvəqqəti itirilməsi əmək şikəstliyi və ya peşə xəstəliyi nəticəsində baş vermişsə, onda müavinət, xəstə sağalanadək, yaxud da əmək şikəstliyi və ya peşə xəstəliyi ilə bağlı əlillik dərəcəsi yenidən müəyyən edilənədək verilir.
İşləyən əlillərə (vərəm xəstəliyi olan əlillərdən başqa) və sağlamlıq imkanları məhdud uşaqlara vərəm xəstəliyi ilə xəstələndikdə əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət sağalanadək və ya vərəmlə xəstələnmə nəticəsində əlillik dərəcəsi yenidən baxılanadək, lakin 12 aydın artıq olmamaq şərtilə verilir. İşçinin qanunla müəyyən edilmiş hallarda vaxtaşırı tibbi müayinədən keçirildiyi, o cümlədən stasionarda müayinə edildiyi vaxt üçün müavinət verilmir.
İşçi hərbi xidmətə çağırıldığı zaman xəstəxanaya yerləşdirildikdə müavinət verilmir. Müvəqqəti olaraq işin dayandırıldığı müddət zamanı, hərbi toplanışlar və ya təhsil müəssisələrində istehsalatdan ayrılmamaqla təhsillə əlaqədar verilən əlavə məzuniyyət zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsi baş verdikdə müavinət işçinin göstərilən müddət qurtardıqdan sonra işə başlamalı olduğu gündən verilir.
Əmək qabiliyyətini müvəqqəti itirməsi işçiyə qanuna əsasən əmək haqqının dayandırılması ilə işdən (vəzifədən) kənar edildiyi dövrdə baş vermişsə müavinət verilmir. Əgər əmək qabiliyyətinin müvəqqəti itirməsi işə başlamağa icazə verildikdən sonra da davam edərsə, onda müavinət işçinin işə başlamalı olduğu gündən verilir.
Əmək qabiliyyətinin müvəqqəti itirməsinə görə müavinətin verilməməsi halları
- Əmək qabiliyyətinin müvəqqəti itirməsinə görə müavinət aşağıdakı hallarda verilmir:
- 6 ay sosial sığorta stajı olmayan şəxslərə;
- əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı şəxsin məcburi dövlət sosial sığorta haqqı hesablanmayan əmək fəaliyyəti dövründə baş vermişdirsə;
- işdən və ya başqa vəzifədən boyun qaçırmaq məqsədi ilə sığortaolunan qəsdən öz sağlamlığına zərər vurduqda və yaxud özünü yalandan xəstə kimi qələmə verdikdə;
- törətdikləri cinayət zamanı aldıqları zədə nəticəsində əmək qabiliyyətini müvəqqəti itirdikdə;
- məhkəmənin qərarı ilə məcburi müalicə zamanı (ruhi xəstələrdən başqa).
«Sosial sığorta haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən məcburi dövlət sosial sığortası üzrə sığortaçıya sığortaedən tərəfindən hesabat təqdim edilməyən dövrdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı baş verdikdə, müavinətin verilməsi hesabat təqdim edilən tarixə kimi dayandırılır. Əgər sığortaedən hesabat əvəzinə fəaliyyətin olmaması barədə arayış təqdim edərsə, bu dövr müvəqqəti olaraq işin dayandırıldığı dövr hesab olunur və bu müddət zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı (hadisəsi) baş verdikdə müavinət verilmir.
Əmək qabiliyyətinin müvəqqəti itirməsinə görə müavinətin hesablanması
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin qazancından hesablanır. Əməyin vaxtamuzd və işəmuzd ödənilməsi sistemində qazanc dedikdə, əməkhaqqı (aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar) başa düşülür.
Əməkhaqqı əvəzinə işçiyə verilən malların (işlərin və xidmətlərin) dəyəri həmin malların bu işçinin qazancı kimi nəzərə alındığı tarixdə bazar (sərbəst) qiymətləri ilə ifadə olunan dəyərinə, verilən malların dəyəri dövlət tərəfindən tənzimləndiyi halda isə dövlət tərəfindən tənzimlənən qiymətlərlə ifadə olunan dəyərinə bərabər götürülür.
Müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır.
Sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayında əmək fəaliyyəti olmamışdırsa, onda bir iş gününə düşən orta gündəlik qazancı müavinətin hesablanması əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə qanunvericiliklə müəyyən edilmiş minimum aylıq əməkhaqqının qüvvədə olan məbləğinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır.
Əgər qazancın götürüldüyü müddətdə işçi öz cədvəli üzrə bütün günləri işləməmişdirsə, bu zaman mükafatın orta aylıq məbləği işçinin hər ayda işlədiyi günlərin sayına mütənasib olaraq müəyyən edilir.
Orta gündəlik qazancın hesablanması zamanı iş günlərinin sayından aşağıdakı dövrə düşən iş günləri çıxılmalıdır:
- əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr;
- hamiləliyə və doğuma görə verilən məzuniyyət dövrü;
- uşaq 3 yaşına çatanadək ona qulluq edilməsinə görə verilən məzuniyyət dövrü;
- məcburi dövlət sosial sığorta haqqı hesablanmayan digər dövrlər.
Gündəlik müavinətin məbləği orta gündəlik qazanc və bu Əsasnamə ilə müəyyən edilən miqdarlar (faiz nisbətləri) nəzərə alınmaqla müəyyən edilir və onun maksimal həddi bu Əsasnamənin 3-cü hissəsinin dördüncü abzasında müəyyən edilmiş aylıq maksimal həddin həmin aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır.
Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində buraxılmış iş günlərinin sayına vurulması ilə tapılır.
Məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlirlərin məbləği müavinət hesablandıqda qazanc məbləğinə daxil edilmir.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi, hamiləliyə və doğuşa görə məzuniyyətdən başqa, qalan bütün hallarda iki aylıq vəzifə maaşı və ya ikiqat tarif dərəcəsi (vaxtamuzd əməkhaqqı alanlar üçün vaxtamuzd, işəmuzd əməkhaqqı alanlar üçün isə işəmuzd əməkhaqqı) məbləğindən artıq olmamaq şərtilə, faktiki qazanc nəzərə alınır və müavinətin aylıq məbləği iki aylıq vəzifə maaşı və ya ikiqat tarif dərəcəsi məbləğindən artıq ola bilməz.
Vəzifə maaşı və ya tarif dərəcəsi almayan işçilərə bu Əsasnamədə nəzərdə tutulan hallarda müavinətin hesablanması üçün əməkhaqqı səlahiyyətli orqanın (Dövlət Statistika Komitəsinin) məlumatı üzrə müvafiq peşə və ixtisasa malik işçinin əməkhaqqına uyğun olaraq müəyyən edilir.
Sosial sığorta qanunvericiliyi ilə məcburi dövlət sosial sığorta haqqını fərqli qaydada (ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqına, gəlirlərinə (əməkhaqqı istisna olmaqla) və ya qonorara nisbətdə) ödəyən və iş vaxtının uçota alınması mümkün olmayan şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hesablanarkən qazanc kimi qanunvericiliklə müəyyən edilmiş məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri (minimum aylıq əməkhaqqı, qonorar və s.) əsas götürülür. Bu zaman vəkilin, notariusun, sərbəst auditorun və sərbəst mühasibin müavinətin hesablanması üçün götürülən orta gündəlik qazancı səlahiyyətli orqanın (Dövlət Statistika Komitəsinin) məlumatı üzrə əvvəlki ildə respublikanın regionları üzrə bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı əsasında müəyyən edilən orta gündəlik qazancın məbləğindən artıq olmamalıdır. Belə şəxslərə müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin baş verdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayında 6 ay ərzində qanunvericiliklə müəyyən edilmiş məbləğdə məcburi dövlət sosial sığorta haqqını hesablayıb qanunvericiliklə müəyyən edilmiş müddətdə ödədikdə və əmək qabiliyyətinin müvəqqəti itirilməsinin baş verdiyi tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə borcu olmadıqda, hesablanıb verilir.
Müavinət hesablanarkən nəzərə alınan bütün növ qazanclar, o cümlədən həmin ayda əmək haqqı ilə verilən mükafatlar qazanca onların hesaba alındığı vaxt üzrə daxil edilir.
Əməyin ödənilməsi fondundan verilən mükafatlar, əmək haqqına əlavələr orta aylıq miqdarında, onların keçən ildə hesablanmış ümumi məbləğin 12 aya bölünməsi yolu ilə nəzərə alınırlar.
Mükafatların ümumi məbləği bölünən aylarda işçinin əmək qabiliyyətinin müvəqqəti itirdiyinə görə tam işləmədiyi aylar, hamiləliyə və doğuma görə verilən məzuniyyət, uşaq 3 yaşına çatanadək ona qulluq edilməsinə görə verilən məzuniyyət, hərbi təlim toplanışlarında olan, yaxud başqa müəssisəyə işə göndərilən müddət nəzərə alınmır. Əgər hesablama üçün 3 aydan az müddət götürülürsə, onda hər ayda rüblük mükafatın üçdə bir hissəsindən çox olmayan məbləğ hesaba alınır.
Müəssisənin illik fəaliyyətinin yekununa görə əməyin ödənilməsi fondundan mükafatlar və uzun müddət işləməyə görə verilən birdəfəlik mükafatların bütün hallarda on ikidə bir hissəsi aylıq əmək haqqına əlavə olunur.
Əgər işçi əvvəlki təqvim ilinin çox hissəsini və ya bütün ili Əsasnamənin bu bəndinin üçüncü abzasında göstərilmiş səbəblərdən işləməmişdirsə, onda həmin işçi üçün mükafatın orta aylıq məbləği keçən və ya cari təqvim ilində işə qəbul olunmuş işçilər üçün nəzərdə tutulmuş qaydada müəyyən edilir.
Misal: Qadın hamiləliyinə və doğuma görə məzuniyyətə 1995-ci ilin dekabr ayında çıxmış və uşaq yaşyarımına çatanadək işləməmişdir. 1996-cı ilin avqust ayında işə başlamış və 1997-ci il iyul ayında xəstələnmişdir. Belə halda ona orta aylıq mükafat 1996-cı ilin avqust ayından 1997-ci ilin iyul ayına qədər olan dövrdə hesablanmış mükafatı nəzərə almaqla müəyyən edilməlidir.
Keçən və ya cari təqvim ilində işə qəbul olunmuş işçilərə mükafat əmək qabiliyyətinin itirildiyi günədək və ya hamiləliyə və doğuma görə məzuniyyət başladığı günədək işlədiyi müddətə görə verilir, bu zaman mükafatın miqdarı əvvəlki 12 aydan çox olmamalıdır və onun məbləği bu ayların sayına bölünür.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi işçinin vəzifə maaşı, tarif dərəcəsi dəyişdirilmişdirsə (yüksəldilmişdirsə), onda əvvəl təyin edilmiş müavinətin məbləği vəzifə maaşının, tarif dərəcəsinin yeni (yüksəldilmiş) miqdarını nəzərə almaqla yenidən haqq-hesab edilməlidir.
Əgər uşağa qulluq edilməsinə görə məzuniyyət zamanı (o cümlədən əmək haqqı saxlanılmadan məzuniyyət zamanı) qadın hamiliyə və doğuma görə məzuniyyətə çıxarsa, onda bu halda da müavinət vəzifə maaşlarının, tarif dərəcəsinin yeni (yüksəldilmiş) miqdarını nəzərə almaqla yenidən haqq-hesab edilməlidir.
Əmək qabiliyyətini itirmə, həmin şəxs əmək intizamını pozduğuna görə cəzalandırılıb aşağı maaşlı işə keçirilməsi barəsindəki əmrdən (sərəncam, qərar) sonra, lakin işə başlamalı olduğu gündən qabaq baş vermişsə, onda bu işdə olmalı günlər üçün müavinət həmin işin tarif dərəcəsindən (vəzifə maaşı) hesablanır. İşçi əsas iş yerindən əlavə başqa müəssisədə də müqavilə üzrə işləyirsə, bu zaman müavinət işçinin hər iki iş yerində aldığı ümumi qazancın əsasında hesablanır və əsas iş yerində müəyyən olunmuş stavkanın ikiqat məbləğindən artıq olmamaq şərti ilə ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi iş zamanı baş vermişsə və müəssisə, sex, şöbə dayandığı vaxtda da davam edirsə, bu zaman müavinət həmin peşə və ixtisas işçilərinə bu müddət üçün verilən qazancın miqdarından verilir, bu halda müavinət, həmin işçinin ümumi qaydalar üzrə ala biləcəyi müavinətdən artıq olmamalıdır.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi müəssisədə iş dayandığı müddətdə baş vermişsə, onda işçiyə müavinət verilmir.
Əgər əmək qabiliyyətinin müvəqqəti itirilməsi (baş verdiyi vaxtdan asılı olmayaraq), müəssisə, şöbə işə salındıqdan və ya müəssisə ləğv edildikdən sonra da davam edərsə, bu zaman müavinət müəssisənin işə salındığı və ləğv edildiyi gündən, işçinin işin dayandırıldığından əvvəlki qazancına müvafiq hesablanır. İşçi əmək haqqında əlavənin müəyyən edildiyi rayonlarda və yerlərdə işlədiyi müddət ərzində xəstəlik vərəqəsi almışdırsa, onda bu rayonlarda və yerlərdə olmadığı vaxt üçün əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət əlavə haqqı nəzərə alınmadan hesablanır. Bu qayda hamiləliyə və doğuma görə, habelə əmək şikəstliyi və peşə xəstəliyi zamanı tətbiq olunmur.
Əmək haqqına əlavə vəsait alan və yaxud müvəqqəti olaraq başqa yerdə olduğuna görə əmək haqqına yüksəldilmiş əmsal alan işçiyə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə və ya hamiləliyə və doğuma görə müavinət onun əlavə vəsaiti yaxud da yüksəldilmiş əmsalı almalı olduğu günə kimi və yaxud da müvəqqəti olduğu yerdən qayıtmalı olduğu günə kimi həmin əlavə vəsaiti və yaxud da yüksəldilmiş əmsalı nəzərə alınmaqla hesablanır.
Ümumi təhsil, orta ixtisas, ilk peşə-ixtisas təhsili müəssisələrində və işçiləri əmək haqqı üzrə onlara bərabər tutulan digər təhsil müəssisələrində (istər bir, istərsə də bir neçə) çalışan müəllimlərə və tərbiyəçilərə müavinət, pedaqoji iş üçün verilən həqiqi qazancdan hesablanır. Bu zaman faktiki qazanca əmək qabiliyyətini müvəqqəti itirdiyi, hamiləliyə və doğuma görə məzuniyyətin başlandığı günədək tariflə müəyyən olunmuş pedaqoji iş saatları üçün verilən haqq, pedaqoji iş üçün verilən əlavə haqq (sinif rəhbəri vəzifəsini yerinə yetirmək üçün, şagirdlərin yazı işlərini yoxlamaq üçün, kabinə, laboratoriya və şöbə müdirliyi üçün, təcrübə işlərinə rəhbərlik etmək üçün və s. üçün), habelə müəyyən edilmiş qaydada təsdiq olunmuş və dərs cədvəlində nəzərdə tutulmuş saat hesabı üçün haqq daxil edilir. Məktəbəqədər, məktəbdənkənar və digər uşaq təhsili müəssisələrində (istər bir, istərsə də bir neçəsində) çalışan pedaqoji işçilərə müavinət hesablanarkən bütün iş yerlərindəki həqiqi pedaqoji iş saatları üçün əmək haqqı, pedaqoji iş üçün əlavə haqq nəzərə alınır.
Bu bənddə göstərilən təhsil müəssisələrində, məktəbdənkənar və digər uşaq təhsili müəssisələrində, eyni zamanda müəssisədə (idarədə) müəllimlik edən və ya digər pedaqoji işi aparan rəhbər və başqa işçilərə müavinət pedaqoji iş (müəllimlik) saatlarının haqqı da daxil olmaqla bütün qazancdan hesablanır.
Səhiyyənin müalicə-profilaktika və sanatoriya-epidemiologiya idarələrində, uşaq evlərində, xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələrdə, tibbi-sosial ekspert komissiyalarında, məhkəmə tibb ekspertizasında işləyən tibb və əczaxana işçilərinə, habelə Qızıl Aypara cəmiyyətlərində çalışan şəfqət bacılarına müavinət bütün iş yerləri üzrə həqiqi iş qazancından hesablanır.
Bu bənddə göstərilən şəxslərə müavinətin hesablanmasında nəzərə alınan qazancın ümumi məbləği əmək şikəstliyi, peşə xəstəliyi, hamiləliyə və doğuma görə məzuniyyətdən başqa, ikiqat maaş və ya ikiqat tarif dərəcəsindən artıq olmamalıdır.
Tikinti obyektlərində və xalq təsərrüfatının başqa sahələrində işləmək üçün təşkil olunmuş tələbə dəstələrinin üzvlərinə dəstədə işlədikləri dövrdə əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət aldıqları qazancdan hesablanır və bu işlərin yerinə yetirildiyi yerdə təyin edilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Cəmiyyətdən təcrid edilməsi ilə əlaqədar olmayan cəzaya məhkum edilmiş şəxslərə müavinət ümumi qaydalar üzrə verilir. Bu zaman həmin cəzanı əvvəlki iş yerində çəkən şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirməyə görə müavinət bu cəzanı çəkməyə başlayanadək olan ümumi staja görə müəyyən edilən miqdarda verilir. Göstərilən şəxslərə əmək qabiliyyətini müvəqqəti itirməyə, hamiləliyə və doğuma görə müavinət məhkəmənin hökmü ilə təyin olunmuş məbləğ çıxıldıqdan sonra qazancdan hesablanır. Sərxoşluq nəticəsində və yaxud da sərxoşluqla əlaqədar olan xəstəliklər zamanı müavinət əmək qabiliyyəti itirilməsinin 11-ci günündən, xroniki alkoqolizmi olan xəstələrin stasionar müalicəsi zamanı isə ümumi əsaslar üzrə əmək qabiliyyətinin itirilməsinin birinci günündən verilir.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında müavinət aşağıdakı miqdarda verilir:
- qazancın 100 faizi miqdarında:
- 12* il və daha çox sosial sığorta stajı olan işçilərə;
- istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə;
- Əfqanıstan müharibəsində, 1990-cı ilin yanvar ayında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış şəxslərə, Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı zərər çəkənlərə;
- Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsində iştirak edən şəxslərə, bu zaman həlak olanların, ölənlərin valideynlərinə, dul arvadlarına (dul kişilərinə) və uşaqlarına, habelə bu hadisələrdə iştirak edən hərbi qulluqçuların (o cümlədən müddətli xidmət hərbi qulluqçularının) arvadlarına; Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olanların, ölənlərin valideynlərinə, dul arvadlarına (dul kişilərinə) və uşaqlarına; Xidməti vəzifələrinin icrası zamanı həlak olan, ölən ədliyyə, miqrasiya və fövqəladə hallar orqanları işçilərinin valideynlərinə, dul arvadlarına (dul kişilərinə) və uşaqlarına;
- 1986—1990-cı illər Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin köçürmə zonası hüdudlarında ləğv edilməsində, yaxud həmin dövrdə Çernobıl AES-nin istismarında və ya digər işlərdə iştirak etmiş (o cümlədən müvəqqəti göndərilmiş, yaxud ezam edilmiş) şəxslər, habelə xüsusi toplanışlara çağırılmış və həmin dövrdə görülən işin növündən və yerindən asılı olmayaraq, göstərilən qəzanın nəticələrinin ləğvi ilə bağlı işlərin görülməsinə cəlb edilmiş hərbi qulluqçular və hərbi vəzifəlilər, habelə köçürmə zonasında xidmət keçmiş daxili işlər orqanlarının rəis və sıravi heyətinə;
- qanyaradıcı orqanların (kəskin leykoz), qalxanvari vəzinin (adinoidlər, xərçəng), bəd xasiyyətli şişlərin xəstəliyi zamanı;
- 14 yaşınadək uşaqların Çernobıl AES-də qəzanın ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş valideynlərdən birinə iş stajından asılı olmayaraq, xəstə uşağa baxmağa görə;
- , əmək qabiliyyətini postvaksinal fəsadla əlaqədar itirən vətəndaşlara;
- , hemofiliya və talassemiya irsi qan xəstəliyi olan şəxslərə;
- qan və qan komponentlərinin donorluğu funksiyasını yerinə yetirməsi ilə əlaqədar olaraq əmək qabiliyyətini müvəqqəti itirmiş şəxslərə;
- hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) arvadlarına, məcburi köçkünlərə və vərəm xəstəliyinə tutulmuş şəxslərə;
- onkoloji xəstələrə;
- yetkinlik yaşına çatmayan şəxs postvaksinal fəsadla əlaqədar xəstəliyə tutulduqda, ona qanunvericiliklə müəyyən edilən qaydada sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək onun valideynlərindən birinə və ya qanuni nümayəndəsinə;
- qazancın 80 faizi miqdarında:
- 8* ildən 12* ilə qədər sosial sığorta stajı olan işçilərə;
- 21 yaşına çatmamış və 5 ilədək sosial sığorta stajı olan ata-anasız yetim uşaqlara;
- qazancın 60 faizi miqdarında:
- 8* ilədək sosial sığorta stajı olan işçilərə;
Hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəli şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət sosial sığorta stajından asılı olmayaraq aylıq təminat xərcliyinin 100 faizi miqdarında verilir.
Müavinətin məbləği təyin edilərkən sosial sığorta stajı sığortaolunanın əmək qabiliyyətinin itirildiyi günədək xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti nəzərə alınmaqla hesablanır.
Müavinətin təyin edilməsi və verilməsi
Müavinət işçinin iş yeri üzrə (əmək kitabçasının olduğu yerdə) müdiriyyətin müavinət təyin edən komissiyası və ya komissiyanın səlahiyyət verilmiş üzvü tərəfindən təyin edilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi müəssisənin olduğu yerdən kənarda (məsələn, ezamiyyət zamanı, məzuniyyət dövründə və i.a.) baş verdikdə də bu Əsasnamə ilə müəyyən olunmuş qaydada verilir.
Öz-özünü sığortaedən fiziki şəxslərə müavinət, onlar tərəfindən Dövlət Sosial Müdafiə Fondu orqanlarına müraciət olunan tarixə qanunvericiliklə müəyyən olunmuş məbləğdə məcburi dövlət sosial sığorta haqqı tam ödənildiyi halda, məcburi dövlət sosial sığorta haqları hesabına Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələri tərəfindən bu Əsasnamə ilə müəyyən edilmiş qaydada təyin olunur və verilir.
İşçi əmək qabiliyyətini müvəqqəti itirmə vaxtı başa çatdıqdan sonra işə çıxdığı gün xəstəlik vərəqələrini müəssisənin müdiriyyətinə təqdim edir. Müdiriyyət xəstəlik vərəqəsinin müvafiq bölmələrində lazımi qeydlər edir və xəstəlik vərəqələrini (siyahı üzrə) müavinətin təyin olunması üçün müavinəti təyin edən komissiyaya təhvil verir.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş xəstəlik vərəqəsinə (əmək qabiliyyətini itirmək vərəqəsi) əsasən təyin edilir. Başqa sənədlər müavinət verilməsi üçün əsas sayıla bilməz.
Xəstəlik vərəqəsi itirildiyi halda müavinət dublikata (sənədin surəti çıxarılmış ikinci nüsxəsi) əsasən verilə bilər.
İşçi əmək qabiliyyətini müvəqqəti itirmə vaxtı başa çatdıqdan sonra işə çıxdığı gün xəstəlik vərəqələrini müəssisənin müdiriyyətinə təqdim edir.
Müdiriyyət xəstəlik vərəqəsinin müvafiq bölmələrində lazımi qeydlər edir və xəstəlik vərəqələrini (siyahı üzrə) müavinətin təyin olunması üçün müavinəti təyin edən komissiyaya təhvil verir. . Müdiriyyətin müavinətin təyin edilməsi üzrə komissiyası xəstəlik vərəqələri əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə görə müavinət almaq hüququnu, ödənilməli günlərin sayını və sığortaolunanın qazancından müavinətin təyin edilməsini protokola yazır və xəstəlik vərəqəsi komissiyanın sədri və ya komissiyanın səlahiyyətli üzvü tərəfindən imzalanır. Zədə nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin təyin edilməsindən tamamilə və ya qismən imtina olunması məsələsi müavinəti alan şəxsin iştirakı ilə baxılır. Müdiriyyətin müavinətin təyin edilməsi üzrə komissiyası xəstəlik vərəqələri əsasında Əsasnaməyə görə müavinət almaq hüququnu, ödənilməli günlərin sayını və sığortaolunanın qazancından müavinətin təyin edilməsini protokola yazır və xəstəlik vərəqəsi komissiyanın sədri və ya komissiyanın səlahiyyətli üzvü tərəfindən imzalanır.
Zədə nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin təyin edilməsindən tamamilə və ya qismən imtina olunması məsələsinə müavinəti alan şəxsin iştirakı ilə baxılır.
Sığortaolunanın həmin xəstəlik vərəqəsi ilə müavinət almaq hüququ olmadıqda müavinət təyin edən komissiya rədd etmək haqqında qərar çıxarır və bu barədə rədd etmənin səbəbi göstərilməklə xəstəlik vərəqəsində qeyd olunur.
Müavinət təyin edildikdən sonra, müdiriyyətin müavinət təyin edən komissiyası və ya komissiyanın səlahiyyətli üzvü, müavinətin hesablanması və ödənilməsiüçün xəstəlik vərəqələrini müəssisənin mühasibatlığına verir. Xəstəlik vərəqələri, o cümlədən ödənişə aid edilməyən xəstəlik vərəqələri müavinət təyin edilməsi protokolunda imza olunmaqla verilir.
Ödənilmiş və ödənişə aid edilməyən xəstəlik vərəqələri, o cümlədən müavinət ödənilməsi üçün təqdim edilmiş bütün başqa sənədlər (arayışlar, aktlar,yollayışların geri qayıtma talonları və s.) pul sənədləri ilə birlikdə müəssisənin mühasibatlığında saxlanılır. Xəstəlik vərəqələri bütün başqa pul məxaric sənədlərindən ayrı saxlanılır.
Protokola əsasən, müəssisənin mühasibatlığı əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün müavinətin hesablanmış məbləğini sığortaedənin vəsaiti hesabına ödəyir. Əgər işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi müddəti 14 təqvim günündən çox olarsa, müavinətin ödənilməsi bu Əsasnamə ilə müəyyən edilmiş qaydada aparılır. Qanunvericiliyə uyğun olaraq bədbəxt hadisənin rəsmiləşdirildiyi İZ aktına əsasən sığortaedən təqsirli hesab edildiyi halda, əmək xəsarəti və peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara isə müavinətin əmək qabiliyyətinin müvəqqəti itirildiyi bütün dövr üçün hesablanmış məbləği sığortaedənin vəsaiti hesabına ödənilir.
Təqdim olunmuş sənəd əsasında komissiyasının səlahiyyətli üzvü müavinət almaq hüququnu, onun miqdarını müəyyən edir, müavinətin təyin edilməsi barədə qərar qəbul edir. Məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətin ödənilməsi üçün sığortaedən Dövlət Sosial Müdafiə Fondu orqanına məktubla müraciət etməlidir.
Sığortaedən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin alınması üçün xəstəlik vərəqəsi müəssisəyə təqdim edildiyi aydan sonrakı ayın 5-dək verilən məktubu Dövlət Sosial Müdafiə Fondu orqanlarına təqdim etməlidir.
Məktuba müavinəti təyin edən komissiyanın protokolunun surəti, müavinət alan şəxslərin bank rekvizitləri və ya poçt ünvanı (faktiki yaşayış ünvanı) və əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin alınması üçün xəstəlik vərəqələrinin surəti əlavə olunmalıdır. Dövlət Sosial Müdafiə Fondu orqanları 5 iş günü ərzində təqdim olunmuş sənədləri araşdırıb ödənişi həyata keçirməlidirlər. Araşdırma zamanı Dövlət Sosial Müdafiə Fondu orqanlarının sığortaedəndən əlavə məlumatlar almaq hüququ vardır.
Sosial sığorta ödəmələrinin ödənilməsi üçün Dövlət Sosial Müdafiə Fondu orqanına müvafiq sənədlərlə birgə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əlavə olunmuş formada haqq-hesab təqdim edilməlidir.
Müavinət alan şəxs müəssisə tərəfindən onun bank rekvizitlərinin və ya poçt ünvanının (faktiki yaşayış ünvanı) düzgün göstərilməməsi səbəbindən müavinəti ala bilməmişdirsə, səhv düşmüş ünvandan qaytarılması mümkün olmayan müavinətə görə təqsirkar müəssisə qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır və onun vəsaiti hesabına ödənilir.
Artıq verilmiş müavinət məbləği müavinəti vermiş Dövlət Sosial Müdafiə Fondu orqanın müraciətinə əsasən sığortaedən tərəfindən tutulur.
Hər belə halda tutulan məbləğ sığortaolunanın əmək haqqının 20 faizindən çox olmamalıdır. Hər bir belə halda geri qaytarılası məbləğ, sığortaolunana çatası vəsaitin 20 faizindən çox olmayaraq çıxılır. Artıq ödənilmiş məbləğ müavinət təyin edən komissiyanın qərarı əsasında müəssisənin mühasibatlığı tərəfindən tutulur və Dövlət Sosial Müdafiə Fondu orqanlarının hesabına köçürülür. Əgərsığortaolunan həmin müəssisədə işləmirsə, onda artıq verilmiş müavinət məbləği könüllü və ya məhkəmə qaydası ilə alınır.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə müavinətlərdən məhkəmənin qərarı ilə aliment və ailə başçısının şikəst olması, yaxud səhhətinin başqa cür korlanmasına və ya ölümünə səbəb olan zərərin ödəniliş məbləği tutula bilər. Müavinətdən bunlardan başqa heç bir ödəniş tutulmur.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma görə sığortaolunanın öldüyü günədək almadığı müavinət mərhumlabirgə yaşayan ailə üzvünə, habelə əmək qabiliyyətini itirmə nəticəsində ölənin himayəsində olan şəxsə verilir.
Sığortaolunanın ölən günədək almadığı müavinət ölənlə qohumluğu və onunla yaşamasının, yaxud onun himayəsində olduğunu təsdiq edən sənədlər təqdim edildikdən sonra verilir.
Vəfat etmiş sığortaolunanın öldüyü günədək almadığı müavinəti onun vərəsələrinin almaq hüququ vardır.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində ölənin himayəsində olan şəxslərə o şəxslər aid edilir ki, onlara ölənin tərəfindən əvvəllər hər ay aliment verilmiş olsun və yaxud da onun əmək haqqından müəyyən edilmiş məbləği almış olsun. Himayədə olmanı icra vərəqəsi və yaxud da himayədə olanın xeyrinə ölən şəxsin əmək haqqından müəyyən məbləğdə tutulmalar barəsində müəssisənin mühasibatlığında olan ölən şəxsin ərizəsi təsdiq edə bilər. Bu barədə Dövlət Sosial Müdafiə Fondu orqanına məlumat verilməlidir.
Belə hallarda ödənilməli olan müavinətin məbləğindən alimentin məbləği və yaxud aylıq köçürmənin müəyyən olunmuş məbləği çıxılır, yerdə qalan müavinətin məbləği ölən şəxsin ailə üzvlərinə verilir.
Müavinət almaq hüququna malik olan valideyn vəfat etdikdə və uşaq doğumu üçün birdəfəlik müavinət alınmadıqda, həmin müavinət digər valideynə və yaxud da uşağa.