V fəsil
SƏNAYE, NƏQLİYYAT, RABİTƏ, VƏ DİGƏR
TƏYİNATLI TORPAQLAR
Maddə 22. Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar
1. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır.
2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır.
Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.[18]
3. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.
4. Təsərrüfat dövriyyəsindən çıxarılan torpaq sahələri xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq müəssisələrə verilir və ya ehtiyat fondu torpaqlarına aid edilir.
5. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir.
Maddə 23. Müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar
1. Hərbi hissələrin, hərbi təhsil (təlim) müəssisələrinin, müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrinin və təşkilatlarının daimi yerləşdirilməsi və fəaliyyət göstərməsi üçün verilmiş torpaqlar müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar hesab edilir.
2. Mühafizə, sanitariya və qoruyucu zonaları müəyyən edilən, hərbi obyektlərin tikintisi üçün verilən torpaq sahələri həmin zonaların əhatə etdiyi torpaqlarla birlikdə təhkim edilir, kənd təsərrüfatı və meşə təsərrüfatı itkilərinin əvəzi ümumi sahə üçün ödənilir.
3. Müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar dövlətin müstəsna mülkiyyətində olur və onların istifadəsi üzrə məhdudiyyətlər Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir.
4. Müdafiə və təhlükəsizlik təyinatlı torpaqlardan istifadə rejiminin əhalinin təhlükəsizliyini təmin edəcək tələbləri müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanları ilə razılaşdırılaraq müəyyən edilir.
5. Müdafiə və təhlükəsizlik ehtiyacları ilə əlaqədar müvəqqəti keçirilən təlimlər və digər tədbirlər üçün vətəndaşların və hüquqi şəxslərin torpaq sahələri müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrinin və təşkilatlarının istifadəsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qayda, müddət və şərtlərlə verilə bilər.
6. Müdafiə və təhlükəsizlik ehtiyacları üçün verilmiş torpaqların istifadə edilməyən və kənd təsərrüfatına yararlı sahələri bu maddənin 1-ci bəndində göstərilən istifadəçinin razılığına əsasən, müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının qərarı ilə kənd təsərrüfatı istehsalı üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin müvəqqəti istifadəsinə və icarəsinə verilə bilər. [19]
7. Müdafiə və təhlükəsizlik təyinatlı torpaq sahələrinin istifadəyə verilməsi müddəti bitdikdən sonra bu maddənin 1-ci bəndində göstərilmiş istifadəçilər öz hesablarına həmin sahələri təyinatı üzrə əvvəlki vəziyyətə gətirməyə borcludurlar.
8. Müdafiə və təhlükəsizlik ehtiyacları üçün torpaq sahələrinin verilməsi, istifadəsi və geri alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.