I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

VI fəsil

XÜSUSİ QORUNAN ƏRAZİLƏRİN TORPAQLARI

Maddə 24. Xüsusi qorunan ərazilərin torpaqları və onların tərkibi

 1. Xüsusi qorunan ərazilərin torpaqları — xüsusi təbiəti mühafizə, elmi, tarix-mədəniyyət, estetik, turizm və rekreasiya, sağlamlaşdırma və digər qiymətli əhəmiyyətə malik olan, müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanları tərəfindən təsərrüfat istifadəsindən və mülki dövriyyədən tamamilə və ya qismən çıxarılan və üzərində xüsusi hüquqi rejim müəyyən edilən torpaqlardır.[20]

 2. Xüsusi qorunan ərazilərin torpaqlarına aşağıdakılar aid edilir:

 təbiəti mühafizə təyinatlı torpaqlar;

 təbii qoruq təyinatlı torpaqlar;

 sağlamlaşdırma təyinatlı torpaqlar;

 turizm və rekreasiya təyinatlı torpaqlar;[21]

 tarix-mədəniyyət təyinatlı torpaqlar;

 3. Torpaqların xüsusi qorunan ərazilərin torpaqlarına aid edilməsi, onların istifadəsi və mühafizəsi qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilir.

Maddə 25. Təbiəti mühafizə təyinatlı torpaqlar

 1. Təbiəti mühafizə təyinatlı torpaqlara:

 yerüstü su axınlarının və sututarların suqoruyucu zonalarının;

 kürü tökülməsi üçün mühafizə zolaqlarının;

 qoruyucu vəzifələri yerinə yetirən meşələrin;

 otlaqqoruyucu, tarlaqoruyucu, suqoruyucu və eroziyaya qarşı meşə əkmələrinin;

 təbiəti mühafizə vəzifələrini yerinə yetirən digər torpaq sahələri aiddir.

 2. Təbiəti mühafizə təyinatlı torpaqlarda qanunvericiliklə onlar üçün müəyyən edilmiş hüquqi rejimə əməl etməklə məhdud təsərrüfat fəaliyyətinə yol verilir.

 3. Çayların, göllərin, su anbarlarının, digər su təsərrüfatı obyektlərinin sərhədlərində, habelə təbiəti mühafizə təyinatlı digər torpaqların hüdudlarında xüsusi hüquqi rejimli mühafizə zonaları müəyyən edilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin təbiəti mühafizə təyinatlı torpaqların hüdudlarında yerləşən torpaq sahələri geri alınmır. Həmin sahələrdən qanunvericiliklə müəyyən edilmiş hüquqi rejimə riayət etməklə istifadə olunur.

 4. Təbiəti mühafizə təyinatlı torpaqları olan müəssisələr, idarələr və təşkilatlar həmin torpaq sahələrinin sərhədlərində xüsusi xəbərdarlıq nişanları basdırmalıdırlar.

Maddə 26. Təbii qoruq təyinatlı torpaqlar

 1. Təbii qoruq təyinatlı torpaqlara qoruqların, yasaqlıqların (ov yasaqlıqları istisna edilməklə), təbiət abidələrinin, təbii (milli) dendroloji və zooloji parkların, nəbatat bağlarının torpaqları aiddir.

 2. Qoruqların torpaqları dedikdə, hüdudlarında elmi və mədəni dəyərə malik olan təbiət obyektləri (tipik və nadir landşaftlar, nadir geoloji törəmələr, bitki və heyvan növləri, canlı orqanizm qrupları və s.) olan və qanunvericilikdə müəyyən edilmiş qaydada qoruq təşkilatlarına təhkim edilmiş torpaq sahələri nəzərdə tutulur. Qoruq torpaqları bu landşaft zonası üçün tipik və nadir olan təbii komplekslərin bütün komponentləri ilə birlikdə onların təbii vəziyyətinin qorunub saxlanması, orada baş verən proseslərin və təzahürlərin təbii axarının və təbiətin mühafizəsinin elmi əsaslarının öyrənilməsi üçün istifadəyə verilir.

 Qoruqların ərazisində, eləcə də onların ətrafında müəyyən edilmiş mühafizə zonalarında qoruqların təbii komplekslərini pozan və ya xüsusi elmi, yaxud mədəni dəyərli təbii obyektlərin mühafizəsi üçün təhlükə törədən hər hansı fəaliyyət qadağan edilir.

 3. Yasaqlıqların torpaqlarına təbii ehtiyatların qorunub saxlanılması, bərpası, artırılması, eləcə də landşaftların və kompleks bioloji, paleontoloji, hidroloji və geoloji obyektlərin ümumi ekoloji tarazlığının qorunub saxlanması üçün nəzərdə tutulan torpaqlar aid edilir.

 4. Təbiət abidələrinin torpaqları nadir və ya tipik, eləcə də elmi, mədəni və sağlamlaşdırma cəhətdən qiymətli abidələrin (tarix-mədəniyyət abidələrindən başqa) torpaq sahələri hesab edilir.

 5. Təbii qoruq təyinatlı torpaqlarda onların məqsədli təyinatına aid olmayan fəaliyyətlər qadağan edilir. Bu torpaqlar onlar üçün müəyyən edilmiş mühafizə rejiminə uyğun gəlmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsərrüfat istifadəsindən geri alınır.

 6. Milli parkların torpaqları, təbii və mədəni landşaftları xüsusi ekoloji, tarixi və estetik dəyərə malik olan torpaq sahələri hesab edilir. Dendroloji və zooloji parkların, nəbatat bağlarının torpaqlarına süni şəraitdə müxtəlif flora və fauna ehtiyatlarının saxlanılması, öyrənilməsi və artırılması, eləcə də onlardan səmərəli elmi-mədəni və təsərrüfat fəaliyyəti üçün istifadəyə verilən torpaq sahələri aiddir.

Maddə 27. Sağlamlaşdırma təyinatlı torpaqlar

 1. Sağlamlaşdırma təyinatlı torpaqlara xəstəliklərin profilaktikasının və müalicə işinin təşkili üçün istifadə edilən və ya edilə bilən, əlverişli təbii müalicə amillərinə malik olan müalicə-sağlamlaşdırma yerlərinin və kurortların (çimərliklər, mineral su mənbələri, müalicəvi neft və palçıq yataqları və s.) torpaq sahələri aiddir.

 2. Təbii müalicə amillərinin mühafizəsi məqsədi ilə bütün kurortların ərazilərində müalicə-sağlamlaşdırma yerləri və sanitariya mühafizə dairələri müəyyən edilir. Bu dairələrin hüdudları daxilində fəaliyyəti təbii müalicə xassələrinin və əhalinin istirahəti üçün əlverişli şəraitin mühafizəsi ilə bir araya sığmayan müəssisələrin, idarələrin və təşkilatların istifadəsinə və ya icarəsinə torpaq sahələrinin verilməsi qadağan edilir.

 3. Müəyyən edilmiş sanitariya rejimi ilə əlaqədar torpaq sahələrinin təsərrüfat dövriyyəsindən tam çıxarılması nəzərdə tutulduğu hallar istisna edilməklə, sanitariya mühafizə zonalarının hüdudlarında olan torpaq sahələri torpaq mülkiyyətçilərindən, istifadəçilərindən və icarəçilərindən geri alınmır.

Maddə 28. Turizm və rekreasiya təyinatlı torpaqlar[22]

 1. Əhalinin istirahətinin, turizm, bədən tərbiyəsiidman fəaliyyətinin təşkili üçün nəzərdə tutulan və istifadə edilən torpaqlar turizm və rekreasiya təyinatlı torpaqlar sayılır.

 2. Bu torpaqlara ərazisində istirahət evlərinin, pansionatların, kempinqlərin, turist bazalarının, uşaq turist stansiyalarının, meşə-parkların, şəhərətrafı yaşıllıq zonalarının, tədris-məşq, turist cığırlarının, nişanlanmış yolların, uşaq və idman düşərgələrinin və bu kimi digər obyektlərin yerləşdiyi torpaq sahələri aiddir.

 3. Üzərindən tədris-məşq və turist cığırlarının, nişanlanmış yolların keçdiyi torpaq sahələri mülkiyyətçilərdən, istifadəçilərdən və icarəçilərdən geri alınmır, onların razılığı ilə servitut hüququ (özgə torpaq sahəsindən məhdud istifadə hüququ) əsasında istifadə olunur.

 4. Turizm və rekreasiya təyinatlı torpaqlardan təyinatı üzrə istifadə edilməsinə maneçilik törədən hər hansı fəaliyyət qadağan edilir.

Maddə 29. Tarix-mədəniyyət təyinatlı torpaqlar

 1. Tarix-mədəniyyət təyinatlı torpaqlara tarix-mədəniyyət qoruqlarının, xatirə parklarının,

 qəbiristanlıqların, məzarların, arxeoloji abidələrin və nadir geoloji törəmələrin torpaqları aiddir.

 2. Tarix-mədəniyyət təyinatlı torpaqlarda onların məqsədli təyinatına zidd olan hər hansı fəaliyyət qadağan edilir.

Maddə 30. Mühafizə və sanitariya zonaları sərhədlərinin müəyyən edilməsi

 1. Mühafizə və sanitariya zonaları qoruq torpaqlarının, yaşayış məntəqələrinin sağlamlaşdırma zonalarının, çayların, bulaqların, su hövzələrinin, hidrotexniki və sugötürmə qurğularının, içməli və texniki su təchizatı mənbələrinin ətrafında yaradılır.

 2. Mühafizə və sanitariya zonası torpaqlarından istifadə qaydaları, şərtləri və onların ölçüsü müvafiq normativ-hüquqi aktlarla müəyyən edilir.

Product Tour
Go to top