I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

XIV fəsil

TORPAQLARIN DÖVLƏT EHTIYACLARI ÜÇÜN ALINMASI [51]

Maddə 70. Torpaqların dövlət ehtiyacları üçün alınması [52]

Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Maddə 71. Torpaq sahələrinin tikinti altına verilməsi üçün geri alınması şərtləri  [53]

 1. Müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə xüsusi mülkiyyətdə, istifadədə və ya icarədə olan torpaq sahəsini tikinti altına vermək üçün onu bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydada geri ala bilər. Bu zaman aşağıdakı şərtlərə əməl olunmalıdır:

 geri alınması nəzərdə tutulan torpaq sahəsi üçün özgəninkiləşdirilmə zonasının müəyyən edilməsi və həmin zonanın dövlət torpaq kadastrında və digər müvafiq qeydiyyat sənədlərində əks etdirilməsi;

 geri alınması nəzərdə tutulan torpaq sahəsi üzərindəki daşınmaz əmlakın, o cümlədən xüsusi mülkiyyətdə olan torpaq sahəsinin satılmasından, yaxud həmin torpaq sahəsini geri alan müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən geri alınmasından sonra onların tikinti altına verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş qaydada müsabiqənin (tenderin, hərracın) elan edilməsi.[54]

 2. Torpaq sahələrinin özgəninkiləşdirmə zonasına aid edilməsi yalnız dövlət, ehtiyaclarının və ya ictimai ehtiyacların ödənilməsi məqsədilə aparılır və ərazinin planlaşdırılmasına və yaşayış məntəqələrinin baş planına uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.[55]

 3. Torpaq sahəsinin geri alınması haqqında qərardan iddia bu barədə yazılı bildiriş həmin sahənin mülkiyyətçisinə göndərildiyi gündən bir il ərzində verilə bilər. [56]

Maddə 72. Torpaq sahələrinin geri alınması ilə əlaqədar məsələlərin baxışı zamanı hüquqi və fiziki şəxslərin iştirakı

 1. Torpaq sahələrinin geri alınmasına dair baxılan məsələ hər hansı hüquqi və ya fiziki şəxsin mənafelərinə toxunarsa, həmin şəxsin (onun müvəkkilinin) bu məsələnin baxılmasında iştirak etmək hüququ vardır.

 2. Torpaq sahələrinin geri alınması barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı hüquqi və fiziki şəxslərin mənafeyinə toxunarsa, həmin qərar yalnız bu şəxslərin rəyi nəzərə alınmaqla qəbul edilə bilər.

Product Tour
Go to top