I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

XX fəsil

TORPAQ MÜLKİYYƏTÇİLƏRİNƏ, İSTİFADƏÇİLƏRİNƏ

VƏ İCARƏÇİLƏRİNƏ VURULAN ZƏRƏRİN VƏ KƏND

TƏSƏRRÜFATI VƏ MEŞƏ TƏSƏRRÜFATI İSTEHSALI

İTKİLƏRİNİN ÖDƏNİLMƏSİ

Maddə 101. Torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə vurulan zərərin ödənilməsi

 1. Torpaq sahələrinin geri alınması (məcburi satın alınması) və ya müvəqqəti tutulması, habelə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının məhdudlaşdırılması, yaxud hüquqi və fiziki şəxslərin fəaliyyətinin təsiri ilə torpaqların keyfiyyətinin pisləşməsi nəticəsində dəymiş zərər və əldən çıxmış gəlir bu itkilərə məruz qalmış torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə tam həcmdə ödənilməlidir. Torpaq sahələri geri alınarkən qeyd olunan xərclərlə yanaşı, habelə torpaq mülkiyyətçisinin üçüncü şəxslər qarşısında daşıdığı öhdəliklərə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar düşdüyü xərci də ödəməlidir. [85]

 2. Vurulmuş zərəri, o cümlədən əldən çıxmış gəliri, geri alınan torpaq sahələrini əldə etmiş hüquqi və fiziki şəxslər, habelə fəaliyyəti torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının məhdudlaşmasına, yaxud yaxınlıqda yerləşən torpaqların keyfiyyətinin pisləşməsinə səbəb olan hüquqi və fiziki şəxslər bu Məcəllə ilə və digər normativ-hüquqi aktlarla müəyyən edilən qaydada ödəyirlər.

 3. Zərərin ödənilməsi ilə əlaqədar mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır.

Maddə 102. Kənd təsərrüfatı və meşə təsərrüfatı istehsalı itkilərinin ödənilməsi

 1. Kənd təsərrüfatı və meşə təsərrüfatı ilə əlaqədar olmayan məqsədlər üçün kənd təsərrüfatı və meşə təsərrüfatı torpaqlarının geri alınması, habelə istifadə sahəsində hüquqi və ya fiziki şəxslərin fəaliyyətinin təsiri ilə yaranan məhdudiyyətlər nəticəsində baş verən kənd təsərrüfatı və meşə təsərrüfatı itkiləri bu Məcəllənin 101-ci maddəsinə uyğun olaraq zərərin ödənilməsindən əlavə olaraq kompensasiya edilir.

 2. Kənd təsərrüfatı və meşə təsərrüfatı istehsalı itkilərini aşağıdakılar ödəyirlər:

 kənd təsərrüfatı və meşə təsərrüfatı ilə əlaqədar olmayan ehtiyaclar üçün kənd təsərrüfatı və meşə torpaqlarını xeyrinə geri alan hüquqi və fiziki şəxslər;

 obyektlərinin ətrafında mühafizə, sanitariya və qoruyucu zonalar müəyyənləşdirilərkən kənd təsərrüfatı və meşə torpaqlarını dövriyyədən çıxaran və ya onları daha az qiymətli torpaqlara keçirən hüquqi və fiziki şəxslər.

 3. Hüquqi və fiziki şəxslərin fəaliyyətinin təsiri nəticəsində kənd təsərrüfatı və meşə təsərrüfatı yerlərinin keyfiyyəti pisləşdikdə də kənd təsərrüfatı və meşə təsərrüfatı istehsalı itkiləri onlar tərəfindən kompensasiya edilir.

 4. Kənd təsərrüfatı və meşə təsərrüfatı itkilərinin ödənilməsi qaydasında daxil olan vəsait müvafiq icra hakimiyyəti orqanının hesabına keçirilir. Həmin vəsaitdən ilk növbədə ərazisindən torpaq alınan rayonda yeni torpaqların mənimsənilməsi, torpaqların münbitliyinin artırılması, meşə salınması və meşə fondu torpaqlarının məhsuldarlığının yüksəldilməsi, torpaqların mühafizəsi və digər tədbirlərin həyata keçirilməsi üçün istifadə edilir.

 5. İtkilərin və ziyanın miqdarının müəyyən edilməsi və ödənilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ-hüquqi aktlar əsasında müəyyən edilir.

Product Tour
Go to top