II BÖLMƏ
İnzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər)
Əsas qaydalar
Maddə 40. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər)
40.0. İnzibati xətalar haqqında işlərə:
40.0.1. rayon (şəhər) məhkəmələri;
40.0.2. yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan);
40.0.3. müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti (vəzifəli şəxslər) baxırlar.
Maddə 41. Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar
Bu Məcəllənin 189.1, 189.3, 189.4, 512 və 522-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxan yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların (kollegial orqanın) yaradılması və fəaliyyət qaydası Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə” ilə müəyyən olunur.
Maddə 42. Vəzifəli şəxslərin səlahiyyəti
42.1. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslər bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati tənbehləri yalnız xidməti vəzifələrinin icrası zamanı tətbiq edə bilərlər.
42.2. İnzibati xətalar haqqında işlərə bu Məcəllənin 40.0.3-cü maddəsində nəzərdə tutulan orqanlar adından baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
İnzibati xətalar haqqında işlərin aidiyyəti
Maddə 43. Rayon (şəhər) məhkəmələrinin aidiyyəti
43.1. Rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157 - 188, 190, 191.1, 195.1, 196, 197, 204 - 208, 221, 227, 229, 249, 251.3, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 284.2, 286, 290.3, 296.2, 325.1, 326, 327.8, 332.4 - 332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2 - 339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 353.4, 361, 363, 368 - 379, 381 - 383, 387, 388, 398, 399, 401 - 404, 406 - 409, 412, 413, 428.7, 428.10, 431, 432.3, 441, 442, 443.1, 448, 449, 450.1, 451, 456, 459.1, 459.2, 464 - 466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479 - 481, 482.1, 496.2, 499.2, 502 - 504, 506 - 508, 510, 511, 513, 515 - 517, 520, 523, 525 - 535, 537.1, 544.1, 547, 549, 551 - 554, 558 - 561, 562.1, 562.2, 563.2, 567 - 569, 571, 573, 574, 590 - 592, 594 - 596, 598 (monitorinqdə iştirak edən digər şəxslərə münasibətdə), 599 - 603, 605, 606.1, 608 və 609-cu maddələrində tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar.
43.2. Bu Məcəllənin 54.2-ci maddəsində nəzərdə tutulan inzibati xətalar haqqında işlər istisna olmaqla, rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
43.3. Bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir.
43.4. Bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işlərə hərbi məhkəmələr baxır.
Maddə 44. Müvafiq icra hakimiyyəti orqanlarının aidiyyəti
Bu Məcəllənin 40, 41 və 43-cü maddələrində göstərilən hallardan başqa, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş digər inzibati xətalar haqqında işlərə müvafiq icra hakimiyyəti orqanları baxırlar.
Səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) tərəfindən baxılmış inzibati xətalar haqqında işlər barədə elektron informasiya sistemləri və ehtiyatları
Maddə 45. Baxılmış inzibati xətalar haqqında işlər barədə elektron informasiya sistemləri və ehtiyatları
45.1. Törədilmiş inzibati xətalar və həmin xətaları törətmiş şəxslər barədə məlumatların uçotu, sistemləşdirilməsi və saxlanılması məqsədi ilə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) baxdığı inzibati xətalar haqqında işlər barədə elektron informasiya sistemlərini (ehtiyatlarını) (bundan sonra – informasiya ehtiyatı) yaradır və həmin informasiya ehtiyatlarının fəaliyyətini təmin edir.
45.2. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) inzibati xəta haqqında iş üzrə qərarın qüvvəyə mindiyi gün aşağıdakı məlumatların informasiya ehtiyatına daxil edilməsini təmin etməlidir:
45.2.1. inzibati xəta törətmiş şəxs haqqında məlumat (soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi, vətəndaşlığı, doğum tarixi, yaşayış yeri);
45.2.2. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti;
45.2.3. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi;
45.2.4. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər;
45.2.5. inzibati xəta haqqında işin baxılması tarixi və yeri;
45.2.6. inzibati xəta haqqında iş üzrə qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi;
45.2.7. inzibati xəta haqqında iş üzrə qərarın tarixi və nömrəsi;
45.2.8. tətbiq edilmiş inzibati tənbeh haqqında məlumat;
45.2.9. tətbiq edilmiş inzibati tənbehin icrası barədə məlumat;
45.2.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar.
Maddə 46. İnformasiya ehtiyatının açıqlığı
46.1. Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsə informasiya ehtiyatında onun haqqında olan məlumatı əks etdirən çıxarış həmin şəxsin yazılı və ya elektron müraciəti əsasında bir iş günü müddətində verilir.
46.2. Qanunda nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanlarına informasiya ehtiyatının məlumatları əsaslandırılmış yazılı sorğular əsasında verilir.
Maddə 47. İnformasiya ehtiyatında olan məlumatların mühafizəsi
47.1. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) informasiya ehtiyatında olan məlumatlardan yalnız öz xidməti vəzifələrinin yerinə yetirilməsi məqsədi ilə istifadə edə bilərlər.
47.2. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) informasiya ehtiyatında olan məlumatların mühafizəsini təmin etməlidirlər. Bu Məcəllənin 46-cı maddəsində və digər qanunlarda müəyyənləşdirilmiş hallar istisna edilməklə, həmin məlumatlar açıqlana bilməz.
47.3. İnformasiya ehtiyatında olan məlumatlar beş il müddətində saxlanılır.
İnzibati xətalar haqqında işlər üzrə icraat
Ümumi müddəalar
Maddə 48. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri
İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
Maddə 49. İnzibati xətalar haqqında işlər üzrə icraatın aparıldığı dil
49.1. Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraat Azərbaycan dilində, yaxud müəyyən ərazidəki əhalinin çoxluq təşkil edən hissəsinin dilində aparılır.
49.2. İşdə iştirak edən, inzibati xətalar haqqında işlər üzrə icraatın aparıldığı dili bilməyən şəxslər ana dilində və ya bildiyi hər hansı başqa dildə məlumat, izahatlar, şikayət və ya vəsatət vermək hüququ ilə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada tərcüməçinin xidmətlərindən istifadə etmək hüququ ilə təmin olunur.
Maddə 50. İnzibati xətalar haqqında işlərə açıq baxılması
50.1. Dövlət və ya kommersiya sirrinin, şəxsi və ailə sirlərinin, yaxud qanunla qorunan digər sirlərin yayılmasına gətirib çıxara bilən hallar, həmçinin inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslərin, onların yaxın qohumlarının təhlükəsizliyinin təmin edilməsi halları istisna olmaqla, inzibati xətalar haqqında işlərə açıq baxılır.
50.2. İnzibati xətalar haqqında işlərin qapalı baxılmasına zərurət olduğu halda, bu barədə qərardad qəbul edilir.
Maddə 51. İnzibati xəta haqqında iş üzrə məlumatların yayılmasının yolverilməzliyi
51.1. İnzibati xəta haqqında iş üzrə məlumatlar yalnız icraatında inzibati xəta haqqında iş olan hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin), belə məlumatlar zərər çəkmiş şəxsin şəxsi maraqlarına toxunduqda isə, habelə zərər çəkmiş şəxsin icazəsi ilə və onların mümkün hesab etdiyi həcmdə elan oluna bilər.
51.2. İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkiliş, yaxud səsyazma aparılıbsa, barəsində inzibati icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin razılığı olmadan həmin foto və ya video çəkiliş, yaxud səsyazma materialları kütləvi informasiya vasitələrində yayımlana bilməz.
Maddə 52. Vəsatətlər
52.1. İnzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər.
52.2. Vəsatət yazılı formada verilir və o, dərhal baxılmalıdır. Vəsatətin təmin olunmasından imtina edildikdə, bu barədə qərardad qəbul edilir.
Maddə 53. İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar
53.0. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir:
53.0.1. inzibati xəta hadisəsi olmadıqda;
53.0.2. inzibati xəta tərkibi olmadıqda;
53.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə;
53.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə;
53.0.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda;
53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda;
53.0.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda;
53.0.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə;
53.0.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda.
Maddə 54. İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror nəzarəti
54.1. Prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir.
54.2. Bu Məcəllənin 191.1, 195.1, 197.3, 197.4, 197.5, 205, 249, 284.2, 339.2 - 339.5, 340.2, 341, 376, 399, 531, 558.2, 558.3, 559, 563.2, 567, 568, 569, 573, 595.2, 596, 601 və 606.1-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul edilir. Prokuror bu Məcəllənin 99.3-cü maddəsinə əsasən digər inzibati xətalar haqqında işlər üzrə də icraatın başlanması haqqında qərar qəbul etmək hüququna malikdir.
54.3. Prokuror, həmçinin inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etmək, işin baxılması zamanı baş verən məsələlər üzrə rəy və ya vəsatət vermək, inzibati xəta haqqında iş üzrə qəbul edilən qərardan və ya qərardaddan protest vermək hüququna malikdir.
54.4. Prokuror bu Məcəllənin 99.1.2 və 99.1.3-cü maddələrində nəzərdə tutulan məlumatlara baxaraq on beş gün müddətində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar və ya inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad qəbul edir. Qərardadın surəti məlumatları vermiş şəxslərə göndərilir. Həmin qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində yuxarı prokurora və ya məhkəməyə şikayət verilə bilər.
54.5. İnzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarda bu Məcəllənin 100-cü maddəsində olan məlumatlar göstərilir. Bu Məcəllənin 102.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar bu Məcəllənin 103-cü maddəsində müəyyən edilmiş müddətdə baxılması üçün hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir.
54.6. Yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında, habelə öz təşəbbüsü ilə başlanmış inzibati xətalar haqqında işlərin baxılmasının yeri və vaxtı prokurora bildirilir. Həmin işə prokurorun iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın.
Maddə 55. İnzibati xətalar haqqında işlər üzrə məsrəflər
55.1. İnzibati xətalar haqqında işlər üzrə məsrəflər:
55.1.1. zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən;
55.1.2. maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir.
55.2. Fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur.
55.3. İnzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir.
55.4. Məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir.
Maddə 56. Zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, ekspertlərə və tərcüməçilərə ödənilməli məbləğ
56.1. İcraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) gəlməklə əlaqədar olaraq zərər çəkmişlərin, şahidlərin, onların qanuni nümayəndələrinin, ekspertlərin, mütəxəssislərin, tərcüməçilərin və hal şahidlərinin çəkdikləri xərclər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir.
56.2. İcraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) zərər çəkmiş, şahid, ekspert, onların qanuni nümayəndələri, mütəxəssis, tərcüməçi və hal şahidləri kimi çağırılan şəxslərin işdə olmadıqları müddət ərzində iş yerində onların əməkhaqqı saxlanılır.
56.3. Mütəxəssisin, ekspertin və tərcüməçinin əməyi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir.
Maddə 57. İnzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi
57.1. İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər.
57.2. Sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir.
57.3. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir.
57.4. Sənədi çatdırmalı olan rabitə orqanı, yaxud sənədin çatdırılması tapşırılmış şəxs bu işi sənədi aldığı tarixdən sonrakı gündən gec olmayaraq yerinə yetirməli və sənədi çatdırdığı barədə bir gün müddətində müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verməlidir.
57.5. İnzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir:
57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan;
57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda:
57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan;
57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan;
57.5.3. bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda nəqliyyat vasitəsinin istifadəçisinə verildiyi vaxtdan.
Maddə 58. Qəbzin məzmunu
58.0. Bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş qəbzdə aşağıdakılar göstərilməlidir:
58.0.1. inzibati xəta haqqında iş üzrə sənədi göndərən orqanın adı və ünvanı;
58.0.2. sənədin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan;
58.0.3. verilən sənədin adı;
58.0.4. verilmənin vaxtı (tarix və saat) və yeri;
58.0.5. sənədin verilməməsinin səbəbləri (göstərilən ünvanda olmama, səhv ünvan və sair);
58.0.6. sənədin verildiyi şəxs;
58.0.7. sənədin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanı nümayəndəsinin imzası.
Maddə 59. İnzibati xəta haqqında iş üzrə sənədi qəbul etməkdən imtina
59.1. Ünvan sahibi və ya onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri inzibati xəta haqqında işlər üzrə sənədi qəbul etməkdən imtina etdikdə, onu təqdim edən şəxs sənəddə müvafiq qeydlər etdikdən sonra həmin sənədi onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarır. Bu halda inzibati xəta haqqında iş üzrə sənəd rəsmi qaydada verilmiş hesab olunur.
59.2. İnzibati xəta haqqında iş üzrə sənədin ünvan sahibi tərəfindən qəbul edilməsindən imtina barədə qeyd onun yaşayış yeri üzrə yerli özünüidarə orqanı, müvafiq icra hakimiyyəti orqanı və ya onun iş yerinin müdiriyyəti tərəfindən təsdiq edilir.
59.3. İnzibati xəta haqqında iş üzrə sənədin ünvanlandığı şəxs tərəfindən həmin sənədi qəbul etməkdən imtina edilməsi işə baxılması və ya ayrı-ayrı prosessual hərəkətlərin həyata keçirilməsi üçün maneə deyildir.
Maddə 60. Bildirişlər
60.1. Hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar.
60.2. Bildirişdə aşağıdakılar göstərilməlidir:
60.2.1. məhkəmənin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) adı, ünvanı və əlaqə üçün məlumatlar (telefon, faks, elektron poçt ünvanı və sair);
60.2.2. gəlmə vaxtı (tarix və saat) və yeri;
60.2.3. xəbər verilən, yaxud məhkəməyə, səlahiyyətli orqana çağırılan şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı;
60.2.4. xəbər verilən, yaxud məhkəməyə, səlahiyyətli orqana çağırılan şəxsin ünvanı və ya hüquqi şəxsin yerləşdiyi ünvan;
60.2.5. ünvan sahibinin kim qismində xəbərdar edilməsi və ya çağırılması;
60.2.6. ünvan sahibinin xəbərdar edildiyi, yaxud çağırıldığı işin adı;
60.2.7. işdə iştirak edən şəxslərə iş üzrə onlarda olan bütün sübutların təqdim edilməsinə dair təklif;
60.2.8. ünvan sahibinin olmadığı təqdirdə, bildirişi qəbul edən şəxsin imkan olan kimi onu ünvan sahibinə vermək vəzifəsinə dair qeyd;
60.2.9. bildirişi qəbul etməkdən imtinaya və ya onun ünvan sahibinə çatdırmamasına görə bu Məcəllənin 531-ci maddəsində məsuliyyət nəzərdə tutulduğu barədə qeyd;
60.2.10. xəbər verilən və ya çağırılan şəxsin məhkəməyə və ya səlahiyyətli orqana gəlməməsinin nəticələri və gəlməməsinin səbəbləri barədə məlumat vermək vəzifəsinə dair qeyd.
60.3. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir.
60.4. Bildiriş bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada göndərildikdən sonra inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bildirişin məzmununun ötürülməsini təmin etməklə internet, telefon və ya digər rabitə vasitələri ilə də əlavə məlumat verilir.
İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçıları, onların hüquqları və vəzifələri
Maddə 61. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs
61.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır:
61.1.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq;
61.1.2. izahat vermək;
61.1.3. sübutlar təqdim etmək;
61.1.4. vəsatət və etirazlar vermək;
61.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək;
61.1.6. inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək;
61.1.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək;
61.1.8. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq;
61.1.9. yol hərəkəti qaydaları əleyhinə törədilən inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq.
61.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər.
61.3. İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun.
61.4. İnzibati xəta haqqında işə baxarkən hakim, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakını məcburi hesab edə bilər.
61.5. İnzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir.
61.6. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən işin hallarının müzakirəsi yetkinlik yaşına çatmayanlara mənfi təsir göstərə biləcəyi hallarda, onlar müvəqqəti olaraq işdə iştirakdan kənarlaşdırılırlar.
Maddə 62. Zərər çəkmiş şəxs
62.1. İnzibati xəta nəticəsində mənəvi, fiziki və ya maddi zərər dəymiş şəxs zərər çəkmiş şəxs sayılır.
62.2. Zərər çəkmiş şəxsin aşağıdakı hüquqları vardır:
62.2.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq;
62.2.2. izahat vermək;
62.2.3. sübutlar təqdim etmək;
62.2.4. vəsatət və etirazlar vermək;
62.2.5. hüquqi yardımdan istifadə etmək;
62.2.6. iş üzrə qəbul edilmiş qərardan şikayət vermək;
62.2.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək;
62.2.8. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq;
62.2.9. yol hərəkəti qaydaları əleyhinə törədilən inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq.
62.3. Zərər çəkmiş şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər.
62.4. İnzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun.
62.5. Zərər çəkmiş şəxs bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydada şahid kimi sorğu-sual edilə bilər.
Maddə 63. Fiziki şəxsin qanuni nümayəndələri
63.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir.
63.2. Valideynlər, övladlığa götürənlər, himayəçilər və qəyyumlar fiziki şəxsin qanuni nümayəndələri hesab olunurlar.
63.3. Bu Məcəllənin 63.1-ci maddəsində göstərilən şəxslərin qanuni nümayəndələri olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli vəzifəli şəxs qəyyumluq və himayəçilik orqanını qanuni nümayəndə hesab edir.
63.4. Fiziki şəxsin qanuni nümayəndəsi öz səlahiyyətlərini təsdiq edən sənədi hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) təqdim edir.
63.5. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya zərər çəkmiş şəxsin qanuni nümayəndəsi təmsil etdiyi şəxs barəsində bu Məcəllədə nəzərdə tutulmuş hüquqlara malikdir və vəzifələri daşıyır.
63.6. On səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir.
Maddə 64. Hüquqi şəxsin nümayəndəsi
64.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir.
64.2. Hüquqi şəxsin rəhbəri, habelə etibarnamə əsasında hüquqi şəxsin mənafelərinin təmsil edilməsi həvalə edilmiş digər şəxslər hüquqi şəxslərin nümayəndələri hesab edilirlər. Hüquqi şəxsin rəhbərinin səlahiyyəti onun qulluq mövqeyini təsdiq edən sənədlə, hüquqi şəxsin digər nümayəndələrinin səlahiyyəti etibarnamə ilə müəyyən edilir.
64.3. Hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun.
64.4. İnzibati xətalar haqqında işlərə baxarkən hakim hüquqi şəxsin nümayəndəsinin iştirakını məcburi hesab edə bilər.
Maddə 65. Müdafiəçi və nümayəndə
65.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraata müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə buraxılır.
65.2. Müdafiəçi qismində və nümayəndə kimi inzibati xəta haqqında iş üzrə icraatda vəkil və ya digər şəxslər iştirak edə bilərlər.
65.3. İnzibati xəta haqqında iş üzrə icraat başlandığı vaxtdan müdafiəçi və nümayəndə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak etməyə buraxılırlar. Törədilmiş inzibati xətaya görə fiziki şəxs barəsində inzibati qaydada tutma tətbiq edildiyi hallarda müdafiəçi həmin şəxs inzibati qaydada tutulduğu vaxtdan inzibati xəta haqqında iş üzrə icraatda iştirak etməyə buraxılır.
65.4. Müdafiəçinin və nümayəndənin aşağıdakı hüquqları vardır:
65.4.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq;
65.4.2. sübutlar təqdim etmək;
65.4.3. vəsatət və etirazlar vermək;
65.4.4. işin baxılmasında iştirak etmək;
65.4.5. inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək;
65.4.6. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq;
65.4.7. yol hərəkəti qaydaları əleyhinə törədilən inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq.
65.5. Müdafiəçi və nümayəndə bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilərlər.
65.6. Vəkilin səlahiyyəti vəkil qurumları tərəfindən verilən orderlə təsdiq edilir. Nümayəndənin səlahiyyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilən etibarnamə ilə təsdiq edilir.
Maddə 66. Vəkilin iştirakının məcburiliyi
66.1. İnzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, lal, kar, kor, fiziki və ya psixi qüsurlarına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. Göstərilən hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçidən imtinası qəbul olunmur.
66.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir.
66.3. Maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz.
Maddə 67. Şahid
67.1. İnzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar.
67.2. Şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur.
67.3. Şahidin özünə və yaxın qohumlarına qarşı izahat verməmək, tərcüməçinin köməyindən pulsuz istifadə etmək, izahatının doğru yazılması barədə protokola müvafiq qeydlər etmək hüququ vardır.
67.4. On dörd yaşı tamam olmamış şəxslər pedaqoji işçinin və ya psixoloqun iştirakı ilə sorğu-sual edilirlər.
67.5. Bilə-bilə yalan izahat verməyə görə inzibati məsuliyyət haqqında şahidə xəbərdarlıq edilir. Şahid izahat verməkdən imtina etdikdə və ya çağırış üzrə gəlməkdən qəsdən boyun qaçırdıqda o, bu Məcəllədə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilir.
Qeyd: Bu maddədə “yaxın qohumlar” dedikdə - valideynlər, uşaqlar, övladlığa götürənlər, övladlığa götürülənlər, doğma və ögey qardaş və bacılar, babalar, nənələr, nəvələr, habelə ər-arvad başa düşülür.
Maddə 68. Şahid kimi sorğu-sual edilə bilməyən şəxslər
68.0. Şahid kimi sorğu-sual edilə bilməyən şəxslər aşağıdakılardır:
68.0.1. fiziki və ya psixi qüsurlarına görə inzibati xəta haqqında iş üçün əhəmiyyətli olan hadisələri dərk edə bilməyən və onlar haqqında düzgün izahat verə bilməyən şəxs;
68.0.2. müdafiəçi vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq inzibati xəta törətmiş şəxsin ona bildirdiyi hallar haqqında inzibati xəta törətmiş şəxsin müdafiəçisi;
68.0.3. nümayəndə (qanuni nümayəndə) vəzifələrini icra etməsi ilə əlaqədar onlara məlum olmuş hallar haqqında fiziki şəxsin qanuni nümayəndəsi və ya hüquqi şəxsin nümayəndəsi.
Maddə 69. Hal şahidləri
69.1. İşin nəticəsində maraqlı olmayan yetkinlik yaşına çatmış şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak etmək üçün icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən hal şahidi kimi dəvət olunurlar. Hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz.
69.2. Şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər.
69.3. Hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir.
69.4. İnzibati xəta haqqında iş üzrə prosessual hərəkətlər barəsində hal şahidlərinin qeydləri protokolda göstərilir.
69.5. İnzibati xəta haqqında iş üzrə icraatda hal şahidləri bu Məcəllənin 67-ci maddəsinə uyğun olaraq şahid kimi sorğu-sual edilə bilərlər.
Maddə 70. Mütəxəssis
70.1. İnzibati xətalar haqqında işlərin nəticəsində şəxsən maraqlı olmayan, sübutların aşkar edilməsində, götürülməsində və rəsmiləşdirilməsində, habelə texniki vasitələrin tətbiq edilməsində kömək göstərilməsi üçün xüsusi biliyə malik olan şəxs icraatında inzibati xəta haqqında iş olan hakim, vəzifəli şəxs tərəfindən inzibati xətalar haqqında iş üzrə icraatda iştirak etmək üçün mütəxəssis kimi dəvət olunur.
70.2. Mütəxəssisin aşağıdakı vəzifələri vardır:
70.2.1. icraatında inzibati xəta haqqında iş olan hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı üzrə gəlmək;
70.2.2. sübutların aşkar edilməsində, götürülməsində, rəsmiləşdirilməsində iştirak etmək;
70.2.3. yerinə yetirdiyi hərəkətlər barədə izahatlar vermək;
70.2.4. yerinə yetirdiyi hərəkətlərin məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq etmək;
70.2.5. bu Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, mütəxəssisi dəvət etmiş hakimə, səlahiyyətli vəzifəli şəxsə özü-özünə etiraz etmə haqqında məlumat vermək.
70.3. Mütəxəssisin aşağıdakı hüquqları vardır:
70.3.1. iştirak etdiyi prosessual hərəkətin predmetinə aid olan iş üzrə materiallarla tanış olmaq;
70.3.2. icraatında inzibati xəta haqqında iş olan hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) icazəsi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, zərər çəkmiş şəxsə, şahidlərə iştirak etdiyi prosessual hərəkətin predmetinə aid olan suallar vermək;
70.3.3. aparılan hərəkətlərə dair qeydlər etmək və izahatlar vermək.
70.4. Bilə-bilə yalan izahat verməsinə görə inzibati məsuliyyət haqqında mütəxəssisə xəbərdarlıq edilir. Mütəxəssis öz vəzifələrini yerinə yetirməkdən imtina etdikdə və ya çağırış üzrə gəlməyə qəsdən boyun qaçırdıqda o, bu Məcəllədə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilir.
Maddə 71. Ekspert
71.1. Elm, incəsənət, texnika və ya sənət sahəsində məsələlərin izahı üçün ekspertizanın aparılması və ekspert rəyinin verilməsi üçün kifayət qədər xüsusi biliyə malik olan və inzibati xəta haqqında işin nəticəsində şəxsən maraqlı olmayan şəxs ekspert kimi dəvət olunur.
71.2. Ekspertin vəzifələri aşağıdakılardır:
71.2.1. icraatında inzibati xəta haqqında iş olan hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı üzrə gəlmək;
71.2.2. təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək;
71.2.3. bu Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, ekspertizanı təyin etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) özü-özünə etiraz etmə haqqında məlumat vermək.
71.3. Verilən suallar ekspertin xüsusi biliyindən kənara çıxdıqda, tədqiqat obyektləri və iş üzrə materiallar rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda ekspert rəy verməkdən imtina edir.
71.4. Ekspertin aşağıdakı hüquqları vardır:
71.4.1. ekspertizanın predmetinə aid olan iş üzrə materiallarla tanış olmaq;
71.4.2. iş üzrə rəy verilməsi üçün zəruri olan əlavə materialların təqdim olunması barədə vəsatət vermək;
71.4.3. ekspertizanın predmetinə aid olan məlumatların aydınlaşdırılması üçün icraatında inzibati xəta haqqında iş olan hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) icazəsi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, zərər çəkmiş şəxsə, şahidlərə suallar vermək;
71.4.4. qoyulmuş suallardan əlavə, ekspertizanın predmetinə aid olan və iş üçün əhəmiyyətli sayılan digər halları öz rəyində göstərmək.
71.5. Bilə-bilə yalan rəy verməsinə görə inzibati məsuliyyət haqqında ekspertə xəbərdarlıq edilir. Ekspert öz vəzifələrini yerinə yetirməkdən imtina etdikdə və ya çağırış üzrə gəlməyə qəsdən boyun qaçırdıqda o, bu Məcəllədə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilir.
Maddə 72. Tərcüməçi
72.1. İnzibati xətalar haqqında işlərin nəticəsində şəxsən maraqlı olmayan, yetkinlik yaşına çatmış və tərcümə üçün zəruri olan dilləri bilən şəxs inzibati xətalar haqqında işlərin icraatında tərcüməçi ola bilər.
72.2. Tərcüməçi icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilir.
72.3. Tərcüməçi icraatında inzibati xəta haqqında iş olan hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı üzrə gəlməyə və ona tapşırılan tərcüməni tam və dəqiq yerinə yetirməyə və tərcümənin düzgünlüyünü öz imzası ilə təsdiq etməyə borcludur.
72.4. Bu Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, tərcüməçi onu dəvət etmiş səlahiyyətli vəzifəli şəxsə özü-özünə etiraz etmə haqqında məlumat verməlidir.
72.5. Bilə-bilə yanlış tərcümə etməsinə görə inzibati məsuliyyət haqqında tərcüməçiyə xəbərdarlıq edilir. Tərcüməçi təyin olunmuş şəxs öz vəzifələrini yerinə yetirməkdən imtina etdikdə və ya çağırış üzrə gəlməyə qəsdən boyun qaçırdıqda o, bu Məcəllədə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilir.
Maddə 73. İnzibati xətalar haqqında işlər üzrə icraatda iştirakı rədd edən hallar
73.1. Əvvəllər həmin işlər üzrə digər iştirakçı qismində çıxış etmiş şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatda müdafiəçi və ya nümayəndə ola bilməzlər.
73.2. Mütəxəssis, ekspert və tərcüməçi aşağıdakı hallarda inzibati xəta haqqında iş üzrə icraatda iştirak edə bilməzlər:
73.2.1. inzibati xəta törətmiş şəxslə, zərər çəkmiş şəxslə, onun nümayəndəsi (qanuni nümayəndəsi) ilə, vəkillə, prokurorla, hakimlə, kollegial orqanının üzvü ilə və ya icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxslə qohumluq əlaqələri olduqda;
73.2.2. əvvəllər həmin işlər üzrə digər iştirakçı qismində iştirak etdikdə;
73.2.3. işin nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olması barədə kifayət qədər əsaslar olduqda.
Maddə 74. İnzibati xətalar haqqında işlər üzrə icraatda iştirakı rədd edilən şəxslərə etiraz etmə
74.1. Bu Məcəllənin 73-cü maddəsində nəzərdə tutulan hallar olduqda, vəkil, nümayəndə (qanuni nümayəndə), mütəxəssis, ekspert və ya tərcüməçi inzibati xətalar haqqında iş üzrə icraatda iştirak etməkdən kənar olmalıdırlar.
74.2. Özü-özünə etiraz etmə və ya etiraz etmə haqqında ərizə icraatında inzibati xəta haqqında iş olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) təqdim edilir.
74.3. Özü-özünə etiraz etmə və ya etiraz etmə haqqında ərizəyə baxaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) etirazın təmin edilməsi və ya təmin edilməməsi barədə qərardad qəbul edir.
İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi
Maddə 75. İnzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar
75.0. İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir:
75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi);
75.0.2. inzibati xəta törətmiş şəxs;
75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri;
75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar;
75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı;
75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar;
75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait.
Maddə 76. Sübutlar
76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.
76.2. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir.
Maddə 77. Maddi sübutlar
77.1. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir.
77.2. Maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir.
77.3. İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir.
Maddə 78. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı
78.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir.
78.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir.
Maddə 79. Zərər çəkmiş şəxsin və şahidlərin izahatları
79.1. Zərər çəkmiş şəxsin və şahidlərin izahatları iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir.
79.2. Zərər çəkmiş şəxsin və şahidin izahatları inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir.
79.3. Mənbəyi məlum olmayan məlumatlara əsaslanan şahid izahatları sübut hesab edilmir.
Maddə 80. Sənədlər
80.1. Sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir.
80.2. Sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur.
80.3. İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək sənədlərin qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra onlar haqqında qərar qəbul etməlidir.
Maddə 81. Xüsusi texniki vasitələrin göstəriciləri
81.1. Müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr adlanır.
81.2. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır.
81.3. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda qeyd edilir.
Maddə 82. Ekspertiza
82.1. İnzibati xəta haqqında iş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edən məsələlərin aydınlaşdırılması məqsədi ilə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı ilə ekspertiza təyin edir.
82.2. Qərardadda aşağıdakılar göstərilir:
82.2.1. ekspertizanın təyin olunması üçün əsaslar;
82.2.2. ekspertin soyadı, adı və atasının adı və ya ekspertiza aparılacaq idarənin adı;
82.2.3. ekspertin rəy verməli olduğu məsələlər;
82.2.4. ekspertin sərəncamına verilən materiallar;
82.2.5. ekspertə onun hüquq və vəzifələrinin izah edilməsi və bilə-bilə yalan rəy verilməsinə görə inzibati məsuliyyət barədə xəbərdarlıq haqqında qeyd.
82.3. Ekspertin qarşısında qoyulan suallar onun xüsusi biliyindən kənara çıxmamalıdır.
82.4. İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) ekspertizanın təyin olunması haqqında qərardadı icraya göndərməmişdən əvvəl həmin qərardadla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərər çəkmiş şəxsi tanış etməli, onların hüquqlarını izah etməlidir.
82.5. Ekspert öz adından yazılı formada rəy verir və onu imzalayır. Ekspertin rəyində ekspertizanın aparıldığı tarix və yer, ekspertizanın aparılmasının əsasları, onun məzmunu, habelə ekspertin qarşısında qoyulmuş suallar üzrə əsaslandırılmış cavablar və yekun nəticələr göstərilir.
Maddə 83. Əlavə məlumatların tələb edilməsi
83.1. İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin həll edilməsi üçün zəruri olan əlavə məlumatların tələb edilməsi barədə qərardad qəbul edə bilər.
83.2. Məlumatlar tələb edildiyi vaxtdan üç günədək müddətdə, inzibati həbs nəzərdə tutulan inzibati xəta törədildikdə isə dərhal müvafiq orqanlar, təşkilatlar, idarələr və müəssisələr tərəfindən qərardad qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir.
83.3. Müvafiq orqanlardan, təşkilatlardan, idarələrdən və müəssisələrdən tələb edilən məlumatların təqdim edilməsi mümkün olmadıqda, onlar üç günədək müddətində, inzibati həbs nəzərdə tutulan inzibati xəta törədildikdə isə dərhal qərardad qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə yazılı formada xəbər verməyə borcludurlar.
Maddə 84. Sübutların qiymətləndirilməsi
84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.
84.2. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 85. Materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına verilməsi
İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir.
İnzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqi
Maddə 86. İnzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirləri
86.1. İnzibati xətaların qarşısını almaq, şəxsiyyəti müəyyən etmək, işlərə vaxtında və düzgün baxılmasını, inzibati xətalar haqqında işlərə dair qərarların icrasını təmin etmək məqsədi ilə səlahiyyətli vəzifəli şəxs bu Məcəllə ilə müəyyən edilmiş hallarda aşağıda göstərilən tədbirləri tətbiq edir:
86.1.1. gətirilmə;
86.1.2. inzibati qaydada tutma;
86.1.3. şəxsi axtarış, fiziki şəxsdə olan əşyaları yoxlama;
86.1.4. nəqliyyat vasitəsinə baxış;
86.1.5. əşyaları və sənədləri götürmə;
86.1.6. nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma;
86.1.7. sərxoşluq vəziyyətini müayinə etmə;
86.1.8. nəqliyyat vasitəsini saxlama və onun istismarını qadağan etmə.
86.2. İnzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin qanunsuz tətbiqi nəticəsində dəymiş zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada ödənilir.
Maddə 87. Gətirilmə
87.1. Bu Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulmuş hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs, onun qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi və ya şahidlər gətirilə bilərlər.
87.2. On altı yaşına çatmayan şəxslər, hamilə qadınlar barəsində gətirilmə tətbiq edilə bilməz.
87.3. Fiziki şəxsin gətirilməsi inzibati xətanın baxıldığı yer üzrə məhkəmənin qərardadı əsasında onun yaşadığı və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Maddə 88. İnzibati qaydada tutma
88.1. İnzibati qaydada tutmanı, yəni fiziki şəxsin azadlığının qısa müddətə məhdudlaşdırılmasını, inzibati xəta haqqında işin düzgün və vaxtında baxılmasının və ya inzibati xəta haqqında iş üzrə qərarın icrasının təmin edilməsi üçün aşağıda göstərilən səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu maddədə göstərilən hallarda tətbiq etmək hüququna malikdirlər:
88.1.1. müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri - xırda xuliqanlıq edildikdə, şəxs polis işçisinin, habelə hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmadıqda, yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkili və keçirilməsi qaydasını pozduqda, ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırdıqda, avaralıqla məşğul olduqda, ov, balıq və digər su bioresurslarının ovu və mühafizəsi qaydaları pozulduqda, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında qanunsuz qaldıqda;
88.1.2. müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri - sərhəd rejimi, sərhədboyu (sərhədboyu zolaq) rejim və ya Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejim pozulduqda;
88.1.3. mühafizə olunan obyektin olduğu yerdə hərbiləşdirilmiş mühafizə dəstəsinin yuxarı vəzifəli şəxsi - mühafizə edilən obyektlərə, digər dövlət əmlakına və ya ictimai əmlaka qəsd edilməsi ilə əlaqədar inzibati xətalar törədildikdə;
88.1.4. müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəqliyyat vasitələrini idarə edən sürücülər və ya digər şəxslər tərəfindən yol hərəkəti qaydaları pozulduqda;
88.1.5. fövqəladə vəziyyət elan olunmuş yerin komendantı və xüsusi idarəetmə orqanının vəzifəli şəxsləri - fövqəladə vəziyyət rejimi pozulduqda;
88.1.6. müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri - əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında olma qaydaları pozulduqda, yaxud onlar Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma haqqında qərarın icrasından boyun qaçırdıqda və ya belə boyun qaçırmanı ehtimal etməyə kifayət qədər əsaslar olduqda.
88.2. İnzibati qaydada tutulan şəxsə bu Məcəllə ilə müəyyən edilmiş hüquqları izah olunmalı, bu barədə inzibati qaydada tutma haqqında protokolda müvafiq qeyd aparılmalıdır.
Maddə 89. İnzibati qaydada tutma müddətləri
89.1. İnzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulması, bu Məcəllənin 89.2 – 89.4-cü maddələri istisna olunmaqla, üç saatdan çox ola bilməz.
89.2. Sərhəd rejimini, sərhədboyu (sərhədboyu zolaq) rejimini və ya Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejimi pozduğuna, avaralıqla məşğul olduğuna, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qanunsuz qalmalarına, habelə ölkədə olma qaydalarını pozmalarına görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs törətdiyi xətanın hallarını, habelə onun şəxsiyyətini müəyyən etmək üçün, yaxud əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma haqqında qərarın icrasından boyun qaçırdıqda və ya belə boyun qaçırmanı ehtimal etməyə kifayət qədər əsaslar olduqda inzibati qaydada tutma 24 saatadək müddətə və ya inzibati xəta törədənin şəxsiyyətini təsdiq edən sənədlər olmadıqda, hakimin qərarı ilə üç günədək müddətə tutula bilər.
89.3. Fövqəladə vəziyyət elan olunmuş ərazidə şəxs xüsusi verilmiş icazə vərəqələri olmadan komendant saatı vaxtında küçələrdə və başqa ictimai yerlərdə olduqda - komendant saatı bitənədək və ya onun üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və başqa ictimai yerlərdə olduqda - tutulanın şəxsiyyəti müəyyən edilənədək müddətə inzibati qaydada tutula bilər.
89.4. Barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər.
89.5. İnzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır.
89.6. Fövqəladə vəziyyət rejiminin müddəti bitdikdə, bu rejimin tələblərinin pozulması ilə əlaqədar inzibati qaydada tutulan şəxslər dərhal azad olunurlar.
89.7. İnzibati qaydada tutma barədə qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edilə bilər.
Maddə 90. İnzibati qaydada tutma haqqında protokol
90.1. İnzibati xəta törətmiş şəxs inzibati qaydada tutulduqda bu barədə protokol tərtib edilir və orada aşağıdakılar göstərilir:
90.1.1. protokolun tərtib edildiyi tarix və yer;
90.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı və atasının adı;
90.1.3. tutulanın şəxsiyyəti haqqında məlumat;
90.1.4. tutmanın vaxtı və səbəbləri.
90.2. Protokol onu tərtib etmiş vəzifəli şəxs və tutulmuş şəxs tərəfindən imzalanır. Tutulmuş şəxs protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda qeyd edilir. Tutulmuş şəxsin izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti tutulmuş şəxsə verilir.
Maddə 91. İnzibati qaydada tutulmuş şəxsin hüquqlarının təmin edilməsi
91.0. Səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati qaydada tutulmuş şəxsin bu Məcəllə ilə müəyyən edilmiş hüquqlarının təmin edilməsi üçün aşağıdakı tədbirləri görür:
91.0.1. tutulmuş şəxsə dərhal onun tutulmasının əsaslarını bildirmək, onun hüquqlarını izah etmək;
91.0.2. tutulmuş şəxsi inzibati xəta haqqında protokolla tanış etmək;
91.0.3. tutulmuş şəxsin xahişi ilə onun yaxın qohumlarına, işlədiyi və ya təhsil aldığı yerin müdiriyyətinə, yaxud vəkilinə məlumat vermək;
91.0.4. tutulmuş yetkinlik yaşına çatmayanın valideynlərinə və ya digər qanuni nümayəndələrinə dərhal məlumat vermək;
91.0.5. tutulmuş şəxslə davranışda onun şəxsiyyətinə və ləyaqətinə hörmətlə yanaşmaq;
91.0.6. tutulmuş şəxsə öz vəkili ilə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq;
91.0.7. tutulmuş şəxsin öz vəkili olmadıqda, ona müvəqqəti saxlama yeri üzrə ərazidəki vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmək, seçilmiş vəkillə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq.
Maddə 92. Şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama
92.1. Fiziki şəxsin şəxsi axtarışı, onda olan əşyaları yoxlama inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin aşkar edilməsi məqsədi ilə həyata keçirilir.
92.2. Şəxsi axtarış eyni cinsdən olan səlahiyyətli şəxs tərəfindən və eyni cinsdən olan iki hal şahidinin iştirakı ilə aparılır.
92.3. Əşyalar (əl yükü, baqaj, ov və balıq ovu alətləri, əldə edilmiş məhsul və sair) bunların mülkiyyətçilərinin və ya sahiblərinin iştirakı ilə yoxlanılır. Təxirə salınmayan hallarda mülkiyyətçisi və ya sahibi olmadan göstərilən əşyalar iki hal şahidinin iştirakı ilə yoxlanıla bilər. Feldyeger rabitəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən çatdırılan korrespondensiyalar və digər göndərişlər yoxlanıla bilməz.
92.4. Şəxsi axtarış və əşyaları yoxlama haqqında protokol tərtib olunur.
92.5. Şəxsi axtarış və əşyaları yoxlama haqqında protokolda aşağıdakılar göstərilir:
92.5.1. protokolun tərtib edildiyi tarix və yer;
92.5.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı və atasının adı;
92.5.3. barəsində şəxsi axtarış aparılan şəxs haqqında məlumat;
92.5.4. şəxsi axtarış zamanı aşkar edilən əşyaların növü, miqdarı və digər eyniləşdirmə əlamətləri haqqında məlumat.
92.6. Protokol onu tərtib etmiş vəzifəli şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və ya axtarış aparılan əşyaların sahibi və hal şahidləri tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və ya axtarış aparılan əşyaların sahibi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur.
92.7. Protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və axtarış aparılan əşyaların sahibinə verilir.
Maddə 93. Nəqliyyat vasitəsinə baxış
93.1. Nəqliyyat vasitəsinə baxış, yəni onun konstruktiv bütövlüyünü pozmadan inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlərin müəyyən edilməsi məqsədi ilə aparılan müayinədir.
93.2. Nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsi sahibinin və iki hal şahidinin iştirakı ilə aparılır. Təxirə salınmayan hallarda nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsinin sahibinin iştirakı olmadan videoyazı aparılmaqla keçirilə bilər.
93.3. Nəqliyyat vasitəsinə baxış haqqında protokol tərtib olunur. Bu protokolda aşağıdakılar göstərilir:
93.3.1. protokolun tərtib edildiyi tarix və yer;
93.3.2. protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;
93.3.3. nəqliyyat vasitəsinin sahibi barəsində məlumatlar;
93.3.4. nəqliyyat vasitəsinə baxış keçirilməsi üçün əsaslar;
93.3.5. nəqliyyat vasitəsinin tipi, markası, modeli, dövlət qeydiyyat nişanı və digər eyniləşdirmə əlamətləri barədə məlumatlar;
93.3.6. aşkar edilmiş əşyaların növü, miqdarı və digər eyniləşdirmə əlamətləri, o cümlədən silahın markası, modeli, seriyası və nömrəsi, döyüş sursatının növü və miqdarı barədə məlumatlar;
93.3.7. aşkar edilmiş sənədlərin növü və rekvizitləri.
93.4. Maddi sübutların qeydə alınması məqsədi ilə fotoşəkillərin, videoyazıların aparılması tətbiq edilir. Nəqliyyat vasitəsinə baxış barəsində protokolda fotoşəkillərdən, videoyazıdan istifadə edilməsi barədə qeyd aparılır. Baxış zamanı fotoşəkillərin, videoyazının tətbiq edilməsi ilə əlaqədar əldə edilmiş materiallar müvafiq protokola əlavə olunur.
93.5. Nəqliyyat vasitəsinə baxış haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və ya nəqliyyat vasitəsinin sahibi, habelə hal şahidləri tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və ya nəqliyyat vasitəsinin sahibi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur.
93.6. Nəqliyyat vasitəsinə baxış haqqında protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və nəqliyyat vasitəsinin sahibinə verilir.
Maddə 94. Əşyaların və sənədlərin götürülməsi
94.1. İnzibati xətanın baş verdiyi yerdə və ya fiziki şəxsin şəxsi axtarışı zamanı, yaxud onun əşyalarına və ya nəqliyyat vasitəsinə baxış zamanı aşkar edilmiş və iş üçün sübut əhəmiyyəti olan əşyaların və sənədlərin, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olan predmetin götürülməsi inzibati xəta haqqında iş üzrə icraatı aparan vəzifəli şəxs tərəfindən iki hal şahidinin iştirakı ilə həyata keçirilir.
94.2. Sürücü tərəfindən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsini nəzərdə tutan xətalar törədildikdə, inzibati xəta haqqında iş üzrə qərar çıxarılanadək sürücülük vəsiqəsi götürülür və həmin şəxslərə nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənəd verilir. Nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərar qəbul edildikdə sürücülük vəsiqəsi qaytarılmır. Nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərardan bu Məcəllə ilə müəyyən edilmiş qaydada şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddət qurtaranadək, yaxud şikayət üzrə qərar qəbul edilənədək, nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənədin qüvvədə olma müddəti uzadılır.
94.3. Əşyaların və sənədlərin götürülməsi haqqında protokol tərtib olunur.
94.4. Əşyaların və sənədlərin götürülməsi haqqında protokolda aşağıdakılar göstərilir:
94.4.1. protokolun tərtib edildiyi tarix və yer;
94.4.2. protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;
94.4.3. əşyaları və sənədləri götürülən şəxs barəsində məlumat;
94.4.4. əşyaların və sənədlərin götürülməsi üçün əsaslar;
94.4.5. götürülən sənədlərin növü və rekvizitləri;
94.4.6. götürülən əşyaların növü, miqdarı və digər eyniləşdirmə əlamətləri, o cümlədən silahın markası, modeli, seriyası və nömrəsi, döyüş sursatının növü və miqdarı barədə məlumatlar.
94.5. Əşyaların və sənədlərin götürülməsi haqqında protokolda fotoşəkillərin çəkilməsi, videoyazı barədə qeyd aparılır. Fotoşəkillərin, videoyazının tətbiq edilməsi nəticəsində əşyaların və sənədlərin götürülməsi ilə bağlı əldə edilmiş materiallar müvafiq protokola əlavə olunur.
94.6. Əşyaların və sənədlərin götürülməsi haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, əşyaları və ya sənədləri götürülən şəxs, habelə hal şahidləri tərəfindən imzalanır. Əşyaları və ya sənədləri götürülən şəxs protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur.
94.7. Protokolun surəti, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, yaxud onun qanuni nümayəndəsinə təqdim edilir.
94.8. Götürülən əşyalar və sənədlər yerindəcə qablaşdırılır və möhürlənir. Götürülmüş əşyalar və sənədlər inzibati xəta haqqında işə baxılanadək, əşyaları və sənədləri götürən səlahiyyətli orqanların (vəzifəli şəxslərin) müəyyən etdikləri yerlərdə saxlanılır.
94.9. Götürülmüş odlu silah, onun patronları, digər silah və döyüş sursatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada saxlanılır.
94.10. Götürülmüş tez xarab olan mallar barəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada sərəncam verilir.
94.11. Götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yenidən istehsala göndərilir və ya məhv edilir.
94.12. Məhv edilməli olan narkotik vasitələrin və psixotrop maddələrin, etil spirtinin, alkoqollu və tərkibində spirt olan məhsulların nümunələri inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi günədək saxlanılır.
94.13. İnzibati xəta haqqında iş üzrə qərarda götürülmüş əşyalar və sənədlər barədə məsələlər bu Məcəllənin 115.4-cü maddəsinə uyğun olaraq həll olunur.
Maddə 95. Götürülmüş əşyaların qiymətləndirilməsi
95.1. Götürülmüş əşyalar aşağıdakı hallarda qiymətləndirilir:
95.1.1. inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ilə ölçülən inzibati cərimə meyarı tətbiq edildikdə;
95.1.2. götürülmüş tez xarab olan mallar barəsində sərəncam verildikdə;
95.1.3. etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar yenidən istehsala göndərildikdə və ya məhv edildikdə.
95.2. Götürülmüş əşyaların qiymətləri dövlət tərəfindən tənzimlənirsə, dövlət tənzimləmə qiymətləri tətbiq edilir. Digər hallarda götürülmüş əşyaların qiyməti bazar qiymətinə əsasən qiymətləndirilir. Göstərilən qaydada qiymətləndirmə mümkün olmadıqda, götürülmüş əşyaların qiyməti ekspertin rəyi əsasında müəyyən edilir.
Maddə 96. Nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma və sərxoşluq vəziyyətinin müayinəsi
96.1. Fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır:
96.1.1. dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, yaxud həmin nəqliyyat vasitəsini idarə etmək hüququ verən digər əsas olmadıqda;
96.1.2. nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə etdikdə;
96.1.3. dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə;
96.1.4. dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasına güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda;
96.1.5. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda;
96.1.6. yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda.
96.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir.Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır.
96.3. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir.
96.4. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokolda aşağıdakılar göstərilir:
96.4.1. protokolun tərtib edildiyi yer, tarix və vaxt;
96.4.2. protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;
96.4.3. nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırmanın və sərxoşluq vəziyyətini müəyyən etmənin əsasları;
96.4.4. nəqliyyat vasitəsini idarə edən şəxs barəsində məlumatlar;
96.4.5. nəqliyyat vasitəsinin tipi, markası, modeli, dövlət qeydiyyat nişanı və digər eyniləşdirmə əlamətləri barədə məlumatlar.
96.5. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir.
96.6. Sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi barədə akt müvafiq protokola əlavə olunur.
Maddə 97. Nəqliyyat vasitələrinin saxlanılması
97.1. Bu Məcəllənin 346.1 və 346.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədildiyi halda (əgər sürücü həmin nəqliyyat vasitəsinin yanında deyildirsə), həmçinin bu Məcəllənin 96.1-ci maddəsində göstərilən hallarda nəqliyyat vasitəsi müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağında saxlanılır.
97.2. Nəqliyyat vasitəsinin saxlanılması səbəbi aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya xətaya görə inzibati tənbeh verildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır.
97.3. Nəqliyyat vasitəsi dayanma və durma qaydalarının pozulduğuna görə, inzibati cərimənin müəyyən edilmiş müddətdə ödənilməməsinə görə tətbiq edilən nəqliyyat vasitəsinin saxlanılması barədə qərara əsasən müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına gətirilmişdirsə, nəqliyyat vasitəsinin sahibi və ya inzibati xətanı törətmiş şəxs inzibati cəriməni (müvafiq olaraq hesablanmış dəbbə pulu daxil olmaqla) və nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqqı həmin yerdə plastik kart və ya internet vasitəsilə ödəyə bilər. Bu halda sürücüyə müvafiq inzibati xəta haqqında protokolun, inzibati tənbeh tətbiq etmə haqqında qərarın surəti verilir və saxlanılmış nəqliyyat vasitəsi dərhal sahibinə qaytarılır. Nəqliyyat vasitəsi onun saxlanılması barədə qərara əsasən müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına gətirilmişdirsə, bu qərarın surəti də sürücüyə verilir. Sürücü inzibati cəriməni nəqliyyat vasitəsinin gətirildiyi yerdə ödəməkdən imtina etdikdə, inzibati xəta haqqında iş üzrə icraat bu Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
97.4. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədləri ünvan sahibinə onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmaması və onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin olmaması səbəbindən 10 gün müddətində bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada çatdırmaq mümkün olmadıqda, həmin sənədlərin surətinin verilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəqliyyat vasitəsinin dayandırılaraq müvafiq sənədin təqdim edilməsi barədə qərar qəbul edilir. Bu halda saxlanılmış nəqliyyat vasitəsinin istifadəçisinə həmin sənədlərin surəti təqdim edildikdən və müvafiq qeydlər aparıldıqdan dərhal sonra nəqliyyat vasitəsi buraxılır.
97.5. Nəqliyyat vasitəsinin saxlanılması iki nüsxədə olan aktla rəsmiləşdirilir, onun birinci nüsxəsi inzibati xəta haqqında protokola əlavə edilir, surəti isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilir.
Maddə 98. Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsi
Tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir.