I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

IV BÖLMƏ

 

İnzibati xəta haqqında iş üzrə icraatın mərhələləri

 

FƏSİL 14

 

İnzibati xəta haqqında iş üzrə icraata başlama

 

Maddə 99. İnzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər və əsas

 

99.1. İnzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır:

99.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi;

99.1.2. dövlət orqanlarından və təşkilatlarından və ya bələdiyyələrdən məlumatların daxil olması;

99.1.3. fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar.

99.2. Məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır.

99.3. Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır.

99.4. İnzibati xata haqqında iş üzrə icraat aşağıda göstərilən vaxtdan başlanılmış hesab edilir:

99.4.1. bu Məcəllənin 86-cı maddəsində nəzərdə tutulan tədbirləri tətbiq etmə haqqında ilk protokol tərtib edildikdə;

99.4.2. inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə;

99.4.3. bu Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan inzibati araşdırılma tələb olunduğu hallarda inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardad qəbul edildikdə.

99.5. Bu Məcəllənin 99.1.2 və 99.1.3-cü maddələrində göstərilən səbəblərin əsassız olduğu halda səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad qəbul edilir.

99.6. İnzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında qərardadın surəti bu Məcəllənin 99.1.2 və 99.1.3-cü maddələrində göstərilən məlumatları vermiş şəxslərə göndərilir.

99.7. Bu Məcəllənin 40.0.2 – 40.0.3-cü maddələrində nəzərdə tutulmuş səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında qərardadından onun rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə), prokurora və ya məhkəməyə şikayət verilə bilər.

 

Maddə 100. İnzibati xəta haqqında protokol

 

100.1. Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir:

100.1.1. protokolun tərtib edildiyi tarix və yer;

100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;

100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat;

100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti;

100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi;

100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı;

100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları;

100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar;

100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər;

100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar.

100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır.

100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır.

100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur.

100.5. Protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

 

Maddə 101. İnzibati xəta haqqında protokolun tərtib edilməsi müddətləri

 

101.1. İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir.

101.2. İşin hallarının, eləcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir.

101.3. İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir.

 

Maddə 102. İnzibati araşdırma

 

102.1. Sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları əleyhinə inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır.

102.2. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək vəinzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Prokuror isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edir.

102.3. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında qərardadda aşağıdakılar göstərilir:

102.3.1. qərardadın tərtib edildiyi yer və tarix;

102.3.2. qərardadı tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;

102.3.3. inzibati xəta haqqında iş üzrə icraatı başlamaq üçün səbəblər və əsaslar;

102.3.4. inzibati xətaya görə inzibati məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi.

102.4. İnzibati araşdırma inzibati xəta törədilən, yaxud aşkar edilən yerdə aparılır.

102.5. İnzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır.

102.6. İnzibati araşdırma başa çatdıqda, inzibati xəta haqqında protokol tərtib edilir və ya inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilir.

 

Maddə 103. Protokolun (prokurorun qərarının) baxılması üçün göndərilməsi

 

103.1. İnzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir.

103.2. İnzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir.

 

Maddə 104. İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması

 

104.1. İnzibati xəta haqqında iş üzrə icraat aşağıdakı hallarda dayandırılır:

104.1.1. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs qaçıb gizləndikdə və ya digər səbəblərdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin olduğu yer müəyyən edilmədikdə;

104.1.2. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin ağır xəstəliyi ilə əlaqədar inzibati xəta haqqında iş üzrə icraatda iştirakı mümkün olmadıqda;

104.1.3. inzibati xətanı törədən şəxs müəyyən olunmadıqda.

104.2. İnzibati xətalar haqqında iş üzrə icraatın dayandırılmasına qədər səlahiyyətli vəzifəli şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan həyata keçirilməsi mümkün olan bütün prosessual hərəkətləri aparmalı, bu Məcəllənin 104.1.1 və 104.1.3-cü maddələrində nəzərdə tutulmuş və inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması üçün səbəb olmuş halların aradan qaldırılması üçün bütün tədbirləri görməlidir.

104.3. İnzibati xəta haqqında iş üzrə icraat səlahiyyətli vəzifəli şəxsin qərarı ilə dayandırılır. İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir.

104.4. İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərarı qəbul edən səlahiyyətli vəzifəli şəxs 48 saat ərzində həmin qərarın surətini müvafiq prokurora göndərməlidir.

104.5. Prokuror inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərarı aldığı vaxtdan bir ay müddətində həmin qərarın qəbul edilməsində bu Məcəllənin 104.1-ci maddəsinin tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin yoxlama ilə əlaqədar prokuror müvafiq qərarı qəbul edən səlahiyyətli vəzifəli şəxsdən inzibati xəta haqqında iş üzrə icraatın materiallarını tələb etdikdə, materiallar bir gün ərzində prokurora təqdim edilməlidir.

104.6. Prokuror inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərarın bu Məcəllənin 104.1-ci maddəsi pozulmaqla qəbul edildiyini müəyyən etdikdə, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edir və onun surətini qərarı qəbul etmiş səlahiyyətli vəzifəli şəxsə göndərir. Bu halda prokuror həmçinin səlahiyyətli vəzifəli şəxs barəsində bu Məcəllənin 596.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edir.

104.7. İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edildikdə və ya bu Məcəllənin 104.1.1 - 104.1.3-cü maddələrində göstərilən hallar aradan qaldırıldıqda, səlahiyyətli vəzifəli şəxsin qərarı ilə inzibati xəta haqqında iş üzrə icraat təzələnir və bu barədə 48 saat ərzində müvafiq prokurora yazılı məlumat verilir.

104.8. Bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə inzibati xəta haqqında iş üzrə dayandırılmış icraata xitam verilir.

Qeyd: Bu Məcəllənin 104.4 – 104.7-ci və 596-cı maddələrində “səlahiyyətli vəzifəli şəxs” dedikdə hakim nəzərdə tutulmur.

 

Maddə 105. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi

 

105.1. Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir.

105.2. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir.

 

FƏSİL 15

 

İnzibati xəta haqqında işlərə baxılması

 

Maddə 106. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması

 

106.0. Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir:

106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi;

106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu;

106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi;

106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu;

106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı;

106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı;

106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı.

 

Maddə 107. Hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən işin baxılmasını istisna edən hallar

 

107.0. İnzibati xəta haqqında işin baxılması icraatına verilmiş hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs aşağıdakı hallarda bu işə baxa bilməz:

107.0.1. o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, onların qanuni nümayəndələrinin, müdafiəçinin və ya nümayəndənin qohumudursa;

107.0.2. o, şəxsən düzünə və ya dolayısı ilə işin həllində maraqlıdırsa.

 

Maddə 108. Hakimin, kollegial orqanın üzvünün, vəzifəli şəxsin özü-özünə etiraz etməsi və ya onlara etiraz etmə

 

108.1. Bu Məcəllənin 107-ci maddəsində nəzərdə tutulan hallardan biri olduqda hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs özü-özünə etiraz etməlidir. Özü-özünə etiraz etmə barədə ərizə müvafiq məhkəmənin sədrinə, kollegial orqanın sədrinə, yuxarı vəzifəli şəxsə verilir.

108.2. Bu Məcəllənin 107-ci maddəsində nəzərdə tutulan hallardan biri olduqda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, zərər çəkmiş şəxs, fiziki şəxsin qanuni nümayəndəsi və ya hüquqi şəxsin nümayəndəsi, müdafiəçi, nümayəndə və ya prokuror tərəfindən hakimə, kollegial orqanın üzvünə və ya vəzifəli şəxsə etiraz edir.

108.3. Ərizəyə icraatında inzibati xəta haqqında iş olan hakim, kollegial orqan və vəzifəli şəxs tərəfindən baxılır.

108.4. Ərizəyə baxmanın nəticəsi barədə onun təmin edilməsi və ya təmin edilməməsi haqqında qərardad qəbul edilir.

 

Maddə 109. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı qərarın (qərardadın) qəbul edilməsi

 

109.1. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir:

109.1.1. işin baxılması tarixinin və yerinin təyin edilməsi;

109.1.2. işin baxılmasında iştirak etmək üçün bu Məcəllənin 61-67-ci, 69-72-ci maddələrində göstərilən şəxslərin çağırılması;

109.1.3. iş barəsində zəruri olan əlavə materialların tələb edilməsi;

109.1.4. ekspertizanın təyin edilməsi;

109.1.5. işə baxılmanın təxirə salınması;

109.1.6. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması;

109.1.7. əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi.

109.2. Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir.

109.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin, hüquqi şəxsin nümayəndəsinin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsinin, habelə şahidlərin üzrlü səbəblər olmadan çağırış üzrə gəlməkdən qəsdən boyun qaçırması nəticəsində inzibati xəta haqqında iş üzrə icraatın baxılması təxirə salındıqda, bu isə inzibati xəta haqqında işin hallarının tam, ətraflı, obyektiv və vaxtında araşdırılmasına və onun ədalətli həll olunmasına mane olarsa, inzibati xətanın baxıldığı yer üzrə məhkəmə həmin şəxslərin gətirilməsi barədə qərardad qəbul edə bilər.

 

Maddə 110. İnzibati xəta haqqında işin baxılması yeri

 

110.1. İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər.

110.2. Yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında işlərə şəxsin yaşadığı yer üzrə baxılır.

110.3. Nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır.

 

Maddə 111. İnzibati xətalar haqqında işlərə baxılması müddətləri

 

111.1. İnzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır.

111.2. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının vəsatəti və ya əlavə müəyyən edilməli hallar olarsa, işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) özünün əsaslandırılmış qərardadı ilə işin baxılmasını bir ayadək müddətə uzadır.

111.3. İnzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır.

 

Maddə 112. İnzibati xəta haqqında işə baxılma qaydası

 

112.1. İnzibati xəta haqqında işə baxılarkən:

112.1.1. işə baxan şəxs, baxılan işin qısa məzmunu, işinə baxılan şəxs elan olunur;

112.1.2. inzibati məsuliyyətə cəlb edilən fiziki şəxsin və ya hüquqi şəxsin qanuni nümayəndəsinin, habelə işin baxılmasında iştirak edən digər şəxslərin iştirakı müəyyənləşdirilir;

112.1.3. fiziki şəxsin qanuni nümayəndəsinin və hüquqi şəxsin nümayəndəsinin, müdafiəçinin və nümayəndənin səlahiyyətləri müəyyən edilir;

112.1.4. iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir;

112.1.5. işin baxılmasında iştirak edən şəxslərə onların hüquqları və vəzifələri izah olunur;

112.1.6. edilmiş etirazlar və verilmiş vəsatətlər həll edilir.

112.2. Aşağıda göstərilən hallarda işə baxılmanın başqa vaxta keçirilməsi barədə qərardad qəbul edilir:

112.2.1. əgər etiraz etmə işin mahiyyəti üzrə baxılmasına mane olursa, özü-özünə etiraz etmə və ya işə baxan hakimə, vəzifəli şəxsə, yaxud kollegial orqanın üzvünə etiraz etmə barədə ərizə daxil olduqda;

112.2.2. mütəxəssisə, ekspertə və ya tərcüməçiyə etiraz etmə işin mahiyyəti üzrə baxılmasına mane olduqda;

112.2.3. işdə iştirak edən şəxsin gəlməsi və ya əlavə sənədlərin tələb olunması, yaxud ekspertizanın təyin edilməsi vacib olduqda.

112.3. Bu Məcəllənin 109.3-cü maddəsinə müvafiq olaraq iştirakı məcburi olan şəxsin gətirilməsi barədə qərardad çıxarılır.

112.4. Bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarırlar.

112.5. İşə baxılma davam edərsə, inzibati xəta haqqında protokol, zəruri hallarda isə işin digər materialları elan edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin, hüquqi şəxsin nümayəndəsinin, inzibati xəta haqqında iş üzrə icraatda iştirak edən digər şəxslərin, habelə mütəxəssisin izahatları, ekspertin rəyi dinlənilir, digər sübutlar araşdırılır, işə baxılmada prokuror iştirak etdikdə, onun rəyi dinlənilir.

 

Maddə 113. İnzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunun məzmunu

 

113.1. İnzibati xəta haqqında işə kollegial orqan və ya məhkəmə tərəfindən baxılarkən iclas protokolu tərtib olunur.

113.2. İnzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda aşağıdakılar göstərilir:

113.2.1. işə baxılmanın tarixi və yeri, iclasın başlanma və qurtarma vaxtı;

113.2.2. işə baxan kollegial orqanın adı və tərkibi, yaxud hakimin və məhkəmə iclasının katibinin adı;

113.2.3. baxılan işin qısa məzmunu;

113.2.4. işdə iştirak edən şəxslərin gəlməsi haqqında məlumatlar;

113.2.5. işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrinin elan edilməsinə dair məlumatlar;

113.2.6. etirazlar, vəsatətlər və onların baxılmasının nəticələri;

113.2.7. işə baxılmasında iştirak edən şəxslərin izahatları və rəyləri;

113.2.8. iclas vaxtı edilmiş çıxışların məzmunu;

113.2.9. işə baxılarkən tədqiq edilən sənədlər barədə məlumatlar;

113.2.10. yazılı sübutların elan edilməsinə dair məlumatlar, maddi sübutların müayinəsinə, səs yazılarının dinlənilməsinə, videoyazılara baxılmasına dair məlumatlar;

113.2.11. işdə iştirak edən şəxslərə protokolla tanış olmaq və ona dair qeydlər vermək hüquqlarının izah olunmasına dair məlumatlar;

113.2.12. protokolun tərtib olunma tarixi.

113.3. Kollegial orqanın iclasının protokolu iclasa sədrlik edən və katib tərəfindən, məhkəmə iclasının protokolu isə hakim və məhkəmə iclasının katibi tərəfindən imzalanır.

113.4. Protokol inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas qurtardıqdan sonra 5 gündən gec olmayaraq tərtib edilməli və imzalanmalıdır.

 

Maddə 114. İnzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad)

 

114.1. İnzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır:

114.1.1. inzibati tənbeh vermə haqqında;

114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında;

114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında;

114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında.

114.2. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar aşağıdakı hallarda çıxarılır:

114.2.1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda;

114.2.2. bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə;

114.2.3. inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə;

114.2.4. bu Məcəllənin 16.2-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya (kollegial orqana) göndərildikdə.

114.3. İnzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır.

114.4. Səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad) ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Həmin qərarın (qərardadın)formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

 

Maddə 115. İnzibati xəta haqqında iş üzrə qərar

 

115.1. İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir:

115.1.1. qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi;

115.1.2. işin baxılması tarixi və yeri;

115.1.3. işinə baxılan şəxs haqqında məlumat;

115.1.4. işə baxılarkən müəyyən edilmiş hallar;

115.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü;

115.1.6. inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd;

115.1.7. iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi;

115.1.8. qərardan şikayət verilməsi müddəti və qaydası.

115.2. İnzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir.

115.3. İnzibati xətaya görə inzibati həbs növündə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində məcburi müalicənin tətbiqi məsələsi hakim tərəfindən həll edilir.

115.4. İnzibati xəta haqqında iş üzrə qərarda götürülmüş əşyalar və sənədlər barədə məsələlər aşağıdakı qaydada həll olunmalıdır:

115.4.1. dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir;

115.4.2. dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına verilməli, yaxud məhv edilməlidir;

115.4.3. maddi sübut hesab edilən sənədlər inzibati xəta haqqında işdə müəyyən edilmiş saxlama müddəti ərzində saxlanılır və ya sahibinə verilir;

115.4.4. alınmış orden, medal, döş nişanları onların qanuni sahibinə qaytarılır, qanuni sahib müəyyən edilmədikdə isə müvafiq icra hakimiyyəti orqanına göndərilir.

115.5. İnzibati xəta haqqında iş üzrə qərar onu qəbul etmiş hakim, kollegial orqanın iclasına sədrlik edən şəxs, habelə vəzifəli şəxs tərəfindən imzalanır.

 

Maddə 116. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi

 

116.1. Eyni inzibati xətanı inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 209, 279.0.1, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 536, 537.2, 539 – 544, 551.2, 557.2, 603, 604, 606.2 və 606.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır.

116.2. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur.

116.3. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir.

116.4. İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir.

 

Maddə 117. İnzibati xəta haqqında iş üzrə qərarın elan edilməsi

 

117.1. İnzibati xəta haqqında iş üzrə qərar onun baxılmasından dərhal sonra elan olunur.

117.2. Qərarın surəti iki gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə və zərər çəkmiş şəxsə verilir.

 

Maddə 118. İnzibati xəta haqqında iş üzrə qərardad

 

118.1. İnzibati xəta haqqında qərardadda aşağıdakılar göstərilir:

118.1.1. qərardad çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi;

118.1.2. ərizənin, vəsatətin, işin materiallarının baxılma tarixi və yeri;

118.1.3. ərizə, vəsatət vermiş və ya işinə baxılan şəxs haqqında məlumat;

118.1.4. ərizənin, vəsatətin məzmunu;

118.1.5. ərizəyə, vəsatətə, işin materiallarına baxılarkən müəyyən edilən hallar;

118.1.6. ərizəyə, vəsatətə, işin materiallarına baxılmasının nəticəsi.

118.2. İnzibati xəta haqqında iş üzrə qərardad onu qəbul etmiş hakim, kollegial orqanın iclasına sədrlik edən şəxs və vəzifəli şəxs tərəfindən imzalanır.

 

Maddə 119. İnzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aradan qaldırmaq haqqında təqdimat

 

119.1. İnzibati xəta haqqında işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti müəyyən etdikdə, müvafiq müəssisə, idarə və təşkilatlara, vəzifəli şəxslərə onların aradan qaldırılması üçün tədbirlər görmək haqqında təqdimat verir.

119.2. Təqdimatın alındığı gündən bir ay ərzində həmin müəssisələr, idarələr, təşkilatlar, habelə vəzifəli şəxslər təqdimat vermiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) görülən tədbirlər haqqında məlumat verməyə borcludurlar.

 

FƏSİL 16

 

Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə baxılmanın xüsusiyyətləri

 

Maddə 120. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə baxılmanın ümumi qaydası

 

Bu Məcəllənin 327 - 348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır.

 

Maddə 121. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqana çağırılmasının yolverilməzliyi

 

Bu Məcəllənin 122.7, 122.8 və 124.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır.

 

Maddə 122. İnzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası

 

122.1. Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 346.3 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imzaelektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati xəta haqqında elektron protokol tərtib olunur və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. İnzibati xəta haqqında elektron protokol tərtib edildikdən dərhal sonra, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir.

122.2. İnzibati xəta haqqında elektron protokol müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə müqaviləsi və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi) barəsində tərtib edilir.

122.3. İnzibati xəta haqqında elektron protokolda bu Məcəllənin 100.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir:

122.3.1. inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə);

122.3.2. inzibati xəta haqqında elektron protokolla əlaqədar vəsatət verilməsi qaydası;

122.3.3. inzibati cərimənin məbləği və ödənilməsi qaydası.

122.4. İnzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1 - 327.3 və 330-cu maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək saxlanılmalıdır.

122.5. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron protokol tərtib olunur.

122.6. Barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs protokolda qeyd olunan cəriməni ödədikdə protokolla razılaşmış olur və həmin protokol eyni məzmunlu inzibati tənbeh vermə haqqında qərar hesab edilir.

122.7. Barəsində bu Məcəllənin 122.1-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən protokolla razılaşmadığı hallarda səlahiyyətli orqana vəsatətlə müraciət edə bilər. Vəsatət inzibati xəta haqqında protokol barədə bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumat verildiyi vaxtdan 10 gün müddətində şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Vəsatət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını vəsatətdə göstərə bilər. Vəsatətdə göstərilən məlumatlar təsdiq olunarsa, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs haqqında olan iş üzrə icraata xitam verilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür.

122.8. Barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan 10 gün müddətində vəsatət vermədikdə, həmin protokol inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edilir və həmin vaxtdan 10 gün müddətində həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada şikayət verilə bilər.

 

Maddə 123. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən və hüquqi şəxsə məxsus nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən törədilən inzibati xəta haqqında iş üzrə icraatın aparılması qaydası

 

123.1. Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir.

123.2. Hüquqi şəxs sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan inzibati xəta haqqında protokol tərtib edir. İnzibati xəta haqqında protokol həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin protokol barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

123.3. Bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir.

 

Maddə 124. İnzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydası

 

124.1. İnzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu gün mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır.

124.2. İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır.

124.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir.

124.4. İnzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompyuter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

124.5. Bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında deyilsə, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati xəta haqqında protokol tərtib edilir və nəqliyyat vasitəsi mühafizə edilən duracağa aparılır. Bu halda inzibati xəta haqqında protokolda nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. Protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin protokol barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

124.6. Bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və nəqliyyat vasitəsinin mühafizə edilən duracağa aparılması mümkün olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati xəta haqqında protokol tərtib edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin protokolun surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. Protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin protokol barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir.

 

Maddə 125. İnzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə məlumatlandırma

 

125.1. Müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, həmçinin müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə yerləşdirilir.

125.2. İnzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır:

125.2.1. müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında elektron protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir;

125.2.2. eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir;

125.2.3. inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir.

125.3. Nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetdə şəxsin hansı tarixdə inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2.1 – 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılması haqqında qeyd yerləşdirilməlidir.

125.4. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə tərtib edilmiş inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərarın bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi vasitəsilə rəsmi çatdırılması barədə məlumatlarmüvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə göndərilir.

125.5. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin II hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsi sürücüsünün) müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə, onları 3 gün müddətində yeniləməlidirlər. Müvafiq icra hakimiyyəti orqanı məlumatların telefon, poçt və internet vasitəsilə elektron qaydada verilməsi və yenilənməsi üçün müvafiq imkanların olmasını təmin etməlidir.

125.6. Müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə daxil edilmiş, bu Məcəllənin 125.4 və 125.5-ci maddələrində nəzərdə tutulmuş məlumatlar müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə də göndərilir.

125.7. Elektron kabinetdə şəxsə aid, qüvvədə olan (icra olunmamış, ödənilməmiş) inzibati xəta haqqında iş üzrə qərar və ya yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında protokol yoxdursa, o, həmin tarixə bu barədə çap və ya elektron formada çıxarış əldə edə bilər.

125.8. İnzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar elektron kabinetdə yerləşdirilməyənədək onun icra olunması (o cümlədən cərimə növündə inzibati tənbeh tədbirinin ödənilməsi, dəbbə pulunun hesablanması) tələb edilə bilməz, həmin səbəbdən nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilə bilməz, nəqliyyat vasitəsi saxlanılaraq duracağa gətirilə bilməz.

 

Maddə 126. İnzibati xəta haqqında iş üzrə qərardan şikayətə baxılma qaydası

 

126.1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı və ya inzibati xəta haqqında protokol bu Məcəllənin 122.6 və 122.8-ci maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edildiyi vaxtdan 10 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər.

126.2. Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir.

126.3. Bu Məcəllənin 126.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

 

Maddə 127. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi ilə əlaqədar xətalar üzrə icraatın aparılması qaydası

 

Bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir.

 

FƏSİL 17

 

İnzibati xəta haqqında iş üzrə qərara yenidən baxılma

 

Maddə 128. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermək hüququ

 

128.1. Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər.

128.2. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir:

128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə;

128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə;

128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə.

 

Maddə 129. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydası

 

129.1. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir:

129.1.1. hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest - həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə;

129.1.2. kollegial orqanın qərarından məhkəməyə verilən şikayət - birbaşa kollegial orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə;

129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə;

129.1.4. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protest - səlahiyyətli orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə;

129.1.5. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) verilən şikayət - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə).

129.2. Bu Məcəllənin 129.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda hakim şikayətin daxil olduğu gündən üç gün müddətində şikayəti və ya protesti iş üzrə bütün materiallarla birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərir.

129.3. İnzibati həbs tənbeh növünün tətbiqi barədə qərardan şikayət və ya protest apellyasiya instansiyası məhkəməsinə şikayətin və ya protestin daxil olduğu gün göndərilir.

129.4. Şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir.

129.5. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur.

 

Maddə 130. Qərardan şikayət və ya protest vermə müddətləri

 

130.1. Qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər.

130.2. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir.

130.3. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir.

 

Maddə 131. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılma müddətləri

 

131.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır.

131.2. İnzibati xəta törədən şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edildikdə, inzibati həbs barəsində verilmiş qərardan şikayətə və ya protestə həmin şikayətin və ya protestin verildiyi vaxtdan bir gün müddətində baxılır.

 

Maddə 132. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq

 

132.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir:

132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi;

132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu;

132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır.

132.2. Şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir.

 

Maddə 133. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılma

 

133.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır.

133.2. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən:

133.2.1. şikayətə və ya protestə kim tərəfindən baxılması, hansı şikayətə və ya protestə baxılması, şikayətin kim tərəfindən verilməsi elan olunur;

133.2.2. barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin, habelə şikayətə və ya protestə baxılmada iştirak etmək üçün çağırılmış digər şəxslərin gəlib-gəlmədiyi müəyyən edilir;

133.2.3. fiziki şəxsin qanuni nümayəndəsinin və ya hüquqi şəxsin nümayəndəsinin, müdafiəçinin və nümayəndənin səlahiyyətləri müəyyən edilir;

133.2.4. inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir, yaxud şikayətə və ya protestə baxılma təxirə salınır, şikayətə və ya protestə baxılma üçün vacib olan şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir;

133.2.5. şikayətə və ya protestə baxılmada iştirak edən şəxslərin hüquqları və vəzifələri onlara izah edilir;

133.2.6. etiraz etmə və ya vəsatət haqqında müraciətlər həll edilir;

133.2.7. inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayət və ya protest elan edilir;

133.2.8. inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır;

133.2.9. inzibati xəta haqqında iş üzrə icraatda prokuror iştirak etdiyi hallarda onun rəyi dinlənilir.

 

Maddə 134. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılma haqqında qərar

 

134.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir:

134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında;

134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında;

134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında;

134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında;

134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında.

134.2. Şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir.

 

Maddə 135. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar

 

135.1. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır:

135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması;

135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması;

135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi;

135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi;

135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması;

135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.

135.2. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər.

 

Maddə 136. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest barəsində çıxarılmış qərarın elan edilməsi

 

136.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan edilir.

136.2. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərarın surəti, onun qəbul olunduğu gündən iki gün müddətində, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə, zərər çəkmiş şəxsə və ya protest vermiş prokurora verilir.

136.3. İnzibati həbs haqqında tənbeh növünün tətbiq edilməsi barədə qərardan verilən şikayət və ya protest üzrə qərar onu icra etməli olan səlahiyyətli orqana (vəzifəli şəxsə), habelə barəsində inzibati həbs tətbiq edilən şəxsə qərarın qəbul olunduğu gün verilir.

 

Maddə 137. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərara məhkəmədə yenidən baxılma

 

137.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır.

137.2. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər.

 

Product Tour
Go to top