I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

FƏSİL 30

 

Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar

 

Maddə 349. Yol hərəkətinin təşkili zamanı yol hərəkətinin təhlükəsizliyinin təmin edilməməsi

 

Yol hərəkəti təhlükəsizliyi səviyyəsinin azaldılması hesabına yolların buraxılış qabiliyyətinin artırılması məqsədi ilə və ya digər məqsədlərlə yol hərəkətinin təşkilində dəyişikliklərin edilməsinə görə-

vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 350. Avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması

 

350.1. Müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında tikinti, qazıntı, yenidənqurma və ya təmir işlərinin aparılmasına, yaxud avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyinə dair standartlara, qaydalara və normativlərə əməl edilməməsinə görə-

fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə edilir.

350.2. Müvafiq icazə olmadan yol hərəkətini nizamlayan texniki vasitələrin, svetoforların və yol nişanlarının quraşdırılmasına görə-

fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 351. Avtomobil yollarının saxlanılması, qorunması və abadlaşdırılması zamanı yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması

 

Avtomobil yollarının saxlanılması, qorunması və abadlaşdırılması qaydalarının pozulmasına, yaxud avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə-

vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min iki yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 352. Avtomobil yollarında yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması

 

352.0. Avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkətinin təhlükəsizliyinin pozulmasına, yəni:

352.0.1. örtüyü təkmilləşdirilmiş yollarda avtomobil yollarını korlayan konstruksiya elementləri olan, tırtıllı, yaxud metal tikanlı şinləri olan nəqliyyat vasitələrinin hərəkətinə, həmçinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən karxana avtomobillərinə aid edilmiş avtonəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə yüklə hərəkətinə;

352.0.2. yolların və ya yol qurğularının kənar predmetlərlə zibillənməsinə, yaxud tutulmasına, yolda kənd təsərrüfatı məhsullarının qurudulmasına, zibil və qar yığınlarının yaradılmasına;

352.0.3. yolların hərəkət hissəsinə yanacaq-sürtkü materialları, kimyəvi maddələr, bitum və beton axıdılmasına, habelə daş, çınqıl, qum və ot tökülməsinə, yolu və təhkim zolağını zibilləyə bilən materialların və yüklərin müvafiq qaydada qablaşdırılmadan aparılmasına;

352.0.4. avtomobil yollarının körpü keçidlərində çayın məcrası boyu körpüdən hər tərəfə bir kilometr məsafədə yol fəaliyyətinə aid olmayan tikinti işlərinin aparılmasına, habelə torpaq və çınqıl kütləsinin götürülməsinə;

352.0.5. xüsusi olaraq buna uyğunlaşdırılmamış körpülərin altından taxta-şalban axıdılmasına;

352.0.6. avtomobil yollarının torpaq sahələrində mal-qaranın otarılmasına, respublika əhəmiyyətli avtomobil yolları ilə mal-qara aparılmasına, habelə avtomobil yollarının sahiblərinin razılığı olmadan müəyyən edilən yerlərdən kənar avtomobil yolundan və ya bu məqsədlə xüsusi olaraq yaradılmış keçidlərdən kənar mal-qaranın keçirilməsinə;

352.0.7. üzən nəqliyyat vasitələrinin körpü dayaqlarına yan almasına, körpülərin altında qayıq stansiyalarının, digər qurğuların yerləşdirilməsinə;

352.0.8. avtomobil yollarının saxlanılması və təmiri ilə bağlı işlər istisna olunmaqla, torpağın şumlanmasına, çimin çıxarılmasına və qruntun götürülməsinə, oradakı otların biçilməsinə;

352.0.9. kütləvi istirahət yerlərinin təşkil edilməsinə;

352.0.10. suvarma, sənaye, çirkab və kanalizasiya sularının avtomobil yoluna və yağış sularının avtomobil yolundan kənarlaşdırılması üçün tikilmiş kanalizasiya sisteminə, suyu kənara axıdan qurğulara və yolboyu torpaq sahəsinə axıdılmasına, avtomobil yollarının təhkim və qorunma (mühafizə) zolaqlarının, yol örtüyünün çirkləndirilməsinə;

352.0.11. sərnişin daşımalarının marşrutlarının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmamasına görə;

352.0.12. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları və yaşayış məntəqələrinin küçələri ilə xüsusi icazə olmadan və (və ya) xüsusi icazənin tələbləri pozulmaqla, müəyyən edilmiş hallarda müşayiət və ya mühafizə avtomobili olmadan hərəkət etməsinə görə —

fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 353. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması

 

353.1. Hüquqi şəxslərə məxsus olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə -

vəzifəli şəxslər min iki yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

353.2. Bu Məcəllənin 353.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, hüquqi şəxs tərəfindən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə -

vəzifəli şəxslər min iki yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

353.3. Bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, fiziki şəxs tərəfindən ona məxsus olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə -

altı yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir.

353.4. Eyni hərəkətlərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə -

fiziki şəxslərin nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla, min manatdan min iki yüz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslər min səkkiz yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min beş yüz manatdan altı min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 354. Avtomobil yollarında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması

 

354.0. Müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına, yəni:

354.0.1. yolun hərəkət hissəsində və ya səkilərdə materialların yığılması və predmetlərin saxlanılmasına (səkilərdə materialların və ya predmetlərin saxlanılması nəticəsində yaranmış məhdudiyyətlərin piyadaların gediş-gəlişi üçün yolun hərəkət hissəsindən istifadə etməsinə səbəb olmadığı hallar istisna olmaqla), yol hərəkətinin təhlükəsizliyinə mane olan şərait yaradılmasına və yolların hərəkət hissəsində, habelə yolların, yol qurğularının tikintisi və təmiri ilə əlaqədar olmayan yüklərin yüklənməsinə və ya boşaldılmasına;

354.0.2. geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsinə;

354.0.3. daimi və müvəqqəti giriş-çıxış yerlərinin, başqa yollarla birləşmələrin və kəsişmələrin yaradılmasına;

354.0.4. yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulmasına və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, yaxud avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaradılmasına;

354.0.5. avtomobil yollarında hərəkət təhlükəsizliyinə aid olmayan nişanların və göstəricilərin, reklam lövhələrinin və transparantların qurulmasına, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmayan yol nişanlarının yerləşdirilməsinə, həmçinin “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydalar pozulmaqla, reklam və digər məlumat qurğularının yerləşdirilməsinə;

354.0.6. dəmiryol keçidlərinin, bəndlərin, şlüzlərin, nohurların, digər meliorasiya və hidrotexniki qurğuların tikintisinə, yenidən qurulmasına, təmirinə və ləğvinə, çayların və kanalların yatağının dərinləşdirilməsinə;

354.0.7. bərk örtüklü yollarda nəqliyyat vasitələrinin zavod sınaqlarının keçirilməsinə;

354.0.8. təhkim zolağında nəqliyyat vasitələrinin durması və yuyulması üçün meydançaların, servis obyektlərinin, köşklərin, pavilyonların, digər qurğuların yerləşdirilməsinə və ticarət aparılmasına, avtomobil yollarının tikintisi, saxlanılması, təmiri və yenidən qurulması ilə bağlı olmayan işlərin görülməsinə, yol hərəkətinin təhlükəsizliyi, sərnişin və yük daşımaları sahəsində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının xidməti tikililəri və qurğuları istisna olmaqla, avtomobil yollarının tikintisi, saxlanılması, təmiri, yenidən qurulması üçün nəzərdə tutulmayan bina və qurğuların yerləşdirilməsinə;

354.0.9. yarışların, məşqlərin və digər idman tədbirlərinin keçirilməsinə;

354.0.10. tırtıllı, uzunölçülü, iriqabaritli, ağırçəkili və ya təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin hərəkəti zamanı avtomobil yoluna və yol qurğularına zərər dəyməsinə, yol örtüyünün və yolun mühəndis konstruksiyasının zədələnməsinə, avtomobil yoluna və ya yolda yerləşdirən qurğulara müdaxilə edilməsinə görə-

fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 355. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi

 

Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qəbul edilmiş qərarla müəyyənləşdirilmiş göstərişləri və ya qadağan edilməsi müddətlərini pozmağa və ya özbaşına yol hərəkətini müvəqqəti məhdudlaşdırmağa və ya qadağan etməyə görə-

fiziki şəxslər qırx manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 356. Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı qaydalarının pozulması

 

356.1. Xüsusi komplektləşdirilmiş dərman qutuları ilə təchiz olunmayan nəqliyyat vasitəsini idarə etməyə görə-

on manat məbləğində cərimə edilir.

356.2. Təcili tibbi yardıma ehtiyacı olan şəxsləri daşımamağa, yaxud təcili tibbi yardım göstərmək üçün eyni səmtə gedən səhiyyə işçilərinə nəqliyyat vasitələri təqdim etməməyə görə-

qırx manat məbləğində cərimə edilir.

 

Maddə 357. Magistral boru kəmərlərinin mühafizəsi qaydalarının pozulması

 

Magistral boru kəmərlərinin mühafizəsi qaydalarının pozulmasına görə-

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar qırx manatdan əlli manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 358. İş görülərkən qaz (neft) kəmərlərinin zədələnməsi

 

İş görülərkən qaz (neft) kəmərlərinin zədələnməsinə görə-

fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.

 

FƏSİL 31

 

Rabitə qaydaları əleyhinə olan inzibati xətalar

 

Maddə 359. Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizəsi qaydalarının pozulması

 

Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə qaydalarının pozulmasına görə-

fiziki şəxslər yüz manatdan yüz əlli manatadək, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 360. Telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparma

 

Abonentə məxsus telefon nömrəsinə aid olan rabitə xəttinə qanunsuz olaraq daxil olmaqla, danışıqlar aparma, zərər çəkmiş şəxsə az miqdarda ziyan vurmaqla törədildikdə-

dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.

Qeyd: Bu maddədə “az miqdarda” dedikdə, min manatadək olan məbləğ başa düşülür.

 

Maddə 361. Dövlət poçt ödənişi nişanlarının qanunsuz hazırlanması, nəşri, dövriyyəyə buraxılması və dövriyyədən çıxarılması

 

Dövlət poçt ödənişi nişanlarının hazırlanması, nəşri, dövriyyəyə buraxılması və dövriyyədən çıxarılması qaydalarının pozulmasına görə-

poçt ödənişi nişanları müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər səksən manatdan yüz manatadək, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 362. Rabitə xidməti qaydalarının pozulması

 

Rabitə fəaliyyətinin həyata keçirilməsi zamanı rabitə xidməti qaydalarının pozulmasına, yəni mövcud standartlar, norma və qaydalara əməl edilməməsinə görə-

səksən manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.

 

Maddə 363. Sertifikatlaşdırılmamış telekommunikasiya vasitələri və qurğularından qanunsuz istifadə edilməsi

 

Sertifikatlaşdırılmamış telekommunikasiya vasitələri və qurğularından ümumistifadəli telekommunikasiya şəbəkələrində istifadə edilməsinə görə -

telekommunikasiya vasitələri və qurğuları müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər səksən manatdan yüz manatadək, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 364. Telekommunikasiya şəbəkələrinin və qurğularının layihələşdirilməsi, tikintisi, təmiri, yenidən qurulması, quraşdırılması və ya yerdəyişməsi qaydalarının və normalarının pozulması

 

Telekommunikasiya şəbəkələrinin və qurğularının layihələşdirilməsinin, tikintisinin, təmirinin, yenidən qurulmasının, quraşdırılmasının və ya yerdəyişməsinin müvafiq dövlət və sahə standartlarına, müəyyən edilmiş norma və qaydalara uyğun olaraq aparılmamasına görə-

fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 365. Dövlət əhəmiyyətli elektrik rabitə xətlərində baş vermiş qəzaların aradan qaldırılmasına maneçilik törədilməsi

 

Dövlət əhəmiyyətli elektrik rabitə xətlərində baş vermiş qəzanın aradan qaldırılmasına qəzanın baş verdiyi yerin mülkiyyətçisi və ya istifadəçisi tərəfindən maneçilik törədilməsinə görə-

fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində cərimə edilir.

 

Maddə 366. Telekommunikasiya şəbəkələri, vasitələri və qurğularının mühafizə zonalarında müvafiq icazə olmadan işlərin aparılması

 

Telekommunikasiya şəbəkələri, vasitələri və qurğularının mühafizə zonalarında müvafiq icazə olmadan tikinti işlərinin və ya digər işlərin aparılmasına görə-

fiziki şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 367. Ümumi istifadəli avtomat telefonların zədələnməsi

 

Ümumi istifadəli avtomat telefonların zədələnməsinə görə-

iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 368. Abonentin identifikasiya modulunun və ya mobil telefon aparatının başqa şəxslərə kirayəyə verilməsi

 

Mütəmadi gəlir (mənfəət) əldə etmək məqsədilə abonentin identifikasiya modulunun (sim kartlar və ya digər kartlar) və ya mobil telefon aparatının başqa şəxslərə kirayəyə verilməsinə görə -

fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək, vəzifəli şəxslər min manatdan iki min manatadək, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 369. İMEİ nömrələri mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara xidmət göstərilməsi

 

369.1. Mobil operator tərəfindən İMEİ nömrələri mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara (İMEİ nömrələri uyğunlaşdırılmış ağ səhifədə olan mobil cihazlar istisna olmaqla) telekommunikasiya xidmətlərinin göstərilməsinə görə-

vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir.

369.2. Bu Məcəllənin 369.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-

vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on altı min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 370. Telekommunikasiya şəbəkələrinin mobil cihazların qeydiyyat sisteminə qoşulmasının və (və ya) uyğunlaşdırılmasının (uzlaşdırılmasının) təmin edilməməsi

 

Mobil operator tərəfindən telekommunikasiya şəbəkəsinin mobil cihazların qeydiyyat sisteminə qoşulmasının və (və ya) uyğunlaşdırılmasının (uzlaşdırılmasının) təmin edilməməsinə görə -

vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

 

FƏSİL 32

 

İnformasiyadan istifadə edilməsi, onun yayılması və mühafizəsi qaydaları əleyhinə olan inzibati xətalar

 

Maddə 371. İnformasiya ehtiyatlarından istifadə qaydalarının pozulması

 

İnformasiya ehtiyatlarından istifadə qaydalarının pozulmasına görə-

fiziki şəxslər əlli manatdan səksən manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 372. Ətraf mühitə dair informasiyanın verilməsinin qanunazidd məhdudlaşdırılması

 

Ətraf mühitə dair informasiyanın verilməsinin qanunazidd məhdudlaşdırılmasına görə-

vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 373. Məxfiləşdirilmiş məlumatların məxfiliyinin açılması haqqında sorğuya mahiyyəti üzrə baxmaqdan boyun qaçırılması

 

Azərbaycan Respublikası vətəndaşlarının, müəssisələrinin, idarələrinin, təşkilatlarının və dövlət hakimiyyəti orqanlarının məxfiləşdirilmiş məlumatların məxfiliyinin açılması haqqında sorğularına mahiyyəti üzrə baxmaqdan boyun qaçırılmasına görə -

üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 374. İnformasiya əldə etmək haqqında qanunvericiliyin pozulması

 

374.1. İnformasiya sahibi tərəfindən açıq informasiyanı əldə etmək hüququnun məhdudlaşdırılması və ya sorğuçuya bilərəkdən yanlış informasiya verilməsinə görə-

fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

374.2. İnformasiyanın əldə edilməsi haqqında yazılı sorğunun qəbul edilməsindən imtina olunmasına görə-

fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

374.3. İnformasiya sahibi tərəfindən malik olduğu sənədlərin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş saxlanma, komplektləşdirilmə və mühafizə qaydalarının pozulmasına görə-

fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

374.4. Sorğuçu tərəfindən qulluq vəzifəsini yerinə yetirmək bəhanəsi ilə, yaxud qulluq mövqeyindən istifadə etməklə şəxsi məqsəd üçün informasiya əldə edilməsinə və ya qulluq vəzifəsini yerinə yetirərkən əldə etdiyi informasiyadan digər məqsədlər üçün istifadə edilməsinə görə-

vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 375. Fərdi məlumatlar haqqında qanunvericiliyin pozulması

 

375.0. Fərdi məlumatlar haqqında qanunvericiliyin pozulmasına, yəni:

375.0.1. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların toplanılmasına və ya işlənilməsinə;

375.0.2. fərdi məlumatların mülkiyyətçisi və ya operatoru tərəfindən fərdi məlumatların mühafizəsinin təmin olunmamasına, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduğu hallarda və müddətlərdə fərdi məlumatların məhv edilməməsinə, yaxud fərdi məlumatların toplanılmasının, işlənilməsinin və ya verilməsinin dayandırılmamasına görə-

üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 376. İnzibati xəta haqqında iş üzrə icraat zamanı aparılmış foto və ya video çəkiliş, yaxud səsyazma materiallarının qanunsuz yayımlanması

 

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkiliş, yaxud səsyazma aparılıbsa, barəsində inzibati icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin razılığı olmadan həmin foto və ya video çəkiliş, yaxud səsyazma materiallarının kütləvi informasiya vasitələrində yayımlanmasına görə -

vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 377. Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri satış məqsədi olmadan qanunsuz əldə etmə

 

Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri satış məqsədi olmadan qanunsuz əldə etməyə görə -

gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr müsadirə edilməklə, iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 378. Dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsi

 

Dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsinə görə -

vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 379. Sertifikatlaşdırılmamış informasiya sistemindən, məlumat bazasından (bankından), yaxud bu məlumatların mühafizə vasitələrindən istifadə edilməsi

 

Qanunvericiliklə sertifikatlaşdırılması tələb olunan, lakin sertifikatlaşdırılmamış informasiya sistemindən, məlumat bazasından (bankından), yaxud bu məlumatların mühafizə vasitələrindən istifadə edilməsinə görə -

vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 380. Elektron imzaelektron sənəd haqqında qanunvericiliyin pozulması

 

380.1. Sertifikatlaşdırılmamış elektron imza və elektron sənəd dövriyyəsi vasitələrindən istifadə edilməsinə görə-

fiziki şəxslər əlli manatdan səksən manatadək, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

380.2. İnformasiya sisteminin mülkiyyətçisi tərəfindən bu sistemin fəaliyyətinin təhlükəsizliyinin təmin edilməməsinə, informasiya sisteminin müəyyən edilmiş qaydada ekspertizadan keçirilməməsinə görə-

fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək, vəzifəli şəxslər yeddi yüz manatdan min manatadək, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.

380.3. Sertifikat xidmətləri mərkəzi tərəfindən imza yaratma məlumatlarının və imza sahibi barəsində məlumatların mühafizəsinin, sertifikatdakı məlumatların tamlığının və düzgünlüyünün, sertifikat xidmətlərinin keyfiyyətinin və dəqiqliyinin təmin edilməməsinə, sertifikatın qüvvəsinin qanunsuz dayandırılması və ya ləğv edilməsinə, sertifikatın istifadəsinə təsir edə bilməsi məlum olmuş məlumatların imza sahibinə vaxtında çatdırılmamasına görə-

vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

380.4. Elektron sənədlərin saxlanmasında, ötürülməsində, qəbulunda vasitəçinin informasiya sistemindən etibarlı istifadəni təmin edən texnika və texnologiyalara, bilikli, təcrübəli və səriştəli işçi heyətə, xidmət göstərilmiş elektron sənədlərin vaxtını və mənbəyini təyin etməyə imkan verən şəraitə, həmin elektron sənədlərin vaxtı və mənbəyi haqqında informasiyanın saxlanması üçün etibarlı sistemə malik olmamasına görə-

fiziki şəxslər yüz manatdan yüz əlli manatadək, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 381. Kütləvi informasiya vasitələrinin yayılmasına mane olma

 

Kütləvi informasiya vasitələri məhsullarının qanunla müəyyən edilmiş qaydada yayılmasına mane olmağa və ya dövri mətbu nəşrin tirajının pərakəndə satışına qanunla nəzərdə tutulmayan məhdudiyyətlər qoyulmasına görə-

fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 382. Jurnalistlərin hüquqlarının pozulması

 

382.1. Qanunla müəyyən edilmiş müddətdə jurnalist sorğusuna cavab verməməyə görə-

iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.

382.2. Qanunla qorunan informasiyalar istisna olmaqla, jurnalistə informasiyanın verilməsi üzərinə məhdudiyyətlər qoymağa və ya informasiya verilməsindən imtina etməyə görə-

üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 383. Teleradio verilişlərindən (proqramlarından) istifadə qaydalarını pozma

 

383.1. Teleradio proqramlarının təmiz qəbul edilməsinə süni maneələr yaradılmasına görə-

vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

383.2. Teleradio təşkilatlarının razılığı olmadan onların verilişlərindən (proqramlarından) istifadə edilməsinə və ya mülkiyyətçinin razılığı olmadan proqramların (verilişlərin) yayımlanmasına, köçürülməsinə (tirajının çoxaldılmasına), satılmasına və ya kütləvi nümayişinə görə-

vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 384. Televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması

 

384.0. Teleradio yayımçıları tərəfindən televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulmasına görə, yəni:

384.0.1. yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün müəyyən edilmiş xüsusi qaydaların pozulmasına;

384.0.2. nəzarət fonoqramlarının surətinin müvafiq dövlət orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada və müddətdə təqdim edilməməsinə;

384.0.3. insanların həyatı, sağlamlığı və ya yaşayış məntəqələrinin normal fəaliyyəti üçün təhlükə yaradan fövqəladə hallar, təbii fəlakətlər və qəzalar barədə dövlət orqanlarının informasiyalarının dərhal və pulsuz olaraq yayımlanmamasına;

384.0.4. ətraf mühitin qorunmasına ziyan vuran hərəkətlərin təqdir olunmasına;

384.0.5. peyk vasitəsilə teleradio yayımı və kabel şəbəkəsi yayımı qaydalarının pozulmasına;

384.0.6. qanunun tələblərini pozmuş yayımçı ona tətbiq edilmiş müvafiq məsuliyyət tədbirinin məzmunu barədə məlumatı müəyyən edilmiş vaxt ərzində özünün televiziya və (və ya) radio kanalında yayımlamamasına görə-

vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 385. Teleradio yayımı sahəsində lisenziyanın qayda və şərtlərinin pozulması

 

Teleradio yayımı sahəsində lisenziyanın qayda və şərtlərinin pozulmasına görə-

vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 386. Kino və videofilmlərin Filmlərin Dövlət Reyestrində qeydiyyata alınmadan yayımı və kütləvi nümayişi

 

Kino və videofilmlərin Filmlərin Dövlət Reyestrində qeydiyyata alınmadan Azərbaycan Respublikasının ərazisində yayımına və kütləvi nümayiş etdirilməsinə görə-

iki min manat məbləğində cərimə edilir.

 

Maddə 387. Kütləvi informasiya vasitələrinə qanunsuz sponsorluq etmə

 

Kütləvi informasiya vasitələrinə, o cümlədən teleradio verilişlərinin (proqramlarının) hazırlanmasında sponsorluqla bağlı “Televiziya və radio yayımı haqqında” və “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinin pozulmasına görə-

fiziki şəxslər min manatdan min beş yüz manatadək, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 388. Kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etmə

 

388.0. Kütləvi informasiya vasitəsinin redaksiyası (məsul redaktoru) və jurnalistlər (müəlliflər) tərəfindən kütləvi informasiya azadlığından və jurnalist hüquqlarından sui-istifadə etməyə görə, yəni:

388.0.1. açıqlanması qanunla qadağan edilən məlumatları açıqlamağa;

388.0.2. mətbu nəşrdə çap olunan materialların “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun hazırlanmasına nəzarət etməməyə;

388.0.3. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallardan başqa informasiyanı onun mənbəyini göstərmədən yaymağa;

388.0.4. istinad məlumatları göstərilməyən kütləvi informasiya vasitələri məhsullarını istehsal etməyə və ya yaymağa, yaxud istinad məlumatlarını qəsdən yanlış göstərməyə görə-

fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 389. Statistik məlumatların verilməsi qaydalarının pozulması

 

Statistik müşahidələrinin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə-

üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 390. Statistik sirrin yayılması

 

390.1. Statistik sirrin yayılmasına, yəni hüquqi şəxslərin (onların nümayəndəlik və filiallarının) və ya fiziki şəxslərin razılığı olmadan, onlar haqqında məlumatların bu məlumatlardan istifadə etməyə hüququ olmayan dövlət orqanlarına, müəssisələrə, təşkilatlara, yaxud fiziki şəxslərə verilməsinə görə-

fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

390.2. Statistik sirrin mətbuatda dərc olunmaqla yayılmasına görə-

fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 391. Arxiv sənədlərinin, sənəd kolleksiyalarının saxlanılması, qeydiyyatı və ya istifadə edilməsi qaydalarının pozulması

 

Arxiv sənədlərinin, sənəd kolleksiyalarının saxlanılması, qeydiyyatı və ya istifadə olunması qaydalarının pozulmasına görə-

xəbərdarlıq edilir və ya fiziki şəxslər əlli manatdan səksən manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 392. Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlı tələblərin pozulması

 

Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlı “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərin pozulmasına görə -

vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər yeddi yüz manat məbləğində cərimə edilir.

 

FƏSİL 33

 

Yaşayış sahələrindən istifadə, şəhərsalma, tikinti və abadlaşdırma qaydaları əleyhinə olan inzibati xətalar

 

Maddə 393. Yaşayış sahələrindən istifadə qaydalarının pozulması

 

393.1. Yaşayış sahələrində ümumi istifadə yerlərinin, pilləkən meydançalarının, liftlərin, evlərin girişlərinin, evyanı ərazilərin təmiz saxlanması qaydalarının pozulmasına görə -

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar on manatdan iyirmi manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.

393.2. Yaşayış sahələrinin istifadə edilməsi və mühəndis avadanlığının istismar qaydalarının pozulmasına və ya bunların təsərrüfatsızlıqla saxlanmasına görə -

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

393.3. Yaşayış sahələrinin özbaşına yenidən qurulmasına və (və ya) yenidən planlaşdırılmasına, onlardan başqa məqsədlər üçün istifadəyə görə, əgər bu şəxslərin hüquqlarını və qanuni mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına real təhlükə yaradırsa -

fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

393.4. Yaşayış binalarının, onların avadanlığının və abadlıq obyektlərinin korlanmasına görə -

fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 394. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində qanunvericiliyin pozulması

 

394.0. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində qanunvericiliyin pozulmasına, yəni:

394.0.1. lisenziya olmadan tikintisinə icazə tələb olunan və ya barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi, yaxud tikintisinə icazə tələb edilən bina və qurğuların mühəndis-axtarış və ya tikinti-quraşdırma işləri ilə məşğul olmağa;

394.0.2. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla müfəssəl planlarda dəyişiklik edilməsinə;

394.0.3. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən ekspertizadan keçirilməsi tələb olunan tikinti layihələrini ekspertizadan keçirmədən tikinti obyektlətinin tikintisinin həyata keçirilməsinə;

394.0.4. müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan dini ibadət yerinin tikintisinə və ya mövcud dini ibadət yerinin yenidən qurulmasına;

394.0.5. mühəndis-axtarış və tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi zamanı tikinti norma və qaydalarını pozmağa;

394.0.6. tikintisinə icazə tələb edilən tikinti obyektinin istismara verilməsi qaydalarını pozmağa;

394.0.7. tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş yazılı göstərişlərinə və tikinti işlərinin dayandırılması ilə bağlı qərarlarına əməl etməməyə görə -

fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 395. Özbaşına tikinti işlərinin aparılması

 

395.1. Müvafiq icra hakimiyyəti orqanının icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə-

fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

395.2. Tikintisinə icazə tələb olunan tikinti obyektlərinin funksional təyinatı dəyişdirilməklə, onlarda qanunsuz olaraq yenidən planlaşdırma və yenidənqurma işlərinin aparılmasına, mühəndis, nəqliyyat şəbəkələrinə, sistemlərinə və qurğularına qoşulmasına və dəyişikliklər edilməsinə görə-

fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

QeydMüvafiq icra hakimiyyəti orqanının icazəsi alınmadan inşa edilən tikinti obyektlərinə mülkiyyət hüququ məhkəmə qaydasında tanındığı hallarda şəxs inzibati məsuliyyət daşımır.

 

Maddə 396. Şəhərləri və digər yaşayış məntəqələrini abadlaşdırma qaydalarının pozulması

 

Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisini abadlaşdırma qaydalarını pozmağa və ya şəhərlərdə və digər yaşayış məntəqələrində təmizliyi və səliqəni təminetmə qaydalarına əməl etməməyə görə-

fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 397. Şəhərlərdə və digər yaşayış məntəqələrində yaşıllıqların başqa yerlərə keçirilməsi və yaxud mühafizəsi üçün tədbirlər görülməməsi

 

Şəhərlərdə və digər yaşayış məntəqələrində tikinti işləri aparılarkən lazımi icazə olmadan yaşıllıqların başqa yerlərə keçirilməsinə, yaxud yaşıllıqların mühafizəsi üçün tədbirlər görülməməsinə görə-

fiziki şəxslər min manatdan min iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə edilir.

 

FƏSİL 34

 

İqtisadi fəaliyyət qaydaları əleyhinə olan inzibati xətalar

 

Maddə 398. Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma

 

Dövlət qeydiyyatına alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə-

inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.

Qeyd: Bu Məcəllənin 398, 401, 402, 406-409, 411-413 və 428.1-ci maddələrində nəzərdə tutulmuş əməllər xeyli məbləğdə (min manatdan artıq) ziyan vurduqda və ya həmin məbləğdə gəlir əldə etməklə törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

 

Maddə 399. Vəkil adından qanunsuz istifadə

 

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada vəkil statusunu əldə etməmiş şəxs tərəfindən gəlir əldə etməklə vəkil adından istifadə olunmasına görə-

fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 400. Ailə kəndli təsərrüfatının uçota durmaması

 

Ailə kəndli təsərrüfatının üzvləri tərəfindən bu təsərrüfatın müvafiq bələdiyyədə uçota durmasının təmin edilməməsinə görə -

otuz manatdan əlli manatadək məbləğdə cərimə edilir.

 

Maddə 401. Qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi

 

401.1. Lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) buna hüququ olmayan şəxs tərəfindən təşkilinə və ya keçirilməsinə görə-

min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

401.2. Qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsinə görə-

min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 402. Yalançı sahibkarlıq

 

Yalançı sahibkarlıq, yəni kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədi ilə sahibkarlıq fəaliyyəti həyata keçirmək niyyəti olmadan müəssisə və digər hüquqi şəxsin yaradılmasına görə-

inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.

 

Maddə 403. Hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsi

 

Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınması, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının və digər qurumlarının dövlət reyestrinə daxil edilməsi, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması zamanı müvafiq icra hakimiyyəti orqanına yanlış məlumatların verilməsinə görə -

fiziki şəxslər yeddi yüz manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir.

 

Maddə 404. Ləğvetmə zamanı bilə-bilə yalandan hüquqi şəxsin bütün kreditorlarının tələblərini qarşılamaq üçün ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatın qəbul edilməsi

 

Ləğvetmə zamanı bilə-bilə yalandan hüquqi şəxsin bütün kreditorlarının tələblərini qarşılamaq üçün ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatın qəbul edilməsinə görə-

vəzifəli şəxslər min manat məbləğində cərimə edilir.

 

Maddə 405. Hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsi

 

Hüquqi şəxslərin, habelə xarici dövlətlərin hüquqi şəxslərinin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin və bu qurumlara dair qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə və qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət olunmamasına görə-

vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 406. Saxta müflisləşmə

 

Saxta müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri, mülkiyyətçisi və ya fərdi sahibkar tərəfindən kreditorlara olan borcun ödənilməsini təxirə salmaq və ya möhlət almaq və ya borcun azaldılmasına nail olmaq, yaxud borcu ödəməkdən yayınmaq üçün kreditorları aldatmaq məqsədi ilə özünü bilə-bilə yalandan ödəmə qabiliyyəti olmayan elan etməyə görə-

vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 407. Qəsdən müflisləşmə

 

Qəsdən müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri, mülkiyyətçisi və ya fərdi sahibkar tərəfindən özünün, yaxud digər şəxslərin mənafeyi naminə qəsdən ödəmə qabiliyyətsizliyinin yaradılmasına və ya artırılmasına görə-

vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 408. Müflisləşmə zamanı qanunsuz hərəkətlərin edilməsi

 

Borclu təşkilatın rəhbəri, mülkiyyətçisi və ya fərdi sahibkar tərəfindən müflisləşmə zamanı və ya müflisləşmə güman edilən zaman əmlakın və ya əmlak öhdəliklərinin, əmlak haqqında məlumatların, onun miqdarının, olduğu yerin və ya əmlak haqqında digər məlumatların gizlədilməsinə, əmlakın başqalarının sahibliyinə verilməsinə, əmlakın özgəninkiləşdirilməsinə və ya məhv edilməsinə, yaxud iqtisadi fəaliyyəti əks etdirən mühasibat və ya digər hesabat sənədlərinin gizlədilməsinə, məhv edilməsinə görə-

inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.

 

Maddə 409. Kreditin qanunsuz alınması və ya kreditdən təyinatı üzrə istifadə edilməməsi

 

Təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın təsərrüfat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınmasına, yaxud ondan təyinatı üzrə istifadə edilməməsinə görə-

inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.

 

Maddə 410. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulması

 

410.1. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulması, o cümlədən dövlət büdcəsindən, həmçinin məqsədli büdcə fondlarından ayrılan vəsaitdən təyinatı üzrə istifadə olunmaması, yaxud büdcə təşkilatlarının büdcədənkənar vəsaitinin maliyyə orqanları ilə razılaşdırılaraq təsdiq edilmiş smetaya uyğun xərclənməməsi, normativdən artıq ştat vahidinin saxlanılması, bu əməllər min manatadək məbləğdə törədildikdə -

dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların vəzifəli şəxsləri üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

410.2. Eyni əməllər min manatdan yuxarı məbləğdə törədildikdə -

dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların vəzifəli şəxsləri beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 411. Dövlət borcundan və ya dövlət zəmanəti ilə alınmış borcdan istifadə qaydalarını pozma

 

Əsas və təkrar borcalan tərəfindən dövlət borcalmaları və ya dövlət zəmanəti ilə cəlb olunan vəsaitin istifadəsi və qaytarılması (istifadəçiyə şamil olunmur) haqqında məlumatların, öz bank hesablarının vəziyyəti haqqında məlumatların vaxtında verilməməsi və ya təhrif olunmuş məlumatların verilməsi, dövlət borcalmaları və dövlət zəmanəti verilmiş öhdəlik üzrə cəlb olunmuş vəsaitdən təyinatı üzrə istifadə edilməməsi dövlətə az miqdarda ziyan vurduqda -

inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.

 

Maddə 412. Əmtəə nişanlarından qanunsuz istifadə

 

Özgənin əmtəə və ya xidmət etmə nişanından, əmtəənin mənşə yerinin adından və ya eynicinsli əmtəələrin adına oxşar adlardan istifadə olunmasına görə-

vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 413. Nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışı

 

Nəzarət markalarının qəsdən məhv edilməsinə, saxtalaşdırılmasına, qeyri-qanuni yolla hazırlanmasına, istifadəsinə və satışına görə-

Azərbaycan Respublikasının “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Dərman vasitələri haqqında” və “Dini etiqad azadlığı haqqında” qanunlarının tələblərinin pozulması ilə hazırlanan (istehsal edilən), istifadə edilən və ya satılan nəzarət markaları, habelə onların hazırlanmasında (istehsal edilməsində) və yayılmasında istifadə olunan materiallar, avadanlıqlar və hüquqpozmaya səbəb olan digər vasitələr müsadirə edilməklə, fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 414. Qiymətli kağızlar bazarında investorların hüquqlarının pozulması

 

Qiymətli kağızlar bazarında investorların hüquqlarının pozulmasına və ya qanunsuz olaraq hər hansı şəkildə məhdudlaşdırılmasına görə-

vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 415. Qiymətli kağızların emissiyası və buraxılışı qaydalarının pozulması

 

Qiymətli kağızların emissiyası və buraxılışı qaydalarının pozulmasına görə-

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 416. Qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin həyata keçirilməsi qaydalarının pozulması

 

416.0. Qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin həyata keçirilməsi qaydalarının pozulmasına, yəni:

416.0.1. broker fəaliyyətinin həyata keçirilməsi qaydalarının pozulmasına görə-

vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir;

416.0.2. diler fəaliyyətinin həyata keçirilməsi qaydalarının pozulmasına görə-

vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir;

416.0.3. klirinq fəaliyyətinin həyata keçirilməsi qaydalarının pozulmasına görə-

vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir;

416.0.4. qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyətin həyata keçirilməsi qaydalarının pozulmasına görə-

vəzifəli şəxslər yeddi yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilir;

416.0.5. depozitar fəaliyyətinin həyata keçirilməsi qaydalarının pozulmasına görə-

vəzifəli şəxslər yeddi yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilir;

416.0.6. aktivlərin idarə edilməsi üzrə fəaliyyətin həyata keçirilməsi qaydalarının pozulmasına görə-

vəzifəli şəxslər yeddi yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir;

416.0.7. fond birjası fəaliyyətinin həyata keçirilməsi qaydalarının pozulmasına görə-

vəzifəli şəxslər yeddi yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan doqquz min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 417. Qiymətli kağızların sahiblərinin reyestrinin aparılması qaydalarının və standartlarının pozulması

 

Qiymətli kağızların sahiblərinin reyestrinin aparılması qaydalarının və ya standartlarının pozulmasına görə-

vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

 

 Maddə 418. Qiymətli kağızlarla əqdlərin bağlanması qaydalarının pozulması

 

Qiymətli kağızlarla əqdlərin bağlanması qaydalarının pozulmasına görə-

vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 419. Qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiya

 

Qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiyaya görə-

fiziki şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 420. İnsayder tərəfindən xidməti məlumatdan qanunsuz istifadə

 

İnsayder tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan xidməti istifadə üçün nəzərdə tutulmuş məlumatdan tamah və ya başqa şəxsi niyyətlə qanunsuz olaraq istifadə edilməsi və ya əqdlərin bağlanması üçün üçüncü şəxslərə verilməsi, az miqdarda ziyan vurmaqla və ya az miqdarda gəlir əldə etməklə törədildikdə-

fiziki şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir.

Qeyd:

1. Bu maddədə “insayder” dedikdə, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 79.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər başa düşülür.

2. Bu maddədə “az miqdarda” dedikdə, yeddi min manatadək olan məbləğ başa düşülür.

 

Maddə 421. Qiymətli kağızlar bazarının iştirakçısı tərəfindən hesabatın verilməsindən imtina etmə və ya yayınma, yaxud təhrif edilmiş məlumat vermə

 

Qiymətli kağızlar bazarının iştirakçısı tərəfindən hesabat sənədlərinin və ya onların fəaliyyəti barədə qiymətli kağızlar haqqında qanunvericiliyə görə təqdim edilməli olan digər sənədlərin müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsindən yayınmağa və ya imtina edilməsinə, yaxud təhrif edilmiş məlumatın verilməsi və ya onların təqdim edilməsi müddətinin pozulmasına görə-

vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 422. Qiymətli kağızlar bazarının iştirakçısı tərəfindən məlumatların açıqlanması qaydalarının pozulması

 

Qiymətli kağızlar bazarının iştirakçısı tərəfindən qiymətli kağızlar haqqında qanunvericiliyə görə açıqlanmalı və ya dərc edilməli olan məlumatların açıqlanmasından və ya dərc edilməsindən imtina etməyə və ya yayınmağa, yaxud açıqlanması və ya dərc edilməsi üçün müəyyən edilmiş müddətin və qaydanın pozulmasına görə-

vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar beş yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 423. Qiymətli kağızlar sahəsində sənədlərin saxlanılması qaydalarının pozulması

 

Qiymətli kağızlar haqqında qanunvericiliyə müvafiq olaraq saxlanılmalı olan sənədlərin saxlanılması qaydalarının pozulmasına görə-

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar beş yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 424. Qiymətli kağızlarla girov qaydalarının pozulması

 

Girovqoyangirovsaxlayan tərəfindən qiymətli kağızlarla girovun və ya qiymətli kağızlarla rəsmiləşdirilmiş borc öhdəliklərinin girovunun dövlət qeydiyyatına alınması və girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydalarının pozulmasına görə-

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar beş yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 425. Qiymətli kağızlar üzrə ödəmələrdən imtina

 

Qiymətli kağızların dəyərinin ödənilməsindən və ya onlar üzrə ödənilməli olan əmlakın, dividendin, faizin ödənilməsindən və ya digər ödəmələrdən və ya onların xidmət və ya başqa şəkildə ekvivalentlərinin ödənilməsindən qanunsuz olaraq imtina edilməsinə, yaxud boyun qaçırılmasına və ya ödənilmə qaydalarının pozulmasına görə-

vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 426. Səhmdarın hüquqlarının pozulması

 

Səhmdarın qanunvericiliklə müəyyən edilmiş hüquqlarının pozulmasına və ya qanunsuz olaraq hər hansı şəkildə məhdudlaşdırılmasına görə-

vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 427. İnvestisiya fondlarının fəaliyyətinə dair tələblərin pozulması

 

İnvestisiya fondlarının fəaliyyətinə dair “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərin pozulmasına görə-

vəzifəli şəxslər min manatdan min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 428. Reklam haqqında qanunvericiliyin pozulması

 

428.1. Əmtəələr, işlər və xidmətlər haqqında, yaxud onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədi ilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etməyə görə-

fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

428.2. Texniki və digər vasitələrdən istifadə etməklə hazırlanmış, istehlakçının şüuruna onun dərk etmədiyi şəkildə təsir göstərən gizli reklamın yayılmasına görə -

vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.

428.3. Haqsız reklama görə reklam fəaliyyətinin subyektlərinə (reklam sifarişçisinə, istehsalçısına, yayıcısına, agentliyinə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən göstərişlə ayrılmış müddət ərzində qanun pozuntularının aradan qaldırılmamasına, əks reklamın yayılmamasına görə -

fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz əlli manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

428.4. Həkim resepti əsasında buraxılan dərman vasitələrinin, istehsalına və ya satışına icazə verilməyən tibb vasitələrinin, yaxud tətbiqinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilməyən müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının reklam edilməsinə görə-

vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.

428.5. Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə-

fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

428.6. Azərbaycan Respublikası ərazisində reklam olunan malların (işlərin, xidmətlərin) dəyəri (qiyməti) göstərildikdə, həmin malların (işlərin, xidmətlərin) dəyərinin (qiymətinin) manatla göstərilməməsinə görə-

fiziki şəxslər iyirmi manatdan otuz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

428.7. Müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan yaşayış məntəqələrində küçə reklam daşıyıcılarının yerləşdirilməsinə görə-

belə reklam daşıyıcıları müsadirə edilməklə və ya edilməməklə, fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

428.8. Qiymətli kağızlar bazarında reklam haqqında qaydaların pozulmasına görə-

vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

428.9. Keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə-

fiziki şəxslər səkkiz yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan doqquz min manatadək məbləğdə cərimə edilir.

428.10. Bu Məcəllənin 428.1 – 428.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə -

vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.

428.11. Bu Məcəllənin 428.1, 428.2, 428.3, 428.4 və 428.10-cu maddələrində nəzərdə tutulmuş əməllərin teleradio yayımçısı tərəfindən törədilməsinə görə -

vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 429. Lotereyalar haqqında qanunvericiliyin pozulması

 

429.0. Lotereyalar haqqında qanunvericiliyin pozulması, yəni:

429.0.1. keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların keçirilməsinə;

429.0.2. stimullaşdırıcı lotereyanın keçirilməsinin dayandırılması və ya ona xitam verilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsi barədə bildiriş aldıqdan sonra stimullaşdırıcı lotereyada iştirak etmək üçün lotereya təşkilatçısı tərəfindən istənilən formada təkliflərin edilməsinə;

429.0.3. lotereyaların təşkili və keçirilməsi sahəsində lotereya təşkilatçısı tərəfindən “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə-

fiziki şəxslər səkkiz yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan doqquz min manatadək məbləğdə cərimə edilir.

Qeyd: Lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) buna hüququ olmayan şəxs tərəfindən təşkili və ya keçirilməsi bu Məcəllənin 401.1-ci maddəsinə və ya Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192–1.1-ci maddəsinə müvafiq olaraq inzibati və ya cinayət məsuliyyətinə səbəb olur.

 

Maddə 430. Valyuta tənzimi qaydalarının pozulması

 

430.1. Valyuta tənzimi haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozmaqla, valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılmasına və ya dəyişdirilməsinə görə-

inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin qırx faizindən səksən faizinədək məbləğdə cərimə edilir.

430.2. Valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsinə görə-

inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin qırx faizindən səksən faizinədək məbləğdə cərimə edilir.

430.3. Müvəkkil banklar tərəfindən müştərilərin xarici valyuta əməliyyatlarının qanunvericiliklə müəyyən olunmuş qaydalarının pozularaq aparılmasına görə-

vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

430.4. Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-

vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

 

Maddə 431. Kommersiya və ya bank sirri təşkil edən məlumatların qanunsuz yolla əldə edilməsi və ya yayılması

 

Sahibkarın razılığı olmadan kommersiya və ya bank sirri təşkil edən məlumatların tamah və ya başqa şəxsi niyyətlə qanunsuz yolla istifadə edilməsinə və ya yayılmasına görə, bu, az miqdarda ziyan vurduqda -

fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə edilir.

Qeyd: Bu maddədə “az miqdarda ziyan vurduqda” dedikdə, yeddi min manatadək olan məbləğ başa düşülür.

 

Maddə 432. Qrant alınması (verilməsi) haqqında qanunvericiliyin pozulması

 

432.1. Qrant verən Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi, yaxud Azərbaycan Respublikasının hüquqi şəxsinin filial və ya nümayəndəliyi olan donorlar və ya qrant alan Azərbaycan Respublikasının resipiyentləri tərəfindən qrant alınması (verilməsi) haqqında müqavilələrin və qərarların qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə -

fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.

432.2. Dini qurumlar tərəfindən qrant alınması (verilməsi) haqqında müqavilələrin və qərarların müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmadan həmin qrantlardan istifadə və onlar üzrə əməliyyatlar aparılmasına görə -

vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.

432.3. Qrant müqaviləsi (qərarı) olmadan Azərbaycan Respublikasında fəaliyyət göstərən dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada yardımın qəbul edilməsinə görə -

inzibati xətanın bilavasitə obyekti olmuş vəsait və əşyalar müsadirə olunmaqla vəzifəli şəxslər iki min beş yüz manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.

432.4. Qeyri-hökumət təşkilatları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri, yaxud banklar tərəfindən “Qrant haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qeydiyyata alınmamış qrant alınması (verilməsi) haqqında müqavilələr (qərarlar) üzrə bank əməliyyatlarının və hər hansı digər əməliyyatların aparılmasına görə -

vəzifəli şəxslər iki min beş yüz manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Qeyd: “Dini etiqad azadlığı haqqında” və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan ianələrə və dövlət hakimiyyəti orqanlarının yardımlarına bu Məcəllənin 432.3-cü maddəsinin qüvvəsi şamil edilmir.

 

Maddə 433. Denominasiya zamanı pul nişanlarının dəyişdirilməsi qaydalarının pozulması

 

433.0. Azərbaycan Respublikasının pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) zamanı:

433.0.1. köhnə nümunəli pul nişanlarının yeni nümunəli pul nişanlarına dəyişdirilməsinin müddətləri, məbləğləri, yaxud subyektləri üzrə məhdudiyyətlərin qoyulmasına;

433.0.2. köhnə nümunəli pul nişanlarının yeni nümunəli pul nişanlarına dəyişdirilməsi üçün banklar tərəfindən komisyon haqqı tutulmasına görə -

vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

 

Maddə 434. Kredit təşkilatları tərəfindən məcburi ehtiyatların təmin edilməməsi

 

Kredit təşkilatları tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məcburi ehtiyatlar təmin edilmədiyinə görə -

vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

 

Maddə 435. Əmanətlərin sığortalanması qaydalarının pozulması

 

Əmanətlərin Sığortalanması Fonduna sığorta haqları üzrə ödənişlərin Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi müddətdə tam ödənilməməsinə görə -

vəzifəli şəxslər min manat məbləğində cərimə edilir.

 

Maddə 436. Bank fəaliyyəti sahəsində qadağan olunmuş, məhdudlaşdırılmış və ya dayandırılmış fəaliyyətlə məşğul olma

 

“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda, yaxud bank lisenziyasında qadağan olunmuş və ya bankın fəaliyyəti dövründə məhdudlaşdırılmış, yaxud dayandırılmış fəaliyyətin həyata keçirilməsinə görə -

vəzifəli şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər otuz beş min manatdan qırx min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 437. Bankların fəaliyyətinə dair Azərbaycan Respublikası Mərkəzi Bankının göstərişlərinin icra edilməməsi

 

437.1. Bank fəaliyyətinə dair prudensial normativlərin və tələblərin pozulması aşkar edildikdə, həmin pozuntunun aradan qaldırılması barədə Azərbaycan Respublikası Mərkəzi Bankının göstərişinin vaxtında icra edilməməsinə görə -

vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.

437.2. Bu Məcəllənin 437.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, Azərbaycan Respublikası Mərkəzi Bankının qanuna uyğun olaraq verdiyi digər göstərişinin vaxtında icra edilməməsinə görə -

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 438. Banka aidiyyəti olan şəxslərlə və ya aidiyyəti olan şəxs adından hərəkət edən şəxslərlə əməliyyatların aparılması qaydalarının pozulması

 

Banka aidiyyəti olan şəxslərlə və ya aidiyyəti olan şəxs adından hərəkət edən şəxslərlə əməliyyatların aparılması qaydalarının pozulmasına görə -

vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 439. Bank və ya xarici bankın yerli filialı tərəfindən prudensial, maliyyə və bank statistikası hesabatlarının təqdim edilməsi qaydalarının pozulması

 

439.1. Bank statistikası hesabatlarının Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə -

vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

439.2. Bank və ya xarici bankın yerli filialı tərəfindən prudensial və ya maliyyə hesabatlarının Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə -

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 440. Mərkəzləşdirilmiş kredit reyestrinə məlumatların təqdim edilməsi qaydalarının pozulması

 

Mərkəzləşdirilmiş kredit reyestrinə bank olmayan kredit təşkilatı və ya bank tərəfindən qanunvericiliklə müəyyən olunmuş məlumatların tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə -

vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 441. İxrac məqsədli neft-qaz fəaliyyətində işçi qüvvəsindən istifadə qaydalarının pozulması

 

“İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, podratçılar və subpodratçılar tərəfindən əmək müqaviləsi əsasında ixrac məqsədli neft-qaz fəaliyyətinin həyata keçirilməsinə cəlb edilən Azərbaycan Respublikası vətəndaşlarının həmin qanunla müəyyən olunmuş nisbətindən fərqli olan digər nisbətin tətbiq edilməsinə görə -

vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə edilir.

 

FƏSİL 35

 

Ticarət qaydaları əleyhinə olan inzibati xətalar

 

Maddə 442. İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi)

 

İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə -

inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 443. Kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılması və ya müəyyən edilmiş tariflərdən yüksək qiymətə satılması

 

443.1. Kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılmasına görə -

fiziki şəxslər yeddi yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdəcərimə edilir.

443.2. Kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş tariflərdən yüksək qiymətə satılmasına görə -

fiziki şəxslər yeddi yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər altı min manat məbləğində cərimə edilir.

 

Maddə 444. Malların saxlanılması və ya satışı zamanı mal qonşuluğunun, temperatur rejiminin, yaxud satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması

 

444.1. Malların saxlanılması və ya satışı zamanı mal qonşuluğu qaydasının pozulmasına, yaxud temperatur rejiminə əməl edilməməsinə görə -

altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir.

444.2. Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə -

altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 445. Qiymət intizamının pozulması

 

445.1. Qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə -

səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

445.2. Azərbaycan Respublikasının ərazisində satılan malların (işlərin, xidmətlərin) qiymətlərinin manatla göstərilməməsinə görə -

min yüz manatdan min altı yüz əlli manatadək məbləğdə cərimə edilir.

 

Maddə 446. Mürəkkəb texniki qrup malların texniki pasportsuz satılması

 

Mürəkkəb texniki qrup malların texniki pasportsuz satılmasına və ya texniki pasportların düzgün tərtib edilməməsinə görə -

fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 447. İstehlakçıların hüquqlarının pozulması

 

447.0. İstehlakçıların hüquqlarının pozulmasına, yəni:

447.0.1. mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına;

447.0.2. saxlama müddəti ötmüş məhsulların satılmasına;

447.0.3. standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə;

447.0.4. qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə;

447.0.5. standartların, digər normativ sənədlərin tələblərinin pozulması nəticəsində insanların həyatı, sağlamlığı, əmlakı və ya ətraf mühit üçün təhlükəli məhsulun istehsalına və ya satılmasına, işin (xidmətin) görülməsinə;

447.0.6. nəzarət olunmalı məhsulun müvafiq dövlət nəzarəti orqanlarından gizlədilməsinə;

447.0.7. ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin üzərinə yararsızlıq nişanı vurulmuş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına;

447.0.8. ölçülüb qablaşdırılmış malların miqdarının bağlamanın üzərində göstərilmiş miqdardan yol verilən kənarlaşmasına dair məcburi tələblərə riayət edilməməsinə;

447.0.9. qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə -

fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

Qeyd: Bu Məcəllənin 447.0.1-ci maddəsində “az miqdarda olduqda” dedikdə, qırx manatadək olan məbləğ başa düşülür.

 

Maddə 448. Saxta və ya keyfiyyətsiz malların idxal edilməsi

 

Saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə -

saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 449. Genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsi

 

Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının bilə-bilə idxal edilməsinə və ya satılmasına görə, bu az miqdarda olduqda -

inzibati xətanın bilavasitə obyekti olmuş bitkilər, bitki materialları və yeyinti məhsulları müsadirə edilməklə onların dəyərinin səksən faizindən yüz faizinədək məbləğdə cərimə edilir.

Qeyd: Bu maddədə “az miqdar” dedikdə, min manatadək olan məbləğ başa düşülür.

 

Maddə 450. Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan satılması, satış məqsədi ilə saxlanması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması, belə məhsulların (malların) nağd qaydada alqı-satqısı

 

450.1. Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan az miqdarda satılmasına, satış məqsədi ilə saxlanmasına və ya istehsal binasının hüdudlarından kənara çıxarılmasına görə -

aksiz markası olmayan məhsullar (mallar) müsadirə edilməklə, fiziki şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

450.2. Tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların (malların) nağd qaydada az miqdarda satılması, belə məhsulların (malların) satış məqsədləri üçün nağd qaydada az miqdarda alınması -

yüz manat məbləğində cərimə edilir.

Qeyd: Bu Məcəllənin 450.1-ci maddəsində “az miqdarda” dedikdə beş yüz manatadək, 450.2-ci maddəsində isə “az miqdarda” dedikdə əlli manatadək olan məbləğ başa düşülür.

 

Maddə 451. Nəzarət markası ilə markalanmalı olan malların, məmulatların və məlumat materiallarının belə nəzarət markası olmadan satış və ya yayılma məqsədi ilə saxlanması, istehsal binasının hüdudlarından kənara çıxarılması, satılması və ya digər üsullarla yayılması

 

Nəzarət markası ilə markalanmalı olan malların, məmulatların və məlumat materiallarının belə nəzarət markası olmadan satış və ya yayılma məqsədi ilə saxlanmasına, istehsal binasının hüdudlarından kənara çıxarılmasına, satılmasına və ya digər üsullarla yayılmasına görə -

nəzarət markası olmayan mallar, məmulatlar və məlumat materialları müsadirə edilməklə, onların hər birinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər yüz əlli manat məbləğində cərimə edilir.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxılarkən nəzarət markası olmayan malların, məmulatların və məlumat materiallarının hər birinə görə hesablanaraq tətbiq edilən inzibati cərimənin ümumi məbləği bu Məcəllənin 25.4-cü maddəsində nəzərdə tutulmuş məbləğdən artıq ola bilməz.

 

Maddə 452. Fiziki şəxslərə dərman vasitələrinin buraxılması qaydalarının pozulması

 

452.1. Apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə -

yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir.

452.2. Aptek təşkilatlarında dərman vasitələri, optik ləvazimatları, ətriyyat-kosmetika, uşaq yeməkləri, müalicəvi mineral sular, bioloji fəallığa malik qida əlavələri və şəxsi sanitariya-gigiyena malları istisna olmaqla, digər malların satılmasına görə -

üç yüz əlli manat məbləğində cərimə edilir.

 

Maddə 453. İstehlakçının mal (iş, xidmət) haqqında məlumat almaq hüququnun pozulması

 

İstehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində satıcı (icraçı) tərəfindən istehlakçıyaməlumatın verilməməsinə görə -

iki yüz manat məbləğində cərimə edilir.

 

Maddə 454. Qanunsuz küçə ticarəti

 

Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə -

səksən manat məbləğində cərimə edilir.

 

Maddə 455. Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması

 

455.1. Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının satışı qaydalarının pozulmasına görə -

əlli manatdan səksən manatadək cərimə edilir.

455.2. Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə -

yüz manat məbləğində cərimə edilir.

 

Maddə 456. Ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışı

 

Ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışına görə -

inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 457. Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi və onlardan hazırlanmış məhsulların (məmulatların) mühafizəsi, pərakəndə satışı, uçotu, saxlanılması, onların qırıntılarının və tullantılarının yığılması qaydalarının pozulması

 

457.1. Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi qaydalarının pozulmasına görə -

fiziki şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz əlli manatdan yeddi yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

457.2. Qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanmış məhsulların (məmulatların) mühafizəsi, pərakəndə satışı, uçotu, saxlanılması, onların qırıntılarının və tullantılarının yığılması qaydalarının pozulmasına görə -

fiziki şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz əlli manatdan yeddi yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 458. Üzərində dövlət əyar damğası olmayan və ya saxta əyar damğası həkk olunmuş qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və ya digər məişət məmulatlarının satışı

 

“Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, üzərində Azərbaycan Respublikasının dövlət əyar damğası olmayan və ya saxta əyar damğası həkk olunmuş qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və ya digər məişət məmulatının satışına görə -

fiziki şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz əlli manatdan yeddi yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 459. Elektron ticarət haqqında qanunvericiliyin pozulması

 

459.1. Elektron ticarətdə satıcı (təchizatçı) tərəfindən alıcıya (sifarişçiyə) və ya səlahiyyətli dövlət orqanlarına yanlış məlumatın verilməsinə görə -

fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

459.2. Elektron ticarətdə elektron sənəd dövriyyəsi vasitəçisinin xidmət göstərərkən ötürdüyü, saxladığı informasiyaların ümumi monitorinqinin aparılması və ya qanunsuz fəaliyyətin həyata keçirilməsini sübut etmək məqsədi ilə fəal surətdə faktların və ya təfərrüatların müəyyənləşdirilməsi üzrə hərəkətlərə məcbur edilməsinə və ya bu hərəkətlərin elektron sənəd dövriyyəsi vasitəçisi tərəfindən fərdi təşəbbüs qaydasında həyata keçirilməsinə görə -

fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

459.3. Elektron ticarətdə elektron sənəd dövriyyəsi vasitəçisi tərəfindən xidmət göstərdiyi alıcıların (sifarişçilərin), satıcıların (təchizatçıların) qanunsuz fəaliyyəti və ya qanunsuz informasiya ötürməsi barədə səlahiyyətli dövlət orqanlarına məlumatın verilməməsinə və ya səlahiyyətli dövlət orqanlarının müraciətinə əsasən xidmətlərin alıcılarının (sifarişçilərinin), satıcıların (təchizatçıların) müəyyənləşdirilməsinə imkan verən məlumatların təqdim edilməməsinə görə -

fiziki şəxslər dörd yüz əlli manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

459.4. Elektron ticarətdə elektron sənəd dövriyyəsi vasitəçisi tərəfindən məhkəmənin qərarı və ya qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanının müraciəti əsasında hüquq pozuntularının qarşısının alınması məqsədi ilə göstərilən xidmətin dayandırılmamasına, informasiyanın saxlanılması xidmətinin göstərildiyi halda informasiyanın silinməməsinə və ya ona çıxışın məhdudlaşdırılmamasına görə -

fiziki şəxslər dörd yüz əlli manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

 

FƏSİL 36

 

Vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalar

 

Maddə 460. Vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma

 

Az miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmağa görə -

inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin məbləğinin otuz faizindən yetmiş faizinədək məbləğdə cərimə edilir.

Qeyd: Bu maddədə “az miqdar” dedikdə, iki min manatadək olan məbləğ başa düşülür.

 

Maddə 461. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas ixrac boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər çərçivəsində fəaliyyət üzrə vergi hesabatlarının və dövlət rüsumunun tutulması barədə hesabatların təqdim edilmə qaydalarının pozulması

 

461.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas ixrac boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər çərçivəsində fəaliyyət üzrə vergi hesabatlarının əsas olmadan müəyyən edilən müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə (həmin sazişlərdə başqa qaydalar nəzərdə tutulduğu hallar istisna olmaqla) görə -

vəzifəli şəxslər əlli manat məbləğində cərimə edilir.

461.2. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada dövlət rüsumunun tutulması barədə hesabatın müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə -

vəzifəli şəxslər əlli manat məbləğində cərimə edilir.

 

Maddə 462. Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması

 

Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və sığorta nəzarəti orqanına təqdim edilməli olan digər hesabat və məlumatların qanunvericiliyə müvafiq olaraq hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanunvericiliyə əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin tam və ya düzgün əks etdirilməməsinə, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydaların pozulmasına görə -

vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 463. Poçt rabitəsinin milli operatoru tərəfindən maliyyə xidmətləri sahəsində qanunvericiliyin pozulması

 

Poçt rabitəsinin milli operatorunun maliyyə xidmətləri sahəsində fəaliyyətinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən ayrı-ayrı prudensial normativlərin və tələblərin pozulmasına, yaxud prudensial hesabatların vaxtında, tam və ya düzgün təqdim olunmamasına görə -

vəzifəli şəxslər dörd yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 464. Məcburi auditdən yayınma

 

Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə -

vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 465. İanələr barədə məlumatın maliyyə hesabatına daxil edilməməsi

 

Siyasi partiyanın və ya qeyri-hökumət təşkilatının, o cümlədən xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatın müvafiq icra hakimiyyəti orqanına təqdim olunan maliyyə hesabatına daxil edilməməsinə görə -

vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 466. İanə edilən pul vəsaitlərinin nağd şəkildə verilməsi və qəbul edilməsi

 

466.1. İanə edilən pul vəsaitlərinin siyasi partiyaya və ya qeyri-hökumət təşkilatına, o cümlədən xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinə nağd şəkildə verilməsinə görə -

fiziki şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər yeddi yüz əlli manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min beş yüz manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.

466.2. İanə edilən pul vəsaitlərinin siyasi partiya və ya qeyri-hökumət təşkilatı, o cümlədən xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi tərəfindən nağd şəkildə qəbul edilməsinə görə -

vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min manatdan on min manatadək məbləğdə cərimə edilir.

Qeyd: Azərbaycan Respublikasında fəaliyyət göstərən, nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik olan qeyri-hökumət təşkilatına nağd şəkildə verilən və həmin təşkilat tərəfindən nağd şəkildə qəbul edilən iki yüz manatadək ianələrə bu maddənin qüvvəsi şamil edilmir.

 

Maddə 467. Dövlət rüsumunun ödənilməsi qaydalarının pozulması

 

Dövlət rüsumunu tutan səlahiyyətli vəzifəli şəxs tərəfindən dövlət rüsumunun düzgün tutulmamasına, yaxud dövlət büdcəsinə vaxtında və ya tam ödənilməməsinə görə -

vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 468. Sığorta müqaviləsi üzrə yanlış və ya aldadıcı məlumatların verilməsi

 

Sığorta müqaviləsi bağlanarkən və ya qüvvədə olarkən, həmçinin sığorta hadisəsinin araşdırılması və zərərlərin tənzimlənməsi zamanı sığortalılara və (və ya) sığorta olunanlara, həmçinin faydalanan şəxslərə onların hüquq və vəzifələri haqqında sığortaçılar və sığorta vasitəçiləri tərəfindən yanlış və ya aldadıcı məlumatların, həmçinin belə məlumatların əks olunduğu sənədlərin verilməsinə görə -

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 469. İcbari sığorta müqaviləsinin bağlanmaması

 

469.1. Bu Məcəllənin 469.2-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, icbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə -

fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər səksən manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir.

469.2. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə -

fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.

469.3. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə -

fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

 

Maddə 470. İcbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarından məcburi ayırmaların aparılmaması

 

İcbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarından “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məcburi ayırmaların vaxtında və ya tam aparılmamasına görə -

vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.

 

Maddə 471. Sığorta nəzarətinin həyata keçirilməsinin maliyyələşdirilməsi üçün müəyyən edilmiş ayırmaların aparılmaması

 

Sığorta nəzarəti orqanının sığorta sektorunda tənzimləmə və nəzarət funksiyalarının həyata keçirilməsi üzrə fəaliyyətinin maliyyələşdirilməsi üçün “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş, sığortaçının daxil olan sığorta haqlarından və xaricdən aldığı təkrarsığorta haqlarından aparmalı olduğu müvafiq ayırmaların vaxtında və ya tam həyata keçirilməməsinə görə-

vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.

 

Maddə 472. Sığorta növünün qanunsuz aparılması

 

Sığortaçı tərəfindən hər hansı sığorta növünün sığorta nəzarəti orqanından müvafiq icazə almadan aparılmasına görə -

vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 473. Sığorta qanunvericiliyinin aktuarilərlə, müstəqil ekspertlərlə, müstəqil auditorlarla və sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərlə bağlı tələblərinin pozulması

 

473.1. Aktuarilər (bu Məcəllənin 473.2-ci və 473.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), müstəqil ekspertlər, müstəqil auditorlar və sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər tərəfindən sığorta qanunvericiliyinin onların fəaliyyəti ilə bağlı müəyyən edilmiş tələblərinin pozulmasına görə -

iki yüz manat məbləğində cərimə edilir.

473.2. Məsul aktuari tərəfindən “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan tələblərə riayət olunmadan rəyin tərtib edilməsinə, həmçinin aktuari rəyinin sığortaçıya və sığorta nəzarəti orqanına vaxtında təqdim edilməməsinə görə -

üç yüz manat məbləğində cərimə edilir.

473.3. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda məsul aktuari tərəfindən yazılı məlumatın sığorta nəzarəti orqanına verilməməsinə görə -

beş yüz manat məbləğində cərimə edilir.

 

Maddə 474. Sığorta qanunvericiliyinə uyğun olaraq verilmiş təqdimatların vaxtında və tam yerinə yetirilməməsi

 

Sığorta qanunvericiliyinə uyğun olaraq verilmiş təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsinə görə -

vəzifəli şəxslər altı yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 475. Sığortaçılar, təkrarsığortaçılar və hüquqi şəxs olan sığorta vasitəçiləri tərəfindən müvafiq məlumatların verilməməsi

 

Sığortaçılar, təkrarsığortaçılar və hüquqi şəxs olan sığorta vasitəçiləri tərəfindən onların fəaliyyətləri, o cümlədən nizamnamələri, idarə edilməsi, səhmdarları və ya iştirakçıları ilə bağlı sığorta qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada məlumat verilməməsinə görə -

vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 476. Azərbaycan Respublikasının ərazisində yerləşən və ya mövcud olan sığorta predmeti ilə bağlı əmlak mənafelərinin xaricdə sığorta və təkrarsığorta etdirilməsi

 

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yol verildiyi hallar istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində yerləşən və ya mövcud olan sığorta predmeti ilə bağlı əmlak mənafelərinin fiziki və hüquqi şəxslər tərəfindən xarici sığortaçılarda sığorta etdirilməsinə, həmçinin belə risklərin “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələbləri pozmaqla sığortaçılar, təkrarsığortaçılar və sığorta brokerləri tərəfindən xaricdə təkrarsığorta etdirilməsinə görə -

fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 477. Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında qanunvericiliyin pozulması

 

Sığortaedənlər tərəfindən “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə və qaydada sığortaolunanlar haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə –

fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz əlli manat məbləğində cərimə edilir.

 

Maddə 478. Sığorta nəzarəti orqanının qanuna uyğun olaraq tələb etdiyi məlumatların banklar tərəfindən təqdim olunmaması

 

Sığorta nəzarəti orqanının qanuna uyğun olaraq tələb etdiyi məlumatların banklar tərəfindən vaxtında və ya tam təqdim olunmamasına görə -

vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.

 

FƏSİL 37

 

Gömrük qaydaları əleyhinə olan inzibati xətalar

 

Maddə 479. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsi

 

Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsinə, yəni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdən kənar yerdən və ya gömrük rəsmiləşdirilməsi icraatının müəyyən edilmiş vaxtından kənar vaxtda keçirilməsinə görə, bu az miqdarda olduqda -

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir.

Qeyd: Bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, dörd min manatadək olan məbləğ başa düşülür.

 

Maddə 480. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsi

 

Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda -

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir.

 

Maddə 481. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən sənədlərdən və ya eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə etməklə keçirilməsi

 

Malların və nəqliyyat vasitələrinin sənədlərdən və ya eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə etməklə gömrük sərhədindən keçirilməsinə, yəni keçirilmə zamanı müvafiq icra hakimiyyəti orqanına gömrük məqsədləri üçün doğru olmayan məlumatları əks etdirən sənədlər, etibarsız sənədlər, yaxud digər mallara və nəqliyyat vasitələrinə aid olan sənədlər və ya eyniləşdirmə vasitələri təqdim edilməsinə, yaxud saxta eyniləşdirmə vasitələrindən istifadə edilməsinə görə, bu az miqdarda olduqda -

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir.

 

Maddə 482. Malların və nəqliyyat vasitələrinin bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi

 

482.1. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda -

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir.

482.2. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda -

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir.

482.3. Mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə -

fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.

 

Maddə 483. Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması

 

Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə -

inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.

Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür.

 

Maddə 484. Gömrük nəzarəti zonası rejiminin pozulması

 

Müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti zonasının sərhədlərindən keçməyə və ya onun hüdudlarında hərəkət etməyə, istehsal və digər kommersiya fəaliyyəti ilə məşğul olmağa, yaxud gömrük nəzarəti zonası rejimini başqa şəkildə pozmağa görə -

fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz əlli manat məbləğində, hüquqi şəxslər beş yüz manat məbləğində cərimə edilir.

 

Maddə 485. Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi

 

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə -

fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 486. Fors-major hallarda və ya qəza zamanı müvafiq tədbirin görülməməsi

 

Fors-major hallarda və ya qəza zamanı gömrük qanunvericiliyi ilə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməməsinə, müvafiq icra hakimiyyəti orqanına təxirə salınmadan hadisə barədə məlumat verilməməsinə görə -

inzibati xətanın bilavasitə obyekti olan malların və ya nəqliyyat vasitələrinin dəyərinin beş faizindən on faizinədək məbləğdə cərimə edilir.

 

Maddə 487. Malların, nəqliyyat vasitələrinin və ya onlara aid olan sənədlərin müvafiq icra hakimiyyəti orqanına çatdırılmaması və ya müəyyən edilmiş marşrut və müddətlər pozulmaqla çatdırılması

 

487.1. Gömrük nəzarəti altında olan malların, nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətlər pozulmaqla çatdırılmasına görə, yəni:

487.1.1. on beş günədək müddətə gecikdirilərək çatdırılmasına görə -

fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir;

487.1.2. on beş gündən bir ayadək müddətə gecikdirilərək çatdırılmasına görə -

fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz əlli manat məbləğində, hüquqi şəxslər beş yüz manat məbləğində cərimə edilir;

487.1.3. bir aydan iki ayadək müddətə gecikdirilərək çatdırılmasına görə -

fiziki şəxslər iki yüz manat məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manat məbləğdə, hüquqi şəxslər altı yüz manat məbləğdə cərimə edilir;

487.1.4. iki aydan altı ayadək gecikdirilərək çatdırılmasına görə -

fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir;

487.1.5. altı aydan artıq müddətə gecikdirilərək çatdırılmasına görə -

fiziki şəxslər yeddi yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

487.2. Gömrük nəzarəti altında olan mallara və nəqliyyat vasitələrinə aid müvafiq icra hakimiyyəti orqanına verilmək üçün qəbul edilmiş gömrük sənədlərinin və ya digər sənədlərin itirilməsinə və ya çatdırılmamasına görə -

fiziki şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

487.3. Malların və nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş marşrutdan kənara çıxmaqla daşınmasına görə -

fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir.

487.4. Gömrük nəzarəti altında olan malların və nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi təyinat yerinə çatdırılmamasına, yaxud itirilməsinə görə -

inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin əlli faizindən yüz faizinədək məbləğdə cərimə edilir.

 

Maddə 488. Azərbaycan Respublikasının gömrük sərhədindən nəqliyyat vasitələrinin keçirilməsi qaydasının pozulması

 

Mal qismində keçirilən nəqliyyat vasitələri də daxil olmaqla, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerdə saxlanılmamasına, yaxud gömrük nəzarəti altında olan nəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan dayandığı yerdən yola salınmasına görə -

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan əlli manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yetmiş beş manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 489. Gömrük nəzarəti altında olan gəmiyə və digər üzən vasitələrə yan alma

 

Gömrük nəzarəti altında olan gəmiyə və digər üzən vasitələrə müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gəmilərin və digər üzən vasitələrin yan almasına görə -

fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş beş manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 490. Gömrük rəsmiləşdirilməsi qaydasının pozulması

 

Gömrük rəsmiləşdirilməsi qaydasının pozulmasına, yəni gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması, onun keçirilmə yeri, vaxtı və üsulu barədə müəyyən olunmuş tələblərə riayət edilməməsinə və ya gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiqi şərtlərinə əməl edilməməsinə görə -

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan əlli manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yetmiş beş manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 491. Gömrük nəzarəti altında olan, o cümlədən şərti buraxılmış mallar və ya nəqliyyat vasitələri ilə qanunsuz əməliyyatlar aparılması

 

491.1. Bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə -

inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir.

491.2. Barəsində gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallardan və nəqliyyat vasitələrindən müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan həmin güzəştlərin verilməsi üçün nəzərdə tutulmayan digər məqsədlərlə istifadə edilməsinə və ya onların üzərində sərəncam verilməsinə görə -

gömrük güzəştlərinin verilməsi ilə əlaqədar ödənilməmiş gömrük ödənişlərinin məbləğinin yüz faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir.

491.3. Müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə -

fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 492. Gömrük təminatının pozulması

 

492.1. Gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə -

fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.

492.2. Gömrük təminatı altında olan yük yerlərinin konstruktiv bütövlüyünün qəsdən pozulmasına görə -

fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.

 

Maddə 493. Gömrük bəyannaməsinin və müvafiq sənədlərin təqdim edilməsi müddətinin pozulması

 

Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə -

fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

 

Maddə 494. Müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsinin gömrük nəzarəti və baxışının keçirilməsi üçün əraziyə və binalara daxil olmasına maneçilik törədilməsi

 

Müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsinin gömrük nəzarətindən keçirilməli olan mallar və nəqliyyat vasitələrinin, həmçinin gömrük nəzarətinin həyata keçirilməsi üçün tələb olunan sənədlərin olduğu, yaxud olması ehtimal olunan ərazilərə və tikililərə, müvəqqəti saxlanc və gömrük anbarlarına, sərbəst zonalarda yerləşən ərazilərə və tikililərə, həmçinin icrasına nəzarət gömrük orqanına həvalə edilmiş fəaliyyətin həyata keçirildiyi digər yerlərə qanunla müəyyən edilmiş qaydada daxil olmasına və baxış keçirməsinə maneçilik törədilməsinə görə -

fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz əlli manat məbləğində cərimə edilir.

 

Maddə 495. Müvafiq icra hakimiyyəti orqanına mallarla bağlı hesabatın təqdim edilməməsi və ya onların uçotunun aparılması qaydalarının pozulması

 

Gömrük nəzarəti altında olan, yaxud sərbəst zonaların ərazilərinə, müvəqqəti saxlanc və gömrük anbarlarına gətirilən, aparılan, saxlanılan, emal olunan, hazırlanan, alınan və satılan mallar barədə gömrük qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətlərdə müvafiq icra hakimiyyəti orqanına hesabat verilməməsinə, yanlış hesabat verilməsinə və ya həmin malların uçotunun aparılması qaydasının pozulmasına görə -

xəbərdarlıq edilir və ya yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir.

 

Maddə 496. Malların saxlanca qoyulması və saxlanc qaydalarının pozulması

 

496.1. Malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə -

fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

496.2. Gömrük anbarı xüsusi gömrük prosedurunda yerləşdirilmiş və son saxlanc müddətini keçmiş malların və nəqliyyat vasitələrinin xüsusi gömrük proseduruna müvafiq olaraq buraxılmasının və ya sərəncama götürülməsinin təmin edilməsi üzrə tədbirlərin görülməməsinə görə -

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir.

 

Maddə 497. Malların emal edilməsi qaydasının pozulması

 

Malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə -

inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir.

 

Maddə 498. Sərbəst zonada tikinti işlərinin, kommersiya və ya digər fəaliyyət növlərinin həyata keçirilməsi qaydasının pozulması

 

Sərbəst zonada (gömrük ərazisinin, gətirilən mallara gömrük rüsumlarının və vergilərin, habelə ticarət siyasəti tədbirlərinin tətbiq olunmayan hissəsində) tikinti işlərinin, kommersiya və ya digər fəaliyyət növlərinin həyata keçirilməsi qaydasının pozulmasına görə -

fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 499. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmaması

 

499.1. Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni:

499.1.1. on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə -

fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir;

499.1.2. on beş gündən bir ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə -

fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir;

499.1.3. bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə -

fiziki şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir;

499.1.4. üç aydan bir ilədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə -

inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin iyirmi faizindən əlli faizinədək məbləğdə cərimə edilir;

499.1.5. bir ildən artıq müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə -

inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin əlli faizindən yetmiş faizinədək məbləğdə cərimə edilir.

499.2. Aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə -

inzibati xətanın bilavasitə obyekti olan mallar və ya nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin mallar və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir.

 

Maddə 500. Azərbaycan Respublikasının gömrük ərazisinə müvəqqəti gətirilmiş nəqliyyat vasitələri ilə qanunsuz əməliyyatların aparılması

 

Azərbaycan Respublikasının gömrük ərazisinə müvəqqəti gətirilmiş nəqliyyat vasitələrinin gömrük ərazisinə müvəqqəti gətirilməsinin məqsədlərinə uyğun olmayan ölkədaxili sərnişin və ya yük daşımalarında digər şəxslər tərəfindən istismar olunmasına görə -

yüz əlli manat məbləğində cərimə edilir.

 

Maddə 501. Malların məhvi qaydasının pozulması

 

Malların məhvi qaydasının pozulmasına, yəni malların məhvi və ya onların məhvi nəticəsində yaranmış tullantıların və qalıqların müvafiq gömrük proseduru altında yerləşdirilməsi və ya zərərsizləşdirilməsi üçün qanunvericiliklə müəyyən olunmuş tələblərə və şərtlərə əməl edilməməsinə görə-

fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 502. Mallar və ya nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən ticarət siyasəti tədbirlərinin və digər məhdudiyyətlərin tətbiqi qaydasına əməl edilməməsi

 

Barəsində qanunvericiliklə müəyyən edilən ticarət siyasəti tədbirləri və digər məhdudiyyətlər tətbiq edilən malların və ya nəqliyyat vasitələrinin, həmin tədbirlərin və məhdudiyyətlərin müəyyən olunmuş tətbiqi qaydası pozulmaqla, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə görə -

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir.

 

Maddə 503. Malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsi

 

İstehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə -

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir.

 

Maddə 504. Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilmiş malların və ya nəqliyyat vasitələrinin digər şəxslər tərəfindən əldə edilməsi, daşınması, saxlanması, onlardan istifadə edilməsi və onlar üzərində sərəncam verilməsi

 

Malların və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilə-bilə həmin malların digər şəxslər tərəfindən əldə edilməsinə, daşınmasına, saxlanmasına, onlardan istifadə edilməsinə və ya onlar üzərində sərəncam verilməsinə görə -

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən səksən faizinədək məbləğdə cərimə edilir.

 

Maddə 505. Gömrük ödənişlərinin (borcunun) ödənilməsindən yayınma

 

Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda -

ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir.

Qeyd: Bu maddədə “az miqdarda olduqda” dedikdə, iki min manatadək olan məbləğ başa düşülür.

 

Maddə 506. Banklar və ya digər kredit təşkilatları tərəfindən müvafiq icra hakimiyyəti orqanının qərarlarının icra edilməməsi

 

Banklar və ya digər kredit təşkilatları tərəfindən gömrük ödənişlərinin mübahisəsiz qaydada tutulması, gömrük ödənişlərinin ödəyicisinin hesabları üzrə əməliyyatların dayandırılması haqqında müvafiq icra hakimiyyəti orqanının vəsatətlərinin icra edilməməsinə və ya həmin vəsatətlərin icrasının əsassız olaraq gecikdirilməsinə görə -

ödənilməmiş gömrük ödənişlərinin məbləğinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir.

 

Maddə 507. İdxal olunması üçün lisenziya tələb olunan malların belə lisenziya olmadan idxalı

 

İdxal olunması üçün lisenziya tələb olunan malların belə lisenziya olmadan idxalına görə -

inzibati xətanın bilavasitə obyekti olan mallar müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən yüz faizinədək məbləğdə cərimə edilir.

 

Maddə 508. Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan idxal edilməsi

 

Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan az miqdarda idxal edilməsinə görə -

aksiz markası olmayan məhsullar (mallar) müsadirə edilməklə fiziki şəxslər səksən manatdan yüz iyirmi manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

Qeyd: Bu maddədə “az miqdarda” dedikdə, beş yüz manatadək olan məbləğ başa düşülür.

 

Maddə 509. Gömrük brokeri (gömrük təmsilçisi), səlahiyyətli iqtisadi operator və ya gömrük daşıyıcısı kimi qanunsuz fəaliyyət göstərilməsi, yaxud bu cür fəaliyyət qaydalarının və şərtlərinin pozulması

 

509.1. Azərbaycan Respublikası gömrük qanunvericiliyinin tələbləri pozulmaqla gömrük brokeri (gömrük təmsilçisi), səlahiyyətli iqtisadi operator və ya gömrük daşıyıcısı kimi qanunsuz fəaliyyət göstərilməsinə görə -

beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

509.2. Gömrük brokerinin (gömrük təmsilçisinin), səlahiyyətli iqtisadi operatorun və ya gömrük daşıyıcısının qanunla mühafizə edilən sirlərdən və ya məlumatlardan öz məqsədləri üçün istifadə etmələrinə və ya qanunla nəzərdə tutulan hallar istisna olmaqla, üçüncü şəxslərə bu cür məlumatlar verməsinə, yaxud gömrük brokeri (təmsilçisi) kimi fəaliyyət göstərilməsinin gömrük qanunvericiliyi ilə müəyyən edilmiş digər qaydalarının və şərtlərinin pozulmasına görə -

vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

FƏSİL 38

 

İctimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xətalar

 

Maddə 510. Xırda xuliqanlıq

 

Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -

əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.

 

Maddə 511. Avtoxuliqanlıq

 

511.1. Avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə -

nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

511.2. Eyni hərəkətlərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-

nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, yeddi yüz əlli manatdan min manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

511.3. Bu Məcəllənin 511.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin aşkar surətdə iki və ya daha artıq nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı təşkil edərək yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə -

nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla iki min manatdan dörd min manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

 

Maddə 512. Yetkinlik yaşına çatmayanların xırda xuliqanlığına görə valideynlərinin və ya onları əvəz edən şəxslərin məsuliyyəti

 

On dörd yaşından on altı yaşınadək olan yetkinlik yaşına çatmayanların törətdikləri xırda xuliqanlığa görə -

valideynlər və ya digər qanuni nümayəndələr altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 513. Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması

 

513.1. Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə -

fiziki şəxslər min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki yüz saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər üç min manatdan altı min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.

513.2. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə -

üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

Qeyd: Bu Məcəllənin 513.1 və 513.2-ci maddələrində nəzərdə tutulmuş əməllərdə cinayət tərkibinin əlamətləri olduqda, həmin əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

 

Maddə 514. Kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsinə mane olma

 

514.0. Kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsinə mane olmağa, yəni:

514.0.1. bədən tərbiyəsi-idman obyektlərinin ərazilərinə və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərə “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa görə daxil olmasına yol verilməyən şəxslərin buraxılmasına;

514.0.2. bədən tərbiyəsi və idman obyektlərinin ərazilərində və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilən əşyaların istifadəsinə, hərəkətlərin edilməsinə görə -

fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər iki min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.

 

Maddə 515. Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması

 

515.0. Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulmasına, yəni:

515.0.1. dini qurumların müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasından onun rəhbərlərinin boyun qaçırmasına;

515.0.2. dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına;

515.0.3. ruhanilər və dini qurumların üzvləri tərəfindən uşaqlar və gənclər üçün xüsusi yığıncaqların keçirilməsinə, habelə dini ayinlərin icrası ilə əlaqədar olmayan əmək, ədəbiyyat dərnəkləri və qrupları, digər dərnəklərin və qrupların təşkilinə;

515.0.4. dini qurumun qeydiyyatdan keçdiyi hüquqi ünvandan kənarda fəaliyyət göstərməsinə;

515.0.5. dini qurumun öz yaranma məqsədlərinə zidd olan fəaliyyəti həyata keçirməsinə görə -

fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 516. Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması

 

516.0. Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulmasına, yəni:

516.0.1. müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmadan vətəndaşların dini təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilməsinə, din xadimlərinin mübadiləsinə;

516.0.2. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada satışına razılıq verilmiş dini təyinatlı ədəbiyyatın (kağız və ya elektron daşıyıcılarında), audio və ya video materialların, mal və məmulatların, yaxud dini məzmunlu başqa məlumat materiallarının müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılan ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satılmasına görə -

inzibati xətanın bilavasitə obyekti olmuş ədəbiyyat nümunələri, mal və məmulatlar və materiallar müsadirə edilməklə, vətəndaşlar iki min manatdan iki min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz min manatdan doqquz min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilməklə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.

 

Maddə 517. Fövqəladə vəziyyət rejiminin tələblərinin pozulması

 

517.0. Fövqəladə vəziyyət rejiminin tələblərinin pozulmasına, yəni:

517.0.1. fövqəladə vəziyyət rejimi tətbiq edildiyi əraziyə gediş-gəlişin xüsusi rejiminin və bu ərazidə hərəkət sərbəstliyinin məhdudlaşdırılmasının pozulmasına;

517.0.2. yığıncaqlar, mitinqlər, küçə yürüşləri, piketlər, nümayişlər və ya digər kütləvi tədbirlər keçirilməsinin, müəssisə və təşkilatların fəaliyyətinin tətil və ya başqa üsullarla dayandırılmasının qadağan edilməsinin pozulmasına;

517.0.3. nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasının pozulmasına və onların yoxlanmasına maneçilik törədilməsinə;

517.0.4. xüsusi verilmiş icazə vərəqələri və şəxsiyyəti təsdiq edən sənədlər olmadan qadağan saatı vaxtında küçələrdə və başqa ictimai yerlərdə olmağın qadağan edilməsinin pozulmasına;

517.0.5. mətbuatın və digər kütləvi informasiya vasitələrinin azadlığının məhdudlaşdırılmasına, səsucaldan texniki vasitələrin və surətçıxarma aparatlarının müvəqqəti alınmasına maneçilik törədilməsinə, jurnalistlərin akkreditə olunmasının xüsusi qaydasının pozulmasına;

517.0.6. sənədlərin yoxlanmasına, müstəsna hallarda isə fiziki şəxslərdə silah olması barədə məlumat olduqda, şəxsi yoxlama aparılmasına, şəxsi əşyaların, nəqliyyat vasitələrinin və mənzillərinin yoxlanmasına maneçilik törədilməsinə;

517.0.7. silah, zəhərləyici və ya partlayıcı maddələr, döyüş sursatıxüsusi vasitələr, narkotik vasitələr, psixotrop maddələr və ya tərkibində güclü təsirə malik maddələr olan dərman preparatları, etil spirti, spirtli içkilər və tərkibində spirt olan məmulatların gəzdirilməsinin, əldə edilməsinin və satılmasının məhdudlaşdırılmasının və ya qadağan edilməsinin pozulmasına;

517.0.8. fiziki şəxslərdən odlu və soyuq silahın, döyüş sursatının, zəhərləyici və partlayıcı maddələrin, müəssisələrdən, idarələrdən və təşkilatlardan isə həmçinin təlim hərbi texnikasının və radioaktiv maddələrin müvəqqəti alınmasına maneçilik törədilməsinə;

517.0.9. karantin tələblərinin, sanitariya-antiepidemiya, baytarlıq və bu kimi digər tədbirlərin, yaxud mülki müdafiə tədbirlərinin pozulmasına;

517.0.10. təxirəsalınmaz qəza-xilasetmə tədbirlərinin həyata keçirilməsi üçün əmək qabiliyyətli əhalinin səfərbər olunması (əməyin mühafizəsi qaydalarına tam riayət olunması şərtilə) və şəxslərin nəqliyyat vasitələrinin cəlb edilməsinə maneçilik törədilməsinə;

517.0.11. rabitədən istifadə üçün qoyulmuş xüsusi qaydaların pozulmasına;

517.0.12. ayrı-ayrı maliyyə-iqtisadi fəaliyyət növlərinin həyata keçirilməsinə, o cümlədən malların, xidmətlərin və maliyyə vəsaitlərinin yerdəyişməsinə qoyulmuş məhdudiyyətlərin pozulmasına;

517.0.13. gündəlik tələbat mallarının və ərzağın əldə olunmasında, satışında və bölüşdürülməsində müəyyən edilmiş xüsusi rejimin pozulmasına görə -

fiziki şəxslər qırx manatdan səksən manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə on beş günədək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 518. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi

 

518.1. Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə -

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

518.2. Eyni hərəkətlərin yanğına qarşı xüsusi rejim şəraitində törədilməsinə görə-

fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir.

518.3. İnşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə-

fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 519. Yanğın təhlükəsizliyi sahəsində məhsulun və xidmətlərin sertifikatlaşdırılması, tədavülə buraxılması, saxlanılması və onların işlədilməsi qaydalarının pozulması

 

519.0. Yanğın təhlükəsizliyi sahəsində məhsulun və xidmətlərin sertifikatlaşdırılması, tədavülə buraxılması, saxlanılması və onların işlədilməsi qaydalarının pozulmasına, yəni:

519.0.1. sertifikatlaşdırılması məcburi olan, lakin sertifikatlaşdırılmamış malların buraxılmasına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə;

519.0.2. yanğın təhlükəsizliyinə dair qüvvədə olan standartların tələblərinə uyğun gəlməyən malların xaricdən gətirilməsinə və ya satılmasına görə-

fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 520. Yaşayış məntəqələrində və xüsusi olaraq ayrılmamış yerlərdə, yaxud müəyyən edilmiş qaydanı pozmaqla odlu silahdan atəş açma

 

Yaşayış məntəqələrində və xüsusi olaraq ayrılmamış yerlərdə və ya xüsusi olaraq ayrılmış yerlərdə müəyyən edilmiş qaydanı pozmaqla odlu silahdan atəş açmağa görə-

silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 521. Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması

 

Mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə-

fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 522. Yetkinlik yaşına çatmayanın sərxoşluq vəziyyətinə gətirilməsi

 

Yetkinlik yaşına çatmayanın yetkinlik yaşına çatmış şəxs tərəfindən sərxoşluq vəziyyətinə gətirilməsinə görə-

altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 523. Avaralıqla məşğul olma

 

523.1. Avaralıqla məşğul olmağa görə -

vətəndaşlar xəbərdarlıq edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər xəbərdarlıq edilir və ya iyirmi manatdan iyirmi beş manatadək məbləğdə cərimə edilməklə və ya edilməməklə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.

523.2. Yetkinlik yaşına çatmayanın yetkinlik yaşına çatmış şəxs tərəfindən avaralığa cəlb edilməsinə görə -

əlli manatdan doxsan manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda beş gündən on beş günədək müddətə inzibati həbs tətbiq edilir.

Qeyd: Bu maddədə “avaralıqla məşğul olan” dedikdə - müəyyən yaşayış yeri və yaşamağa vəsaiti olmayan, hər hansı ictimai faydalı işlə və ya peşə fəaliyyəti ilə məşğul olmayan (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada işsiz statusu almış şəxslər istisna olmaqla), mütəmadi olaraq xırda oğurluq və ya dilənçilik yolu ilə dolanan şəxslər başa düşülür.

 

Maddə 524. Fahişəliklə məşğul olma

 

Fahişəliklə məşğul olmağa görə -

yüz manat məbləğində cərimə edilir.

 

Maddə 525. Qumar oyununda iştirak etmə

 

Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə -

oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.

Qeyd:

1. Bu maddədə “qumar oyunu” dedikdə, pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyun başa düşülür.

2. Qanunla müəyyən edilmiş qaydada keçirilən lotereyalara və idman mərc oyunlarına bu maddənin qüvvəsi şamil edilmir.

 

FƏSİL 39

 

İdarəçilik qaydaları əleyhinə olan inzibati xətalar

 

Maddə 526. Məhkəməyə hörmətsizlik göstərilməsi

 

Məhkəmə iclası zamanı şahidin, zərər çəkmiş şəxsin, iddiaçının, cavabdehin və ya iş üzrə iştirak edən başqa fiziki şəxslərin sədrlik edənin sərəncamına tabe olmamasına görə-

əlli manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.

 

Maddə 527. Məhkəmənin xüsusi qərardadı (qərarı) və ya hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) təqdimatı üzrə tədbirlər görülməməsi

 

Məhkəmənin xüsusi qərardadına (qərarına) və ya hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) təqdimatına vəzifəli şəxs tərəfindən baxılmamasına, yaxud bunlarda göstərilmiş qanun pozuntularını aradan qaldırmaq üçün tədbirlər görülməməsinə, yaxud xüsusi qərardada (qərara) və ya təqdimata vaxtında cavab verilməməsinə görə-

vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 528. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi

 

528.1. Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-

fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

528.2. İcra üçün təqdim edilmiş icra sənədinin itirilməsinə, onun vaxtında göndərilməməsinə və ya borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə-

vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

528.3. Borclunun hesablarında tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli pul vəsaitlərinin olmasına baxmayaraq, təqdim olunmuş icra sənədinin borcludan pul vəsaitlərinin tutulmasına dair tələblərinin müəyyən edilmiş müddətdə icra edilməməsinə görə-

vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 529. İnzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi

 

529.1. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -

yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur.

529.2. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -

yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur.

529.3. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -

nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.

529.4. İctimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə-

üç ayadək müddətə inzibati həbs tətbiq olunur.

Qeyd:

1. Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur.

2. Bu Məcəllənin 529.4-cü maddəsində “inzibati tənbehin çəkilməsindən boyun qaçırmaq” dedikdə, aşağıdakılar başa düşülür:

2.1. üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmamaq;

2.2. həftədə iki dəfə və daha çox ictimai işlər növündə inzibati tənbehin icrası yerlərində əmək intizamını pozmaq;

2.3. ictimai işlər növündə inzibati tənbehi çəkməmək məqsədi ilə gizlənmək.

 

Maddə 530. Bilə-bilə yalan izahat və ya rəy vermə, yaxud yanlış tərcümə etmə

 

İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı şahidin, zərər çəkmiş şəxsin, mütəxəssisin bilə-bilə yalan izahat verməsinə və ya ekspertin bilə-bilə yalan rəy verməsinə, yaxud tərcüməçinin bilə-bilə yanlış tərcümə etməsinə və ya məhkəmə və digər orqanların qərarlarının icrası üzrə icraat zamanı bilə-bilə yanlış tərcüməsinə görə-

iki yüz əlli manatdan dörd yüz əlli manatadək məbləğdə cərimə olunur.

 

Maddə 531. İnzibati xətalar haqqında işlər üzrə sənədi qəbul etməkdən imtina və ya onu çatdırmama

 

531.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yer üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının, yaxud onun işlədiyi yer üzrə müdiriyyətin vəzifəli şəxslərinin bu Məcəllədə nəzərdə tutulmuş hallarda bildirişi və ya inzibati xətalar haqqında işlər üzrə digər sənədləri ünvan sahibinə çatdırmaq üçün qəbul etməkdən imtina etməsinə görə-

yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir.

531.2. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda bildirişin və ya inzibati xətalar haqqında işlər üzrə digər sənədlərin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yer üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının, yaxud onun işlədiyi yer üzrə müdiriyyətin vəzifəli şəxsləri və ya sənədin çatdırılması tapşırılmış digər şəxslər tərəfindən səhlənkarlıq nəticəsində ünvan sahibinə çatdırılmamasına görə-

yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir.

 

Maddə 532. Çağırış üzrə gəlməkdən qəsdən boyun qaçırma, izahat, yaxud rəy verməkdən imtina etmə

 

532.1. İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılmış şahidin, zərər çəkmiş şəxsin, ekspertin, mütəxəssisin və ya tərcüməçinin gəlməkdən qəsdən boyun qaçırmasına görə-

əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir.

532.2. İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılmış şəxslərin (şahidin, zərər çəkmiş şəxsin, mütəxəssisin) izahat verməkdən, ekspertin rəy verməkdən, tərcüməçinin tərcümə etməkdən imtina etməsinə görə-

yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 533. Azərbaycan Respublikasında dövlət dilinin tətbiq olunmasına maneələr törədilməsi

 

Azərbaycan Respublikasında dövlət dilinə qarşı təbliğat aparılması, Azərbaycan dilinin işlənməsinə və inkişafına müqavimət göstərilməsi, onun istifadə sahəsinin məhdudlaşdırılmasına cəhd edilməsi, habelə Azərbaycan dilinin latın əlifbasının tətbiq olunmasına maneələr törədilməsinə görə-

fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on altı min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 534. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşıma

 

Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə-

inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 535. Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama

 

535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-

fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

535.2. Hərbi qulluqçu dövlət sərhədini mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamağa görə-

fiziki şəxslər yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

 

Maddə 536. Yanğın təhlükəsizliyi sahəsində qəbul edilmiş qərarın və ya tələbnamənin yerinə yetirilməməsi

 

536.1. Yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin yerinə yetirilməməsinə, yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinə uyğun gəlməyən malların istehsaldan çıxarılması, buraxılmasına son qoyulması, satışının dayandırılması, yaxud işlərin (xidmətlərin) dayandırılması barədə qərarın və ya tələbnamənin yerinə yetirilməməsinə görə-

fiziki şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

536.2. Ərazilərin, bina və qurğuların layihələşdirilməsində, tikintisində, əsaslı təmirində, yenidən qurulmasında, genişləndirilməsində, yeni texnika ilə təchiz olunmasında yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməməsi aşkar olunduqda, ərazilərin, istehsal sahələrinin, aqreqatların işinin, binaların, qurğuların istismarının tamamilə və ya qismən dayandırılması barədə verilmiş qərarların icra edilməməsinə görə-

fiziki şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 537. Dövlət standartlarının tələblərinə riayət edilməsinə dövlət nəzarətini, habelə dövlət metroloji nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının göstərişlərinin yerinə yetirilməməsi

 

537.1. Dövlət standartlarının tələblərinə riayət edilməsinə dövlət nəzarətini, habelə dövlət metroloji nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə görə-

fiziki şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

537.2. Məhsulların satılmasının (tədarükünün, göndərilməsinin), işlərin yerinə yetirilməsinin və xidmətlər göstərilməsinin dayandırılması və ya qadağan edilməsi haqqında dövlət standartlarının tələblərinə riayət edilməsinə dövlət nəzarətini, habelə dövlət metroloji nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının yazılı tələbnamələrinin və qərarlarının yerinə yetirilməməsinə görə-

dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 538. Ölçmələrin vəhdətinin təmin edilməsi tələblərinin pozulması

 

538.1. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına və (və ya) ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsinə görə -

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

538.2. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə istifadə üçün nəzərdə tutulan standart nümunənin və ya ölçmə vasitəsinin tipi təsdiq olunmadan və (və ya) ölçmə vasitəsinin ilkin yoxlamadan keçmədən tədavülə buraxılmasına görə -

vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

538.3. Ölçmə vasitələrinin ölçmələrin nəticələrinin təhrif olunmasına səbəb ola bilən icazəsiz sazlanmasına və (və ya) ölçmə vasitələrinə müdaxilə edilməsinə görə-

vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

538.4. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmənin tələb olunan dəqiqliyini təmin etməyən ölçmə vasitələrindən istifadə olunmasına görə -

vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 539. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının göstərişlərinin yerinə yetirilməməsi

 

539.1. Əməyin təhlükəsizliyi tələblərinə uyğun gəlməyən və işçilərin sağlamlığı, yaxud həyatı üçün təhlükə törədən müəssisələrin işi və ya istehsal vasitələrinin istismarının dayandırılması barədə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş qərarın yerinə yetirilməməsinə görə-

vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.

539.2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin iş yerlərinə buraxılmamasına görə-

vəzifəli şəxslər üç min beş yüz manatdan beş min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 540. Məşğulluğun təmin edilməsi sahəsində məlumatın, hesabatın verilməməsi

 

540.1. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə, işdən çıxarılacaq işçilər və ya boş iş yeri (vakansiya) barədə müəyyən olunmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanına rəsmi məlumatın verilməməsinə görə-

əlli manat məbləğində cərimə edilir.

540.2. Müvafiq icra hakimiyyəti orqanına, həmin orqanın göndərişi ilə işə qəbul edilənlər, kvota üzrə işə qəbul edilənlər və ya işdən çıxarılanlar haqqında müvafiq hesabatın təqdim edilməməsinə görə-

altmış manat məbləğində cərimə edilir.

 

Maddə 541. Ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsi

 

Ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə-

fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 542. Qaz təchizatı üzərində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsi

 

Qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab vermədiyinə görə ətraf mühitə, insanların sağlamlığına və ya əmlakına təhlükə törədən qaz qurğularının və qazla bağlı fəaliyyətlərin dayandırılması və müəyyən olunmuş müddətə qaydaya salınması barədə qaz təchizatı üzərində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qərarlarının yerinə yetirilməməsinə görə-

fiziki şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 543. Hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qərarlarının yerinə yetirilməməsi

 

Mülkiyyətçi və ya istismarçı tərəfindən hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının texniki yoxlamanın nəticələri barədə qərarlarının yerinə yetirilməməsinə görə-

vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 544. İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında tələblərin yerinə yetirilməməsi

 

544.1. İstehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə görə-

fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

544.2. İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə-

dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 545. Vergi xidməti sahəsində müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin tələblərinin yerinə yetirilməməsi

 

Vergi xidməti sahəsində müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni tələblərinin yerinə yetirilməməsinə görə-

fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 546. Gömrük işi sahəsində müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin tələblərinin yerinə yetirilməməsi

 

Gömrük işi sahəsində müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni tələblərinin yerinə yetirilməməsinə görə-

fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 547. Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müvafiq təqdimatlarının icra edilməməsi

 

Azərbaycan Respublikası Hesablama Palatası sədrinin qərarı ilə dövlət orqanı, idarə, təşkilat və müəssisənin xəzinə və bank hesabları üzrə əməliyyatlarının dayandırılması barədə təqdimatının xəzinə orqanları və müvəkkil banklar tərəfindən icra edilməməsinə görə-

vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 548. Qiymətli kağızlar bazarında nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinə mane olma

 

548.1. Qiymətli kağızlar bazarında nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların keçirilməsinə maneçilik törədilməsinə və ya yoxlayıcıların yoxlama yerinə buraxılmamasına, yaxud həmin orqanların vəzifəli şəxslərinin qanuni tələbnamələrinin (qərarlarının) və ya icrası məcburi olan göstərişlərinin yerinə yetirilməməsinə görə-

vəzifəli şəxslər səkkiz yüz manatdan doqquz yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

548.2. Qiymətli kağızlar bazarında nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə qiymətli kağızlar bazarınıniştirakçıları tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə görə-

vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 549. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın fəaliyyətinə mane olma

 

549.1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən araşdırmaların aparılmasına maneçilik törədilməsinə görə-

vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

549.2. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə-

vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 550. Feldyeger rabitəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı əməkdaşının xidməti vəzifəsini yerinə yetirməsinə mane olma

 

Feldyeger rabitəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı əməkdaşının xidməti vəzifəsini yerinə yetirməsinə mane olmağa görə -

xəbərdarlıq edilir və ya iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 551. İxrac nəzarətini həyata keçirən orqanların fəaliyyətinə mane olma

 

551.1. İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xarici iqtisadi əlaqələrin həyata keçirilməsinə xüsusi icazə verilməsindən əvvəl və ya sonra yoxlamaların keçirilməsinə maneçilik törədilməsinə, yaxud yoxlayıcıların yoxlama yerinə buraxılmamasına görə-

fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

551.2. İxrac nəzarəti məsələlərinə aid sənəd və məlumatların ixrac nəzarətini həyata keçirmək səlahiyyətinə malik olan orqanlara verilməməsinə görə-

fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 552. Avtomobil nəqliyyatı sahəsində müvafiq icra hakimiyyəti orqanı əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olma

 

Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə-

əlli manat məbləğində cərimə edilir.

 

Maddə 553. Torpaqların dövlət ehtiyacları üçün alınması səlahiyyəti verilmiş hər hansı şəxsin səlahiyyətlərinin həyata keçirilməsinə mane olma

 

Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq alınan torpağa daxil olmaq və ya onun üzərində sahibliyin əldə olunması ilə bağlı digər hərəkətləri həyata keçirmək səlahiyyəti verilmiş hər hansı şəxsin səlahiyyətlərinin həyata keçirilməsinə mane olmağa görə-

fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində cərimə edilir.

 

Maddə 554. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) qanuni fəaliyyətinə mane olma

 

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) qanuni fəaliyyətini məhdudlaşdırma və ya fəaliyyətinə müdaxilə etməyə görə-

üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 555. İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının pozulması

 

555.1. İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə-

min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

555.2. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq müvafiq akt tərtib edilməməsinə görə-

min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

555.3. Bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə-

min səkkiz yüz manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 556. Müvafiq obyektlərin layihələşdirilməsi, tikintisi və istismarı zamanı əməyin mühafizəsi tələblərinin pozulması

 

556.1. Əməyin qüvvədə olan mühafizəsi standartlarının, qaydalarının və normalarının, təhlükəsizlik texnikasının tələblərinə uyğun gəlməyən istehsalat binalarının və qurğularının layihələşdirilməsinə, tikintisinə və yenidən qurulmasına və ya istehsalat vasitələrinin hazırlanmasına, buraxılmasına, texnologiyaların tətbiqinə yol verilməsinə görə-

vəzifəli şəxslər min iki yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir.

556.2. İnsanın sağlamlığına olan təsirini müəyyənləşdirmək məqsədi ilə texnoloji, yanğın-texniki, sanitariya-gigiyena, tibbi bioloji ekspertizadan və digər nəzarət növlərindən keçirilməmiş zərərli maddələrin, xammalın, materialların tətbiqinə görə-

vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

556.3. Hər hansı yeni və ya yenidən qurulmuş müəssisənin, obyektin, istehsal vasitəsinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən sertifikat-pasportu olmadan istismara buraxılmasına görə-

vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 557. Dövlət əmlakı və ondan istifadə barədə məlumatın, hesabatın verilməməsi

 

557.1. Azərbaycan Respublikasında dövlət əmlakının registrinə daxil edilməli olan məlumatlarla bağlı sənədlərin qanunvericiliklə müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə görə -

vəzifəli şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

557.2. Dövlət müəssisələrində dövlət əmlakının qorunub saxlanılmasına və ondan öz təyinatı üzrə səmərəli istifadə olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətdə dövlət müəssisəsi və ya dövlət orqanının xüsusi hesabatının təqdim edilməməsinə görə -

vəzifəli şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 558. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunvericiliyin pozulması

 

558.1. Daşınmaz əmlaka olan hüquqların dövlət qeydiyyatı üçün daşınmaz əmlakın dövlət reyestrinə təqdim edilmiş şübhə doğuran sənədlərə dair daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanının digər dövlət orqanlarına ünvanlanan sorğularına vaxtında cavab verilməməsinə görə-

vəzifəli şəxslər xəbərdarlıq edilir və ya iki yüz əlli manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.

558.2. Daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən daşınmaz əmlak barədə texniki məlumatın dəqiq və vaxtında təqdim edilməməsinə görə-

xəbərdarlıq edilir və ya üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

558.3. Daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanının vəzifəli şəxsləri tərəfindən daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiq və vaxtında aparılmamasına, yaxud daşınmaz əmlakın dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmamasına və ya bu məlumatın verilməməsinə görə-

beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 559. İpoteka haqqında qanunvericiliyin pozulması

 

İpotekanın dövlət qeydiyyatını aparan orqanın vəzifəli şəxsləri tərəfindən qeydiyyat qaydalarını pozmaqla və ya ipoteka kağızının dublikatında ipoteka kağızı ilə uyğunsuzluğa yol verməklə maraqlı şəxsə zərər vurulmasına görə -

beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir.

 

Maddə 560. Dövlət əmlakının icarəyə və istifadəyə verilməsi qaydalarının pozulması

 

Dövlət əmlakının qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla icarəyə və ya istifadəyə verilməsinə görə -

vəzifəli şəxslər üç min beş yüz manatdan beş min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 561. Obyektlərin (əsas vəsaitlərin) balansdan balansa verilməsi və silinməsi qaydalarının pozulması

 

Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan dövlət müəssisə və təşkilatlarına məxsus obyektlərin (əsas vəsaitlərin) balansdan balansa verilməsinə və həmin orqanın rəyi olmadan silinməsinə görə-

vəzifəli şəxslər üç min beş yüz manatdan beş min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 562. Doğumun qeydə alınması qaydasının pozulması

 

562.1. Tibb müəssisəsi tərəfindən doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanına dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə -

vəzifəli şəxslər yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.

562.2. Doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə-

vəzifəli şəxslər yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.

562.3. Üzrlü səbəblər olmadan valideynlər tərəfindən doğumun qeydə alınması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsində müəyyən edilmiş müddətdə müraciət olunmamasına görə-

xəbərdarlıq edilir və ya on manat məbləğində cərimə edilir.

 

Maddə 563. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması

 

563.1. Vətəndaşın yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə-

xəbərdarlıq edilir və ya otuz manat məbləğində cərimə edilir.

563.2. Vəzifəli şəxslər tərəfindən fiziki şəxsləri qeydiyyata almaqdan əsassız imtina edilməsinə, qeydiyyata almaq üçün qanunvericilikdə nəzərdə tutulmayan sənədlər tələb edilməsinə, habelə qeydiyyata almaqda süründürməçiliyə yol verilməsinə görə-

beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 564. Bilə-bilə yalandan ixtisaslaşdırılmış xidmətləri çağırma

 

Bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə-

yüz manat məbləğində cərimə edilir.

 

Maddə 565. Şəxsiyyət vəsiqəsi olmadan yaşama

 

Vətəndaşın bir aydan artıq müddətdə şəxsiyyət vəsiqəsi olmadan yaşamasına görə-

xəbərdarlıq edilir və ya iyirmi manat məbləğində cərimə edilir.

 

Maddə 566. Şəxsiyyət vəsiqəsinin, pasportun, dənizçinin şəxsiyyət sənədinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün sənədlərinin itirilməsi və ya qəsdən korlanması

 

Şəxsiyyət vəsiqəsinin, pasportun, dənizçinin şəxsiyyət sənədinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün sənədlərinin itirilməsinə və ya qəsdən korlanmasına görə-

otuz manat məbləğində cərimə edilir.

 

Maddə 567. Şəxsiyyət vəsiqəsinin, pasportun və ya dənizçinin şəxsiyyət sənədinin verilməsi qaydalarının pozulması, qanunsuz alınması və ya girov götürülməsi, Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi (dəyişdirilməsi) qaydalarının pozulması

 

567.1. Vətəndaşlara onların şəxsiyyət vəsiqələrinin və ya pasportlarının verilməsindən (dəyişdirilməsindən) əsassız imtina edilməsinə, verilməsi (dəyişdirilməsi) üçün qanunvericilikdə nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsinə və ya onların verilməsində (dəyişdirilməsində), habelə vətəndaşın şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısındakı məlumatların dəyişdirilməsində süründürməçiliyə yol verilməsinə, qanunsuz alınmasına və ya girov götürülməsinə görə-

beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.

567.2. Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsindən əsassız imtina edilməsinə, verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsinə və ya onun verilməsində süründürməçiliyə yol verilməsinə görə-

beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.

567.3. Dənizçinin şəxsiyyət sənədinin verilməsindən (dəyişdirilməsindən) əsassız imtina edilməsinə, verilməsi (dəyişdirilməsi) üçün dənizçidən qanunvericilikdə nəzərdə tutulmayan əlavə sənədlər tələb olunmasına və ya şəxsiyyət sənədinin verilməsində (dəyişdirilməsində) süründürməçiliyə yol verilməsinə, qanunsuz alınmasına və ya girov götürülməsinə, habelə onun verilməsi qaydalarının pozulmasına görə-

beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 568. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi, Azərbaycan Respublikasının ərazisində onların olduğu yer üzrə qeydiyyata alınması, müvəqqəti olma müddətinin uzadılması, onlara müvəqqəti və ya daimi yaşamaq üçün icazənin və iş icazəsinin verilməsi (müddətinin uzadılması) qaydalarının pozulması

 

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi, Azərbaycan Respublikasının ərazisində onların olduğu yer üzrə qeydiyyata alınması, müvəqqəti olma müddətinin uzadılması, onlara müvəqqəti və ya daimi yaşamaq üçün icazənin və iş icazəsinin verilməsi (müddətinin uzadılması) haqqında müraciətə baxılmasında süründürməçiliyə yol verilməsinə, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsinə və ya müraciətə baxmaqdan əsassız imtina edilməsinə görə -

vəzifəli şəxslər üç yüz manat məbləğində cərimə edilir.

 

Maddə 569. Vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüquqlarının qanunsuz olaraq məhdudlaşdırılması

 

Vətəndaşın Azərbaycan Respublikasından getmək və Azərbaycan Respublikasına gəlmək hüququnun qanunsuz olaraq məhdudlaşdırılmasına görə-

min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 570. Sərhədboyu rejiminin pozulması

 

570.1. Sərhədboyu zonaya daxilolma və ya orada yaşama qaydalarının pozulmasına görə-

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.

570.2. Sərhədboyu zolağa icazəsiz daxil olmağa, sərhədboyu zolaqda və bilavasitə dövlət sərhədinin yaxınlığında icazə olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla təsərrüfat və digər işlərin aparılmasına, mal-qaranın saxlanılmasına və otarılmasına, kütləvi-ictimai tədbirlərin keçirilməsinə görə-

fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz əlli manatadək məbləğdə cərimə edilir.

 

Maddə 571. Azərbaycan Respublikasının sərhəd sularında (Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində) sərhədboyu rejiminin pozulması

 

Azərbaycan Respublikasının sərhəd sularında, yəni sərhəd çaylarının, göllərin və başqa sututarların, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz başqa gəmilərin və digər üzən vasitələrin qeydiyyata alınması, saxlanması, onların yanalma körpülərindən dəniz və digər sututarların sularına çıxması, orada olması, üzməsi və geri qayıtması qaydalarının pozulmasına, göstərilən sularda icazə olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tədqiqat və axtarış fəaliyyətinin həyata keçirilməsinə görə -

gəmi və ya digər üzən vasitə müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz əlli manatadək məbləğdə cərimə edilir.

 

Maddə 572. Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejimin pozulması

 

Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejimin pozulmasına görə-

vətəndaşlar yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər xəbərdarlıq edilməklə və ya iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə cərimə edilməklə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.

 

Maddə 573. Dəniz və çay limanlarında (körpülərində), dəmir yolu stansiyalarında, avtovağzallarda (avtostansiyalarda), hava limanlarında və digər dövlət sərhədinin buraxılış məntəqələrində fiziki və hüquqi şəxslərdən əşyaların qanunsuz olaraq götürülməsi

 

573.1. Dəniz və çay limanlarında (körpülərində), dəmir yolu stansiyalarında, avtovağzallarda (avtostansiyalarda), hava limanlarında və digər dövlət sərhədinin buraxılış məntəqələrində həmin məntəqələrin (nəqliyyatın) təhlükəsizliyini təmin edən vəzifəli şəxslər və müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları ilə gətirilməsinə və ya aparılmasına qadağa qoyulan, xüsusi icazə tələb olunan və ya məhdudiyyət qoyulan əşyaların protokol tərtib edilmədən fiziki və hüquqi şəxslərdən qanunsuz olaraq götürülməsinə görə-

vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

573.2. Dəniz və çay limanlarında (körpülərində), dəmir yolu stansiyalarında, avtovağzallarda (avtostansiyalarda), hava limanlarında və digər dövlət sərhədinin buraxılış məntəqələrində həmin məntəqələrin (nəqliyyatın) təhlükəsizliyini təmin edən vəzifəli şəxslər və müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları ilə gətirilməsinə və ya aparılmasına qadağa qoyulmayan, xüsusi icazə tələb olunmayan, məhdudiyyət qoyulmayan əşyaların fiziki və hüquqi şəxslərdən qanunsuz olaraq götürülməsinə görə-

vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 574. Diplomatik və ya xidməti pasport sahiblərinə lazımi kömək göstərilməməsi

 

Diplomatik və ya xidməti pasport sahibinə lazımi kömək göstərilməməsinə görə-

vəzifəli şəxslər əlli beş manatdan səksən manatadək məbləğdə cərimə edilir.

 

Maddə 575. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması, yaşaması, yaxud Azərbaycan Respublikası ərazisindən tranzitlə keçməsi qaydalarının pozulması

 

575.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, yaşama və ya Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçmə qaydalarını pozmasına, yəni:

575.1.1. Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşamasına;

575.1.2. etibarsız sənədlərlə Azərbaycan Respublikasının ərazisində olmasına və ya yaşamasına;

575.1.3. Azərbaycan Respublikasının ərazisində müvəqqəti olduğu, müvəqqəti və ya daimi yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olmasına;

575.1.4. iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmasına;

575.1.5. bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl etməməsinə;

575.1.6. ölkədə olma və ya yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçırmasına;

575.1.7. Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçmə qaydalarına əməl etməməsinə görə -

əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.

575.2. Əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmış və girişinə müəyyən müddətə məhdudiyyət qoyulmuş əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin həmin müddət ərzində bilərəkdən sənədlərində dəyişiklik edərək yenidən ölkəyə daxil olmasına görə -

əcnəbilər və vətəndaşlığı olmayan şəxslər beş yüz manat məbləğində cərimə edilməklə, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.

575.3. Azərbaycan Respublikasında əcnəbiləri və ya vətəndaşlığı olmayan şəxsləri qəbul edən, onlara xidmət göstərilməsini və ya onların işə qəbul olunmasını təmin edən və onların Azərbaycan Respublikasında olması, yaşaması və ya Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçməsi şərtlərinə əməl edilməsi ilə əlaqədar vəzifələri yerinə yetirən müəssisə, idarə və ya təşkilatların vəzifəli şəxsləri tərəfindən əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınmasının və qeydiyyatdan çıxarılmasının, onlara Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlərin rəsmiləşdirilməsinin Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə-

vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 576. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəldilməsi qaydalarının pozulması

 

576.1. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyətinin hüquqi şəxs yaratmadan göstərilməsinə görə -

üç yüz manat məbləğində cərimə edilir.

576.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəldilməsi ilə bağlı kütləvi informasiya vasitələrində doğru olmayan məlumatların yayılmasına görə-

beş yüz manat məbləğində cərimə edilir.

 

Maddə 577. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görülməməsi

 

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindənAzərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görülməməsinə görə-

üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 578. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması

 

578.1. İşəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə-

vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.

578.2. Eyni xəta üç və ya daha çox əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində törədildikdə -

vəzifəli şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər otuz min manatdan otuz beş min manatadək məbləğdə cərimə edilir.

578.3. İşəgötürənin işə cəlb etdiyi əcnəbini və vətəndaşlığı olmayan şəxsi öz iş yerindən kənarda işlə təmin etməsinə görə -

vəzifəli şəxslər beş yüz manat məbləğində cərimə edilir.

578.4. İşə cəlb edilən əcnəbinin və vətəndaşlığı olmayan şəxsin pasportunun və ya şəxsiyyətini təsdiq edən digər sənədinin işəgötürən tərəfindən götürülərək saxlanılmasına görə -

vəzifəli şəxslər beş yüz manat məbləğində cərimə edilir.

578.5. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslə işəgötürən arasında bağlanılmış əmək müqaviləsi vaxtından əvvəl pozulduqda, bu barədə 5 iş günü müddətində işəgötürən tərəfindən müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsinə görə-

vəzifəli şəxslər üç yüz manat məbləğində cərimə edilir.

578.6. Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərindəki məlumatlar və ya işlədiyi hüquqi şəxsin adı dəyişdikdə və ya iş icazəsi itirildikdə, 5 iş günü müddətində işəgötürən tərəfindən müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsinə və belə icazənin yenidən rəsmiləşdirilməməsinə və ya ləğv edilməsi üçün ərizə təqdim edilməməsinə görə -

vəzifəli şəxslər yüz manat məbləğində cərimə edilir.

Qeyd: Bu Məcəllənin 578.4-cü maddəsi həmin maddədə göstərilən əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.

 

Maddə 579. Qeyri-hökumət təşkilatları haqqında qanunvericiliyin pozulması

 

Qeyri-hökumət təşkilatları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri tərəfindən qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmamış dəyişikliklər (təsis sənədlərində edilmiş və ya hüquqi şəxslərin dövlət reyestrində əvvəllər qeydə alınmış faktların sonrakı dəyişikliyi) əsasında hər hansı fəaliyyətin həyata keçirilməsinə, ictimai birlik tərəfindən onun üzvlərinin reyestrinin aparılmamasına, sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş gəlirin təşkilatın məqsədlərinə yönəldilməməsinə, könüllü fəaliyyətə cəlb edilmiş şəxslərlə müqavilələrin bağlanılmamasına, nizamnaməsində (əsasnaməsində) nəzərdə tutulmuş məqsədlərə zidd fəaliyyət göstərməsinə görə-

vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 580. Qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və qanunvericiliyə uyğunluğunun öyrənilməsinə maneələrin törədilməsi

 

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeyri-hökumət təşkilatlarının, xarici qeyri-hökumət təşkilatının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun öyrənilməsinə maneələrin yaradılmasına, o cümlədən sorğulara cavab verilməməsinə, tələb olunan sənədlərin və məlumatların təqdim edilməməsinə, yanlış məlumatların verilməsinə görə-

vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 581. Qeyri-hökumət təşkilatları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının xəbərdarlığında və ya göstərişində bildirilmiş pozuntuların vaxtında aradan qaldırılmaması

 

Qeyri-hökumət təşkilatları, xarici qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının xəbərdarlığında və ya göstərişində bildirilmiş pozuntuların vaxtında aradan qaldırılmamasına görə -

vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 582. Xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydalarının pozulması

 

Xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə görə-

fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 583. Dövlət təltifləri barəsində qanunsuz hərəkətlər

 

Ordenin, medalın, fəxri ad döş nişanının və ya planka üzərində orden və medal lentlərinin buna hüququ olmayan şəxs tərəfindən istifadə edilməsinə görə-

əlli manat məbləğində cərimə edilir.

 

Maddə 584. Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydalarının pozulması

 

Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydalarının pozulmasına görə-

vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 585. Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydalarının pozulması

 

Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının qaldırılması və ya yerləşdirilməsinə görə-

fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 586. Qızıl Xaç və Qızıl Aypara emblemlərindən, onların adlarından və fərqləndirici siqnallarından qanunsuz istifadə

 

586.0. Qızıl Xaç və Qızıl Aypara emblemlərindən, onların adlarından və fərqləndirici siqnallarından qanunsuz istifadə, yəni “Qızıl Xaç və Qızıl Aypara emblemlərindən istifadə və onların müdafiəsi haqqında”Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq:

586.0.1. Qızıl Xaç və Qızıl Aypara emblemlərindən müdafiə nişanı və ya fərqləndirici nişan qismində istifadə edilməsinə;

586.0.2. fərqləndirici siqnallardan istifadə edilməsinə;

586.0.3. hüquqi şəxslərin adlarında, əmtəə nişanlarında Qızıl Xaç və Qızıl Aypara emblemlərindən və onların adlarından istifadə edilməsinə;

586.0.4. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatının prinsipləri ilə bir araya sığmayan məqsədlər üçün Qızıl Xaç və Qızıl Aypara emblemlərindən və onların adlarından istifadə edilməsinə;

586.0.5. müdafiə nişanı qismində istifadə edilən Qızıl Xaç və Qızıl Aypara emblemləri kimi qəbul edilə biləcək hər hansı oxşar nişanlardan istifadə edilməsinə görə-

fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 587. Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında qanunvericiliyin pozulması

 

Ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin adlarının və sərhədlərinin özbaşına dəyişdirilməsinə və ya onların adlarının təhrif edilmiş formalarından istifadə edilməsinə görə-

fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 588. Mülki silahın qeydiyyatı qaydalarının pozulması

 

Mülki silahın qeydiyyatı qaydalarının pozulmasına görə-

səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 589. Xidməti silahın saxlanması, gəzdirilməsi və ya təyinatı üzrə istifadə edilməsi qaydalarının pozulması

 

Xidməti silahın saxlanılması və ondan təyinatı üzrə istifadə etmək üçün gəzdirilməsi hüququ olan şəxslər tərəfindən xidməti silahın və ya onun döyüş sursatının saxlanması, gəzdirilməsi və ya təyinatı üzrə istifadə edilməsi qaydalarının pozulmasına görə-

əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir.

 

Maddə 590. Mülki silahın və ya döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulması

 

590.1. Müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə-

silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir.

590.2. Müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-

silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 591. Mülki silahın və döyüş sursatının istehsalı, gətirilməsi, aparılması, idxalı, ixracı, kolleksiya edilməsi, sərgisinin keçirilməsi, göndərilməsi, istifadə edilməsi, götürülməsi və ya məhv edilməsi qaydalarının pozulması

 

Mülki silahın istehsalının, gətirilməsinin, aparılmasının, idxalının, ixracının, kolleksiya edilməsinin, sərgisinin keçirilməsinin, göndərilməsinin, istifadə edilməsinin, götürülməsinin və ya məhv edilməsinin qaydalarının pozulmasına görə-

silah müsadirə edilməklə və ya edilməməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 592. Mülki silahın saxlanması üçün xüsusi icazə ləğv edildikdən sonra vətəndaşların onu satmaqdan boyun qaçırması

 

Mülki silahın əldə edilməsinə xüsusi icazə və ya odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən ləğv edildikdə, silah sahibinin bu silahı satmaqdan boyun qaçırmasına görə-

silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 593. Möhürün (plombun) qəsdən zədələnməsi və ya qırılması

 

Bu Məcəllənin 297.1, 304.2, 317.2 və 491.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna edilməklə, səlahiyyətli vəzifəli şəxs tərəfindən vurulmuş möhürün (plombun) qəsdən zədələnməsinə və ya qırılmasına görə-

otuz manatdan əlli manatadək məbləğdə cərimə edilir.

 

Maddə 594. İnzibati icraat haqqında qanunvericiliyin pozulması

 

594.0. İnzibati icraat haqqında qanunvericiliyin pozulmasına, yəni:

594.0.1. inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarların qəbul olunmasına və ya qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması əsas hesab edilərək, müvafiq qərarın qəbulundan imtina edilməsinə, yaxud fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədlərin qəbulundan imtina edilməsinə;

594.0.2. inzibati orqan tərəfindən fiziki və ya hüquqi şəxsin müraciətinə əsasən ərizələrin və inzibati icraatla bağlı digər formulyarların (blankların) nümunələrinin ona verilməməsinə;

594.0.3. inzibati orqanın mənafeyini təmsil edən vəzifəli şəxsin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda inzibati icraatda iştirakına və özü-özünə etiraz etməməsinə və ya həmin qanuna əsasən iştirakına yol verilmədiyi hallarda ekspertin, mütəxəssisin və ya tərcüməçinin inzibati icraatda iştirakına;

594.0.4. inzibati orqan tərəfindən ərizənin qəbul edildiyi gündən ən geci 3 gün müddətində ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında ərizəçiyə arayışın verilməməsinə və ya göndərilməməsinə, yaxud qanunda nəzərdə tutulmuş hallarda təkrar ərizənin yoxlanılmamasına və ərizə ilə bağlı müvafiq qərarın qəbul edilməməsinə və ya inzibati icraatda iştirak edən şəxslərin təqdim etdiyi və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətlərinin işə aid olmaması və ya əsassız olması səbəbindən qəbulundan imtina edilməsinə, yaxud maraqlı şəxsdən qanunvericilikdə nəzərdə tutulduğundan əlavə hər hansı digər məlumatın tələb edilməsinə;

594.0.5. inzibati aktın qəbul edilməsi, inzibati akta edilən düzəlişlər, inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə inzibati orqan tərəfindən maraqlı şəxslərə və ya onların nümayəndələrinə qanunda nəzərdə tutulmuş qaydada məlumatın verilməməsinə;

594.0.6. inzibati orqan tərəfindən inzibati icraatda iştirak edən şəxslərin inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar edilməməsinə;

594.0.7. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərarın qanunla müəyyən edilmiş müddət ərzində qəbul olunmamasına və ya inzibati şikayətin və icraatla bağlı materialların 3 gün müddətində şikayət instansiyasına göndərilməməsinə görə-

vəzifəli şəxslər üç yüz əlli manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 595. İnzibati prosessual qanunvericiliyin pozulması

 

595.1. İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı çərçivəsində məhkəmənin tələb etdiyi sənədlərin və ya aktların, habelə zəruri məlumatların inzibati orqanlar tərəfindən təqdim edilməməsinə görə-

vəzifəli şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir.

595.2. İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında məhkəmə iclasının qapalı keçirildiyi hallar istisna olmaqla, hər hansı şəxsin məhkəmə iclasına buraxılmamasına görə-

vəzifəli şəxslər beş yüz manat məbləğində cərimə edilir.

 

Maddə 596. İnzibati xəta haqqında iş üzrə icraat zamanı müddətlərin pozulması

 

596.1. İnzibati xəta haqqında iş üzrə icraat zamanı səlahiyyətli vəzifəli şəxs tərəfindən bu Məcəllənin 52.2, 57.4, 83.2, 83.3, 91.0.4, 97, 101, 102.5, 103, 104.4, 104.7, 111.1, 117, 131, 136.2 və 150.4-cü maddələrində müəyyən edilmiş müddətlərin pozulmasına görə-

vəzifəli şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.

596.2. Səlahiyyətli vəzifəli şəxsin bu Məcəllənin 104.1-ci maddəsinin müddəalarını pozmaqla inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərar qəbul etməsinə görə -

vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 597. Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında qanunvericiliyin pozulması

 

597.0. Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında qanunvericiliyin pozulmasına, yəni:

597.0.1. özəl mühafizə müəssisəsinə və ya hüquqi şəxsin mühafizə bölməsinə mühafizəçi vəzifəsinə işə qəbul edilən namizəd barədə işəgötürən tərəfindən 3 gün müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsinə;

597.0.2. mühafizəçi tərəfindən fiziki qüvvə və ya xüsusi vasitənin tətbiq edildiyi hər bir halda bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanına və prokurorluq orqanlarına məlumat verilməməsinə;

597.0.3. mühafizəçi tərəfindən xüsusi vasitə və ya mühafizəçi vəsiqəsi itirildikdə bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsinə;

597.0.4. özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən xidməti istifadə üçün verilmiş xüsusi vasitələrin mühafizə olunan obyektin hüdudlarından kənara çıxarılmasına və ya istifadə üçün kənar şəxslərə verilməsinə;

597.0.5. mühafizəçinin geyim formasını mühafizə olunan obyektin hüdudlarından kənarda daşınmasına;

597.0.6. özəl mühafizə fəaliyyətini həyata keçirən şəxs tərəfindən mühafizə olunan obyektlərdə hüquqi şəxsin müvafiq vəzifəli şəxslərinin, habelə mühafizə olunan obyektlərin mülkiyyətçilərinin və ya qanuni sahiblərinin yazılı icazəsi olmadan video və audioyazı, foto və kino çəkilişinin aparılmasına görə-

fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 598. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması

 

598.0. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni:

598.0.1. monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən müştərinin, onun nümayəndəsinin və ya benefisiarın eyniləşdirilməsi, verifikasiyası və məlumatın sənədləşdirilməsi ilə bağlı tələblərə riayət olunmamasına;

598.0.2. monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən eyniləşdirmə sənədlərinin və pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara dair sənədlərin saxlanması ilə bağlı vəzifələrin yerinə yetirilməməsinə;

598.0.3. hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən daxili nəzarət sisteminin tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə;

598.0.4. monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən nəzarət orqanlarının və ya maliyyə monitorinqi orqanının “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda verdikləri yazılı göstərişlərinin vaxtında və ya tam icra edilməməsinə;

598.0.5. monitorinq iştirakçıları və ya monitorinqdə iştirak edən digər şəxslər tərəfindən məlumatların təqdim edilməsinə və əməliyyatların icra edilməməsinə dair “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərin pozulmasına;

598.0.6. monitorinq iştirakçısı və ya monitorinqdə iştirak edən digər şəxslər tərəfindən nəzarət orqanlarının fəaliyyətinə maneələrin yaradılmasına, o cümlədən sorğulara cavab verilməməsinə, tələb olunan sənədlərin və məlumatların təqdim edilməməsinə, yanlış məlumatların verilməsinə görə-

vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 599. Ali və orta ixtisas təhsili müəssisələrinin “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulmaması və ya məlumatların həmin sistemə vaxtında, tam və ya düzgün daxil edilməməsi

 

Ali və orta ixtisas təhsili müəssisələrinin “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulmamasına və ya məlumatların həmin sistemə vaxtında, tam və ya düzgün daxil edilməməsinə görə-

vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 600. Dövlət qulluqçuları haqqında məlumatların vaxtında, tam və ya düzgün verilməməsi

 

Dövlət qulluğuna qəbul edilən şəxslər və digər dövlət qulluqçuları haqqında qanunvericiliklə müəyyən edilmiş məlumatların müvafiq dövlət orqanları tərəfindən Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinə vaxtında, tam və ya düzgün verilməməsinə görə-

vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 601. Hüquq müəyyən edən sənədlərin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmayan sənədlərin tələb edilməsi

 

Hüquq müəyyən edən sənədlərin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmayan sənədlərin tələb edilməsinə görə-

vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 602. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin pozulması

 

602.1. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlamanın aparılmasına görə -

vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

602.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış yoxlama barədə məlumatın verilməsi qaydalarının pozulmasına, yəni:

602.2.1. sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış yoxlamanın nəticələri barədə məlumatın tam, düzgün və ya vaxtında müvafiq icra hakimiyyəti orqanına verilməməsinə;

602.2.2. sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatın həmin səbəblər göstərilməklə vaxtında müvafiq icra hakimiyyəti orqanına verilməməsinə;

602.2.3. yoxlayıcı orqan tərəfindən yoxlamanın dayandırılması və ya sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarla bağlı məlumatın müvafiq icra hakimiyyəti orqanına verilməməsinə görə -

vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

602.3. Bu Məcəllənin 602.1-ci və 602.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, yoxlayıcı orqan və ya yoxlayıcı tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda yoxlamalarla bağlı müəyyən edilmiş tələblərin və prosedurların pozulmasına görə -

vəzifəli şəxslər beş yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

602.4. Sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə və sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə -

vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

FƏSİL 40

 

Hərbi uçot, hərbi qeydiyyat və səfərbərlik qaydaları əleyhinə olan inzibati xətalar

 

Maddə 603. Çağırışçılar və hərbi vəzifəlilər haqqında məlumatların vaxtında verilməməsi

 

603.1. İlkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarının çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə -

vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.

603.2. Çağırışçıların və hərbi vəzifəlilərin sağlamlıq imkanlarının məhdudluğunun və ya əlilliyinin müəyyən edilməsi, onların soyadının, adının, atasının adının dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsi, ölümünün qeydiyyatı, habelə onlar barəsində cinayət işinin başlanılması və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü barədə məlumatın müvafiq icra hakimiyyəti orqanına təqdim etməli olan aidiyyəti orqanlar tərəfindən müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə -

vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz əlli manatadək məbləğdə cərimə edilir.

603.3. Bu Məcəllənin 603.1-ci və 603.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyata alınması, hərbi qeydiyyatdan çıxarılmasının rəsmiləşdirilməsi və ya hərbi qeydiyyat məlumatının dəqiqləşdirilməsi üçün tələb olunan məlumatların çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə -

vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 604. İlkin hərbi qeydiyyata alınmaqdan boyun qaçırma

 

İlkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə görə -

otuz manat məbləğində cərimə edilir.

 

Maddə 605. Çağırışçılara və hərbi vəzifəlilərə çağırış barədə məlumatın verilməməsi

 

Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən çağırışçılara və hərbi vəzifəlilərə onların müvafiq icra hakimiyyəti orqanına çağırılması barədə məlumatın verilməməsi, yaxud onların çağırış məntəqələrinə və ya toplanış yerinə vaxtında gəlməsinə maneçilik törədilməsinə görə -

vəzifəli şəxslər səksən manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 606. Hərbi qeydiyyat qaydalarının pozulması

 

606.1. Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatını aparan orqanın vəzifəli şəxsi tərəfindən çağırışçılardan və hərbi vəzifəlilərdən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmayan əlavə sənədlərin tələb edilməsinə, hərbi qeydiyyata alınma haqqında vəsiqəyə yanlış məlumatların daxil edilməsinə, onların hərbi qeydiyyata alınmasından, hərbi qeydiyyatdan çıxarılmasından və ya hərbi qeydiyyata alınma haqqında vəsiqənin verilməsindən əsassız imtina edilməsinə görə -

iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə cərimə edilir.

606.2. Vətəndaşların hərbi qeydiyyat üzrə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş vəzifələrini icra etməməsinə, yəni:

606.2.1. vətəndaşlar ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə;

606.2.2. hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə, yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmamasına və olduğu yer üzrə hərbi qeydiyyata durmamasına;

606.2.3. hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsinə görə -

otuz manat məbləğində cərimə edilir.

606.3. Çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə -

əlli manat məbləğində cərimə edilir.

Qeyd: Bu Məcəllənin 606.3-cü maddəsində göstərilən əməl qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırış və ya səfərbərlik üzrə çağırış ilə bağlı törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

 

Maddə 607. Hərbi qeydiyyat sənədlərinin qəsdən korlanması və ya itirilməsi

 

Çağırışçılar və hərbi vəzifəlilər hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin qəsdən korlanılmasına və ya itirilməsinə görə -

xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir.

 

Maddə 608. Dövlət hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları, müəssisələr, idarələr və təşkilatlar tərəfindən səfərbərlik üzrə tədbirlərin həyata keçirilməsinin təmin edilməməsi

 

608.1. Müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin, təşkilatların vəzifəli şəxsləri tərəfindən səfərbərlik elan edilərkən hərbi vəzifəlilərə vaxtında məlumat verilməməsinə və onların çağırış-toplanış məntəqələrinə və ya hərbi hissələrə gətirilməsinin təmin edilməməsinə görə-

iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.

608.2. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların vəzifəli şəxsləri tərəfindən “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik sahəsində onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə-

iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə cərimə edilir.

 

Maddə 609. Hərbi-nəqliyyat vəzifəsi haqqında qanunvericiliyin pozulması

 

609.1. Azərbaycan Respublikasının dövlət və yerli özünüidarəetmə orqanları, nəqliyyat vasitələrinin mülkiyyətçisi (sahibi) olan təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının sorğusuna əsasən nəqliyyat vasitələrinin mövcudluğu və texniki vəziyyəti barədə məlumatların təqdim edilməməsinə görə-

vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz əlli manatadək məbləğdə cərimə edilir.

609.2. Səfərbərlik tapşırıqlarına uyğun olaraq hərbi-nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə müəyyən edilmiş qaydada təqdim olunmamasına görə-

vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.

Product Tour
Go to top