I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

FƏSİL 1

 

Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi, onun vəzifələri və prinsipləri

 

Maddə 1. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi

 

1.1. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir.

1.2. Bu Məcəllə Azərbaycan Respublikasının Konstitusiyasına, hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normalarına və prinsiplərinə əsaslanır.

1.3. İnzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir.

 

Maddə 2. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri

 

Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

 

Maddə 3. İnzibati məsuliyyətin əsasları

 

Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

 

Maddə 4. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsipləri

 

Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır.

 

Maddə 5. İnsan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi prinsipi

 

5.1. İnsan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları (vəzifəli şəxslər) məsuliyyət daşıyırlar.

5.2. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir.

5.3. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir.

 

Maddə 6. Qanunçuluq prinsipi

 

6.1. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir.

6.2. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir.

6.3. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir.

 

Maddə 7. Qanun qarşısında bərabərlik prinsipi

 

7.1. İnzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz.

7.2. Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun arvadının (ərinin) inzibati məsuliyyətlə bağlı toxunulmazlığı “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə tənzimlənir.

7.3. Hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər.

 

Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi

 

8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.

8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.

8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.

 

Maddə 9. Ədalətlilik prinsipi

 

9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.

9.2. Bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Davam edən inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur.

 

Maddə 10. İnzibati xətaların qarşısının alınması prinsipi

 

Dövlət orqanları və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər.

 

Maddə 11. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin qüvvəsi

 

11.1. Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

11.2. İnzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir.

11.3. İnzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur.

Product Tour
Go to top