İnzibati xəta və inzibati məsuliyyət
Maddə 12. İnzibati xəta anlayışı
12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.
12.2. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın.
Maddə 13. İnzibati xətanın qəsdən törədilməsi
İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur.
Maddə 14. İnzibati xətanın ehtiyatsızlıqdan törədilməsi
İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur.
Maddə 15. Anlaqsızlıq
Hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik) törədən zaman şəxs anlaqsız vəziyyətdə olduqda, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya başqa psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarında olmadıqda o, inzibati məsuliyyətə cəlb edilmir.
Maddə 16. Fiziki şəxslərin inzibati məsuliyyəti
16.1. İnzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar.
16.2. İnzibati həbs və ya ictimai işlər növündə inzibati tənbeh nəzərdə tutan inzibati xətalar istisna olmaqla, şəxsin psixi inkişafı, həyat şəraiti, səhhəti və təhsili nəzərə alınmaqla, ilk dəfə inzibati xəta törətmiş on altı yaşından on səkkiz yaşınadək şəxslər yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən inzibati məsuliyyətdən azad oluna və onların barəsində Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə” ilə müəyyən edilmiş təsir tədbirləri tətbiq edilə bilər.
16.3. İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Göstərilən şəxslərə inzibati həbs, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına isə həmçinin ictimai işlər tətbiq edilə bilməz.
16.4. İnzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanınaverə bilərlər.
16.5. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar.
16.6. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən Azərbaycan Respublikasında toxunulmazlıq hüququndan istifadə edən əcnəbilərin Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə məsuliyyət məsələsi beynəlxalq hüquq normalarına uyğun olaraq həll edilir.
Qeyd:
1. Bu Məcəllənin 16.3-cü maddəsində “hərbi qulluqçular” dedikdə, müvafiq icra hakimiyyəti orqanının zabit heyəti, gizirləri, miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçuları, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları başa düşülür.
2. Bu Məcəllədə “əcnəbi” dedikdə, Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxs başa düşülür.
3. Bu Məcəllədə “vətəndaşlığı olmayan şəxs” dedikdə, heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxs başa düşülür.
Maddə 17. Vəzifəli şəxslərin inzibati məsuliyyəti
Vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.
Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər.
Maddə 18. Hüquqi şəxslərin inzibati məsuliyyəti
18.1. Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.
18.2. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir:
18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;
18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;
18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;
18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi.
18.3. Hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir.
18.4. Bu Məcəllənin 18.2-ci maddəsində nəzərdə tutulmuş vəzifəli şəxs barəsində bu Məcəllənin 53.0.8-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilməsi hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə mane olmur.
18.5. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir.
18.6. Səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər.
18.7. Bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsaslar olmadıqda, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) inzibati xəta haqqında iş üzrə qərar qəbul edir.
18.8. Məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul olunanadək hüquqi şəxs yenidən təşkil olunduqda, inzibati məsuliyyətə hüquqi şəxsin hüquqi varisi cəlb olunur. Məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul olunduğu vaxtdan tam icra olunana və ya ləğv edilənədək hüquqi şəxsin yenidən təşkil olunması, yaxud təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilməsi qadağandır.