"Be faithful to that which exists within yourself."
Andre Gide

FƏSİL 4

 

İnzibati tənbeh

 

Maddə 21. İnzibati tənbehin məqsədləri

 

İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.

 

Maddə 22. İnzibati tənbeh növləri

 

22.1. İnzibati tənbeh növləri aşağıdakılardır:

22.1.1. xəbərdarlıq;

22.1.2. inzibati cərimə;

22.1.3. inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi;

22.1.4. fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması;

22.1.5. ictimai işlər;

22.1.6. Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma;

22.1.7. inzibati həbs.

22.2. Hüquqi şəxslər barəsində bu Məcəllənin 22.1.1-22.1.3-cü maddələrində nəzərdə tutulan inzibati tənbeh növləri tətbiq edilir.

 

Maddə 23. Əsas və əlavə inzibati tənbehlər

 

23.1. Xəbərdarlıq, inzibati cərimə, ictimai işlər və ya inzibati həbs yalnız əsas inzibati tənbeh növləri kimi tətbiq edilir.

23.2. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər.

23.3. Bir inzibati xətaya görə əsas tənbeh, yaxud əsas və əlavə tənbeh tətbiq edilə bilər.

 

Maddə 24. Xəbərdarlıq

 

24.1. Xəbərdarlıq inzibati tənbeh növü olmaqla, hüquqazidd əməlin yolverilməzliyi barədə şəxslərə edilən rəsmi xəbərdaredici tədbirdir. Xəbərdarlıq yazılı formada edilir.

24.2. Xəbərdarlıq bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulduqda o halda tətbiq olunur ki, həmin maddədə nəzərdə tutulmuş xətaya görə şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunur və xəta nəticəsində vurulmuş zərərin əvəzi tam ödənilir.

 

Maddə 25. İnzibati cərimə

 

25.1. İnzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir.

25.2. İnzibati cərimə manatla və ya aşağıdakı digər meyarlarla ifadə oluna bilər:

25.2.1. inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri;

25.2.2. inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) miqdarı;

25.2.3. inzibati xətanın başa çatdığı və ya onun qarşısının alındığı vaxt ödənilməli olan, lakin ödənilməmiş ödənişlərin, vergilərin məbləği.

25.3. İnzibati xətalara görə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları tərəfindən tətbiq edilən inzibati cərimələr həmin nümayəndəlik və konsulluqların yerləşdiyi xarici ölkənin valyutası ilə tutulur.

25.4. Manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz.

25.5. İnzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ilə ölçülən cərimənin məbləği həmin predmetin dəyərinin yüz faizindən, ödənilməmiş ödənişlərin, vergilərin məbləği ilə ölçülən cərimənin məbləği isə həmin ödənişlərin, vergilərin yüz əlli faizindən artıq ola bilməz.

25.6. İnzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) miqdarı ilə ölçülən cərimənin məbləği həmin ziyanın (əldə edilmiş gəlirin) on mislindən artıq ola bilməz.

25.7. Bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir.

25.8. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, inzibati cərimə Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilir.

 

Maddə 26. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi

 

26.1. İnzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir.

26.2. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir.

26.3. Əsas dolanacaq mənbəyi ov olan şəxslərin odlu silahı, döyüş sursatı və digər ov alətləri müsadirə edilə bilməz.

26.4. Müsadirənin tətbiqi qaydası bu Məcəllə ilə müəyyən edilir.

 

Maddə 27. Fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması

 

27.1. Fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır.

27.2. Bu Məcəllənin 327.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən tətbiq edilir.

27.3. Bu Məcəllənin 327.8, 333, 342.8 və 343-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, nəqliyyat vasitələrindən əlilliyi ilə əlaqədar istifadə edən şəxslərin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıla bilməz.

27.4. Bu Məcəllənin 327.7-ci maddəsində göstərilən balla qiymətləndirilən xətaların yol verilməsinə görə sürücülər bir il ərzində 20 və daha çox bal topladıqda, inzibati cərimə tətbiq edilmədən onların nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılır.

27.5. Əsas dolanacaq mənbəyi ov olan fiziki şəxslərin ov hüququ məhdudlaşdırıla bilməz.

 

Maddə 28. İctimai işlər

 

28.1. İctimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Belə işlərin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

28.2. İctimai işlər yalnız hakim tərəfindən tətbiq edilir.

28.3. İctimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz.

28.4. İctimai işlər aşağıdakı şəxslərə tətbiq oluna bilməz:

28.4.1. birinci və ikinci qrup əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara;

28.4.2. hamilə qadınlara;

28.4.3. himayəsində səkkiz yaşınadək uşağı olan qadınlara;

28.4.4. səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə;

28.4.5. pensiya yaşına çatmış qadın və kişilərə;

28.4.6. hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına.

 

Maddə 29. Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma

 

29.1. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edilir.

29.2. Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən tətbiq edilir.

29.3. Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlmək hüququ 1 ildən 5 ilədək müddətə məhdudlaşdırılır.

29.4. Qaçqın statusuna malik olan və ya Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilən şəxslər, habelə insan alverinin qurbanı olan uşaqlar barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edilmir.

29.5. İnsan alverindən zərər çəkmiş hesab olunan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər barəsində 1 il müddətində, cinayət təqibi orqanlarına yardım göstərən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər barəsində isə cinayət təqibi başa çatanadək Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edilmir.

 

Maddə 30. İnzibati həbs

 

30.1. İnzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir.

30.2. Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz.

30.3. İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir.

Product Tour
Go to top