III BÖLMƏ
İnzibati xətalar haqqında işlər üzrə icraat
Ümumi müddəalar
Maddə 48. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri
İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
Maddə 49. İnzibati xətalar haqqında işlər üzrə icraatın aparıldığı dil
49.1. Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraat Azərbaycan dilində, yaxud müəyyən ərazidəki əhalinin çoxluq təşkil edən hissəsinin dilində aparılır.
49.2. İşdə iştirak edən, inzibati xətalar haqqında işlər üzrə icraatın aparıldığı dili bilməyən şəxslər ana dilində və ya bildiyi hər hansı başqa dildə məlumat, izahatlar, şikayət və ya vəsatət vermək hüququ ilə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada tərcüməçinin xidmətlərindən istifadə etmək hüququ ilə təmin olunurlar.
Maddə 50. İnzibati xətalar haqqında işlərə açıq baxılması
50.1. Dövlət və ya kommersiya sirrinin, şəxsi və ailə sirlərinin, yaxud qanunla qorunan digər sirlərin yayılmasına gətirib çıxara bilən hallar, həmçinin inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslərin, onların yaxın qohumlarının təhlükəsizliyinin təmin edilməsi halları istisna olmaqla, inzibati xətalar haqqında işlərə açıq baxılır.
50.2. İnzibati xətalar haqqında işlərin qapalı baxılmasına zərurət olduğu halda, bu barədə qərardad qəbul edilir.
Maddə 51. İnzibati xəta haqqında iş üzrə məlumatların yayılmasının yolverilməzliyi
51.1. İnzibati xəta haqqında iş üzrə məlumatlar yalnız icraatında inzibati xəta haqqında iş olan hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin), belə məlumatlar zərər çəkmiş şəxsin şəxsi maraqlarına toxunduqda isə, habelə zərər çəkmiş şəxsin icazəsi ilə və onların mümkün hesab etdiyi həcmdə elan oluna bilər.
51.2. İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkiliş, yaxud səsyazma aparılıbsa, barəsində inzibati icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin razılığı olmadan həmin foto və ya video çəkiliş, yaxud səsyazma materialları kütləvi informasiya vasitələrində yayımlana bilməz.
Maddə 52. Vəsatətlər
52.1. İnzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər.
52.2. Vəsatət yazılı formada verilir və ona dərhal baxılmalıdır. Vəsatətin təmin olunmasından imtina edildikdə, bu barədə qərardad qəbul edilir.
Maddə 53. İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar
53.0. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir:
53.0.1. inzibati xəta hadisəsi olmadıqda;
53.0.2. inzibati xəta tərkibi olmadıqda;
53.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə;
53.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə;
53.0.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda;
53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda;
53.0.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda;
53.0.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə;
53.0.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda.
Maddə 54. İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror nəzarəti
54.1. Prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir.
54.2. Bu Məcəllənin 191.1, 195.1, 197.3, 197.4, 197.5, 205, 249, 284.2, 339.2 - 339.5, 340.2, 341, 376, 399, 531, 558.2, 558.3, 559, 563.2, 567, 568, 569, 573, 595.2, 596, 601 və 606.1-cimaddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul edilir. Prokuror bu Məcəllənin 99.3-cü maddəsinə əsasən digər inzibati xətalar haqqında işlər üzrə də icraatın başlanması haqqında qərar qəbul etmək hüququna malikdir.
54.3. Prokuror, həmçinin inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etmək, işin baxılması zamanı baş verən məsələlər üzrə rəy və ya vəsatət vermək, inzibati xəta haqqında iş üzrə qəbul edilən qərardan və ya qərardaddan protest vermək hüququna malikdir.
54.4. Prokuror bu Məcəllənin 99.1.2 və 99.1.3-cü maddələrində nəzərdə tutulan məlumatlara baxaraq, on beş gün müddətində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar və ya inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad qəbul edir. Qərardadın surəti məlumatları vermiş şəxslərə göndərilir. Həmin qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində yuxarı prokurora və ya məhkəməyə şikayət verilə bilər.
54.5. İnzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarda bu Məcəllənin 100-cü maddəsində olan məlumatlar göstərilir. Bu Məcəllənin 102.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar bu Məcəllənin 103-cü maddəsində müəyyən edilmiş müddətdə baxılması üçün hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir.
54.6. Yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında, habelə öz təşəbbüsü ilə başlanmış inzibati xətalar haqqında işlərin baxılmasının yeri və vaxtı prokurora bildirilir. Həmin işə prokurorun iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın.
Maddə 55. İnzibati xətalar haqqında işlər üzrə məsrəflər
55.1. İnzibati xətalar haqqında işlər üzrə məsrəflər:
55.1.1. zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən;
55.1.2. maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir.
55.2. Fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur.
55.3. İnzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir.
55.4. Məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir.
Maddə 56. Zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, ekspertlərə və tərcüməçilərə ödənilməli məbləğ
56.1. İcraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) gəlməklə əlaqədar olaraq zərər çəkmişlərin, şahidlərin, onların qanuni nümayəndələrinin, ekspertlərin, mütəxəssislərin, tərcüməçilərin və hal şahidlərinin çəkdikləri xərclər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir.
56.2. İcraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) zərər çəkmiş, şahid, ekspert, onların qanuni nümayəndələri, mütəxəssis, tərcüməçi və hal şahidləri kimi çağırılan şəxslərin işdə olmadıqları müddət ərzində iş yerində onların əməkhaqqı saxlanılır.
56.3. Mütəxəssisin, ekspertin və tərcüməçinin əməyi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir.
Maddə 57. İnzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi
57.1. İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər.
57.2. Sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir.
57.3. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir.
57.4. Sənədi çatdırmalı olan rabitə orqanı, yaxud sənədin çatdırılması tapşırılmış şəxs bu işi sənədi aldığı tarixdən sonrakı gündən gec olmayaraq yerinə yetirməli və sənədi çatdırdığı barədə bir gün müddətində müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verməlidir.
57.5. İnzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir:
57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan;
57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda:
57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan;
57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan;
57.5.3. bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda nəqliyyat vasitəsinin istifadəçisinə verildiyi vaxtdan.
Maddə 58. Qəbzin məzmunu
58.0. Bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş qəbzdə aşağıdakılar göstərilməlidir:
58.0.1. inzibati xəta haqqında iş üzrə sənədi göndərən orqanın adı və ünvanı;
58.0.2. sənədin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan;
58.0.3. verilən sənədin adı;
58.0.4. verilmənin vaxtı (tarix və saat) və yeri;
58.0.5. sənədin verilməməsinin səbəbləri (göstərilən ünvanda olmama, səhv ünvan və sair);
58.0.6. sənədin verildiyi şəxs;
58.0.7. sənədin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanı nümayəndəsinin imzası.
Maddə 59. İnzibati xəta haqqında iş üzrə sənədi qəbul etməkdən imtina
59.1. Ünvan sahibi və ya onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri inzibati xəta haqqında işlər üzrə sənədi qəbul etməkdən imtina etdikdə, onu təqdim edən şəxs sənəddə müvafiq qeydlər etdikdən sonra həmin sənədi onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarır. Bu halda inzibati xəta haqqında iş üzrə sənəd rəsmi qaydada verilmiş hesab olunur.
59.2. İnzibati xəta haqqında iş üzrə sənədin ünvan sahibi tərəfindən qəbul edilməsindən imtina barədə qeyd onun yaşayış yeri üzrə yerli özünüidarə orqanı, müvafiq icra hakimiyyəti orqanı və ya onun iş yerinin müdiriyyəti tərəfindən təsdiq edilir.
59.3. İnzibati xəta haqqında iş üzrə sənədin ünvanlandığı şəxs tərəfindən həmin sənədi qəbul etməkdən imtina edilməsi işə baxılması və ya ayrı-ayrı prosessual hərəkətlərin həyata keçirilməsi üçün maneə deyildir.
Maddə 60. Bildirişlər
60.1. Hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar.
60.2. Bildirişdə aşağıdakılar göstərilməlidir:
60.2.1. məhkəmənin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) adı, ünvanı və əlaqə üçün məlumatlar (telefon, faks, elektron poçt ünvanı və sair);
60.2.2. gəlmə vaxtı (tarix və saat) və yeri;
60.2.3. xəbər verilən, yaxud məhkəməyə, səlahiyyətli orqana çağırılan şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı;
60.2.4. xəbər verilən, yaxud məhkəməyə, səlahiyyətli orqana çağırılan şəxsin ünvanı və ya hüquqi şəxsin yerləşdiyi ünvan;
60.2.5. ünvan sahibinin kim qismində xəbərdar edilməsi və ya çağırılması;
60.2.6. ünvan sahibinin xəbərdar edildiyi, yaxud çağırıldığı işin adı;
60.2.7. işdə iştirak edən şəxslərə iş üzrə onlarda olan bütün sübutların təqdim edilməsinə dair təklif;
60.2.8. ünvan sahibinin olmadığı təqdirdə, bildirişi qəbul edən şəxsin imkan olan kimi onu ünvan sahibinə vermək vəzifəsinə dair qeyd;
60.2.9. bildirişi qəbul etməkdən imtinaya və ya onun ünvan sahibinə çatdırmamasına görə bu Məcəllənin 531-ci maddəsində məsuliyyət nəzərdə tutulduğu barədə qeyd;
60.2.10. xəbər verilən və ya çağırılan şəxsin məhkəməyə və ya səlahiyyətli orqana gəlməməsinin nəticələri və gəlməməsinin səbəbləri barədə məlumat vermək vəzifəsinə dair qeyd.
60.3. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir.
60.4. Bildiriş bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada göndərildikdən sonra inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bildirişin məzmununun ötürülməsini təmin etməklə internet, telefon və ya digər rabitə vasitələri ilə də əlavə məlumat verilir.