I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

FƏSİL 11

 

İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçıları, onların hüquqları və vəzifələri

 

Maddə 61. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs

 

61.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır:

61.1.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq;

61.1.2. izahat vermək;

61.1.3. sübutlar təqdim etmək;

61.1.4. vəsatət və etirazlar vermək;

61.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək;

61.1.6. inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək;

61.1.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək;

61.1.8. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq;

61.1.9. yol hərəkəti qaydaları əleyhinə törədilən inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq.

61.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər.

61.3. İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun.

61.4. İnzibati xəta haqqında işə baxarkən hakim, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakını məcburi hesab edə bilər.

61.5. İnzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir.

61.6. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən işin hallarının müzakirəsi yetkinlik yaşına çatmayanlara mənfi təsir göstərə biləcəyi hallarda, onlar müvəqqəti olaraq işdə iştirakdan kənarlaşdırılırlar.

 

Maddə 62. Zərər çəkmiş şəxs

 

62.1. İnzibati xəta nəticəsində mənəvi, fiziki və ya maddi zərər dəymiş şəxs zərər çəkmiş şəxs sayılır.

62.2. Zərər çəkmiş şəxsin aşağıdakı hüquqları vardır:

62.2.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq;

62.2.2. izahat vermək;

62.2.3. sübutlar təqdim etmək;

62.2.4. vəsatət və etirazlar vermək;

62.2.5. hüquqi yardımdan istifadə etmək;

62.2.6. iş üzrə qəbul edilmiş qərardan şikayət vermək;

62.2.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək;

62.2.8. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq;

62.2.9. yol hərəkəti qaydaları əleyhinə törədilən inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq.

62.3. Zərər çəkmiş şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər.

62.4. İnzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun.

62.5. Zərər çəkmiş şəxs bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydada şahid kimi sorğu-sual edilə bilər.

 

Maddə 63. Fiziki şəxsin qanuni nümayəndələri

 

63.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir.

63.2. Valideynlər, övladlığa götürənlər, himayəçilər və qəyyumlar fiziki şəxsin qanuni nümayəndələri hesab olunurlar.

63.3. Bu Məcəllənin 63.1-ci maddəsində göstərilən şəxslərin qanuni nümayəndələri olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli vəzifəli şəxs qəyyumluq və himayəçilik orqanını qanuni nümayəndə hesab edir.

63.4. Fiziki şəxsin qanuni nümayəndəsi öz səlahiyyətlərini təsdiq edən sənədi hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) təqdim edir.

63.5. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya zərər çəkmiş şəxsin qanuni nümayəndəsi təmsil etdiyi şəxs barəsində bu Məcəllədə nəzərdə tutulmuş hüquqlara malikdir və vəzifələri daşıyır.

63.6. On səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir.

 

Maddə 64. Hüquqi şəxsin nümayəndəsi

 

64.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir.

64.2. Hüquqi şəxsin rəhbəri, habelə etibarnamə əsasında hüquqi şəxsin mənafelərinin təmsil edilməsi həvalə edilmiş digər şəxslər hüquqi şəxslərin nümayəndələri hesab edilirlər. Hüquqi şəxsin rəhbərinin səlahiyyəti onun qulluq mövqeyini təsdiq edən sənədlə, hüquqi şəxsin digər nümayəndələrinin səlahiyyəti etibarnamə ilə müəyyən edilir.

64.3. Hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun.

64.4. İnzibati xətalar haqqında işlərə baxarkən hakim hüquqi şəxsin nümayəndəsinin iştirakını məcburi hesab edə bilər.

 

Maddə 65. Müdafiəçi və nümayəndə

 

65.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraata müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə buraxılır.

65.2. Müdafiəçi qismində və nümayəndə kimi inzibati xəta haqqında iş üzrə icraatda vəkil və ya digər şəxslər iştirak edə bilərlər.

65.3. İnzibati xəta haqqında iş üzrə icraat başlandığı vaxtdan müdafiəçi və nümayəndə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak etməyə buraxılırlar. Törədilmiş inzibati xətaya görə fiziki şəxs barəsində inzibati qaydada tutma tətbiq edildiyi hallarda müdafiəçi həmin şəxs inzibati qaydada tutulduğu vaxtdan inzibati xəta haqqında iş üzrə icraatda iştirak etməyə buraxılır.

65.4. Müdafiəçinin və nümayəndənin aşağıdakı hüquqları vardır:

65.4.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq;

65.4.2. sübutlar təqdim etmək;

65.4.3. vəsatət və etirazlar vermək;

65.4.4. işin baxılmasında iştirak etmək;

65.4.5. inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək;

65.4.6. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq;

65.4.7. yol hərəkəti qaydaları əleyhinə törədilən inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq.

65.5. Müdafiəçi və nümayəndə bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilərlər.

65.6. Vəkilin səlahiyyəti vəkil qurumları tərəfindən verilən orderlə təsdiq edilir. Nümayəndənin səlahiyyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilən etibarnamə ilə təsdiq edilir.

 

Maddə 66. Vəkilin iştirakının məcburiliyi

 

66.1. İnzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, lal, kar, kor, fiziki və ya psixi qüsurlarına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. Göstərilən hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçidən imtinası qəbul olunmur.

66.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir.

66.3. Maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz.

 

Maddə 67. Şahid

 

67.1. İnzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar.

67.2. Şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur.

67.3. Şahidin özünə və yaxın qohumlarına qarşı izahat verməmək, tərcüməçinin köməyindən pulsuz istifadə etmək, izahatının doğru yazılması barədə protokola müvafiq qeydlər etmək hüququ vardır.

67.4. On dörd yaşı tamam olmamış şəxslər pedaqoji işçinin və ya psixoloqun iştirakı ilə sorğu-sual edilirlər.

67.5. Bilə-bilə yalan izahat verməyə görə inzibati məsuliyyət haqqında şahidə xəbərdarlıq edilir. Şahid izahat verməkdən imtina etdikdə və ya çağırış üzrə gəlməkdən qəsdən boyun qaçırdıqda o, bu Məcəllədə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilir.

Qeyd: Bu maddədə “yaxın qohumlar” dedikdə - valideynlər, uşaqlar, övladlığa götürənlər, övladlığa götürülənlər, doğma və ögey qardaş və bacılar, babalar, nənələr, nəvələr, habelə ər-arvad başa düşülür.

 

Maddə 68. Şahid kimi sorğu-sual edilə bilməyən şəxslər

 

68.0. Şahid kimi sorğu-sual edilə bilməyən şəxslər aşağıdakılardır:

68.0.1. fiziki və ya psixi qüsurlarına görə inzibati xəta haqqında iş üçün əhəmiyyətli olan hadisələri dərk edə bilməyən və onlar haqqında düzgün izahat verə bilməyən şəxs;

68.0.2. müdafiəçi vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq inzibati xəta törətmiş şəxsin ona bildirdiyi hallar haqqında inzibati xəta törətmiş şəxsin müdafiəçisi;

68.0.3. nümayəndə (qanuni nümayəndə) vəzifələrini icra etməsi ilə əlaqədar onlara məlum olmuş hallar haqqında fiziki şəxsin qanuni nümayəndəsi və ya hüquqi şəxsin nümayəndəsi.

 

Maddə 69. Hal şahidləri

 

69.1. İşin nəticəsində maraqlı olmayan yetkinlik yaşına çatmış şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak etmək üçün icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən hal şahidi kimi dəvət olunurlar. Hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz.

69.2. Şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər.

69.3. Hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir.

69.4. İnzibati xəta haqqında iş üzrə prosessual hərəkətlər barəsində hal şahidlərinin qeydləri protokolda göstərilir.

69.5. İnzibati xəta haqqında iş üzrə icraatda hal şahidləri bu Məcəllənin 67-ci maddəsinə uyğun olaraq şahid kimi sorğu-sual edilə bilərlər.

 

Maddə 70. Mütəxəssis

 

70.1. İnzibati xətalar haqqında işlərin nəticəsində şəxsən maraqlı olmayan, sübutların aşkar edilməsində, götürülməsində və rəsmiləşdirilməsində, habelə texniki vasitələrin tətbiq edilməsində kömək göstərilməsi üçün xüsusi biliyə malik olan şəxs icraatında inzibati xəta haqqında iş olan hakim, vəzifəli şəxs tərəfindən inzibati xətalar haqqında iş üzrə icraatda iştirak etmək üçün mütəxəssis kimi dəvət olunur.

70.2. Mütəxəssisin aşağıdakı vəzifələri vardır:

70.2.1. icraatında inzibati xəta haqqında iş olan hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı üzrə gəlmək;

70.2.2. sübutların aşkar edilməsində, götürülməsində, rəsmiləşdirilməsində iştirak etmək;

70.2.3. yerinə yetirdiyi hərəkətlər barədə izahatlar vermək;

70.2.4. yerinə yetirdiyi hərəkətlərin məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq etmək;

70.2.5. bu Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, mütəxəssisi dəvət etmiş hakimə, səlahiyyətli vəzifəli şəxsə özü-özünə etiraz etmə haqqında məlumat vermək.

70.3. Mütəxəssisin aşağıdakı hüquqları vardır:

70.3.1. iştirak etdiyi prosessual hərəkətin predmetinə aid olan iş üzrə materiallarla tanış olmaq;

70.3.2. icraatında inzibati xəta haqqında iş olan hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) icazəsi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, zərər çəkmiş şəxsə, şahidlərə iştirak etdiyi prosessual hərəkətin predmetinə aid olan suallar vermək;

70.3.3. aparılan hərəkətlərə dair qeydlər etmək və izahatlar vermək.

70.4. Bilə-bilə yalan izahat verməsinə görə inzibati məsuliyyət haqqında mütəxəssisə xəbərdarlıq edilir. Mütəxəssis öz vəzifələrini yerinə yetirməkdən imtina etdikdə və ya çağırış üzrə gəlməkdən qəsdən boyun qaçırdıqda o, bu Məcəllədə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilir.

 

Maddə 71. Ekspert

 

71.1. Elm, incəsənət, texnika və ya sənət sahəsində məsələlərin izahı üçün ekspertizanın aparılması və ekspert rəyinin verilməsi üçün kifayət qədər xüsusi biliyə malik olan və inzibati xəta haqqında işin nəticəsində şəxsən maraqlı olmayan şəxs ekspert kimi dəvət olunur.

71.2. Ekspertin vəzifələri aşağıdakılardır:

71.2.1. icraatında inzibati xəta haqqında iş olan hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı üzrə gəlmək;

71.2.2. təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək;

71.2.3. bu Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, ekspertizanı təyin etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) özü-özünə etiraz etmə haqqında məlumat vermək.

71.3. Verilən suallar ekspertin xüsusi biliyindən kənara çıxdıqda, tədqiqat obyektləri və iş üzrə materiallar rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda, ekspert rəy verməkdən imtina edir.

71.4. Ekspertin aşağıdakı hüquqları vardır:

71.4.1. ekspertizanın predmetinə aid olan iş üzrə materiallarla tanış olmaq;

71.4.2. iş üzrə rəy verilməsi üçün zəruri olan əlavə materialların təqdim olunması barədə vəsatət vermək;

71.4.3. ekspertizanın predmetinə aid olan məlumatların aydınlaşdırılması üçün icraatında inzibati xəta haqqında iş olan hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) icazəsi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, zərər çəkmiş şəxsə, şahidlərə suallar vermək;

71.4.4. qoyulmuş suallardan əlavə, ekspertizanın predmetinə aid olan və iş üçün əhəmiyyətli sayılan digər halları öz rəyində göstərmək.

71.5. Bilə-bilə yalan rəy verməsinə görə inzibati məsuliyyət haqqında ekspertə xəbərdarlıq edilir. Ekspert öz vəzifələrini yerinə yetirməkdən imtina etdikdə və ya çağırış üzrə gəlməkdən qəsdən boyun qaçırdıqda o, bu Məcəllədə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilir.

 

Maddə 72. Tərcüməçi

 

72.1. İnzibati xətalar haqqında işlərin nəticəsində şəxsən maraqlı olmayan, yetkinlik yaşına çatmış və tərcümə üçün zəruri olan dilləri bilən şəxs inzibati xətalar haqqında işlərin icraatında tərcüməçi ola bilər.

72.2. Tərcüməçi icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilir.

72.3. Tərcüməçi icraatında inzibati xəta haqqında iş olan hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı üzrə gəlməyə və ona tapşırılan tərcüməni tam və dəqiq yerinə yetirməyə və tərcümənin düzgünlüyünü öz imzası ilə təsdiq etməyə borcludur.

72.4. Bu Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, tərcüməçi onu dəvət etmiş səlahiyyətli vəzifəli şəxsə özü-özünə etiraz etmə haqqında məlumat verməlidir.

72.5. Bilə-bilə yanlış tərcümə etməsinə görə inzibati məsuliyyət haqqında tərcüməçiyə xəbərdarlıq edilir. Tərcüməçi təyin olunmuş şəxs öz vəzifələrini yerinə yetirməkdən imtina etdikdə və ya çağırış üzrə gəlməkdən qəsdən boyun qaçırdıqda o, bu Məcəllədə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilir.

 

Maddə 73. İnzibati xətalar haqqında işlər üzrə icraatda iştirakı rədd edən hallar

 

73.1. Əvvəllər həmin işlər üzrə digər iştirakçı qismində çıxış etmiş şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatda müdafiəçi və ya nümayəndə ola bilməzlər.

73.2. Mütəxəssis, ekspert və tərcüməçi aşağıdakı hallarda inzibati xəta haqqında iş üzrə icraatda iştirak edə bilməzlər:

73.2.1. inzibati xəta törətmiş şəxslə, zərər çəkmiş şəxslə, onun nümayəndəsi (qanuni nümayəndəsi) ilə, vəkillə, prokurorla, hakimlə, kollegial orqanının üzvü ilə və ya icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxslə qohumluq əlaqələri olduqda;

73.2.2. əvvəllər həmin işlər üzrə digər iştirakçı qismində iştirak etdikdə;

73.2.3. işin nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olması barədə kifayət qədər əsaslar olduqda.

 

Maddə 74. İnzibati xətalar haqqında işlər üzrə icraatda iştirakı rədd edilən şəxslərə etiraz etmə

 

74.1. Bu Məcəllənin 73-cü maddəsində nəzərdə tutulan hallar olduqda, vəkil, nümayəndə (qanuni nümayəndə), mütəxəssis, ekspert və ya tərcüməçi inzibati xətalar haqqında iş üzrə icraatda iştirak etməkdən kənar olmalıdırlar.

74.2. Özü-özünə etiraz etmə və ya etiraz etmə haqqında ərizə icraatında inzibati xəta haqqında iş olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) təqdim edilir.

74.3. Özü-özünə etiraz etmə və ya etiraz etmə haqqında ərizəyə baxaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) etirazın təmin edilməsi və ya təmin edilməməsi barədə qərardad qəbul edir.

Product Tour
Go to top