FƏSİL 14
İnzibati xəta haqqında iş üzrə icraata başlama
Maddə 99. İnzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər və əsas
99.1. İnzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır:
99.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi;
99.1.2. dövlət orqanlarından və təşkilatlarından və ya bələdiyyələrdən məlumatların daxil olması;
99.1.3. fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar.
99.2. Məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır.
99.3. Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır.
99.4. İnzibati xata haqqında iş üzrə icraat aşağıda göstərilən vaxtdan başlanılmış hesab edilir:
99.4.1. bu Məcəllənin 86-cı maddəsində nəzərdə tutulan tədbirləri tətbiq etmə haqqında ilk protokol tərtib edildikdə;
99.4.2. inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə;
99.4.3. bu Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan inzibati araşdırılma tələb olunduğu hallarda inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardad qəbul edildikdə.
99.5. Bu Məcəllənin 99.1.2 və 99.1.3-cü maddələrində göstərilən səbəblərin əsassız olduğu halda səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad qəbul edilir.
99.6. İnzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında qərardadın surəti bu Məcəllənin 99.1.2 və 99.1.3-cü maddələrində göstərilən məlumatları vermiş şəxslərə göndərilir.
99.7. Bu Məcəllənin 40.0.2 – 40.0.3-cü maddələrində nəzərdə tutulmuş səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında qərardadından onun rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə), prokurora və ya məhkəməyə şikayət verilə bilər.
Maddə 100. İnzibati xəta haqqında protokol
100.1. Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir:
100.1.1. protokolun tərtib edildiyi tarix və yer;
100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;
100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat;
100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti;
100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi;
100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı;
100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları;
100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar;
100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər;
100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar.
100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır.
100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır.
100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur.
100.5. Protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Maddə 101. İnzibati xəta haqqında protokolun tərtib edilməsi müddətləri
101.1. İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir.
101.2. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir.
101.3. İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir.
Maddə 102. İnzibati araşdırma
102.1. Sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları əleyhinə və bu Məcəllənin 602.1-ci və 602.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır[4].
102.2. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Prokuror isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edir.
102.3. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında qərardadda aşağıdakılar göstərilir:
102.3.1. qərardadın tərtib edildiyi yer və tarix;
102.3.2. qərardadı tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;
102.3.3. inzibati xəta haqqında iş üzrə icraatı başlamaq üçün səbəblər və əsaslar;
102.3.4. inzibati xətaya görə inzibati məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi.
102.4. İnzibati araşdırma inzibati xəta törədilən, yaxud aşkar edilən yerdə aparılır.
102.5. İnzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır.
102.6. İnzibati araşdırma başa çatdıqda, inzibati xəta haqqında protokol tərtib edilir və ya inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilir.
Maddə 103. Protokolun (prokurorun qərarının) baxılması üçün göndərilməsi
103.1. İnzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir.
103.2. İnzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir.
Maddə 104. İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması
104.1. İnzibati xəta haqqında iş üzrə icraat aşağıdakı hallarda dayandırılır:
104.1.1. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs qaçıb gizləndikdə və ya digər səbəblərdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin olduğu yer müəyyən edilmədikdə;
104.1.2. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin ağır xəstəliyi ilə əlaqədar inzibati xəta haqqında iş üzrə icraatda iştirakı mümkün olmadıqda;
104.1.3. inzibati xətanı törədən şəxs müəyyən olunmadıqda.
104.2. İnzibati xətalar haqqında iş üzrə icraatın dayandırılmasına qədər səlahiyyətli vəzifəli şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan həyata keçirilməsi mümkün olan bütün prosessual hərəkətləri aparmalı, bu Məcəllənin 104.1.1 və 104.1.3-cü maddələrində nəzərdə tutulmuş və inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması üçün səbəb olmuş halların aradan qaldırılması üçün bütün tədbirləri görməlidir.
104.3. İnzibati xəta haqqında iş üzrə icraat səlahiyyətli vəzifəli şəxsin qərarı ilə dayandırılır. İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir.
104.4. İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərarı qəbul edən səlahiyyətli vəzifəli şəxs 48 saat ərzində həmin qərarın surətini müvafiq prokurora göndərməlidir.
104.5. Prokuror inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərarı aldığı vaxtdan bir ay müddətində həmin qərarın qəbul edilməsində bu Məcəllənin 104.1-ci maddəsinin tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin yoxlama ilə əlaqədar prokuror müvafiq qərarı qəbul edən səlahiyyətli vəzifəli şəxsdən inzibati xəta haqqında iş üzrə icraatın materiallarını tələb etdikdə, materiallar bir gün ərzində prokurora təqdim edilməlidir.
104.6. Prokuror inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərarın bu Məcəllənin 104.1-ci maddəsi pozulmaqla qəbul edildiyini müəyyən etdikdə, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edir və onun surətini qərarı qəbul etmiş səlahiyyətli vəzifəli şəxsə göndərir. Bu halda prokuror həmçinin səlahiyyətli vəzifəli şəxs barəsində bu Məcəllənin 596.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edir.
104.7. İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edildikdə və ya bu Məcəllənin 104.1.1 - 104.1.3-cü maddələrində göstərilən hallar aradan qaldırıldıqda, səlahiyyətli vəzifəli şəxsin qərarı ilə inzibati xəta haqqında iş üzrə icraat təzələnir və bu barədə 48 saat ərzində müvafiq prokurora yazılı məlumat verilir.
104.8. Bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə inzibati xəta haqqında iş üzrə dayandırılmış icraata xitam verilir.
Qeyd: Bu Məcəllənin 104.4 – 104.7-ci və 596-cı maddələrində “səlahiyyətli vəzifəli şəxs” dedikdə hakim nəzərdə tutulmur.
Maddə 105. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi
105.1. Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir.
105.2. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir.