I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

 

FƏSİL 15

 

İnzibati xəta haqqında işlərə baxılması

 

Maddə 106. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması

 

106.0. Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir:

106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi;

106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu;

106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi;

106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu;

106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı;

106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı;

106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı.

 

Maddə 107. Hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən işin baxılmasını istisna edən hallar

 

107.0. İnzibati xəta haqqında işin baxılması icraatına verilmiş hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs aşağıdakı hallarda bu işə baxa bilməz:

107.0.1. o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, onların qanuni nümayəndələrinin, müdafiəçinin və ya nümayəndənin qohumudursa;

107.0.2. o, şəxsən düzünə və ya dolayısı ilə işin həllində maraqlıdırsa.

 

Maddə 108. Hakimin, kollegial orqanın üzvünün, vəzifəli şəxsin özü-özünə etiraz etməsi və ya onlara etiraz etmə

 

108.1. Bu Məcəllənin 107-ci maddəsində nəzərdə tutulan hallardan biri olduqda hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs özü-özünə etiraz etməlidir. Özü-özünə etiraz etmə barədə ərizə müvafiq məhkəmənin sədrinə, kollegial orqanın sədrinə, yuxarı vəzifəli şəxsə verilir.

108.2. Bu Məcəllənin 107-ci maddəsində nəzərdə tutulan hallardan biri olduqda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, zərər çəkmiş şəxs, fiziki şəxsin qanuni nümayəndəsi və ya hüquqi şəxsin nümayəndəsi, müdafiəçi, nümayəndə və ya prokuror tərəfindən hakimə, kollegial orqanın üzvünə və ya vəzifəli şəxsə etiraz edir.

108.3. Ərizəyə icraatında inzibati xəta haqqında iş olan hakim, kollegial orqan və vəzifəli şəxs tərəfindən baxılır.

108.4. Ərizəyə baxmanın nəticəsi barədə onun təmin edilməsi və ya təmin edilməməsi haqqında qərardad qəbul edilir.

 

Maddə 109. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı qərarın (qərardadın) qəbul edilməsi

 

109.1. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir:

109.1.1. işin baxılması tarixinin və yerinin təyin edilməsi;

109.1.2. işin baxılmasında iştirak etmək üçün bu Məcəllənin 61-67-ci, 69-72-ci maddələrində göstərilən şəxslərin çağırılması;

109.1.3. iş barəsində zəruri olan əlavə materialların tələb edilməsi;

109.1.4. ekspertizanın təyin edilməsi;

109.1.5. işə baxılmanın təxirə salınması;

109.1.6. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması;

109.1.7. əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi.

109.2. Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir.

109.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin, hüquqi şəxsin nümayəndəsinin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsinin, habelə şahidlərin üzrlü səbəblər olmadan çağırış üzrə gəlməkdən qəsdən boyun qaçırması nəticəsində inzibati xəta haqqında iş üzrə icraatın baxılması təxirə salındıqda, bu isə inzibati xəta haqqında işin hallarının tam, ətraflı, obyektiv və vaxtında araşdırılmasına və onun ədalətli həll olunmasına mane olarsa, inzibati xətanın baxıldığı yer üzrə məhkəmə həmin şəxslərin gətirilməsi barədə qərardad qəbul edə bilər.

 

Maddə 110. İnzibati xəta haqqında işin baxılması yeri

 

110.1. İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər.

110.2. Yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında işlərə şəxsin yaşadığı yer üzrə baxılır.

110.3. Nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır.

 

Maddə 111. İnzibati xətalar haqqında işlərə baxılması müddətləri

 

111.1. İnzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır.

111.2. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının vəsatəti və ya əlavə müəyyən edilməli hallar olarsa, işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) özünün əsaslandırılmış qərardadı ilə işin baxılmasını bir ayadək müddətə uzadır.

111.3. İnzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır.

 

Maddə 112. İnzibati xəta haqqında işə baxılma qaydası

 

112.1. İnzibati xəta haqqında işə baxılarkən:

112.1.1. işə baxan şəxs, baxılan işin qısa məzmunu, işinə baxılan şəxs elan olunur;

112.1.2. inzibati məsuliyyətə cəlb edilən fiziki şəxsin və ya hüquqi şəxsin qanuni nümayəndəsinin, habelə işin baxılmasında iştirak edən digər şəxslərin iştirakı müəyyənləşdirilir;

112.1.3. fiziki şəxsin qanuni nümayəndəsinin və hüquqi şəxsin nümayəndəsinin, müdafiəçinin və nümayəndənin səlahiyyətləri müəyyən edilir;

112.1.4. iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir;

112.1.5. işin baxılmasında iştirak edən şəxslərə onların hüquqları və vəzifələri izah olunur;

112.1.6. edilmiş etirazlar və verilmiş vəsatətlər həll edilir.

112.2. Aşağıda göstərilən hallarda işə baxılmanın başqa vaxta keçirilməsi barədə qərardad qəbul edilir:

112.2.1. əgər etiraz etmə işin mahiyyəti üzrə baxılmasına mane olursa, özü-özünə etiraz etmə və ya işə baxan hakimə, vəzifəli şəxsə, yaxud kollegial orqanın üzvünə etiraz etmə barədə ərizə daxil olduqda;

112.2.2. mütəxəssisə, ekspertə və ya tərcüməçiyə etiraz etmə işin mahiyyəti üzrə baxılmasına mane olduqda;

112.2.3. işdə iştirak edən şəxsin gəlməsi və ya əlavə sənədlərin tələb olunması, yaxud ekspertizanın təyin edilməsi vacib olduqda.

112.3. Bu Məcəllənin 109.3-cü maddəsinə müvafiq olaraq iştirakı məcburi olan şəxsin gətirilməsi barədə qərardad çıxarılır.

112.4. Bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır.

112.5. İşə baxılma davam edərsə, inzibati xəta haqqında protokol, zəruri hallarda isə işin digər materialları elan edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin, hüquqi şəxsin nümayəndəsinin, inzibati xəta haqqında iş üzrə icraatda iştirak edən digər şəxslərin, habelə mütəxəssisin izahatları, ekspertin rəyi dinlənilir, digər sübutlar araşdırılır, işə baxılmada prokuror iştirak etdikdə, onun rəyi dinlənilir.

 

Maddə 113. İnzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunun məzmunu

 

113.1. İnzibati xəta haqqında işə kollegial orqan və ya məhkəmə tərəfindən baxılarkən iclas protokolu tərtib olunur.

113.2. İnzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda aşağıdakılar göstərilir:

113.2.1. işə baxılmanın tarixi və yeri, iclasın başlanma və qurtarma vaxtı;

113.2.2. işə baxan kollegial orqanın adı və tərkibi, yaxud hakimin və məhkəmə iclasının katibinin adı;

113.2.3. baxılan işin qısa məzmunu;

113.2.4. işdə iştirak edən şəxslərin gəlməsi haqqında məlumatlar;

113.2.5. işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrinin elan edilməsinə dair məlumatlar;

113.2.6. etirazlar, vəsatətlər və onların baxılmasının nəticələri;

113.2.7. işə baxılmasında iştirak edən şəxslərin izahatları və rəyləri;

113.2.8. iclas vaxtı edilmiş çıxışların məzmunu;

113.2.9. işə baxılarkən tədqiq edilən sənədlər barədə məlumatlar;

113.2.10. yazılı sübutların elan edilməsinə dair məlumatlar, maddi sübutların müayinəsinə, səs yazılarının dinlənilməsinə, videoyazılara baxılmasına dair məlumatlar;

113.2.11. işdə iştirak edən şəxslərə protokolla tanış olmaq və ona dair qeydlər vermək hüquqlarının izah olunmasına dair məlumatlar;

113.2.12. protokolun tərtib olunma tarixi.

113.3. Kollegial orqanın iclasının protokolu iclasa sədrlik edən və katib tərəfindən, məhkəmə iclasının protokolu isə hakim və məhkəmə iclasının katibi tərəfindən imzalanır.

113.4. Protokol inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas qurtardıqdan sonra 5 gündən gec olmayaraq tərtib edilməli və imzalanmalıdır.

 

Maddə 114. İnzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad)

 

114.1. İnzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır:

114.1.1. inzibati tənbeh vermə haqqında;

114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında;

114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında;

114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında.

114.2. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar aşağıdakı hallarda çıxarılır:

114.2.1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda;

114.2.2. bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanınagöndərildikdə;

114.2.3. inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə;

114.2.4. bu Məcəllənin 16.2-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya (kollegial orqana) göndərildikdə.

114.3. İnzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır.

114.4. Səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad) ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Həmin qərarın (qərardadın) formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

 

Maddə 115. İnzibati xəta haqqında iş üzrə qərar

 

115.1. İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir:

115.1.1. qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi;

115.1.2. işin baxılması tarixi və yeri;

115.1.3. işinə baxılan şəxs haqqında məlumat;

115.1.4. işə baxılarkən müəyyən edilmiş hallar;

115.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü;

115.1.6. inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd;

115.1.7. iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi;

115.1.8. qərardan şikayət verilməsi müddəti və qaydası.

115.2. İnzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir.

115.3. İnzibati xətaya görə inzibati həbs növündə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində məcburi müalicənin tətbiqi məsələsi hakim tərəfindən həll edilir.

115.4. İnzibati xəta haqqında iş üzrə qərarda götürülmüş əşyalar və sənədlər barədə məsələlər aşağıdakı qaydada həll olunmalıdır:

115.4.1. dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir;

115.4.2. dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına verilməli, yaxud məhv edilməlidir;

115.4.3. maddi sübut hesab edilən sənədlər inzibati xəta haqqında işdə müəyyən edilmiş saxlama müddəti ərzində saxlanılır və ya sahibinə verilir;

115.4.4. alınmış orden, medal, döş nişanları onların qanuni sahibinə qaytarılır, qanuni sahib müəyyən edilmədikdə isə müvafiq icra hakimiyyəti orqanına göndərilir.

115.5. İnzibati xəta haqqında iş üzrə qərar onu qəbul etmiş hakim, kollegial orqanın iclasına sədrlik edən şəxs, habelə vəzifəli şəxs tərəfindən imzalanır.

 

Maddə 116. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi

 

116.1. Eyni inzibati xətanının inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 209, 279.0.1, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 536, 537.2, 539 – 544, 551.2, 557.2, 603, 604, 606.2 və 606.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır.

116.2. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur.

116.3. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir.

116.4. İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir.

 

Maddə 117. İnzibati xəta haqqında iş üzrə qərarın elan edilməsi

 

117.1. İnzibati xəta haqqında iş üzrə qərar onun baxılmasından dərhal sonra elan olunur.

117.2. Qərarın surəti iki gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə və zərər çəkmiş şəxsə verilir.

 

Maddə 118. İnzibati xəta haqqında iş üzrə qərardad

 

118.1. İnzibati xəta haqqında qərardadda aşağıdakılar göstərilir:

118.1.1. qərardad çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi;

118.1.2. ərizənin, vəsatətin, işin materiallarının baxılma tarixi və yeri;

118.1.3. ərizə, vəsatət vermiş və ya işinə baxılan şəxs haqqında məlumat;

118.1.4. ərizənin, vəsatətin məzmunu;

118.1.5. ərizəyə, vəsatətə, işin materiallarına baxılarkən müəyyən edilən hallar;

118.1.6. ərizəyə, vəsatətə, işin materiallarına baxılmasının nəticəsi.

118.2. İnzibati xəta haqqında iş üzrə qərardad onu qəbul etmiş hakim, kollegial orqanın iclasına sədrlik edən şəxs və vəzifəli şəxs tərəfindən imzalanır.

 

Maddə 119. İnzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aradan qaldırmaq haqqında təqdimat

 

119.1. İnzibati xəta haqqında işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti müəyyən etdikdə, müvafiq müəssisə, idarə və təşkilatlara, vəzifəli şəxslərə onların aradan qaldırılması üçün tədbirlər görmək haqqında təqdimat verir.

119.2. Təqdimatın alındığı gündən bir ay ərzində həmin müəssisələr, idarələr, təşkilatlar, habelə vəzifəli şəxslər təqdimat vermiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) görülən tədbirlər haqqında məlumat verməyə borcludurlar.

 

Product Tour
Go to top