"Be faithful to that which exists within yourself."
Andre Gide

V BÖLMƏ

 

İnzibati xəta haqqında iş üzrə qərarın icrası

 

FƏSİL 18

 

Ümumi müddəalar

 

Maddə 138. İnzibati xəta haqqında iş üzrə qərarın, şikayət ya protest üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə minməsi

 

138.1. İnzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar aşağıdakı hallarda qanuni qüvvəyə minir:

138.1.1. əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün;

138.1.2. əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün;

138.1.3. apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra.

 

Maddə 139. İnzibati xəta haqqında iş üzrə qərarın icrasının məcburiliyi

 

139.1. İnzibati xəta haqqında iş üzrə qərarın icrası bütün dövlət orqanları, bələdiyyələr, vəzifəli şəxslər, fiziki şəxslər, hüquqi şəxslər üçün məcburidir.

139.2. İnzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi vaxtdan dərhal icra olunmalıdır.

 

Maddə 140. İnzibati xəta haqqında iş üzrə qərarın icraya yönəldilməsi

 

İnzibati xəta haqqında iş üzrə qərarın icraya yönəldilməsi vəzifəsi hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə qoyulur.

 

Maddə 141. İnzibati xəta haqqında iş üzrə qərarın icrası

 

141.1. İnzibati xəta haqqında iş üzrə qərar bu Məcəllədə və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada icra edilir.

141.2. Məhkəmələr tərəfindən baxılan inzibati xətalara dair işlər üzrə inzibati cərimə tətbiq edilməsi barədə qərarlar, bu Məcəllənin 142, 143, 144.1, 145, 146.3, 147, 150.2, 150.8, 150.9 və 150.10-cu maddələrinin tələbləri nəzərə alınmaqla, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq icra edilir.

141.3. Bir şəxs barəsində bir neçə inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edildikdə, hər bir qərarın icrası müstəqil həyata keçirilir.

 

Maddə 142. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar məsələlərin həll edilməsi

 

142.1. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasının təxirə salınması, dayandırılması, onun icrasına möhlət və ya xitam verilməsi, yaxud yetkinlik yaşına çatmayan şəxsin üzərinə qoyulmuş cərimənin onun valideynlərindən və ya digər qanuni nümayəndələrindən tutulması məsələlərinin baxılmasına əsaslar olduqda, həmin məsələlərə qərarı çıxarmış hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən üç gün müddətində baxılır.

142.2. Bu Məcəllənin 142.1-ci maddəsində göstərilən məsələlərin həllində maraqlı olan şəxslərə həmin məsələlərə baxılmanın yeri və vaxtı barədə məlumat verilir. Maraqlı şəxslərin üzrlü səbəblər olmadan iştirak etməmələri göstərilən məsələlərə baxılması üçün maneə yaratmır.

142.3. Qərarın icrasının təxirə salınması, dayandırılması, onun icrasına möhlət və ya xitam verilməsi, yaxud yetkinlik yaşına çatmayan şəxsin üzərinə qoyulmuş cərimənin onun valideynlərindən və ya digər qanuni nümayəndələrindən tutulması barədə qərardad qəbul edilir. Qərardadın surəti, barəsində bu qərardad qəbul edilmiş fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, yetkinlik yaşına çatmayan şəxsin qanuni nümayəndəsinəhabelə zərər çəkmiş şəxsə bu barədə müvafiq qeyd aparılmaqla verilir.

 

Maddə 143. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasının təxirə salınması və ya onun icrasına möhlət verilməsi

 

143.1. İnzibati həbs, inzibati xəta törətmiş fiziki şəxsin ona verilmiş xüsusi hüququnun məhdudlaşdırılması və ya inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın müəyyən edilmiş müddətdə icrasının həyata keçirilməsini qeyri-mümkün edən hallar mövcud olduqda, qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın icrasını bir ayadək müddətə təxirə salır.

143.2. İnzibati məsuliyyətə cəlb olunan şəxsin maddi vəziyyəti nəzərə alınmaqla, inzibati cərimənin ödənilməsi bu barədə qərar qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən altı ayadək müddətə uzadıla bilər.

 

Maddə 144. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasının dayandırılması

 

144.1. Qərardan şikayət və ya protest verildikdə, inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin qərarın icrasını şikayətə və ya protestə baxılanadək dayandırır. İcranın dayandırılması barədə qərardad qəbul edilir və qərardad dərhal onu icra edən orqana (vəzifəli şəxsə) göndərilir.

144.2. İnzibati həbs və ya ictimai işlər növündə tənbeh tətbiq etmə haqqında qərardan şikayət və ya protest verilməsi həmin qərarın icrasının dayandırılmasına səbəb olmur.

 

Maddə 145. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsi

 

145.1. İnzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) aşağıdakı hallarda qərarın icrasına xitam verir:

145.1.1. bu Məcəllənin inzibati məsuliyyət müəyyən edən müvafiq müddəaları qüvvədən düşmüş hesab edildikdə;

145.1.2. barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs öldükdə və ya Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada ölmüş hesab edildikdə;

145.1.3. inzibati tənbeh tətbiq etmə haqqında qərarın bu Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş icra müddəti keçdikdə;

145.1.4. bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda;

145.1.5. ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası zamanı bu Məcəllənin 28.4-cü maddəsində nəzərdə tutulmuş hallar yarandıqda;

145.1.6. barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə.

145.2. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsi barədə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qərardad qəbul edilir.

 

Maddə 146. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icra müddəti

 

146.1. Bu Məcəllənin 22.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh istisna olmaqla, digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməmişdirsə, daha icra edilmir.

146.2. İnzibati məsuliyyətə cəlb edilmiş şəxs inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasından boyun qaçırarsa, bu Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş müddətin axımı dayanır. Belə halda icra müddəti həmin şəxsin tutulduğu vaxtdan hesablanır.

146.3. Bu Məcəllənin 142 - 144-cü maddələrinə uyğun olaraq inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına möhlət verildikdə və ya onun icrası dayandırıldıqda, qərarın icrası müddətinin axımı möhlət verilmə və ya dayandırılma müddəti bitənədək dayanır.

 

Maddə 147. İnzibati tənbeh tətbiq etmə haqqında qərar üzrə icraatın başa çatması

 

İnzibati tənbehin tətbiqi üzrə icraat tamamilə başa çatdıqda, bu barədə müvafiq qeyd aparılmaqla, inzibati tənbeh tətbiq etmə haqqında qərar, onun icrasını həyata keçirən səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin qərarı qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılır.

 

Maddə 148. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan və Azərbaycan Respublikasının ərazisində əmlakı olmayan şəxs barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası

 

Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan və Azərbaycan Respublikasının ərazisində əmlakı olmayan şəxs barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq icra edilir.

 

Product Tour
Go to top