Xüsusi hissə
İnzibati xətalar
Sağlamlıq əleyhinə olan inzibati xətalar
Maddə 157. Döymə
Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -
beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.
Maddə 158. Məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulması
158.1. Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərə görə-
yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
158.2. Məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə-
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
158.3. Məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyadan keçmədən fəaliyyət göstərməsinə görə-
otuz beş manatdan əlli manatadək məbləğdə cərimə edilir.
Qeyd:
1. Bu Məcəllənin 158.1 və 158.2-ci maddələrində “şəxs” dedikdə, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində nəzərdə tutulmuş şəxslər başa düşülür.
2. Bu Məcəllənin 158.1 və 158.2-ci maddələri həmin maddələrdə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.
Maddə 159. Zöhrəvi xəstəliklərə yoluxmuş şəxsin müalicədən boyun qaçırması
Zöhrəvi xəstəliklərə yoluxduğu barədə kifayət qədər məlumatı olan şəxsin səhiyyə orqanları tərəfindən xəbərdarlıq edildikdən sonra da müalicədən boyun qaçırmasına görə-
yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.
Maddə 160. Zöhrəvi xəstəliklərə və ya insanın immunçatışmazlığı virusuna yoluxmuş şəxslə əlaqədə olmuş şəxsin müayinədən boyun qaçırması
Zöhrəvi xəstəliklərə və ya insanın immunçatışmazlığı virusuna yoluxmuş şəxslə əlaqədə olmuş və müayinəyə ehtiyacı olan şəxsin səhiyyə orqanları tərəfindən xəbərdarlıq edildikdən sonra da müayinədən boyun qaçırmasına görə-
səksən manatdan yüz iyirmi manatadək məbləğdə cərimə edilir.
Maddə 161. Zöhrəvi xəstəliklərə və ya insanın immunçatışmazlığı virusuna yoluxma mənbəyinin gizlədilməsi
161.1. Zöhrəvi xəstəliyi olan şəxs tərəfindən yoluxma mənbəyinin, habelə onunla əlaqədə olub, zöhrəvi xəstəliklərə yoluxma təhlükəsi yaradan şəxsin adının gizlədilməsinə görə-
yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.
161.2. İnsanın immunçatışmazlığı virusuna yoluxmuş şəxs tərəfindən yoluxma mənbəyinin, habelə onunla əlaqədə olub, insanın immunçatışmazlığı virusuna yoluxma təhlükəsi yaradan şəxsin adının gizlədilməsinə görə-
iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 162. Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında qanunvericiliyin pozulması
162.1. Donor olmaq istəyən şəxs tərəfindən əvvəllər keçirdiyi və hazırkı xəstəlikləri, həmçinin narkotik vasitələr və psixotrop maddələr qəbul edib-etməməsi barədə düzgün məlumatın verilməməsinə görə-
otuz manatdan qırx manatadək məbləğdə cərimə edilir.
162.2. Tibbi müayinə keçirilmədən donordan qanın, qan komponentlərinin götürülməsinə görə-
fiziki şəxslər qırx manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər əlli manatdan altmış beş manatadək məbləğdə, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.
162.3. Müalicə müəssisələri tərəfindən qanın, qan komponentlərinin resipiyentə köçürülməsi nəticəsində baş verən hər hansı ciddi əlavə təsirlər barədə köçürülən qanın, qan komponentlərinin tədarükünü edən qan xidməti müəssisəsinə (qan bankına) və müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsinə görə-
fiziki şəxslər qırx manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər əlli manatdan altmış beş manatadək məbləğdə, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.
Maddə 163. Qeysəriyyə kəsiyi əməliyyatının qanunsuz aparılması
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tibbi əsaslar olmadan qeysəriyyə kəsiyi əməliyyatının aparılmasına görə-
vəzifəli şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.