I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

FƏSİL 23

 

Əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xətalar

 

 

Maddə 210. Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma

 

210.1. Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə-

fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.

210.2. Qanunvericiliklə müəyyən edilmiş qaydada verilən müvafiq diplom və ya xüsusi icazə olmadan xalq təbabəti ilə məşğul olmağa görə-

dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 211. Sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulması

 

Müəssisələrdə, idarələrdə, təşkilatlarda sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulmasına görə-

yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 212. Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi

 

212.1. Bu Məcəllənin 299, 305, 306.4, 318 və 322.0.4-cü maddələrində nəzərdə tutulan yerlər istisna olmaqla, “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş digər yerlərdə siqaret çəkməyə görə-

otuz manat məbləğində cərimə edilir.

212.2. Müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə-

vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.

 

Maddə 213. Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında qanunvericiliyin pozulması

 

213.0. Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında qanunvericiliyin pozulmasına, yəni:

213.0.1. süni qida məhsullarının reklamında ana südünün üstünlüyünün qeyd olunmamasına;

213.0.2. uşaqların qidalanması ilə bağlı elmi tədqiqat işlərinin müvafiq icra hakimiyyəti orqanının müsbət rəyi olmadan maliyyələşdirilməsinə;

213.0.3. süni qida məhsullarının satışını artırmaq məqsədi ilə tibb işçilərinin və onların ailə üzvlərinin bu və ya digər formada həvəsləndirilməsinə görə -

fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi yüz əlli manatdan min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 214. Uşaqların icbari dispanserizasiyası haqqında qanunvericiliyin pozulması

 

214.1. Uşağın qanuni nümayəndəsi tərəfindən dispanserizasiya ilə əlaqədar tibb işçilərinin göstərişlərinin yerinə yetirilməməsinə və ya həkimin çağırışı ilə uşağın aidiyyəti tibb müəssisəsinə gətirilməməsinə və ya daimi yaşayış yerini dəyişdikdə, ərazi üzrə tibb müəssisəsinə uşağın uçota alınması üçün bir ay müddətində müraciət edilməməsinə görə-

xəbərdarlıq edilir və ya iyirmi manat məbləğində cərimə edilir.

214.2. Dispanserizasiya tədbirlərinin keçirilməsi ilə əlaqədar uşaqların illik tibbi baxışdan və zəruri müayinələrdən keçirilməməsinə, uşaqların sağlamlıq vəziyyətinin müəyyən edilməməsinə və qiymətləndirilməməsinə və ya hər uşaqla bağlı aparılmış müayinə və müalicə-sağlamlaşdırıcı tədbirlərin registrinin aparılmamasına, yaxud uşaqlar arasında xəstəliklərin səbəbləri aşkar edildikdən sonra onların aradan qaldırılması üzrə sosial, sanitariya-gigiyena, epidemiya əleyhinə və müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməməsinə, yaxud xəstə və xəstələnmə riski olan uşaqların tibbi-sosial müəssisələrdə yerləşdirilməməsinə görə-

fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər beş yüz manat məbləğində cərimə edilir.

 

Maddə 215. Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması

 

215.1. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə -

fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

215.2. Tibb işçiləri öz vəzifələrini yerinə yetirərkən, ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi tələb olunan şəxsləri bu yardımı göstərən tibb müəssisələrinə göndərmədiklərinə görə -

fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 216. Təhsil və ya tibb müəssisələrində sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulması

 

Təhsil və ya tibb müəssisələrində sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulmasına görə-

iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 217. Nəqliyyatda sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin pozulması

 

Qanunvericiliklə müəyyən edilmiş sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin nəqliyyatda pozulmasına görə-

yetmiş manatdan yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 218. Tibbi, kosmetoloji, bərbərxana xidmətləri, eləcə də qan və digər bioloji mayelərlə təması nəzərdə tutan digər xidmətlər göstərilərkən universal təhlükəsizlik tədbirlərinin pozulması

 

Tibbi, kosmetoloji, bərbərxana xidmətləri, eləcə də qan və digər bioloji mayelərlə təması nəzərdə tutan digər xidmətlər göstərilərkən universal təhlükəsizlik tədbirlərinin pozulmasına görə-

fiziki şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 219. Yaşayış məntəqələrinin və ya müəssisələrin, onların buraxılış komplekslərinin, binalarının, qurğularının layihələşdirilməsi, tikilməsi, yenidən qurulması, təkmilləşdirilməsi, yeni texnika ilə təchiz olunması zamanı sanitariya-epidemioloji salamatlığı təmin etməyə yönəldilmiş normaların, qaydaların və normativlərin pozulması

 

Sanitariya-epidemioloji salamatlığı təmin etməyə yönəldilmiş normalara, qaydalara və normativlərə əməl etmədən, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan yaşayış məntəqələrinin və ya mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, onların buraxılış komplekslərinin, binalarının, qurğularının layihələşdirilməsinə, tikilməsinə, yenidən qurulmasına, təkmilləşdirilməsinə, yeni texnika ilə təchiz olunmasına görə-

fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 220. Əhalinin qidalanmasının təşkilinə, yeyinti məhsullarının istehsalına, saxlanmasına, daşınmasına və satışına dair sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin pozulması

 

220.1. Xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalarda, restoranlarda, kafelərdə, barlarda və sair) əhalinin qidalanmasının təşkilinə və ya yeməklərin və içkilərin hazırlanmasına, onların saxlanmasına və əhaliyə satılmasına dair sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin pozulmasına görə-

fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.

220.2. Yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin pozulmasına görə-

fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 221. Dərman vasitələrinin qanunsuz dövriyyəsi

 

Bilə-bilə keyfiyyətsiz, normativ texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə-

inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə onun dəyərinin səksən faizindən yüz faizinədək məbləğdə cərimə edilir.

Qeyd: Bu maddədə “az miqdar” dedikdə, min manatadək olan məbləğ başa düşülür.

 

Maddə 222. Ekoloji təmiz kənd təsərrüfatı haqqında qanunvericiliyin pozulması

 

Ekoloji təmiz kənd təsərrüfatının tələblərinə cavab verməyən kənd təsərrüfatı və ərzaq məhsullarına ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının milli əmtəə nişanının vurulmasına, ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi ilə məşğul olan şəxslər tərəfindən həmin məhsulların ənənəvi üsullarla istehsal edilmiş məhsullarla qarışdırılmasına və spesifikliyinin qorunmamasına görə-

fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.

 

Maddə 223. Rəsmi tibbi icazə sənədləri olmadan bədən tərbiyəsi və idmanla məşğul olmağa cəlb etmə və idman yarışlarına buraxma

 

Məktəbdənkənar təhsil müəssisələri və bədən tərbiyəsi-idman təşkilatları tərəfindən uşaq və gənclərin qanunvericiliyə uyğun olaraq verilmiş rəsmi tibbi icazə sənədləri olmadan bədən tərbiyəsi və idmanla məşğul olmağa cəlb edilməsinə və ya idman yarışlarına buraxılmasına görə-

vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 224. Dopinq vasitələrindən və (və ya) metodlarından istifadə və ya istifadəni təbliğ etmə

 

Dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə və ya istifadəni təbliğ etməyə görə-

fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 225. Dərman vasitələrinin və qidaların tərkibinə dopinq vasitələri əlavə etməklə onların saxtalaşdırılması, satılması, həmçinin dopinq vasitələrinin hazırlanmasının, istehsalının, istifadəsinin vasitə və metodları, onların əldə edilməsi mümkün olan yerlər haqqında məlumatların yayılması

 

225.1. Dərman vasitələrinin və qidaların tərkibinə dopinq vasitələri əlavə etməklə onların saxtalaşdırılmasına və ya satılmasına görə-

fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.

225.2. Dopinq vasitələrinin hazırlanmasının, istehsalının, istifadəsinin vasitə və metodları, onların əldə edilməsi mümkün olan yerlər haqqında məlumatların yayılmasına görə-

fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 226. Dopinq nəzarəti qaydalarının pozulması

 

Bədən tərbiyəsi-idman təşkilatları, idmançılar, məşqçilər, həkimlər və digər mütəxəssislər tərəfindən dopinq nəzarəti qaydalarının pozulmasına görə -

yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.

Product Tour
Go to top