FƏSİL 26
Sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan inzibati xətalar
Maddə 276. Sənaye sahələrində işlərin təhlükəsiz görülməsinə dair qaydaların və normaların pozulması
276.1. Sənaye sahələrində və təhlükə potensiallı obyektlərdə işlərin təhlükəsiz görülməsinə dair qaydaların və normaların pozulmasına görə -
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
276.2. Müvafiq icra hakimiyyəti orqanının nəzarəti altında olan obyektlərdə işlərin təhlükəsiz görülməsinə dair qaydaların pozulmasına görə -
beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 277. Sənaye sahələrində partlayıcı materialların saxlanmasına, işlədilməsinə və uçotuna dair qaydaların və normaların pozulması
Sənaye sahələrində və təhlükə potensiallı obyektlərdə partlayıcı materialların saxlanmasına, işlədilməsinə və uçotuna dair qaydaların və normaların pozulmasına görə-
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 278. Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında qanunvericiliyin pozulması
278.0. Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında qanunvericiliyin pozulmasına, yəni:
278.0.1. dövlət əhəmiyyətli xüsusi mühafizə olunan hidrotexniki qurğuların mühafizə zonalarının hüdudlarında (dəniz qurğularında yerləşən quyularda quyudaxili partlayış işləri istisna olmaqla) partlayış işlərinin aparılması və yeraltı təbii ehtiyatların istismarı, yaxud qurğulara və ətraf mühitə fiziki, kimyəvi və bioloji təsir göstərə bilən obyektlərin yerləşdirilməsinə və fəaliyyət göstərməsinə;
278.0.2. hidrotexniki qurğuların layihələndirilməsi, tikintisi və istismarı mərhələlərində, eləcə də onların yenidən qurulması, əsaslı təmiri, bərpası və konservasiyasından sonra qurğunun mülkiyyətçisi və ya istismarçısı tərəfindən hidrotexniki qurğunun təhlükəsizlik bəyannaməsinin tərtib edilməməsinə;
278.0.3. hidrotexniki qurğunun mülkiyyətçisi və istismarçısı tərəfindən təhlükəsizlik bəyannaməsində düzgün olmayan məlumatların göstərilməsinə görə-
vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 279. Qaz, elektrik və istilik enerjisi sahəsində qanunvericiliyin tələblərinin pozulması
279.0. Qaz, elektrik və istilik enerjisi sahəsində qanunvericiliyin tələblərinin pozulmasına, yəni:
279.0.1. qaz, elektrik və ya istilik qurğularında (elektrik verilişi xətlərində və boru kəmərlərində), avadanlıqlarında, qaza və enerjiyə qənaət sistemlərində texniki istismar qaydalarının pozulmasına, habelə onların texniki səviyyəsinin yüksəldilməsi və ya saxlanılması üçün müəyyən edilmiş tələblərin yerinə yetirilməməsinə;
279.0.2. qaz, elektrik və ya istilik enerjisinin istehsalı, nəqli və istehlakı haqqında uçot və hesabatın təhrif olunmasına və ya vaxtında təqdim olunmamasına;
279.0.3. qaz, elektrik və ya istilik qurğularının (elektrik verilişi xətlərinin və boru kəmərlərinin), avadanlıqlarının, cihazlarının və bununla əlaqədar yeni texnologiyaların yaradılmasında dövlət energetika və qaz ekspertizasının həyata keçirilməsi tələblərinin pozulmasına, yaxud yanlış ekspert rəyinin verilməsinə;
279.0.4. dövlət energetika və qaz ekspertizasının rəyi olmadan, müvafiq standartların tələblərinə cavab verməyən qaz, elektrik və ya istilik qurğularının (elektrik verilişi xətlərinin və boru kəmərlərinin), avadanlıqlarının, cihazlarının və bununla əlaqədar yeni texnologiyaların yaradılmasının maliyyələşdirilməsinə, onların istehsalata buraxılmasına və ya satışına;
279.0.5. müəssisələrin, qaz, elektrik və ya istilik təsərrüfatlarının, şəbəkələrinin, qurğularının (elektrik verilişi xətlərinin və boru kəmərlərinin) və başqa obyektlərinin layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, istismara verilməsində qaza və enerjiyə qənaət üzrə müəyyən edilmiş tələblərin pozulmasına;
279.0.6. qazın, elektrik və ya istilik enerjisinin istehsalı, nəqli və ya paylanması zamanı dövlət və sahə standartlarının tələblərinin pozulmasına;
279.0.7. qaz, elektrik və ya istilik enerjisi xətlərinin qanunsuz olaraq kəsilməsinə və ya qanunvericilikdə istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın, elektrik və ya istilik enerjisinin verilməsinin dayandırılmasına görə-
fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir.
Maddə 280. Qaz və elektrik enerjisi sahəsində qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən maneələr törədilməsi
Enerji təchizatı müəssisəsinin və ya qaz paylayıcısının səlahiyyətli şəxsinin müvafiq olaraq qaz və ya elektrik enerjisi sahəsində qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almaq məqsədi ilə tədbirlərin həyata keçirilməsinə, yaxud həmin şəxsin qanuni tələblərinin yerinə yetirilməsinə istehlakçı tərəfindən maneələr törədilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə-
fiziki şəxslər iyirmi manat məbləğində, vəzifəli şəxslər əlli manat məbləğində, hüquqi şəxslər yüz manat məbləğində cərimə edilir.
Maddə 281. Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin zədələnməsi və ya gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizəsi qaydalarının pozulması
281.1. Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin zədələnməsinə və bunun istehlakçıların elektrik enerjisi ilə təmin edilməsində fasiləyə səbəb olmasına görə-
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan dörd yüz əlli manatadək məbləğdə cərimə edilir.
281.2. Gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizəsi qaydalarının pozulmasına görə-
fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 282. Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması və ya onlardan istifadə qaydalarının pozulması
282.1. Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə -
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
282.2. Təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə -
fiziki şəxslər otuz manatdan qırx manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
Qeyd: Bu maddədə “az miqdarda” dedikdə, min manatadək olan məbləğ başa düşülür.