FƏSİL 27
Damazlıq, baytarlıq-sanitariya qaydaları əleyhinə olan inzibati xətalar
Maddə 283. Damazlıq heyvandarlıq haqqında qanunvericiliyin pozulması
283.0. Damazlıq heyvandarlıq haqqında qanunvericiliyin pozulmasına, yəni:
283.0.1. dövlət standartlarına uyğun gəlməyən və zootexniki tələblərə cavab verməyən damazlıq ehtiyatlarının satışına;
283.0.2. mənşəyi bəlli olmayan, müvafiq tələblərə uyğun gəlməyən damazlıq törədici heyvanlardan istifadə edilməsinə;
283.0.3. damazlıq ehtiyatlarının geniş təkrar istehsalı zamanı onların qiymətləndirilməsi qaydalarına əməl edilməməsinə, yaxud damazlıq ehtiyatlarının sınağı və ekspertizasında bilərəkdən təhrifə yol verilməsinə;
283.0.4. uçot-hesabat sənədlərində düzgün olmayan məlumatların göstərilməsinə;
283.0.5. cinslərin rayonlaşmasına əməl edilməməsinə;
283.0.6. yerli heyvan genofonduna ziyan vurulmasına görə-
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 284. Atçılıq haqqında qanunvericiliyin pozulması
284.1. Müvafiq icra hakimiyyəti orqanının atçılıq sahəsində göstərişlərinin yerinə yetirilməməsinə görə-
fiziki şəxslər iyirmi manatdan otuz manatadək məbləğdə, vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir.
284.2. Damazlıq atlara pasportların (şəhadətnamələrin) verilməsi qaydalarının pozulmasına görə-
vəzifəli şəxslər səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir.
284.3. Milli at cinslərinin və beynəlxalq genofonda daxil olan at cinslərinin damazlıq özəklərinin məhv edilməsinə görə-
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
Maddə 285. Seleksiya nailiyyətlərindən istifadə qaydalarının pozulması
285.0. Seleksiya nailiyyətlərindən istifadə qaydalarının pozulmasına, yəni:
285.0.1. istehsal olunan və satılan seleksiya nailiyyətinə qeydiyyatda olan addan fərqli ad verilməsinə;
285.0.2. istehsal olunan və satılan seleksiya nailiyyətinə bilərəkdən başqa qeydiyyatda olan sortun və cinsin adının verilməsinə;
285.0.3. lisenziya müqaviləsi bağlamadan seleksiya nailiyyətindən istifadə edilməsinə;
285.0.4. seleksiya nailiyyətlərinin sertifikatsız satılmasına;
285.0.5. dövlət reyestrində, ərizədə, ekspertiza və ya sınaq sənədlərində yanlış qeydlər aparılmasına görə-
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 286. Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında qanunvericiliyin pozulması
286.1. Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında qanunvericiliyin pozulmasına, yəni:
286.1.1. Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni brend bitkilərin areallarında başqa növ bitki nümunələrinin istehsalçılarına dövlət vəsaiti hesabına yardım göstərilməsinə;
286.1.2. mədəni bitkilərin genetik ehtiyatlarının milli kolleksiyalarının mühafizəsi qaydalarının pozulmasına;
286.1.3. Azərbaycan Respublikasının Milli Genbankının davamlılığına mane olan hərəkətlərə, yəni soyuducu kameraların motorlarının, quruducu aparatların elektrik təchizatının dayandırılmasına (kəsilməsinə), yanğın törədə biləcək tezalışan maddələrin Azərbaycan Respublikasının Milli Genbankının ərazisinə gətirilməsinə, toxumların saxlanma rejiminin pozulmasına;
286.1.4. Azərbaycan Respublikasında aqroekosistemlər üçün potensial əhəmiyyətə malik olan nadir və nəsli kəsilməkdə olan bitki növlərinin (populyasiyalarının) genetik ehtiyatlarının mühafizəsinə ziyan vuran fəaliyyətə, yəni arealları təyin edilmiş və mühafizəyə cəlb edilən nadir və nəsli kəsilməkdə olan bitki növlərinin qanunsuz toplanmasına, onların yerləşdiyi ərazilərdə mal-qaranın otarılmasına, həmin ərazilərin yandırılmasına görə-
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
286.2. Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri istisna olmaqla, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının rayonlaşdırılmasına və dövlət reyestrinə daxil edilməsinə görə-
fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər on min manat məbləğində, hüquqi şəxslər əlli min manat məbləğində cərimə edilir.
Maddə 287. Toxumçuluq haqqında qanunvericiliyin pozulması
287.0. Toxumçuluq haqqında qanunvericiliyin pozulmasına, yəni:
287.0.1. karantin obyekti ilə yoluxmuş, dövlət standartlarına uyğun gəlməyən toxumların əkilməsinə, səpininə, tədarükünə və satılmasına;
287.0.2. sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı və fitosanitar sertifikatı olmayan toxumların idxalına, ixracına və ticarət dövriyyəsinə daxil edilməsinə;
287.0.3. toxum partiyasının keyfiyyətinin qiymətləndirilməsi qaydalarına əməl edilməməsinə, yaxud keyfiyyət göstəricilərinin bilərəkdən təhrif olunmasına;
287.0.4. patent sahibi ilə lisenziya müqaviləsi bağlamadan bitki sortlarının toxumlarından istifadə edilməsinə;
287.0.5. toxumçuluqda tətbiq edilən uçot-hesabat sənədlərində düzgün olmayan məlumatların göstərilməsinə görə-
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 288. Fitosanitar nəzarəti haqqında qanunvericiliyin pozulması
288.0. Fitosanitar nəzarəti haqqında qanunvericiliyin pozulmasına, yəni:
288.0.1. sanitariya-gigiyena qaydalarına və təhlükəsizlik texnikasının tələblərinə uyğun olmayan satış yerlərində, anbarlarda və digər istehsalat binalarında bitki mühafizə vasitələrinin saxlanmasına, satışına və tətbiq edilməsinə;
288.0.2. karantin nəzarətində olan materialların xüsusi təyin edilmiş yerlərdən kənarda zərərsizləşdirilməsinə;
288.0.3. karantin tətbiq edilən zərərli orqanizmlərə həssas bitkilərin həmin ərazidə yenidən əkilməsinə, habelə karantin nəzarətində olan bitkilərin və bitki mənşəli digər məhsulların karantin zonasından çıxarılmasına;
288.0.4. ətraf mühitin zərərli kimyəvi maddələrlə çirklənməsinə yol verilməsinə, istifadəyə yararsız və yüksək toksiki xassəyə malik preparatların istifadəsinə;
288.0.5. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət sınağından keçməmiş, qeydiyyata alınmamış, habelə istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin və digər zəhərli kimyəvi maddələrin istehsalına, satışına, idxalına, ixracına və tətbiqinə yol verilməsinə;
288.0.6. istehsal mənşəyinə görə adlar verilən və yüksək keyfiyyətli (markalı) bitkiçilik məhsullarının istehsalı məqsədi ilə bitkilərə pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin tətbiqinə yol verilməsinə;
288.0.7. tərkibində pestisidlərin, bioloji preparatların və onların birləşmələrinin qalıq miqdarı yol verilən normadan artıq olan bitki və bitkiçilik məhsullarının satılmasına;
288.0.8. təbiəti mühafizə, sağlamlaşdırma, istirahət və turizm zonalarında, su fondu torpaqlarında, suqoruyucu və xüsusi qorunan digər ərazilərdə pestisidlərin və digər zəhərli kimyəvi maddələrin tətbiq edilməsinə görə-
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
Maddə 289. Baytarlıq haqqında qanunvericiliyin pozulması
289.0. Baytarlıq haqqında qanunvericiliyin pozulmasına, yəni:
289.0.1. baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə;
289.0.2. heyvan mənşəli məhsulların baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışına və istehsalına;
289.0.3. heyvanların kütləvi xəstələnməsi və ya onların qeyri-adi vəziyyətləri, heyvan tələfatı halları haqqında müvafiq icra hakimiyyəti orqanına məlumat verməməyə, habelə belə heyvanları təcrid etməməyə;
289.0.4. yoluxucu xəstəliklərin qarşısının alınması üzrə karantin tədbirlərinin və baytarlıq (baytarlıq-sanitariya) qaydalarının, yaxud dövlət baytarlıq nəzarətini həyata keçirən orqanların epizootiya əleyhinə dair qərarlarının pozulmasına və ya icra edilməməsinə görə-
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
Maddə 290. Ev heyvanlarının saxlanılması qaydalarının pozulması
290.1. İt, pişik və digər ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına, yəni:
290.1.1. ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və ya yetişdirilməsinə;
290.1.2. ev heyvanlarının nəqliyyat vasitələri ilə aparılması şərtlərinin pozulmasına;
290.1.3. it və pişiklərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi saydan artıq saxlanılmasına;
290.1.4. itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə;
290.1.5. sərxoş vəziyyətdə (alkoqollu içkilərdən, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə etməklə) olan şəxs tərəfindən ev heyvanlarının gəzdirilməsinə;
290.1.6. ev heyvanlarının insanların üzərinə saldırılmasına;
290.1.7. yarış vaxtı və ya heyvanın sağlamlığı və rifahı üçün təhlükə yarada bilən digər hallarda ev heyvanlarının təbii imkanlarının artırılması, yaxud azaldılması məqsədi ilə onlara preparatların verilməsinə, tibbi və texniki üsulların tətbiq edilməsinə;
290.1.8. qanunla müəyyən edilmiş hallar istisna olmaqla, ev heyvanlarının xarici görkəmini dəyişdirmək və ya digər qeyri‑müalicəvi məqsədlə cərrahi əməliyyatların (quyruğun kəsilməsi, qulaqlarının kəsilməsi, devokalizasiya, dırnaq və dişlərin çıxarılması) aparılmasına;
290.1.9. ev heyvanı saxlayan və ya ona baxan şəxs tərəfindən ev heyvanlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzərdə tutulmuş qayğıların göstərilməməsinə görə-
iki yüz manat məbləğində cərimə edilir.
290.2. Bu Məcəllənin 290.1-ci maddəsində nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-
üç yüz manat məbləğində cərimə edilir.
290.3. Bu Məcəllənin 290.1-ci maddəsində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-
səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir.
Qeyd: Bu Məcəllənin 290.3-cü maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.
Maddə 291. Qırmızı kitaba daxil edilmiş heyvan və bitki növlərinin qorunması üzrə tələblərin pozulması
Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş və xüsusi mühafizə olunan heyvan və bitki növlərinin siyahısında olanların mühafizəsi üzrə tələblərin yerinə yetirilməməsinə görə-
beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 292. Zooloji kolleksiyaların yaradılması və onlarla ticarət qaydalarının pozulması
292.1. Zooloji kolleksiyaların yaradılması, zənginləşdirilməsi, saxlanması, istifadəsi, dövlət uçotuna alınması, Azərbaycan Respublikasına gətirilməsi, onun hüdudlarından kənara göndərilməsi və ya aparılması qaydalarının pozulmasına görə-
fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər iki min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.
292.2. Zooloji kolleksiyalarla ticarət qaydalarının pozulmasına görə-
fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.