FƏSİL 34
İqtisadi fəaliyyət qaydaları əleyhinə olan inzibati xətalar
Maddə 398. Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma
Dövlət qeydiyyatına alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə-
inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.
Qeyd: Bu Məcəllənin 398, 401, 402, 406-409, 411-413 və 428.1-ci maddələrində nəzərdə tutulmuş əməllər xeyli məbləğdə (min manatdan artıq) ziyan vurduqda və ya həmin məbləğdə gəlir əldə etməklə törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.
Maddə 399. Vəkil adından qanunsuz istifadə
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada vəkil statusunu əldə etməmiş şəxs tərəfindən gəlir əldə etməklə vəkil adından istifadə olunmasına görə-
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 400. Ailə kəndli təsərrüfatının uçota durmaması
Ailə kəndli təsərrüfatının üzvləri tərəfindən bu təsərrüfatın müvafiq bələdiyyədə uçota durmasının təmin edilməməsinə görə -
otuz manatdan əlli manatadək məbləğdə cərimə edilir.
Maddə 401. Qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi
401.1. Lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) buna hüququ olmayan şəxs tərəfindən təşkilinə və ya keçirilməsinə görə-
min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
401.2. Qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsinə görə-
min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
Maddə 402. Yalançı sahibkarlıq
Yalançı sahibkarlıq, yəni kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədi ilə sahibkarlıq fəaliyyəti həyata keçirmək niyyəti olmadan müəssisə və digər hüquqi şəxsin yaradılmasına görə-
inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.
Maddə 403. Hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsi
Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınması, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının və digər qurumlarının dövlət reyestrinə daxil edilməsi, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması zamanı müvafiq icra hakimiyyəti orqanına yanlış məlumatların verilməsinə görə -
fiziki şəxslər yeddi yüz manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir.
Maddə 404. Ləğvetmə zamanı bilə-bilə yalandan hüquqi şəxsin bütün kreditorlarının tələblərini qarşılamaq üçün ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatın qəbul edilməsi
Ləğvetmə zamanı bilə-bilə yalandan hüquqi şəxsin bütün kreditorlarının tələblərini qarşılamaq üçün ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatın qəbul edilməsinə görə-
vəzifəli şəxslər min manat məbləğində cərimə edilir.
Maddə 405. Hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsi
Hüquqi şəxslərin, habelə xarici dövlətlərin hüquqi şəxslərinin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin və bu qurumlara dair qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə və qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət olunmamasına görə-
vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir.
Maddə 406. Saxta müflisləşmə
Saxta müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri, mülkiyyətçisi və ya fərdi sahibkar tərəfindən kreditorlara olan borcun ödənilməsini təxirə salmaq və ya möhlət almaq və ya borcun azaldılmasına nail olmaq, yaxud borcu ödəməkdən yayınmaq üçün kreditorları aldatmaq məqsədi ilə özünü bilə-bilə yalandan ödəmə qabiliyyəti olmayan elan etməyə görə-
vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə edilir.
Maddə 407. Qəsdən müflisləşmə
Qəsdən müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri, mülkiyyətçisi və ya fərdi sahibkar tərəfindən özünün, yaxud digər şəxslərin mənafeyi naminə qəsdən ödəmə qabiliyyətsizliyinin yaradılmasına və ya artırılmasına görə-
vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.
Maddə 408. Müflisləşmə zamanı qanunsuz hərəkətlərin edilməsi
Borclu təşkilatın rəhbəri, mülkiyyətçisi və ya fərdi sahibkar tərəfindən müflisləşmə zamanı və ya müflisləşmə güman edilən zaman əmlakın və ya əmlak öhdəliklərinin, əmlak haqqında məlumatların, onun miqdarının, olduğu yerin və ya əmlak haqqında digər məlumatların gizlədilməsinə, əmlakın başqalarının sahibliyinə verilməsinə, əmlakın özgəninkiləşdirilməsinə və ya məhv edilməsinə, yaxud iqtisadi fəaliyyəti əks etdirən mühasibat və ya digər hesabat sənədlərinin gizlədilməsinə, məhv edilməsinə görə-
inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.
Maddə 409. Kreditin qanunsuz alınması və ya kreditdən təyinatı üzrə istifadə edilməməsi
Təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın təsərrüfat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınmasına, yaxud ondan təyinatı üzrə istifadə edilməməsinə görə-
inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.
Maddə 410. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulması
410.1. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulması, o cümlədən dövlət büdcəsindən, həmçinin məqsədli büdcə fondlarından ayrılan vəsaitdən təyinatı üzrə istifadə olunmaması, yaxud büdcə təşkilatlarının büdcədənkənar vəsaitinin maliyyə orqanları ilə razılaşdırılaraq təsdiq edilmiş smetaya uyğun xərclənməməsi, normativdən artıq ştat vahidinin saxlanılması, bu əməllər min manatadək məbləğdə törədildikdə -
dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların vəzifəli şəxsləri üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
410.2. Eyni əməllər min manatdan yuxarı məbləğdə törədildikdə -
dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların vəzifəli şəxsləri beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 411. Dövlət borcundan və ya dövlət zəmanəti ilə alınmış borcdan istifadə qaydalarını pozma
Əsas və təkrar borcalan tərəfindən dövlət borcalmaları və ya dövlət zəmanəti ilə cəlb olunan vəsaitin istifadəsi və qaytarılması (istifadəçiyə şamil olunmur) haqqında məlumatların, öz bank hesablarının vəziyyəti haqqında məlumatların vaxtında verilməməsi və ya təhrif olunmuş məlumatların verilməsi, dövlət borcalmaları və dövlət zəmanəti verilmiş öhdəlik üzrə cəlb olunmuş vəsaitdən təyinatı üzrə istifadə edilməməsi dövlətə az miqdarda ziyan vurduqda -
inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.
Maddə 412. Əmtəə nişanlarından qanunsuz istifadə
Özgənin əmtəə və ya xidmət etmə nişanından, əmtəənin mənşə yerinin adından və ya eynicinsli əmtəələrin adına oxşar adlardan istifadə olunmasına görə-
vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
Maddə 413. Nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışı
Nəzarət markalarının qəsdən məhv edilməsinə, saxtalaşdırılmasına, qeyri-qanuni yolla hazırlanmasına, istifadəsinə və satışına görə-
Azərbaycan Respublikasının “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Dərman vasitələri haqqında” və “Dini etiqad azadlığı haqqında” qanunlarının tələblərinin pozulması ilə hazırlanan (istehsal edilən), istifadə edilən və ya satılan nəzarət markaları, habelə onların hazırlanmasında (istehsal edilməsində) və yayılmasında istifadə olunan materiallar, avadanlıqlar və hüquqpozmaya səbəb olan digər vasitələr müsadirə edilməklə, fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
Maddə 414. Qiymətli kağızlar bazarında investorların hüquqlarının pozulması
Qiymətli kağızlar bazarında investorların hüquqlarının pozulmasına və ya qanunsuz olaraq hər hansı şəkildə məhdudlaşdırılmasına görə-
vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
Maddə 415. Qiymətli kağızların emissiyası və buraxılışı qaydalarının pozulması
Qiymətli kağızların emissiyası və buraxılışı qaydalarının pozulmasına görə-
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
Maddə 416. Qiymətli kağızlar bazarında isenziyalaşdırılan fəaliyyətin həyata keçirilməsi qaydalarının pozulması[11]
416.0. Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan fəaliyyətin həyata keçirilməsi qaydalarının pozulmasına, yəni:[12]
416.0.1. investisiya şirkəti fəaliyyətinin həyata keçirilməsi qaydalarının pozulmasına görə[13]-
vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir;
416.0.2. diler fəaliyyətinin həyata keçirilməsi qaydalarının pozulmasına görə-
vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir;[14]
416.0.3. klirinq fəaliyyətinin həyata keçirilməsi qaydalarının pozulmasına görə-
vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir;
416.0.4. qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyətin həyata keçirilməsi qaydalarının pozulmasına görə-
vəzifəli şəxslər yeddi yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilir;[15]
416.0.5. investisiya fondunun depozitarı fəaliyyətinin həyata keçirilməsi qaydalarının pozulmasına görə[16]-
vəzifəli şəxslər yeddi yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilir;
416.0.6. aktivlərin idarə edilməsi üzrə fəaliyyətin həyata keçirilməsi qaydalarının pozulmasına görə-
vəzifəli şəxslər yeddi yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir;[17]
416.0.7. fond birjası fəaliyyətinin həyata keçirilməsi qaydalarının pozulmasına görə-
vəzifəli şəxslər yeddi yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan doqquz min manatadək məbləğdə cərimə edilir.
Maddə 417. Qiymətli kağızların sahiblərinin reyestrinin aparılması qaydalarının və standartlarının pozulması
Qiymətli kağızların sahiblərinin reyestrinin aparılması qaydalarının və ya standartlarının pozulmasına görə-
vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.[18]
Maddə 418. Qiymətli kağızlarla əqdlərin bağlanması qaydalarının pozulması
Qiymətli kağızlarla əqdlərin bağlanması qaydalarının pozulmasına görə-
vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
Maddə 419. Qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiya
Qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiyaya görə-
fiziki şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.
Qeyd: Bu Məcəllənin 419-cu maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.[19]
Maddə 420. İnsayder tərəfindən xidməti məlumatdan qanunsuz istifadə
İnsayder tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan xidməti istifadə üçün nəzərdə tutulmuş məlumatdan tamah və ya başqa şəxsi niyyətlə qanunsuz olaraq istifadə edilməsi və ya əqdlərin bağlanması üçün üçüncü şəxslərə verilməsi, az miqdarda ziyan vurmaqla və ya az miqdarda gəlir əldə etməklə törədildikdə-
fiziki şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir.
Qeyd:
1. Bu maddədə “insayder” dedikdə, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 79.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər başa düşülür.
2. Bu maddədə “az miqdarda” dedikdə, yeddi min manatadək olan məbləğ başa düşülür. [20]
Maddə 421. Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər və emitentlər tərəfindən hesabatın və ya məlumatların verilməsindən imtina etmə və ya yayınma, yaxud təhrif edilmiş məlumatın verilməsi
Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər və emitentlər tərəfindən “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hesabatın və ya digər məlumatların müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma təqdim edilməsindən yayınmağa və ya imtina edilməsinə, yaxud təhrif edilmiş məlumatın verilməsi və ya onların təqdim edilməsi müddətinin pozulmasına görə -
vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. [21]
Maddə 422. Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər və emitent tərəfindən məlumatların açıqlanması qaydalarının pozulması
Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər və emitent tərəfindən qiymətli kağızlar haqqında qanunvericiliyə görə açıqlanmalı və ya dərc edilməli olan məlumatların açıqlanmasından və ya dərc edilməsindən imtina etməyə və ya yayınmağa, yaxud açıqlanması və ya dərc edilməsi üçün müəyyən edilmiş müddətin və qaydanın pozulmasına görə[22]-
vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar beş yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
Maddə 423. Qiymətli kağızlar sahəsində sənədlərin saxlanılması qaydalarının pozulması
Qiymətli kağızlar haqqında qanunvericiliyə müvafiq olaraq saxlanılmalı olan sənədlərin saxlanılması qaydalarının pozulmasına görə-
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar beş yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 424. Qiymətli kağızlarla girov qaydalarının pozulması
Girovqoyan və girovsaxlayan tərəfindən qiymətli kağızlarla girovun və ya qiymətli kağızlarla rəsmiləşdirilmiş borc öhdəliklərinin girovunun dövlət qeydiyyatına alınması və girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydalarının pozulmasına görə-
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar beş yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 425. Qiymətli kağızlar üzrə ödəmələrdən imtina
Qiymətli kağızların dəyərinin ödənilməsindən və ya onlar üzrə ödənilməli olan əmlakın, dividendin, faizin ödənilməsindən və ya digər ödəmələrdən və ya onların xidmət və ya başqa şəkildə ekvivalentlərinin ödənilməsindən qanunsuz olaraq imtina edilməsinə, yaxud boyun qaçırılmasına və ya ödənilmə qaydalarının pozulmasına görə-
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
Maddə 426. Səhmdarın hüquqlarının pozulması
Səhmdarın qanunvericiliklə müəyyən edilmiş hüquqlarının pozulmasına və ya qanunsuz olaraq hər hansı şəkildə məhdudlaşdırılmasına görə-
vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
Maddə 427. İnvestisiya fondlarının fəaliyyətinə dair tələblərin pozulması
İnvestisiya fondlarının fəaliyyətinə dair “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərin pozulmasına görə-
vəzifəli şəxslər min manatdan min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Maddə 428. Reklam haqqında qanunvericiliyin pozulması
428.1. Əmtəələr, işlər və xidmətlər haqqında, yaxud onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədi ilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etməyə görə-
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadəkməbləğdə cərimə edilir.
428.2. Texniki və digər vasitələrdən istifadə etməklə hazırlanmış, istehlakçının şüuruna onun dərk etmədiyi şəkildə təsir göstərən gizli reklamın yayılmasına görə -
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.
428.3. Haqsız reklama görə reklam fəaliyyətinin subyektlərinə (reklam sifarişçisinə, istehsalçısına, yayıcısına, agentliyinə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən göstərişlə ayrılmış müddət ərzində qanun pozuntularının aradan qaldırılmamasına, əks reklamın yayılmamasına görə -
fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz əlli manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
428.4. Həkim resepti əsasında buraxılan dərman vasitələrinin, istehsalına və ya satışına icazə verilməyən tibb vasitələrinin, yaxud tətbiqinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilməyən müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının reklam edilməsinə görə-
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.
428.5. Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə-
fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
428.6. Azərbaycan Respublikası ərazisində reklam olunan malların (işlərin, xidmətlərin) dəyəri (qiyməti) göstərildikdə, həmin malların (işlərin, xidmətlərin) dəyərinin (qiymətinin) manatla göstərilməməsinə görə-
fiziki şəxslər iyirmi manatdan otuz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir.
428.7. Müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan yaşayış məntəqələrində küçə reklam daşıyıcılarının yerləşdirilməsinə görə-
belə reklam daşıyıcıları müsadirə edilməklə və ya edilməməklə, fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
428.8. Qiymətli kağızlar bazarında reklam haqqında qaydaların pozulmasına görə-
vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
428.9. Keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə-
fiziki şəxslər səkkiz yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan doqquz min manatadək məbləğdə cərimə edilir.
428.10. Bu Məcəllənin 428.1 – 428.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə -
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.
428.11. Bu Məcəllənin 428.1, 428.2, 428.3, 428.4 və 428.10-cu maddələrində nəzərdə tutulmuş əməllərin teleradio yayımçısı tərəfindən törədilməsinə görə -
vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Maddə 429. Lotereyalar haqqında qanunvericiliyin pozulması
429.0. Lotereyalar haqqında qanunvericiliyin pozulması, yəni:
429.0.1. keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların keçirilməsinə;
429.0.2. stimullaşdırıcı lotereyanın keçirilməsinin dayandırılması və ya ona xitam verilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarının qəbul edilməsi barədə bildiriş aldıqdan sonra stimullaşdırıcı lotereyada iştirak etmək üçün lotereya təşkilatçısı tərəfindən istənilən formada təkliflərin edilməsinə;[23]
429.0.3. lotereyaların təşkili və keçirilməsi sahəsində lotereya təşkilatçısı tərəfindən “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə-
fiziki şəxslər səkkiz yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan doqquz min manatadək məbləğdə cərimə edilir.
Qeyd: Lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) buna hüququ olmayan şəxs tərəfindən təşkili və ya keçirilməsi bu Məcəllənin 401.1-ci maddəsinə və ya Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192–1.1-ci maddəsinə müvafiq olaraq inzibati və ya cinayət məsuliyyətinə səbəb olur.
Maddə 430. Valyuta tənzimi qaydalarının pozulması
430.1. Valyuta tənzimi haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozmaqla, valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılmasına və ya dəyişdirilməsinə görə-
inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin qırx faizindən səksən faizinədək məbləğdə cərimə edilir.
430.2. Valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsinə görə-
inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin qırx faizindən səksən faizinədək məbləğdə cərimə edilir.
430.3. Müvəkkil banklar tərəfindən müştərilərin xarici valyuta əməliyyatlarının qanunvericiliklə müəyyən olunmuş qaydalarının pozularaq aparılmasına görə-
vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
430.4. Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-
vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Maddə 431. Kommersiya və ya bank sirri təşkil edən məlumatların qanunsuz yolla əldə edilməsi və ya yayılması
Sahibkarın razılığı olmadan kommersiya və ya bank sirri təşkil edən məlumatların tamah və ya başqa şəxsi niyyətlə qanunsuz yolla istifadə edilməsinə və ya yayılmasına görə, bu, az miqdarda ziyan vurduqda -
fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə edilir.
Qeyd: Bu maddədə “az miqdarda ziyan vurduqda” dedikdə, yeddi min manatadək olan məbləğ başa düşülür.
Maddə 432. Qrant alınması (verilməsi) haqqında qanunvericiliyin pozulması
432.1. Qrant verən Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi, yaxud Azərbaycan Respublikasının hüquqi şəxsinin filial və ya nümayəndəliyi olan donorlar və ya qrant alan Azərbaycan Respublikasının resipiyentləri tərəfindən qrant alınması (verilməsi) haqqında müqavilələrin və qərarların qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə -
fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.
432.2. Dini qurumlar tərəfindən qrant alınması (verilməsi) haqqında müqavilələrin və qərarların müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmadan həmin qrantlardan istifadə və onlar üzrə əməliyyatlar aparılmasına görə -
vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.
432.3. Qrant müqaviləsi (qərarı) olmadan Azərbaycan Respublikasında fəaliyyət göstərən dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada yardımın qəbul edilməsinə görə -
inzibati xətanın bilavasitə obyekti olmuş vəsait və əşyalar müsadirə olunmaqla vəzifəli şəxslər iki min beş yüz manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.
432.4. Qeyri-hökumət təşkilatları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri, yaxud banklar tərəfindən “Qrant haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qeydiyyata alınmamış qrant alınması (verilməsi) haqqında müqavilələr (qərarlar) üzrə bank əməliyyatlarının və hər hansı digər əməliyyatların aparılmasına görə -
vəzifəli şəxslər iki min beş yüz manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Qeyd: “Dini etiqad azadlığı haqqında” və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan ianələrə və dövlət hakimiyyəti orqanlarının yardımlarına bu Məcəllənin 432.3-cü maddəsinin qüvvəsi şamil edilmir.
Maddə 433. Denominasiya zamanı pul nişanlarının dəyişdirilməsi qaydalarının pozulması
433.0. Azərbaycan Respublikasının pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) zamanı:
433.0.1. köhnə nümunəli pul nişanlarının yeni nümunəli pul nişanlarına dəyişdirilməsinin müddətləri, məbləğləri, yaxud subyektləri üzrə məhdudiyyətlərin qoyulmasına;
433.0.2. köhnə nümunəli pul nişanlarının yeni nümunəli pul nişanlarına dəyişdirilməsi üçün banklar tərəfindən komisyon haqqı tutulmasına görə -
vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə edilir.[24]
Maddə 434. Kredit təşkilatları tərəfindən məcburi ehtiyatların təmin edilməməsi
Kredit təşkilatları tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məcburi ehtiyatlar təmin edilmədiyinə görə -
vəzifəli şəxslər iki min manat məbləğində, hüquqi şəxslər on iki min manat məbləğində cərimə edilir.[25]
Maddə 435. Əmanətlərin sığortalanması qaydalarının pozulması
Əmanətlərin Sığortalanması Fonduna sığorta haqları üzrə ödənişlərin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun müəyyən etdiyi müddətdə tam ödənilməməsinə görə -
vəzifəli şəxslər iki min beş yüz manat məbləğində cərimə edilir.[26]
Maddə 436. Bank fəaliyyəti sahəsində qadağan olunmuş, məhdudlaşdırılmış və ya dayandırılmış fəaliyyətlə məşğul olma
“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda, yaxud bank lisenziyasında qadağan olunmuş və ya bankın fəaliyyəti dövründə məhdudlaşdırılmış, yaxud dayandırılmış fəaliyyətin həyata keçirilməsinə görə -
vəzifəli şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər otuz beş min manatdan qırx min manatadək məbləğdə cərimə edilir.
Maddə 437. Bankların fəaliyyətinə dair Azərbaycan Respublikası Mərkəzi Bankının göstərişlərinin icra edilməməsi
437.1. Bank fəaliyyətinə dair prudensial normativlərin və tələblərin pozulması aşkar edildikdə, həmin pozuntunun aradan qaldırılması barədə Azərbaycan Respublikası Mərkəzi Bankının göstərişinin vaxtında icra edilməməsinə görə -
vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.
437.2. Bu Məcəllənin 437.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, Azərbaycan Respublikası Mərkəzi Bankının qanuna uyğun olaraq verdiyi digər göstərişinin vaxtında icra edilməməsinə görə -
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. [27]
Maddə 438. Banka aidiyyəti olan şəxslərlə və ya aidiyyəti olan şəxs adından hərəkət edən şəxslərlə əməliyyatların aparılması qaydalarının pozulması
Banka aidiyyəti olan şəxslərlə və ya aidiyyəti olan şəxs adından hərəkət edən şəxslərlə əməliyyatların aparılması qaydalarının pozulmasına görə -
vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.
Maddə 439. Bank və ya xarici bankın yerli filialı tərəfindən prudensial, maliyyə və bank statistikası hesabatlarının təqdim edilməsi qaydalarının pozulması
439.1. Bank statistikası hesabatlarının müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma və Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə-
vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.[28]
439.2. Bank və ya xarici bankın yerli filialı tərəfindən prudensial hesabatların müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma, maliyyə hesabatlarının isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma və Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə[29] -
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.
Maddə 440. Mərkəzləşdirilmiş kredit reyestrinə məlumatların təqdim edilməsi qaydalarının pozulması
Mərkəzləşdirilmiş kredit reyestrinə bank olmayan kredit təşkilatı və ya bank tərəfindən qanunvericiliklə müəyyən olunmuş məlumatların tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə -
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə edilir.[30]
Maddə 441. İxrac məqsədli neft-qaz fəaliyyətində işçi qüvvəsindən istifadə qaydalarının pozulması
“İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, podratçılar və subpodratçılar tərəfindən əmək müqaviləsi əsasında ixrac məqsədli neft-qaz fəaliyyətinin həyata keçirilməsinə cəlb edilən Azərbaycan Respublikası vətəndaşlarının həmin qanunla müəyyən olunmuş nisbətindən fərqli olan digər nisbətin tətbiq edilməsinə görə -
vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə edilir.