I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

FƏSİL 35

 

Ticarət qaydaları əleyhinə olan inzibati xətalar

 

Maddə 442. İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi)

 

İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə -

inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 443. Kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılması və ya müəyyən edilmiş tariflərdən yüksək qiymətə satılması

 

443.1. Kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılmasına görə -

fiziki şəxslər yeddi yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

443.2. Kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş tariflərdən yüksək qiymətə satılmasına görə -

fiziki şəxslər yeddi yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər altı min manat məbləğində cərimə edilir.

 

Maddə 444. Malların saxlanılması və ya satışı zamanı mal qonşuluğunun, temperatur rejiminin, yaxud satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması

 

444.1. Malların saxlanılması və ya satışı zamanı mal qonşuluğu qaydasının pozulmasına, yaxud temperatur rejiminə əməl edilməməsinə görə -

altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir.

444.2. Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə -

altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 445. Qiymət intizamının pozulması

 

445.1. Qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə -

səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

445.2. Azərbaycan Respublikasının ərazisində satılan malların (işlərin, xidmətlərin) qiymətlərinin manatla göstərilməməsinə görə -

min yüz manatdan min altı yüz əlli manatadək məbləğdə cərimə edilir.

 

Maddə 446. Mürəkkəb texniki qrup malların texniki pasportsuz satılması

 

Mürəkkəb texniki qrup malların texniki pasportsuz satılmasına və ya texniki pasportların düzgün tərtib edilməməsinə görə -

fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 447. İstehlakçıların hüquqlarının pozulması

 

447.0. İstehlakçıların hüquqlarının pozulmasına, yəni:

447.0.1. mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına;

447.0.2. saxlama müddəti ötmüş məhsulların satılmasına;

447.0.3. standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə;

447.0.4. qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə;

447.0.5. standartların, digər normativ sənədlərin tələblərinin pozulması nəticəsində insanların həyatı, sağlamlığı, əmlakı və ya ətraf mühit üçün təhlükəli məhsulun istehsalına və ya satılmasına, işin (xidmətin) görülməsinə;

447.0.6. nəzarət olunmalı məhsulun müvafiq dövlət nəzarəti orqanlarından gizlədilməsinə;

447.0.7. ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin üzərinə yararsızlıq nişanı vurulmuş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına;

447.0.8. ölçülüb qablaşdırılmış malların miqdarının bağlamanın üzərində göstərilmiş miqdardan yol verilən kənarlaşmasına dair məcburi tələblərə riayət edilməməsinə;

447.0.9. qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə -

fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

Qeyd: Bu Məcəllənin 447.0.1-ci maddəsində “az miqdarda olduqda” dedikdə, qırx manatadək olan məbləğ başa düşülür.

 

Maddə 448. Saxta və ya keyfiyyətsiz malların idxal edilməsi

 

Saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə -

saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 449. Genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsi

 

Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının bilə-bilə idxal edilməsinə və ya satılmasına görə, bu az miqdarda olduqda -

inzibati xətanın bilavasitə obyekti olmuş bitkilər, bitki materialları və yeyinti məhsulları müsadirə edilməklə onların dəyərinin səksən faizindən yüz faizinədək məbləğdə cərimə edilir.

Qeyd: Bu maddədə “az miqdar” dedikdə, min manatadək olan məbləğ başa düşülür.

 

Maddə 450. Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan satılması, satış məqsədi ilə saxlanması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması, belə məhsulların (malların) nağd qaydada alqı-satqısı

 

450.1. Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan az miqdarda satılmasına, satış məqsədi ilə saxlanmasına və ya istehsal binasının hüdudlarından kənara çıxarılmasına görə -

aksiz markası olmayan məhsullar (mallar) müsadirə edilməklə, fiziki şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

450.2. Tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların (malların) nağd qaydada az miqdarda satılması, belə məhsulların (malların) satış məqsədləri üçün nağd qaydada az miqdarda alınması -

yüz manat məbləğində cərimə edilir.

Qeyd: Bu Məcəllənin 450.1-ci maddəsində “az miqdarda” dedikdə beş yüz manatadək, 450.2-ci maddəsində isə “az miqdarda” dedikdə əlli manatadək olan məbləğ başa düşülür.

 

Maddə 451. Nəzarət markası ilə markalanmalı olan malların, məmulatların və məlumat materiallarının belə nəzarət markası olmadan satış və ya yayılma məqsədi ilə saxlanması, istehsal binasının hüdudlarından kənara çıxarılması, satılması və ya digər üsullarla yayılması

 

Nəzarət markası ilə markalanmalı olan malların, məmulatların və məlumat materiallarının belə nəzarət markası olmadan satış və ya yayılma məqsədi ilə saxlanmasına, istehsal binasının hüdudlarından kənara çıxarılmasına, satılmasına və ya digər üsullarla yayılmasına görə -

nəzarət markası olmayan mallar, məmulatlar və məlumat materialları müsadirə edilməklə, onların hər birinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər yüz əlli manat məbləğində cərimə edilir.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxılarkən nəzarət markası olmayan malların, məmulatların və məlumat materiallarının hər birinə görə hesablanaraq tətbiq edilən inzibati cərimənin ümumi məbləği bu Məcəllənin 25.4-cü maddəsində nəzərdə tutulmuş məbləğdən artıq ola bilməz.

 

Maddə 452. Fiziki şəxslərə dərman vasitələrinin buraxılması qaydalarının pozulması

 

452.1. Apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə -

yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir.

452.2. Aptek təşkilatlarında dərman vasitələri, optik ləvazimatları, ətriyyat-kosmetika, uşaq yeməkləri, müalicəvi mineral sular, bioloji fəallığa malik qida əlavələri və şəxsi sanitariya-gigiyena malları istisna olmaqla, digər malların satılmasına görə -

üç yüz əlli manat məbləğində cərimə edilir.

 

Maddə 453. İstehlakçının mal (iş, xidmət) haqqında məlumat almaq hüququnun pozulması

 

İstehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində satıcı (icraçı) tərəfindən istehlakçıya məlumatın verilməməsinə görə -

iki yüz manat məbləğində cərimə edilir.

 

Maddə 454. Qanunsuz küçə ticarəti

 

Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə -

səksən manat məbləğində cərimə edilir.

 

Maddə 455. Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması

 

455.1. Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının satışı qaydalarının pozulmasına görə -

əlli manatdan səksən manatadək cərimə edilir.

455.2. Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə -

yüz manat məbləğində cərimə edilir.

 

Maddə 456. Ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışı

 

Ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışına görə -

inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 457. Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi və onlardan hazırlanmış məhsulların (məmulatların) mühafizəsi, pərakəndə satışı, uçotu, saxlanılması, onların qırıntılarının və tullantılarının yığılması qaydalarının pozulması

 

457.1. Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi qaydalarının pozulmasına görə -

fiziki şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz əlli manatdan yeddi yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

457.2. Qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanmış məhsulların (məmulatların) mühafizəsi, pərakəndə satışı, uçotu, saxlanılması, onların qırıntılarının və tullantılarının yığılması qaydalarının pozulmasına görə -

fiziki şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz əlli manatdan yeddi yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 458. Üzərində dövlət əyar damğası olmayan və ya saxta əyar damğası həkk olunmuş qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və ya digər məişət məmulatlarının satışı

 

“Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, üzərində Azərbaycan Respublikasının dövlət əyar damğası olmayan və ya saxta əyar damğası həkk olunmuş qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və ya digər məişət məmulatının satışına görə -

fiziki şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz əlli manatdan yeddi yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 459. Elektron ticarət haqqında qanunvericiliyin pozulması

 

459.1. Elektron ticarətdə satıcı (təchizatçı) tərəfindən alıcıya (sifarişçiyə) və ya səlahiyyətli dövlət orqanlarına yanlış məlumatın verilməsinə görə -

fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

459.2. Elektron ticarətdə elektron sənəd dövriyyəsi vasitəçisinin xidmət göstərərkən ötürdüyü, saxladığı informasiyaların ümumi monitorinqinin aparılması və ya qanunsuz fəaliyyətin həyata keçirilməsini sübut etmək məqsədi ilə fəal surətdə faktların və ya təfərrüatların müəyyənləşdirilməsi üzrə hərəkətlərə məcbur edilməsinə və ya bu hərəkətlərin elektron sənəd dövriyyəsi vasitəçisi tərəfindən fərdi təşəbbüs qaydasında həyata keçirilməsinə görə -

fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

459.3. Elektron ticarətdə elektron sənəd dövriyyəsi vasitəçisi tərəfindən xidmət göstərdiyi alıcıların (sifarişçilərin), satıcıların (təchizatçıların) qanunsuz fəaliyyəti və ya qanunsuz informasiya ötürməsi barədə səlahiyyətli dövlət orqanlarına məlumatın verilməməsinə və ya səlahiyyətli dövlət orqanlarının müraciətinə əsasən xidmətlərin alıcılarının (sifarişçilərinin), satıcıların (təchizatçıların) müəyyənləşdirilməsinə imkan verən məlumatların təqdim edilməməsinə görə -

fiziki şəxslər dörd yüz əlli manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

459.4. Elektron ticarətdə elektron sənəd dövriyyəsi vasitəçisi tərəfindən məhkəmənin qərarı və ya qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanının müraciəti əsasında hüquq pozuntularının qarşısının alınması məqsədi ilə göstərilən xidmətin dayandırılmamasına, informasiyanın saxlanılması xidmətinin göstərildiyi halda informasiyanın silinməməsinə və ya ona çıxışın məhdudlaşdırılmamasına görə -

fiziki şəxslər dörd yüz əlli manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

 

Product Tour
Go to top