FƏSİL 36
Vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalar
Maddə 460. Vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma
Az miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmağa görə -
inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin məbləğinin otuz faizindən yetmiş faizinədək məbləğdə cərimə edilir.
Qeyd: Bu maddədə “az miqdar” dedikdə, iki min manatadək olan məbləğ başa düşülür.
Maddə 461. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas ixrac boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər çərçivəsində fəaliyyət üzrə vergi hesabatlarının və dövlət rüsumunun tutulması barədə hesabatların təqdim edilmə qaydalarının pozulması
461.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas ixrac boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər çərçivəsində fəaliyyət üzrə vergi hesabatlarının əsas olmadan müəyyən edilən müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə (həmin sazişlərdə başqa qaydalar nəzərdə tutulduğu hallar istisna olmaqla) görə -
vəzifəli şəxslər əlli manat məbləğində cərimə edilir.
461.2. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada dövlət rüsumunun tutulması barədə hesabatın müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə -
vəzifəli şəxslər əlli manat məbləğində cərimə edilir.
Maddə 462. Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması
Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və sığorta nəzarəti orqanına təqdim edilməli olan digər hesabat və məlumatların qanunvericiliyə müvafiq olaraq hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanunvericiliyə əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin tam və ya düzgün əks etdirilməməsinə, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydaların pozulmasına görə -
vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
Maddə 463. Poçt rabitəsinin milli operatoru tərəfindən maliyyə xidmətləri sahəsində qanunvericiliyin pozulması
Poçt rabitəsinin milli operatorunun maliyyə xidmətləri sahəsində fəaliyyətinə dair müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən müəyyən edilən ayrı-ayrı prudensial normativlərin və tələblərin pozulmasına, yaxud prudensial hesabatların vaxtında, tam və ya düzgün təqdim olunmamasına görə -
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.[31]
Maddə 464. Məcburi auditdən yayınma
“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə -
vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 465. İanələr barədə məlumatın maliyyə hesabatına daxil edilməməsi
Qeyri-hökumət təşkilatı, o cümlədən xarici dövlətin qeyri-hökumət təşkilatının filial və nümayəndəliyi tərəfindən müvafiq icra hakimiyyəti orqanına və ya siyasi partiya tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim olunan maliyyə hesabatına qəbul edilmiş ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatın daxil edilməməsinə görə -[32]
vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Maddə 466. İanə edilən pul vəsaitlərinin nağd şəkildə verilməsi və qəbul edilməsi
466.1. İanə edilən pul vəsaitlərinin siyasi partiyaya və ya qeyri-hökumət təşkilatına, o cümlədən xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinə nağd şəkildə verilməsinə görə -
fiziki şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər yeddi yüz əlli manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min beş yüz manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.
466.2. İanə edilən pul vəsaitlərinin siyasi partiya və ya qeyri-hökumət təşkilatı, o cümlədən xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi tərəfindən nağd şəkildə qəbul edilməsinə görə -
vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min manatdan on min manatadək məbləğdə cərimə edilir.
Qeyd: Azərbaycan Respublikasında fəaliyyət göstərən, nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik olan qeyri-hökumət təşkilatına nağd şəkildə verilən və həmin təşkilat tərəfindən nağd şəkildə qəbul edilən iki yüz manatadək ianələrə bu maddənin qüvvəsi şamil edilmir.
Maddə 467. Dövlət rüsumunun ödənilməsi qaydalarının pozulması
Dövlət rüsumunu tutan səlahiyyətli vəzifəli şəxs tərəfindən dövlət rüsumunun düzgün tutulmamasına, yaxud dövlət büdcəsinə vaxtında və ya tam ödənilməməsinə görə -
vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 468. Sığorta müqaviləsi üzrə yanlış və ya aldadıcı məlumatların verilməsi
Sığorta müqaviləsi bağlanarkən və ya qüvvədə olarkən, həmçinin sığorta hadisəsinin araşdırılması və zərərlərin tənzimlənməsi zamanı sığortalılara və (və ya) sığorta olunanlara, həmçinin faydalanan şəxslərə onların hüquq və vəzifələri haqqında sığortaçılar və sığorta vasitəçiləri tərəfindən yanlış və ya aldadıcı məlumatların, həmçinin belə məlumatların əks olunduğu sənədlərin verilməsinə görə -
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir.
Maddə 469. İcbari sığorta müqaviləsinin bağlanmaması
469.1. Bu Məcəllənin 469.2-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, icbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə -
fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər səksən manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir.
469.2. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə -
fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.
469.3. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə -
fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Qeyd:
1. Şəxs bu maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur.
2. Bu Məcəllənin 469.3-cü maddəsində nəzərdə tutulmuş xəta foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, bu “Qeyd”in 1-ci bəndində göstərilən müddət həmin xətanın aşkarlandığı gündən hesablanır.[33]
Maddə 470. İcbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarından məcburi ayırmaların aparılmaması
İcbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarından “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məcburi ayırmaların vaxtında və ya tam aparılmamasına görə -
vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.
Maddə 471. Sığorta nəzarətinin həyata keçirilməsinin maliyyələşdirilməsi üçün müəyyən edilmiş ayırmaların aparılmaması
Sığorta nəzarəti orqanının sığorta sektorunda tənzimləmə və nəzarət funksiyalarının həyata keçirilməsi üzrə fəaliyyətinin maliyyələşdirilməsi üçün “Sığorta fəaliyyəti haqqında”Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş, sığortaçının daxil olan sığorta haqlarından və xaricdən aldığı təkrarsığorta haqlarından aparmalı olduğu müvafiq ayırmaların vaxtında və ya tam həyata keçirilməməsinə görə-
vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.
Maddə 472. Sığorta növünün qanunsuz aparılması
Sığortaçı tərəfindən hər hansı sığorta növünün sığorta nəzarəti orqanından müvafiq icazə almadan aparılmasına görə -
vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə edilir.
Maddə 473. Sığorta qanunvericiliyinin aktuarilərlə, müstəqil ekspertlərlə, müstəqil auditorlarla və sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərlə bağlı tələblərinin pozulması
473.1. Aktuarilər (bu Məcəllənin 473.2-ci və 473.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), müstəqil ekspertlər, müstəqil auditorlar və sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər tərəfindən sığorta qanunvericiliyinin onların fəaliyyəti ilə bağlı müəyyən edilmiş tələblərinin pozulmasına görə -
iki yüz manat məbləğində cərimə edilir.
473.2. Məsul aktuari tərəfindən “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan tələblərə riayət olunmadan rəyin tərtib edilməsinə, həmçinin aktuari rəyinin sığortaçıya və sığorta nəzarəti orqanına vaxtında təqdim edilməməsinə görə -
üç yüz manat məbləğində cərimə edilir.
473.3. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda məsul aktuari tərəfindən yazılı məlumatın sığorta nəzarəti orqanına verilməməsinə görə -
beş yüz manat məbləğində cərimə edilir.
Maddə 474. Sığorta qanunvericiliyinə uyğun olaraq verilmiş təqdimatların vaxtında və tam yerinə yetirilməməsi
Sığorta qanunvericiliyinə uyğun olaraq verilmiş təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsinə görə -
vəzifəli şəxslər altı yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
Maddə 475. Sığortaçılar, təkrarsığortaçılar və hüquqi şəxs olan sığorta vasitəçiləri tərəfindən müvafiq məlumatların verilməməsi
Sığortaçılar, təkrarsığortaçılar və hüquqi şəxs olan sığorta vasitəçiləri tərəfindən onların fəaliyyətləri, o cümlədən nizamnamələri, idarə edilməsi, səhmdarları və ya iştirakçıları ilə bağlı sığorta qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada məlumat verilməməsinə görə -
vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 476. Azərbaycan Respublikasının ərazisində yerləşən və ya mövcud olan sığorta predmeti ilə bağlı əmlak mənafelərinin xaricdə sığorta və təkrarsığorta etdirilməsi
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yol verildiyi hallar istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində yerləşən və ya mövcud olan sığorta predmeti ilə bağlı əmlak mənafelərinin fiziki və hüquqi şəxslər tərəfindən xarici sığortaçılarda sığorta etdirilməsinə, həmçinin belə risklərin “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələbləri pozmaqla sığortaçılar, təkrarsığortaçılar və sığorta brokerləri tərəfindən xaricdə təkrarsığorta etdirilməsinə görə -
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 477. Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında qanunvericiliyin pozulması
Sığortaedənlər tərəfindən “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə və qaydada sığortaolunanlar haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə –
fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz əlli manat məbləğində cərimə edilir.
Maddə 478. Sığorta nəzarəti orqanının qanuna uyğun olaraq tələb etdiyi məlumatların banklar tərəfindən təqdim olunmaması
Sığorta nəzarəti orqanının qanuna uyğun olaraq tələb etdiyi məlumatların banklar tərəfindən vaxtında və ya tam təqdim olunmamasına görə -
vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.