FƏSİL 39
İdarəçilik qaydaları əleyhinə olan inzibati xətalar
Maddə 526. Məhkəməyə hörmətsizlik göstərilməsi
Məhkəmə iclası zamanı şahidin, zərər çəkmiş şəxsin, iddiaçının, cavabdehin və ya iş üzrə iştirak edən başqa fiziki şəxslərin sədrlik edənin sərəncamına tabe olmamasına görə-
əlli manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.
Maddə 527. Məhkəmənin xüsusi qərardadı (qərarı) və ya hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) təqdimatı üzrə tədbirlər görülməməsi
Məhkəmənin xüsusi qərardadına (qərarına) və ya hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) təqdimatına vəzifəli şəxs tərəfindən baxılmamasına, yaxud bunlarda göstərilmiş qanun pozuntularını aradan qaldırmaq üçün tədbirlər görülməməsinə, yaxud xüsusi qərardada (qərara) və ya təqdimata vaxtında cavab verilməməsinə görə-
vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 528. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi
528.1. Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-
fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
528.2. İcra üçün təqdim edilmiş icra sənədinin itirilməsinə, onun vaxtında göndərilməməsinə və ya borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə-
vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
528.3. Borclunun hesablarında tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli pul vəsaitlərinin olmasına baxmayaraq, təqdim olunmuş icra sənədinin borcludan pul vəsaitlərinin tutulmasına dair tələblərinin müəyyən edilmiş müddətdə icra edilməməsinə görə-
vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
Maddə 529. İnzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi
529.1. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -
yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur.
529.2. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -
yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur.
529.3. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -
nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.
529.4. İctimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə-
üç ayadək müddətə inzibati həbs tətbiq olunur.
Qeyd:
1. Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur.
2. Bu Məcəllənin 529.4-cü maddəsində “inzibati tənbehin çəkilməsindən boyun qaçırmaq” dedikdə, aşağıdakılar başa düşülür:
2.1. üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmamaq;
2.2. həftədə iki dəfə və daha çox ictimai işlər növündə inzibati tənbehin icrası yerlərində əmək intizamını pozmaq;
2.3. ictimai işlər növündə inzibati tənbehi çəkməmək məqsədi ilə gizlənmək.
Maddə 530. Bilə-bilə yalan izahat və ya rəy vermə, yaxud yanlış tərcümə etmə
İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı şahidin, zərər çəkmiş şəxsin, mütəxəssisin bilə-bilə yalan izahat verməsinə və ya ekspertin bilə-bilə yalan rəy verməsinə, yaxud tərcüməçinin bilə-bilə yanlış tərcümə etməsinə və ya məhkəmə və digər orqanların qərarlarının icrası üzrə icraat zamanı bilə-bilə yanlış tərcüməsinə görə-
iki yüz əlli manatdan dörd yüz əlli manatadək məbləğdə cərimə olunur.
Maddə 531. İnzibati xətalar haqqında işlər üzrə sənədi qəbul etməkdən imtina və ya onu çatdırmama
531.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yer üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının, yaxud onun işlədiyi yer üzrə müdiriyyətin vəzifəli şəxslərinin bu Məcəllədə nəzərdə tutulmuş hallarda bildirişi və ya inzibati xətalar haqqında işlər üzrə digər sənədləri ünvan sahibinə çatdırmaq üçün qəbul etməkdən imtina etməsinə görə-
yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir.
531.2. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda bildirişin və ya inzibati xətalar haqqında işlər üzrə digər sənədlərin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yer üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının, yaxud onun işlədiyi yer üzrə müdiriyyətin vəzifəli şəxsləri və ya sənədin çatdırılması tapşırılmış digər şəxslər tərəfindən səhlənkarlıq nəticəsində ünvan sahibinə çatdırılmamasına görə-
yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir.
Maddə 532. Çağırış üzrə gəlməkdən qəsdən boyun qaçırma, izahat, yaxud rəy verməkdən imtina etmə
532.1. İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılmış şahidin, zərər çəkmiş şəxsin, ekspertin, mütəxəssisin və ya tərcüməçinin gəlməkdən qəsdən boyun qaçırmasına görə-
əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir.
532.2. İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılmış şəxslərin (şahidin, zərər çəkmiş şəxsin, mütəxəssisin) izahat verməkdən, ekspertin rəy verməkdən, tərcüməçinin tərcümə etməkdən imtina etməsinə görə-
yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 533. Azərbaycan Respublikasında dövlət dilinin tətbiq olunmasına maneələr törədilməsi
Azərbaycan Respublikasında dövlət dilinə qarşı təbliğat aparılması, Azərbaycan dilinin işlənməsinə və inkişafına müqavimət göstərilməsi, onun istifadə sahəsinin məhdudlaşdırılmasına cəhd edilməsi, habelə Azərbaycan dilinin latın əlifbasının tətbiq olunmasına maneələr törədilməsinə görə-
fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on altı min manatadək məbləğdə cərimə edilir.
Maddə 534. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşıma
Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə-
inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 535. Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama
535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-
fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadəkmüddətə inzibati həbs tətbiq olunur.
535.2. Hərbi qulluqçu dövlət sərhədini mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamağa görə-
fiziki şəxslər yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadəkmüddətə inzibati həbs tətbiq olunur.
Maddə 536. Yanğın təhlükəsizliyi sahəsində qəbul edilmiş qərarın və ya tələbnamənin yerinə yetirilməməsi
536.1. Yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin yerinə yetirilməməsinə, yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinə uyğun gəlməyən malların istehsaldan çıxarılması, buraxılmasına son qoyulması, satışının dayandırılması, yaxud işlərin (xidmətlərin) dayandırılması barədə qərarın və ya tələbnamənin yerinə yetirilməməsinə görə-
fiziki şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
536.2. Ərazilərin, bina və qurğuların layihələşdirilməsində, tikintisində, əsaslı təmirində, yenidən qurulmasında, genişləndirilməsində, yeni texnika ilə təchiz olunmasında yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməməsi aşkar olunduqda, ərazilərin, istehsal sahələrinin, aqreqatların işinin, binaların, qurğuların istismarının tamamilə və ya qismən dayandırılması barədə verilmiş qərarların icra edilməməsinə görə-
fiziki şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 537. Dövlət standartlarının tələblərinə riayət edilməsinə dövlət nəzarətini, habelə dövlət metroloji nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının göstərişlərinin yerinə yetirilməməsi
537.1. Dövlət standartlarının tələblərinə riayət edilməsinə dövlət nəzarətini, habelə dövlət metroloji nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə-
fiziki şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
537.2. Məhsulların satılmasının (tədarükünün, göndərilməsinin), işlərin yerinə yetirilməsinin və xidmətlər göstərilməsinin dayandırılması və ya qadağan edilməsi haqqında dövlət standartlarının tələblərinə riayət edilməsinə dövlət nəzarətini, habelə dövlət metroloji nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının yazılı tələbnamələrinin və qərarlarının yerinə yetirilməməsinə görə-
dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
Maddə 538. Ölçmələrin vəhdətinin təmin edilməsi tələblərinin pozulması
538.1. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına və (və ya) ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsinə görə -
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
538.2. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə istifadə üçün nəzərdə tutulan standart nümunənin və ya ölçmə vasitəsinin tipi təsdiq olunmadan və (və ya) ölçmə vasitəsinin ilkin yoxlamadan keçmədən tədavülə buraxılmasına görə -
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
538.3. Ölçmə vasitələrinin ölçmələrin nəticələrinin təhrif olunmasına səbəb ola bilən icazəsiz sazlanmasına və (və ya) ölçmə vasitələrinə müdaxilə edilməsinə görə-
vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
538.4. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmənin tələb olunan dəqiqliyini təmin etməyən ölçmə vasitələrindən istifadə olunmasına görə -
vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
Maddə 539. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının göstərişlərinin yerinə yetirilməməsi
539.1. Əməyin təhlükəsizliyi tələblərinə uyğun gəlməyən və işçilərin sağlamlığı, yaxud həyatı üçün təhlükə törədən müəssisələrin işi və ya istehsal vasitələrinin istismarının dayandırılması barədə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş qərarın yerinə yetirilməməsinə görə-
vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.
539.2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin iş yerlərinə buraxılmamasına (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə-
vəzifəli şəxslər üç min beş yüz manatdan beş min manatadək məbləğdə cərimə edilir.
Maddə 540. Məşğulluğun təmin edilməsi sahəsində məlumatın, hesabatın verilməməsi
540.1. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə, işdən çıxarılacaq işçilər və ya boş iş yeri (vakansiya) barədə müəyyən olunmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanına rəsmi məlumatın verilməməsinə görə-
əlli manat məbləğində cərimə edilir.
540.2. Müvafiq icra hakimiyyəti orqanına, həmin orqanın göndərişi ilə işə qəbul edilənlər, kvota üzrə işə qəbul edilənlər və ya işdən çıxarılanlar haqqında müvafiq hesabatın təqdim edilməməsinə görə-
altmış manat məbləğində cərimə edilir.
Maddə 541. Ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsi
Ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə-
fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 542. Qaz təchizatı üzərində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsi
Qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab vermədiyinə görə ətraf mühitə, insanların sağlamlığına və ya əmlakına təhlükə törədən qaz qurğularının və qazla bağlı fəaliyyətlərin dayandırılması və müəyyən olunmuş müddətə qaydaya salınması barədə qaz təchizatı üzərində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qərarlarının yerinə yetirilməməsinə görə-
fiziki şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 543. Hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qərarlarının yerinə yetirilməməsi
Mülkiyyətçi və ya istismarçı tərəfindən hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının texniki yoxlamanın nəticələri barədə qərarlarının yerinə yetirilməməsinə görə-
vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 544. İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında tələblərin yerinə yetirilməməsi
544.1. İstehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə-
fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
544.2. İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə-
dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
Maddə 545. Vergi xidməti sahəsində müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin tələblərinin yerinə yetirilməməsi
Vergi xidməti sahəsində müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə-
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 546. Gömrük işi sahəsində müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin tələblərinin yerinə yetirilməməsi
Gömrük işi sahəsində müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni tələblərinin yerinə yetirilməməsinə görə-
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 547. Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müvafiq təqdimatlarının icra edilməməsi
Azərbaycan Respublikası Hesablama Palatası sədrinin qərarı ilə dövlət orqanı, idarə, təşkilat və müəssisənin xəzinə və bank hesabları üzrə əməliyyatlarının dayandırılması barədə təqdimatının xəzinə orqanları və müvəkkil banklar tərəfindən icra edilməməsinə görə-
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 548. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinə mane olma[35]
548.1. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən yoxlamaların keçirilməsinə maneçilik törədilməsinə və ya yoxlayıcıların yoxlama yerinə buraxılmamasına, yaxud həmin orqanların vəzifəli şəxslərinin qanuni tələbnamələrinin (qərarlarının) və ya icrası məcburi olan göstərişlərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə[36]-
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan on min manatadək məbləğdə cərimə edilir[37].
548.2. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə[38]-
vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
548.3 Bank fəaliyyətinə dair prudensial normativlərin və tələblərin pozulması aşkar edildikdə, həmin pozuntunun aradan qaldırılması barədə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişinin vaxtında icra edilməməsinə görə -
vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.[39]
Maddə 549. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın fəaliyyətinə mane olma
549.1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən araşdırmaların aparılmasına maneçilik törədilməsinə görə-
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
549.2. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə-
vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 550. Feldyeger rabitəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı əməkdaşının xidməti vəzifəsini yerinə yetirməsinə mane olma
Feldyeger rabitəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı əməkdaşının xidməti vəzifəsini yerinə yetirməsinə mane olmağa görə -
xəbərdarlıq edilir və ya iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 551. İxrac nəzarətini həyata keçirən orqanların fəaliyyətinə mane olma
551.1. İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xarici iqtisadi əlaqələrin həyata keçirilməsinə xüsusi icazə verilməsindən əvvəl və ya sonra yoxlamaların keçirilməsinə maneçilik törədilməsinə, yaxud yoxlayıcıların yoxlama yerinə buraxılmamasına (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə-
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
551.2. İxrac nəzarəti məsələlərinə aid sənəd və məlumatların ixrac nəzarətini həyata keçirmək səlahiyyətinə malik olan orqanlara verilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə-
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 552. Avtomobil nəqliyyatı sahəsində müvafiq icra hakimiyyəti orqanı əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olma
Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə-
əlli manat məbləğində cərimə edilir.
Maddə 553. Torpaqların dövlət ehtiyacları üçün alınması səlahiyyəti verilmiş hər hansı şəxsin səlahiyyətlərinin həyata keçirilməsinə mane olma
“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq alınan torpağa daxil olmaq və ya onun üzərində sahibliyin əldə olunması ilə bağlı digər hərəkətləri həyata keçirmək səlahiyyəti verilmiş hər hansı şəxsin səlahiyyətlərinin həyata keçirilməsinə mane olmağa görə-
fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Maddə 554. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) qanuni fəaliyyətinə mane olma
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) qanuni fəaliyyətini məhdudlaşdırma və ya fəaliyyətinə müdaxilə etməyə görə-
üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 555. İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının pozulması
555.1. İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə-
min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
555.2. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq müvafiq akt tərtib edilməməsinə görə-
min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
555.3. Bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə-
min səkkiz yüz manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 556. Müvafiq obyektlərin layihələşdirilməsi, tikintisi və istismarı zamanı əməyin mühafizəsi tələblərinin pozulması
556.1. Əməyin qüvvədə olan mühafizəsi standartlarının, qaydalarının və normalarının, təhlükəsizlik texnikasının tələblərinə uyğun gəlməyən istehsalat binalarının və qurğularının layihələşdirilməsinə, tikintisinə və yenidən qurulmasına və ya istehsalat vasitələrinin hazırlanmasına, buraxılmasına, texnologiyaların tətbiqinə yol verilməsinə görə-
vəzifəli şəxslər min iki yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir.
556.2. İnsanın sağlamlığına olan təsirini müəyyənləşdirmək məqsədi ilə texnoloji, yanğın-texniki, sanitariya-gigiyena, tibbi bioloji ekspertizadan və digər nəzarət növlərindən keçirilməmiş zərərli maddələrin, xammalın, materialların tətbiqinə görə-
vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
556.3. Hər hansı yeni və ya yenidən qurulmuş müəssisənin, obyektin, istehsal vasitəsinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən sertifikat-pasportu olmadan istismara buraxılmasına görə-
vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
Maddə 557. Dövlət əmlakı və ondan istifadə barədə məlumatın, hesabatın verilməməsi
557.1. Azərbaycan Respublikasında dövlət əmlakının registrinə daxil edilməli olan məlumatlarla bağlı sənədlərin qanunvericiliklə müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə görə -
vəzifəli şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə cərimə edilir.
557.2. Dövlət müəssisələrində dövlət əmlakının qorunub saxlanılmasına və ondan öz təyinatı üzrə səmərəli istifadə olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətdə dövlət müəssisəsi və ya dövlət orqanının xüsusi hesabatının təqdim edilməməsinə görə -
vəzifəli şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə cərimə edilir.
Maddə 558. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunvericiliyin pozulması
558.1. Daşınmaz əmlaka olan hüquqların dövlət qeydiyyatı üçün daşınmaz əmlakın dövlət reyestrinə təqdim edilmiş şübhə doğuran sənədlərə dair daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanının digər dövlət orqanlarına ünvanlanan sorğularına vaxtında cavab verilməməsinə görə-
vəzifəli şəxslər xəbərdarlıq edilir və ya iki yüz əlli manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.
558.2. Daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən daşınmaz əmlak barədə texniki məlumatın dəqiq və vaxtında təqdim edilməməsinə görə-
xəbərdarlıq edilir və ya üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
558.3. Daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanının vəzifəli şəxsləri tərəfindən daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiq və vaxtında aparılmamasına, yaxud daşınmaz əmlakın dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmamasına və ya bu məlumatın verilməməsinə görə-
beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 559. İpoteka haqqında qanunvericiliyin pozulması
İpotekanın dövlət qeydiyyatını aparan orqanın vəzifəli şəxsləri tərəfindən qeydiyyat qaydalarını pozmaqla və ya ipoteka kağızının dublikatında ipoteka kağızı ilə uyğunsuzluğa yol verməklə maraqlı şəxsə zərər vurulmasına görə -
beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir.
Maddə 560. Dövlət əmlakının icarəyə və istifadəyə verilməsi qaydalarının pozulması
Dövlət əmlakının qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla icarəyə və ya istifadəyə verilməsinə görə -
vəzifəli şəxslər üç min beş yüz manatdan beş min manatadək məbləğdə cərimə edilir.
Maddə 561. Obyektlərin (əsas vəsaitlərin) balansdan balansa verilməsi və silinməsi qaydalarının pozulması
Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan dövlət müəssisə və təşkilatlarına məxsus obyektlərin (əsas vəsaitlərin) balansdan balansa verilməsinə və həmin orqanın rəyi olmadan silinməsinə görə-
vəzifəli şəxslər üç min beş yüz manatdan beş min manatadək məbləğdə cərimə edilir.
Maddə 562. Doğumun qeydə alınması qaydasının pozulması
562.1. Tibb müəssisəsi tərəfindən doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanına dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə -
vəzifəli şəxslər yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
562.2. Doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə-
vəzifəli şəxslər yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
562.3. Üzrlü səbəblər olmadan valideynlər tərəfindən doğumun qeydə alınması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsində müəyyən edilmiş müddətdə müraciət olunmamasına görə-
xəbərdarlıq edilir və ya on manat məbləğində cərimə edilir.
Maddə 563. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması
563.1. Vətəndaşın yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə-
xəbərdarlıq edilir və ya otuz manat məbləğində cərimə edilir.
563.2. Vəzifəli şəxslər tərəfindən fiziki şəxsləri qeydiyyata almaqdan əsassız imtina edilməsinə, qeydiyyata almaq üçün qanunvericilikdə nəzərdə tutulmayan sənədlər tələb edilməsinə, habelə qeydiyyata almaqda süründürməçiliyə yol verilməsinə görə-
beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 564. Bilə-bilə yalandan ixtisaslaşdırılmış xidmətləri çağırma
Bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə-
yüz manat məbləğində cərimə edilir.
Maddə 565. Şəxsiyyət vəsiqəsi olmadan yaşama
Vətəndaşın bir aydan artıq müddətdə şəxsiyyət vəsiqəsi olmadan yaşamasına görə-
xəbərdarlıq edilir və ya iyirmi manat məbləğində cərimə edilir.
Maddə 566. Şəxsiyyət vəsiqəsinin, pasportun, dənizçinin şəxsiyyət sənədinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün sənədlərinin itirilməsi və ya qəsdən korlanması
Şəxsiyyət vəsiqəsinin, pasportun, dənizçinin şəxsiyyət sənədinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün sənədlərinin itirilməsinə və ya qəsdən korlanmasına görə-
otuz manat məbləğində cərimə edilir.
Maddə 567. Şəxsiyyət vəsiqəsinin, pasportun və ya dənizçinin şəxsiyyət sənədinin verilməsi qaydalarının pozulması, qanunsuz alınması və ya girov götürülməsi, Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi (dəyişdirilməsi) qaydalarının pozulması
567.1. Vətəndaşlara onların şəxsiyyət vəsiqələrinin və ya pasportlarının verilməsindən (dəyişdirilməsindən) əsassız imtina edilməsinə, verilməsi (dəyişdirilməsi) üçün qanunvericilikdə nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsinə və ya onların verilməsində (dəyişdirilməsində), habelə vətəndaşın şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısındakı məlumatların dəyişdirilməsində süründürməçiliyə yol verilməsinə, qanunsuz alınmasına və ya girov götürülməsinə görə-
beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.
567.2. Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsindən əsassız imtina edilməsinə, verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsinə və ya onun verilməsində süründürməçiliyə yol verilməsinə görə-
beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.
567.3. Dənizçinin şəxsiyyət sənədinin verilməsindən (dəyişdirilməsindən) əsassız imtina edilməsinə, verilməsi (dəyişdirilməsi) üçün dənizçidən qanunvericilikdə nəzərdə tutulmayan əlavə sənədlər tələb olunmasına və ya şəxsiyyət sənədinin verilməsində (dəyişdirilməsində) süründürməçiliyə yol verilməsinə, qanunsuz alınmasına və ya girov götürülməsinə, habelə onun verilməsi qaydalarının pozulmasına görə-
beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 568. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi, Azərbaycan Respublikasının ərazisində onların olduğu yer üzrə qeydiyyata alınması, müvəqqəti olma müddətinin uzadılması, onlara müvəqqəti və ya daimi yaşamaq üçün icazənin və iş icazəsinin verilməsi (müddətinin uzadılması) qaydalarının pozulması
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi, Azərbaycan Respublikasının ərazisində onların olduğu yer üzrə qeydiyyata alınması, müvəqqəti olma müddətinin uzadılması, onlara müvəqqəti və ya daimi yaşamaq üçün icazənin və iş icazəsinin verilməsi (müddətinin uzadılması) haqqında müraciətə baxılmasında süründürməçiliyə yol verilməsinə, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsinə və ya müraciətə baxmaqdan əsassız imtina edilməsinə görə -
vəzifəli şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Maddə 569. Vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüquqlarının qanunsuz olaraq məhdudlaşdırılması
Vətəndaşın Azərbaycan Respublikasından getmək və Azərbaycan Respublikasına gəlmək hüququnun qanunsuz olaraq məhdudlaşdırılmasına görə-
min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
Maddə 570. Sərhədboyu rejimin pozulması
570.1. Sərhədboyu zonaya daxilolma və ya orada yaşama qaydalarının pozulmasına görə-
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.
570.2. Sərhədboyu zolağa icazəsiz daxil olmağa, sərhədboyu zolaqda və bilavasitə dövlət sərhədinin yaxınlığında icazə olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla təsərrüfat və digər işlərin aparılmasına, mal-qaranın saxlanılmasına və otarılmasına, kütləvi-ictimai tədbirlərin keçirilməsinə görə-
fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz əlli manatadək məbləğdə cərimə edilir.
Maddə 571. Azərbaycan Respublikasının sərhəd sularında (Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində) sərhədboyu rejimin pozulması
Azərbaycan Respublikasının sərhəd sularında, yəni sərhəd çaylarının, göllərin və başqa sututarların, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz başqa gəmilərin və digər üzən vasitələrin qeydiyyata alınması, saxlanması, onların yanalma körpülərindən dəniz və digər sututarların sularına çıxması, orada olması, üzməsi və geri qayıtması qaydalarının pozulmasına, göstərilən sularda icazə olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tədqiqat və axtarış fəaliyyətinin həyata keçirilməsinə görə -
gəmi və ya digər üzən vasitə müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz əlli manatadək məbləğdə cərimə edilir.
Maddə 572. Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejimin pozulması
Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejimin pozulmasına görə-
vətəndaşlar yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər xəbərdarlıq edilməklə və ya iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə cərimə edilməklə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.
Maddə 573. Dəniz və çay limanlarında (körpülərində), dəmir yolu stansiyalarında, avtovağzallarda (avtostansiyalarda), hava limanlarında və digər dövlət sərhədinin buraxılış məntəqələrində fiziki və hüquqi şəxslərdən əşyaların qanunsuz olaraq götürülməsi
573.1. Dəniz və çay limanlarında (körpülərində), dəmir yolu stansiyalarında, avtovağzallarda (avtostansiyalarda), hava limanlarında və digər dövlət sərhədinin buraxılış məntəqələrində həmin məntəqələrin (nəqliyyatın) təhlükəsizliyini təmin edən vəzifəli şəxslər və müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları ilə gətirilməsinə və ya aparılmasına qadağa qoyulan, xüsusi icazə tələb olunan və ya məhdudiyyət qoyulan əşyaların protokol tərtib edilmədən fiziki və hüquqi şəxslərdən qanunsuz olaraq götürülməsinə görə-
vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
573.2. Dəniz və çay limanlarında (körpülərində), dəmir yolu stansiyalarında, avtovağzallarda (avtostansiyalarda), hava limanlarında və digər dövlət sərhədinin buraxılış məntəqələrində həmin məntəqələrin (nəqliyyatın) təhlükəsizliyini təmin edən vəzifəli şəxslər və müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları ilə gətirilməsinə və ya aparılmasına qadağa qoyulmayan, xüsusi icazə tələb olunmayan, məhdudiyyət qoyulmayan əşyaların fiziki və hüquqi şəxslərdən qanunsuz olaraq götürülməsinə görə-
vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 574. Diplomatik və ya xidməti pasport sahiblərinə lazımi kömək göstərilməməsi
Diplomatik və ya xidməti pasport sahibinə lazımi kömək göstərilməməsinə görə-
vəzifəli şəxslər əlli beş manatdan səksən manatadək məbləğdə cərimə edilir.
Maddə 575. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması, yaşaması, yaxud Azərbaycan Respublikası ərazisindən tranzitlə keçməsi qaydalarının pozulması
575.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, yaşama və ya Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçmə qaydalarını pozmasına, yəni:
575.1.1. Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşamasına;
575.1.2. etibarsız sənədlərlə Azərbaycan Respublikasının ərazisində olmasına və ya yaşamasına;
575.1.3. Azərbaycan Respublikasının ərazisində müvəqqəti olduğu, müvəqqəti və ya daimi yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olmasına;
575.1.4. iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmasına;
575.1.5. bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl etməməsinə;
575.1.6. ölkədə olma və ya yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçırmasına;
575.1.7. Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçmə qaydalarına əməl etməməsinə görə -
əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.
575.2. Əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmış və girişinə müəyyən müddətə məhdudiyyət qoyulmuş əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin həmin müddət ərzində bilərəkdən sənədlərində dəyişiklik edərək yenidən ölkəyə daxil olmasına görə -
əcnəbilər və vətəndaşlığı olmayan şəxslər beş yüz manat məbləğində cərimə edilməklə, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.
575.3. Azərbaycan Respublikasında əcnəbiləri və ya vətəndaşlığı olmayan şəxsləri qəbul edən, onlara xidmət göstərilməsini və ya onların işə qəbul olunmasını təmin edən və onların Azərbaycan Respublikasında olması, yaşaması və ya Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçməsi şərtlərinə əməl edilməsi ilə əlaqədar vəzifələri yerinə yetirən müəssisə, idarə və ya təşkilatların vəzifəli şəxsləri tərəfindən əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınmasının və qeydiyyatdan çıxarılmasının, onlara Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlərin rəsmiləşdirilməsinin Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə-
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
Maddə 576. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəldilməsi qaydalarının pozulması
576.1. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyətinin hüquqi şəxs yaratmadan göstərilməsinə görə -
üç yüz manat məbləğində cərimə edilir.
576.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəldilməsi ilə bağlı kütləvi informasiya vasitələrində doğru olmayan məlumatların yayılmasına görə-
beş yüz manat məbləğində cərimə edilir.
Maddə 577. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görülməməsi
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görülməməsinə görə-
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 578. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması
578.1. İşəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə-
vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.
578.2. Eyni xəta üç və ya daha çox əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində törədildikdə -
vəzifəli şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər otuz min manatdan otuz beş min manatadək məbləğdə cərimə edilir.
578.3. İşəgötürənin işə cəlb etdiyi əcnəbini və vətəndaşlığı olmayan şəxsi öz iş yerindən kənarda işlə təmin etməsinə görə -
vəzifəli şəxslər beş yüz manat məbləğində cərimə edilir.
578.4. İşə cəlb edilən əcnəbinin və vətəndaşlığı olmayan şəxsin pasportunun və ya şəxsiyyətini təsdiq edən digər sənədinin işəgötürən tərəfindən götürülərək saxlanılmasına görə -
vəzifəli şəxslər beş yüz manat məbləğində cərimə edilir.
578.5. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslə işəgötürən arasında bağlanılmış əmək müqaviləsi vaxtından əvvəl pozulduqda, bu barədə 5 iş günü müddətində işəgötürən tərəfindən müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsinə görə-
vəzifəli şəxslər üç yüz manat məbləğində cərimə edilir.
578.6. Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərindəki məlumatlar və ya işlədiyi hüquqi şəxsin adı dəyişdikdə və ya iş icazəsi itirildikdə, 5 iş günü müddətində işəgötürən tərəfindən müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsinə və belə icazənin yenidən rəsmiləşdirilməməsinə və ya ləğv edilməsi üçün ərizə təqdim edilməməsinə görə -
vəzifəli şəxslər yüz manat məbləğində cərimə edilir.
Qeyd: Bu Məcəllənin 578.4-cü maddəsi həmin maddədə göstərilən əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.
Maddə 579. Qeyri-hökumət təşkilatları haqqında qanunvericiliyin pozulması
Qeyri-hökumət təşkilatları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri tərəfindən qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmamış dəyişikliklər (təsis sənədlərində edilmiş və ya hüquqi şəxslərin dövlət reyestrində əvvəllər qeydə alınmış faktların sonrakı dəyişikliyi) əsasında hər hansı fəaliyyətin həyata keçirilməsinə, ictimai birlik tərəfindən onun üzvlərinin reyestrinin aparılmamasına, sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş gəlirin təşkilatın məqsədlərinə yönəldilməməsinə, könüllü fəaliyyətə cəlb edilmiş şəxslərlə müqavilələrin bağlanılmamasına, nizamnaməsində (əsasnaməsində) nəzərdə tutulmuş məqsədlərə zidd fəaliyyət göstərməsinə görə-
vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir.
Maddə 580. Qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və qanunvericiliyə uyğunluğunun öyrənilməsinə maneələrin törədilməsi
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeyri-hökumət təşkilatlarının, xarici qeyri-hökumət təşkilatının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun öyrənilməsinə maneələrin yaradılmasına, o cümlədən sorğulara cavab verilməməsinə, tələb olunan sənədlərin və məlumatların təqdim edilməməsinə, yanlış məlumatların verilməsinə görə-
vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir.
Maddə 581. Qeyri-hökumət təşkilatları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının xəbərdarlığında və ya göstərişində bildirilmiş pozuntuların vaxtında aradan qaldırılmaması
Qeyri-hökumət təşkilatları, xarici qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının xəbərdarlığında və ya göstərişində bildirilmiş pozuntuların vaxtında aradan qaldırılmamasına görə -
vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir.
Maddə 582. Xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydalarının pozulması
Xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə görə-
fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Maddə 583. Dövlət təltifləri barəsində qanunsuz hərəkətlər
Ordenin, medalın, fəxri ad döş nişanının və ya planka üzərində orden və medal lentlərinin buna hüququ olmayan şəxs tərəfindən istifadə edilməsinə görə-
əlli manat məbləğində cərimə edilir.
Maddə 584. Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydalarının pozulması
Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydalarının pozulmasına görə-
vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
Maddə 585. Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydalarının pozulması
Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının qaldırılması və ya yerləşdirilməsinə görə-
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 586. Qızıl Xaç və Qızıl Aypara emblemlərindən, onların adlarından və fərqləndirici siqnallarından qanunsuz istifadə
586.0. Qızıl Xaç və Qızıl Aypara emblemlərindən, onların adlarından və fərqləndirici siqnallarından qanunsuz istifadə, yəni “Qızıl Xaç və Qızıl Aypara emblemlərindən istifadə və onların müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq:
586.0.1. Qızıl Xaç və Qızıl Aypara emblemlərindən müdafiə nişanı və ya fərqləndirici nişan qismində istifadə edilməsinə;
586.0.2. fərqləndirici siqnallardan istifadə edilməsinə;
586.0.3. hüquqi şəxslərin adlarında, əmtəə nişanlarında Qızıl Xaç və Qızıl Aypara emblemlərindən və onların adlarından istifadə edilməsinə;
586.0.4. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatının prinsipləri ilə bir araya sığmayan məqsədlər üçün Qızıl Xaç və Qızıl Aypara emblemlərindən və onların adlarından istifadə edilməsinə;
586.0.5. müdafiə nişanı qismində istifadə edilən Qızıl Xaç və Qızıl Aypara emblemləri kimi qəbul edilə biləcək hər hansı oxşar nişanlardan istifadə edilməsinə görə-
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 587. Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında qanunvericiliyin pozulması
Ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin adlarının və sərhədlərinin özbaşına dəyişdirilməsinə və ya onların adlarının təhrif edilmiş formalarından istifadə edilməsinə görə-
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 588. Mülki silahın qeydiyyatı qaydalarının pozulması
Mülki silahın qeydiyyatı qaydalarının pozulmasına görə-
səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 589. Xidməti silahın saxlanması, gəzdirilməsi və ya təyinatı üzrə istifadə edilməsi qaydalarının pozulması
Xidməti silahın saxlanılması və ondan təyinatı üzrə istifadə etmək üçün gəzdirilməsi hüququ olan şəxslər tərəfindən xidməti silahın və ya onun döyüş sursatının saxlanması,gəzdirilməsi və ya təyinatı üzrə istifadə edilməsi qaydalarının pozulmasına görə-
əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir.
Maddə 590. Mülki silahın və ya döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulması
590.1. Müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə-
silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir.
590.2. Müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-
silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 591. Mülki silahın və döyüş sursatının istehsalı, gətirilməsi, aparılması, idxalı, ixracı, kolleksiya edilməsi, sərgisinin keçirilməsi, göndərilməsi, istifadə edilməsi, götürülməsi və ya məhv edilməsi qaydalarının pozulması
Mülki silahın istehsalının, gətirilməsinin, aparılmasının, idxalının, ixracının, kolleksiya edilməsinin, sərgisinin keçirilməsinin, göndərilməsinin, istifadə edilməsinin, götürülməsinin və ya məhv edilməsinin qaydalarının pozulmasına görə-
silah müsadirə edilməklə və ya edilməməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 592. Mülki silahın saxlanması üçün xüsusi icazə ləğv edildikdən sonra vətəndaşların onu satmaqdan boyun qaçırması
Mülki silahın əldə edilməsinə xüsusi icazə və ya odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən ləğv edildikdə, silah sahibinin bu silahı satmaqdan boyun qaçırmasına görə-
silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 593. Möhürün (plombun) qəsdən zədələnməsi və ya qırılması
Bu Məcəllənin 297.1, 304.2, 317.2 və 491.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna edilməklə, səlahiyyətli vəzifəli şəxs tərəfindən vurulmuş möhürün (plombun) qəsdən zədələnməsinə və ya qırılmasına görə-
otuz manatdan əlli manatadək məbləğdə cərimə edilir.
Maddə 594. İnzibati icraat haqqında qanunvericiliyin pozulması
594.0. İnzibati icraat haqqında qanunvericiliyin pozulmasına, yəni:
594.0.1. inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarların qəbul olunmasına və ya qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması əsas hesab edilərək, müvafiq qərarın qəbulundan imtina edilməsinə, yaxud fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədlərin qəbulundan imtina edilməsinə;
594.0.2. inzibati orqan tərəfindən fiziki və ya hüquqi şəxsin müraciətinə əsasən ərizələrin və inzibati icraatla bağlı digər formulyarların (blankların) nümunələrinin ona verilməməsinə;
594.0.3. inzibati orqanın mənafeyini təmsil edən vəzifəli şəxsin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda inzibati icraatda iştirakına və özü-özünə etiraz etməməsinə və ya həmin qanuna əsasən iştirakına yol verilmədiyi hallarda ekspertin, mütəxəssisin və ya tərcüməçinin inzibati icraatda iştirakına;
594.0.4. inzibati orqan tərəfindən ərizənin qəbul edildiyi gündən ən geci 3 gün müddətində ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında ərizəçiyə arayışın verilməməsinə və ya göndərilməməsinə, yaxud qanunda nəzərdə tutulmuş hallarda təkrar ərizənin yoxlanılmamasına və ərizə ilə bağlı müvafiq qərarın qəbul edilməməsinə və ya inzibati icraatda iştirak edən şəxslərin təqdim etdiyi və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətlərinin işə aid olmaması və ya əsassız olması səbəbindən qəbulundan imtina edilməsinə, yaxud maraqlı şəxsdən qanunvericilikdə nəzərdə tutulduğundan əlavə hər hansı digər məlumatın tələb edilməsinə;
594.0.5. inzibati aktın qəbul edilməsi, inzibati akta edilən düzəlişlər, inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə inzibati orqan tərəfindən maraqlı şəxslərə və ya onların nümayəndələrinə qanunda nəzərdə tutulmuş qaydada məlumatın verilməməsinə;
594.0.6. inzibati orqan tərəfindən inzibati icraatda iştirak edən şəxslərin inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar edilməməsinə;
594.0.7. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərarın qanunla müəyyən edilmiş müddət ərzində qəbul olunmamasına və ya inzibati şikayətin və icraatla bağlı materialların 3 gün müddətində şikayət instansiyasına göndərilməməsinə görə-
vəzifəli şəxslər üç yüz əlli manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 595. İnzibati prosessual qanunvericiliyin pozulması
595.1. İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı çərçivəsində məhkəmənin tələb etdiyi sənədlərin və ya aktların, habelə zəruri məlumatların inzibati orqanlar tərəfindən təqdim edilməməsinə görə-
vəzifəli şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir.
595.2. İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında məhkəmə iclasının qapalı keçirildiyi hallar istisna olmaqla, hər hansı şəxsin məhkəmə iclasına buraxılmamasına görə-
vəzifəli şəxslər beş yüz manat məbləğində cərimə edilir.
Maddə 596. İnzibati xəta haqqında iş üzrə icraat zamanı müddətlərin pozulması
596.1. İnzibati xəta haqqında iş üzrə icraat zamanı səlahiyyətli vəzifəli şəxs tərəfindən bu Məcəllənin 52.2, 57.4, 83.2, 83.3, 91.0.4, 97, 101, 102.5, 103, 104.4, 104.7, 111.1, 117, 131, 136.2 və 150.4-cü maddələrində müəyyən edilmiş müddətlərin pozulmasına görə-
vəzifəli şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.
596.2. Səlahiyyətli vəzifəli şəxsin bu Məcəllənin 104.1-ci maddəsinin müddəalarını pozmaqla inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərar qəbul etməsinə görə -
vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 597. Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında qanunvericiliyin pozulması
597.0. Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında qanunvericiliyin pozulmasına, yəni:
597.0.1. özəl mühafizə müəssisəsinə və ya hüquqi şəxsin mühafizə bölməsinə mühafizəçi vəzifəsinə işə qəbul edilən namizəd barədə işəgötürən tərəfindən 3 gün müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsinə;
597.0.2. mühafizəçi tərəfindən fiziki qüvvə və ya xüsusi vasitənin tətbiq edildiyi hər bir halda bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanına və prokurorluq orqanlarına məlumat verilməməsinə;
597.0.3. mühafizəçi tərəfindən xüsusi vasitə və ya mühafizəçi vəsiqəsi itirildikdə bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsinə;
597.0.4. özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən xidməti istifadə üçün verilmiş xüsusi vasitələrin mühafizə olunan obyektin hüdudlarından kənara çıxarılmasına və ya istifadə üçün kənar şəxslərə verilməsinə;
597.0.5. mühafizəçinin geyim formasının mühafizə olunan obyektin hüdudlarından kənarda daşınmasına;
597.0.6. özəl mühafizə fəaliyyətini həyata keçirən şəxs tərəfindən mühafizə olunan obyektlərdə hüquqi şəxsin müvafiq vəzifəli şəxslərinin, habelə mühafizə olunan obyektlərin mülkiyyətçilərinin və ya qanuni sahiblərinin yazılı icazəsi olmadan video və audioyazı, foto və kino çəkilişinin aparılmasına görə-
fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
Maddə 598. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması
598.0. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni:
598.0.1. monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən müştərinin, onun nümayəndəsinin və ya benefisiarın eyniləşdirilməsi, verifikasiyası və məlumatın sənədləşdirilməsi ilə bağlı tələblərə riayət olunmamasına;
598.0.2. monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən eyniləşdirmə sənədlərinin və pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara dair sənədlərin saxlanması ilə bağlı vəzifələrin yerinə yetirilməməsinə;
598.0.3. hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən daxili nəzarət sisteminin tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə;
598.0.4. monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən nəzarət orqanlarının və ya maliyyə monitorinqi orqanının “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda verdikləri yazılı göstərişlərinin vaxtında və ya tam icra edilməməsinə;
598.0.5. monitorinq iştirakçıları və ya monitorinqdə iştirak edən digər şəxslər tərəfindən məlumatların təqdim edilməsinə və əməliyyatların icra edilməməsinə dair “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərin pozulmasına;
598.0.6. monitorinq iştirakçısı və ya monitorinqdə iştirak edən digər şəxslər tərəfindən nəzarət orqanlarının fəaliyyətinə maneələrin yaradılmasına, o cümlədən sorğulara cavab verilməməsinə, tələb olunan sənədlərin və məlumatların təqdim edilməməsinə, yanlış məlumatların verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə-
vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.
Maddə 599. Ali və orta ixtisas təhsili müəssisələrinin “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulmaması və ya məlumatların həmin sistemə vaxtında, tam və ya düzgün daxil edilməməsi
Ali və orta ixtisas təhsili müəssisələrinin “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulmamasına və ya məlumatların həmin sistemə vaxtında, tam və ya düzgün daxil edilməməsinə görə-
vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir.
Maddə 600. Dövlət qulluqçuları haqqında məlumatların vaxtında, tam və ya düzgün verilməməsi
Dövlət qulluğuna qəbul edilən şəxslər və digər dövlət qulluqçuları haqqında qanunvericiliklə müəyyən edilmiş məlumatların müvafiq dövlət orqanları tərəfindən Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinə vaxtında, tam və ya düzgün verilməməsinə görə-
vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 601. Hüquq müəyyən edən sənədlərin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmayan sənədlərin tələb edilməsi
Hüquq müəyyən edən sənədlərin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmayan sənədlərin tələb edilməsinə görə-
vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 602. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin pozulması
602.1. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlamanın aparılmasına görə -
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
602.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış yoxlama barədə məlumatın verilməsi qaydalarının pozulmasına, yəni:
602.2.1. sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış yoxlamanın nəticələri barədə məlumatın tam, düzgün və ya vaxtında müvafiq icra hakimiyyəti orqanına verilməməsinə;
602.2.2. sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatın həmin səbəblər göstərilməklə vaxtında müvafiq icra hakimiyyəti orqanına verilməməsinə;
602.2.3. yoxlayıcı orqan tərəfindən yoxlamanın dayandırılması və ya sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarla bağlı məlumatın müvafiq icra hakimiyyəti orqanına verilməməsinə görə -
vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.
602.3. Bu Məcəllənin 602.1-ci və 602.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, yoxlayıcı orqan və ya yoxlayıcı tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda yoxlamalarla bağlı müəyyən edilmiş tələblərin və prosedurların pozulmasına görə -
vəzifəli şəxslər beş yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
602.4. Sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə və sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə -
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.