FƏSİL 40
Hərbi uçot, hərbi qeydiyyat və səfərbərlik qaydaları əleyhinə olan inzibati xətalar
Maddə 603. Çağırışçılar və hərbi vəzifəlilər haqqında məlumatların vaxtında verilməməsi
603.1. İlkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarının çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə -
vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.
603.2. Çağırışçıların və hərbi vəzifəlilərin sağlamlıq imkanlarının məhdudluğunun və ya əlilliyinin müəyyən edilməsi, onların soyadının, adının, atasının adının dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsi, ölümünün qeydiyyatı, habelə onlar barəsində cinayət işinin başlanılması və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü barədə məlumatın müvafiq icra hakimiyyəti orqanına təqdim etməli olan aidiyyəti orqanlar tərəfindən müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə -
vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz əlli manatadək məbləğdə cərimə edilir.
603.3. Bu Məcəllənin 603.1-ci və 603.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyata alınması, hərbi qeydiyyatdan çıxarılmasının rəsmiləşdirilməsi və ya hərbi qeydiyyat məlumatının dəqiqləşdirilməsi üçün tələb olunan məlumatların çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə -
vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 604. İlkin hərbi qeydiyyata alınmaqdan boyun qaçırma
İlkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə görə -
otuz manat məbləğində cərimə edilir.
Maddə 605. Çağırışçılara və hərbi vəzifəlilərə çağırış barədə məlumatın verilməməsi
Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən çağırışçılara və hərbi vəzifəlilərə onların müvafiq icra hakimiyyəti orqanına çağırılması barədə məlumatın verilməməsi, yaxud onların çağırış məntəqələrinə və ya toplanış yerinə vaxtında gəlməsinə maneçilik törədilməsinə görə -
vəzifəli şəxslər səksən manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 606. Hərbi qeydiyyat qaydalarının pozulması
606.1. Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatını aparan orqanın vəzifəli şəxsi tərəfindən çağırışçılardan və hərbi vəzifəlilərdən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmayan əlavə sənədlərin tələb edilməsinə, hərbi qeydiyyata alınma haqqında vəsiqəyə yanlış məlumatların daxil edilməsinə, onların hərbi qeydiyyata alınmasından, hərbi qeydiyyatdan çıxarılmasından və ya hərbi qeydiyyata alınma haqqında vəsiqənin verilməsindən əsassız imtina edilməsinə görə -
iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə cərimə edilir.
606.2. Vətəndaşların hərbi qeydiyyat üzrə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş vəzifələrini icra etməməsinə, yəni:
606.2.1. vətəndaşlar ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə;
606.2.2. hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə, yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmamasına və olduğu yer üzrə hərbi qeydiyyata durmamasına;
606.2.3. hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsinə görə -
otuz manat məbləğində cərimə edilir.
606.3. Çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə -
əlli manat məbləğində cərimə edilir.
Qeyd: Bu Məcəllənin 606.3-cü maddəsində göstərilən əməl qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırış və ya səfərbərlik üzrə çağırış ilə bağlı törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.
Maddə 607. Hərbi qeydiyyat sənədlərinin qəsdən korlanması və ya itirilməsi
Çağırışçılar və hərbi vəzifəlilər hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin qəsdən korlanılmasına və ya itirilməsinə görə -
xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir.
Maddə 608. Dövlət hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları, müəssisələr, idarələr və təşkilatlar tərəfindən səfərbərlik üzrə tədbirlərin həyata keçirilməsinin təmin edilməməsi
608.1. Müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin, təşkilatların vəzifəli şəxsləri tərəfindən səfərbərlik elan edilərkən hərbi vəzifəlilərə vaxtında məlumat verilməməsinə və onların çağırış-toplanış məntəqələrinə və ya hərbi hissələrə gətirilməsinin təmin edilməməsinə görə-
iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
608.2. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların vəzifəli şəxsləri tərəfindən“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik sahəsində onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə-
iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə cərimə edilir.
Maddə 609. Hərbi-nəqliyyat vəzifəsi haqqında qanunvericiliyin pozulması
609.1. Azərbaycan Respublikasının dövlət və yerli özünüidarəetmə orqanları, nəqliyyat vasitələrinin mülkiyyətçisi (sahibi) olan təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının sorğusuna əsasən nəqliyyat vasitələrinin mövcudluğu və texniki vəziyyəti barədə məlumatların təqdim edilməməsinə görə-
vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz əlli manatadək məbləğdə cərimə edilir.
609.2. Səfərbərlik tapşırıqlarına uyğun olaraq hərbi-nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə müəyyən edilmiş qaydada təqdim olunmamasına görə-
vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.