FƏSİL 14
GÖMRÜK NƏZARƏTİNİN TƏŞKİLİ
Maddə 92. Gömrük nəzarətinin formaları
92.1. Gömrük orqanları malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olmasını, bu ərazidən çıxmasını, tranzitini, daşınmasını və son istifadəsini tənzimləyən gömrük qanunvericiliyinə, həmçinin icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş digər qanunvericiliyə və beynəlxalq müqavilələrə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük nəzarətini həyata keçirirlər. Gömrük nəzarəti həyata keçirilərkən müasir texnologiya və avadanlıqdan istifadə edilir.
92.2. Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük nəzarətini aşağıdakı formalarda həyata keçirirlər:
92.2.1. malların və nəqliyyat vasitələrinin yoxlanılması;
92.2.2. şəxsi yoxlama;
92.2.3. gömrük məqsədləri üçün lazım olan məlumatların, elektron və ya kağız üzərində yazılı formalarda sənədlərin, o cümlədən Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlarla (şəhadətnamələrlə) müşayiət olunmasının yoxlanılması;
92.2.4. gömrük auditi;
92.2.5. şəxslərin sorğu-sual edilməsi;
92.2.6. gömrük nəzarətindən keçməli olan mallara və nəqliyyat vasitələrinə, onların yerləşdiyi ərazilərə və binalara, müvəqqəti saxlanc və gömrük anbarlarında, sərbəst zonalarda yerləşən ərazilərə və binalara, həmçinin icrasına nəzarət gömrük orqanına həvalə edilmiş fəaliyyətin həyata keçirildiyi digər yerlərə gömrük baxışının keçirilməsi;
92.2.7. keşik çəkmənin (patrulluğun) və gömrük müşahidəsinin aparılması.
92.3. Beynəlxalq müqavilələrdə nəzərdə tutulduqda, gömrük nəzarəti gömrük ərazisindən kənar ərazidə də həyata keçirilə bilər.
92.4. Gömrük nəzarətinin formaları milli və beynəlxalq səviyyədə işlənib hazırlanmış meyarlar əsasında risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və qarşısının alınması üzrə zəruri tədbirlərin həyata keçirilməsi məqsədi ilə risklərin idarə olunması təcrübəsinə əsaslanmalıdır.
92.5. Gömrük nəzarəti formaları seçilərkən bu Məcəllənin 100.2-ci maddəsində müəyyən edilmiş qaydada yaradılan riskin idarə edilməsi sistemindən istifadə olunur.
92.6. Müvafiq icra hakimiyyəti orqanı gömrük nəzarətinin təşkili məqsədi ilə bu Məcəlləyə uyğun olaraq aşağıdakıları müəyyən edir:
92.6.1. gömrük nəzarətinin həyata keçirilməsi qaydalarını;
92.6.2. ümumi risklərin idarə edilməsi qaydalarını;
92.6.3. ümumi meyarların və prioritet nəzarət sahələrinin müəyyən edilməsi üzrə qaydaları;
92.6.4. aidiyyəti orqanlarla birlikdə risklərə dair məlumatların və gömrük kəşfiyyatı məlumatlarının mübadiləsini tənzimləyən qaydaları.
Maddə 93. Gömrük nəzarəti zonaları
93.1. Gömrük sahələrində, gömrük sərhədi boyunca, gömrük rəsmiləşdirilməsi yerlərində, sərbəst zonalarda, gömrük anbarlarında, malların yükləmə-boşaltma və müvəqqəti saxlanc yerlərində, gömrük nəzarəti altında olan malların daşınmasını həyata keçirən nəqliyyat vasitələrinin dayanacağında, gömrük orqanlarının olduğu yerlərdə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər yerlərdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən gömrük nəzarəti zonaları yaradılır və rejim qaydaları müəyyən edilir.
93.2. Gömrük nəzarəti zonalarının yaradılması və onların nişanlanması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
93.3. Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti zonalarında istehsal və digər kommersiya fəaliyyətinin həyata keçirilməsinə, malların, nəqliyyat vasitələrinin, şəxslərin, o cümlədən dövlət orqanlarının vəzifəli şəxslərinin bu zonaların sərhədini keçməsinə və daxilində hərəkətinə yalnız gömrük orqanlarının icazəsi ilə və onların nəzarəti altında yol verilir.
Maddə 94. Gömrük nəzarəti üçün lazım olan sənədlər və məlumatlar
94.1. Gömrük sərhədindən malları və nəqliyyat vasitələrini keçirən, yaxud icrasına nəzarət gömrük orqanlarına həvalə olunmuş fəaliyyəti həyata keçirən şəxslər gömrük nəzarəti üçün lazım olan sənədləri və məlumatları bu orqanlara təqdim etməlidirlər.
94.2. Gömrük nəzarəti üçün lazım olan sənədlərin və məlumatların siyahısı, həmçinin onların təqdim edilmə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilərək rəsmi nəşrlərdə dərc olunur və müvafiq icra hakimiyyəti orqanlarının rəsmi internet saytlarında yerləşdirilir.
94.3. Gömrük orqanları gömrük nəzarətinin həyata keçirilməsi üçün gömrük sərhədindən malları və nəqliyyat vasitələrini keçirən şəxslərin, gömrük brokerlərinin və ya bu cür əməliyyatlara aidiyyəti olan digər şəxslərin, icrasına nəzarət gömrük orqanına həvalə olunmuş əməliyyatları haqqında müvafiq təşkilatlardan məlumatlar və arayışlar almaq hüququna malikdirlər.
94.4. Hüquq mühafizə orqanları, həmçinin vergi və başqa dövlət nəzarəti orqanları gömrük nəzarəti üçün lazım olan məlumatları öz təşəbbüsləri ilə və ya qanunvericiliyə uyğun olaraq gömrük orqanlarının sorğusu əsasında onlara təqdim edirlər.
Maddə 95. Sənədlərin və məlumatların saxlanılması
95.1. Gömrük nəzarətindən keçməli olan mallara dair sənədlərə və məlumatlara malik olan şəxslər onların bu Məcəllə və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada saxlanılmasını təmin etməlidirlər.
95.2. Saxlanma üsulundan asılı olmayaraq, gömrük sərhədindən keçirilən mallara dair sənədlər və məlumatlar, həmin malların gömrük nəzarəti altında olan mallar statusunu itirməsindən sonrakı 3 (üç) il ərzində saxlanılmalıdır.
95.3. Şəxs gömrük orqanlarının vəzifəli şəxslərinin sənədləri və məlumatları əldə etməsinə şərait yaratmalı, bununla bağlı onların suallarını cavablandırmalı, tələb olunduqda, sənədlərin surətlərini onlara təqdim etməlidir.
95.4. Məlumatlar elektron formada saxlandıqda, şəxs gömrük nəzarətindən keçməli olan mallara dair sənədlər və məlumatlarla tanışlıq üçün gömrük orqanlarının vəzifəli şəxslərini lazımi avadanlıqla təmin etməlidir.
95.5. Mallar sərbəst dövriyyəyə buraxıldıqda, yaxud ixrac məqsədi ilə bəyan edildikdə, bu Məcəllənin 95.2-ci maddəsində nəzərdə tutulan müddətin hesablanması sərbəst dövriyyə üçün buraxılışla və ixracla bağlı gömrük bəyannamələrinin təsdiq edildiyi ilin sonundan başlanır. Mallar digər gömrük proseduru altında yerləşdirildikdə, bu Məcəllənin 95.2-ci maddəsində nəzərdə tutulan müddətin hesablanması müvafiq gömrük prosedurunun başa çatdığı ilin sonundan başlanır.
Maddə 96. Gömrük orqanlarının vəzifəli şəxslərinin məlumatlar və sənədlərlə tanış olmasının təmin edilməsi
Gömrük ərazisinə idxal edilən və ya bu ərazidən ixrac edilən malların daşınmasına cəlb olunmuş bütün şəxslər saxlanması tələb olunan məlumatların və sənədlərin gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən nəzərdən keçirilməsini müəyyən olunmuş forma və qaydada (o cümlədən elektron formada) təmin etməlidirlər.
Maddə 97. Gömrük nəzarətinin həyata keçirilməsinə yardım üçün mütəxəssislərin və ekspertlərin cəlb edilməsi
97.1. Gömrük orqanları gömrük nəzarətinin həyata keçirilməsinə yardım göstərilməsi üçün digər dövlət orqanlarının mütəxəssislərini və ekspertlərini sorğu əsasında, hüquqi şəxslərin mütəxəssislərini, ekspertlərini isə, onlarla bağlanılan müqavilə əsasında (gömrük orqanlarına həvalə edilmiş hüquq və vəzifələri hüquqi şəxslərə ötürməmək şərti ilə) cəlb etmək hüququna malikdirlər.
97.2. Gömrük nəzarətinin həyata keçirilməsinə yardım göstərilməsi üçün mütəxəssisin və ya ekspertin cəlb edilməsi haqqında gömrük orqanının sorğusu dövlət orqanları tərəfindən icra edilməlidir.
97.3. Gömrük nəzarətinin həyata keçirilməsinə yardım göstərilməsi üçün cəlb olunan dövlət orqanlarının mütəxəssislərinin və ekspertlərinin xidməti vəzifələrinə aid olan işlərin yerinə yetirilməsi ilə əlaqədar xərclər ödənilmir.
97.4. Gömrük nəzarətinin həyata keçirilməsinə cəlb edilən mütəxəssislər və ekspertlər onlara məlum olan dövlət və kommersiya sirlərini, habelə qanunla qorunan digər konfidensial məlumatları yaymamağa borcludurlar.
Maddə 98. Gömrük auditi
98.1. Gömrük auditi gömrük orqanları tərəfindən, malların və nəqliyyat vasitələrinin buraxılışından, o cümlədən şərti buraxılışından sonra gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünə əmin olmaq, eləcə də şəxsin mallar və nəqliyyat vasitələri barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət etmək öhdəliklərini yerinə yetirməsinin vəziyyətini müəyyənləşdirmək məqsədi ilə aparılır. Bunun üçün gömrük orqanları idxalatçının, ixracatçının, mal sahibinin, bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin həmin mallar və nəqliyyat vasitələri ilə əlaqədar apardığı əməliyyatlara və beynəlxalq ticarət sövdələşmələrinə dair kommersiya sənədlərini və məlumatları yoxlayırlar.
98.2. Gömrük auditi gömrük bəyannaməsində qeyd olunan malların gömrük nəzarəti altında olan mallar statusunu itirməsindən sonrakı 3 (üç) il ərzində və yalnız hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barəsində həyata keçirilə bilər.
98.3. Gömrük auditi idxalatçının, ixracatçının, mal sahibinin, bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin müvafiq tikililərində, ərazilərində, binalarında və onların istifadəsində olan digər yerlərdə aparıla bilər.
98.4. Gömrük auditi və onun nəticələrinin rəsmiləşdirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.[2]
98.5. Gömrük auditi aparılarkən cinayət və ya inzibati hüquqpozma əlamətləri aşkar olunarsa, hüquqpozmanın bilavasitə obyekti üzərində gömrük auditi başa çatdırılır, həmin auditin nəticəsinə dair təxirə salınmadan akt tərtib olunur və gömrük orqanları tərəfindən inzibati, yaxud cinayət-prosessual qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.
98.6. Gömrük və vergi orqanları əldə etdikləri məlumatları qanunvericiliklə müəyyən olunmuş qaydada mübadilə edə, müştərək gömrük auditi apara bilərlər.
98.7. Gömrük auditi ümumi və xüsusi formalarda həyata keçirilir.
98.8. Ümumi gömrük auditi gömrük orqanının rəhbərinin və ya onu əvəz edən şəxsin yazılı qərarı əsasında həyata keçirilir. Gömrük orqanının ümumi gömrük auditinin aparılması barədə qərarının surəti, auditin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış və auditi aparan şəxsin xidməti vəsiqəsi audit keçirilməmişdən əvvəl barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunmalıdır.[3]
98.9. Ümumi gömrük auditi 3 (üç) iş günündən artıq olmayan müddətdə aparılmalıdır. Auditin aparılması şəxsin istehsal və kommersiya fəaliyyətinin həyata keçirilməsinə mane olmamalıdır. Eyni mallara dair təkrar ümumi gömrük auditinin aparılmasına icazə verilmir.[4]
98.10. Xüsusi gömrük auditi gömrük orqanının rəhbərinin və ya onu əvəz edən şəxsin yazılı qərarı əsasında həyata keçirilir. Gömrük orqanının xüsusi gömrük auditinin aparılması barədə qərarının surəti, auditin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış və auditi aparan şəxsin xidməti vəsiqəsi audit keçirilməmişdən əvvəl barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunmalıdır.
98.11. Xüsusi gömrük auditi aşağıdakı hallarda həyata keçirilir:
98.11.1. xarici ticarət iştirakçılarına münasibətdə - ümumi gömrük auditinin və ya bu Məcəllə ilə müəyyən olunmuş gömrük nəzarətinin başqa formalarının tətbiqi nəticəsində gömrük rəsmiləşdirilməsi üçün təqdim olunan məlumatların qeyri-dəqiqliyini təsdiq edən dəlillər aşkar olunarsa və yaxud mallar üzərində sərəncam verilməsi və ya onlardan istifadə edilməsinə dair müəyyən olunmuş tələblərin və məhdudiyyətlərin pozulması ilə həyata keçirilərsə və bunun nəticəsində gömrük rüsumlarının, vergilərin ödənilmə qaydasının pozulması, həmçinin Azərbaycan Respublikasında xarici ticarətin dövlət tənzimlənməsini təmin edən qanunvericiliyə müvafiq olaraq müəyyən edilmiş məhdudiyyət və qadağalara əməl olunmaması faktı aşkar olunarsa;
98.11.2. gömrük brokerlərinə, müvəqqəti saxlanc anbarlarının sahiblərinə, gömrük anbarlarının sahiblərinə və gömrük daşıyıcılarına münasibətdə - gömrük sərhədindən keçirilən malların uçotunun və onlar haqqında hesabatın düzgün aparılmaması, yaxud bu Məcəllə ilə müəyyən olunan müvafiq fəaliyyət növünün həyata keçirilməsinin bu və ya digər tələb və şərtlərinin yerinə yetirilməməsi faktı aşkar olunarsa.
98.12. Xüsusi gömrük auditini həyata keçirən gömrük orqanları bu Məcəllənin 98.11-ci maddəsində göstərilən şəxslər barəsində aşağıdakı hərəkətləri yerinə yetirmək hüququna malikdirlər:
98.12.1. gömrük ərazisinə gətirilən mallarla aparılan əməliyyatlara dair sənədlər və məlumatlarla (o cümlədən elektron formada olan sənədlər və məlumatlarla) tanış olmaq;
98.12.2. barəsində gömrük auditi aparılan şəxsin sərəncamında və ya istifadəsində olan ərazilərə və binalara daxil olmaq, həmçinin onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə malları yoxlamaq və baxış keçirmək;
98.12.3. qanunla nəzərdə tutulmuş hallarda və qaydada malları götürmək.
98.13. Xüsusi gömrük auditi onun aparılması üçün zəruri olan ən qısa müddət ərzində, həmin yoxlamanın keçirilməsinə dair qərarın qəbul edildiyi tarixdən etibarən 2 (iki) aydan gec olmamaq şərti ilə başa çatdırılmalıdır. Şəxsə sənədlərin və məlumatların təqdim edilməsi haqqında tələbin verilməsindən, onların təqdim edilməsinə qədər olan dövr göstərilən müddətə daxil edilmir.[5]
98.14. Xüsusi gömrük auditinin eyni şəxsə və eyni mala münasibətdə təkrarən aparılmasına icazə verilmir.
98.15. Xüsusi gömrük auditinin aparılması məqsədi ilə gömrük orqanları mallar barəsində səlahiyyəti olan və ya malların saxlancını həyata keçirən şəxslər, həmçinin dövlət nəzarəti tədbirlərini həyata keçirən orqanlar tərəfindən aparılmış inventarlaşdırmaların nəticələrindən, auditor rəylərindən, dövlət orqanları tərəfindən tərtib olunmuş aktlardan və rəylərdən istifadə etmək hüququna malikdirlər.
Maddə 99. Gömrük nəzarətinin həyata keçirilməsi üzrə hərəkətlərin icraatı zamanı tərtib edilən protokola dair ümumi tələblər
99.1. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda gömrük nəzarətinin həyata keçirilməsi üzrə hərəkətlərin yerinə yetirilməsi zamanı protokollar tərtib olunur. Protokollar Azərbaycan Respublikasının dövlət dilində tərtib edilir. Protokolların formasını bu Məcəllənin 82.6-cı, 99.2-ci və 99.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
99.2. Protokolda aşağıdakılar göstərilir:
99.2.1. protokolun adı;
99.2.2. konkret hərəkətlərin həyata keçirilməsinin yeri, tarixi və vaxtı;
99.2.3. hərəkətin başlanması və başa çatmasının vaxtı;
99.2.4. protokolu tərtib etmiş şəxsin vəzifəsi, adı, soyadı, atasının adı;
99.2.5. barəsində müvafiq hərəkət aparılan şəxsin, hal şahidlərinin və hərəkətin həyata keçirilməsində iştirak edən digər şəxslərin adı, soyadı, atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, yaşadığı və qeydiyyatda olduqları ünvan, Azərbaycan Respublikasının dövlət dilində danışa bilib-bilməməsi;
99.2.6. barəsində müvafiq hərəkət aparılan şəxsə, hal şahidlərinə və hərəkətin həyata keçirilməsində iştirak edən digər şəxslərə onların hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında qeyd;
99.2.7. hərəkətin həyata keçirilməsinə əsas olan bu Məcəllənin müvafiq maddəsi;
99.2.8. hərəkətin məzmunu, onun yerinə yetirilməsinin ardıcıllığı;
99.2.9. hərəkətin yerinə yetirilməsi zamanı aşkar olunan və iş üçün əhəmiyyətli olan faktlar və hallar.
99.3. Mallar və ya sənədlər bu Məcəlləyə uyğun olaraq götürüldükdə, protokolda bu Məcəllənin 99.2-ci maddəsində qeyd olunanlardan əlavə aşağıdakılar da göstərilməlidir:
99.3.1. götürülən malların, prob və nümunələrin sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsviri;
99.3.2. götürülən sənədlərin növü və rekvizitləri.
99.4. Şəxsi axtarış həyata keçirilərkən, həmçinin mallar və ya sənədlər götürülərkən işin nəticəsində maraqlı olmayan və yetkinlik yaşına çatmış iki hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər.
99.5. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda gömrük nəzarətinin həyata keçirilməsi üzrə hərəkətlərin icraatı zamanı foto, kino və video çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə edildikdə müvafiq yazılar, fotoşәkillәr, çəkiliş lentləri və ya başqa məlumat daşıyıcıları protokola əlavə edilir.
99.6. Protokol, barəsində müvafiq hərəkət aparılan şəxs, hal şahidləri və hərəkətin həyata keçirilməsində iştirak edən digər şəxslər tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə, onun hər bir vərəqi həmin şəxslər tərəfindən imzalanır. Onlar protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır.
99.7. Barəsində müvafiq hərəkət aparılan şəxsin, hal şahidlərinin və hərəkətin həyata keçirilməsində iştirak edən digər şəxslərin izahatlar və protokolun məzmunu barәsindә öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur.
99.8. Barəsində müvafiq hərəkət aparılan şəxsə protokolun surəti verilir.
FƏSİL 15
RİSKLƏRİN İDARƏ EDİLMƏSİ
Maddə 100. Ümumi müddəalar
100.1. Gömrük işində risklərin idarə edilməsi (risk menecmenti) məlumatların toplanması, məlumat bazasının yeniləşdirilməsi, risklərin təhlili, müvafiq proseslər və onların nəticələrinin mütəmadi monitorinqi yolu ilə risklərin müəyyən edilməsi, onların təhlükəlilik ehtimalının və dövlətin iqtisadi, sosial və digər maraqlarına dəyəcək ziyanın dərəcəsinin qiymətləndirilməsi və riskə məruz qalmanın azaldılması və qarşısının alınması məqsədi ilə gömrük orqanları tərəfindən sistematik işlənib hazırlanan və mütəmadi həyata keçirilən tədbirlərdir.
100.2. Müvafiq icra hakimiyyəti orqanı təhlükələrin təhlili mexanizmini, nəzarət formalarının seçilməsini, həmçinin daha səmərəli iş üsullarının müəyyən edilməsini özündə cəmləşdirən risklərin idarə edilməsi sistemini yaradır və avtomatlaşdırır.
100.3. Gömrük işində risklərin idarə edilməsi sistemi aşağıdakı məqsədlər üçün tətbiq olunur:
100.3.1. gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi zamanı diqqətin yüksək riskli sahələrə yönəldilməsi və gömrük orqanlarının sərəncamında olan vasitələrdən səmərəli istifadənin təmin edilməsi;
100.3.2. gömrük işi sahəsində hüquqpozmaların aşkar olunması imkanlarının artırılması;
100.3.3. gömrük qanunvericiliyinə riayət edən şəxslərə məxsus olan malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinə əlverişli şərait yaradılması.
Maddə 101. Risklərin idarə edilməsi sahəsində gömrük orqanlarının fəaliyyəti
101.1. Gömrük yoxlamasına məruz qalan malları, nəqliyyat vasitələrini, sənədləri və şəxsləri, habelə bu cür yoxlamanın dərəcəsini müəyyən etmək üçün gömrük orqanları riskləri təhlil edir və bu təhlilin nəticəsinə əsaslanaraq, gömrük nəzarətinin formasını müəyyən edir.
101.2. Gömrük orqanları sistemində risklərin idarə edilməsi sisteminin tətbiqi qaydaları və formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
101.3. Risklərin təhlilinin adekvatlığını təmin etmək məqsədilə, müvafiq icra hakimiyyəti orqanı gömrük orqanlarından, o cümlədən müvafiq beynəlxalq müqavilə əsasında digər ölkələrin gömrük xidmətlərindən malların və nəqliyyat vasitələrinin göndərişləri haqqında əvvəlcədən ilkin elektron məlumatlar alırlar.
101.4. Beynəlxalq ticarət-təchizat zəncirində yüklərin etibarlı və fasiləsiz hərəkətinə, informasiya mübadiləsinin dəqiq və vaxtında həyata keçirilməsinə əlverişli şərait yaratmaq məqsədi ilə gömrük orqanları arasında risklərin idarə edilməsi üzrə razılaşma sistemi yaradılır. Bu razılaşma sistemi gömrük orqanlarına riskləri daha səmərəli idarə etmək, beynəlxalq ticarət-təchizat zənciri haqqında daha dolğun və ətraflı informasiya əldə etmək imkanı verir.
VII BÖLMƏ
GÖMRÜK RƏSMİLƏŞDİRİLMƏSİ
FƏSİL 16
GÖMRÜK RƏSMİLƏŞDİRİLMƏSİNƏ DAİR ƏSAS MÜDDƏALAR
Maddə 102. Gömrük rəsmiləşdirilməsinin aparılması qaydası
102.1. Gömrük rəsmiləşdirilməsi bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır.
102.2. Gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi və sürətləndirilməsi məqsədi ilə bağlanılan beynəlxalq müqavilələrə uyğun olaraq, bir sıra dövlətlərdə gömrük rəsmiləşdirilməsi üçün nəzərdə tutulan gömrük sənədlərindən istifadə edilə bilər.
102.3. Bu Məcəlləyə əsasən ayrı-ayrı gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı gömrük orqanının icazəsi tələb olunursa, həmin icazə onun alınması üçün müəyyən edilmiş şərtlərin yerinə yetirilməsindən dərhal sonra verilməlidir.
102.4. Bu Məcəlləyə əsasən ayrı-ayrı gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı gömrük orqanının icazəsinin verilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 103. Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin xüsusiyyətləri
103.1. Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin xüsusiyyətləri aşağıdakılardan asılı olaraq fərqləndirilir:
103.1.1. gömrük sərhədindən keçirilən malların kateqoriyasına görə;
103.1.2. gömrük sərhədindən keçirilmə üçün istifadə olunan nəqliyyat vasitəsinin növünə görə;
103.1.3. malları keçirən şəxsə görə.
103.2. Malların mənşəyindən, göndərilmə və təyinat ölkəsindən asılı olmayaraq, gömrük rəsmiləşdirilməsi eyni qaydada həyata keçirilir.
Maddə 104. Gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması
104.1. Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır.
104.2. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır.
Maddə 105. Gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan, nəqliyyat vasitələrindən istifadə edilməsi və onlar barəsində sərəncam verilməsi
105.1. Bu Məcəllədə və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilə, habelə onlar barəsində sərəncam verilə bilməz.
105.2. Müvafiq icra hakimiyyəti orqanı gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilməsi və onlar barəsində sərəncam verilməsinə dair şərtlər və məhdudiyyətlər müəyyən edir.
Maddə 106. Gömrük rəsmiləşdirilməsinin aparıldığı yer və vaxt
106.1. Gömrük rəsmiləşdirilməsi malları ixrac və ya idxal edənin, yaxud onların struktur bölmələrinin yerləşdiyi ərazi üzrə gömrük orqanlarının fəaliyyət zonasında, bu məqsədlər üçün ayrılmış yerlərdə aparılır.
106.2. Gömrük orqanları tərəfindən gömrük rəsmiləşdirilməsinin aparıldığı iş vaxtını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
106.3. Gömrük orqanlarının icazəsi ilə gömrük rəsmiləşdirilməsi başqa yerlərdə və iş vaxtından kənar saatlarda aparıla bilər.
106.4. Müvafiq icra hakimiyyəti orqanı malların və nəqliyyat vasitələrinin ayrı-ayrı kateqoriyalarının gömrük rəsmiləşdirilməsinin aparılmasını müəyyən gömrük orqanlarına həvalə edə bilər.
106.5. Gömrük rəsmiləşdirilməsinin operativliyini və şəffaflığını artırmaq məqsədi ilə müraciət edən şəxslərin qəbul edilməsi ardıcıllığının müəyyən olunması üçün elektron idarəetmə sistemi (“elektron növbə”) tətbiq edilir.
Maddə 107. Səlahiyyətli şəxslərin və onların nümayəndələrinin gömrük rəsmiləşdirilməsində iştirakı
107.1. Mallar və nəqliyyat vasitələri barəsində səlahiyyəti olan şəxslər və ya onların nümayəndələri öz təşəbbüsləri ilə gömrük rəsmiləşdirilməsində iştirak edə bilərlər.
107.2. Gömrük orqanlarının tələb etdikdə, bu Məcəllənin 107.1-ci maddəsində göstərilən şəxslər və ya onların nümayəndələri gömrük rəsmiləşdirilməsində iştirak etməli və bu işdə gömrük orqanlarının vəzifəli şəxslərinə yardım göstərməlidirlər.
Maddə 108. Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün zəruri əməliyyatlar
108.1. Gömrük sərhədindən malları keçirən şəxs, daşıyıcı, anbar sahibi, mallar və nəqliyyat vasitələri barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri gömrük orqanının tələbi ilə gömrük rəsmiləşdirilməsi nəzərdə tutulan malların və nəqliyyat vasitələrinin daşınmasını, çəkilməsini və ya kəmiyyət ölçüsünün başqa qaydada müəyyən edilməsini, yüklənməsini, boşaldılmasını, qablaşdırılmasını və ya yenidən qablaşdırılmasını, həmçinin bu cür malların və nəqliyyat vasitələrinin saxlandığı yerlərin açılmasını təmin etməlidir.
108.2. Daşıyıcının və onun nəqliyyat vasitələrinin bu Məcəllənin tələblərinə cavab verməməsi barədə gömrük orqanlarının kifayət qədər əsasları olduqda, malların daşınması, həmin nəqliyyat vasitəsi gömrük daşıyıcısı tərəfindən lazımi vəziyyətə gətirildikdən sonra, gömrük müşayiəti altında (malların, nəqliyyat vasitələrinin və onlara aid sənədlərin gömrük orqanının vəzifəli şəxsi tərəfindən müşayiət edilməsi) davam etdirilir.[6]
108.3. Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün bu maddədə nəzərdə tutulmuş zəruri əməliyyatlar gömrük orqanlarının əlavə xərclərinə səbəb olmamalıdır.
Maddə 109. Gömrük rəsmiləşdirilməsinin aparıldığı dil
Gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının dövlət dilində aparılır.
Maddə 110. Gömrük rəsmiləşdirilməsi məqsədilə mallardan prob və nümunələrin götürülməsi
110.1 Gömrük orqanları gömrük rəsmiləşdirilməsi məqsədi ilə mallardan prob və nümunələr götürmək və onların gömrük ekspertizasını aparmaq hüququna malikdirlər.
110.2 Gömrük rəsmiləşdirilməsi məqsədi ilə mallardan prob və nümunələrin götürülməsi ilə bağlı məsələlər bu Məcəllənin 158-ci maddəsi ilə tənzimlənir.
Maddə 111. Gömrük rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş qaydası
111.1. Təbii fəlakətlər və digər fövqəladə hallar zamanı zəruri olan malların və nəqliyyat vasitələrinin, canlı heyvanların, tez xarab olan malların, radioaktiv maddələrin, kütləvi informasiya məqsədləri üçün materialların, Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının ünvanlarına göndərilən və bu qəbildən olan başqa malların gömrük rəsmiləşdirilməsi güzəştli və sadələşdirilmiş qaydada həyata keçirilir.
111.2. Bu Məcəllənin 111.1-ci maddəsində göstərilən hallarda gömrük rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 112. Yardım yükləri
112.1. Təbii fəlakət zonalarında zərər çəkmiş əhaliyə yardım göstərilməsi üçün göndərilən ərzaq məhsulları, mallar və nəqliyyat vasitələri, habelə müvafiq orqanların təbii fəlakətin nəticələrinin ləğvi ilə məşğul olan şəxsi heyəti üçün nəzərdə tutulmuş avadanlıq, xüsusi nəqliyyat vasitələri, ehtiyat hissələri, şəxsi əşyalar və digər mallar yardım yükü hesab olunur.
112.2. Yardım yüklərinin gömrük rəsmiləşdirilməsi bu Məcəllədə nəzərdə tutulan sadələşdirilmiş bəyannamələrdən istifadə olunmaqla aparılır.
112.3. Yardım yüklərinə ticarət siyasəti tədbirləri, qadağa və məhdudiyyətlər, həmçinin gömrük ödənişləri tətbiq edilmir.
VIII BÖLMƏ
MALLARIN GÖMRÜK ƏRAZİSİNƏ GƏTİRİLMƏSİ VƏ BU ƏRAZİDƏN APARILMASI
FƏSİL 17
MALLARIN GÖMRÜK ƏRAZİSİNƏ GƏTİRİLMƏSİ
Maddə 113. Qısa idxal bəyannaməsini təqdim etmək öhdəliyi
113.1. Gömrük ərazisinə gətirilmiş mallar üzrə gömrük bəyannaməsi təqdim olunanadək qısa idxal bəyannaməsinin verildiyi halları və onun formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
113.2. Qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir.
113.3. Qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl də elektron formada gömrük orqanlarına təqdim edilə bilər. Qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim edilməsi qaydalarını bu Məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
113.4. Bu maddənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir.
Maddə 114. Qısa idxal bəyannaməsinin təqdim edilməsi
114.1. Qısa idxal bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə olunmaqla, elektron sənəd formasında təqdim edilir.
114.2. Qısa idxal bəyannaməsi gömrük orqanlarına kağız üzərində yazılı formada da təqdim edilə bilər. Həmin bəyannamə risklərin idarə olunmasını, məlumatların gömrük orqanları arasında mübadiləsini elektron formada verilən qısa idxal bəyannaməsinə analoji səviyyədə təmin etməsi şərti ilə gömrük orqanları tərəfindən təsdiq olunur.
114.3. Qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi üçün gömrük orqanına təqdim edən şəxs tərəfindən verilə bilər.
Maddə 115. Qısa idxal bəyannaməsinə düzəlişlərin edilməsi
115.1. Bu Məcəllənin 115.2-ci maddəsində göstərilən hallar istisna olmaqla, qısa idxal bəyannaməsi təqdim edildikdən sonra onu təqdim edən şəxsin müraciəti əsasında həmin bəyannamədə düzəlişlərin aparmasına gömrük orqanları tərəfindən icazə verilir.
115.2. Aşağıdakı hallarda qısa idxal bəyannaməsinə düzəlişlərin edilməsinə yol verilmir:
115.2.1. gömrük orqanları qısa idxal bəyannaməsini təqdim etmiş şəxsə malları yoxlamaq niyyəti barədə məlumat verdikdən sonra;
115.2.2. gömrük orqanları qısa idxal bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdən sonra;
115.2.3. gömrük orqanları malların təqdim olunmuş yerdən aparılmasına icazə verdikdən sonra.
Maddə 116. Qısa idxal bəyannaməsini əvəz edən gömrük bəyannaməsi
116.1. Bu Məcəllənin 113.3-cü maddəsində göstərilən qaydalarda müəyyən edilmiş qısa idxal bəyannaməsinin təqdim edilməsinin mümkünlüyünün son müddəti başa çatmazdan əvvəl onu əvəz edən gömrük bəyannaməsi təqdim edildikdə, həmin gömrük bəyannaməsinin aid olduğu mallar üçün qısa idxal bəyannaməsi gömrük orqanlarına təqdim edilmir. Bu halda qısa idxal bəyannaməsini əvəz edən gömrük bəyannaməsində onun üçün zəruri olan təfərrüatları əks etdirilməlidir.
116.2. Bu Məcəllənin 116.1-ci maddəsində nəzərdə tutulan gömrük bəyannaməsi gömrük orqanları tərəfindən təsdiq edilənə qədər qısa idxal bəyannaməsini əvəz edir.
Maddə 117. Malların gətirildiyi yer
117.1. Malları gömrük ərazisinə, həmçinin sərbəst zonaların ərazisindən gömrük ərazisinin qalan hissəsinə gətirən daşıyıcı gömrük sərhədini keçməsi barədə müvafiq gömrük orqanına məlumat verməlidir.
117.2. Mallar gömrük ərazisinə gömrük orqanlarının müəyyən etdiyi yerlərdən və onların iş vaxtında gətirilməlidir.
117.3. Gömrük orqanlarının icazəsi ilə, mallar onların iş vaxtından kənar saatlarda da gömrük ərazisinə gətirilə bilər. Həmin vaxtda gömrük ərazisinə gətirilmiş mallardan gömrük orqanlarının icazəsi olmadan istifadə edilməsinə yol verilmir.
117.4. Qanunvericiliklə və beynəlxalq müqavilələrlə müəyyən edilmiş hallarda, mallar gömrük ərazisinə gömrük orqanlarının icazəsi ilə başqa yerlərdən gətirilə bilər.
Maddə 118. Gömrük ərazisinə gətirilmiş mallar üzərində gömrük nəzarəti
118.1. Gömrük ərazisinə gətirilmiş bütün mallar üzərində gömrük nəzarəti bu Məcəllənin 14-cü fəslində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu Məcəllənin 83.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri baş verənədək mallar gömrük nəzarəti altında saxlanılır.
118.2. Gömrük nəzarəti eyni zamanda, bu Məcəllənin 118.1-ci maddəsində qeyd olunan mallarla bağlı bütün nəqliyyat vasitələrinə, konteynerlərə və qablaşdırmaya da tətbiq edilir.
118.3. Aşağıdakı obyektlərə münasibətdə gömrük nəzarəti müvafiq qanunvericiliklə müəyyənləşdirilmiş qaydada həyata keçirilir:
118.3.1. hərbi dəniz gəmiləri;
118.3.2. hərbçilərin, silahlı qüvvələrdə fəaliyyət göstərən mülki qulluqçuların, hərbi yüklərin daşınması üçün istifadə edilən hərbi hava gəmiləri və digər hərbi nəqliyyat vasitələri;
118.3.3. müvafiq icra hakimiyyəti orqanlarının xidməti məqsədlər üçün istifadə etdiyi nəqliyyat vasitələri;
118.3.4. xarici ölkələrin Azərbaycan Respublikasındakı diplomatik və konsulluq nümayəndəliklərinə məxsus nəqliyyat vasitələri.
118.4. Gömrük nəzarəti altında olan mallar barəsində səlahiyyəti olan şəxslər və ya onların nümayəndələri istənilən vaxt malların tarif təsnifatını, gömrük dəyərini və ya gömrük statusunu müəyyənləşdirmək üçün onlardan gömrük orqanının icazəsi ilə prob və ya nümunələr götürə bilərlər.
Maddə 119. Malların müvafiq yerə çatdırılması
119.1. Malları gömrük ərazisinə gətirən şəxs həmin malları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun olaraq göndərən gömrük orqanı tərəfindən müəyyən edilmiş marşrutla və müddətdə təyinat gömrük orqanına və ya onlarla razılaşdırılmış digər yerə çatdırmalıdır.
119.2. Gömrük ərazisinə gətirildikdən sonra malların daşınmasına cavabdeh olan şəxs, bu Məcəllənin 119.1-ci maddəsi ilə müəyyən edilmiş öhdəliklərini yerinə yetirmədikdə, qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
119.3. Gömrük ərazisindən kənarda qalmış mallar müvafiq dövlətlərlə bağlanmış beynəlxalq müqavilələrin şərtlərinə əsasən gömrük orqanları tərəfindən gömrük yoxlamasına məruz qala bilər. Bu zaman həmin mallar gömrük ərazisinə gətirilmiş mallar hesab olunur.
119.4. Bu Məcəllənin 119.1-ci maddəsi gömrük nəzarətini və gömrük yoxlamasını məhdudlaşdırmamaq şərti ilə məktublara, poçt kartlarına, çap materiallarına və ya sərnişinlər tərəfindən daşınan mallara münasibətdə qanunvericiliklə hər hansı digər xüsusi şərtlərin tətbiqini istisna etmir.
119.5. Bu Məcəllənin 119.1-ci maddəsi gömrük ərazisinin ərazi sularından və ya hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil olunmur.
Maddə 120. Malların xüsusi şəraitdə çatdırılması
120.1. Fors-major halların yaranması nəticəsində bu Məcəllənin 119.1-ci maddəsi ilə müəyyən edilmiş öhdəliklərini yerinə yetirə bilməyən şəxs, yaxud onun maraqlarından çıxış edən şəxs bu barədə gömrük orqanlarını təxirə salınmadan məlumatlandırmalıdır. Belə hallarda mallar tam itkiyə məruz qalmadıqda, gömrük orqanlarına onların dəqiq yeri barədə məlumat verilməlidir.
120.2. Bu Məcəllənin 119.5-cı maddəsində göstərilən nəqliyyat vasitəsi fors-major hallarında keçdiyi gömrük ərazisində məcburi dayanması ilə əlaqədar bu Məcəllənin 119.1-ci maddəsi ilə müəyyən edilmiş öhdəliyi yerinə yetirilmədikdə, həmin nəqliyyat vasitəsinə görə məsul şəxs bu barədə gömrük ərazisində qaldığı və təyinat gömrük orqanlarını təxirə salınmadan məlumatlandırmalıdır.
120.3. Bu Məcəllənin 120.1-ci və 120.2-ci maddələrində qeyd olunan hallarda gömrük orqanları nəqliyyat vasitəsində olan malların başqa gömrük orqanına və ya razılaşdırdırılmış digər yerə çatdırılması üzrə tədbirləri müəyyənləşdirirlər.
Maddə 121. Malların gömrük orqanlarına təqdim edilməsi
121.1. Mallar gömrük ərazisinə gətirildikdən sonra dərhal gömrük nəzarətinə, onların sənədləri isə gömrük orqanlarına təqdim edilir.
121.2. Mallar gömrük ərazisinə gətirildiyi andan etibarən 1 (bir) saatdan gec olmayaraq, gömrük orqanının iş vaxtından kənar vaxtda gətirildikdə isə iş vaxtı başlandıqdan sonra 1 (bir) saatdan gec olmayaraq gömrük orqanlarına məlumat verilməlidir.
121.3. Mallar gömrük orqanına təqdim edildikdən sonra, mallar barəsində səlahiyyəti olan şəxslər və ya onların nümayəndələri malları müvafiq gömrük proseduru altında yerləşdirmək üçün gömrük orqanlarının icazəsi ilə onlardan prob və nümunələr götürə bilərlər.
121.4. Mallar təyinat yerinə gömrük orqanının iş vaxtından kənar vaxtda gətirildikdə, onlar gömrük nəzarəti zonasında saxlanılmalıdır.
121.5. Gömrük nəzarəti zonasında saxlanılan malların ilkin yerlərinin dəyişdirilməsi, nəqliyyat vasitələrindən boşaldılması, yaxud onlara yenidən yüklənməsi, qablaşdırmaların açılması və yenidən qablaşdırma, eyniləşdirmə vasitələrinin (əlamətlərinin, nişanlarının) dəyişdirilməsi, qoparılması və ya məhv edilməsi, sərnişinlərin düşürülməsi kimi əməliyyatlar yalnız gömrük orqanlarının icazəsi ilə aparıla bilər.
121.6. Bu Məcəllənin 121.1-ci maddəsində göstərilən tələblərə riayət etməyən daşıyıcı bunun səbəblərini əvvəlcədən gömrük orqanlarına bildirməlidir. Əks halda, həmin daşıyıcı qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
121.7. Bu Məcəllənin 121-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərlə əlaqədar daşıyıcının çəkdiyi əlavə xərclər gömrük orqanları tərəfindən ödənilmir.
121.8. Şəxsin müraciəti və gömrük orqanlarının icazəsi ilə mallar gömrük yoxlamasına həmin şəxsin məqsədəmüvafiq hesab etdiyi digər yerlərdə də təqdim oluna bilər. Belə hallarda həyata keçirilən gömrük prosedurları ilə bağlı bütün xərclər şəxs tərəfindən ödənilir.
121.9. Gömrük ərazisinə gətirilən mallar gömrük orqanlarına aşağıdakı şəxslərdən biri tərəfindən təqdim oluna bilər:
121.9.1. malları gömrük ərazisinə gətirmiş şəxs;
121.9.2. malları gömrük ərazisinə gətirmiş şəxsin adından çıxış edən şəxs;
121.9.3. mallar gömrük ərazisinə gətirildikdən sonra onların daşınmasına görə məsul olan şəxs;
121.9.4. malları dərhal müvafiq gömrük proseduru altında yerləşdirən şəxs;
121.9.5. saxlanc yerlərinin təsis edilməsi üçün verilmiş lisenziyanın sahibi və ya sərbəst zonada fəaliyyət göstərən şəxs.
121.10. Malları gömrük orqanlarına təqdim edən şəxs həmin mallara dair qısa idxal bəyannaməsinə və ya gömrük bəyannaməsinə istinad etməlidir.
Maddə 122. Malların boşaldılması, yoxlanılması və yenidən yüklənməsi
122.1. Mallar yalnız gömrük orqanlarının icazəsi ilə və nəzarəti altında, onların müəyyənləşdirdiyi yerlərdə gömrük ərazisinə gətirilmə üçün istifadə olunan nəqliyyat vasitəsindən boşaldıla və bu ərazidən aparılma üçün istifadə olunan nəqliyyat vasitəsinə yenidən yüklənə bilər.
122.2. Malların və ya onların bir hissəsinin təcili boşaldılmasını zəruri edən təhlükə yaranarsa, gömrük orqanlarının icazəsi tələb olunmur. Lakin bu barədə gömrük orqanlarına təcili məlumat verilməlidir.
122.3. Malların yenidən yüklənməsi üçün gömrük orqanları tərəfindən tələb olunan yeganə sənəd yük bəyannaməsidir.
122.4. Gömrük orqanları tələb etdikləri məlumatların ətraflı qeyd olunduğu istənilən kommersiya və ya nəqliyyat sənədini malların yenidən yüklənməsi üçün gömrük bəyannaməsinin təsviri hissəsi kimi qəbul edirlər. Bu halda sənəddə məlumatların müvafiq məqsəd üçün qəbul edilməsi barədə qeydiyyat aparılır.
122.5. Gömrük orqanları yenidən yüklənən malları, onları daşıyan nəqliyyat vasitələrini yoxlamaq, mallardan prob və nümunələr götürmək məqsədi ilə malların boşaldılmasını və açılmasını tələb etmək hüququna malikdirlər.
122.6. Gömrük orqanlarına təqdim edilmiş mallar gömrük orqanlarının icazəsi olmadan təqdim edildiyi yerdən çıxarıla bilməz.
Maddə 123. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi
123.1. Gömrük ərazisinə gətirilərək, gömrük orqanlarına təqdim edilən mallar müvafiq gömrük proseduru altında yerləşdirilməlidir.
123.2. Bu Məcəllənin 214-cü və 215-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, bəyannaməçi malları mənşə ölkəsindən, xassələrindən, miqdarından asılı olmayaraq, istənilən gömrük proseduru altında yerləşdirə bilər.
Maddə 124. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab edilməsi
124.1. Malların dərhal digər xüsusi gömrük proseduru altında və ya sərbəst zonada yerləşdirildiyi hallar istisna olmaqla, gömrük orqanlarına təqdim edilmiş xarici mallar bu Məcəllənin 178-ci maddəsinə uyğun olaraq müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab edilir.
124.2. Gömrük orqanlarına təqdim edilmiş xarici mallar üzrə qısa idxal bəyannaməsinin verilmədiyi müəyyənləşdirildikdə, onların sahibi bu bəyannaməni dərhal gömrük orqanlarına təqdim etməlidir.
FƏSİL 18
MALLARIN GÖMRÜK ƏRAZİSİNDƏN APARILMASI
Maddə 125. Malların gömrük ərazisindən aparılmazdan əvvəl bəyanetmə öhdəliyi
125.1. Gömrük ərazisindən aparılması nəzərdə tutulan mallar həmin ərazidən aparılmazdan əvvəl bəyan edilməlidir.
125.2. Bu Məcəllənin 125.1-ci maddəsi gömrük ərazisinə daxil olan ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir.
125.3. Bu Məcəllənin 125.1-ci maddəsində nəzərdə tutulmuş bəyanetmə aşağıdakı formalarda ola bilər:
125.3.1. gömrük ərazisindən aparılan mallar gömrük bəyannaməsi tələb olunan gömrük proseduru altında yerləşdirildikdə, müvafiq gömrük bəyannaməsi;
125.3.2. bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan təkrar ixrac bildirişi;
125.3.3. gömrük bəyannaməsi və təkrar ixrac bildirişi tələb olunmadığı hallarda, bu Məcəllənin 129-cu maddəsində nəzərdə tutulan qısa ixrac bəyannaməsi.
125.4. Mallar gömrük ərazisindən aparılmazdan əvvəl təqdim olunan gömrük bəyannaməsində ən azı qısa ixrac bəyannaməsi üçün tələb olunan məlumatlar əks olunmalıdır.
125.5. Bu Məcəllənin 125.3-cü maddəsində nəzərdə tutulmuş gömrük bəyannaməsi, təkrar ixrac bildirişi və ya qısa ixrac bəyannaməsi gömrük ərazisindən aparılması nəzərdə tutulan mallar gömrük sərhədinə çatmamışdan əvvəl də kağız üzərində yazılı və ya elektron formada gömrük orqanına təqdim edilə bilər.
125.6. Malların gömrük ərazisindən aparılmazdan əvvəl bəyan edilməsinin qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 126. Gömrük ərazisindən aparılan mallar üzərində gömrük nəzarəti və onların gömrük rəsmiləşdirilməsi
126.1. Gömrük ərazisindən aparılan mallar bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş müddətdə gömrük nəzarəti altında olur və onlara bu Məcəllənin 92.2-ci maddəsi ilə müəyyən edilmiş gömrük nəzarəti formaları tətbiq edilir.
126.2. Qanunvericilikdə nəzərdə tutulmuş hallarda, gömrük ərazisindən aparılan malların gömrük rəsmiləşdirilməsi aşağıdakılar tətbiq olunmaqla həyata keçirilir:
126.2.1. ixrac gömrük rüsumlarının tutulması;
126.2.2. milli təhlükəsizliyin, ictimai asayişin, əhalinin mənəviyyatının, insanların həyat və sağlamlığının, mülkiyyət hüququnun, o cümlədən əqli mülkiyyət hüquqları obyektlərinin, heyvanların və bitkilərin, ətraf mühitin, xalqların mədəni, tarixi və arxeoloji sərvətlərinin qorunması baxımından müəyyən edilmiş qadağalar.
126.3. Malların aparılmasına o şərtlə icazə verilir ki, aparılan mallar bu Məcəllənin 125.3-cü maddəsində nəzərdə tutulmuş gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin və ya qısa ixrac bəyannaməsinin gömrük orqanları tərəfindən təsdiq edildiyi zaman olduğu vəziyyətdədir.
FƏSİL 19
İXRAC, TƏKRAR İXRAC VƏ MÜVƏQQƏTİ İXRAC
Maddə 127. Daxili malların ixracı
127.1. Gömrük ərazisindən kənarda daimi qalması üçün aparılan daxili mallar ixrac gömrük proseduru altında yerləşdirilir.
127.2. Bu Məcəllənin 127.1-ci maddəsi aşağıdakı mallara tətbiq edilmir:
127.2.1. son istifadə və ya xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara;
127.2.2. daxili tranzit xüsusi gömrük proseduru altında yerləşdirilmiş və ya bu Məcəllənin 130-cu maddəsinə uyğun olaraq, gömrük ərazisindən müvəqqəti ixrac olunan mallara.
Maddə 128. Xarici malların təkrar ixracı
128.1. Xarici mallar gömrük ərazisindən aparıldıqda, gömrük orqanları onların ixrac rəsmiləşdirilməsini həyata keçirir və digər səlahiyyətli gömrük orqanlarına təqdim etmək üçün təkrar ixrac bildirişi verirlər.
128.2. Bu Məcəllənin 128.1-ci maddəsi aşağıdakı mallara tətbiq edilmir:
128.2.1. gömrük ərazisindən beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək keçirilən mallara;
128.2.2. sərbəst zona daxilində bir nəqliyyat vasitəsindən digərinə boşaldılıb yüklənmiş, yaxud sərbəst zonadan birbaşa təkrar ixrac edilən mallara;
128.2.3. müvəqqəti saxlanc yerlərindən birbaşa təkrar ixrac edilən, müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara.
128.3. Sərbəst dövriyyəyə buraxılışından 1 (bir) il ərzində gömrük ərazisindən təkrar ixrac olunan mallar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şərtlərə cavab verdikdə, həmin malların idxalı üçün ödənilmiş gömrük rüsumları və vergilər qaytarılır.
128.4. Malların təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 129. Qısa ixrac bəyannaməsi və ona düzəlişlərin edilməsi
129.1. Gömrük ərazisindən malların aparılması üçün gömrük bəyannaməsi və ya təkrar ixrac bildirişinin tələb olunmadığı hallarda gömrük orqanlarına qısa ixrac bəyannaməsi təqdim edilməlidir.
129.2. Riskin təhlili və gömrük nəzarətinin düzgün tətbiqi üçün zəruri olan məlumatları özündə əks etdirən qısa ixrac bəyannaməsinin formasını və təqdim olunması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
129.3. Qısa ixrac bəyannaməsi məlumatların elektron emalı üsulundan istifadə olunmaqla, elektron sənəd formasında təqdim edilir.
129.4. Qısa ixrac bəyannaməsi gömrük orqanlarına kağız üzərində yazılı formada da təqdim edilə bilər. Həmin bəyannamə risklərin idarə olunmasını, məlumatların gömrük orqanları arasında mübadiləsini elektron formada verilən qısa ixrac bəyannaməsinə analoji səviyyədə təmin etməsi şərti ilə gömrük orqanları tərəfindən təsdiq olunur.
129.5. Qısa ixrac bəyannaməsi aşağıdakı şəxslərdən biri tərəfindən təqdim edilə bilər:
129.5.1. malları gömrük ərazisindən aparan və ya onun daşınmasına görə cavabdeh olan şəxs;
129.5.2. malları ixrac edən və ya göndərən, yaxud bu Məcəllənin 129.5.1-ci maddəsində qeyd olunan şəxsin adından çıxış edən digər şəxs;
129.5.3. malları səlahiyyətli gömrük orqanına təqdim edən və ya təqdim etməli olan istənilən şəxs.
129.6. Bu Məcəllənin 129.7-ci maddəsində göstərilən hallar istisna olmaqla, qısa ixrac bəyannaməsi təqdim edildikdən sonra onu təqdim edən şəxsin müraciəti əsasında həmin bəyannamədə düzəlişlərin aparmasına gömrük orqanları tərəfindən icazə verilir.
129.7. Aşağıdakı hallarda qısa ixrac bəyannaməsinə düzəlişlərin edilməsinə icazə verilmir:
129.7.1. gömrük orqanları qısa ixrac bəyannaməsini təqdim etmiş şəxsə malları yoxlamaq niyyəti barədə məlumat verdikdən sonra;
129.7.2. gömrük orqanları qısa ixrac bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdən sonra;
129.7.3. gömrük orqanları malların aparılmasına icazə verdikdən sonra.
Maddə 130. Müvəqqəti ixrac
130.1. Təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar müvəqqəti ixrac proseduru altında yerləşdirilir. Bu mallardan bu Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad edilməklə, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisindən kənarda istifadə olunur.
130.2. Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi qaydalarını bu Məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin qaydalarda malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi şərtləri, onların bu prosedur altında qalma müddəti müəyyən edilməlidir.
IX BÖLMƏ
NƏQLİYYAT VASİTƏLƏRİNİN VƏ ŞƏXSLƏRİN GÖMRÜK ƏRAZİSİNƏ DAXİL OLMASI VƏ BU ƏRAZİDƏN YOLA DÜŞMƏSİ
FƏSİL 20
NƏQLİYYAT VASİTƏLƏRİNİN GÖMRÜK ƏRAZİSİNƏ DAXİL OLMASI
Maddə 131. Nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması haqqında məlumatın gömrük orqanlarına təqdim edilməsi
131.1. Gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada (o cümlədən, elektron formada) aşağıdakılar barədə məlumatları gömrük orqanlarına əvvəlcədən təqdim edə bilər:
131.1.1. nəqliyyat vasitəsinin gömrük ərazisinə gözlənilən daxilolma vaxtı;
131.1.2. nəqliyyat vasitəsinin hərəkət istiqamətləri və marşrutları;
131.1.3. nəqliyyat vasitəsinin heyəti və sərnişinləri;
131.1.4. təyinatından və gətirilmə məqsədlərindən asılı olmayaraq, gömrük ərazisində boşaldılacaq yük;
131.1.5. mövcud olduqda, gömrük ərazisində boşaldılması nəzərdə tutulmayan yük;
131.1.6. nəqliyyat vasitəsinin daxil olacağı gömrük sahəsi.
131.2. Gömrük ərazisinə daxil olan nəqliyyat vasitəsinə görə məsul şəxs:
131.2.1. nəqliyyat vasitəsi gömrük ərazisinin müəyyən olunmuş gömrük sahəsinə daxil olarkən daxilolma haqqında məlumatı gömrük orqanlarına təqdim etməli;
131.2.2. gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən icazə verilənədək heç bir şəxsin nəqliyyat vasitəsini tərk etməsinə və ya oraya daxil olmasına imkan verməməli;
131.2.3. nəqliyyat vasitəsinin gömrük sahəsi daxilində hərəkəti, malların nəqliyyat vasitəsindən boşaldılması, heyətin və başqa şəxslərin nəqliyyat vasitəsindən düşürdülməsi barədə gömrük orqanlarının vəzifəli şəxslərinin göstərişlərinə əməl etməlidir.
131.3. Nəqliyyat vasitəsinin gömrük ərazisinə daxil olduqdan sonrakı 1 (bir) saat müddətində gömrük orqanlarına daxilolma haqqında məlumat verilməlidir. Nəqliyyat vasitəsi gömrük ərazisinə gömrük orqanlarının iş vaxtından kənar saatlarda daxil olduqda, bu məlumat onların növbəti iş vaxtı başlandıqdan sonrakı 1 (bir) saat müddətində verilməlidir.
131.4. Bu Məcəllənin 131.1-ci maddəsində göstərilən məlumatlar gömrük orqanlarına nəqliyyat vasitəsinə görə məsul şəxslərin adından onların nümayəndəsi tərəfindən də təqdim oluna bilər.
131.5. Nəqliyyat vasitələri gömrük ərazisinə yüksüz və şərnişinsiz daxil olarkən, bu Məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada müvafiq gömrük orqanına bəyan edilməlidir.
Maddə 132. Nəqliyyat vasitələrinin sahiblərinə, heyət üzvlərinə və sərnişinlərinə dair tələblər
Gömrük ərazisinə daxil olan nəqliyyat vasitələrinin sahibləri, heyət üzvləri və sərnişinləri gömrük orqanlarının vəzifəli şəxslərinin nəqliyyat vasitəsi, onun hərəkət marşrutu, təyinat yeri, daşınan sərnişinlər, yaxud mallar barədə suallarını cavablandırmalı, bu Məcəlləyə uyğun olaraq tələb olunan sənədləri təqdim etməlidirlər.
Maddə 133. Gömrük ərazisinə daxil olan gəminin dayandırılması
133.1. Gömrük ərazisinə daxil olan gəmiyə görə məsul şəxs gömrük orqanlarının vəzifəli şəxslərinin tələbi ilə gəmini lövbərə qoymalı, gəminin yoluna davam etməsi barədə müvafiq göstəriş olmayana qədər onun dayanmasını təmin etməlidir.
133.2. Gömrük orqanlarının vəzifəli şəxslərini və digər səlahiyyətli şəxsləri daşıyan gəminin üzərində onun dövlət xidmətində olmasını təsdiq edən müvafiq nişanlar olmalıdır.
133.3. Gəmiyə görə məsul şəxs gömrük orqanlarının vəzifəli şəxslərinin və ya digər səlahiyyətli şəxslərin onun göyərtəsinə qalxmaları üçün bütün mümkün vasitələrlə şərait yaratmalıdır.
133.4. Gömrük orqanlarının vəzifəli şəxslərinin göstərişindən sonra, gəmiyə görə məsul şəxs həmin gəminin gömrük ərazisini dərhal tərk etməsini təmin etməlidir.
Maddə 134. Nəqliyyat vasitəsinin müəyyən olunmuş gömrük sahəsindən fərqli sahəyə daxil olması
134.1. Qəza, fövqəladə və digər qarşısıalınmaz hadisələrin baş verməsi nəticəsində müəyyən gömrük sahəsinə lövbər salmaqla, yerə enməklə, saxlanılmaqla, dayanmaqla və başqa formada daxil olmaq məcburiyyəti qarşısında qalan nəqliyyat vasitələrinə bu Məcəllənin 131.2.2-ci maddəsi şamil edilmir.
134.2. Müəyyən olunmuş gömrük sahəsindən fərqli sahəyə daxil olan nəqliyyat vasitəsinə görə məsul olan şəxs:
134.2.1. bu barədə gömrük orqanlarının vəzifəli şəxslərinə dərhal məlumat verməli;
134.2.2. nəqliyyat vasitəsində daşınan malların boşaldılmasına, heyət üzvlərinin və başqa şəxslərin nəqliyyat vasitəsinin dayandığı yerdən uzaqlaşmasına gömrük orqanlarının vəzifəli şəxslərinin icazəsi olmadan yol verməməli;
134.2.3. nəqliyyat vasitəsində olan mallar, onun heyəti və başqa şəxslər barədə gömrük orqanlarının vəzifəli şəxslərinin göstərişlərini yerinə yetirməlidir.
FƏSİL 21
NƏQLİYYAT VASİTƏLƏRİNİN GÖMRÜK ƏRAZİSİNDƏN YOLA DÜŞMƏSİ
Maddə 135. Gömrük ərazisindən yola düşən nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi
135.1. Gömrük ərazisindən yola düşməsi nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs bu barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada (o cümlədən, elektron formada) gömrük orqanlarına əvvəlcədən təqdim edə bilər.
135.2. Gömrük orqanı bu məlumatı qeydə almaqla, sonrakı rəsmiləşdirmənin aparılması üçün nəqliyyat vasitəsinin yola düşəcəyi vaxtı və yeri müəyyən edir.
135.3. Nəqliyyat vasitələri gömrük ərazisindən yüksüz və sərnişinsiz yola düşərkən bu Məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada müvafiq gömrük orqanına bəyan edilməlidir.
135.4. Gömrük orqanları gömrük ərazisində olan nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi aparılmadan onun bu ərazidən yola düşməsinə imkan verməməlidirlər.
135.5. Bu maddənin müddəaları Azərbaycan Respublikasının ərazisində yerləşən dəniz, çay və ya hava limanlarında dayanmayan, gömrük ərazisindən keçən dəniz, çay və hava gəmiləri barəsində tətbiq edilmir.
Maddə 136. Nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi haqqında sənəd
136.0. Gömrük ərazisindən yola düşən nəqliyyat vasitəsinə görə məsul şəxsə həmin nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi haqqında sənəd verilməzdən əvvəl həmin şəxs aşağıdakı tələbləri yerinə yetirməlidir:
136.0.1. yola düşmə haqqında məlumatı onu təsdiq edən sənədlərlə birlikdə gömrük orqanlarına təqdim etməli;
136.0.2. gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən nəqliyyat vasitəsi, onun heyət üzvləri, sərnişinləri, yükü, nəzərdə tutulan hərəkət istiqaməti, marşrutu barədə verilən sualları cavablandırmalı;
136.0.3. gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən nəqliyyat vasitəsi, onun heyət üzvləri, sərnişinləri, yükü, nəzərdə tutulan hərəkət istiqaməti, marşrutu ilə bağlı tələb olunan sənədləri təqdim etməli;
136.0.4. nəqliyyat vasitəsi, onun heyət üzvləri, sərnişinləri, yükü, nəzərdə tutulan hərəkət istiqaməti, marşrutu ilə bağlı bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının tələblərinə əməl etməlidir.
Maddə 137. Gömrük ərazisindən yola düşən nəqliyyat vasitəsinə daxilolma
Gömrük ərazisindən yola düşən nəqliyyat vasitəsinə görə məsul şəxs gömrük orqanlarının vəzifəli şəxslərinin tələbi ilə onların həmin nəqliyyat vasitəsinə daxil olmasına bütün mümkün vasitələrdən istifadə etməklə imkan yaratmalıdır.
Maddə 138. Nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi haqqında sənədin təqdim olunması
Nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi haqqında sənədin verildiyi nəqliyyat vasitəsinə görə məsul şəxs gömrük orqanlarının vəzifəli şəxslərinin tələbi ilə həmin sənədi yoxlamaq üçün onlara təqdim etməli, nəqliyyat vasitəsi, onun heyət üzvləri, sərnişinləri, yükü, nəzərdə tutulan hərəkət istiqamətləri, marşrutu ilə bağlı suallarını cavablandırmalıdır.
Maddə 139. Nəqliyyat vasitəsinin gömrük sahəsindən yola düşməsi
139.1. Gömrük orqanları tərəfindən əvvəlcədən icazə verildiyi hallar istisna olmaqla, bütün digər hallarda gömrük sahəsindən yola düşən nəqliyyat vasitəsinə görə məsul şəxs nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi haqqında sənədi aldıqdan sonra onun dərhal, yalnız müəyyən edilmiş gömrük sahəsindən yola düşməsini təmin etməlidir.
139.2. Bu Məcəllənin 139.1-ci maddəsi fors-major hallar ilə əlaqədar gömrük ərazisinə qayıtmağa məcbur olan nəqliyyat vasitələrinə şamil edilmir.
Maddə 140. Nəqliyyat vasitəsində istifadə və istismar üçün ehtiyatlar
140.1. Müvafiq icra hakimiyyəti orqanı nəqliyyat vasitəsində istifadə və istismar üçün ehtiyatlarla bağlı aşağıdakıları müəyyən edir:
140.1.1. gömrük ərazisindən kənar əraziyə yola düşməyə hazırlaşan nəqliyyat vasitəsinin heyət üzvlərinin, xidmətedici heyətinin, sərnişinlərinin istifadəsi və nəqliyyat vasitəsinin istismarı üçün ehtiyatlar hesab olunan malların nomenklaturasını, çeşidini və miqdarını;
140.1.2. qanunvericilikdə nəzərdə tutulmuş gömrük rüsumlarından və vergilərdən azadolma şərtlərini.
140.2. Müvafiq icra hakimiyyəti orqanı nəqliyyat vasitəsində istifadə və istismar üçün ehtiyatların bəyan edilməsi qaydalarını müəyyən edir.
FƏSİL 22
ŞƏXSLƏRİN GÖMRÜK ƏRAZİSİNƏ DAXİL OLMASI VƏ BU ƏRAZİDƏN YOLA DÜŞMƏSİ
Maddə 141. Şəxslərin gömrük ərazisinə daxil olması
Bu Məcəllədə başqa hallar nəzərdə tutulmadıqda, şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada gömrük ərazisinə daxil olduqları andan etibarən dərhal bu barədə gömrük orqanlarının vəzifəli şəxslərinə məlumat verməlidirlər.
Maddə 142. Gömrük ərazisinə daxil olan nəqliyyat vasitələrindən düşmə
142.1. Gömrük ərazisinə daxil olan nəqliyyat vasitələrindəki şəxslər həmin nəqliyyat vasitəsindən düşmə ilə əlaqədar gömrük orqanlarının vəzifəli şəxslərinin bütün göstərişlərinə əməl etməlidirlər.
142.2. Bu Məcəllədə və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, gömrük ərazisinə daxil olmuş nəqliyyat vasitəsindən düşən şəxslər gömrük orqanlarının vəzifəli şəxslərindən başqa göstəriş almadıqda, gömrük nəzarəti zonasına getməli və gömrük nəzarətinin həyata keçirildiyi müddət ərzində orada qalmalıdırlar.
Maddə 143. Şəxslərin gömrük ərazisindən yola düşməsi
Bu Məcəllədə və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxslər gömrük orqanlarının vəzifəli şəxslərinin icazəsi olmadan və gömrük sahəsindən keçmədən gömrük ərazisindən yola düşə bilməzlər.
Maddə 144. Nəqliyyat vasitəsinə daxilolma
Gömrük ərazisindən yola düşmək məqsədi ilə nəqliyyat vasitəsinə daxil olmağa hazırlaşan şəxslər bununla bağlı gömrük orqanlarının vəzifəli şəxslərinin göstərişlərinə əməl etməlidirlər.
Maddə 145. Baqajın gömrük orqanlarına təqdim olunması
145.0. Bu Məcəllədə və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, gömrük nəzarəti zonasına daxil olan nəqliyyat vasitəsindən düşən, yaxud həmin zonadan çıxmağa hazırlaşan nəqliyyat vasitəsinə minən şəxs:
145.0.1. ona məxsus müşayiət olunan baqajın gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən yoxlanılmasına şərait yaratmalı;
145.0.2. ona məxsus müşayiət olunan baqajın gömrük nəzarəti zonası daxilində hərəkəti və ya nəqliyyat vasitəsindən götürülüb gömrük nəzarəti zonasına aparılması ilə bağlı gömrük orqanlarının vəzifəli şəxslərinin göstərişlərinə əməl etməlidir.
X BÖLMƏ
GÖMRÜK PROSEDURLARINA DAİR ÜMUMİ QAYDALAR
FƏSİL 23
BƏYANETMƏ VƏ GÖMRÜK BƏYANNAMƏSİ
Maddə 146. Malların və nəqliyyat vasitələrinin bəyan edilməsi və bəyanetmənin yeri
146.1. Gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir.
146.2. Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir.
146.3. Bəyanetmənin forması və qaydaları, həmçinin gömrük məqsədləri üçün lazım olan sənədlərin və məlumatların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilələk rəsmi nəşrlərdə dərc olunur və müvafiq icra hakimiyyəti orqanlarının rəsmi internet saytlarında yerləşdirilir.
146.4. Müvafiq icra hakimiyyəti orqanı gömrük orqanlarının bəyanetmə ilə bağlı fəaliyyət zonasını və funksiyalarını, habelə malların yerləşdirildiyi gömrük prosedurlarının xüsusiyyətlərini nəzərə alaraq, iş günlərini və saatlarını müəyyən edir.
Maddə 147. Daxili malların bəyan edilməsi
Sərbəst zona xüsusi gömrük proseduru istisna olmaqla, başqa gömrük prosedurları altında yerləşdirilməsi nəzərdə tutulan daxili mallar həmin gömrük proseduruna uyğun olaraq gömrük bəyannaməsi ilə təmin edilməlidir.
Maddə 148. Bəyannaməçi
148.1. Gömrük sərhədindən keçirən malların və nəqliyyat vasitələrinin sahibi, yaxud onunla bağlanılan müqavilə əsasında gömrük brokeri bəyannaməçi ola bilər.
148.2. Gömrük bəyannaməsinin təsdiq edilməsi şəxsin üzərinə xüsusi öhdəliklər qoyduğu hallarda, gömrük bəyannaməsi yalnız həmin şəxs tərəfindən və ya onun adından çıxış edən şəxs tərəfindən verilməlidir.
148.3. Malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin vəzifələri aşağıdakılardır:
148.3.1. malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək;
148.3.2. malları və nəqliyyat vasitələrini gömrük orqanlarının tələbi ilə təqdim etmək;
148.3.3. gömrük məqsədləri üçün lazım olan sənədləri və məlumatları gömrük orqanlarına təqdim etmək;
148.3.4. gömrük ödənişlərini ödəmək;
148.3.5. gömrük orqanlarına gömrük rəsmiləşdirilməsində yardım göstərmək.
148.4. Bu Məcəllədə nəzərdə tutulan hüquqlardan başqa, bəyannaməçinin gömrük bəyannaməsini gömrük orqanlarına təqdim etməzdən əvvəl malları və nəqliyyat vasitələrini gömrük nəzarəti altında müayinə etmək, onları ölçmək, həmçinin gömrük orqanlarının icazəsi ilə onlardan prob və nümunələr götürmək hüququ da vardır.
Maddə 149. Gömrük bəyannaməsinin təqdim edilməsi qaydaları və müddəti
149.1. Gömrük bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə olunmaqla gömrük orqanlarına təqdim edilir. Malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan müvafiq sənədlər də həmin qaydada təqdim oluna bilər.
149.2. Bəyanetmə qanunvericilikdə nəzərdə tutulmuş hallarda şifahi, kağız üzərində yazılı formalarda və ya müvafiq malların gömrük proseduru altında yerləşdirilməsinə şərait yaradan digər üsullarla da həyata kecirilə bilər.
149.3. Gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir.
149.4. Bu Məcəllənin 149.3-cü maddəsində göstərilən müddət bəyannaməçi tərəfindən müvafiq sənədlərin və məlumatların toplanması üçün kifayət etmədikdə, onun əsaslandırılmış müraciəti əsasında gömrük orqanı həmin müddəti uzadır. Gömrük bəyannaməsinin təqdim edilməsi müddətinin uzadılmasına malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti çərçivəsində yol verilir.
149.5. Gömrük bəyannaməsinin təqdim edilməsinin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn növbəti iş günü müddətin bitdiyi gün hesab edilir.
149.6. Gömrük ərazisindən aparılan mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisindən çıxarılarkən verilməlidir.
149.7. Malları daşıyan nəqliyyat vasitələri bu Məcəllənin 149.8-ci maddəsində göstərilən hal istisna edilməklə, mallarla eyni vaxtda bəyan edilir.
149.8. Dəniz, çay və hava gəmiləri gömrük ərazisində daxil olduqları, yaxud yola düşdükləri su və hava limanında bəyan edilir.
149.9. Yüksüz və sərnişinsiz nəqliyyat vasitələri gömrük sərhədindən keçərkən bəyan edilir.
Maddə 150. Gömrük bəyannaməsinin məzmunu və onunla birgə təqdim olunan sənədlər
150.1. Gömrük bəyannaməsi malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün lazım olan bütün məlumatları özündə əks etdirməlidir.
150.2. Elektron formada təqdim olunan gömrük bəyannaməsində elektron imza və ya bəyannaməçinin eyniləşdirilməsinə imkan verən digər vasitələr olmalıdır. Kağız üzərində yazılı formada təqdim olunan gömrük bəyannamələri bəyannaməçi tərəfindən imzalanmalı, hüquqi şəxs olan bəyannaməçi tərəfindən həmçinin möhürlə təsdiq edilməlidir.
150.3. Gömrük bəyannaməsinin forması və malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün onunla birgə təqdim olunan sənədlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilələk rəsmi nəşrlərdə dərc olunur və müvafiq icra hakimiyyəti orqanlarının rəsmi internet saytlarında yerləşdirilir.
150.4. Malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün tələb olunan elektron, yaxud kağız üzərində yazılı formalarda sənədlər gömrük orqanlarına gömrük bəyannaməsinin təqdim edildiyi vaxt verilməlidir.
150.5. Ayrı-ayrı sənədlər üzrlü səbəblərə görə gömrük bəyannaməsi ilə birlikdə təqdim edilə bilmədiyi hallarda, bəyannaməçinin yazılı müraciəti əsasında gömrük orqanları həmin sənədlərin gömrük bəyannaməsi təsdiq edildikdən sonra təqdim edilməsinə icazə verirlər. Bu Məcəllədə ayrı-ayrı sənədlərin təqdim edilməsi üçün daha qısa müddət müəyyən edilməmişdirsə, həmin sənədlər gömrük bəyannaməsi təsdiq edildiyi tarixdən 45 (qırx beş) gündən gec olmayaraq gömrük orqanına təqdim edilməlidir. Bəyannaməçi sənədlərin vaxtında verilməsinə dair gömrük orqanına yazılı formada öhdəlik təqdim edir.
Maddə 151. Gömrük bəyannaməsinin müəyyən olunmuş şərtlərə uyğunluğunun yoxlanılması
151.1. Gömrük orqanları təqdim olunan gömrük bəyannaməsini təsdiq edərkən, onun aşağıdakı şərtlərə uyğunluğunu yoxlayır:
151.1.1. malların nəzərdə tutulan gömrük proseduru altında yerləşdirilərək gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin həmin gömrük orqanının səlahiyyətlərinə aid olmasını;
151.1.2. gömrük bəyannaməsinin təqdim olunma vaxtının və yerinin gömrük qanunvericiliyi ilə müəyyən olunmuş tələblərə uyğunluğunu;
151.1.3. gömrük bəyannaməsində idxalına, yaxud ixracına qadağa və ya məhdudiyyətlər qoyulmuş mallar haqqında məlumatın olub-olmamasını;
151.1.4. gömrük bəyannaməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə uyğunluğunu;
151.1.5. gömrük bəyannaməsi ilə birgə təqdim olunan sənədlərin mövcudluğunu (bu Məcəllənin 150.5-ci maddəsində müəyyən edilmiş qaydada sənədlərin sonradan təqdim olunduğu hallar istisna edilməklə) və onların qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməsini.
151.2. Gömrük bəyannaməsi bu Məcəllənin 151.1-ci maddəsi ilə müəyyən edilmiş şərtlərə cavab vermədikdə və bəyannaməçi tərəfindən ona düzəliş edilməklə həmin çatışmazlıqların aradan qaldırılması mümkün olmadıqda, həmin bəyannamə gömrük orqanları tərəfindən təsdiq edilmir. Belə hallarda gömrük bəyannaməsində onun təsdiq edilməməsinin səbəbləri göstərilməklə, müvafiq qeyd aparılır.
151.3. Təsdiq edilməmiş gömrük bəyannaməsi və onunla birlikdə təqdim edilmiş sənədlər təqdim edildiyi tarixdən 1 (bir) gündən gec olmayaraq bəyannaməçiyə qaytarılır.
Maddə 152. Gömrük bəyannaməsinin təsdiqi
152.1. Gömrük bəyannaməsi bu Məcəllənin 151.1-ci maddəsi ilə müəyyən edilmiş şərtlərə cavab verdikdə, həmin bəyannamə təqdim olunduğu gün gömrük orqanları tərəfindən təsdiq edilir.
152.2. Gömrük bəyannaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və müddətdə gömrük orqanının iş vaxtında təqdim olunur və təsdiq edilir.
152.3. Təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır.
152.4. Gömrük orqanları gömrük bəyannaməsinin təsdiqindən əsassız imtina edə bilməzlər. Gömrük bəyannaməsinin təsdiqindən əsassız imtina ilə əlaqədar mallar barəsində səlahiyyəti olan şəxsə dəymiş ziyan bəyannamənin təsdiqindən əsassız olaraq imtina etmiş vəzifəli şəxsdən tutulur və həmin vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunur.
152.5. Gömrük bəyannaməsi malların təqdim olunduğu gömrük orqanından fərqli gömrük orqanında təqdim olunarsa, malların təqdim olunduğu gömrük orqanı bu mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsinin mümkünlüyünü təsdiq etdikdə həmin bəyannamə təsdiq edilir.
152.6. Gömrük bəyannaməsinin gömrük orqanları tərəfindən təsdiqi tarixi malların bəyan edildiyi gömrük prosedurunun tətbiq olunduğu tarix hesab olunur.
Maddə 153. Gömrük bəyannaməsinə düzəlişlərin edilməsi və ya onun geri götürülməsi
153.1. Bu Məcəllənin 153.2-ci maddəsində göstərilən hallar istisna olmaqla, gömrük bəyannaməsi təsdiq edildikdən sonra bəyannaməçinin müraciəti əsasında həmin bəyannamədə düzəlişlərin aparılmasına və ya onun geri götürülməsinə gömrük orqanları tərəfindən icazə verilir.
153.2. Aşağıdakı hallarda təqdim olunmuş gömrük bəyannaməsində düzəlişlər edilməsinə və ya onun geri götürülməsinə icazə verilmir:
153.2.1. gömrük orqanları bəyannaməçiyə malları yoxlamaq niyyətində olduğunu bildirdikdən sonra;
153.2.2. gömrük orqanları gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdən sonra;
153.2.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallar istisna olmaqla, gömrük orqanları tərəfindən malların buraxılışı həyata keçirildikdən sonra.
153.3. Gömrük bəyannaməsində aparılan düzəlişlər onun tətbiq sahəsini genişləndirə və ya məhdudlaşdıra bilməz.
153.4. Gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil.
153.5. Bu Məcəllənin 153.4-cü maddəsi gömrük orqanının vəzifəli şəxslərinin bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin tərtib edilməsində və ona müvafiq düzəlişlər edilməsində yardım göstərilməsi barədə bu Məcəllənin 22.6-cı maddəsində nəzərdə tutulmuş vəzifəsini istisna etmir.
Maddə 154. Gömrük bəyannaməsinin ləğvi
154.1. Gömrük orqanları təsdiq olunmuş gömrük bəyannaməsini bəyannaməçinin müraciəti əsasında aşağıdakı hallarda ləğv edirlər:
154.1.1. mallar dərhal başqa gömrük proseduru altında yerləşdirilməli olduqda;
154.1.2. fors-major halları ilə əlaqədar malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi mümkün olmadıqda.
154.2. Gömrük orqanları bəyannaməçiyə malları yoxlamaq niyyətini bildirdikdə, gömrük bəyannaməsinin ləğvi barədə müraciətə yalnız müvafiq yoxlama aparıldıqdan sonra baxılır.
154.3. Gömrük bəyannaməsi malların buraxılışından sonra ləğv edilə bilməz.
154.4. Bu Məcəllənin 154.3-cü maddəsi ilə bağlı istisnaları müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
154.5. Gömrük bəyannaməsinin ləğvi bəyannaməçinin qanunvericilikdə nəzərdə tutulmuş inzibati və ya cinayət məsuliyyətinə cəlb olunması üzrə tədbirlərin tətbiqini istisna etmir.
Maddə 155. Sadələşdirilmiş bəyannamələr
155.1. Müvafiq icra hakimiyyəti orqanı gömrük rəsmiləşdirilməsini təkmilləşdirmək məqsədi ilə malların və nəqliyyat vasitələrinin bəyan olunmasının sadələşdirilmiş qaydalarını müəyyən edir.
155.2. Aşağıdakı hallarda gömrük orqanlarına sadələşdirilmiş bəyannamələr təqdim edilir:
155.2.1. səlahiyyətli iqtisadi operatorlar malları müvafiq gömrük proseduru altında yerləşdirərkən;
155.2.2. bu Məcəllənin 112.1-ci maddəsində nəzərdə tutulan yardım yüklərinin gömrük rəsmiləşdirilməsi zamanı;
155.2.3. fiziki şəxslər istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, lakin yazılı formada bəyan edilməli olan malları gömrük sərhədindən keçirərkən.
155.3. Sadələşdirilmiş bəyannamələr gömrük orqanlarının bəyannaməçinin elektron məlumat sistemindən məlumatlar əldə edə bilməsi və onların digər gömrük orqanları ilə mübadiləsi üçün lazım olan tələblərə cavab verməsi şərti ilə, bəyannaməçinin mallar və nəqliyyat vasitələri barədə hesabatı formasında ola bilər.
155.4. Səlahiyyətli iqtisadi operatorlara, istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları gömrük sərhədindən keçirən fiziki şəxslərə münasibətdə və yardım yükləri üçün sadələşdirilmiş bəyannamənin ayrı-ayrı formalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 156. Əlavə, dövri və natamam bəyannamələr
156.1. Bu Məcəllənin 155.2.1-ci və 155.2.2-ci maddələrində nəzərdə tutulmuş hallarda sadələşdirilmiş bəyannamə verildikdə, bəyannaməçi aidiyyəti gömrük proseduru üzrə gömrük bəyannaməsinin tamamlanması üçün lazım olan digər məlumatları əks etdirən əlavə bəyannamə təqdim etməlidir.
156.2. Gömrük orqanları eyni malları və nəqliyyat vasitələrini gömrük sərhədindən müntəzəm olaraq keçirən şəxsə onları müəyyən müddət ərzində bir dövri bəyannamə əsasında keçirməsinə icazə verirlər.
156.3. Bəyannaməçi gömrük bəyannaməsini üzrlü səbəblərə görə tam şəkildə doldura bilmədikdə, gömrük orqanları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada natamam bəyannamənin verilməsinə icazə verirlər.
156.4. Natamam bəyannamədə gömrük məqsədləri üçün lazım olan əsas məlumatlar göstərilməlidir. Çatışmayan məlumatlar bəyannaməçi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və müddətdə təqdim edilməlidir.
156.5. Əlavə, dövri və natamam bəyannamələrin formasını, təqdim olunması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.