BEŞINCI BÖLMƏ
YETKİNLİK YAŞINA ÇATMAYANLARIN CİNAYƏT MƏSULİYYƏTİ
14-cü fəsil
YETKİNLİK YAŞINA ÇATMAYANLARIN BARƏSİNDƏ CİNAYƏT MƏSULİYYƏTİNİN VƏ CƏZASININ XÜSUSİYYƏTLƏRİ
Maddə 84. Yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti
84.1. Cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur.
84.2. Yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.
Maddə 85. Yetkinlik yaşına çatmayanlara təyin edilən cəzanın növləri
85.1. Yetkinlik yaşına çatmayanlara aşağıdakı cəza növləri təyin edilir:
85.1.1. cərimə;
85.1.2. ictimai işlər;
85.1.3. islah işləri;
85.1.4. müəyyən müddətə azadlıqdan məhrum etmə.
85.2. Cərimə, yalnız müstəqil əmək haqqı və ya bu cəzanın icrasına yönəldilə bilən əmlakı olan yetkinlik yaşına çatmayan məhkuma təyin edilir. Cərimə altı yüz manatadək miqdarda təyin edilir.[73]
85.3. İctimai işlər səksən saatdan üç yüz iyirmi saatadək müddətə təyin olunur və yetkinlik yaşına çatmayan məhkumun bacardığı, onun təhsildən və əsas işindən asudə vaxtlarda yerinə yetirdiyi işlərdən ibarətdir. Bu cəza növünün icra müddəti on beş yaşınadək şəxslər üçün gündə iki saatdan, on beş yaşından on altı yaşınadək şəxslər üçün isə gündə üç saatdan çox ola bilməz.[74]
85.4. Yetkinlik yaşına çatmayan məhkumlara islah işləri iki aydan bir ilədək müddətə təyin edilir. Bu zaman məhkumun qazancından məhkəmənin hökmü ilə müəyyən edilmiş miqdarda, beş faizdən iyirmi faizə qədər pul dövlət nəfinə tutulur.
85.5. Azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayan məhkumlara on ildən çox olmayan müddətə təyin edilir. Yetkinlik yaşına çatmayan məhkumlar cəzalarını aşağıdakı tərbiyə müəssisələrində çəkirlər:
85.5.1. yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar — ümumi rejimli tərbiyə müəssisələrində;
85.5.2. əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş yetkinlik yaşına çatmayan oğlanlar — möhkəm rejimli tərbiyə müəssisələrində.
Maddə 86. Yetkinlik yaşına çatmayanlara cəza təyin edilməsi
86.1. Yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır.
86.2. Cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır.
Maddə 87. Tərbiyəvi xarakterli məcburi tədbirlərin məzmunu
87.1. Xəbərdarlıq yetkinlik yaşına çatmayana onun əməli nəticəsində vurulmuş ziyanın və bu Məcəllədə nəzərdə tutulmuş cinayətləri təkrar törətməyin nəticələrinin izah edilməsindən ibarətdir.
87.2. Nəzarətə götürmə valideynlərin və ya onları əvəz edən şəxslərin yaxud müvafiq icra hakimiyyəti orqanının üzərinə yetkinlik yaşına çatmayana tərbiyəvi təsir göstərmək və onun davranışına nəzarət etmək vəzifəsi qoyulmasından ibarətdir.
87.3. Vurulmuş ziyanı aradan qaldırmaq vəzifəsi yetkinlik yaşına çatmayanın əmlak vəziyyəti və müvafiq əmək vərdişlərinə malik olması nəzərə alınmaqla onun üzərinə qoyulur.
87.4. Asudə vaxtın məhdudlaşdırılması və yetkinlik yaşına çatmayanın davranışına xüsusi tələblərin qoyulması onun müəyyən yerlərə getməməsini, asudə vaxtdan istifadənin müəyyən formalarını, o cümlədən mexaniki nəqliyyat vasitələrinin idarə olunmamasını, günün müəyyən vaxtlarından sonra evdən kənarda olmamasını, müvafiq dövlət orqanının icazəsi olmadan başqa ərazilərə getməməsini nəzərdə tuta bilər. Yetkinlik yaşına çatmayana həmçinin təhsilini davam etdirmək və ya müvafiq icra hakimiyyəti orqanının köməyi ilə işə düzəlmək vəzifəsi də müəyyən edilə bilər. Bu tədbirlərdən başqa asudə vaxtın məhdudlaşdırılması və yetkinlik yaşına çatmayanın davranışına xüsusi tələblərin qoyulması digər tədbirləri də nəzərdə tuta bilər.
Maddə 88. Tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etmə
88.1. Yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etdikdə, tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah olunması mümkün hesab edilərsə, həmin şəxs cinayət məsuliyyətindən azad edilə bilər.
88.2. Yetkinlik yaşına çatmayanlara aşağıdakı tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər:
88.2.1. xəbərdarlıq;
88.2.2. valideynlərin və ya onları əvəz edən şəxslərin və yaxud müvafiq dövlət orqanının nəzarətinə vermək;
88.2.3. vurulmuş ziyanın aradan qaldırılması vəzifəsini həvalə etmək;
88.2.4. yetkinlik yaşına çatmayanın asudə vaxtını məhdudlaşdırmaq və onun davranışı ilə bağlı xüsusi tələblər müəyyən etmək.
88.3. Yetkinlik yaşına çatmayana eyni vaxtda bir neçə tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Bu Məcəllənin 88.2.2 və 88.2.4-cü maddələrində nəzərdə tutulmuş tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiqi müddəti bu tədbirləri təyin etmiş müvafiq dövlət orqanı tərəfindən müəyyən olunur.
88.4. Yetkinlik yaşına çatmayan tərbiyəvi xarakterli məcburi tədbirləri mütəmadi olaraq yerinə yetirmədikdə, müvafiq dövlət orqanının təqdimatı əsasında həmin tədbirlər ləğv edilir və materiallar yetkinlik yaşına çatmayanın cinayət məsuliyyətinə cəlb olunması üçün məhkəməyə göndərilir.
Maddə 89. Yetkinlik yaşına çatmayanın cəzadan azad edilməsi
89.1. Böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etməyə görə məhkum edilmiş yetkinlik yaşına çatmayan bu Məcəllənin 87.2-ci maddəsində nəzərdə tutulmuş tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməklə cəzadan azad oluna bilər.
89.2. Məhkəmə az ağır cinayət törətməyə görə məhkum olunmuş yetkinlik yaşına çatmayanı yalnız belə şəxslər üçün nəzərdə tutulmuş qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsində və ya tibbi-tərbiyə müəssisəsində yerləşdirməklə cəzanın məqsədinə nail olmağı mümkün hesab edərsə, həmin şəxsi cəzadan azad edə bilər. Bu halda yetkinlik yaşına çatmayan göstərilən müəssisədə on səkkiz yaşına çatana qədər, lakin üç ildən artıq olmamaq şərti ilə saxlanılır. [75]
89.3. Yetkinlik yaşına çatmayan islah olunduqda və bununla bağlı qeyd edilən tədbirin tətbiqinə zərurət aradan qalxdıqda, qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinin və ya tibbi-tərbiyə müəssisəsinin müdiriyyətinin və yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın birgə təqdimatına əsasən məhkəmə yetkinlik yaşına çatmayanın vaxtından əvvəl həmin müəssisədən buraxılması haqqında qərar qəbul edə bilər. [76]
Maddə 90. Yetkinlik yaşına çatmayanların şərti olaraq vaxtından əvvəl cəzadan azad edilməsi
90.0. İslah işlərinə və ya azadlıqdan məhrum etməyə məhkum edilmiş yetkinlik yaşına çatmayanlar barəsində cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, onlar:
90.0.1. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə bir hissəsini çəkdikdən sonra;
90.0.2. ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını çəkdikdən sonra;
90.0.3. xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdən sonra tətbiq edilə bilər.
Maddə 91. Müddətin keçməsi
Yetkinlik yaşına çatmayanlar cinayət məsuliyyətindən və ya cəza çəkməkdən azad edilərkən, bu Məcəllənin 75 və 80-ci maddələrində müəyyən edilmiş müddətlər yarıbayarı azaldılır.
Maddə 92. Məhkumluğun ödənilməsi müddətləri[77]
92.0. Şərti məhkum etməyə görə məhkumluq istisna olmaqla, məhkumluğun bu Məcəllənin 83.3-cü maddəsində nəzərdə tutulmuş müddətləri cinayət törətmiş yetkinlik yaşına çatmayanlar üçün qısaldılır və aşağıdakı müddətlər keçdikdə məhkumluq ödənilmiş hesab edilir:
92.0.1. azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzanın çəkilib qurtardığı gündən altı ay;
92.0.2. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən bir il;
92.0.3. ağır və ya xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən üç il keçdikdə.
Bölmə VI[78]
CİNAYƏT-HÜQUQİ XARAKTERLİ DİGƏR TƏDBİRLƏR
15-ci fəsil
TİBBİ XARAKTERLİ MƏCBURİ TƏDBİRLƏR
Maddə 93. Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin əsasları
93.1. Məhkəmə aşağıdakı şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir:[79]
93.1.1. Bu Məcəllənin 93.2-ci maddəsində nəzərdə tutulmuş halda psixi pozuntusu olan şəxslərə;
93.1.2. cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə.
93.1-1. Şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən:[80]
93.1-1.1. bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə;
93.1-1.2. cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə;
93.1-1.3. cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir.
93.2. Bu Məcəllənin 93.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır.[81]
93.3. Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur.
93.4. Bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən və öz psixi vəziyyətinə görə təhlükə törətməyən şəxslər barəsində zəruri materiallar həmin şəxslərin müalicə olunması üçün və ya onların psixonevroloji müəssisələrə göndərilməsi üçün səhiyyə orqanlarına verilir.
Maddə 93-1. Alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi[82]
93-1.1. Alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir.
93-1.2. Alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
Maddə 94. Psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi[83]
Psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir.
Maddə 95. Psixi pozuntusu olan şəxslərə təyin edilən tibbi xarakterli məcburi tədbirlərin növləri[84]
95.0. Məhkəmə psixi pozuntusu olan şəxslərə aşağıdakı tibbi xarakterli məcburi tədbirləri təyin edə bilər:[85]
95.0.1. məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi;
95.0.2. ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə;
95.0.3. ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə;
95.0.4. ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə.
Maddə 96. Məcburi ambulatoriya müşahidəsi altında olma və psixiatr tərəfindən müalicə edilmə
Şəxsin stasionar psixiatriya müəssisələrində yerləşdirilməsinə zərurət olmadıqda həmin şəxsin məcburi ambulatoriya müşahidəsi altında olması və psixiatr tərəfindən müalicə edilməsi bu Məcəllənin 93.2-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda təyin edilir.
Maddə 97. Psixiatriya stasionarlarında məcburi müalicə olunma
97.1. Əgər psixi pozuntunun xarakteri müalicə şəraitinin, şəxsin saxlanmasının və onun üzərində müşahidənin yalnız psixiatriya stasionarlarında həyata keçirilməsini tələb edərsə, psixiatriya stasionarlarında məcburi müalicə olunma bu Məcəllənin 93.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda təyin edilə bilər.
97.2. İntensiv müşahidə tələb etməyən və öz psixi vəziyyətinə görə stasionar müalicəyə və müşahidəyə ehtiyacı olan şəxslər barəsində ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə təyin edilə bilər.
97.3. Öz psixi vəziyyətinə görə daimi müşahidə tələb edən şəxslərə xüsusi ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə təyin edilə bilər.
97.4. Öz psixi vəziyyətinə görə ətrafdakılar və özü üçün təhlükəli olan, intensiv və daimi müşahidə tələb edən şəxslərə ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilə bilər.
Maddə 98. Psixi pozuntusu olan şəxslərə təyin edilmiş tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi və ləğv edilməsi[86]
98.1. Psixi pozuntusu olan şəxslərə təyin edilmiş tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi və ya ləğv edilməsi həkim-psixiatr komissiyasının rəyi əsasında məcburi müalicəni həyata keçirən tibb müəssisəsinin müdiriyyətinin təqdimatı ilə məhkəmə tərəfindən həyata keçirilir.[87]
98.2. Psixi pozuntusu ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxs bu tədbirin tətbiqinin ləğv edilməsi və ya dəyişdirilməsi məsələsinin həll edilməsi məqsədi ilə altı ay müddətində bir dəfədən az olmayaraq həkim-psixiatr komissiyasında baxışdan keçirilməlidir. Tibbi xarakterli məcburi tədbirlərin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadıqda məcburi müalicəni həyata keçirən müəssisənin müdiriyyəti məcburi müalicənin müddətinin uzadılması haqqında məhkəməyə öz rəyini təqdim edir. Məcburi müalicənin ilk dəfə uzadılması müalicənin başlandığı gündən altı ay keçdikdən sonra həyata keçirilir, bundan sonra məcburi müalicə müddətinin uzadılması hər il həyata keçirilir.[88]
98.3. Şəxsin psixi vəziyyətinin yaxşılaşması səbəbindən onun barəsində əvvəllər təyin edilmiş tibbi xarakterli məcburi tədbirlərin ləğv edilməsi zərurəti olduqda və ya tibbi xarakterli digər məcburi tədbirlərin tətbiqinə ehtiyacı olduqda, tibbi xarakterli məcburi tədbirlərin dəyişdirilməsi və ya onların tətbiqinin ləğv edilməsi məhkəmə tərəfindən həyata keçirilir.
98.4. Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edildikdə məcburi müalicə edilən şəxs barəsindəki materialları məhkəmə səhiyyə orqanlarına göndərir.
Maddə 99. Psixi pozuntusu olan şəxslərə təyin edilmiş tibbi xarakterli məcburi tədbirlərin tətbiqi müddətinin hesaba alınması[89]
Cinayət törətdikdən sonra psixi pozuntuya məruz qalmış şəxs müalicə olunduqdan sonra cəza təyin edilərkən və ya onun cəzasının icrası bərpa olunarkən psixiatriya stasionarlarında məcburi müalicədə bir gün olma müddəti bir gün azadlıqdan məhrum edilmə hesabı ilə hesablanır.
Fəsil 15-1[90]
Xüsusi müsadirə
Maddə 99-1. Xüsusi müsadirə
99-1.1. Xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır:
99-1.1.1. məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla);
99-1.1.2. məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla);
99-1.1.3. cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi;
99-1.1.4. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak.
99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.
99-1.3. Məhkum tərəfindən özgəninkiləşdirilmiş və ya hər hansı şəkildə digər şəxslərə verilmiş, bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak o halda müsadirə edilir ki, həmin əmlakı alan şəxs əmlakın cinayət yolu ilə əldə edildiyini bildiyi və ya bilməli olduğu halda onu qəbul etmişdir.
Maddə 99-2. Əmlakın dəyərinə görə müsadirə
Bu Məcəllənin 99-1.1.2—99-1.1.4-cü maddələrində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində məhkuma məxsus olan digər əmlak müsadirə edilir.
Maddə 99-3. Cinayət nəticəsində vurulmuş ziyanın müsadirə edilmiş əmlak vasitəsilə ödənilməsi
99-3.1. Müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir.
99-3.2. Cinayət törətmiş şəxsin müsadirə edilmiş əmlakdan başqa ziyanın ödənilməsini təmin edəcək əmlakı olmadıqda, cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan müsadirə edilmiş əmlak hesabına ödənilməli, bundan sonra əmlakın qalan hissəsi dövlət nəfinə alınmalıdır.
Fəsil 15-2
Hüquqi şəxslər barəsində tətbiq olunan cinayət-hüquqi tədbirlər
Maddə 99-4. Hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiq olunmasının əsasları və şərtləri
99-4.1. Hüquqi şəxsə cinayət-hüquqi tədbirlər həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı fiziki şəxslər tərəfindən törədilən cinayətlərə görə tətbiq edilir:
99-4.1.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;
99-4.1.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;
99-4.1.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;
99-4.1.4. bu Məcəllənin 99-4.1.1—99-4.1.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi.
99-4.2. Hüquqi şəxsə cinayət-hüquqi tədbirlərin tətbiqi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş fiziki şəxsin cinayət məsuliyyətini istisna etmir.
99-4.4. Bu Məcəllənin 99-4.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxs barəsində qanunla müəyyən edilmiş hallarda cinayət təqibinə xitam verilməsi hüquqi şəxsə cinayət-hüquqi tədbirlərin tətbiqinə mane olmur.
99-4.5. Dövlət, bələdiyyələr, həmçinin beynəlxalq təşkilatlar barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilə bilməz.
99-4.6. Hüquqi şəxslərə cinayət-hüquqi tədbirlər bu Məcəllənin 144, 144-1, 144-2, 144-3, 167–169, 169-1, 170–171-1, 193-1, 194, 200-1, 200-2, 214–220, 233, 242–244-1, 271–284, 308, 311, 312, 312-1, 313, 315, 316-1, 316-2, 320 və 323–326-cı maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsinə görə tətbiq edilir.[91]
99-4.7. Məhkəmə tərəfindən cinayət-hüquqi tədbirin təyin edilməsi ilə bağlı qərar qəbul olunanadək hüquqi şəxs yenidən təşkil olunduqda cinayət-hüquqi tədbirlər hüquqi şəxsin hüquqi varisinə təyin olunur. Məhkəmə tərəfindən cinayət-hüquqi tədbirin təyin edilməsi ilə bağlı qərar qəbul olunduğu vaxtdan tam icra olunana və ya ləğv olunanadək hüquqi şəxsin yenidən təşkil olunması, yaxud təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilməsi qadağandır.
Maddə 99-5. Hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbirlərin növləri
99-5.1. Hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbirlər aşağıdakılardır:
99-5.1.1. cərimə;
99-5.1.2. xüsusi müsadirə;
99-5.1.3. hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə;
99-5.1.4. hüquqi şəxsi ləğv etmə.
99-5.2. Xüsusi müsadirə bu Məcəllənin 15-2-ci fəsli ilə müəyyən edilmiş qaydada tətbiq edilir.
99-5.3. Hüquqi şəxsi ləğv etmə cinayət-hüquqi tədbiri yalnız əsas, cərimə həm əsas, həm də əlavə, hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və xüsusi müsadirə yalnız əlavə cinayət-hüquqi tədbir növü kimi tətbiq olunur.
99-5.3. Hüquqi şəxsə tətbiq olunacaq cinayət-hüquqi tədbirin növü və həddi müəyyən olunarkən aşağıdakı hallar nəzərə alınır:
99-5.3.1. cinayətin ictimai təhlükəliliyinin xarakteri və dərəcəsi;
99-5.3.2. cinayət nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi;
99-5.3.3. cinayətlərin sayı və onun (onların) nəticələrinin ağırlığı;
99-5.3.4. cinayətin açılması, onun iştirakçılarının ifşa edilməsi, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışı və tapılmasına kömək etmə;
99-5.3.5. cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş hüquqi şəxs tərəfindən görülən digər tədbirlər.
99-5.3.6. hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən əvvəllər onun barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi, yaxud xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması.
Maddə 99-6. Cərimə
99-6.1. Hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbir qismində cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən və dövlət nəfinə keçirilən məcburi pul tutulmasından ibarətdir.
99-6.2. Cərimə bu Məcəllənin 99-6.3, 99-6.4 və 99-8.3-cü maddələrində göstərilən hallar və hüquqi şəxsin maliyyə-iqtisadi vəziyyəti nəzərə alınmaqla əlli min manatdan iki yüz min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən beş mislinədək miqdarda müəyyən olunur.
99-6.3. Hüquqi şəxslərə cərimə növündə cinayət-hüquqi tədbir aşağıdakı hədlərdə təyin edilir:
99-6.3.1. böyük ictimai təhlükə törətməyən cinayətlərə görə - əlli min manatdan yetmiş beş min manatadək, yaxud cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən iki mislinədək miqdarda;
99-6.3.2. az ağır cinayətlərə görə - yetmiş beş min manatdan yüz min manatadək, yaxud cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç mislinədək miqdarda;
99-6.3.3. ağır cinayətlərə görə - yüz min manatdan yüz iyirmi beş min manatadək, yaxud cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç mislindən dörd mislinədək miqdarda;
99-6.3.4. xüsusilə ağır cinayətlərə görə - yüz iyirmi beş min manatdan yüz əlli min manatadək miqdarda, yaxud cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd mislindən beş mislinədək miqdarda.
99-6.4. Hüquqi şəxsə tətbiq edilən cərimə onun əmlakının dəyərinin yarıdan çox hissəsini təşkil edə bilməz.
Maddə 99-7. Hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə
99-7.1. Hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə sahibkarlıq fəaliyyətinin müəyyən növünü həyata keçirməyə icazə verən xüsusi razılığın (lisenziyanın) və ya xüsusi icazənin ləğv edilməsindən, müəyyən əqdlərin bağlanılmasının, səhm və ya digər qiymətli kağızların buraxılmasının, dövlətdən subsidiyaların və ya başqa güzəştlərin əldə edilməsinin və ya digər fəaliyyətlə məşğul olmanın qadağan edilməsindən ibarətdir.
99-7.2. Hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə bu Məcəllənin 99-5.3-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla hüquqi şəxsin müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılması qeyri-mümkün hesab edildikdə aşağıdakı müddətlərə təyin edilir:
99-7.2.1. böyük ictimai təhlükə törətməyən cinayətlərə görə - bir ildən iki ilədək müddətə;
99-7.2.2. az ağır cinayətlərə görə - iki ildən üç ilədək müddətə;
99-7.2.3. ağır cinayətlərə görə - üç ildən dörd ilədək müddətə;
99-7.2.4. xüsusilə ağır cinayətlərə görə - dörd ildən beş ilədək müddətə.
Maddə 99-8. Hüquqi şəxsi ləğv etmə
99-8.1. Hüquqi şəxsi ləğv etmə hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilən cinayətlə əlaqədar onun mövcudluğuna və fəaliyyətinə, hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsindən ibarət müstəsna cinayət-hüquqi tədbirdir.
99-8.2. Hüquqi şəxsi ləğv etmə həmin hüquqi şəxs mütəmadi olaraq cinayətlərin törədilməsində və ya cinayətin izlərinin, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın gizlədilməsində istifadə edildikdə və ya onun əmlakının yarıdan çox hissəsi bu Məcəllənin 99-1.1-ci maddəsinə əsasən müsadirə edilməli əmlakdan ibarət olduqda tətbiq olunur.
99-8.3. Hüquqi şəxsi ləğv etmə növündə cinayət-hüquqi tədbir təyin edildikdə əlavə cinayət-hüquqi tədbir qismində bu Məcəllənin 99-6.4-cü maddəsi nəzərə alınmaqla iki yüz min manat miqdarında cərimə təyin edilir.
99-8.4. Hüquqi şəxsi ləğv etmə siyasi partiyalara və həmkarlar ittifaqına, dövlət (bələdiyyə) müəssisələrinə və ya səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə (bələdiyyəyə) məxsus olan hüquqi şəxslərə tətbiq edilmir.
Maddə 99-9. Hüquqi şəxsin cinayət-hüquqi tədbirlərin tətbiqindən azad edilməsi
Hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün cinayət törətmiş şəxs bu Məcəllənin 75-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad edildikdə, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilə bilməz.
XÜSUSİ HİSSӘ
YEDDİNCİ BÖLMƏ
SÜLH VƏ İNSANLIQ ƏLEYHİNƏ CİNAYƏTLƏR [92]
16-cı fəsil
SÜLH VƏ İNSANLIQ ƏLEYHİNƏ CİNAYƏTLƏR [93]
Maddə 100. Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma
100.1. Təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama—
səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [94]
100.2. Təcavüzkar müharibəni aparma—
on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [95]
Maddə 101. Təcavüzkar müharibəni başlamağa açıq çağırışlar
101.1. Təcavüzkar müharibəni başlamağa açıq çağırışlar—
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[96]
101.2. Eyni əməllər kütləvi informasiya vasitələri ilə və ya vəzifəli şəxs tərəfindən törədildikdə—
üç ilədək müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 102. Beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə
Beynəlxalq müdafiədən istifadə edən xarici dövlət nümayəndəsinə və ya beynəlxalq təşkilatın əməkdaşına, habelə həmin şəxslərin xidməti və ya yaşayış sahələrinə, yaxud nəqliyyat vasitələrinə hücum etmə müharibəyə təhrikçilik və ya beynəlxalq münasibətlərin gərginləşməsi məqsədi ilə törədildikdə—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 103. Soyqırım
Hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə—
on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [97]
Maddə 104. Soyqırımın törədilməsinə təhrik etmə
Bu Məcəllənin 103-cü maddəsi ilə nəzərdə tutulmuş hər hansı bir əməlin törədilməsinə bilavasitə və açıq təhrik etmə—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 105. Əhalini məhv etmə
Soyqırım əlamətləri olmadan əhalini bütövlükdə və ya qismən məhv etmə—
on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu fəslin 105—113-cü maddələrində nəzərdə tutulan istər sülh, istərsə də müharibə zamanı hər hansı mülki əhaliyə qarşı genişmiqyaslı və ya sistematik hücumların tərkib hissəsi olaraq qəsdən törədilmiş əməllər insanlıq əleyhinə cinayətlər hesab edilir. [98]
Maddə 106. Köləlik
106.1. Köləlik, yəni şəxs üzərində mülkiyyət hüququna xas olan səlahiyyətləri tam və ya qismən həyata keçirmə—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
106.2. Eyni əməllər yetkinlik yaşına çatmayana qarşı və ya şəxsi xarici ölkəyə daşımaq məqsədi ilə törədildikdə—
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
106.3. Kölə ticarəti, yəni şəxsi köləliyə yönəltmək və ya kölə kimi istifadə etmək, satmaq və ya dəyişdirmək məqsədi ilə saxlama, onun barəsində sərəncam vermə, habelə kölə ticarəti və kölələrin daşınması ilə bağlı hər hansı bir əməl, eləcə də cinsi köləlik və ya köləlik əsasında cinsi azadlığa qəsd edən əməl—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 107. Əhalini deportasiya etmə və ya məcburi köçürmə
Beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadıqda, əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma—
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 108. Cinsi zorakılıq
Şəxslərə qarşı zorlama, fahişəliyə məcbur etmə, məcburi sterilizasiya və ya cinsi zorakılıqla əlaqədar digər hərəkətləri etmə—
on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 108-1. Məcburi hamiləlik [99]
Hər hansı əhalinin etnik tərkibini dəyişdirmək məqsədi və ya beynəlxalq hüququn başqa ciddi pozuntuları ilə müşahidə olunan zorla hamilə edilmiş qadını qanunsuz azadlıqdan məhrum etmə -
on iki ildən iyirmi ilədək azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 109. Təqib
Siyasi, irqi, milli, etnik, mədəni, dini, cinsi və ya beynəlxalq hüquq normaları ilə qadağan edilmiş digər əsaslara görə müəyyən edilmiş hər hansı bir qrupu və ya təşkilatı təqib etmə, yəni qrupa və ya təşkilata mənsub olduqlarına görə insanları əsas hüquqlardan kobudcasına məhrum etmə insanlıq əleyhinə digər cinayәtlәrlә əlaqədar olduqda— [100]
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 110. İnsanları zorakılıqla yoxa çıxarma
Dövlətin və ya siyasi təşkilatın göstərişi, dəstəyi və ya razılığı ilə uzun müddət ərzində qanuni müdafiədən kənarlaşdırmaq məqsədilə şəxsi tutma, həbs etmə və ya oğurlama və sonradan şəxsin azadlıqdan məhrum edilməsini danma və ya onun aqibəti və ya yeri barədə məlumat verməkdən imtina etmə—
on ildən iyirmi müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [101]
Maddə 111. İrqi ayrıseçkilik (aparteid)
111.0. Hər hansı bir irqi qrupu əsarət altında saxlamaq üçün digər irqi qrup tərəfindən üstünlüyü təşkil və təmin etmək məqsədilə:
111.0.1. irqi qrupa və ya qruplara mənsub olan şəxslərin yaşamaq və azadlıq hüquqlarını inkar etmə, yəni irqi qrupa və ya qruplara mənsub olan şəxsləri öldürmə, onların sağlamlığına ağır zərər vurma və ya əqli qabiliyyətlərinə ciddi zərər vurma, işgəncə və ya qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza tətbiq etmə, yaxud özbaşınalıqla həbs və qanunsuz olaraq azadlıqdan məhrum etmə;
111.0.2. irqi qrupun və ya qrupların, bütövlükdə və ya qismən, fiziki məhvi ilə nəticələnə biləcək yaşayış şəraiti yaratma;
111.0.3. irqi qrupun və ya qrupların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında iştirakının qarşısını almaq, habelə qrupa və ya qruplara mənsub olan şəxslərin işləmək, həmkarlar təşkilatlarını yaratmaq, təhsil almaq, ölkədən getmək və ölkəyə qayıtmaq, vətəndaşlıq, hərəkət etmək və yaşayış yerini seçmək, fikir və söz azadlığı, toplaşmaq və birləşmək hüquqları daxil olmaqla əsas insan hüquq və azadlıqlarını inkar etməklə tam inkişafın qarşısını almaq məqsədilə hər hansı qanunverici və digər tədbiri həyata keçirmə;
111.0.4. düşərgə və qettoların yaradılması ilə əhalini irqi qruplara bölmək, irqi qruplar arasında qarışıq nikahları qadağan etmək, irqi qrupa və ya qruplara və ya onların üzvlərinə mənsub olan torpaq sahələrini onların razılığı olmadan almaq məqsədilə, qanunverici tədbirlər daxil olmaqla, hər hansı bir tədbiri həyata keçirmə;
111.0.5. irqi qrupa və ya qruplara mənsub olan şəxslərin əməyini istismar etmə;
111.0.6. aparteidə qarşı çıxan şəxsləri və təşkilatları, əsas hüquq və azadlıqlardan məhrum etmə vasitəsilə təqib etmə—
on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 112. Beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə
Şəxsləri beynəlxalq hüquq normalarına zidd olaraq həbs etmə və ya başqa cür azadlıqdan məhrum etmə—
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 113. İşgəncə
Tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərə fiziki ağrılar və ya psixi iztirablar vermə—
yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
17-ci fəsil
MÜHARİBƏ CİNAYƏTLƏRİ
Maddə 114. Muzdluluq
114.1. Muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və ya hərbi əməliyyatlarda istifadə etmə—
səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[102]
114.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya yetkinlik yaşına çatmayan barəsində törədildikdə—
doqquz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[103]
114.3. Muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı—
beş ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[104]
Qeyd:
1. Bu fəsildə nəzərdə tutulmuş istər beynəlxalq, istərsə də daxili silahlı münaqişə zamanı hərbi əməliyyatların planlaşdırılması, hazırlanması, başlanması və ya aparılması ilə əlaqədar olaraq törədilmiş əməllər müharibə cinayətləri hesab olunur.
2. Muzdlu dedikdə, hərbi münaqişədə və hərbi əməliyyatlarda iştirak edən dövlətin vətəndaşı olmayan, onun ərazisində daimi yaşamayan, habelə rəsmi vəzifələrin yerinə yetirilməsi üçün göndərilməyən, maddi mükafat əldə etmək məqsədilə fəaliyyət göstərən şəxslər nəzərdə tutulur.
Maddə 115. Müharibə qanunlarını və adətlərini pozma
115.1. Əsirləri, beynəlxalq humanitar hüquqla müdafiə olunan digər şəxsləri əsir götürmüş tərəfin silahlı qüvvələrində xidmət etməyə, habelə düşmən dövlətin vətəndaşlarını öz ölkələrinə qarşı yönəlmiş hərbi əməliyyatlarda iştirak etməyə məcbur etmə—
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
115.2. Bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə və ya onların üzərində tibbi, bioloji və başqa tədqiqatlar aparma, o cümlədən daxili orqanları köçürmə üçün çıxarma və ya öz qoşunlarını və ya obyektləri hərbi əməliyyatlardan qorumaq məqsədilə onlardan sipər kimi istifadə etmə, yaxud belə şəxsləri girov kimi saxlama və ya mülki əhalini məcburi işlərə cəlb etmə və ya digər məqsədlər üçün qanuni yerləşdiyi yerlərdən məcburi köçürmə—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
115.3. Bu Məcəllənin 115.1 və 115.2-ci maddələrində nəzərdə tutulmuş əməllər şəxslərin ölümünə və ya sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda—
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır .
115.4. Bu Məcəllənin 115.1-ci maddəsində göstərilən şəxsləri qəsdən öldürmə—
on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır . [105]
Maddə 116. Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma
116.0. Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, yəni:
116.0.1. mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə etmə;
116.0.2. ətraf mühitə qəsdən geniş, uzun sürən və ciddi ziyan vurma;
116.0.3. sülh məramlı tədbirlərin həyata keçirilməsinə və ya humanitar yardımın göstərilməsinə cəlb olunmuş şəxsi heyətə, o cümlədən Qızıl Xaç və Qızıl Aypara fərqləndirici emblemləri olan heyətə, tikililərə, qurğulara, nəqliyyat vasitələrinə, tibbi əmlaka hücum etmə;[106]
116.0.4. hərbi əməliyyatların aparılması üsulu kimi mülki əhali arasında yaranmış aclıqdan istifadə etmə;
116.0.5. yetkinlik yaşına çatmayanları silahlı qüvvələrə cəlb etmə;
116.0.6. hərbi zərurətdən irəli gəlməyən geniş miqyaslı dağıntılar törətmə;
116.0.7. müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə və silahsızlaşdırılmış zonalara hücum etmə;
116.0.8. hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən dini, təhsil, elm, xeyriyyə, tibb obyektlərinə, xəstə və yaralıların yerləşdirildiyi yerlərə hərbi zərurət olmadan hücum etmə;[107]
116.0.8-1. hərbi zərurət olmadan qəsdən mədəni sərvəti, o cümlədən gücləndirilmiş mühafizə altında olan mədəni sərvəti hücum obyektinə çevirmə, yaxud gücləndirilmiş mühafizə altında olan mədəni sərvətdən və ya ona bilavasitə bitişik ərazilərdən hərbi əməliyyatların dəstəklənməsi üçün istifadə etmə;
116.0.8-2. mədəni sərvəti qəsdən böyük həcmdə dağıtma və ya mənimsəmə, yaxud mədəni sərvətə münasibətdə oğurluq, soyğunçuluq, qanunsuz mənimsəmə və ya vandalizm aktları törətmə;
116.0.8-3. mədəni sərvəti işğal edilmiş ərazidən qanunsuz çıxarma, yaxud həmin ərazidə olan mədəni sərvətə mülkiyyət hüququnu başqasına vermə və ya ona xitam vermə; mədəni sərvətin bilavasitə qorunması, uçotu və ya saxlanılması tələb edildiyi hallar istisna olmaqla, işğal edilmiş ərazidə hər hansı arxeoloji qazıntı aparma; mədəni sərvətin mədəni, tarixi və ya elmi xarakterini gizlətmək və ya məhv etmək məqsədi ilə onu modifikasiya etmə və ya ondan istifadə növünü dəyişdirmə.[108]
116.0.9. müvəqqəti barışıq haqqında və ya həlak olanların və yaralıların döyüş meydanından aparılması, dəyişdirilməsi və ya daşınması məqsədilə döyüş əməliyyatlarının dayandırılması barədə saziºi pozma;
116.0.10. mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etmə;
116.0.11. hərbi əməliyyat bölgələrində əhaliyə qarşı zorakılıq göstərmə, quldurluq etmə, əmlaklarını məhv etmə, habelə hərbi zərurət bəhanəsi ilə əmlakı qanunsuz olaraq alma;
116.0.12. dağıdılması mülki əhali arasında böyük itkilərə səbəb ola bilən və ya mülki obyektlərə əhəmiyyətli zərər vura bilən qurğulara hücum etmə;
116.0.13. hərbi əməliyyatlarda birbaşa iştirakını təqsirkar üçün aşkar surətdə dayandırmış, həmçinin silahı olmayan və ya silahını yerə qoymaqla təslim olan, yaxud yaralanma və ya başqa səbəbdən müqavimət göstərə bilməyən şəxsə hücum etmə;
116.0.14. işqal olunmuş ərazilərdə öz mülki əhalisinin bir hissəsini yerləşdirmə;
116.0.15. hərbi əsirlərin və mülki şəxslərin vətənə qaytarılmasını əsassız olaraq gecikdirmə;
116.0.16. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə qadağan edilmiş silahları, müharibə vasitələrini və üsullarını silahlı münaqişələrdə tətbiq etmə;
116.0.17. zorlama, cinsi köləlik, məcburi fahişəlik, məcburi sterilizasiya, məcburi hamiləlik, habelə cinsi zorakılıqla əlaqədar başqa hərəkətlər etmə; [109]
116.0.18. bu Məcəllənin 115.1-ci maddəsində göstərilən şəxsləri beynəlxalq hüquq normalarına zidd olaraq həbs etmə və ya başqa cür azadlıqdan məhrum etmə, habelə prosessual hüquqlardan məhrum etmə—
on ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [110]
Qeyd: Bu Məcəllənin 116.0.8-1-116.0.8-3-cü maddələrində “mədəni sərvət” dedikdə, aşağıdakılar başa düşülür:[111]
1. hər bir xalqın mədəni irsi üçün böyük əhəmiyyəti olan daşınar və ya daşınmaz sərvətlər (memarlıq, incəsənət və ya tarixi, dini və ya dünyəvi abidələr; arxeoloji qazıntı yerləri; tarixi və ya bədii əhəmiyyət kəsb edən memarlıq ansamblları; incəsənət əsərləri; bədii, tarixi və ya arxeoloji əhəmiyyəti olan əlyazmalar, kitablar və digər əşyalar; həmçinin elmi kolleksiyalar və ya kitab və arxiv materiallarının, yaxud yuxarıda göstərilən sərvətlərin reproduksiyalarının mühüm kolleksiyaları);
2. bu “Qeyd”in 1-ci bəndində göstərilmiş, əsas və həqiqi məqsədi daşınar mədəni sərvətlərin saxlanması və ya sərgilənməsi olan binalar (muzeylər, iri kitabxanalar, arxivlər, habelə həmin bənddə göstərilmiş daşınar mədəni sərvətləri silahlı münaqişə zamanı saxlamaq üçün istifadə olunan sığınacaqlar);
3. bu “Qeyd”in 1-ci və 2-ci bəndlərində göstərilmiş mədəni sərvətlərin çox olduğu “mədəni sərvətlərin cəmləşdiyi mərkəz” adlandırılan mərkəzlər.
Maddə 117. Silahlı münaqişə zamanı hərəkətsizlik etmə və ya cinayətkar əmr vermə
117.1. Rəis və ya vəzifəli şəxs tərəfindən silahlı münaqişə zamanı tabeliyində olanlara bu Məcəllənin 115—116-cı maddələrində nəzərdə tutulan cinayətlərin qarşısının alınması məqsədilə öz səlahiyyətləri dairəsində bütün imkanlardan qəsdən istifadə etməmə—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
117.2. Döyüş bölgələrində heç kəsin sağ buraxılmayacağını bəyan etmə və ya bu barədə tabeliyində olan şəxsə və ya bu Məcəllənin 115—116-cı maddələrində nəzərdə tutulan cinayətlərin edilməsinə yönəldilən bilə-bilə cinayətkar əmr və ya sərəncam vermə—
on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır
Maddə 118. Hərbi soyğunçuluq
Döyüş meydanında ölmüş və ya yaralanmış şəxslərin əmlakını talama (hərbi soyğunçuluq) —
üç ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 119. Müdafiə olunan nişanlardan sui-istifadə
119.1. Hərbi münaqişə dövründə müdafiə nişanı və ya fərqləndirici nişan qismində Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən, fərqləndirici siqnallardan, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatının prinsipləri ilə bir araya sığmayan məqsədlər üçün Qızıl Xaç və Qızıl Aypara emblemlərindən və onların adlarından, müdafiə nişanı qismində istifadə edilən Qızıl Xaç və Qızıl Aypara emblemləri kimi qəbul edilə biləcək hər hansı oxşar siqnallardan istifadə etmək hüququ olmayan şəxslər tərəfindən istifadə etmə—[112]
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
119.2. Ağ bayraqdan, Birləşmiş Millətlər Təşkilatının bayraq, nişan və ya geyimlərindən, o cümlədən 1949-cü il tarixli Cenevrə Konvensiyaları ilə müdafiə olunan fərqləndirici nişanlardan sui-istifadə etmə, bu əməllər zərərçəkmiş şəxsin ölümünə və ya onun sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.