I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

 

Altıncı fəsil

SEÇKİ (REFERENDUM) MƏNTƏQƏLƏRİ VƏ MƏNTƏQƏ SEÇKİ KOMİSSİYALARI

   Maddə 35. Seçki (referendum) məntəqələrinin yaradılması

35.1. Səsvermənin keçirilməsi və səslərin hesablanması məqsədi ilə bələdiyyə qurumlarının ərazilərində qeydə alınmış seçicilərin sayı nəzərə alınmaqla hər beş ildən bir seçki (referendum) məntəqələri (bundan sonra — seçki məntəqələri) yaradılır. Bu Məcəllənin 35.3.1-ci maddəsinin tələblərinə riayət olunmasının təmin edilməsi məqsədi ilə ayrı-ayrı seçki məntəqələri yuxarıda göstərilən müddət keçmədən yenidən təşkil edilə bilər.

35.2. Seçki məntəqələri müvafiq dairə komissiyaları tərəfindən müvafiq icra hakimiyyəti orqanı və bələdiyyə qurumu ilə razılaşdırılmaqla, seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi, yerli və digər şərait nəzərə alınmaqla yaradılır. Seçki məntəqələri bilavasitə seçkilərdən (referendumdan) əvvəl yaradılırsa, onlar səsvermə gününə ən azı 50 gün qalmış yaradılmalıdır. Seçki məntəqəsinin yaradılması haqqında dairə seçki komissiyasının qərarında məntəqənin hüdudları (seçki məntəqəsi yaşayış məntəqəsinin bir hissəsini əhatə etdikdə evlərin nömrələri nəzərə alınmaqla küçələrin adları) dəqiq göstərilməlidir.

35.3. Seçki məntəqələri yaradılarkən aşağıdakı tələblərə riayət olunmalıdır:

35.3.1. hər seçki məntəqəsinin ərazisində ən çoxu 1500 və ən azı 50 seçici qeydə alınmalıdır;

35.3.2. seçki məntəqələrinin sərhədləri seçki dairələrinin sərhədlərini pozmamalıdır.

35.4. Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus olan sektorunda yerləşən neft platformalarında, səsvermə günü üzən gəmilərdə (seçicilərin sayı 50-dən artıq olduqda), seçicilərin müvəqqəti olduqları yerlərdə (xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində) seçki məntəqələri Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada bu Məcəllənin 35.2-ci maddəsi ilə müəyyənləşdirilmiş müddətdə, Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi müstəsna hallarda isə səsvermə gününə azı 5 gün qalmış yaradıla bilər. Belə seçki məntəqələri yerləşdikləri yerdə və ya gəminin qeydiyyatda olduğu yerdə yaradılmış seçki dairəsinin tərkibinə daxil olur. Bu cür seçki məntəqələri yalnız referendum və Prezident seçkilərinin keçirilməsi üçün yaradılır.

35.5. Hərbi qulluqçular ümumi seçki məntəqələrində səs verirlər. Müddətli hərbi qulluqda olan Azərbaycan Respublikası vətəndaşlarının seçki məntəqələrinə çatdırılması (getmələri) qaydaları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir. Yaşayış məntəqələrindən kənarda yerləşən hərbi hissələrdə seçki məntəqələrinin yaradılmasına yalnız o halda yol verilir ki, hərbi qulluqçuların ümumi seçki məntəqələrinə ictimai nəqliyyatla çatdırılması üçün 1 saatdan çox vaxt lazım olsun və hərbi qulluqçuların ümumi sayı 50-dən artıq olsun. Belə hallarda seçki məntəqələri bu Məcəllənin 35.2-ci maddəsi ilə müəyyənləşdirilmiş müddətdə, müstəsna hallarda isə müvafiq dairə seçki komissiyasının qərarına uyğun olaraq hərbi hissələrin komandirləri tərəfindən səsvermə gününə azı 5 gün qalmış yaradılır. Sərhəd qoşunlarının hərbi qulluqçuları və hərbi münaqişə zonasında yerləşdirilən hərbi qulluqçular, Mərkəzi Seçki Komissiyası müəyyən etdiyi hallarda xüsusi rejim şəraitində qulluq edən hərbi qulluqçular onların hərbi hissələrində yaradılan seçki məntəqələrində səs verirlər. Xüsusi rejim şəraitində qulluq edən hərbi qulluqçular haqqında qərar Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə ən azı 5 gün qalmış qəbul edilir. Bu maddəyə uyğun yaradılan seçki məntəqələrində seçki komissiyasının işlədiyi otağa və səsvermə otağına bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada məntəqə və yuxarı seçki komissiyalarının bütün üzvlərinin, qeydə alınmış namizədlərin və onların nümayəndələrinin, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinin, müşahidəçilərin maneəsiz daxil olmasına imkan yaradılmalıdır.

35.6. Səsvermə günü xarici dövlətlərdə olan seçicilərin səs verməsi və səslərinin hesablanması üçün seçki məntəqələri seçicilərin olduğu ərazilərdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və ya konsul idarələrinin rəhbərləri tərəfindən konsul qeydiyyatına durmuş seçicilərin sayı 50-dən artıq olduqda səsvermə gününə azı 30 gün qalmış yaradılır. Bu cür seçki məntəqələri yalnız referendum və Prezident seçkilərinin keçirilməsi üçün yaradılır.

35.7. Nömrələri və hüdudları göstərilən seçki məntəqələrinin siyahısı (seçki məntəqəsi yaşayış məntəqəsi ərazisinin bir hissəsini əhatə etdikdə), yaşayış məntəqələrinin siyahısı (seçki məntəqəsi bir neçə yaşayış məntəqəsində yaradılmışsa), məntəqə seçki komissiyalarının, səsvermə otaqlarının yerləri və məntəqə seçki komissiyalarının telefon nömrələri dairə seçki komissiyaları tərəfindən səsvermə gününə azı 45 gün qalmış, bu Məcəllənin 35.4 və 35.5-ci maddələrində göstərilmiş müddətdə yaradılan seçki məntəqələri haqqında məlumat isə onların yaradılması günündən ən geci 2 gün keçənədək dərc edilir.

35.8. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılan seçki məntəqələrində bu Məcəllənin 35.7-ci və 109-cu maddələrində göstərilən məlumatların dərci məsələsi, yerli şərait nəzərə alınmaqla, Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliklərinin və ya konsul idarələrinin rəhbərləri tərəfindən həll edilir.

   Maddə 36. Məntəqə seçki komissiyalarının təşkili

36.1. Məntəqə seçki komissiyaları müvafiq dairə seçki komissiyaları tərəfindən 6 üzvdən ibarət tərkibdə təşkil edilir.

36.2. Məntəqə seçki komissiyasının 2 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 2 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 2 üzvünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını dairə seçki komissiyasında təmsil edən üzvlər tərəfindən təqdim edilir. Məntəqə seçki komissiyasının üzvlüyünə namizədləri dairə seçki komissiyasında partiyaları təmsil edən dairə seçki komissiyasının üzvlərinə müvafiq siyasi partiyaların yerli təşkilatları, heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını təmsil edən dairə seçki komissiyasının üzvlərinə isə seçicilər də (seçicilərin təşəbbüs qrupları) təklif edə bilərlər. Həmin namizədlər müvafiq seçki dairəsinin ərazisində daimi yaşayan Azərbaycan Respublikası vətəndaşları olmalıdırlar.

36.3. Məntəqə seçki komissiyasının 2-dən çox üzvü bələdiyyə qulluğunda ola bilməz.

36.4. Məntəqə seçki komissiyaları bilavasitə seçkilərdən (referendumdan) əvvəl yaradılırsa, onlar səsvermə gününə azı 40 gün qalmış təşkil edilməlidir.

36.5. Məntəqə seçki komissiyasının üzvləri Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyənləşdirilmiş qaydada müvafiq vəsiqə alırlar.

36.6. Hər bir qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçicilərin təşəbbüs qrupunun məntəqə seçki komissiyası işə başladığı andan səsvermənin nəticələri rəsmiləşdirilənədək məntəqə seçki komissiyasına bir müşahidəçi təyin etmək hüququ vardır. Həmin müşahidəçilər üçün bu Məcəllənin 40.7-ci maddəsinə uyğun olaraq qeydiyyatdan keçmək tələb olunmur və onlara bu Məcəllənin 40.7-ci maddəsində nəzərdə tutulan müvafiq lövhəciklər verilir.

36.7. Bu Məcəllənin 35.4 və 35.5-ci maddələrində göstərilən hallarda seçicilərin sayı 100-dən az olan və 50-dən çox olan və yolu çətin keçilən yerlərdə yerləşən seçki məntəqələrində məntəqə seçki komissiyası seçicilərin ümumi yığıncağında açıq səsvermə yolu ilə seçilir. Bu halda məntəqə seçki komissiyasının tərkibi dairə seçki komissiyası tərəfindən təsdiqlənir.

   Maddə 37. Məntəqə seçki komissiyasının vəzifələri

37.1. Məntəqə seçki komissiyası referendumun, Milli Məclisin deputatlarının, Prezident və bələdiyyə seçkilərinin hazırlanması və keçirilməsi zamanı aşağıdakı vəzifələri həyata keçirir:

37.1.1. əhaliyə məntəqə seçki komissiyasının ünvanı, telefon nömrəsi, iş vaxtı, habelə səsvermə günü və yeri barədə məlumat verir;

37.1.2. seçici siyahılarını təsdiq edir və dəqiqləşdirir; seçiciləri bu siyahılarla tanış edir; seçicilərə seçici vəsiqələrini paylayır (çatdırır); seçici siyahılarındakı səhvlər və yanlışlıqlar barədə ərizələrə baxır və siyahılarda müvafiq dəyişikliklər edir;

37.1.3. səsvermə yerinin, habelə seçki qutusunun və digər ləvazimatın səsvermə üçün hazır olmasını təmin edir;

37.1.4. yuxarı seçki komissiyasından alınmış məlumata əsasən referenduma çıxarılan məsələlər, qeydə alınmış namizədlər və onların siyahısı barədə seçicilərə məlumat verir;

37.1.5. seçki məntəqəsi ərazisində seçkiqabağı və referendumqabağı təşviqatın aparılması qaydalarına əməl olunmasına nəzarət edir;

37.1.6. səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi verir;

37.1.7. səsvermə günü seçki məntəqəsində səsverməni təşkil edir;

37.1.8. seçki məntəqəsində səsvermənin nəticələrini müəyyənləşdirir, səsləri hesablayır və səsvermənin nəticələri haqqında protokolları dairə seçki komissiyasına çatdırır;

37.1.9. bu Məcəllənin tələblərinin pozulması ilə əlaqədar şikayətlərə öz səlahiyyətləri daxilində baxıb əsaslandırılmış qərarlar qəbul edir;

37.1.10. seçkilərin hazırlanması və keçirilməsi ilə əlaqədar sənədlərin Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi qaydalara uyğun olaraq qorunmasını və müvafiq qaydada təhvil verilməsini təmin edir;

37.1.11. bu Məcəlləyə uyğun digər vəzifələri həyata keçirir.

   Maddə 38. Məntəqə seçki komissiyası üzvünün fəaliyyətinin təminatları

38.1. Məntəqə seçki komissiyasının sədri, katibləri və üzvləri seçkilərin (referendumun) təyin edilməsi haqqında səlahiyyətli dövlət orqanının qərarının dərc edildiyi gündən seçkilərin (referendumun) nəticələrinin dərc edildiyi günədək olan müddətdə, habelə hər il seçici siyahılarının hazırlandığı dövrdə dövlət büdcəsi hesabına pul təminatı alırlar. Məntəqə seçki komissiyasının tərkibinə seçilən, dövlət və ya yerli büdcələrdən maliyyələşdirilən orqanlarda, müəssisələrdə, təşkilatlarda və ya təsisatlarda qulluq edən şəxsin əsas iş yeri üzrə aldığı əmək haqqı saxlanılır.

38.2. Səsvermə gününə 30 gün qalmış müddətdə məntəqə seçki komissiyasının üzvü müvafiq rayon prokurorunun razılığı olmadan cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz və ya məhkəmə qaydasında müəyyənləşdirilən inzibati tənbeh tədbirlərinə məruz qala bilməz. Məntəqə seçki komissiyasının üzvü cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda, məntəqə seçki komissiyasının üzvünü tutan orqan dərhal müvafiq rayon prokuroruna və dairə seçki komissiyasına xəbər verir.

   Maddə 39. Məntəqə seçki komissiyasının işinin təşkili

39.1. Məntəqə seçki komissiyası öz işini Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş məntəqə seçki komissiyasının Reqlamenti əsasında qurur.

39.2. Məntəqə seçki komissiyasının katibliyi öz işini Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş Əsasnamə əsasında qurur.

39.3. Məntəqə seçki komissiyasının qərarları komissiyanın iclasında 6 və ya 5 üzv iştirak etdikdə — azı 4 üzvün, 4 üzv iştirak etdikdə — azı 3 üzvün onun lehinə səs verməsi nəticəsində qəbul edilir.

39.4. Məntəqə seçki komissiyasının qərarı ən geci 12 saat müddətində dərc edilməlidir.

Product Tour
Go to top