On dördüncü fəsil
SEÇKİLƏRİN (REFERENDUMUN) MALİYYƏLƏŞDİRİLMƏSİ
Maddə 89. Seçkilərin (referendumun) hazırlanmasının və keçirilməsinin maliyyə təminatı
89.1. Seçkilərin (referendumun) (bundan sonra — seçkilərin) hazırlanmasına və keçirilməsinə, seçki komissiyalarının səlahiyyət müddətində onların fəaliyyətinin təmin edilməsinə çəkilən xərclər dövlət hesabına ödənilir. Göstərilən xərclər Azərbaycan Respublikasının büdcə bölgüsünə uyğun olaraq dövlət büdcəsində nəzərdə tutulur.
89.2. Dövlət büdcəsindən seçkilərin hazırlanması və keçirilməsi üçün ayrılmış vəsait seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi gündən başlayaraq 10 gün müddətində müvafiq icra hakimiyyəti orqanı tərəfindən Mərkəzi Seçki Komissiyasının bank hesabına köçürülür.
89.3. Mərkəzi Seçki Komissiyası seçkilərin keçirilməsi üçün lazım olan vəsaiti səsvermə gününə azı 35 gün qalmış dairə seçki komissiyalarına köçürür, onlar da alınmış pul vəsaitini səsvermə gününə azı 10 gün qalmış məntəqə seçki komissiyaları arasında bölüşdürürlər. Əlavə seçkilər keçirilərkən, seçkilərin vaxtında və ya tam maliyyələşdirilməsi mümkün olmadıqda seçki komissiyaları vəsaiti daxil olduqca bölüşdürür və köçürürlər.
89.4. Seçki komissiyalarının sədrləri seçkilərin hazırlanmasına və keçirilməsinə ayrılmış vəsaitə dair sərəncam verir və maliyyə sənədlərinin seçki komissiyasının qərarlarına uyğunluğu, məsrəflər haqqında maliyyə hesabatlarının bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada və müddətdə təqdim edilməsi üçün məsuliyyət daşıyırlar.
89.5. Seçki komissiyaları tərəfindən xərclənməmiş dövlət vəsaiti seçkilər qurtardıqdan sonra bu Məcəllə ilə nəzərdə tutulmuş məqsədlər üçün istifadə edilməkdən ötrü seçkilər günündən ən geci 60 gün keçənədək Mərkəzi Seçki Komissiyasının hesabına köçürülür və onun hesabında qalır.
Maddə 90. Namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşəbbüs qruplarının seçki (referendum) fondları
90.1. Namizədlərin, qeydə alınmış namizədlərin, namizəd irəli sürmüş və ya namizədi qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının fəaliyyətinin maliyyələşdirilməsi üçün seçki (referendum) fondları (bundan sonra — seçki fondu) yaradılır.
90.2. Namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının seçki fondlarına könüllü ianə ayırmaq yaxud natura şəklində və ya xidmət göstərilməsi yolu ilə yardım etmək aşağıdakılara qadağan edilir:
90.2.1. xarici dövlətlərə və xarici hüquqi şəxslərə;
90.2.2. xarici vətəndaşlara;
90.2.3. vətəndaşlığı olmayan şəxslərə;
90.2.4. 18 yaşına çatmamış vətəndaşlara;
90.2.5. seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan vəziyyətə görə Azərbaycan Respublikasının hüquqi şəxsinin nizamnamə kapitalında bu Məcəllənin 90.2.1, 90.2.2 və 90.2.3-cü maddələrində göstərilən şəxslərin iştirak (mülkiyyət) payı 30 faizdən çox olarsa, Azərbaycan Respublikasının hüquqi şəxslərinə;
90.2.6. beynəlxalq təşkilatlara və beynəlxalq ictimai hərəkatlara;
90.2.7. dövlət hakimiyyəti orqanlarına və bələdiyyə qurumlarına;
90.2.8. dövlət, bələdiyyə təşkilatlarına və idarələrinə;
90.2.9. seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan vəziyyətə görə nizamnamə kapitalında dövlətin və ya bələdiyyənin iştirak payı 30 faizdən artıq olan hüquqi şəxslərə;
90.2.10. hərbi hissələrə;
90.2.11. xeyriyyə təşkilatlarına, dini birliklərə, idarələrə və təşkilatlara;
90.2.12. aşağıdakı məlumatlardan hər hansı birini göstərməyən anonim ianə köçürənlərə (vətəndaş üçün — soyadını, adını, atasının adını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədinin seriyasını, nömrəsini, verilmə tarixini, yaşayış yerinin ünvanını, doğum tarixini, hüquqi şəxs üçün — vergi ödəyicisinin eyniləşdirmə nömrəsini, adını, qeydiyyat tarixini, bank rekvizitlərini, nizamnamə kapitalında dövlət və ya bələdiyyə payının olmasını, olduğu halda miqdarını, nizamnamə kapitalında xarici kapitalın pay miqdarını göstərməyənlərə və ya qeyri-düzgün göstərənlərə).
90.3. Seçki fondunda olan vəsaitə dair sərəncam vermək hüququ həmin fondu yaradan namizədə, qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna məxsusdur. Seçki fondlarında olan vəsaitlər təyinatlı məqsəd daşıyır. Bu vəsaitdən yalnız aşağıdakı məqsədlər üçün istifadə edilə bilər:
90.3.1. namizədlərin irəli sürülməsinin müdafiəsi, referendum üzrə təşviqat qrupunda üzvlüyə razılıq verilməsi üçün imzaların toplanmasına yönəlmiş təşkilati-texniki tədbirlərin maliyyə təminatı, habelə seçici imzalarının toplanması üçün müvafiq şəxslərin haqqının ödənilməsi;
90.3.2. seçkiqabağı təşviqatla bağlı işlərin, habelə informasiya və məşvərət xidmətlərinin dəyərinin ödənilməsi;
90.3.3. seçki kampaniyasının keçirilməsi ilə əlaqədar hüquqi şəxslərin və vətəndaşların bilavasitə yerinə yetirdikləri digər işlərin dəyərinin ödənilməsi ilə bağlı xərclər.
90.4. Namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları səsvermə gününədək bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada seçki fondlarının hesablarına köçürülmüş pul vəsaitindən istifadə edirlər. Namizədlərə, qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına, referendum üzrə təşviqat qruplarına seçkiqabağı təşviqat fəaliyyəti və imzaların yığılması üçün seçki fondlarına daxil olan vəsaitdən başqa, digər pul vəsaitindən istifadə etmək qadağandır. Həmin qaydalar, bu Məcəllənin 55.3 və 69.8-ci maddələrində göstərilən hallar istisna olmaqla, siyasi partiyaların öz hesablarından seçkiqabağı təşviqat sayılmayan və öz seçki kampaniyalarının keçirilməsi ilə əlaqədar olmayan digər fəaliyyət üçün istifadə etdikləri vəsaitlərə aid edilmir.
90.5. Müvafiq seçki komissiyasında qeydə alınmamış namizəd, namizədləri qeydə alınmamış siyasi partiya, siyasi partiyaların bloku yekun maliyyə hesabatı təqdim edilənədək seçki fondunun xərclənməmiş pul vəsaitlərini (göndərilmə xərclərinin çıxılması şərti ilə) köçürülən ianələrin məbləğlərinin proporsional nisbətinə uyğun olaraq ianəçi vətəndaşlara və hüquqi şəxslərə qaytara bilər. Qeydə alınmamış namizəd, namizədi qeydə alınmamış siyasi partiya, siyasi partiyaların bloku bu hüquqdan istifadə etmədikdə, xərclənməmiş pul vəsaiti müvafiq olaraq dövlət və ya bələdiyyə büdcəsinə köçürülür.
90.6. Qeydə alınmış namizədə, namizədi qeydə alınmış siyasi partiyaya, siyasi partiyaların blokuna müvafiq seçki komissiyaları tərəfindən verilən pul vəsaiti qaytarılanadək və siyasi partiya, siyasi partiyaların blokları teleradio verilişləri təşkilatlarına və dövri nəşrlərin redaksiyalarına pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərini ödəyənədək onların seçki fonduna pul ianəsi köçürmüş vətəndaşlara və hüquqi şəxslərə seçki fondlarının xərclənməmiş pul vəsaitini qaytarmaq qadağandır. Belə halda siyasi partiya, siyasi partiyaların bloku ilk növbədə seçki komissiyasının vəsaitini qaytarır.
90.7. Teleradio verilişləri təşkilatlarına və dövri nəşrlərin redaksiyalarına pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərini ödədikdən sonra, qeydə alınmış namizəd, namizədi qeydə alınmış siyasi partiya, siyasi partiyaların bloku seçki fondlarının xərclənməmiş pul vəsaitini ianə köçürən vətəndaşlara və hüquqi şəxslərin hesablaşma hesabına bu Məcəllənin 90.5-ci maddəsində göstərilən qaydada köçürə bilərlər. Qeydə alınmış namizəd, namizədi qeydə alınmamış siyasi partiya, siyasi partiyaların bloku bu hüquqdan istifadə etmədikdə xərclənməmiş pul vəsaiti müvafiq olaraq dövlət və ya bələdiyyə büdcəsinə köçürülür.
Maddə 91. Xüsusi seçki (referendum) hesabları
91.1. Seçki fondunu formalaşdırmaq üçün xüsusi seçki (referendum) hesabı (bundan sonra — seçki hesabı) Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi müvafiq bankda açılır. Həmin hesab namizədin, referendum üzrə təşviqat qrupunun qeydiyyatı üçün zəruri olan seçici imzalarının yığılmasına azı 24 saat qalmış açılmalıdır. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu yalnız bir xüsusi hesab aça bilər.
91.2. Bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada rəsmiləşdirilmiş sənədlər təqdim edildikdə müvafiq bank namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna 3 gün müddətində xüsusi seçki hesabı açmalıdır. Bütün pul vəsaiti xüsusi seçki hesabına manatla köçürülür.
91.3. Qeydə alınmış namizədlərin, namizədi qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının bütün maliyyə əməliyyatları səsvermə günündən sonra 3 gün müddətində dayandırılır.
91.4. Bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada qeydiyyat üçün zəruri olan sənədlər müvafiq seçki komissiyasına təqdim edilmədikdə və ya qeydiyyatdan imtina edildikdə, namizəd olmaq istəyən şəxs verilmiş razılıq ərizəsini və ya öz namizədliyini geri götürdükdə, siyasi partiya, siyasi partiyaların bloku namizədi geri çağırdıqda, referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçüləri həmin qrupun tərkibindən çıxmaq haqqında müvafiq seçki komissiyasına müraciət etdikdə və bu halda referendum üzrə təşviqat qrupunun təşəbbüsçülərinin sayı bu Məcəllənin 63-cü maddəsi ilə müəyyən edilən saydan az olduqda yaxud qeydiyyatın ləğv edilməsi barədə qərar qəbul edildikdə, müvafiq seçki komissiyasının göstərişi ilə müvafiq bank namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun xüsusi seçki hesablarından xərclərin ödənilməsi ilə bağlı maliyyə əməliyyatlarını dayandırır.
Maddə 92. Maliyyə əməliyyatlarının aparılması müddətinin uzadılmasının əsasları
92.1. Namizədin, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun vəsatəti əsasında Mərkəzi Seçki Komissiyası maliyyə əməliyyatlarının aparılması müddətini aşağıdakı hallarda uzada bilər:
92.1.1. qeydiyyatdan imtina edilənədək namizədin, namizədi qeydə alınmış siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun gördükləri işlərin dəyərinin ödənilməsi üçün; namizədin namizəd kimi çıxış etməyə razılıq verməsi barədə ərizəsini geri götürməsi və ya siyasi partiya, siyasi partiyaların bloku tərəfindən geri çağırılması; referendum üzrə təşviqat qrupunun yaradılmasının təşəbbüsçüləri həmin qrupun tərkibindən çıxmaq haqqında müvafiq seçki komissiyasına müraciət etdikdə və bu halda referendum üzrə təşviqat qrupunun yaradılmasının təşəbbüsçülərinin sayı bu Məcəllənin 63-cü maddəsi ilə müəyyən edilən saydan az olduqda, bu Məcəllə ilə müəyyənləşdirilmiş müddətdə imza vərəqələri və digər sənədlər qeydiyyat üçün təqdim edilənədək görülən işlərin dəyərinin ödənilməsi üçün;
92.1.2. öz namizədliyini geri götürmüş qeydə alınmış namizədə, qeydə alınmış namizədini geri çağırmış siyasi partiyaya, siyasi partiyaların blokuna, qeydiyyatı ləğv edilmiş qeydə alınmış namizədə, qeydiyyatı ləğv edilmiş referendum üzrə təşviqat qrupuna referendum üzrə təşviqat qrupunun, namizədin qeydiyyatının ləğv edilməsi haqqında qərarın qəbul edilməsinədək görülmüş (keçirilmiş) işlərin dəyərinin ödənilməsi ilə əlaqədar;
92.1.3. digər hallarda — qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum üzrə təşviqat qrupuına səsvermə gününədək görülmüş işlərin dəyərinin ödənilməsi ilə əlaqədar.
Maddə 93. Seçki fonduna könüllü ianələr
93.1. Namizədin, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun seçki fonduna könüllü ianələr rabitə şöbələri və ya bank-kredit təşkilatları vasitəsi ilə ianəçinin soyadı, adı, atasının adı, doğum tarixi və yaşayış yerinin ünvanı göstərilməklə şəxsiyyət vəsiqəsi yaxud onu əvəz edən sənədin təqdim edilməsi əsasında yalnız Azərbaycan Respublikasının vətəndaşlarından qəbul edilir.
93.2. Hüquqi şəxslərin könüllü ianələri müvafiq hüquqi şəxsin nizamnamə kapitalında dövlət və ya bələdiyyə kapitalının, xarici kapitalın olub-olmaması və ya payı qeyd edilməklə, onun adı, qeydiyyat tarixi, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, bank rekvizitləri göstərilməklə, pul vəsaitinin namizədin, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun seçki fonduna nağdsız köçürülməsi yolu ilə qəbul edilir.
93.3. Vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri xüsusi seçki hesabına rabitə şöbələri və ya bank-kredit təşkilatları vasitəsi ilə müvafiq ödəniş sənədi alındıqdan sonra növbəti bank günündən gec olmayaraq köçürülür. Bu halda nağdsız ödənişin həyata keçirilməsinin ümumi müddəti 2 gündən artıq ola bilməz.
93.4. Namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu, anonim köçürülən ianələr istisna olmaqla, hər hansı ianəni onu verən şəxsə qaytarmaq hüququna malikdir.
93.5. Namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qrupunun seçki fondlarına ianələr buna hüququ olmayan vətəndaşlardan və ya hüquqi şəxslərdən daxil olubsa yaxud bu Məcəllədə nəzərdə tutulmuş məbləğdən artıq köçürülübsə, ianənin xüsusi hesaba daxil olduğu gündən sonrakı 10 gün müddətində namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu ianəni bütünlüklə və ya onun müəyyənləşdirilmiş yuxarı həddi aşan hissəsini, geri qaytarmasının səbəbini göstərməklə və göndərilmə xərclərini çıxmaqla, ianəçiyə qaytarmalıdır.
93.6. Namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu ianəçilərin ianəni köçürdüyü halda bu Məcəllənin 93.1 və 93.2-ci maddələrində nəzərdə tutulmuş göstəricilər düzgün göstərilmədiyi üçün ianənin qəbul edilməməsinə görə o halda məsuliyyət daşımır ki, bu ianələrə dair sənədlərin səhv tərtib edilməsi barədə vaxtında məlumat almasın.
93.7. Anonim ianələr xüsusi seçki hesabına daxil olduğu gündən sonra 10 gün müddətində namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu tərəfindən dövlət büdcəsinə köçürülür.
93.8. vətəndaşlar və hüquqi şəxslər namizədin, qeydə alınmış namizədin irəli sürülməsinə və seçilməsinə yalnız müvafiq seçki fondlarına ianə köçürmək yolu ilə yardım edə bilərlər.
93.9. Namizədin, qeydə alınmış namizədin və ya siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun üzvlərinin və ya maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin rəsmi razılığı yoxdursa, seçkilərlə (referendumla) əlaqədar pullu xidmətlərin göstərilməsi, malların satılması və onların dəyərinin müvafiq seçki fondundan ödənilməsi qadağandır. Hüquqi şəxslərin, onların filiallarının, nümayəndəliklərinin və digər qurumlarının seçkilərlə və ya referendumla əlaqədar pulsuz və ya əsassız aşağı salınmış qiymətlərlə xidmətlər göstərməsi qadağandır.
93.10. Vətəndaş pulsuz, könüllü, şəxsən yerinə yetirməklə, seçki kampaniyasının gedişində üçüncü şəxsləri cəlb etmədən namizədə, qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna xidmətlər göstərə bilər.
Maddə 94. Seçki fondlarının vəsaitlərinə dair hesabat
94.1. Xüsusi seçki hesablarının açılmasının və aparılmasının uçotu, hesabatı qaydası, habelə namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının seçki fondlarına vəsaitlərin daxil olması və xərclənməsi qaydası Mərkəzi Bankla razılaşdırılmaqla, Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə azı 55 gün qalmış müəyyənləşdirilir.
94.2. Namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu öz seçki vəsaitlərinin daxil olmasının və xərclənməsinin uçotunu aparmağa borcludur.
94.3. Namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupu müvafiq seçki komissiyasına öz maliyyə hesabatlarını aşağıdakı növbəliklə təqdim edir:
94.3.1. birinci ilkin maliyyə hesabatı bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada müvafiq seçki komissiyasına qeydiyyat üçün zəruri sənədlərlə eyni zamanda təqdim edilir; bu hesabata hesabatda göstərilmiş tarixə 2 gün qalmışdan əvvəlki dövr üçün məlumatlar daxil edilir;
94.3.2. ikinci ilkin maliyyə hesabatı səsvermə gününə ən tezi 20 gün qalmış və səsvermə gününə ən geci 10 gün qalmış təqdim edilir; bu hesabata orada göstərilmiş tarixə 7 gün qalmışdan əvvəlki dövr üçün məlumatlar daxil edilir;
94.3.3. yekun maliyyə hesabatı seçkilərin (referendumun) nəticələrinin rəsmi dərc edildiyi gündən ən geci 10 gün sonra təqdim edilir; yekun maliyyə hesabatına seçki fonduna vəsaitlərin daxil olmasını və xərclənməsini təsdiq edən ilkin maliyyə sənədləri qoşulur.
94.4. Namizəd, qeydə alınmış namizəd öz statusunu itirdikdə, maliyyə hesabatının verilməsi vəzifəsi namizəd, qeydə alınmış namizəd olmuş vətəndaşların üzərinə qoyulur. Siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu tərəfindən maliyyə hesabatının verilməsi vəzifəsi onların maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin üzərinə qoyulur, belə səlahiyyətli nümayəndə olmadıqda, siyasi partiyanın və yaxud siyasi partiyalar blokunun tərkibində seçki (referendum) kampaniyasında iştirak etmiş siyasi partiyanı, referendum üzrə təşviqat qrupunu təmsil etmək səlahiyyəti olan digər şəxs hesabat verə bilər.
Maddə 95. Seçki fondlarının vəsaitlərinin istifadəsində aşkarlıq
95.1. Qeydə alınmış namizədlərin, namizədi qeydə alınmış siyasi partiyaların və siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının maliyyə hesabatlarının surətləri müvafiq seçki komissiyası tərəfindən onların alındığı gündən sonra 5 gün müddətində dərc edilir.
95.2. Müvafiq bank həftədə bir dəfədən az olmamaq şərti ilə, səsvermə gününə 10 gündən az müddət qaldıqda isə 3 bank günündə bir dəfədən az olmamaq şərti ilə Mərkəzi Seçki Komissiyasına namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyalar, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının seçki fondlarına daxil olan və xərclənən vəsaitlər barədə Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada məlumatlar verir. Bu halda avtomatlaşdırılmış dövlət informasiya sistemindən istifadə edilə bilər və bu cür məlumatların yayılmasına yol verilmir. Müvafiq olaraq dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası səsvermə gününədək iki həftədə bir dəfədən az olmayaraq müntəzəm surətdə seçki fondlarına vəsaitlərin daxil olması və xərclənməsi barədə məlumatları dərc edilmək üçün kütləvi informasiya vasitələrinə təqdim edir. Müvafiq seçki komissiyası qeydə alınmış namizədləri, siyasi partiyaları, siyasi partiyaların bloklarını, referendum üzrə təşviqat qruplarını onların rəsmi sorğusu əsasında öz seçki fondlarına vəsaitlərin daxil olması və xərclənməsi barədə müvafiq bankın məlumatları ilə tanış edir.
95.3. Bu Məcəllənin 77.2-ci, 77.3-cü və 77.4-cü maddələrində göstərilən dövri nəşrlər müvafiq seçki komissiyaları tərəfindən onlara verilmiş seçki fondları vəsaitlərinin daxil olması və xərclənməsi haqqında məlumatları dərc etməyə borcludur.
95.4. Müvafiq icra hakimiyyəti orqanları müvafiq seçki komissiyalarından namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının seçki fondlarına könüllü ianə verən hüquqi şəxslərin siyahısının daxil olduğu gündən sonrakı 5 gün müddətində hüquqi şəxslərin təsisçiləri barədə, hüquqi şəxslərin nizamnamə kapitalında dövlət, bələdiyyə və xarici kapital payının olması barədə və yaxud belə payın olmaması barədə, habelə hüquqi şəxsin adı və qeydiyyat tarixi barədə məlumat təqdim edirlər. Məlumatlar Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada təqdim edilir. Bu halda dövlət avtomatlaşdırılmış informasiya sistemindən istifadə etmək olar və bu cür məlumatların yayılmasına yol verilmir.
95.5. Müvafiq seçki komissiyası namizədləri, qeydə alınmış namizədləri, siyasi partiyaları, siyasi partiyaların bloklarını, referendum üzrə təşviqat qruplarını onların sorğusu əsasında komissiyaya daxil olmuş məlumatlarla təxirə salmadan tanış edir.
95.6. Müvafiq seçki komissiyasına bu Məcəllənin 90-cı və 93-cü maddələrinin tələblərinin pozulması ilə ianə köçürüldüyü barədə məlumat daxil olduqda, dərhal müvafiq namizədə, qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna məlumat verilir.
Maddə 96. Seçki komissiyalarının fəaliyyətinin maliyyə təminatı
96.1. Seçkilərin hazırlanmasına və keçirilməsinə, seçki komissiyalarının işinin təmin edilməsinə ayrılan vəsaiti seçki komissiyaları bu Məcəllənin müəyyənləşdirdiyi məqsədlər üçün müstəqil istifadə edirlər.
96.2. Əvvəlki seçkilərdən qalıq vəsait də daxil olmaqla, dövlət büdcəsinin vəsaiti hesabına seçki komissiyalarının aşağıdakı fəaliyyət istiqamətləri maliyyələşdirilir:
96.2.1. bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada və həcmdə qeydə alınmış namizədlərin, vahid namizədlər siyahısı qeydə alınmış siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun seçki fondlarının formalaşdırılmasında iştirak;
96.2.2. bu Məcəllənin 70-ci maddəsi ilə müəyyənləşdirilmiş qaydada və həcmdə seçki dairəsi (dairələri) üzrə qeydə alınmış namizədlərin nəqliyyat xərcləri və kompensasiya qaydasında verilən ödənişlər;
96.2.3. seçki komissiyasının həlledici səs hüquqlu üzvünün və komissiya aparatı işçilərinin, mülki müqavilə üzrə komissiyada işləməyə cəlb edilmiş ştatdankənar işçilərin əmək haqlarının ödənilməsi;
96.2.4. möhürlərin hazırlanması və nəşriyyat fəaliyyətinin həyata keçirilməsi, texnoloji avadanlığın əldə edilməsi və qurulması;
96.2.5. nəqliyyat xərcləri, o cümlədən ucqar və yolu çətin yerlərdə nəqliyyat xərcləri;
96.2.6. seçki sənədlərinin çatdırılması və mühafizəsi;
96.2.7. seçki sisteminin inkişafı, seçicilərin və seçkilərin təşkilatçılarının hüquqi maarifləndirilməsi bu sahədə məqsədli proqramların həyata keçirilməsi;
96.2.8. seçkilərin keçirilməsi ilə bağlı ezamiyyət xərclərinin və digər xərclərin, habelə seçki komissiyalarının səlahiyyətləri və fəaliyyəti ilə bağlı digər xərclərin ödənilməsi.
96.3. Mərkəzi Seçki Komissiyasının üzvləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə əmək haqqı alırlar. Seçkilərin hazırlanması və keçirilməsi dövründə, habelə seçici siyahılarının hazırlanması dövründə bu Məcəllənin 33.1-ci və 38.1-ci maddələrinə uyğun olaraq seçki komissiyasının həlledici səs hüquqlu üzvünün işlədiyi yerdə orta aylıq əmək haqqı saxlanılır və Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi qaydada və həcmdə müvafiq seçki komissiyası tərəfindən ona əlavə vəsait ödənilir.
96.4. Mərkəzi Seçki Komissiyasının digər seçki komissiyalarına ayırdığı pul vəsaitinin köçürülməsi, hesabatı, qeydiyyatı, hesabların açılması və bağlanması qaydasını Mərkəzi Seçki Komissiyası Mərkəzi Bankla razılaşdırmaqla səsvermə gününə azı 50 gün qalmış müəyyənləşdirir. Seçki komissiyaları dövlət büdcəsindən ayrılmış vəsaitin xərclənməsinin maliyyə uçotunu aparırlar.
96.5. Seçkilərin hazırlanmasına və keçirilməsinə ayrılmış vəsaitin daxil olması və xərclənməsi haqqında seçki komissiyalarının maliyyə hesabatlarının nümunələri və namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondlarına vəsaitin daxil olması və xərclənməsi haqqında sənədlərin nümunələri Mərkəzi Seçki Komissiyası Mərkəzi Bankla razılaşdırmaqla səsvermə gününə azı 55 gün qalmış müəyyənləşdirirlər
96.6. Məntəqə seçki komissiyası dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə dairə seçki komissiyasına səsvermə günündən sonra 5 gün müddətində maliyyə hesabatı təqdim edir.
96.7. Dairə seçki komissiyası dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi haqqında Mərkəzi Seçki Komissiyasına səsvermə günündən sonra 10 gün müddətində maliyyə hesabatı təqdim edir.
96.8. Dairə seçki komissiyası seçkilərin nəticələrinin rəsmi dərci günündən başlayaraq 10 gün müddətində namizədlərin, qeydə alınmış namizədlərin seçki fondlarına vəsaitin daxil olması və xərclənməsi haqqında məlumatları Mərkəzi Seçki Komissiyasına təqdim edir.
96.9. Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının Prezidentinə, Milli Məclisə və kütləvi informasiya vasitələrinə büdcə vəsaitlərinin istifadəsi, namizədlərin, qeydə alınmış namizədlərin seçki fondlarının vəsaitinin xərclənməsi və siyasi partiyaların, siyasi partiyalar bloklarının vəsaitinin xərclənməsi barədə seçkilərin ümumi nəticələrinin rəsmi dərci günündən sonra üç ay müddətində məlumat təqdim edir. Göstərilən maliyyə hesabatı və məlumatlar Azərbaycan Respublikasının Prezidentinə, Milli Məclisə təqdim edildiyi gündən başlayaraq bir ay müddətində Mərkəzi Seçki Komissiyasının rəsmi mətbuat orqanında dərc edilməlidir.
Maddə 97. Seçki komissiyalarında nəzarət-təftiş xidməti
97.1. Seçki komissiyalarına ayrılmış pul vəsaitinin təyinatı üzrə istifadəsinə, seçki fondları vəsaitinin düzgün qeydə alınmasına və istifadəsinə, pul vəsaitinin daxil olma mənbələrinə nəzarəti təmin etmək məqsədi ilə Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyasında nəzarət-təftiş xidmətləri yaradılır.
97.2. Nəzarət-təftiş xidmətinə aşağıdakılar daxildir:
97.2.1. nəzarət-təftiş xidmətinin rəhbəri;
97.2.2. həmin xidmətə təyin edilmiş seçki komissiyasının üzvləri, dövlət orqanlarından, Mərkəzi Bankdan, digər təşkilat və idarələrdən cəlb edilmiş mütəxəssislər. Göstərilən orqanlar və təşkilatlar müvafiq seçki komissiyasının sorğusu ilə seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi gündən başlayaraq Mərkəzi Seçki Komissiyasının sərəncamına seçkilər müddətinə müvafiq mütəxəssislər göndərməlidirlər.
97.3. Nəzarət-təftiş xidmətinə cəlb edilən mütəxəssislər dövlət və ya bələdiyyə orqanlarının işçiləri olduqda, əsas işdən müvəqqəti azad edildikdə əsas iş yeri üzrə orta aylıq əmək haqqı saxlanılır və Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada və həcmdə müvafiq seçki komissiyası tərəfindən əlavə vəsait ödənilir.
97.4. Nəzarət-təftiş xidməti haqqında əsasnamə Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilər gününə azı 50 gün qalmış təsdiq edilir. Nəzarət-təftiş xidmətinin fəaliyyətinin təşkilati, hüquqi, maddi-texniki təminatı müvafiq seçki komissiyaları tərəfindən həyata keçirilir.
97.5. Nəzarət-təftiş xidməti namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının seçki fondlarına vəsaitin daxil olmasına, bu vəsaitin uçotuna və təyinatı üzrə xərclənməsinə, habelə aşağı seçki komissiyalarına ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsinə nəzarət etmək hüququna malikdir. Bu məqsədlər üçün müvafiq seçki komissiyasının tapşırığı ilə nəzarət-təftiş xidməti:
97.5.1. namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının, aşağı seçki komissiyalarının maliyyə hesabatlarını yoxlayır;
97.5.2. namizədlərdən, qeydə alınmış namizədlərdən, siyasi partiyalardan, siyasi partiyaların bloklarından, referendum üzrə təşviqat qruplarından, seçki komissiyalarından öz səlahiyyətinə aid bütün məsələlər üzrə məlumat alır;
97.5.3. icra hakimiyyəti orqanlarından, bələdiyyə qurumlarından, mülkiyyət formasından asılı olmayaraq təşkilatlardan, vətəndaşlardan nəzarət-təftiş xidmətinə aid məsələlər barəsində, seçkilərin maliyyə təminatı ilə əlaqədar zəruri məlumatları alır; nəzarət-təftiş xidmətinin müraciətlərinə 10 gün müddətində, səsvermə gününə 5 gün qalmış və səsvermə günü dərhal cavab verilir;
97.5.4. seçkilərin maliyyələşdirilməsində yol verilmiş maliyyə pozuntuları barədə müvafiq sənədlər tərtib edir;
97.5.5. seçkilərin maliyyələşdirilməsində buraxdıqları pozuntulara görə vətəndaşlara və hüquqi şəxslərə, namizədlərə, qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına, referendum üzrə təşviqat qruplarına qarşı müvafiq məsuliyyət tədbirlərinin tətbiq edilməsi haqqında müvafiq seçki komissiyaları qarşısında məsələ qaldırır;
97.5.6. yoxlamaların keçirilməsi və ekspert rəylərinin hazırlanması üçün ekspertləri cəlb edir.