V bölmə
MILLI MƏCLISƏ SEÇKILƏR
İyirmi ikinci fəsil
MİLLİ MƏCLİSİN DEPUTATLARININ SEÇKİLƏRİNƏ DAİR ÜMUMİ MÜDDƏALAR
Maddə 143. Milli Məclisə seçkilərin əsasları
Milli Məclisə birmandatlı seçki dairələri üzrə 125 deputat (bir dairədən - bir deputat) seçilir.
Maddə 144. Azərbaycan Respublikası vətəndaşlarının Milli Məclisə deputat seçilmək hüququ
Azərbaycan Respublikası Konstitusiyanın 85-ci maddəsində göstərilən Azərbaycan Respublikası vətəndaşları Milli Məclisə deputat seçilə bilərlər.
Maddə 145. Milli Məclisə seçkilərin təyin edilməsi
145.1. Azərbaycan Respublikası Konstitusiyanın 84-cü maddəsinin II hissəsinə və 109-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq yeni çağırışın deputat seçkiləri gününü Azərbaycan Respublikasının Prezidenti təyin edir.
145.2. Yeni seçilmiş Milli Məclisin səlahiyyət müddətinin hesablanması onun birinci iclasının keçirildiyi gündən başlanır.
145.3. Milli Məclisin seçilməsi günü onun seçkilər nəticəsində səlahiyyətli tərkibdə formalaşdırıldığı gün hesab edilir.
145.4. Seçkilərin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən başlayaraq ən geci 2 gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir.