I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

İyirmi yeddinci fəsil

MİLLİ MƏCLİSƏ SEÇKİLƏRİN YEKUNLARI

   Maddə 171. Milli Məclisə seçkilər zamanı seçkilərin yekunlarının yoxlanılması və təsdiqi

171.1. Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə uyğun olaraq seçkilərin yekunlarını Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir.

171.2. Mərkəzi Seçki Komissiyası səsvermə günündən ən geci 20 gün keçənədək dairə seçki komissiyalarının protokollarını (bu Məcəlləyə uyğun olaraq onlara əlavə edilən sənədlərlə birlikdə) yoxlayır, 24 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edir.

171.3. Konstitusiya Məhkəməsi göstərilən sənədləri aldıqdan sonra 10 gün müddətində müvafiq mütəxəssisləri cəlb etməklə həmin sənədlərin bu Məcəlləyə uyğunluğunu yoxlayır. Yoxlama prosesi tələb etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə bu müddəti artıra bilər.

171.4. Dairə seçki komissiyalarının protokolları bu Məcəllənin tələblərinə cavab verdikdə Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq edir. Konstitusiya Məhkəməsinin bu qərarı qətidir.

171.5. Seçkilərin yekunları bütövlükdə təsdiq edilmədikdə, Konstitusiya Məhkəməsi bu haqda qərar çıxarır və bu Məcəllənin 145-ci maddəsinə uyğun olaraq yeni seçkilər təyin edilir.

   Maddə 172. Milli Məclisə təkrar seçkilər

Bu Məcəllənin 170.2-ci maddəsində nəzərdə tutulan əsaslarla seçkilər müvafiq seçki dairəsi üzrə etibarsız sayılarsa və ya bu Məcəllənin 171.4-cü maddəsinə əsasən seçkilərin yekunları təsdiq edilməzsə, Mərkəzi Seçki Komissiyası bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada təkrar seçkilər keçirir.

   Maddə 173. Milli Məclisə seçilmiş deputatların qeydə alınması

173.1. Dairə seçki komissiyası seçkilərin yekunları haqqında protokolu imzaladıqdan sonra deputat seçilmiş namizədə dərhal bu barədə məlumat verir. Deputat seçilmiş namizədlər ən geci 60 gün müddətində deputat statusu ilə bir araya sığmayan və Konstitusiyanın 85-ci maddəsinin II hissəsində göstərilən vəzifədən azad olunduqları barədə əmrin surətini (bu vəzifələrdən azad olunmaq barədə 3 gün müddətində ərizə verəcəklərini təsdiq edən sənədin surətini) və ya fəaliyyətlərinə xitam verilməsi barədə öhdəliyi nəzərdə tutan ərizəni Mərkəzi Seçki Komissiyasına təqdim edirlər.

173.2. Birmandatlı seçki dairəsi üzrə seçilmiş namizəd bu Məcəllənin 173.1-ci maddəsində nəzərdə tutulmuş tələbləri yerinə yetirmədikdə Mərkəzi Seçki Komissiyası həmin seçki dairəsi üzrə seçkilərin yekunlarının ləğv edilməsi barədə müvafiq məhkəməyə müraciət edir və təkrar seçkilər keçirir. Bu Məcəllənin 173.1-ci maddəsində nəzərdə tutulmuş tələblər bu Məcəllənin 73.3-cü maddəsində nəzərdə tutulmuş məcburi hallar olmadan namizəd tərəfindən yerinə yetirilmədikdə və bunun nəticəsində təkrar seçkilər təyin edildikdə, həmin namizəd təkrar seçkilər keçirilməsi ilə əlaqədar müvafiq seçki komissiyalarının istifadə etdiyi dövlət büdcəsinin vəsaitini tam məbləğdə ödəməlidir.

173.3. Seçkilərin ümumi yekunları rəsmi dərc edildikdən sonra namizəd deputat statusu ilə bir araya sığmayan vəzifədən azad olunduqda və ya fəaliyyətinə xitam verdikdə Mərkəzi Seçki Komissiyası onu deputat kimi qeydə alır və ona deputat vəsiqəsi verir.

   Maddə 174. Milli Məclisə seçkilər zamanı səsvermənin nəticələrinin və seçkilərin yekunlarının dərc edilməsi

Milli Məclisə seçkilər zamanı səsvermənin nəticələrinin və seçkilərin yekunlarının dərc edilməsi qaydaları bu Məcəllənin 109-cu maddəsi ilə müəyyən edilir.

Product Tour
Go to top