vİyirmi səkkizinci fəsil
MİLLİ MƏCLİSİN DEPUTATINI MANDATDAN MƏHRUMETMƏ VƏ MİLLİ MƏCLİSƏ ƏLAVƏ SEÇKİLƏRİN KEÇİRİLMƏSİ
Maddə 175. Milli Məclisin deputatının mandatdan məhrum edilməsi haqqında qərarın qəbul edilməsi
175.1. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 1-ci bəndində göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.
175.2. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 3-cü bəndində göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar müvafiq məhkəmə tərəfindən qəbul edilir.
175.3. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 2, 4 və 5-ci bəndlərində göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilir. Mərkəzi Seçki Komissiyasının qərarından müvafiq məhkəməyə şikayət verilə bilər.
Maddə 176. Milli Məclisə seçkilər zamanı seçki dairəsi üzrə əlavə seçkilərin keçirilməsi
176.1. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 2-ci və 5-ci bəndləri ilə müəyyənləşdirilmiş əsaslar olduqda, bu Məcəllənin 175.3-cü maddəsi ilə müəyyənləşdirilmiş qaydada birmandatlı seçki dairəsi üzrə seçilmiş deputatın deputat mandatından məhrum edilməsi barədə Mərkəzi Seçki Komissiyasının qərarı müvafiq müraciət daxil olduqdan sonra 2 gündən gec olmayaraq qəbul edilir.
176.2. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 4-cü bəndində göstərilən hallarla əlaqədar Mərkəzi Seçki Komissiyasına ərizə daxil olduqda, Mərkəzi Seçki Komissiyası ərizədə göstərilən faktları 2 aydan gec olmayan müddətdə araşdırır, qərar qəbul edir və bununla əlaqədar mütəxəssislərdən ibarət qrup yarada bilər.
176.3. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 2-ci, 4-cü və 5-ci bəndlərində göstərilən hallarda qərarın Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilməsi günündən birmandatlı seçki dairəsi üzrə seçilmiş deputat mandatından məhrum edilmiş sayılır; həmin maddənin I hissəsinin 1-ci və 3-cü bəndlərində göstərilən hallarda müvafiq məhkəmənin qərarı (hökmü) olduqda müvafiq qərarın (hökmün) qanuni qüvvəyə minməsi günündən deputat mandatından məhrum edilmiş sayılır.
176.4. Deputat mandatının boş qalmasından sonra bir ay müddətində bu Məcəllənin 145-ci maddəsi ilə müəyyənləşdirilmiş qaydada müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər təyin edilir.
176.5. Boş qalmış deputat mandatı ilə əlaqədar əlavə seçkilər keçirildikdə deputat namizəd kimi çıxış edə bilməz.
176.6. Əlavə seçkilər keçirilərkən birmandatlı seçki dairəsi üzrə namizədlərin irəli sürülməsi, onların qeydə alınması, digər seçki hərəkətləri bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada həyata keçirilir.