Otuzuncu fəsil
PREZİDENTLİYƏ NAMİZƏDLƏR. PREZİDENT SEÇKİLƏRİNİN
KEÇİRİLMƏSİNƏ HAZIRLIQ
Maddə 180. Prezidentliyə namizədin irəli sürülməsi
180.1. Prezidentliyə namizədləri siyasi partiyalar, siyasi partiyaların blokları, seçki hüququ olan vətəndaşlar bu Məcəllənin 53-cü və 54-cü maddələrinə uyğun olaraq irəli sürə bilərlər.
180.2. Seçki hüququ olan hər bir vətəndaş və yaxud vətəndaşlar prezidentliyə namizəd irəli sürmək üçün azı 100 nəfərdən ibarət olan təşəbbüs qrupu yarada bilərlər.
180.3. Seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra Prezidentliyə namizədlər irəli sürülür.
180.4. Prezidentliyə namizəd irəli sürmüş təşəbbüs qrupu siyasi partiya, siyasi partiyaların bloku namizədin prezidentliyə namizəd kimi çıxış etməyə razılıq ərizəsini Mərkəzi Seçki Komissiyasına təqdim etdikdə, ərizədə namizədin Konstitusiyanın 100-cü maddəsində göstərilən tələblərə cavab verməsi nəzərdə tutulmalıdır.
Maddə 181. Prezidentliyə namizədi müdafiə üçün imza toplanması
181.1. Siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qrupları prezidentliyə irəli sürdükləri namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar. 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza toplanmalıdır.
181.2. Bir seçici yalnız bir namizədin müdafiəsi üçün imza ata bilər.
181.3. Seçicilərin imzaları bu Məcəllənin 56 və 57-ci maddələrində göstərilən qaydada toplanır.
Maddə 182. Prezidentliyə namizədin qeydə alınması
182.1. Prezidentliyə namizədlər bu Məcəllənin 60-cı maddəsində göstərilən qaydada Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınırlar.
182.2. Qeydə alınmış namizədlərin fəaliyyəti bu Məcəllənin 69-71-ci maddələri ilə tənzimlənir.
182.3. Qeydə alınmış namizədlərin siyahısı səsvermə gününə azı 20 gün qalmış Mərkəzi Seçki Komissiyası tərəfindən bu Məcəllənin 77.2-ci maddəsində göstərilən dövri nəşrlərdə dərc edilir.
182.4. Qeydə alınmış hər bir prezidentliyə namizəd seçki komissiyalarının hər birinə məşvərətçi səs hüquqlu üzv təyin edə bilər.
Maddə 183. Prezident seçkilərinin təxirə salınması
183.1. Bu Məcəllənin 58.1-ci maddəsində göstərilən müddətdə prezidentliyə heç bir namizəd qeydə alınmayıbsa və ya yalnız bir namizəd qeydə alınıbsa, əlavə namizədlərin irəli sürülməsi və növbəti seçki hərəkətlərinin həyata keçirilməsi məqsədi ilə seçkilər bu Məcəllənin 178-ci maddəsində nəzərdə tutulan qaydada 2 ay müddətinə təxirə salınır və bu halda vəzifədə olan Prezident öz səlahiyyətlərinin icrasını davam etdirir.
183.2. Səsvermə gününədək qeydə alınmış prezidentliyə namizəd qalmazsa, yaxud qeydə alınmış bir namizəd qalarsa, seçkilər bu Məcəllənin 178-ci maddəsində göstərilən qaydada namizədlərin irəli sürülməsi və sonrakı seçki hərəkətlərinin edilməsi üçün ən geci 3 ay müddətinə təxirə salınır və bu halda vəzifədə olan Prezident öz səlahiyyətlərinin icrasını davam etdirir.
Maddə 184. Prezidentliyə namizədin nəqliyyat xərclərinin ödənilməsi
184.1. Bu Məcəllənin 70.2-ci maddəsinə uyğun olaraq prezidentliyə namizəd qeydə alındığı gündən seçkinin nəticələrinin rəsmi dərci gününədək Azərbaycan Respublikası ərazisində gediş-gəliş üçün ictimai nəqliyyatın bütün növlərindən (taksi və sifarişli reyslər istisna olmaqla) dövlət vəsaiti hesabına istifadə etmək hüququna malikdir.
184.2. Ölkə ərazisində göstərilən nəqliyyatdakı gediş-gəliş xərcləri Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərin hazırlanması və keçirilməsi üçün ayrılmış vəsait hesabına və təqdim edilmiş gediş-gəliş sənədləri əsasında ödənilir. Bu zaman namizədə dəmir yolu ilə 8 dəfə və təyyarə ilə 4 dəfə gediş-gəliş xərcləri ödənilir.
Maddə 185. Prezidentliyə namizədin toxunulmazlığı və təhlükəsizliyi
185.1. Qeydə alınmış prezidentliyə namizədin təhlükəsizliyi Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada təmin edilir.
185.2. Qeydə alınmış prezidentliyə namizəd bu Məcəllənin 70.4-cü maddəsində göstərilən qaydada yalnız Azәrbaycan Respublikası Baş prokurorunun razılığı ilə məsuliyyətə cəlb edilə bilər.
Maddə 186. Prezidentliyə namizədin vəkil edilmiş şəxslərinin sayı
186.1. Prezidentliyə namizədin 50-yə qədər vəkil edilmiş şəxsi ola bilər. Göstərilən şəxslər Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınır.
186.2. Vəkil edilmiş şəxslərin statusu bu Məcəllənin 72-ci maddəsi ilə müəyyən edilir.
Maddə 187. Prezidentliyə namizədin namizədlik statusundan imtina etməsi
Prezidentliyə namizədlərin namizədlik statusundan imtina etməsi bu Məcəllənin 73-cü maddəsi ilə tənzimlənir.
Maddə 188. Siyasi partiyanın, siyasi partiyalar blokunun Prezident seçkilərində iştirak etməkdən imtina etməsi
188.1. Siyasi partiyanın, siyasi partiyalar blokunun Prezident seçkilərində iştirak etməkdən imtina etməsi prezidentliyə namizədlərin namizədlik statusundan imtina etməsi və ya prezidentliyə namizədlərin qeydiyyatının ləğv edilməsi üçün əsas ola bilməz.
188.2. Siyasi partiyalar blokunun tərkibinə daxil olan siyasi partiya səsvermə gününə azı 10 gün qalmış istənilən vaxt Mərkəzi Seçki Komissiyasına ərizə verməklə müvafiq siyasi partiyanın səlahiyyətli orqanının qərarı ilə bu siyasi partiyalar blokunun tərkibində seçkilərdə iştirak etməkdən imtina edə bilər.
188.3. Siyasi partiyalar blokunun tərkibində seçkilərdə iştirak etməkdən imtina edən siyasi partiya bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada müstəqil siyasi partiya kimi çıxış edə və ya digər siyasi partiyalar blokunun tərkibinə daxil ola bilər.
188.4. Siyasi partiyalar blokunun irəli sürdüyü prezidentliyə namizədi Mərkəzi Seçki Komissiyası qeydə aldıqdan sonra, bu bloka daxil olmuş bütün siyasi partiyalar (birindən başqa) seçkilərdə iştirak etməkdən imtina edərlərsə, qalan siyasi partiya seçkilərdə siyasi partiyalar blokunun adı və rəmzləri saxlanılmaqla siyasi partiyaların bloku kimi iştirak edə bilər. Bu, prezidentliyə namizədlərin qeydə alınmasından imtina edilməsi və ya qeydiyyatının ləğv edilməsi üçün əsas ola bilməz.
188.5. Siyasi partiyalar blokunun seçkilərdə iştirak etməkdən imtina etməsi ona daxil olmuş siyasi partiyaları seçkilərdə iştirak etmək hüququndan məhrum etmir; belə halda bu Məcəlləyə uyğun olaraq prezidentliyə namizədin təkrar irəli sürülməsi və digər zəruri seçki hərəkətlərinin həyata keçirilməsi tələb edilir.