Otuz ikinci fəsil
PREZİDENT SEÇKİLƏRİNİN KEÇİRİLMƏSİ
Maddə 198. Prezident seçkiləri zamanı səsvermə otağı
198.1. Prezident seçkiləri zamanı səsvermə otağı bu Məcəllənin 98-ci maddəsinin tələblərinə uyğun təşkil edilir.
198.2. Məntəqə seçki komissiyası səsvermə otağında və ya bilavasitə otağın qarşısında seçki bülletenlərinin nümunələrini, qeydə alınmış prezidentliyə namizədlərin soyadı, adı, atasının adı, doğum tarixi, təhsili, əsas iş (və ya xidmət) yeri, tutduğu vəzifəsi (bu olmadıqda — fəaliyyət növü), yaşayış yeri, namizədliyini kimin irəli sürməsi haqqında məlumatları məlumat lövhəsində yerləşdirir.
198.3. Prezidentliyə namizədlər haqqında məlumatlar lövhədə seçki bülletenlərində nəzərdə tutulmuş qaydada və ardıcıllıqla yerləşdirilir.
Maddə 199. Prezident seçkiləri üzrə seçki bülletenləri
199.1. Prezident seçkiləri zamanı seçki bülletenləri bu Məcəllənin 99-cu maddəsində göstərilən qaydada hazırlanır.
199.2. Prezident seçkiləri üzrə seçki bülletenində prezidentliyə namizədlərin əlifba sırası ilə soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yeri, əsas iş və ya xidmət yeri (bu olmadıqda — fəaliyyət növü), habelə qeydə alınmış prezidentliyə namizədi kimin irəli sürdüyü göstərilməlidir.
199.3. Seçki bülletenində bu Məcəllənin 54-cü maddəsinə uyğun olaraq qeydə alınmış prezidentliyə namizədin mənsub olduğu siyasi partiyanın qısa adı göstərilməlidir.
199.4. Seçki bülletenində bu Məcəllənin 53-cü maddəsinə uyğun olaraq qeydiyyatdan keçmiş prezidentliyə namizədin partiya mənsubiyyəti onun arzusu ilə göstərilə bilər.
199.5. Prezidentliyə namizədlərin soyadından sağda boş kvadrat yerləşir.
Maddə 200. Prezident seçkiləri zamanı səsvermə qaydası
200.1. Prezident seçkiləri zamanı səsvermə bu Məcəllənin 104-cü və 105-ci maddələrinə uyğun keçirilir.
200.2. Seçici seçki bülletenində səs verəcəyi prezidentliyə namizədin soyadından sağdakı kvadratda işarə qoyur.
200.3. Birdən çox boş kvadratda işarə qoyulduqda və ya heç bir işarə qoyulmadıqda səs etibarsız sayılır.
Maddə 201. Prezident seçkiləri zamanı seçki məntəqəsində səslərin hesablanması
201.1. Prezident seçkiləri zamanı seçki məntəqəsində səslərin hesablanması bu Məcəllənin 106-cı maddəsinə uyğun aparılır və protokol tərtib edilir.
201.2. Hər bir protokola bu Məcəllənin 100.2-ci maddəsində göstərilənlərlə yanaşı, səsvermənin yekunlarına dair aşağıdakı məlumatlar daxil edilir:
201.2.1. seçki bülleteninə daxil edilmiş prezidentliyə namizədlərin soyadı, adı, atasının adı, bunlar eyni olduqda namizədlər haqqında digər məlumat;
201.2.2. hər bir prezidentliyə namizədin lehinə verilmiş səslərin sayı.
Maddə 202. Prezident seçkiləri zamanı seçki dairəsi üzrə səslərin hesablanması
202.1. Dairə seçki komissiyasında səslərin hesablanması bu Məcəllənin 107-ci maddəsinə uyğun aparılır.
202.2. Dairə seçki komissiyasının protokolunda bu Məcəllənin 100.2-ci və 201-ci maddələrində göstərilənlərə əlavə olaraq səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı göstərilir.