I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

VII bölmə

BƏLƏDİYYƏ SEÇKİLƏRİ

Otuz dördüncü fəsil

BƏLƏDİYYƏ SEÇKİLƏRİNƏ AİD ÜMUMİ MÜDDƏALAR

   Maddə 210. Bələdiyyə seçkilərinin əsasları

210.1. Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilirlər.

210.2. Seçki əraziləri üzrə aşağıdakı sayda bələdiyyə üzvləri seçilir:

210.2.1. əhalisi 500-dən az olan ərazilərdə — 5 bələdiyyə üzvü;

210.2.2. əhalisi 500-dən 999-dək olan ərazilərdə — 7 bələdiyyə üzvü;

210.2.3. əhalisi 1000-dən 4.999-dək olan ərazilərdə — 9 bələdiyyə üzvü ;

210.2.4. əhalisi 5000-dən 9.999-dək olan ərazilərdə — 11 bələdiyyə üzvü;

210.2.5. əhalisi 10000-dən 19.999-dək olan ərazilərdə — 13 bələdiyyə üzvü;

210.2.6. əhalisi 20000-dən 49.999-dək olan ərazilərdə — 15 bələdiyyə üzvü;

210.2.7. əhalisi 50000-dən 99.999-dək olan ərazilərdə — 17 bələdiyyə üzvü;

210.2.8. əhalisi 100000-dən 299.999-dək olan ərazilərdə — 19 bələdiyyə üzvü.

   Maddə 211. Bələdiyyələrin səlahiyyət müddəti

211.1. Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir.

211.2. Bələdiyyələrin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır.

211.3. Bələdiyyə üzvlərinin səlahiyyətləri yalnız bələdiyyənin səlahiyyət müddətində qüvvədədir.

211.4. Ölkə üzrə bələdiyyə seçkilərinin keçirilməsinə 6 aydan az müddət qalarsa, bu Məcəllənin 243.0.2-ci maddəsində nəzərdə tutulmuş hallarda, habelə yeni yaradılmış, birləşmiş, ayrılmış, yaxud vaxtından əvvəl buraxılmış bələdiyyələrə seçkilər ölkə üzrə bələdiyyələrə seçkilər zamanı keçirilir. 

211.5. Ölkə üzrə bələdiyyə seçkilərinin keçirilməsinə 6 aydan çox qalmış müddətdə bu Məcəllənin 243.0.2-ci maddəsində nəzərdə tutulmuş hallarda, habelə yeni yaradılmış, birləşmiş, ayrılmış, yaxud vaxtından əvvəl buraxılmış bələdiyyələrə keçirilən seçkilər nəticəsində formalaşan bələdiyyələrin səlahiyyət müddəti ölkə üzrə yeni bələdiyyə seçkiləri nəticəsində formalaşan bələdiyyələrin birinci iclas günü başa çatır. 

   Maddə 212Bələdiyyələrə üzv seçilmək hüququ

Seçkilər günü 21 yaşı tamam olan (seçki günü də daxil olmaqla) və yaşı 21-dən yuxarı olan və müvafiq seçki dairəsində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər.

   Maddə 213Bələdiyyə seçkilərinin təyin edilməsi

213.1. Bələdiyyə seçkilərini bu Məcəllənin 211.1-ci və 211.2-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası təyin edir.

213.2. Bələdiyyə seçkilərinin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən ən geci 2 gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir.

Product Tour
Go to top