Otuz beşinci fəsil
BƏLƏDİYYƏ ÜZVLÜYÜNƏ NAMİZƏDLƏRİN İRƏLİ SÜRÜLMƏSİ QAYDASI
Maddə 214. Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi
214.1. Seçki dairəsi üzrə bələdiyyə üzvlüyünə namizədləri siyasi partiyalar, siyasi partiyaların blokları, həmin seçki dairəsində daimi yaşayan seçki hüququ olan Azərbaycan Respublikasının vətəndaşları bu Məcəllənin 53 və 54-cü maddələrinə uyğun olaraq irəli sürə bilərlər.
214.2. Bələdiyyələrə təkrar seçkilərdə bələdiyyə üzvlüyünə namizədlər bu seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra irəli sürülür.
214.3. Bələdiyyələrə əlavə seçkilərdə bələdiyyə üzvlüyünə namizədlər bu Məcəllənin 213.2-ci maddəsində göstərilən müddətdən sonra irəli sürülür.
214.4. İrəli sürülən namizəd yalnız bir bələdiyyəyə namizəd irəli sürülməsinə razılıq verə bilər.
214.5. Bələdiyyə üzvlüyünə namizəd yalnız bir bələdiyyə üzvlüyünə namizəd kimi irəli sürülə və qeydiyyata alına bilər.
214.6. Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsinədək dairə seçki komissiyasının yaradılması başa çatmayıbsa, namizədin irəli sürülməsi haqqında bildiriş, müvafiq namizədlərin razılıq ərizələri və digər sənədlər Mərkəzi Seçki Komissiyasına göndərilir. Mərkəzi Seçki Komissiyası göstərilən sənədləri dairə seçki komissiyasının təşkilindən və sədrinin seçilməsindən sonra ona təqdim edir.
Maddə 215. Bələdiyyə üzvlüyünə namizədin müdafiəsi üçün seçici imzalarının toplanması qaydası
215.1. Müvafiq seçki ərazisi üzrə bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmaq üçün namizədliyi irəli sürülmüş hər bir vətəndaş:
215.1.1. əhalisi 99.999-dan çox olan ərazidə — 150;
215.1.2. əhalisi 49.999-dan çox olan ərazidə — 100;
215.1.3. əhalisi 19.999-dan çox olan ərazidə — 75;
215.1.4. əhalisi 9.999-dan çox olan ərazidə — 50;
215.1.5. əhalisi 4.999-dan çox olan ərazidə — 30;
215.1.6. əhalisi 4.999-dan az olan ərazidə — 15 seçici imzası toplamalıdır.
215.2. Seçicilərin bələdiyyə üzvlüyünə bir neçə namizədin müdafiəsi üçün imza etmək hüququ vardır.
215.3. Seçicilərin imzaları bu Məcəllənin 56-cı və 57-ci maddələrində göstərilən qaydada toplanır.