I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

Otuz altıncı fəsil

BƏLƏDİYYƏ ÜZVLÜYÜNƏ QEYDƏ ALINMIŞ NAMİZƏDLƏR

   Maddə 216. Bələdiyyə üzvlüyünə namizədin qeydə alınması

216.1. Bələdiyyə üzvlüyünə namizədlər bu Məcəllənin 60-cı maddəsində göstərilən qaydada qeydə alınırlar.

216.2. Bir şəxsin birdən çox bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmasına yol verilmir.

216.3. Bu Məcəllənin 214.5-ci maddəsində göstərilən qaydalar pozulduqda bələdiyyə üzvlüyünə namizədin əvvəlki qeydiyyatı etibarlı sayılır, qeydiyyat haqqında nisbətən gec qəbul edilmiş qərar isə müvafiq dairə seçki komissiyasının qərarı ilə ləğv edilir.

216.4. Qeydə alınmış bələdiyyə üzvlüyünə namizədlərin fəaliyyəti bu Məcəllənin 69- 71-ci maddələri ilə tənzimlənir.

216.5. Bələdiyyələr üzrə qeydə alınmış namizədlərin siyahısı səsvermə gününə azı 20 gün qalmış müvafiq dairə seçki komissiyaları tərəfindən bu Məcəllənin 77.3-cü və 77.4-cü maddələrində göstərilən dövri nəşrlərdə dərc edilir.[169]

   Maddə 217. Bələdiyyə seçkilərinin təxirə salınması

217.1. Bu Məcəllənin 58.1-ci maddəsində göstərilən müddətdə bələdiyyə üzrə heç bir namizəd qeydə alınmayıbsa və ya bu Məcəllənin 210-cu maddəsində göstərilən bələdiyyə üzvlərinin sayından az sayda namizəd qeydə alınıbsa, əlavə namizədlərin irəli sürülməsi və növbəti seçki hərəkətlərinin həyata keçirilməsi məqsədi ilə müvafiq bələdiyyə üzrə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən 2 ay müddətinə təxirə salınır.

217.2. Səsvermə gününədək bələdiyyə üzrə qeydə alınmış namizəd qalmazsa, yaxud bələdiyyə üzvlüyünə bir yerə qeydə alınmış bir namizəd qalarsa, seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən namizədlərin irəli sürülməsi və sonrakı hərəkətləri edilməsi üçün bələdiyyə üzrə seçkilər 2 ay müddətinə təxirə salınır.

  Maddə 218. Bələdiyyə üzvlüyünə qeydə alınmış namizədin nəqliyyat xərclərinin ödənilməsi

218.1. Bu Məcəllənin 70.2-ci maddəsinə uyğun olaraq bələdiyyə üzvlüyünə namizəd qeydə alındığı gündən seçkilərin yekunları rəsmi dərc edildiyi günədək müvafiq seçki ərazisində gəliş-gediş üçün ictimai nəqliyyatın bütün növlərindən (taksi və sifarişli reyslər istisna olmaqla) pulsuz istifadə etmək hüququna malikdir.

218.2. Bu cür ödəmələr dairə seçki komissiyasına ayrılan vəsait hesabına və təqdim edilmiş gediş-gəliş sənədləri əsasında həyata keçirilir.

   Maddə 219. Bələdiyyə üzvlüyünə qeydə alınmış namizədin toxunulmazlığı

Bələdiyyə üzvlüyünə qeydə alınmış namizəd bu Məcəllənin 70.4-cü maddəsində nəzərdə tutulan qaydada yalnız müvafiq rayon prokurorunun razılığı ilə məsuliyyətə cəlb edilə bilər.

   Maddə 220. Bələdiyyə üzvlüyünə qeydə alınmış namizədlərin vəkil edilmiş şəxslərinin sayı

220.1. Bələdiyyə üzvlüyünə qeydə alınmış namizədin 3-ə qədər vəkil edilmiş şəxs təyin etmək hüququ vardır. Göstərilən şəxslər dairə seçki komissiyası tərəfindən qeydə alınır.

220.2. Vəkil edilmiş şəxslərin statusu bu Məcəllənin 72-ci maddəsi ilə müəyyən edilir.

  Maddə 221. Bələdiyyə üzvlüyünə namizədlərin namizədlik statusundan imtina etməsi

221.1. Bələdiyyə üzvlüyünə namizədlərin namizədlik statusundan imtina etməsi bu Məcəllənin 73-cü maddəsi ilə tənzimlənir.

221.2. Bu Məcəllənin 73.1-73.3-cü maddələrində göstərilən hərəkətləri etmiş şəxsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada və müddətdə istənilən digər bələdiyyə üzrə öz namizədliyini təkrar irəli sürmək hüququ vardır.

   Maddə 222. Siyasi partiyanın, siyasi partiyalar blokunun bələdiyyə seçkilərində iştirak etməkdən imtina etməsi

222.1. Siyasi partiya öz nizamnaməsinə uyğun olaraq, siyasi partiyaların bloku isə ona daxil olan siyasi partiyaların səlahiyyətli nümayəndələrinin qərarı ilə səsvermə gününə azı 10 gün qalanadək istənilən vaxt müvafiq dairə seçki komissiyasına yazılı ərizə verərək, seçki dairəsi üzrə irəli sürülmüş bələdiyyə üzvlüyünə namizədi, qeydə alınmış bələdiyyə üzvlüyünə namizədi geri çağırmaq hüququna malikdir.

222.2. Bələdiyyə üzvlüyünə namizədlər irəli sürmüş siyasi partiya, siyasi partiyaların bloku səsvermə gününə azı 10 gün qalmış müvafiq dairə seçki komissiyasına yazılı ərizə verməklə, namizədləri irəli sürmüş orqanın qərarı ilə seçkilərdə iştirak etməkdən imtina edə bilər. Bu halda siyasi partiya, siyasi partiyaların bloku bələdiyyə üzvlüyünə namizədləri geri çağıra bilər.

222.3. Siyasi partiyalar blokunun tərkibinə daxil olan siyasi partiya səsvermə gününə azı 3 gün qalmış istənilən vaxt dairə seçki komissiyasına ərizə verməklə müvafiq siyasi partiyanın səlahiyyətli orqanının qərarı ilə bu siyasi partiyalar blokunun tərkibində seçkilərdə iştirak etməkdən imtina edə bilər.

222.4. Siyasi partiyalar blokunun tərkibində seçkilərdə iştirak etməkdən imtina edən siyasi partiya bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada müstəqil siyasi partiya kimi çıxış edə və ya digər siyasi partiyalar blokunun tərkibinə daxil ola bilər.

222.5. Siyasi partiyalar blokunun irəli sürdüyü bələdiyyə üzvlüyünə namizədləri dairə seçki komissiyası qeydə aldıqdan sonra, bu bloka daxil olmuş bütün siyasi partiyalar (birindən başqa) seçkilərdə iştirak etməkdən imtina edərlərsə, qalan siyasi partiya seçkilərdə siyasi partiyalar blokunun adı və rəmzləri saxlanılmaqla, siyasi partiyaların bloku kimi iştirak edə bilər. Bu, bələdiyyə üzvlüyünə namizədlərin qeydə alınmasından imtina edilməsi və ya qeydiyyatın ləğv edilməsi üçün əsas ola bilməz.

222.6. Siyasi partiyalar blokunun seçkilərdə iştirak etməkdən imtina etməsi ona daxil olmuş siyasi partiyaları seçkilərdə iştirak etmək hüququndan məhrum etmir; belə halda bu Məcəlləyə uyğun olaraq bələdiyyə üzvlüyünə namizədin təkrar irəli sürülməsi və digər zəruri seçki hərəkətlərinin həyata keçirilməsi tələb edilir.

   Maddə 223. Bələdiyyə seçkiləri zamanı seçki komissiyasına nümayəndənin təyin edilməsi

Bələdiyyə seçkiləri zamanı Mərkəzi Seçki Komissiyasının tərkibinə bələdiyyələrin yarısından çoxunda namizədlər irəli sürən, dairə seçki komissiyasının tərkibinə isə dairənin ərazisindən bələdiyyələrin yarısından çoxunda namizədlər irəli sürən siyasi partiyalar, siyasi partiyaların blokları bir məşvərətçi səs hüquqlu üzv təyin edə bilərlər.

Product Tour
Go to top