I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

                                                        Terrorçuluğa qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu

Terrorçuluğa qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu Qəbul edilmişdir: 18 iyun 1999-cu il, № 687-IQ. Əlavə və dəyişikliklər: 1. 5 oktyabr 2001-ci il, № 183-IIQD; 2. 17 may 2002-ci il, № 332-II QD; 3. 5 mart 2004-cü il, № 598-IIQD; 4. 1 sentyabr 2005-ci il, № 977-IIQD; 5. 16 dekabr 2008-ci il, № 741-IIIQD; 6. 5 mart 2010-cu il, № 973-IIIQD. Bu Qanun Azərbaycan Respublikasında terrorçuluğa qarşı mübarizənin hüquqi və təşkilati əsaslarını müəyyən edir, terrorçuluq əleyhinə mübarizəni həyata keçirən dövlət orqanlarının fəaliyyətini əlaqələndirir, habelə həmin orqanların və vətəndaşların hüquqlarını və vəzifələrini təsbit edir. I Fəsil Ümumi müddəalar Maddə 1. Əsas anlayışlar Bu Qanunda aşağıdakı anlayışlar istifadə olunur: terrorçuluq – ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədi ilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmədir; terrorçu — hər hansı bir formada terror fəaliyyətinin həyata keçirilməsində iştirak edən şəxs; terror qrupu — terror fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə iki və daha artıq şəxsin birləşməsidir; terror təşkilatı — terror fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə yaradılan və ya öz fəaliyyətində terrorçuluqan istifadəni mümkün hesab edən təşkilatdır. Əgər struktur bölmələrindən biri təşkilatın hər hansı bir rəhbər orqanının razılığı ilə terror fəaliyyəti ilə məşğuldursa, həmin təşkilat terror təşkilatı hesab edilir; terrorçuluğa qarşı mübarizə — terror fəaliyyətinin aşkar edilməsi, qarşısının alınması, habelə terror nəticəsində dəyə biləcək zərərin minimuma endirilməsi ilə bağlı fəaliyyətdir; terror əleyhinə aparılan əməliyyatlar — terror aksiyalarının qarşısının alınması, fiziki şəxslərin təhlükəsizliyinin təmin edilməsi, terrorçuların tərksilah edilməsi, zərərsizləşdirilməsi, habelə terror aksiyası nəticəsində dəyə biləcək zərərin minimuma endirilməsi məqsədi ilə həyata keçirilən xüsusi tədbirlərdir; terror əleyhinə aparılan əməliyyat zonası — ərazinin və ya akvatoriyanın ayrıca sahələrində, nəqliyyat vasitəsində, binalarda, tikililərdə, qurğularda, yaşayış evlərində və ona bitişik ərazilərdə və ya akvatoriyada əməliyyatların aparıldığı hüdudlardır; terror fəaliyyəti — terror aksiyalarını təşkil etmə, planlaşdırma, hazırlama və həyata keçirmə, fiziki və hüquqi şəxslər üzərində zorakılıq etmə, terror məqsədi ilə maddi obyektləri məhv etmə və ya zədələmə, terror aksiyalarının həyata keçirilməsi məqsədi ilə qanunsuz silahlı birləşmələr, cinayətkar qruplar yaratma, habelə belə aksiyalarda iştirak etmə, şəxsləri terrorçuluğa cəlb etmə, silahlandırma, onlara təlim keçmə və onlardan istifadə etmə, bilərəkdən terror təşkilatlarını və ya terror qruplarını maliyyələşdirmə və ya onlara digər yardımlar etmə ilə bağlı olan fəaliyyətdir; beynəlxalq terror fəaliyyəti — terrorçular və ya terror təşkilatları tərəfindən bir neçə dövlətin ərazisində həyata keçirilən və ya bir neçə dövlətin maraqlarına zərər vura bilən, şəxs tərəfindən onun mənsub olduğu dövlətin və ya başqa bir dövlətin ərazisində hər hansı bir dövlətin vətəndaşına qarşı edilən, terrorçu və terrorçuluğa məruz qalan şəxslər eyni və ya müxtəlif dövlətlərin vətəndaşları olduqları halda, həmin dövlətlərin ərazisindən kənarda törədilən cinayətlə bağlı olan fəaliyyətdir; terroçuluğun maliyyələşdirilməsi – pul vəsaitlərinin və ya digər əmlakın tamamilə və yaxud qismən, bilavasitə və ya dolayısı ilə terrorçuluğun törədilməsinə qəsdən yönəldilməsi və ya pul vəsaitlərinin və ya digər əmlakın qəsdən həmin məqsədlə toplanılmasıdır. terrorçuluğun maliyyələşdirilməsi – əldə olunma mənbəyindən asılı olmayaraq pul vəsaitlərinin və ya digər əmlakın tamamilə və yaxud qismən, bilavasitə və ya dolayısı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 102, 214, 215, 219, 219-1, 277, 278, 279, 280 və 282-ci maddələrində nəzərdə tutulmuş əməllərin şəxs və ya qrup (dəstə, təşkilat) tərəfindən hazırlanmasının, təşkil olunmasının və ya törədilməsinin maliyyələşdirilməsi üçün, yaxud göstərilən cinayətlərin törədilməsi məqsədilə şəxsin və ya həmin məqsədlə yaradılan qrupun (dəstənin, təşkilatın) təmin edilməsi üçün istifadə olunacağını bilərək pul vəsaitlərinin və ya digər əmlakın qəsdən toplanılması və ya verilməsidir; (6) pul vəsaitləri və ya digər əmlak - əldə edilmə üsulundan asılı olmayaraq, istənilən növ maddi və qeyri-maddi əmlak nemətləri, daşınar və ya daşınmaz əmlak, həmçinin bank kreditləri, yol çekləri, bank çekləri, poçt göndərişləri, səhmlər və qiymətli kağızlar, istiqrazlar, veksellər, akkreditivlər də daxil olmaqla, bu cür aktivlərə olan hüquqları təsdiq edən elektron və ya hər hansı digər formada tərtib olunan hüquqi sənədlər və ya aktlar. (6) Maddə 2. Terrorçuluğa qarşı mübarizə haqqında qanunvericilik Terrorçuluğa qarşı mübarizə haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir. Maddə 3. Terrorçuluğa qarşı mübarizənin məqsədi Azərbaycan Respublikasında terrorçuluğa qarşı mübarizə aşağıdakı məqsədlərlə həyata keçirilir: 1) insan hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin təhlükəsizliyinin təmin edilməsi; 2) terrorçuluğun aşkar edilməsi, qarşısının alınması və terrorçuluq nəticəsində gözlənilən zərərin minimuma endirilməsi; 3) terrorçuluğun yaranması və həyata keçirilməsi səbəbinin və şəraitinin, habelə terrorçuluğun maliyyələşdirilməsi və digər yardımlar edilməsi hallarının aşkar və ləğv edilməsi. Maddə 4. Terrorçuluğa qarşı mübarizənin əsas prinsipləri Azərbaycan Respublikasında terrorçuluğa qarşı mübarizə aşağıdakı prinsiplərə əsaslanır: 1) qanunçuluğun təmin edilməsi; 2) terror fəaliyyətinin həyata keçirilməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş cəzanın labüdlüyü; 3) terrorçuluğa qarşı mübarizə zamanı açıq və gizli metodların əlaqələndirilməsi; 4) hüquqi, siyasi, sosial-iqtisadi və təşkilati profilaktik tədbirlərin kompleks istifadəsi; 5) terror fəaliyyəti nəticəsində təhlükəyə məruz qalmış şəxslərin hüquqlarının müdafiəsinin üstünlüyü; 6) terrorçuluq əleyhinə aparılan əməliyyatlara cəlb olunmuş qüvvələrin idarə edilməsində təkbaşçılıq; 7) terrorçuluq əleyhinə aparılan əməliyyatların həyata keçirilməsində iştirak edən şəxsi heyətin, o cümlədən bu məqsədlə istifadə edilən texniki üsulların və taktikanın elan edilməsində minimal aşkarlıq. II Fəsil Terrorçuluğa qarşı mübarizənin təşkili. Terror əleyhinə əməliyyatların aparılması Maddə 5. Terrorçuluğa qarşı mübarizəni həyata keçirən orqanlar Terrorçuluğa qarşı mübarizənin zəruri qüvvələrlə, vasitələrlə təmin edilməsini, habelə terrorçuluğa qarşı mübarizə sahəsində rəhbərliyi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Azərbaycan Respublikasının digər müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində bu Qanuna uyğun olaraq terrorçuluğa qarşı mübarizədə iştirak edirlər. Maddə 6. Terrorçuluğa qarşı mübarizə aparan dövlət orqanlarına kömək göstərilməsi Dövlət və yerli özünüidarəetmə orqanları, mülkiyyət formasından asılı olmayaraq təşkilatlar, ictimai birliklər, vəzifəli şəxslər və vətəndaşlar terrorçuluğa qarşı mübarizə aparan dövlət orqanlarına kömək etməyə borcludurlar. Terrorçuluğun aşkar edilməsində və qarşısının alınmasında, habelə bu fəaliyyət nəticəsində dəyə biləcək zərərin minimuma endirilməsində kömək edə biləcək məlumatlar və hadisə barəsində hüquq mühafizə orqanlarına xəbər vermək hər kəsin borcudur. Maddə 7. Terror əleyhinə aparılan əməliyyatlara rəhbərlik Terror əleyhinə aparılan əməliyyatlara birbaşa və vahid rəhbərliyin təmin edilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə, xarakterindən asılı olaraq zəruri hallarda müvəqqəti əsaslarla (terror əməlinə qarşı aparılan əməliyyatın həyata keçirildiyi müddətə) terror əleyhinə əməliyyatları idarəetmə üzrə əməliyyat qərargahı yaradılır (bundan sonra — əməliyyat qərargahı) və həmin qərargaha rəhbər təyin olunur. Əməliyyat qərargahının fəaliyyət qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən Əsasnamə ilə müəyyən edilir. Terror əleyhinə aparılan əməliyyatlara cəlb edilmiş şəxsi heyət: hərbi qulluqçular, əməkdaşlar və mütəxəssislər əməliyyatın başlandığı andan əməliyyat qərargahının rəhbərinə tabedirlər. Əməliyyat qərargahının rəhbəri terror əleyhinə aparılan əməliyyat zonasını, əməliyyatın xüsusiyyətlərini müəyyənləşdirir, habelə bu məqsədlə cəlb olunmuş qüvvələrin və vasitələrin istifadə edilməsi haqqında qərarlar qəbul edir. Əməliyyat qərargahının rəhbəri digər qərarlar, o cümlədən terror əleyhinə aparılan əməliyyat zonasında qismən və müvəqqəti olaraq onların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə vəzifəli şəxslərin və vətəndaşların hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edir. Əməliyyat qərargahının rəhbərinin göstərişləri terror əleyhinə aparılan əməliyyat zonasında bütün vəzifəli şəxslər və vətəndaşlar tərəfindən hökmən icra olunmalıdır. Qərargahı yaratmış müvafiq icra hakimiyyəti orqanının rəhbərindən başqa heç kəs terror əleyhinə aparılan əməliyyat zamanı əməliyyat qərargahının rəhbərinin hərəkətlərinə qarışa bilməz və ya onun verdiyi qərarları ləğv edə bilməz. Maddə 8. Terror əleyhinə aparılan əməliyyatların qüvvə və vasitələrlə təmin edilməsi Terror əleyhinə əməliyyatların aparılması məqsədi ilə əməliyyat qərargahı terrorçuluğa qarşı mübarizədə iştirak edən müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan lazımi qüvvələrdən və vasitələrdən istifadə edir. Maddə 9. Terror əleyhinə aparılan əməliyyat zonasının hüquqi rejimi Terror əleyhinə aparılan əməliyyat zonasında bu əməliyyatı aparan şəxslər aşağıdakı hüquqlara malikdirlər: 1) zərurət olduqda küçələrdə və yollarda nəqliyyat vasitələrinin və piyadaların hərəkətini müvəqqəti məhdudlaşdıran və ya qadağan edən tədbirləri tətbiq etmək, ərazinin müəyyən sahələrinə və obyektlərə nəqliyyat vasitələrini buraxmamaq, nəqliyyat vasitələrinin yedəyə alınmasına icazə verməmək; 2) vətəndaşların və vəzifəli şəxslərin şəxsiyyətini təsdiq edən sənədləri yoxlamaq, belə sənədlər olmadıqda isə şəxsiyyətinin müəyyən edilməsi məqsədi ilə həmin şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətə tutmaq; 3) terror əleyhinə əməliyyatlar aparan şəxslərin qanuni tələblərinə mane olmağa yönəldilmiş hərəkətlər törədən şəxsləri tutmaq və onları müvafiq icra hakimiyyəti orqanına təhvil vermək; 4) terror aksiyalarının qarşısının alınması, bu aksiyaların həyata keçirilməsində şübhə edilən şəxslərin tutulması zamanı, əgər bu hərəkətlərin gecikdirilməsi insanların həyatını və sağlamlığını real təhlükəyə məruz qoyursa, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada vətəndaşların mənzilinə və digər yaşayış yerlərinə, onların torpaq sahələrinə, habelə mülkiyyət formasından asılı olmayaraq təşkilatların, ictimai birliklərin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə girmək; 5) terror əleyhinə aparılan əməliyyat zonasına gediş və ya bu zonadan çıxış zamanı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada vətəndaşları, onların əşyalarını, nəqliyyat vasitəsini və nəqliyyat vasitəsində olan əşyaları, diplomatik nümayəndəliyin və ya konsulluq idarələrinin nəqliyyat vasitələri istisna olmaqla, texniki vasitələr tətbiq etməklə və ya etmədən gözdən keçirmək; 6) xidməti məqsədlər üçün, diplomatik nümayəndəliyin və ya konsulluq idarələrinin rabitə və nəqliyyat vasitələri istisna olmaqla, mülkiyyət formasından asılı olmayaraq vətəndaşlara, təşkilatlara, ictimai birliklərə məxsus olan rabitə və nəqliyyat vasitələrindən istifadə etmək. Terror əleyhinə aparılan əməliyyat zonasında kütləvi informasiya vasitələri işçilərinin fəaliyyəti əməliyyat qərargahının rəhbəri tərəfindən müəyyən edilir. Maddə 10. Terrorçularla danışıqların aparılması İnsanların həyatının və sağlamlığının, maddi sərvətlərin qorunması, habelə terror aksiyalarının qarşısının alınması imkanlarının öyrənilməsi məqsədi ilə terrorçularla danışıqların aparılmasına yol verilir. Terrorçularla danışıqların aparılmasına yalnız əməliyyat qərargahının rəhbəri tərəfindən vəkil edilmiş şəxslər buraxılırlar. Terrorçularla danışıqlar zamanı şərt olaraq terror aksiyalarının dayandırılması məqsədi ilə terrorçulara hər hansı bir şəxsin onun iradəsi əleyhinə olaraq verilməsi, siyasi tələblərin icra edilməsi, habelə tətbiqi insanların həyatına və sağlamlığına təhlükə yaradan silahların və ya başqa vasitələrin verilməsi qadağandır. Terrorçularla danışıqların aparılması törətdikləri əməllərə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətdən onların azad edilməsinə əsas ola bilməz. Maddə 11. Terror aksiyaları barəsində ictimaiyyətə məlumat verilməsi Terror əleyhinə aparılan əməliyyatlar zamanı terror aksiyaları barəsində ictimaiyyətə məlumatlar əməliyyat qərargahının rəhbərinin və ya əməliyyat qərargahının ictimaiyyətlə əlaqələr üzrə məsul nümayəndəsinin müəyyən etdiyi formada və həcmdə verilir. Aşağıdakı məlumatların yayılmasına yol verilmir: 1) terror əleyhinə əməliyyatların aparılması taktikası və texniki üsulları haqqında; 2) terror əleyhinə aparılan əməliyyatlar zonasında və ya bu zonanın hüdudlarından kənarda olan insanların həyatına və sağlamlığına təhlükə yaradan və terror əleyhinə əməliyyatların aparılmasına əngəl törədən məlumatlar haqqında; 3) terrorçuluğa bəraət qazandıran və ya onların təbliğinə xidmət edən məlumatlar haqqında; 4) terror əleyhinə aparılan əməliyyatlarda iştirak edən, habelə bu əməliyyatların aparılmasına kömək edən şəxslər haqqında. Maddə 12. Terror əleyhinə aparılan əməliyyatın başa çatması Terror aksiyasının qarşısı alındıqda və terror əleyhinə aparılan əməliyyat zonasında olan insanların həyatına və sağlamlığına qorxu yaradan təhlükə ləğv edildikdə terror əleyhinə aparılan əməliyyat başa çatmış hesab edilir. Terror əleyhinə aparılan əməliyyatın başa çatması əməliyyat qərargahının rəhbəri tərəfindən elan edilir. III Fəsil Terror aksiyaları nəticəsində dəyən ziyanın ödənilməsi. Terrorçuluğa qarşı mübarizədə iştirak edən şəxslərin hüquqi və sosial müdafiəsi Maddə 13. Terror aksiyaları nəticəsində dəyən ziyanın ödənilməsi və zərər çəkmiş şəxslərin sosial reabilitasiyası Terror aksiyaları nəticəsində fiziki və hüquqi şəxslərin əmlakına dəyən ziyan dövlət büdcəsinin vəsaiti hesabına tam həcmdə ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur. Terror aksiyaları nəticəsində zərər çəkmiş şəxslərin sosial reabilitasiyası, həmin şəxslərə göstərilən hüquqi, psixoloji, tibbi, professional yardımları, onların işlə və mənzillə təmin olunmasını nəzərdə tutur. Terror aksiyaları nəticəsində zərər çəkmiş, habelə bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş şəxslərin sosial reabilitasiyası dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Terror aksiyaları nəticəsində zərər çəkmiş şəxslərin sosial reabilitasiyasının həyata keçirilməsi qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 14. Terrorçuluğa qarşı mübarizə aparan şəxslərin hüquqi və sosial müdafiəsi Terrorçuluğa qarşı mübarizə aparan şəxslər dövlətin müdafiəsi altındadırlar. Hüquqi və sosial müdafiə tədbirləri aşağıdakı şəxslər barəsində tətbiq edilir: 1) müvafiq icra hakimiyyəti orqanının terrorçuluğa qarşı mübarizədə bilavasitə iştirak edən əməkdaşları; 2) dövlət orqanlarına daimi və ya müvəqqəti əsaslarla terror fəaliyyətinin qarşısının alınmasında, aşkar edilməsində və bu fəaliyyət nəticəsində dəyə biləcək ziyanın minimuma endirilməsində kömək edən şəxslər; 3) bu maddənin 1-ci və 2-ci bəndlərində nəzərdə tutulmuş şəxslər xidməti vəzifələrini yerinə yetirərkən onların yaxın qohumlarının sağlamlığına və ya əmlakına ziyan dəydiyi hallarda, həmin şəxslərin yaxın qohumları. Terrorçuluğa qarşı mübarizə aparan şəxslərin sağlamlığına və əmlakına dəyən ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilir. Terrorçuluğa qarşı mübarizədə iştirak edən şəxs terror əleyhinə aparılan əməliyyatlar zamanı həlak olduqda (vəfat etdikdə) onun ailəsinə, habelə öhdəsində olanlara dövlət büdcəsinin vəsaiti hesabına orta aylıq əmək haqqı məbləğinin yüz misli miqdarında birdəfəlik müavinət ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur. Terrorçuluğa qarşı mübarizədə iştirak edən şəxs terror əleyhinə aparılan əməliyyatlar zamanı xidmətinin davam etdirilməsinə imkan verməyən dərəcədə zədələndikdə, yaralandıqda, kontuziya olduqda, xəsarət xəsarət (yaralanma, travma, kontuziya) aldıqda, ona dövlət büdcəsinin vəsaiti hesabına orta əmək haqqı məbləğinin doxsan misli miqdarında birdəfəlik müavinət ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur. (5) Maddə 15. Dəymiş ziyana görə məsuliyyətdən azad olma Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada terror əleyhinə aparılan əməliyyat zamanı terrorçuların həyatına, sağlamlığına və ya əmlakına ziyan vurulmasına yol verilir. Terrorçuluğa qarşı mübarizədə iştirak edən şəxs terror əleyhinə aparılan əməliyyat zamanı vurulmuş bu cür ziyana görə məsuliyyət daşımır. Maddə 16. Xidmət illərinin güzəştli hesablanması Terrorçuluğa qarşı mübarizəni bilavasitə həyata keçirən bölmələrdə xidmət edən müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşları üçün pensiyanın təyin olunmasında pensiyanın məbləğinin hesablanmasında xidmət illəri bir xidmət günü iki xidmət günü kimi, terror əleyhinə aparılan əməliyyatlarda iştirak müddəti isə bir xidmət günü üç xidmət günü kimi hesablanır. IV Fəsil Terror fəaliyyətində iştiraka görə məsuliyyət Maddə 17. Terror fəaliyyətində iştiraka görə məsuliyyət Terror fəaliyyətində iştirak edən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnsan hüquqları və azadlıqları, dövlət təhlükəsizliyinin və beynəlxalq təhlükəsizliyin təmin olunması maraqlarını rəhbər tutaraq terror əməlləri törədən və ya bu cür əməllərin törədilməsində iştirakçı olan şəxslər bu əməllərin planlaşdırılması və ya həyata keçirilməsi yerindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə əsasən cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılırlar və ya cinayət məsuliyyətinə cəlb edilməsi, yaxud təyin edilmiş cəzanın icrası üçün xarici dövlətə geri verilə bilərlər. Maddə 18. Terror fəaliyyəti ilə bağlı işlərə baxılması Terror fəaliyyəti ilə bağlı cinayətlərə, habelə terror aksiyaları nəticəsində dəyən ziyanın ödənilməsi üzrə işlərə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmənin (hakimin) qərarı ilə qapalı məhkəmə iclasında baxıla bilər. Maddə 19. Terror fəaliyyətinə görə təşkilatların məsuliyyəti Terror fəaliyyəti ilə əlaqəsinə görə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təşkilat (onun filialı, nümayəndəliyi) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəmənin qərarı əsasında ləğv edilə bilər. Terror fəaliyyəti ilə əlaqəsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilmiş təşkilat ləğv edilərkən ona mənsub olan əmlak Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilir və dövlətin hesabına keçirilir. V Fəsil Yekun müddəaları Maddə 20. Terrorçuluğa qarşı mübarizənin həyata keçirilməsinin qanuniliyinə nəzarət Terrorçuluğa qarşı mübarizənin həyata keçirilməsinin qanuniliyinə nəzarəti Azərbaycan Respublikasının Baş prokuroru və ona tabe olan prokurorlar həyata keçirirlər. Terror fəaliyyətinə görə təşkilatın məsuliyyətə cəlb olunması barəsində ərizə ilə məhkəməyə Azərbaycan Respublikasının Baş prokuroru və ya ona tabe olan prokurorlar müraciət edirlər. Maddə 21. Terrorçuluğa qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikası tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə əsasən terrorçuluğa qarşı mübarizə sahəsində xarici dövlətlərlə, onların hüquq mühafizə orqanları ilə, habelə terrorçuluğa qarşı mübarizə aparan beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Maddə 22. Qanunun pozulmasına görə məsuliyyət Bu Qanunun pozulmasına görə vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «Terrorçuluğa qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı Qəbul edilmişdir: 30 avqust 1999-cu il, №185. Əlavə və dəyişikliklər: 1. 9 yanvar 2004-cü il; 2. 19 aprel 2005-ci il, № 224. «Terrorçuluğa qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində: qüvvədə olan qanunvericilik aktlarının «Terrorçuluğa qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu haqda Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; öz səlahiyyətləri hüdudlarında «Terrorçuluğa qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin. 2. Müəyyən edilsin ki, «Terrorçuluğa qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinin birinci bəndində, 7-ci maddəsinin birinci, ikinci və yeddinci bəndlərində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 5-ci maddəsinin ikinci bəndində, 8-ci və 16-cı maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini və 14-cü maddəsinin birinci bəndinin 1-ci yarımbəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanlarının Baş Mühafizə İdarəsi, Azərbaycan Respublikasının Hərbi Əks-Kəşfiyyat Xidməti öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər; 9-cu maddəsinin birinci bəndinin 3-cü yarımbəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi həyata keçirirlər; 13-cü maddəsinin dördüncü bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

Qaynar xətt nömrələri

Daxili İşlər Nazirliyi-102

Fövqəladə Hallar Nazirliyi-112

Vergilər Nazirliyi-195

İqtisadi İnkişaf Nazirliyi-195-2

Ədliyyə Nazirliyi-195

İnsan alveri ilə bağlı Daxili İşlər Nazirliyinin Qaynar xətti-152

Qeydiyyat və Notariat Baş İdarəsi-1650

Dövlət Miqrasiya Xidməti-919

Dövlət Gömrük Komitəsi-195

Yanğın xidməti-101

Polis-102

Təcili yardım-103

 

Sənəd nümunələri

İddiya ərizələri, şikayət nümunələri, əmək müqaviləsi,

Sənədlər

Go to top