I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

Atmosfer havasının mühafizəsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Atmosfer havası insanların sağlamlığına, əmək qabiliyyətinə, flora və faunaya təsir edən ətraf mühitin ayrılmaz tərkib hissəsidir.

Bu Qanun atmosfer havasının mühafizəsinin hüquqi əsaslarını müəyyən etməklə, əhalinin əlverişli ətraf mühitdə yaşamasına və ətraf mühit barədə dəqiq məlumat almasına dair hüquqlarını həyata keçirməyə yönəldilmişdir.

I fəsil. Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. atmosfer havası—ətraf mühiti əhatə edən atmosfer qazlarının təbii qarışığı;

1.0.2. zərərli və çirkləndirici maddələr (bundan sonra zərərli maddələr)—atmosfer havasına atılan və müəyyən qatılıq həddində insan sağlamlığına və ətraf mühitə zərərli təsir göstərən maddələr və ya onların qarışıqları;

1.0.3. atmosfer havasının çirklənməsi—atmosfer havasında zərərli maddələrin miqdarının gigiyenik və ekoloji normativlərdən artıq olması;

1.0.4. atmosfer havasının transsərhəd çirklənməsi—mənbəyi bir dövlətin ərazisində yerləşən zərərli maddələrin yayılması nəticəsində digər ölkənin atmosfer havasının çirklənməsi;

1.0.5. əlverişsiz meteoroloji şərait—yer səthinə atmosfer havasının bitişik qatında zərərli maddələrin toplanmasına və yayılmasına səbəb olan meteoroloji şərait;

1.0.6. atmosfer havasına zərərli fiziki təsir—antropogen mənşəli səs-küy, vibrasiya, ionlaşdırıcı şüalar, elektromaqnit dalğaları, hərarət, radiasiya və digər fiziki amillərin insan sağlamlığına və ətraf mühitə zərərli olaraq atmosfer havasının fiziki xassələrini dəyişdirən təsiri;

1.0.7. atmosfer havasına fiziki təsirin yol verilən səviyyəsi—atmosfer havasına fiziki təsirin insan sağlamlığına və ətraf mühitə zərərli olmayan maksimum səviyyəsini əks etdirən fiziki təsirin normativi;

1.0.8. atmosfer havasına zərərli fiziki təsirin yol verilən həddi—mənbələrin hər birinin və hamısının zərərli fiziki təsirlərinin atmosfer havasına fiziki təsirin yol verilən səviyyəsini aşmaması şərti ilə zərərli fiziki təsirin hər bir mənbəyi üçün müəyyən edilən normativ;

1.0.9. atılmanın (tullantının) texniki normativi—zərərli maddələrin stasionar və səyyar mənbələri, o cümlədən nəqliyyat vasitələri, texnoloji proseslər və avadanlıqlar üçün məhsul vahidinə, yürüşə, mühərrikin gücünə görə hesablanan atmosfer havasına atılan zərərli maddənin yol verilən maksimum həcmini və digər göstəriciləri müəyyən edən normativ;

1.0.10. atılmanın (tullantının) yol verilən həddi—stasionar mənbələrdən zərərli maddələrin atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativlərini aşmaması şərti ilə atmosfer havasını çirkləndirən hər bir mənbə üçün atılmanın texniki normativlərini və fon çirklənməsini nəzərə almaqla müəyyən edilən zərərli maddələrin atılmasının yol verilən həddi;

1.0.11. müvəqqəti razılaşdırılmış atılma (tullantı)—atmosfer havasının keyfiyyəti və müvafiq ərazinin sosial-iqtisadi inkişafı nəzərə alınmaqla atılmanın yol verilən həddinə mərhələlərlə nail olmaq şərtilə, stasionar mənbələr üçün müəyyən edilən atmosfer havasına zərərli maddələrin atılmasının müvəqqəti həddi;

1.0.12. atmosfer havasının monitorinqi—atmosfer havasının vəziyyətinin, çirklənməsinin, onda baş verən təbii hadisələrin öyrənilməsi, qiymətləndirilməsi və proqnozu məqsədilə müşahidə və nəzarət sistemi;

1.0.13. atmosfer havasının mühafizəsi—atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılması, insan sağlamlığına və ətraf mühitə zərərli olan atmosfer havasına təsirin qarşısının alınması məqsədilə müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemi;

1.0.14. atmosfer havasının keyfiyyətinin gigiyenik normativi—atmosfer havasında insan sağlamlığına zərərli təsiri istisna edən zərərli maddələrin miqdarının yol verilən həddini müəyyən edən atmosfer havasının keyfiyyət meyarı;

1.0.15. atmosfer havasının keyfiyyətinin ekoloji normativi-atmosfer havasında ətraf mühitə zərərli təsiri istisna edən zərərli maddələrin miqdarının yol verilən həddini müəyyən edən atmosfer havasının keyfiyyət meyarı;

1.0.16. atmosfer havasının keyfiyyəti—atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativlərinə uyğunluq dərəcəsini əks etdirən atmosfer havasının fiziki, kimyəvi və bioloji xassələrinin məcmusu.

Maddə 2. Atmosfer havasının mühafizəsi sahəsində qanunvericilik

Atmosfer havasının mühafizəsi sahəsində qanunvericilik bu Qanundan, Azərbaycan Respublikasının Konstitusiyasından, «Ətraf mühitin mühafizəsi haqqında», «Ekoloji təhlükəsizlik haqqında», «Hidrometeorologiya fəaliyyəti haqqında» Azərbaycan Respublikasının qanunlarından, digər normativ hüquqi aktlardan və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

II fəsil. Atmosfer havasının mühafizəsi sahəsində tənzimlənmə

Maddə 3. Atmosfer havasının mühafizəsi sahəsində dövlət tənzimlənməsinin əsas prinsipləri

3.0. Atmosfer havasının mühafizəsi sahəsində dövlət tənzimlənməsi aşağıdakı prinsiplərə əsaslanır:

3.0.1. insan sağlamlığının qorunmasının üstünlüyü:

3.0.2. insanın həyatı, əmək fəaliyyəti və istirahəti üçün əlverişli ekoloji şəraitin təmin edilməsi;

3.0.3. atmosfer havasının çirklənməsindən ətraf mühit üçün bərpa olunmayacaq nəticələrinə yol verilməməsi;

3.0.4. atmosfer havasına zərərli maddələrin atılmasının və zərərli fiziki təsirlərin dövlət tənzimlənməsi;

3.0.5. atmosfer havasının vəziyyəti və onun çirklənməsi barədə məlumatların dolğunluğu, dəqiqliyi və aşkarlığı;

3.0.6. atmosfer havasının mühafizəsinə elmi cəhətdən əsaslandırılmış, sistemli və kompleks yanaşma.

Maddə 4. Atmosfer havasının mühafizəsi sahəsində dövlətin vəzifələri

4.0. Atmosfer havasının mühafizəsi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

4.0.1. atmosfer havasına atılan zərərli maddələrin və ona zərərli fiziki təsirlərin dövlət uçotu qaydalarını müəyyən etmək;

4.0.2. atılmanın texniki normativlərini və atılmanın yol verilən həddini, habelə bu hədlərin tətbiq edildiyi obyektlərin siyahısını tərtib və təsdiq etmək;

4.0.3. atmosfer havasına zərərli maddələrin atılmasına görə ödəmələri, habelə atmosfer havasının çirklənməsi və ona zərərli fiziki təsirlərin nəticəsində insanların sağlamlığına və ətraf mühitə vurduğu zərərin ödənilməsi qaydalarını müəyyən etmək;

4.0.4. atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazənin verilməsi qaydalarını müəyyən etmək;

4.0.5. atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazə alınmasına görə ödəmələrin miqdarını və istifadə olunması qaydalarını müəyyən etmək;

4.0.6. dövlət monitorinqini təşkil etmək, maliyyələşdirmək və onun keçirilməsini təmin etmək;

4.0.7. atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazədə nəzərdə tutulmuş şərtlər pozulmaqla atmosfer havasına zərərli maddələrin atılmasının və (və ya) zərərli fiziki təsirlərin məhdudlaşdırılması, dayandırılması və onlara xitam verilməsi qaydalarını müəyyən etmək;

4.0.8. yanacağın, texniki qurğuların, texnoloji proseslərin, mühərriklərin, nəqliyyat və digər səyyar vasitələrin, avadanlıqların atmosfer havasının mühafizəsinə dair tələblərə uyğun olmasını təsdiq edən sertifikatlaşdırmanın qaydalarını müəyyən etmək;

4.0.9. Azərbaycan Respublikasının ərazisində atmosfer havasının mühafizəsi sahəsində vahid dövlət siyasətini müəyyənləşdirmək və həyata keçirmək;

4.0.10. atmosfer havasının mühafizəsi sahəsində məqsədli dövlət proqramlarını hazırlamaq və həyata keçirmək;

4.0.11. atmosfer havasının çirklənməsi və atmosfer havasının mühafizəsinə dair məqsədli dövlət proqramlarının yerinə yetirilməsi barədə əhalinin məlumatlandırılmasını təşkil etmək;

4.0.12. atmosfer havasının çirklənməsi nəticəsində insanların həyatı və sağlamlığına təhlükə yaradan fövqəladə vəziyyətlərdə əhalini mühafizəsinə dair tədbirləri həyata keçirmək;

4.0.13. atmosfer havasının mühafizəsi məqsədilə atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativlərini, ekoloji sistemlərin yüklənməsi və atmosfer havasına zərərli fiziki təsirlərin yol verilən səviyyəsi və onun hədlərini müəyyən etmək;

4.0.14. müvafiq icra hakimiyyəti orqanlarının, hüquqi və fiziki şəxslərin atmosfer havasının mühafizəsi sahəsində fəaliyyətini əlaqələndirmək;

4.0.15. atmosfer havasının mühafizəsinə dair məqsədli dövlət proqramlarına və Azərbaycan Respublikasının bu sahədə beynəlxalq öhdəliklərinə müvafiq olaraq atmosfer havasına zərərli maddələrin atılmasının azaldılması, həmçinin belə azalmanın həyata keçirilmə müddətlərini müəyyən etmək;

4.0.16. atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

Maddə 5. Atmosfer havasının mühafizəsi sahəsində yerli özünüidarəetmə orqanlarının hüquqları və vəzifələri

5.0. Atmosfer havasının mühafizəsi sahəsində yerli özünüidarəetmə orqanlarının hüquqları və vəzifələri aşağıdakılardır:

5.0.1. yerli ekoloji proqramları hazırlamaq və həyata keçirmək;

5.0.2. ərazi hüdudlarında və səlahiyyətləri daxilində sahə ilə bağlı nəzarəti və monitorinqi təşkil etmək və həyata keçirmək;

5.0.3. atmosfer havasının çirklənməsi nəticəsində insanların həyat və sağlamlığına təhlükə doğuran fövqəladə şəraitdə əhalinin müdafiəsi üçün tədbirlər həyata keçirmək;

5.0.4. öz səlahiyyətləri daxilində hüquqi və fiziki şəxslərin atmosfer havasının mühafizəsi sahəsində fəaliyyətini əlaqələndirmək;

5.0.5. atmosfer havasının vəziyyəti, onun çirklənməsi və atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılması proqramlarının yerinə yetirilməsi barədə əhalini məlumatlandırmaq;

5.0.6. qanunvericiliklə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.

Maddə 6. Atmosfer havasının mühafizəsi sahəsində hüquqi və fiziki şəxslərin hüquqları

6.1. Atmosfer havasının mühafizəsi sahəsində hüquqi və fiziki şəxslərin hüquqları aşağıdakılardır:

6.1.1. dövlət orqanlarına və yerli özünüidarəetmə orqanlarına təkliflər vermək;

6.1.2. dövlət və yerli özünüidarəetmə orqanlarından atmosfer havasının çirklənməsi, ona zərərli fiziki təsirləri və onların mənbələri, habelə bu çirklənmənin və təsirin aradan qaldırılması üçün tədbirlərin keçirilməsi haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat almaq;

6.1.3. atmosfer havasının çirklənməsinin qarşısının alınması tələblərinə riayət edilməsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada ictimai nəzarəti həyata keçirmək;

6.1.4. atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin tələbləri pozulduqda müvafiq dövlət orqanlarına, yerli özünüidarəetmə orqanlarına və məhkəmələrə müraciət etmək;

6.1.5. atmosfer havasının mühafizəsinə dair tədbirlərin keçirilməsində iştirak etmək və onları maliyyələşdirmək;

6.1.6. atmosfer havasının keyfiyyətinə zərərli təsir edə bilən istehsal və digər fəaliyyətə dair qərarların qəbul olunmasında iştirak etmək;

6.1.7. insanların sağlamlığına, əmlakına və ətraf mühitə atmosfer havasının çirkləndirilməsi nəticəsində vurulan ziyanın ödənilməsi barədə iddia qaldırmaq.

6.2. Azərbaycan Respublikasında bütün hüquqi və fiziki şəxslər atmosfer havasının çirklənməsi nəticəsində onlara vurulan zərərə görə ödənc almaqda eyni hüquqa malikdirlər.

Maddə 7. Atmosfer havasının mühafizəsi sahəsində qeyri-hökumət təşkilatlarının hüquqları

7.1. Atmosfer havasının mühafizəsi sahəsində səlahiyyətləri daxilində qeyri-hökumət təşkilatlarının hüquqları aşağıdakılardır:

7.1.1. dövlət və yerli özünüidarəetmə orqanlarından, hüquqi şəxslərdən atmosfer havasının çirklənməsi, ona zərərli fiziki təsirləri və onların mənbələri, habelə bu çirklənmənin və təsirin aradan qaldırılması üçün tədbirlərin keçirilməsi haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat almaq;

7.1.2. müvafiq dövlət və yerli tədbirlərin və proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

7.1.3. qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları qarşısında əhalinin maraqlarına cavab verən məsələlər qaldırmaq;

7.1.4. atmosfer havasının mühafizəsi ilə bağlı əhalinin hüquqlarının müdafiəsinə dair beynəlxalq təşkilatlar qarşısında məsələlər qaldırmaq;

7.1.5. atmosfer havasının çirklənməsinin qarşısının alınması tələblərinə riayət edilməsinə ictimai nəzarəti həyata keçirmək;

7.1.6. hüquqi və fiziki şəxslərdən, dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarından atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyə riayət etməsini, onun pozulmasının aradan qaldırılmasını tələb etmək və bu barədə məhkəməyə şikayət etmək.

7.2. Qeyri-hökumət təşkilatlarının nümayəndələri atmosfer havasının çirkləndirilməsi və ona zərərli fiziki təsir mənbələri olan istehsal obyektlərinin ərazilərinə qanunvericiliklə müəyyən edilmiş qaydada və şərtlərlə daxil ola bilərlər.

III fəsil. Atmosfer havasının mühafizəsi sahəsində fəaliyyətin təşkil edilməsi

Maddə 8. Atmosfer havasının mühafizəsinə dair proqramlar və tədbirlər, onların maliyyələşdirilməsi

8.1. Atmosfer havasına atılan zərərli maddələrin və ona zərərli fiziki təsirin mənbələrinə malik olan hüquqi və fiziki şəxslər atmosfer havasının mühafizəsinə dair tədbirləri müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırdıqdan sonra həyata keçirirlər.

8.2. Müvafiq icra hakimiyyəti orqanı zərərli maddələrin həcminin azaldılmasına dair tədbirləri, atmosfer havasının monitorinqi üzrə məlumatları, zərərli maddələrə nəzarətin və onların yayılması miqyasının nəticələrini nəzərə alaraq atmosfer havasının mühafizəsinə dair məqsədli (müəyyən dövr üçün) proqramlar hazırlayır və həyata keçirir.

8.3. Atmosfer havasının mühafizəsinə dair tədbirlər ətraf mühitin digər obyektlərinə zərər vurmamalıdır.

8.4. Atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılmasına dair tədbirlərin həyata keçirilməsində əhalinin və qeyri-hökumət təşkilatlarının təkliflərini nəzərə almaq məqsədilə atmosfer havasının mühafizəsinə dair proqram layihələri onların müzakirəsinə çıxarıla bilər.

8.5. Atmosfer havasının mühafizəsinə dair proqramlar və tədbirlər atmosfer havasına zərərli maddələrin atılmasına və ona zərərli fiziki təsirlərə görə ödəmələrin, dövlət büdcəsinin, yerli büdcələrin, büdcədənkənar vəsaitlərin, o cümlədən müəssisə və təşkilatların vəsaitlərinin, beynəlxalq təşkilatların vəsaitinin, fiziki şəxslərin könüllü ianələrinin və digər mənbələrin hesabına maliyyələşdirilə bilər.

Maddə 9. Atmosfer havasının keyfiyyətinin və atmosfer havasına fiziki təsirin normativləri

9.1. Atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativləri və ona fiziki təsirin yol verilən səviyyəsi insanlara, flora və faunaya, xüsusi mühafizə olunan təbii ərazilərə və obyektlərə təsirin kimyəvi, bioloji və fiziki amillərin təhlükəsizliyi və (və ya) zərərsizliyi meyarlarının müəyyən edilməsi, habelə atmosfer havasının vəziyyətinin qiymətləndirilməsi məqsədilə müəyyən edilir.

9.2. Atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativləri və ona fiziki təsirin yol verilən səviyyəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müəyyən edilir.

Maddə 10. Atmosfer havasına zərərli maddələrin atılmasının və zərərli fiziki təsirin normativləri

10.1. Atmosfer havasına zərərli maddələrin atılmasının dövlət tərəfindən tənzimlənməsi məqsədilə atılmanın texniki normativləri və onun yol verilən həddi müəyyən edilir.

10.2. Atmosfer havasına atılan zərərli maddələrin stasionar mənbələri, habelə atmosfer havasının çirklənmə mənbəyi olan nəqliyyat, digər səyyar vasitələrin və qurğuların növləri üçün atılmanın texniki normativlərini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

10.3. Atmosfer havasına atılan zərərli maddələrin hər bir stasionar mənbəyi və onların məcmusu (bütövlükdə obyekt) üçün atılmanın yol verilən həddini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

10.4. Atmosfer havasına atılan zərərli maddələrin mənbələri olan hüquqi və fiziki şəxslərin atılmanın yol verilən həddinə riayət etməsinə mümkün olmadığı halda, müvafiq icra hakimiyyəti orqanı zərərli maddələrin müvəqqəti razılaşdırılmış atılmasını müəyyən edə bilər.

10.5. Müvəqqəti razılaşdırılmış atılma, atmosfer havasına zərərli maddələrin atılmasının texniki normativlərinə əməl edilməsi və onların miqdarının azaldılması üzrə tədbirlər planının olması şərti ilə, atılmanın yol verilən həddinə mərhələlərlə nail olunması müddəti üçün müəyyən edilir. Atılmanın yol verilən həddinə mərhələlərlə nail olma müddətlərini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. İnsan sağlamlığına və ətraf mühitə təhlükə dərəcəsi nəzərə alınmaqla, atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması tədbirlərini hüquqi və fiziki şəxslər hazırlayır və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırdıqdan sonra həyata keçirirlər.

10.6. Atmosfer havasına zərərli fiziki təsirlərin dövlət tənzimlənməsi məqsədilə atmosfer havasına fiziki təsirin yol verilən səviyyəsi və zərərli fiziki təsirin yol verilən həddi müəyyən edilir.

10.7. Bu Qanunun 10-cu maddəsində göstərilən normativləri və digər göstəriciləri, onların müəyyən edilməsi üsulları beynəlxalq standartlar, elmi-texniki tərəqqi və ekoloji vəziyyətin tələbləri nəzərə alınmaqla mütəmadi olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən təkmilləşdirilir və qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilir.

Maddə 11. Zərərli və potensial təhlükəli maddələrin dövlət qeydiyyatı

Müvafiq icra hakimiyyəti orqanı zərərli maddələrin, habelə insan sağlamlığı və ətraf mühit üçün potensial təhlükəli maddələrin dövlət qeydiyyatını qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirir.

Maddə 12. Atmosfer havasına zərərli maddələrin atılmasına xüsusi icazə

12.1. Atmosfer havasına zərərli maddələrin stasionar mənbələrdən atılmasına yalnız müvafiq icra hakimiyyəti orqanının qanunvericiliklə müəyyən edilmiş qaydada verdiyi xüsusi icazə əsasında yol verilir.

12.2. Xüsusi icazədə atmosfer havasına zərərli maddələrin atılmasının yol verilən həddi və atmosfer havasının mühafizəsini təmin edən digər şərtlər müəyyən edilir.

12.3. Nəqliyyat və digər səyyar vasitələrindən atmosfer havasına zərərli maddələrin atılmasına xüsusi icazənin verilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

12.4. Atmosfer havasına zərərli fiziki təsirə müvafiq icra hakimiyyəti orqanının verdiyi icazə əsasında yol verilir.

12.5. Atmosfer havasına zərərli maddələrin atılmasına və ona zərərli təsirə xüsusi icazənin verilməsinə görə ödəmə qanunvericiliklə müəyyən edilir.

12.6. Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirə xüsusi icazə olmadıqda, habelə bu xüsusi icazədə nəzərdə tutulan şərtlər pozulduqda, atmosfer havasına zərərli maddələrin atılması və zərərli fiziki təsir qanunvericiliklə müəyyən edilmiş qaydada məhdudlaşdırılır, dayandırılır və ya ona xitam verilir.

Maddə 13. Atmosfer havasına zərərli təsir edən təsərrüfat fəaliyyətinə dair ümumi tələblər

13.1. Atmosfer havasına zərərli təsir edə bilən yeni texnikanın, texnologiyanın, materialların və digər məhsulların istifadəsi nəticəsində vurula biləcək ziyanın qarşısının alınması məqsədilə atmosfer havasının mühafizəsinə dair aşağıdakı tələblər müəyyən edilir:

13.1.2. atmosfer havasının mühafizəsinə dair qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməyən yeni texnikanın, texnologiyanın, avadanlıqların, texniki vasitələrin, materialların, məmulatların, digər məhsulların tətbiqi və istifadə edilməsi qadağandır;

13.1.3. qanunvericiliklə müəyyən edilən istismar müddəti keçmiş atmosfer havasının keyfiyyətinə zərərli təsir göstərən nəqliyyat, digər səyyar vasitələri və avadanlıqlarının, onların ehtiyat hissələrinin ölkə ərazisinə gətirilməsi qadağandır;

13.1.4. insanın sağlamlığı və həyatı, ətraf mühit üçün təhlükə dərəcəsi müəyyən edilməmiş maddələrin atmosfer havasına atılması qadağandır;

13.1.5. Azərbaycan Respublikasının ərazisində yanacaq istehsalına, idxalına və istifadəsinə yalnız onların atmosfer havasının mühafizəsinə dair tələblərə uyğun olmasını təsdiq edən sertifikatlar olduqda yol verilir;

13.1.6. Azərbaycan Respublikasının ərazisində texniki qurğuların, texnoloji proseslərin, mühərriklərin, nəqliyyat və digər səyyar vasitələrinin, avadanlıqların və onların ehtiyat hissələrinin istehsalına, idxalına, istismarına yalnız onların istifadəsi zamanı zərərli maddələrin kütləsinin atılmanın texniki normativlərinə uyğunluğunu təsdiq edən sertifikatlar olduqda yol verilir;

13.1.7. texniki qurğuların, texnoloji proseslərin, mühərriklərin, nəqliyyat və digər səyyar vasitələrin istifadəsi zamanı zərərli maddələrin kütləsinin atılmanın texniki normativlərə uyğunluğunu təsdiq edən sertifikatlar, habelə yanacağın atmosfer havasının mühafizəsinə dair tələblərə uyğunluğunu təsdiq edən sertifikatlar qanunvericiliklə müəyyən edilmiş qaydada verilir;

13.1.8. müvafiq icra hakimiyyəti orqanı işlədilməsi nəticəsində atmosfer havasını çirkləndirən neft və təbii qaz məhsullarının, başqa yanacaq növlərinin istifadəsini məhdudlaşdıra bilər, habelə ekoloji cəhətdən təhlükəsiz yanacaq növlərinin və digər enerji daşıyıcılarının istehsalını və istifadəsini stimullaşdırır.

13.2. Atmosfer havasının vəziyyətinin və atmosfer proseslərinin dəyişməsinə yönələn fəaliyyət yalnız müvafiq icra hakimiyyəti orqanının verdiyi xüsusi icazə əsasında bu fəaliyyətin insanın sağlamlığı və həyatı, ətraf mühit üçün zərərli nəticələri olmadıqda həyata keçirilə bilər.

Maddə 14. Təsərrüfat obyektlərinin layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istismarı zamanı atmosfer havasının mühafizəsinə dair tələblər

14.1. Təsərrüfat obyektlərinin layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istismarı zamanı atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativlərinə riayət edilməsinə dair tələblər təmin olunmalıdır.

14.2. Şəhər və digər yaşayış məntəqələrinin hüdudlarında, yanında, habelə şəhər və digər yaşayış məntəqələrinin salınması, yenidən tikintisi zamanı atmosfer havasının keyfiyyət normativlərinə zərərli təsir edən təsərrüfat obyektləri layihələşdirilərkən, yerləşdirilərkən atmosfer havasının çirklənməsinin fon səviyyəsi və təsərrüfat fəaliyyətinin həyata keçirilməsi nəticəsində onun keyfiyyətinin dəyişməsi nəzərə alınmalıdır.

14.3. Əhalinin yaşayış yerlərində atmosfer havasının mühafizəsi məqsədilə müəssisə və təşkilatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada sanitar-mühafizə zolaqları ayrılır. Belə sanitar-mühafizə zolaqlarının ölçüləri atmosfer havasına atılan zərərli maddələrin yayılma dərəcəsi, müəssisə və təşkilatların sanitar təsnifatı ilə müəyyən edilir.

14.4. Atmosfer havasının keyfiyyətinə zərərli təsir edə bilən təsərrüfat obyektlərinin tikinti layihələrində atmosfer havasına atılan zərərli maddələrin miqdarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərə uyğun olaraq azaldılması və onların zərərsizləşdirilməsi öz əksini tapmalıdır.

14.5. Atmosfer havasının keyfiyyətinə zərərli təsir edə bilən təsərrüfat obyektlərinin salınması yerləri müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılır.

14.6. Yeni salınan və ya yenidən qurulan təsərrüfat obyektlərində atmosfer havasına zərərli maddələrin atılmasının və zərərli fiziki təsirlərin atılmanın texniki normativlərindən və yol verilən həddindən, zərərli fiziki təsirlərin yol verilən həddindən artıq olmaması təmin olunmalıdır.

14.7. Atmosfer havasının mühafizəsi qaydalarında nəzərdə tutulmuş qaztoztutucu qurğuları və atmosfer havasına atılan zərərli maddələrə ölçü-nəzarət vasitələri olmayan təsərrüfat obyektlərinin yerləşdirilməsi və istismarı qadağandır.

14.8. İnsanın sağlamlığının pisləşməsinə, ozon qatının, iqlimin, flora və faunanın vəziyyəti, ətraf mühit və əhali üçün ağır nəticələrə səbəb ola bilən təsərrüfat obyektlərinin layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi və istismarı qadağandır.

Maddə 15. Nəqliyyat və digər səyyar vasitələrinin istismarı zamanı atmosfer havasına zərərli maddələrin atılmasının tənzimlənməsi

15.1. Atmosfer havasına atılan zərərli maddələrin miqdarı və tərkibi qanunvericiliklə müəyyən edilmiş atılmanın texniki normativlərindən artıq olan nəqliyyat və digər səyyar vasitələrin istismarı qadağandır.

15.2. Müvafiq icra hakimiyyəti orqanları nəqliyyat və digər səyyar vasitələrinin istismarı zamanı atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılmasını təmin edən tədbirlər həyata keçirməlidirlər.

15.3. Müvafiq icra hakimiyyəti orqanları nəqliyyat və digər səyyar vasitələrin yaşayış məntəqələrinə, istirahət, turizm yerlərinə, sağlamlıq və səhiyyə obyektlərinə girişini məhdudlaşdıra, nəqliyyat vasitələrinin hərəkətini tənzimləyə bilərlər.

15.4. Atmosfer havasına nəqliyyat və digər səyyar vasitələrindən atılan zərərli maddələrin atılmanın texniki normativlərindən artıq olmamasına nəzarət qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Maddə 16. İstehsal və məişət tullantılarının saxlanılması, basdırılması, zərərsizləşdirilməsi və yandırılması zamanı atmosfer havasına zərərli maddələrin atılmasının tənzimlənməsi

16.1. Müəssisə və təşkilatların, yaşayış məntəqələrinin ərazisində atmosfer havasına zərərli təsir göstərən istehsal və məişət tullantılarının saxlanılması, basdırılması, zərərsizləşdirilməsi qanunvericiliklə müəyyən edilən qaydada həyata keçirilir. Həmin tullantıların xüsusi qurğular olmadan yandırılmasına icazə verilmir.

16.2. İstehsal və məişət tullantıları atmosfer havasının çirklənmə mənbəyi olan hüquqi və fiziki şəxslər belə tullantıların saxlanılması, yaxud basdırılması üçün onların xüsusi yerlərə, habelə onları xammal kimi istifadə edən təsərrüfat və digər fəaliyyət obyektlərinə daşınmasını təmin etməlidirlər.

16.3. Atmosfer havasını çirkləndirən istehsal və məişət tullantıları üçün saxlanma, basdırılma və məhv edilmə yerləri müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə razılaşdırılır.

Maddə 17. Atmosfer havasının keyfiyyətinin dəyişməsi zamanı insanların sağlamlığının və həyatının mühafizəsi

17.1. Şəhər və digər yaşayış məntəqələrinin ərazilərində əlverişsiz meteoroloji şərait yarandığı zaman atmosfer havasına atılan zərərli maddələrin miqdarını tənzimləmək məqsədilə müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları müvafiq proqnozlar əsasında hazırlanmış tədbirlər həyata keçirirlər.

17.2. Fəaliyyəti nəticəsində zərərli maddələri atmosfer havasına atan hüquqi və fiziki şəxslər əlverişsiz meteoroloji şərait barədə proqnozları əldə etdikdə zərərli maddələrin miqdarının azaldılmasına dair tədbirləri müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdıraraq həyata keçirməlidirlər.

17.3. Qəza zamanı zərərli maddələrin atmosferə atılması nəticəsində atmosfer havasının keyfiyyətinin pisləşməsinə, insan sağlamlığına və həyatına təhlükə yarandığı halda, onların mühafizəsinə dair qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən təcili tədbirlər həyata keçirilir.

Maddə 18. Atmosfer havasının transsərhəd çirklənməsi

Mənbəyi xarici ölkənin ərazisində yerləşən zərərli maddələrin yayılması nəticəsində Azərbaycan Respublikası ərazisində atmosfer havasının çirklənməsi müşahidə edildiyi halda müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir.

IV fəsil. Atmosfer havasına zərərli təsirlərin və onların mənbələrinin dövlət uçotu, iqtisadi tənzimləmə

Maddə 19. Atmosfer havasına atılan zərərli maddələrin, zərərli fiziki təsirlərin və onların mənbələrinin dövlət uçotu

19.1. Parnik effektli qazlar, ozon təbəqəsini dağıdan maddələr və fiziki təsirlər daxil olmaqla atmosfer havasına atılan zərərli maddələrin miqdarı və tərkibi, zərərli fiziki təsirlərin növləri və miqyası göstərilməklə atmosfer havasına atılan zərərli maddələrin və ona zərərli fiziki təsirlərin mənbəyi olan hüquqi və fiziki şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət uçotuna alınmalıdırlar.

19.2. Atmosfer havasının mühafizəsi sahəsində statistik məlumatların uçotu və təhlilini həyata keçirən təşkilatların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 20. Atmosfer havasına atılan zərərli maddələrin və ona fiziki təsir mənbələrinin inventarlaşdırılması

20.1. Atmosfer havasına atılan zərərli maddələrin və ona fiziki təsir mənbəyi olan hüquqi və fiziki şəxslər atmosfer havasına atılan zərərli maddələrin, ona fiziki təsir mənbələrinin inventarlaşdırılmasını müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada həyata keçirir.

20.2. Dövlət uçotuna alınan və normalaşdırılan atmosfer havasına atılan zərərli maddələrin və ona fiziki təsir mənbələrinin müəssisə və təşkilatlar, şəhər və digər yaşayış məntəqələri üzrə siyahıları atmosfer havasına atılan zərərli maddələrin, fiziki təsir mənbələrinin inventarlaşdırılmasının məlumatları əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 21. Atmosfer havasının zərərli maddələrlə çirkləndirilməsinə və ona fiziki təsirlərə görə ödəmələr

Hüquqi və fiziki şəxslər atmosfer havasına stasionar mənbələrdən zərərli maddələrin atılması və zərərli fiziki təsirlər üçün xüsusi icazənin almasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada haqq ödəyirlər.

Maddə 22. Atmosfer havasının çirkləndirilməsi nəticəsində insanların sağlamlığına, əmlaka və ətraf mühitə vurulan ziyanın ödənilməsi

Atmosfer havasının çirkləndirilməsi nəticəsində insanların sağlamlığına, əmlaka və ətraf mühitə vurulan zərər qanunvericiliklə müəyyən edilmiş qaydada atmosfer havasının çirklənməsində təqsirkar hesab edilən fiziki və hüquqi şəxslərin hesabına qanunvericiliyə uyğun olaraq ödənilir.

V fəsil. Atmosfer havasının mühafizəsinə nəzarət

Maddə 23. Atmosfer havasının monitorinqi

23.1. Atmosfer havasının çirklənməsinin müşahidəsi, onun vəziyyətinin kompleks qiymətləndirilməsi və proqnozu, habelə müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarını, müəssisələri, təşkilatları və əhalini cari və təcili məlumatlarla təmin etmək məqsədilə dövlət monitorinqi sistemi təşkil edilir və aparılır.

23.2. Atmosfer havasının dövlət monitorinqi ətraf mühitin dövlət monitorinqinin əsas tərkib hissəsi olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada aparılır.

Maddə 24. Atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarəti

24.1. Atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarəti:

24.1.1. atmosfer havasına atılan zərərli maddələrə və onların zərərli fiziki təsirlərinə verilən xüsusi icazənin şərtlərinə;

24.1.2. atmosfer havasının mühafizə standartlarına, normativlərinə, qaydalarına və digər tələblərinə, o cümlədən atmosfer havasının mühafizəsinə istehsalat nəzarətinin keçirilməsinə;

24.1.3. atmosfer havasına atılan zərərli maddələrin stasionar mənbəyi olan obyektlərin sanitar-mühafizə rejiminə;

24.1.4. atmosfer havasının mühafizəsinə dair məqsədli dövlət proqramlarının və tədbirlərin həyata keçirilməsinə;

24.1.5. nəqliyyat və digər səyyar vasitələri üçün qanunvericiliklə müəyyən edilmiş atılmanın texniki normativlərinə riayət olunmasına;

24.1.6. atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin digər tələblərinə və beynəlxalq aktlara əməl edilməsini təmin etməlidir.

24.2. Atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları qanunvericiliklə müəyyən edilən qaydada həyata keçirirlər.

Maddə 25. Atmosfer havasının mühafizəsi sahəsində istehsalat (müəssisə) nəzarəti

25.1. Atmosfer havasına zərərli kimyəvi, bioloji və fiziki təsir göstərən mənbələri olan hüquqi şəxslər atmosfer havasının mühafizəsi sahəsində istehsalat (müəssisə) nəzarətini həyata keçirirlər və bu məqsədlə cavabdeh şəxsi təyin edir və (və ya) ekoloji xidməti təşkil edirlər.

25.2. Atmosfer havasına zərərli kimyəvi, bioloji və fiziki təsir göstərən mənbələri olan hüquqi şəxslər atmosfer havasının mühafizəsini qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirirlər.

25.3. Atmosfer havasının mühafizəsinə istehsalat (müəssisə) nəzarətini həyata keçirən şəxslərin və təşkilatların ekoloji xidməti haqqında məlumatlar, habelə nəzarətin nəticələri müvafiq icra hakimiyyəti orqanlarına təqdim edilir.

Maddə 26. Atmosfer havasının mühafizəsi sahəsində ictimai nəzarət

Atmosfer havasının mühafizəsi sahəsində ictimai nəzarət ətraf mühitin mühafizəsi və qeyri-hökumət təşkilatları haqqında Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

VI fəsil. Atmosfer havasına atılan zərərli maddələrin stasionar və səyyar mənbələri olan hüquqi və fiziki şəxslərin vəzifələri, qanunvericiliyin pozulmasına görə məsuliyyət

Maddə 27. Atmosfer havasına atılan zərərli maddələrin stasionar və səyyar mənbələri olan hüquqi və fiziki şəxslərin vəzifələri

27.1. Atmosfer havasına atılan zərərli maddələrin stasionar mənbələri olan hüquqi və fiziki şəxslər;

27.1.1. atmosfer havasına atılan zərərli maddələrin inventarlaşdırılmasının keçirilməsini və atmosfer havasına atılan zərərli maddələrin və onların fiziki təsirlərinin yol verilən həddinə dair normativlərə əməl olunmasını təmin etməyə;

27.1.2. atmosfer havasına zərərli təsir edən təsərrüfat obyektlərinin tikinti yerlərini müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırmağa;

27.1.3. atmosfer havasının çirklənməsi səviyyəsinin azaldılması məqsədilə az tullantılı və tullantısız texnologiyaları tətbiq etməyə;

27.1.4. atmosfer havasına zərərli maddələrin atılmasının qarşısının alınmasına, onların təkrar işlədilməsinə, zərərsizləşdirilməsinə, belə maddələrin istehsalına dair tədbirlərin hazırlanmasını və həyata keçirilməsini təmin etməyə;

27.1.5. qəza zamanı atmosfer havasına atılan zərərli maddələrin qarşısının alınmasına və onun təsirinin aradan qaldırılmasına, qəza nəticələrinin ləğv edilməsinə dair tədbirləri həyata keçirməyə;

27.1.6. atmosfer havasına atılan zərərli maddələrin və onların mənbələrinin uçotunun aparılmasını, həmçinin müəyyən edilmiş normativlərə əməl olunmasına istehsalat nəzarətini keçirməyə;

27.1.7. atmosfer havasına zərərli maddələrin atılmasına nəzarəti və onların zərərsizləşdirilməsi üçün nəzərdə tutulmuş tikililərin, qurğuların və cihazların quraşdırılmasını həyata keçirməyə və onların istismar qaydalarına əməl etməyə;

27.1.8. atmosfer havasına zərərli təsir edən istehsal və digər fəaliyyət obyektlərinin sanitar-mühafizə zolaqlarının rejiminə əməl olunmasını təmin etməyə;

27.1.9. təsərrüfat obyektlərinin ərazilərindən atmosfer havasını çirkləndirən zərərli maddələrin xüsusi saxlama və ya basdırılma yerlərinə, habelə onları xammal kimi istifadə edən obyektlərə vaxtında və təhlükəsiz daşınmasını təmin etməyə;

27.1.10. atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin tələblərinin pozulmasının aradan qaldırılmasına dair müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin sərəncamlarını və yazılı göstərişlərini yerinə yetirməyə;

27.1.11. qəza nəticəsində atmosfer havasının çirklənməsinə səbəb olan zərərli maddələr barədə məlumatları müvafiq icra hakimiyyəti orqanlarına dərhal göndərməyə;

27.1.12. atmosfer havasının mühafizəsi məsələlərinə dair məlumatları müvafiq icra hakimiyyəti orqanlarına müəyyən edilmiş qaydada təqdim etməyə;

27.1.13. atmosfer havasının mühafizəsinə dair müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilmiş digər tələblərə əməl etməyə borcludurlar.

27.2. Nəqliyyat və digər səyyar vasitələrinin istismarı zamanı hüquqi və fiziki şəxslər bu vasitələrdən atmosfer havasına atılan zərərli maddələrin qanunvericiliklə müəyyən edilmiş atılmanın texniki normativlərindən artıq olmamasını təmin etməlidirlər.

Maddə 28. Atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyət

28.0. Atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə aşağıdakı hallarda:

28.0.1. bu Qanunda nəzərdə tutulmuş zərərli maddələrin atılmasının və zərərli fiziki təsirlərin normativləri və hədlərini aşdıqda;

28.0.2. müvafiq icra hakimiyyəti orqanlarının xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələr atdıqda;

28.0.3. xüsusi icazədə göstərilmiş normalardan artıq zərərli maddələri atdıqda və zərərli fiziki təsir etdikdə;

28.0.4. atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirə nəzarət etmək məqsədilə quraşdırılmış qurğulardan, avadanlıqdan və cihazlardan istismar qaydaları pozulduqda;

28.0.5. atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin tələblərinə cavab verməyən yeni və yenidən qurulmuş qurğuları və avadanlıqları istismara verdikdə;

28.0.6. atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməyən və atmosfer havasına zərərli maddələrin atılmasına nəzarət üçün texniki vasitələrlə təmin olunmasını nəzərə almayan kəşfləri, ixtiraları, səmərələşdirici təklifləri, yeni texniki sistemləri, maddələri tətbiq etdikdə, habelə bu cür texnoloji avadanlıqları idxal etdikdə;

28.0.7. atmosfer havasının mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanların göstərişlərini yerinə yetirmədikdə;

28.0.8. sənaye və məişət tullantılarının toplanması, yandırılması, bitki aləmini qoruyan, onların artımını təmin edən vasitələrin, mineral gübrələrin və digər preparatların daşınması, saxlanması, tətbiqi qaydalarının pozulması nəticəsində atmosfer havası çirkləndikdə;

28.0.9. müəssisə, idarə və təşkilatların yerləşdiyi yerlərdə atmosfer havasının vəziyyətinə nəzarət qaydalarına əməl etmədikdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada təqsirkar hesab edilən hüquqi və fiziki şəxslər, habelə vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Maddə 29. Atmosfer havasının mühafizəsi sahəsində mübahisələrin həlli qaydaları

Atmosfer havasının mühafizəsi sahəsində mübahisələr məhkəmələr tərəfindən və ya Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada həll edilir.

VII fəsil. Atmosfer havasının mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıq

Maddə 30. Atmosfer havasının mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıq

Azərbaycan Respublikası ekoloji təhlükəsizliyin üstünlüyünün gözlənilməsi prinsiplərini rəhbər tutaraq atmosfer havasının mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirir.

Maddə 31. Atmosfer havasının mühafizəsi sahəsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələr

Atmosfer havasının mühafizəsi sahəsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrdə Azərbaycan Respublikasının qanunvericiliyindən fərqli qaydalar müəyyən edildikdə, beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 27 mart 2001-ci il.

№ 109-IIQ.

«Azərbaycan» qəzetində dərc edilmişdir (22 iyun 2001-ci il, № 139).

 

Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir (30 iyun 2001-ci il, № 6, maddə 364).

Qaynar xətt nömrələri

Daxili İşlər Nazirliyi-102

Fövqəladə Hallar Nazirliyi-112

Vergilər Nazirliyi-195

İqtisadi İnkişaf Nazirliyi-195-2

Ədliyyə Nazirliyi-195

İnsan alveri ilə bağlı Daxili İşlər Nazirliyinin Qaynar xətti-152

Qeydiyyat və Notariat Baş İdarəsi-1650

Dövlət Miqrasiya Xidməti-919

Dövlət Gömrük Komitəsi-195

Yanğın xidməti-101

Polis-102

Təcili yardım-103

 

Sənəd nümunələri

İddiya ərizələri, şikayət nümunələri, əmək müqaviləsi,

Sənədlər

Go to top