I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

Bank olmayan kredit təşkilatları haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin maliyyə resurslarına olan ehtiyaclarının daha dolğun ödənilməsi, maliyyə xidmətlərindən istifadəsi üçün əlverişli şəraitin yaradılması məqsədilə bank olmayan kredit təşkilatlarının təsis edilməsi, idarə olunması və fəaliyyətinin tənzimlənməsi qaydalarını müəyyən edir.

 

I fəsil

Ümumi müddəalar

 

Maddə 1. Əsas anlayışlar

 

1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. Bank olmayan kredit təşkilatı (bundan sonra в– BOKT) xüsusi razılıq (lisenziya) əsasında kreditlərin verilməsi və bu Qanunla nəzərdə tutulmuş digər fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatı;

1.0.2. Birgə borcalanlar qrupu в– müqaviləyə əsasən qrupun hər bir üzvünün aldığı kreditin qaytarılmasına qarşılıqlı zamin kimi çıxış edən şəxslər;

1.0.3. Girov əmanəti в– kredit müqaviləsinin qüvvədə olduğu müddətdə borcalan və ya birgə borcalanlar qrupu tərəfindən kreditin qaytarılmasının təminatı formalarından biri kimi BOKT-yə birdəfəlik və ya hissə-hissə ödənilən pul vəsaiti;

1.0.4. İnzibatçı в– BOKT-nin təkbaşına rəhbəri və ya icra orqanının üzvləri, mühasibat xidmətinin rəhbəri (baş mühasib, maliyyə meneceri və s.), girov əmanətinə sərəncam vermək hüququ olan digər əməkdaşları, daxili auditoru, habelə girov əmanəti qəbul etmək hüququ olan BOKT filialının və onun mühasibat xidmətinin rəhbərləri;

1.0.5. aidiyyəti olan şəxslər в– Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1-ci maddəsində göstərilən şəxslər;[2]

1.0.6. Maliyyə bazarlarına nəzarət orqanı в– maliyyə bazarlarında tənzimləmə və nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum.[3]

 

Maddə 2. BOKT-nin fəaliyyətinin hüquqi əsasları və bu Qanunun tətbiq dairəsi

 

2.1. BOKT-nin fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları və normativ hüquqi aktları, Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra — Mərkəzi Bank) və maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktları ilə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.[4]

2.2. Bu Qanun kredit ittifaqlarına və lombardlara şamil olunmur.

 

Maddə 3. BOKT-nin müstəqilliyi

 

3.1. BOKT öz fəaliyyətini bu Qanunla müəyyən edilmiş səlahiyyətlər çərçivəsində müstəqil həyata keçirir.

3.2. Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, BOKT dövlət hakimiyyəti və bələdiyyə orqanlarından asılı deyil və həmin orqanlar onun cari fəaliyyətinə müdaxilə edə bilməzlər.

3.3. BOKT dövlətin öhdəliklərinə, dövlət isə BOKT-nin öhdəliklərinə görə məsuliyyət daşımır.

3.4. BOKT tərəfindən verilən kreditlər üzrə faiz dərəcəsi, habelə bu Qanuna müvafiq olaraq göstərilən maliyyə xidmətlərinə görə tutulan komisyon və xidmət haqlarının məbləği BOKT ilə borcalan (xidmətlərdən istifadə edən) arasında bağlanılan müqavilə ilə müəyyən olunur.

 

Maddə 4. BOKT-nin birlikləri və assosiasiyaları

 

4.1. BOKT-lər fəaliyyətinin əlaqələndirilməsi, habelə ümumi mənafelərinin birgə təmsil edilməsi və müdafiəsi məqsədilə birliklər və assosiasiyalar yarada bilərlər.

4.2. BOKT-lər rəqabətin məhdudlaşdırılmasına və bazarın inhisarlaşmasına istiqamətlənən sazişlər bağlamaq və razlılaşdırılmış əməliyyatlar aparmaq, o cümlədən faiz dərəcələrini və komisyon haqlarını müəyyən etmək üçün birlik və assosiasiyalardan istifadə edə bilməzlər. Birlik və assosiasiyalar öz fəaliyyətini həyata keçirərkən antiinhisar qanunvericiliyinin tələblərinə riayət etməlidilər.

 

II fəsil

BOKT-nin yaradılması və idarə edilməsi

 

Maddə 5. BOKT-nin təşkilati-hüquqi forması və növləri

 

5.1. BOKT-lər Azərbaycan Respublikasının Mülki Məcəlləsində hüquqi şəxslər üçün nəzərdə tutulmuş təşkilati-hüquqi formada, Azərbaycan Respublikasının və (və ya) xarici dövlətlərin fiziki və hüquqi şəxsləri, habelə beynəlxalq təşkilatlar tərəfindən təsis edilə bilərlər. Qeyri-kommersiya BOKT-ləri yalnız fond formasında, Azərbaycan Respublikasının bağladığı müqavilələrə uyğun olaraq beynəlxalq təşkilatlar, habelə xarici ölkələrin dövlət büdcəsindən maliyyələşdirilən qeyri-hökumət təşkilatları tərəfindən təsis edilə bilərlər. Qeyri-kommersiya BOKT-ləri kommersiya təşkilatları yarada və ya onlarda iştirak edə bilməzlər.

5.2. BOKT-lər iki növə - girov əmanəti qəbul etmək hüququ olan və belə hüququ olmayan kredit təşkilatlarına bölünürlər.

5.3. Xarici ölkələrin ərazisində fəaliyyət göstərən BOKT Azərbaycan Respublikasında yalnız girov əmanəti qəbul etmək hüququ olmayan filiallar təsis edə bilər. Belə filiallara lisenziyaların verilməsi, onların fəaliyyətinin tənzimlənməsi və fəaliyyətləri üzərində nəzarət bu Qanunla girov əmanəti qəbul etmək hüququ olmayan BOKT-lər üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

 

Maddə 6. BOKT-nin adı

 

6.1. BOKT-nin adında “bank olmayan kredit təşkilatı” sözləri olmalıdır. Heç bir BOKT sənədlərdə, elanlarda və ya reklamlarda öz nizamnaməsində göstərilən addan fərqli adla adlandırıla bilməz.

6.2. BOKT dövlət qeydiyyatına alınmış və fəaliyyətdə olan в– bankların, kredit ittifaqlarının və digər bank olmayan kredit təşkilatlarının adlarından istifadə edə bilməz.

 

Maddə 7. BOKT-nin nizamnamə (şərikli) kapitalı

 

7.1. BOKT-nin minimum nizamnamə (şərikli) kapitalı, habelə qeyri-kommersiya hüquqi şəxs kimi yaradılan BOKT-nin təsisçilərinin əmlak haqları pul şəklində ödənilməlidir. Nizamnamə (şərikli) kapitalı (əmlak haqları) Azərbaycan Respublikasının milli valyutasında formalaşdırılmalıdır.

7.2. BOKT-lərin nizamnamə (şərikli) kapitalının minimum miqdarı, onların formalaşdırdıqları ilkin əmlaka dair minimum tələblərmaliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən olunur.

 

Maddə 8. BOKT-nin təşkilati strukturuna və inzibatçılarına dair tələblər

 

8.1.Təşkilati-hüquqi formasından asılı olmayaraq BOKT-nin təşkilati strukturunda ən azı aşağıdakı vəzifələr nəzərdə tutulmalıdır:

8.1.1. rəhbər (direktor, kollegial icra orqanının rəhbəri);

8.1.2. mühasibat xidmətinin rəhbəri (baş mühasib, maliyyə meneceri);

8.1.3. kredit mütəxəssisi;

8.1.4. daxili auditor.

8.2. BOKT-nin inzibatçıları ali təhsilə və ən azı bir illik iş təcrübəsinə malik olmalıdırlar. Mühasibat xidmətinin rəhbəri ali iqtisadi təhsilə və müvafiq ixtisas üzrə ən azı bir illik iş təcrübəsinə və ya orta ixtisas təhsilinə və müvafiq ixtisas üzrə ən azı 5 illik iş təcrübəsinə malik olmalıdır.

8.3. Qanunla müəyyən edilmiş qaydada müvafiq vəzifənin tutulması qadağan edilən, habelə qəsdən törədilmiş cinayətlərə görə məhkumluğu olan şəxslər BOKT-nin inzibatçıları ola bilməzlər.

 

Maddə 9. BOKT-nin filialları və nümayəndəlikləri

 

9.1. BOKT öz filiallarını və nümayəndəliklərini aça bilər.

9.2. Girov əmanəti qəbul etmək hüququ olan BOKT-nin filialı yalnız maliyyə bazarlarına nəzarət orqanın verdiyi icazə əsasında açıla bilər.

9.3. Girov əmanəti qəbul etmək hüququ olmayan BOKT-nin filialı və hər iki növdən olan BOKT-nin nümayəndəliyi əvvəlcədən maliyyə bazarlarına nəzarət orqanına yazılı məlumat verilməklə açıla bilər. Bu halda BOKT öz filialının və ya nümayəndəliyinin açılması barədə qərarın qəbul edildiyi gündən 5 iş günü müddətində maliyyə bazarlarına nəzarət orqanına yazılı məlumat verməlidir. Məlumatda qərarı qəbul edən idarəetmə orqanının adı, qərarın tarixi və nömrəsi, açılan filialın və ya nümayəndəliyin adı, onların ünvanı və rəhbərləri (ixtisası və iş təcrübələri) barədə informasiya əks olunmalıdır.

9.4. Filial və nümayəndəliklərin əsasnaməsi BOKT tərəfindən təsdiq edilir.

9.5. BOKT öz filialının və nümayəndəliyinin fəaliyyətinə və öhdəliklərinə görə tam məsuliyyət daşıyır.

 

 

III fəsil

Lisenziya və icazələrin verilməsi

 

Maddə 10. Lisenziya

 

10.1. Kreditlərin verilməsi üçün BOKT maliyyə bazarlarına nəzarət orqanından xüsusi razılıq (lisenziya) (bundan sonra в– lisenziya) almalıdır.

10.2. Girov əmanəti qəbul etmək üçün BOKT-nin lisenziyasında bu barədə xüsusi icazə olmalıdır. Belə icazə olmadan BOKT-nin girov əmanəti qəbul etməsi qadağandır.

10.3. BOKT-yə verilən lisenziya müddətsizdir.

10.4. Lisenziya maliyyə bazarlarına nəzarət orqanı tərəfindən verildiyi gündən qüvvəyə minir. Lisenziya yalnız onu almış BOKT tərəfindən istifadə edilə bilər.

 

Maddə 11. Lisenziyanın alınması üçün müraciət

 

11.1. Lisenziyanın alınması üçün BOKT maliyyə bazarlarına nəzarət orqanına aşağıdakı sənədləri təqdim etməlidir:

11.1.1. təsisçi (təsisçilər) və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxs (şəxslər) tərəfindən imzalanmış ərizə;

11.1.2. dövlət qeydiyyatı haqqında şəhadətnamənin və nizamnamənin notariat qaydasında təsdiq edilmiş surətləri;

11.1.3. minimum nizamnamə (şərikli) kapitalının ödənilməsi (ilkin əmlakın formalaşdırılması) barədə bank sənədi;

11.1.4. təşkilati strukturu haqqında məlumat;

11.1.5. inzibatçılarının peşə yararlılığı və qəsdən törədilmiş cinayətlərə görə məhkumluqlarının olmaması haqqında məlumat;

11.1.6. maliyyələşdirmə mənbələri, habelə kredit siyasətinin əsas göstəriciləri (ərazi əhatəsi, kreditləşdirmənin subyektləri, kreditlərin verilməsi müddətləri, faiz dərəcələri və s.) barədə məlumat;

11.1.7. xarici ölkənin ərazisində fəaliyyət göstərən BOKT-nin Azərbaycan Respublikasında filialının açılmasına xarici nəzarət orqanının icazəsi (həmin ölkənin qanunvericiliyi ilə tələb olunduğu halda);

11.1.8. lisenziyanın alınması üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.[5]

11.2. Bu Qanunun 11.1-ci maddəsində nəzərdə tutulan məlumatlar lisenziyanın alınması üçün ərizə verən şəxs (şəxslər) tərəfindən imzalanır. Ərizənin forması və məzmunu, ona əlavə edilən sənədlər maliyyə bazarlarına nəzarət orqanın normativ xarakterli aktları ilə müəyyən edilmiş tələblərə cavab verməlidir.

11.3. Lisenziyanın alınması üçün müraciətə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən 30 gün müddətində baxılır. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar olunduqda maliyyə bazarlarına nəzarət orqanı onların aradan qaldırılması barədə ərizə qəbul edildikdən sonra 15 gündən gec olmayaraq müraciət edənə yazılı bildiriş göndərir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra maliyyə bazarlarına nəzarət orqanı 15 gün müddətində sənədlərə baxır və müvafiq qərar qəbul edir.

 

 

Maddə 12. Lisenziyanın verilməsindən imtinanın əsasları

 

12.1. Lisenziyanın verilməsindən aşağıdakı hallarda imtina edilir:

12.1.1. təqdim olunmuş sənədlər qanunvericiliyin tələblərinə cavab vermədikdə və ya məlumatlar yanlış olduqda;

12.1.2. maliyyə bazarlarına nəzarət orqanı tərəfindən tələb olunan minimum nizamnamə (şərikli kapitalının ödənilməsi və ya təsisçilərin əmlak haqlarının formalaşdırılması barədə bank sənədi təqdim edilmədikdə;

12.1.3. inzibatçılar peşə yararlılığı tələblərinə cavab vermədikdə və (və ya) onların qəsdən törədilmiş cinayətlərə görə məhkumluğu olduqda.

12.2. Maliyyə bazarlarına nəzarət orqanı lisenziyanın verilməsindən imtina etdikdə, müraciət edənə imtinanın səbəblərini göstərməklə yazılı məlumat verir.

12.3. Lisenziyanın verilməsindən imtina barədə maliyyə bazarlarına nəzarət orqanın qərarından qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər.

 

Maddə 13. BOKT-nin filialının açılmasına icazənin alınması üçün müraciət

 

13.1. Girov əmanəti qəbul etmək hüququ olan BOKT öz filialının açılmasına icazənin alınması üçün maliyyə bazarlarına nəzarət orqanına aşağıdakı sənədləri təqdim etməlidir:

13.1.1. BOKT-nin rəhbəri tərəfindən imzalanmış ərizə;

13.1.2. filialın açılması barədə BOKT-nin səlahiyyətli idarəetmə orqanının qərarı;

13.1.3. filialın əsasnaməsi;

13.1.4. filialın inzibatçılarının təyin edilməsi haqqında BOKT-nin səlahiyyətli idarəetmə orqanının qərarı, onların peşə yararlılığı, qəsdən törədilmiş cinayətlərə görə məhkumluqlarının olmaması haqqında məlumat (məlumat BOKT-nin rəhbəri tərəfindən imzalanır).

13.2. Filialın açılmasına icazənin alınması üçün müraciətə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən 20 gün müddətində baxılır. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar olunduqda maliyyə bazarlarına nəzarət orqanı onların aradan qaldırılması barədə ərizə qəbul edildikdən sonra 5 iş günündən gec olmayaraq müraciət edənə yazılı bildiriş göndərir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonramaliyyə bazarlarına nəzarət orqanı 10 iş günü müddətində sənədlərə baxır və müvafiq qərar qəbul edir.

13.3. Təqdim edilmiş sənədlər və məlumatlar qanunvericiliyin tələblərinə cavab verdikdə maliyyə bazarlarına nəzarət orqanı filialın açılmasına icazənin verilməsi barədə qərar qəbul edir, əks halda imtinanın səbəblərini göstərməklə BOKT-yə yazılı məlumat verir.

 

Maddə 14. Lisenziyaların və icazələrin reyestri

 

14.1. Maliyyə bazarlarına nəzarət orqanı BOKT-lərin, onların filiallarının və nümayəndəliklərinin ictimaiyyət üçün açıq olan vahid reyestrini tərtib edir. BOKT-lərin, onların filiallarının və nümayəndəliklərinin adları, ünvanları, onlara verilmiş və ləğv edilmiş lisenziyaların və icazələrin qeydiyyat nömrələri və tarixləri, inzibatçıları barədə məlumat, fəaliyyətinə xitam verilmiş BOKT-lər, onların filial və nümayəndəlikləri haqqında məlumat alındıqdan sonra 3 iş günü müddətində reyestrə daxil edilir.

14.2. BOKT reyestrə daxil edilmiş məlumatda, habelə təsis sənədlərində (nizamnamədə, əsasnamədə) dəyişikliklər barədə maliyyə bazarlarına nəzarət orqanına 5 təqvim günü müddətində yazılı bildiriş göndərməlidir. BOKT-yə yeni inzibatçı təyin edildikdə bildirişə həmin şəxslərin bu Qanunun 8.2-ci və 8.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə cavab verməsi barədə məlumat daxil edilməlidir.

 

IV fəsil

BOKT-lərin fəaliyyətinə dair tələblər

 

Maddə 15. BOKT-lərin fəaliyyəti

 

15.1. BOKT maliyyə bazarlarına nəzarət orqanından aldığı lisenziya əsasında təminatlı və təminatsız kreditlər verə bilər. BOKT tərəfindən verilən kreditlər daşınan və daşınmaz əmlakın girovu, girov əmanəti, qarantiya, zaminlik və qanunvericiliklə nəzərdə tutulmuş digər üsullarla təmin oluna bilər. Girov əmanəti yalnız maliyyə bazarlarına nəzarət orqanın BOKT-yə verdiyi lisenziyada bu barədə xüsusi icazə olduqda qəbul edilə bilər.

15.2. Kreditlərin verilməsi üçün lisenziya almış BOKT aşağıdakı fəaliyyət növlərini də həyata keçirə bilər:

15.2.1. borc öhdəliklərinin alqı-satqısı (faktorinq, forfeytinq);

15.2.2. lizinq;

15.2.3. veksellərin uçotu;

15.2.4. qarantiyanın verilməsi;

15.2.5. sığorta agenti xidmətinin göstərilməsi;

15.2.6. borc alanlara, o cümlədən birgə borcalan qruplarına maliyyə, texniki və idarəetmə məsələləri üzrə məsləhət xidmətinin göstərilməsi.

15.3. Bu Qanunun 15.2-ci maddəsində göstərilən fəaliyyət növləri üçün qanunvericiliklə lisenziyanın alınması tələb olunduqda, BOKT həmin fəaliyyət növləri ilə müvafiq lisenziya aldıqdan sonra məşğul ola bilər.[6]

15.4. BOKT-nin hüquqi və fiziki şəxslərdən əmanət (depozit) cəlb etməsi qadağandır.

15.5. BOKT tərəfindən aidiyyəti olan şəxslərlə əqdlərin bağlanması qaydaları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1-ci maddəsi ilə tənzimlənir. Girov əmanəti qəbul etmək hüququ olan BOKT aidiyyəti olan şəxslərə kreditlərin verilməsi zamanı, həmçinin bu Qanunun 19.1.2-ci maddəsinə müvafiq olaraq müəyyən olunan prudensial normativlərə və tələblərə əməl etməlidir.[7]

 

Maddə 16. BOKT-lərin fəaliyyətinin maliyyələşdirilmə mənbələri

 

16.1. BOKT-lərin fəaliyyəti aşağıdakı mənbələr hesabına maliyyələşdirilə bilər:

16.1.1. nizamnamə (şərikli) kapitalı (əmlak haqları) və əldə edilmiş gəlirlər;

16.1.2. cəlb edilmiş kreditlər;

16.1.3. fiziki və hüquqi şəxslərin ianələri, qrantları və digər formalarda əvəzsiz olaraq ayırdıqları vəsaitlər;

16.1.4. qanunvericilikdə qadağan olunmayan digər mənbələrdən əldə edilən vəsaitlər.

16.2. Beynəlxalq təşkilatlar, xarici ölkələrin hökumətləri və digər donorlar tərəfindən əvəzsiz olaraq ayrılan vəsaitlər, habelə onlardan əldə olunan gəlirlər BOKT-lər tərəfindən Azərbaycan Respublikasından kənara çıxarılmamalıdır.

 

Maddə 17. Kredit müqaviləsi

 

17.1. BOKT kreditlərin verilməsində şəffaflığı təmin etməli, borcalanları aldıqları kreditin dəyəri və kreditlə əlaqədar çəkəcəkləri xərclər barədə tam məlumatlandırmalıdır.

17.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadıqda, BOKT ilə borcalan arasında bağlanılan kredit müqaviləsində ən azı aşağıdakılar öz əksini tapmalıdır:

17.2.1. tərəflərin adları və hüquqi ünvanları;

17.2.2. kreditin məqsədi;

17.2.3. kreditin məbləği;

17.2.4. kreditin qaytarılma müddəti;

17.2.5. kreditin qaytarılma üsulu;

17.2.6. təminatın forması (təminatlı kredit verildikdə);

17.2.7. kredit üzrə faizlərin, o cümlədən illik faiz dərəcəsinin məbləği (illik faiz dərəcəsi kreditin qaytarılma müddətindən asılı olmayaraq göstərilməlidir);

17.2.8. kredit üzrə borcun (əsas borcun və faizlərin) bərabər aylıq ödənişlər formasında ödənilməsi nəzərdə tutulduqda, kreditdən istifadə edilən müddət ərzində orta hesabla ödəniləcək həqiqi faiz dərəcəsi;

17.2.9. tərəflərin məsuliyyəti.

17.3. Kredit müqaviləsi yazılı formada ən azı iki nüsxədə tərtib olunur və bir nüsxə borcalana verilir, digər nüsxələr isə BOKT tərəfindən kreditin rəsmiləşdirilməsinə dair sənədlər toplusuna əlavə edilir.

17.4. Birgə borcalanlar qrupu ilə bağlanılan kredit müqaviləsində qrupun bütün üzvləri barədə məlumatlar (adları, hüquqi ünvanları və s.) əks olunmalı və hər bir üzv üçün ayrıca nüsxə tərtib edilərək, onlara təqdim edilməlidir.

17.5. Borcalan bu Qanunun 17.2-ci maddəsində göstərilən şərtlərin kredit müqaviləsində əks etdirilməməsi nəticəsində ona dəyən zərərin ödənilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada BOKT-dən tələb edə bilər.

 

Maddə 18. Girov əmanəti

 

18.1. Kredit müqaviləsində veriləcək kreditin girov əmanəti ilə təmin edilməsi nəzərdə tutula bilər. Girov əmanətinin məbləği təmin olunan əsas borcun qalığı və ona hesablanacaq faizlərdən, müddəti isə kreditin müddətindən artıq ola bilməz.

18.2. Girov əmanəti nağd və ya nağdsız qaydada BOKT-yə ödənilir və BOKT tərəfindən 2 iş günü ərzində ona xidmət göstərən bankda (banklarda) bu əmanətlər üçün açılmış xüsusi hesabda (hesablarda) yerləşdirilir.

18.3. BOKT qəbul etdiyi hər bir girov əmanətinin fərdi uçotunu aparmalıdır. Uçot məlumatları borcalanı (birgə borcalanlar qrupunu) və girov əmanəti ilə təmin edilmiş krediti tam eyniləşdirməyə imkan verməlidir.

18.4. Kredit tam ödənildikdə və ya kredit müqaviləsi ilə müəyyən edilmiş digər hallarda girov əmanəti borcalanın müraciət etdiyi gündən ən geci 2 iş günü müddətində BOKT tərəfindən borcalana (birgə borcalanlar qrupuna) qaytarılır.

18.5. Kredit müqaviləsi ilə nəzərdə tutulan hallarda BOKT girov əmanəti üzrə hesablanmış faizləri ödəməlidir.

18.6. Borcalan (birgə borcalanlar qrupu) kredit üzrə borcu (əsas borc, faizlər, cərimə) ödəyə bilmədikdə, kredit müqaviləsində nəzərdə tutulduğu hallarda, BOKT həmin borcu mübahisəsiz (akseptsiz) qaydada girov əmanəti hesabından tuta bilər.

18.7. BOKT girov əmanəti hesablarında yerləşdirdiyi vəsait hesabına kreditlər verə və digər maliyyə xidmətləri göstərə bilməz. Girov əmanətinin yerləşdirildiyi hesabdan yalnız aşağıdakı hallarda istifadə edilə bilər:

18.7.1. dövlət qiymətli kağızları və mərkəzi bankların qiymətli kağızları alındıqda (bu Qanunun 18.4-cü maddəsinin tələblərinə riayət etmək şərti ilə);

18.7.2. bu Qanunun 18.6-cı maddəsində nəzərdə tutulmuş hüquqdan istifadə edildikdə.

 

Maddə 19. BOKT-nin fəaliyyətinə dair prudensial normativlər və tələblər

 

19.1. Girov əmanəti qəbul etmək hüququ olan BOKT-nin maliyyə sabitliyini təmin etmək məqsədilə maliyyə bazarlarına nəzarət orqanı bu növ BOKT-nin fəaliyyətinə dair aşağıdakı prudensial normativləri və tələbləri müəyyən edə bilər:

19.1.1. bir borcalana və birgə borcalanlar qrupuna verilən kreditin maksimum miqdarı;

19.1.2. aidiyyəti şəxslərə verilən kreditlərin maksimum məbləği və həmin şəxslərlə aparılan əməliyyatlara dair tələblər;

19.1.3. qəbul edilmiş girov əmanətlərinin BOKT-nin kapitalına olan nisbəti;

19.1.4. aktivlərin, balansarxası öhdəliklərin təsnifatından qiymətləndirilməsindən asılı olaraq mümkün zərərin ödənilməsi üçün xərclər hesabına yaradılan xüsusi ehtiyatlara aid tələblər.

19.2. Maliyyə bazarlarına nəzarət orqanı BOKT-nin fəaliyyətinin tənzimlənməsi prosesində zərurət yarandıqca normativlərin hamısını və ya bir qismini tətbiq edə bilər.

19.3. Girov əmanəti qəbul etmək hüququ olmayan və ya qeyri-kommersiya hüquqi şəxs kimi fəaliyyət göstərən BOKT öz fəaliyyəti dövründə nizamnamə (şərikli) kapitalını (əmlakını) maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilən minimum miqdardan az olmayan səviyyədə təmin etməlidir.

19.4. Maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilmiş yeni prudensial normativlər və tələblər, onlarda dəyişikliklər fəaliyyətdə olan BOKT-lərə rəsmən bildirildikdən sonra bir aydan tez olmayaraq, nizamnamə (şərikli) kapitalının (əmlakın) minimum miqdarına aid tələblərə dəyişikliklər isə BOKT-lərə rəsmən bildirildikdən sonra bir ildən tez olmayaraq qüvvəyə minir. Yeni prudensial normativlərin və tələblərin geriyə qüvvəsi yoxdur.

 

Maddə 20. BOKT-də mühasibat uçotu və maliyyə hesabatı

 

20.1. BOKT “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa və digər normativ hüquqi və normativ xarakterli aktlarauyğun olaraq mühasibat uçotunu aparmalı və maliyyə hesabatlarını tərtib etməlidir.[8]

20.2. Borcalanlar, habelə digər maraqlı şəxslər BOKT-nin maliyyə hesabatları ilə tanış olmaq hüququna malikdirlər.

20.3. BOKT maliyyə ili qurtardıqdan sonra ən geci 5 ay müddətində kənar auditor tərəfindən təsdiqlənmiş illik maliyyə hesabatınımaliyyə bazarlarına nəzarət orqanına təqdim etməli və onu kütləvi informasiya vasitələrində dərc etdirməlidir.

 

 

Maddə 21. BOKT-nin fəaliyyətinin şəffaflığı ilə bağlı tələblər

 

21.1. BOKT və onun filialları öz inzibati binasında xidmətlərin göstərilməsi şərtləri, o cümlədən kreditlərin verilməsi şərtləri barədə məlumatı və öz lisenziyasını aydın görünən yerdə yerləşdirməli və istənilən şəxsə həmin şərtlərlə tanış olmaq imkanı yaratmalıdır.

21.2. BOKT öz fəaliyyəti haqqında bilərəkdən yalan reklama yol verməməli və reklam haqqında qanunvericiliyin digər tələblərinə riayət etməlidir.

21.3. BOKT öz adının və ünvanının dəyişdirilməsi barədə ən geci 7 təqvim günü müddətində kütləvi informasiya vasitələrində məlumat dərc etdirməlidir.

 

Maddə 22. Mərkəzləşdirilmiş kredit reyestrinə məlumatın verilməsi

 

22.1. BOKT hər bir borcalan haqqında məlumatı maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktları ilə müəyyən edilmiş iş reqlamentinə, o cümlədən məlumatın xarakterinə, onun verilməsi qaydalarına və şərtlərinə uyğun olaraq maliyyə bazarlarına nəzarət orqanında yaradılmış Mərkəzləşdirilmiş kredit reyestrinə verməlidir.

22.2. BOKT Mərkəzləşdirilmiş kredit reyestrinin iş reqlamentinə, o cümlədən məlumatın verilməsi qaydalarına və şərtlərinə uyğun olaraq öz borcalanları və kredit almaq üçün müraciət edən şəxslər haqqında məlumatı həmin reyestrdən ala bilər.

22.3. BOKT-nin istənilən borcalanı Mərkəzləşdirilmiş kredit reyestrindən özü haqqında məlumatı reyestrin iş reqlamentinə uyğun olaraq ala bilər.

22.4. BOKT tərəfindən Mərkəzləşdirilmiş kredit reyestrindən alınan məlumata qanunvericilikdə nəzərdə tutulmuş bank sirrinin qorunması rejimi tətbiq olunur. Bank sirrinin qorunması rejimini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş məsuliyyət daşıyırlar.

 

Maddə 23. Məxfilik

В 

BOKT öz müştəriləri ilə apardığı əməliyyatların, o cümlədən qəbul etdiyi girov əmanətinə dair məlumatın məxfiliyini “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq surətdə qorumalı, onun qanunsuz açıqlanmasına yol verməməlidir. Həmin məlumat müştəri ilə qarşılıqlı münasibətlərə xitam verildikdən sonra ən azı 5 il müddətində BOKT-də saxlanmalıdır.

 

V fəsil

BOKT-nin fəaliyyətinə nəzarət

 

Maddə 24. BOKT-nin fəaliyyətinə nəzarət

 

24.1. BOKT-nin fəaiyyətinə nəzarət onun nizamnaməsində müəyyən edilmiş idarəetmə orqanı tərəfindən həyata keçirilir.

24.2. BOKT fəaliyyəti barədə prudensial tələblərə dair hesabatları maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilmiş forma və məzmunda hər hesabat rübü başa çatdıqdan sonra 10 gündən gec olmayaraq maliyyə bazarlarına nəzarət orqanına təqdim etməlidir.

24.3. Hesabatların təhlili nəticəsində bu Qanunun, maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktlarının tələblərinin pozulması halları aşkara çıxarıldıqda və ya bu cür pozuntulara səbəb ola biləcək faktlar məlum olduqda maliyyə bazarlarına nəzarət orqanıonların aradan qaldırılması barədə BOKT-yə xəbərdarlıq məktubu göndərir. Məktubda BOKT tərəfindən yol verilmiş pozuntuların (nöqsanların) və ya bu cür pozuntulara səbəb ola biləcək faktların aradan qaldırılması üçün görülməli tədbirlər və onların yerinə yetirilməsi müddəti göstərilir.

24.4. BOKT xəbərdarlıq məktubunda müəyyən olunan vaxt ərzində göstərilmiş tədbirlərin həyata keçirilməsi barədə maliyyə bazarlarına nəzarət orqanına yazılı məlumat verməlidir. Maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən olunmuş vaxt ərzində tədbirlər tam və ya tələblərə uyğun şəkildə həyata keçirilmədikdə, maliyyə bazarlarına nəzarət orqanı BOKT-yə ikinci xəbərdarlıq məktubu göndərir və müvafiq tədbirlərin müəyyən olunmuş vaxt ərzində həyata keçirilməyəcəyi təqdirdə lisenziyanın ləğv ediləcəyi barədə xəbərdarlıq edir.

24.5. Maliyyə bazarlarına nəzarət orqanı BOKT-nin fəaliyyətini “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlayır.[9]

 

Maddə 25. Lisenziyanın və icazələrin ləğvi

 

25.1. BOKT-nin lisenziyası və ya filiallara verilmiş icazələr aşağıdakı bir və ya bir neçə əsas olduqda maliyyə bazarlarına nəzarət orqanı tərəfindən ləğv edilə bilər:

25.1.1. BOKT tərəfindən müvafiq ərizə təqdim edildikdə;

25.1.2. lisenziya və ya icazə almaq üçün BOKT tərəfindən təqdim edilmiş məlumatların yanlış olduğu müəyyən edildikdə;

25.1.3. BOKT və ya onun filialı lisenziyanın və ya icazənin qüvvəyə mindiyi gündən on iki ay müddətində fəaliyyətə başlamadıqda;

25.1.4. fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılması barədə maliyyə bazarlarına nəzarət orqanının və ya Mərkəzi Bankın göstərişlərinə əməl etmədikdə;[10]

25.1.5. tələb olunan hesabatları ardıcıl olaraq iki hesabat tarixinə maliyyə bazarlarına nəzarət orqanına təqdim etmədikdə və yamaliyyə bazarlarına nəzarət orqanına təhrif olunmuş hesabat təqdim etdikdə;

25.1.6. bu Qanunla nəzərdə tutulmamış və ya lisenziyasında qadağan edilmiş fəaliyyəti həyata keçirdikdə;

25.1.7. qanunvericiliyə müvafiq olaraq BOKT ləğv olunduqda və ya müflis elan edildikdə.

25.1-1. Bu Qanunun 25.1.4-cü maddəsində göstərilən əsas olduqda, səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə Mərkəzi Bank lisenziyanın və ya icazənin ləğv edilməsi üçün maliyyə bazarlarına nəzarət orqanına əsaslandırılmış yazılı müraciət edir.[11]

25.2. Lisenziyanın ləğv edilməsi haqqında qərar dərhal BOKT-yə, qərarın qüvvəyə mindiyi gündən 5 iş günündən gec olmayaraq isə müvafiq vergi orqanına göndərilir, habelə kütləvi informasiya vasitələrində dərc edilir. BOKT-nin filialına verilmiş icazənin ləğvi barədə bildiriş maliyyə bazarlarına nəzarət orqanının qərarı qüvvəyə mindiyi gündən 3 iş günü müddətində BOKT-yə göndərilir.

25.3. Lisenziyanın ləğv edilməsi haqqında qərarda başqa müddət nəzərdə tutulmadıqda, qərar kütləvi informasiya vasitələrində dərc edildiyi gündən qüvvəyə minir.

25.4. BOKT lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş qaydada ləğv edilir.

25.5. BOKT lisenziyasının ləğv edilməsi haqqında maliyyə bazarlarına nəzarət orqanının qərarından qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verə bilər. Şikayətin verilməsi maliyyə bazarlarına nəzarət orqanının müvafiq qərarının icrasını dayandırmır.

 

Maddə 25-1. Maliyyə bazarlarına nəzarət orqanına ödənilən haqlar[12]

 

Bank olmayan kredit təşkilatları maliyyə bazarlarına nəzarət orqanına həmin orqan tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyirlər.

 

VI fəsil

Keçid müddəaları

 

Maddə 26. Keçid müddəaları

 

26.1. Bu Qanunun 17-ci maddəsinin tələbləri fəaliyyətdə olan BOKT-lərin bu Qanun qüvvəyə mindikdən sonra bağladıqları kredit müqavilələrinə şamil olunur.

26.2. Girov əmanəti qəbul etmək hüququnu əldə etmək istəyən BOKT-lər bu Qanuna müvafiq qaydada yeni lisenziya almaq üçün müraciət edə bilərlər.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 25 dekabr 2009-cu il

№– 933-IIIQ

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       21 iyun 2013-cü il tarixli 697-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 iyul 2013-cü il, №– 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, №– 07, maddə 789)

2.       30 sentyabr 2014-cü il tarixli 1040-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 noyabr 2014-cü il, №– 245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №– 10, maddə 1160)

3.       4 mart 2016-cı il tarixli 141-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 mart 2016-cı il, №– 57)

4.       5 aprel 2016-cı il tarixli 187-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 aprel 2016-cı il, №– 85)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 

[1] 4 mart 2016-cı il tarixli 141-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 mart 2016-cı il, №– 57) ilə 2.1-ci və 18.7.1-ci maddələr istisna olmaqla, mətn üzrə ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilmişdir.

 

[2] 5 aprel 2016-cı il tarixli 187-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 aprel 2016-cı il, №– 85) ilə 1.0.5-ci maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

1.0.5. Aidiyyəti olan şəxslər в– BOKT-nin təsisçiləri, inzibatçıları, struktur bölmələrinin rəhbərləri və onlarla yaxın qohumluq münasibətlərində olan şəxslər (ər (arvad) onların valideynləri, övladlığa götürən, övlad, o cümlədən övladlığa götürülən), habelə həmin şəxslərin adından hərəkət etmək hüququ olan şəxslər;

 

[3] 4 mart 2016-cı il tarixli 141-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 mart 2016-cı il, №– 57) ilə 1.0.5-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və yeni məzmunda 1.0.6-cı maddə əlavə edilmişdir.

 

[4] 4 mart 2016-cı il tarixli 141-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 mart 2016-cı il, №– 57) ilə 2.1-ci maddədə “Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra — Mərkəzi Bank)” sözlərindən sonra “və maliyyə bazarlarına nəzarət orqanının” sözləri əlavə edilmişdir.

 

[5] 21 iyun 2013-cü il tarixli 697-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 iyul 2013-cü il, №– 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, №– 07, maddə 789) ilə 11.1.8-ci maddədə “bank sənədi” sözləri “sənəd” sözü ilə əvəz edilmişdir.

 

[6] 4 mart 2016-cı il tarixli 141-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 mart 2016-cı il, №– 57) ilə 15.3-cü maddədə “aidiyyəti dövlət orqanından” sözləri “müvafiq” sözü ilə əvəz edilmişdir.

 

[7] 5 aprel 2016-cı il tarixli 187-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 aprel 2016-cı il, №– 85) ilə yeni məzmunda 15.5-ci maddə əlavə edilmişdir.

 

[8] 4 mart 2016-cı il tarixli 141-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 mart 2016-cı il, №– 57) ilə 20.1-ci maddədə “qanunvericilik aktlarına” sözləri “normativ hüquqi və normativ xarakterli aktlara” sözləri ilə əvəz edilmişdir.

 

[9] 30 sentyabr 2014-cü il tarixli 1040-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 noyabr 2014-cü il, №– 245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №– 10, maddə 1160) ilə 24.5-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

24.5. Hesabat məlumatlarının dəqiqləşdirilməsinə zərurət yarandıqda Mərkəzi Bank BOKT-nin fəaliyyətini 10 gün əvvəlcədən ona yazılı bildiriş göndərməklə yerində yoxlaya bilər. Bu halda Mərkəzi Bankın inspektorları yoxlama vəsiqəsini təqdim etməklə BOKT-yə daxil olmaq, onların hesabatlarını mühasibat kitablarını, sənədlərini və digər uçot yazılarını yoxlamaq, habelə onlara dair izahat tələb etmək hüququna malikdirlər.

 

[10] 4 mart 2016-cı il tarixli 141-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 mart 2016-cı il, №– 57) ilə 25.1.4-cü maddədə “Mərkəzi Bankın” sözlərindən əvvəl “maliyyə bazarlarına nəzarət orqanının və ya” sözləri əlavə edilmişdir.

 

[11] 4 mart 2016-cı il tarixli 141-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 mart 2016-cı il, №– 57) ilə yeni məzmunda 25.1-1-ci maddə əlavə edilmişdir.

 

[12] 4 mart 2016-cı il tarixli 141-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 mart 2016-cı il, №– 57) ilə yeni məzmunda 25-1-ci maddə əlavə edilmişdir.

Qaynar xətt nömrələri

Daxili İşlər Nazirliyi-102

Fövqəladə Hallar Nazirliyi-112

Vergilər Nazirliyi-195

İqtisadi İnkişaf Nazirliyi-195-2

Ədliyyə Nazirliyi-195

İnsan alveri ilə bağlı Daxili İşlər Nazirliyinin Qaynar xətti-152

Qeydiyyat və Notariat Baş İdarəsi-1650

Dövlət Miqrasiya Xidməti-919

Dövlət Gömrük Komitəsi-195

Yanğın xidməti-101

Polis-102

Təcili yardım-103

 

Sənəd nümunələri

İddiya ərizələri, şikayət nümunələri, əmək müqaviləsi,

Sənədlər

Go to top